Cabbar Qaryağdıoğlu yaradıcılığında innovasiya özəllikləri

 

 

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir.

 

Xalq şairi Səməd Vurğun deyəndə ki, "Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar" tamamilə haqlı idi. Əlbəttə, bura məşhur bəstəkarlarımızın adlarını da əlavə etmək vacibdir. Xalq arasında belə deyim məşhurdur: Şuşada doğulan körpələr "Segah üstündə ağlar", "Şahnaz"da gülərlər.

 

Şuşanı Qafqazın Konservatoriyası adlandırırlar. Bu Konservatoriyanın parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Təəssüflər olsun ki, Qarabağ və musiqimizin beşiyi olan Şuşa çox illər idi ki, erməni qəsbkarlarının tapdağı altında idi. Bəs necə olub ki, bu illər ərzində bu yerlərdən bir nəfər də olsun məşhur erməni musiqiçisi yetişməyib? Çünki burada xalqın genetik kodunun əhəmiyyətli rolu şübhəsizdir.

 

İkinci Qarabağ müharibəsində 44 günlük şanlı qələbəmizdən sonra erməni faşistlərinin xarabalığa döndərdikləri torpaqlarımız minalardan təmizlənib, abad olandan sonra, buralarda həyat yenə qaynayacaq, öz axarına düşəcək.

 

Prezidentimizin fərmanı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Buralarda yeni Qarabağ bülbülləri cəh-cəh vuracaq, yenidən "Qarabağ şikəstəsi" səslənəcək, "Şuşanın dağları", "Qarabağda bir dənəsən" və digər gözəl mahnılarımız oxunacaq, hər yerə səs salan xanəndələr və sazəndələr dəstəsi və istedadlı bəstəkarlar ordusu yetişəcək. Şuşanın ölməz xanəndələrindən biri də ustad Cabbar Qaryağdıoğlu olmuşdur.

 

Cabbar Qaryağdıoğlu Azərbaycan musiqisinin tarixində və inkişafında təkrarsız rol oynayan və qiymətli irs qoyan, Qarabağ muğam məktəbinin ölməz ənənələrini davam etdirən böyük sənətkar olmuşdur (1861-1944). O, ustad xanəndə, istedadlı şair, bəstəkar, musiqişünas və pedaqoq idi. Bu il onun anadan olmasının 160 illiyi tamam olur.

 

Cabbar Qaryağdıoğlu Azərbaycan muğamının modelinə, onun texnikasına, qanun-qaydalarına yaxşı bələd olan, onu dərindən bilən muğam ustası idi. Qaryağdıoğlunun güclü səsi, uzun nəfəsi, necə mərtəbəli, müxtəlif formalarda gözəl, şaqraq və sürəkli zəngulələri, bir muğamdan digərinə keçmək üçün təsniflərdən məharətlə istifadə etməsi, təkrarsız guşə və xalları həmişə dinləyicinin böyük marağına, sonsuz sevincinə, heyranlığına səbəb olurdu və uzun sürəkli alqışlarla nəticələnirdi.

 

Cabbar Qaryağdıoğlunun tələbəsi Bülbül onun səsini italiyalı Enriko Karuzonun səsiylə müqayisə edib, onun səsinin fərqli unikal imkanlara malik olduğunu qeyd edirdi. Xanəndənin gətirdiyi yeniliklər Azərbaycan orijinal vokal üslubunun təşəkkülündə və inkişafında böyük rol oynamışdır. Cabbar Qaryağdıoğlunu Şərq musiqisinin böyük reformatrı və novatoru adlandırırdılar. Onun yaradıcılığının əsas innovasiyaları nədən ibarət idi?

 

Ən əvvəl Qaryağdıoğlunun ilk muğam operası və ilk simfonik muğamların yaranmasında fəal iştirakını və böyük rolunu qeyd etmək lazımdır.

