Kişilər

 

Esse

 

RƏSUL RZA VƏ "ARŞIN MAL ALAN"

 

Yaddaşsızlıq böyük bəladır. Bu bəlanın fəsadları Ç.Aytmatovun məşhur romanında çox təsirli bir şəkildə göstərilib - yaddaşını itirən gənc hamının gözü qarşısında doğmaca anasını "uf" demədən öldürür.

Ən acınacaqlısı budur ki, vaxtilə öz canları, sağlamlıqları bahasına bizim yaddaşımızı diri saxlamaq üçün 1001 əziyyətə qatlaşmış Kişilər bu gün yaddaşsızlıq sindromunun girovuna çevriliblər. İndi doğma dildə nitqini Qərb ləhcəsi ilə "super", "yes", "uy da" kimi frazalarla bəzəyən gənclər bilmirlər ki, Xruşşovun hakimiyyəti dövründə bu dilin dövlət dili kimi konstitusiyada təsbit olunmasına nail olan, buna görə də bütün vəzifələrdən qovulan, lakin həmin o böhranlı anlarda da ləyaqətini itirməyən Mirzə İbrahimovun, baş redaktoru olduğu Azərbaycan Sovet Ensiklopediyasının ilk cildinin qırmızı yox, yaşıl rəngdə nəşr olunmasına, həmin cilddə Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məqalənin getməsinə "göz yumduğuna" görə işdən çıxarılan Rəsul Rzanın, "Gülüstan" poemasına görə mənəvi və fiziki terrordan yalnız Heydər Əliyevin sayəsində xilas olan Bəxtiyar Vahabzadənin... varisləridirlər. Bəli, belə Kişilər vaxtilə milli yaddaş uğrunda mücadilə aparıblar - özü də yüksək imtiyazlardan, vəzifələrdən məhrum ola biləcəklərindən ehtiyat etmədən, bu, onlara həyatları bahasına başa gələcəyi təhlükəsi olsa belə...

Xalq şairi Rəsul Rzanın adını çəkdim - yadıma bir əhvalat düşdü. Onu kino tarixçimiz Aydın Kazımzadədən eşitmişəm.

Çoxları bilmir ki, indi dünya kinosunun 100 ən yaxşı filmi siyahısına daxil edilən "Arşın mal alan" (I) filminin ekranlara gedən yolu necə məşəqqətli, əziyyətli olub və hətta bu filmi elə beşikdəcə boğmaq istəyiblər. Amma bilmək lazımdır.

Film Moskvada Kino Komitəsində qəbul üçün müzakirə olunanda o dövrün bir çox nüfuzlu kino xadimlərinin amansız tənqidinə məruz qalır. İnqilabdan əvvəlki həyatı əks etdirsə də, filmdə milli geyimdə gəzən xanımların, başıpapaqlı bəylərin tənqid olunmaq əvəzinə şən, şux bir stixiyada təsvir olunması bunları necə qıcıqlandırırsa, başlayırlar tacirləri, bəy qızlarını "vəsf edən" filmi yıxıb sürüməyə. Lenin haqqında 2 film çəkdiyinə görə hər qoltuğunun altında bir qarpız gəzdirən M.Romm isə lap vəcdə gələrək deyir:

- Bu film antisovet filmdir. Ondan burjua millətçiliyi iyi gəlir.

Müzakirədə iştirak edən, bayaqdan bütün çıxışçıların cavabını verib yerində otuzduran Azərbaycanın kino naziri - 34 yaşlı Rəsul Rza ayağa qalxıb onun sözünü kəsir: - DANIŞIĞINIZA FİKİR VERİN, HƏDD QOYUN VƏ BİZİM FİLMLƏRİMİZİ İYLƏMƏYİN. ƏYALƏT KİMİ BAXDIĞINIZ RESPUBLİKALARIN FİLMLƏRİNİ İYLƏMƏK KİMİ QEYRİ-İNSANİ MƏŞĞULİYYƏTDƏN ƏL ÇƏKİN. FİLMİ İYLƏMİRLƏR, ONA BAXIB AĞIL VARSA, NƏTİCƏ ÇIXARIRLAR.

Bu kişiyə necə KİŞİ deməyəsən?

 

DÜŞMƏNÇİLİYİ NECƏ APARMALI?

 

Dilimizdə belə bir deyim var: "Düşmənçiliyi də kişi kimi aparmaq lazımdır".