 

Görkəmli ədib Əbdürəhim bəy Haqverdiyevin təşəbbüsü ilə 1897-ci ildə Şuşada həvəskarlar tərəfindən Füzulinin "Leyli və Məcnun" poemasından "Məcnun Leylinin məzarı üstündə" müsiqili səhnəcik göstərildi. Bu ilk səhnənin emosional cəhətdən tamaşaçılara təsir gücü çox böyük idi.

 

Tamaşada iştirak edən 13 yaşlı Üzeyir elə həyəcanlanmışdı ki, bir neçə ildən sonra Bakıya gəlib həmin mövzuda opera yazmaq qərarına gəlmişdi.

 

Həmin tamaşada Əbdürəhim bəy məlahətli səsi olan Üzeyiri "Şəbi-hicran" mahnısını xorla oxumağa cəlb etmişdir.

 

1908-ci ildə premyerası olan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası nəinki Azərbaycanda, Şərqdə opera sənətinin əsasını qoydu. Azərbaycanda opera janrının yaranmasında Şuşada göstərilən səhnəciyin əsaslı təsiri oldu, operanın yaranması üçün təkan rolunu oynadı. Məcnun rolunun ilk ifaçısı Cabbar Qaryağdıoğlu bu rolu böyük məharətlə oynadı.

 

Görkəmli bəstəkar, ilk simfonik muğamların müəllifi Fikrət Əmirov Cabbar Qaryağdıoğlunu "xalq musiqisinin düşünən beyni" adlandırmışdı. Və bu xasiyyətnamə Əmirov tərəfindən təsadüfi verilməmişdi. Fikrət Əmirov simfonik muğamları yazarkən Cabbar Qaryağdıoğluna məsləhət üçün müraciət etmiş və onun ifasında bu muğamları dəfələrlə dinləmişdir. Beləliklə, xanəndənin yaradıcılığında ilk innovasiyalar onun musiqi tarixində ilk dəfə muğam operasının ilk simfonik muğamın yaranmasında iştirakı və rolu böyük olmuşdur.

 

 

1923-cü ildə görkəmli rus bəstəkarı R.M.Qliyer opera yazmaq üçün Bakıya dəvət edilir. O, xalq dastanı "Aşıq Qərib"in əsasında "Şah Sənəm" operası üzərində işləməyə başlayanda Cabbar Qaryağdıoğlu ona böyük yaradıcılıq köməyi göstərmişdir. Cabbar Qaryağdıoğlu həm də gözəl folklorşünas idi və 500-dən artıq xalq mahnısını hafizəsində, yaddaşında saxlamış, onlardan 300-dən çoxunu fonovala yazdırmışdır. Təsadüfi deyil ki, Cabbar Qaryağdıoğlunu musiqi folklorumuzun "canlı ensiklopediyası" adlandırmışlar. Qaryağdıoğlunun musiqi folklorundan oxuduğu fraqmentlər bəstəkar tərəfindən ustalıqla işlənib "Şah Sənəm" operasında istifadə edilmişdir.

 

Xüsusi vurğulamaq istərdik ki, onun xalq mahnıları kimi oxuduğu və sonralar bəstəkarlarımız tərəfindən nota salıb işlədikləri mahnıların arasında şəxsən Cabbar Qaryağdıoğlunun özünün bəstələdiyi və sözlərini qoşduğu mahnılar çoxdur.

 

Onlardan "İrəvanda xal qalmadı", "Nə baxırsan yanı-yanı", "Bu gələn yara bənzər", "Qarabağda bir dənəsən", "Qalada yatmış idim", "Tiflisin yolları", "Bülbüllər oxur", "Yeri, dam üstə yeri", "Naxçıvanın gədeyindən aşaydım" və sairi göstərmək olar. Not savadı olmadığına görə bu yolla o, öz mahnılarını itib-batmaqdan xilas etmişdir. Adının olub-olmaması isə onu narahat etmirdi.