İlk baxışdan "düşmən" və "kişi" sözləri bir-biri ilə uyuşmur. Aydındır ki, düşmənçiliyi kişi kimi yalnız kişi adamlar apara bilər. Kişiyə isə bizdə böyük hörmət və ehtiram var. Bu, dolayısı ilə o demək deyilmi ki, səninlə kişi kimi düşmənçilik edən şəxsə də hörmət və ehtiramla yanaşmalısan?

Elə belədir ki var!

Azərbaycan tarixi, ədəbiyyatı, kinosu bunu təsdiq edən xeyli fakt verir. Baxın:

...Kərbəlayı İsmayıl Arazın o tayına keçəndə qan düşməninin kişiliyinə güvənərək boylu gəlinini onun evinə qoyur, namusunu ona etibar edir...

...Abbasqulu bəy Səmədin evində Qəmlonun qeyrətsizliyinə şahid olana qədər qəddar, kinli də olsa onu kişi bilir, haqqında pis sözlər işlətmir...

..."Dəli Kür" romanında Cahandar ağa bütün namərd əməllərinə rəğmən Allahyarla kişi kimi düşmənçilik aparır, "Get, paltarını gey, tüfəngini görür, atına min, gəl" - deyib onu təkbətək döyüşə çağırır..

...Həmin romanın başqa bir yerində Allahyar Cahandar ağanın qızını qaçırıb onun qan düşməninin evinə aparır ki, namusunu ləkələsin. Ev sahibi qızın Cahandarın qızı olduğunu biləndə Allahyarı öz evindən iti qovan kimi qovur: "Rədd ol, alçaq. Mən düşmənçiliyi sənin kimi namərdcəsinə yox, kişi kimi aparıram". Sonra Salatını tər-təmiz ata evinə qaytarır...

Lakin ən təsirli epizod Ənvər Məmmədxanlının "Babək" kinopovestindədir. Filmdə bacarıqsız, əfəl sərkərdə kimi təqdim olunan İbn Muas kinopovestdə igid, cəsarətli bir ərəb cəngavəridir. Döyüş vaxtı bütün əsgərləri qaçıb onu tək qoyurlar, o isə təkbaşına sona qədər döyüşüb həlak olur. Babək onun meyitinə yaxınlaşıb deyir:

- BU ADAM TƏK QALDI, AMMA SONA QƏDƏR CƏSUR ƏSGƏR KİMİ CƏSARƏTLƏ DÖYÜŞDÜ. DÜŞMƏN DƏ OLSA, O, TƏRİFƏLAYİQDİR. ONU ÖZ QILINCI İLƏ HÖRMƏTLƏ DƏFN EDİN!..

 

YENƏ DƏ NİYAZİ!..

 

(Maestro öz "bostanının" avara gözətçisini kabinetindən necə qovdu?)

Dahi Niyazi bir sıra keyfiyyətlərinə görə, təbii ki, çoxları üçün həm də "çətin adam" idi. Məsələn, musiqidə həddən artıq tələbkar, güzəştsiz, prinsipial olan maestro ifa etmək üçün ona təqdim olunan zəif əsərin not kağızlarını "Bu nədir? Niyə musiqimizi zibilləmək istəyirsən?" - deyə elə müəllifin gözləri qarşısında əzib zibil qutusuna ata, ən yaxşı halda özünə qaytara bilirdi. Bu isə şöhrət azarına tutulanların, özlərini "dahiliyə namizəd" hesab edənlərin xoşuna gəlmir, onları Niyazinin hörmət və etimadını qazanmağın daha "təsirli" yollarını axtarmağa sövq edirdi. Vaxtilə Arif Məlikovun mənə danışdığı bir əhvalat buna yaxşı illüstrasiya ola bilər.

Niyazi və Qara Qarayevin arasının soyuq olmasından özünə diqqət, maestronun isə etibarını qazanmaq şansı kimi faydalanmaq istəyən birisi bir gün necə olursa pəncərədənmi, bacadanmı özünü salır Niyazinin kabinetinə və başlayır Q.Qarayevi "ifşa" etməyə: "Filan yerdə sizin haqqınızda belə dedi... Filan vaxtda sizə belə sataşdı, bostanınıza belə daş atdı"...