 

XX əsrin əvvəllərində Azərbaycan xanəndələrinin təkrarsız səslərinin qrammofon vallarına yazılması musiqimizin qorunması, hifz olunması, təbliği yolunda müstəsna rol oynamışdır. 1906-cı ildə Riqada özünün səsini ilk dəfə vala yazdıran məhz Cabbar Qaryağdıoğlu olmuşdu.

 

Varşavada isə aksioner şirkəti "Sport rekord" onu yüksək, peşəkar Avropa ansamblları ilə müqayisə olunan məşhur triosu ilə vala yazmışdı. Bu trioya ustad tarzən Qurban Pirimov daxil idi.

 

Cabbar Qaryağdıoğlu əldə etdiyi innovasiyalardan biri də onun klassik muğamlarımızın Azərbaycan ruhunda səslənməsinə nail olmasıdır, onları ərəb-fars təsirlərindən təmizləməsidir. O, qəzəllərin, təsniflərin sırf ana dilində səslənməsinə çalışırdı, bununla da muğamları xalqa daha çox yaxınlaşdırırdı. O, bəzi şöbə, guşələri ixtisar, bəzilərini isə əlavə etmişdir. O deyirdi ki, sənətkar yaradıcı olmalıdır. O, bir muğamı bir neçə formada, ruhda, yeni üsulda, yeni xallar, yeni zəngulələr, guşələr vura-vura oxuyardı, ona görə onun ifası dinləyicini heç vaxt yormurdu.

 

Cabbar Qaryağdıoğlunun yaradıcılığının innovasiyalarından biri də muğamları xasiyyətinə görə differensasiya etməsi idi. O, ritmik, major ruhda olan muğamları daha çox sevirdi və onları xüsusi məharətlə ifa edirdi.

 

Onun "Heyratı"da, "Mənsuriyyə"də, "Hasar"da, "Müxalif"də, Mahurun "Vilayəti"sində vurduğu zəngulələri məşhur olub muğam tarixinə daxil olmuşlar.

 

"Heyratı"nı C.Qaryağdıoğlu marş adlandırırdı, özü də onu mübariz ruhda, böyük vətənpərvərliklə, sanki döyüşdə qələbə qazanmış duyğularla ifa edərdi. Ritmik muğamlardan olan və nadir hallarda ifa edilən "Ovşarı" muğamını Cabbar Qaryağdıoğlu ona xas olan ustalıqla oxuyurdu. Ondan sonra bu muğamı demək olar ki, heç bir xanəndə hünər edib oxumamışdı. Məlumdur ki, "Cahargah" muğamı ifa üçün mürəkkəb muğamdır. Lakin C.Qaryağdıoğlu onu elə məharətlə, yüngüllüklə, qeyri-adi yollarla gəzişərək və yerli-yerində bir neçə mərtəbəli zəngulələr vuraraq dinləyicinin diqqətinə çatdırırdı. "Bayatı Qacar" muğamını sırf Azərbaycan muğamının xüsusiyyətlərinə xas olan tərzdə oxuyardı.

 

C.Qaryağdıoğlu "Kürdü-Şahnaz"ı, "Dəşti"ni, "Segah"ı son dərəcə lirik səpkidə oxuyardı. Xatırladım ki, "Kürdü-Şahnaz"ı o, hələ 16 yaşında ikən Şuşanın "Qurdlar" məhəlləsində keçən toyda uğurla oxumuşdur. "Segah" kimi lirik ruhda oxuduğu muğamlarda vurduğu zəngulələr isə daha zərif tərzdə olardı.

 

 

Cabbar Qaryağdıoğlu muğamın ifası vaxtı ifaçılıq üsullarında çoxlu dəyişikliklər edirdi, yeniliklər gətirirdi. İslahatlar aparırdı. Lakin bunlar hansısa kitablarda, dərsliklərdə öz əksini tapmamışdır. Ağızdan-ağıza, ifadan ifaya keçmişdir.