Niyazi nəhayət, əlini masaya çırpıb əsəbi tərzdə onun sözünü kəsir:

- Mən səni hələ ki, bostanıma gözətçi təyin eləməmişəm. Sən kimsən ki, Qara Qarayev haqqında danışmaq, onun dediklərinə münasibət bildirmək fikrinə düşmüsən? Onun ayağı bildiyinin heç onda birini sənin başın bilmir. Dur, rədd ol burdan! Nə vaxt Qarayev haqqında danışmaq mandatı qazanarsan, onda qapını döyərsən.

 

LƏYAQƏTLİ KİŞİLƏRİN VARİSİ MUSTAFA MEHMANDAROV

 

Təsəvvür edin, bir musiqi fanatı gecə saat 2-3 radələrində vacib bildiyi bir məsələ ilə bağlı gənc bir musiqiçiyə Messencer ilə məktub yazır ki, səhər açılanda ilk növbədə bu məktuba cavab alsın. Amma yazısına elə son nöqtəni qoyan kimi cavab gəlir və bu iki şəxs bir növ bir-birini çoxdan axtaran gecə müsahibinə çevrilirlər...

Həmin məktubu yazan - bəndəniz, onu cavablandıran şəxs isə həmin anlarda kəşf etdiyim gənc dirijor, skripkaçı, dəyərli ziyalı Mustafa Mehmandarov idi.

Mustafanın hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan soyadı onun mənsub olduğu Rüstəmbəyovlar və Tağıyevlər şəcərəsinin əzəməti ilə çox ahəngdar şəkildə səsləşir. Bu gəncin uzun illər konservatoriyada çalışmış nənəsi Leyla xanım millətimizin maariflənməsi, tərəqqisi naminə milyonlarını "uf" da demədən xərcləyən Hacı Zeynalabdin Tağıyevin dost-doğma nəticəsidir və Mustafa müəllimin bu yaşda nail olduğu uğurlar, musiqi mədəniyyətimizin inkişafı naminə gördüyü işlər də öz sələfləri kimi mənəvi borca sədaqətinin, xalqa təmənnasız xidmətinin bariz nümunəsidir.

Hansı uğurlar, hansı işlər - bu barədə mütəmadi olaraq sizə məlumat verməyə çalışacam. İndi isə məhz Mustafa müəllimin sayəsində dahi bəstəkarımlz Fikrət Əmirovun dahilərin dahisi Üzeyir Hacıbəyov haqqında ürək titrədən bir xatirəsini elə Mustafanın öz dilindən sizə təqdim edirəm. Oxuyaq və xalqa başucalığı gətirən kişilərimizi daha yaxından tanıyaq:

...1942-ci ildə uzun sürən müalicədən sonra ordudan tərxis olunub Bakıya qayıdan F.Əmirovun bu xatirəsini həmişə həyəcanla yada salıram.

"Mən Bryansk-Voronej cəbhəsində ağır yaralanıb müalicə aldıqdan sonra axırıncı var-dövlətimi - bir cüt əsgər çəkməmi yeməyə və biletə dəyişib qatarla Bakıya qayıtdım. Vağzalda enən kimi bu şəhərdə mənə doğma olan yeganə ünvana - konservatoriyaya yollandım. Xəstə idim və çox arıqlamışdım. Üst-başım, geyimim də pis gündə idi. Üzeyir müəllim məni görüb bağrına basdı, doğma övladını görürmüş kimi sevindi. Dedi ki, sənin gəlişinə sürpriz hazırlamışıq. Bu, cəbhəyə yollanmamışdan əvvəl yazdığım fortepiano üçün variasiyaların çap olunmuş notları idi. Təşəkkür etdim və Gəncəyə - əzizlərimin yanına getmək istədiyimi bildirdim. Qəti etiraz etdi: "Bu görkəmdə ora getsən ananın ürəyi dözməz - dedi. - Bir-iki gün qal, özünə gəl, sonra gedərsən".

Sonra məni evə apardı, doyunca yedizdirdi, həyat yoldaşı Məleykə xanıma mənim üçün vanna və yataq hazırlamağı tapşırdı...

Səhər oyananda Üzeyir bəy evdə yox idi. Məleykə xanım təptəzə bir kostyumu mənə uzadıb dedi ki, Üzeyir bunu sənin üçün qoyub. Kostyumu geyinəndən sonra cibinə 200 manat pul qoyulduğunu da gördüm...

Sonralar hər dəfə iştirakçısı olduğum dəhşətli döyüş səhnələri yadıma düşəndə Üzeyir bəyin bu alicənablığını da xatırlayırdım və yaralarımın sızıltısı o dəqiqə yoxa çıxırdı..."

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 15 aprel.- S.11.