 

Necə ki, Azərbaycan xanəndəlik məktəbini C.Qaryağdıoğlusuz təsəvvür etmək mümkün deyil, eləcə də Qaryağdıoğlunu "Mənsuriyyə"siz düşünmək qeyri-mümkündür. Məlumdur ki, "Mənsuriyyə" "Çahargah" muğamının bir hissəsidir. Bu hissədən sonra onun zərbi və ən yüksək şöbəsi "Üzzal" gəlir. Cabbar Qaryağdıoğlu "Üzzal"da tarın son pərdələrini elə yollar və üsullarla oxuyarmış ki, onu müşayiət edən tarzənlər çaşıb qalarmışlar, ona görə Cabbar Qaryağdıoğlu zildə oxuduqları muğamları bəzən yalnız kamançanın müşayiəti ilə oxuyarmış. Bu da onun innovasiyalarından biridir. Onun böyük məharətlə, coşğun zəngulələr "vurduğu" ritmik muğamlar olan "Mənsuriyyə" və "Heyratı"nı Cabbar kimi heç kim ifa edə bilməmişdir.

 

Cabbar Qaryağdıoğlunun innovasiyalardan biri də onun "Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim" adlı əsəridir. Bu əsərə biz xatirələr kimi yox, istedadlı folklorşünasın musiqimiz haqqında qiymətli və sanballı tədqiqat əsəri kimi yanaşırıq, onu dəyərləndiririk.

 

Bu əsər muğamı öyrənənlər üçün, xüsusilə də onu ifa edənlər üçün çox qiymətli mənbə, qiymətli bir dərslikdir. Bu üzdən onun çapı önəmlidir, çox vacibdir.

 

Cabbar Qaryağdıoğlunun yaradıcılığının digər innovasion cəhəti onun böyük xanəndə məktəbi yaratmasıdır. Ustadın tələbələrindən görkəmli xanəndələr Seyid Şuşınski, Bülbül, Davud Səfiyarov, Zülfi Adıgözəlov, Xan Şuşınski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov və başqalarını göstərmək olar. Həmçinin, Şəkili Ələskər, Malıbəyli Həmid, Zabul Qasım, Məcid Behbudov, Seyid Mirbabayev və başqaları ondan çox şey öyrənmişlər.

 

Cabbar Qaryağdıoğlunun yaradıcılığının bir xüsusiyyəti də onun heç vaxt milli çərçivə hüdudlarında qalmamasıdır. Təsadüfi deyil ki, onu "Şərq musiqisinin parlaq ulduzu" adlandırırdılar.

 

Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə soltanlarının məclislərinə dəvət olunmuşdu. Özünün gözəl ifası ilə onları məftun etmiş və onlar tərəfindən yüksək dəyərləndirilmişdir.

 

Tahirzadə, Qəmər Mülük xanım, Dərviş xan, Əbül Həsən xan, İqbal Soltan, Əsədulla xan onun xanəndəliyinə heyran olmuşlar.

 

Cabbar Qaryağdıoğlunun yaradıcılığını, sənətini B.Asafyev, E.Braudo, R.Qliyer, G.Xubov, V.Vinoqradov, Palıaşvili, M.İppolitov-İvanov kimi görkəmli sənətkarlar, türk və İran musiqişünasları Rauf Yektabəy, Ruhulla Xaleqi və başqaları yüksək qiymətləndirmişlər.

 

Rus musiqişünası V.Krıvonosov hesab edirdi ki, "Qaryağdıoğlunun repertuarını bilmədən Azərbaycan musiqi tarixini öyrənmək mümkün deyil".

 

1924-cü ildə Bakıya böyük rus şairi Sergey Yesenin gəlmişdi. O, dəfələrlə müxtəlif məclislərdə Cabbar Qaryağdıoğlunun füsunkar səsini dinləmiş və ona valeh olduğunu bildirmişdir. Şairin şərəfinə verilmiş ziyafətdə də Cabbar Qaryağdıoğlu oxumuşdu (İştirak edənlər arasında Ə.Qarayev, S.M.Kirov, S.Ağaməli oğlu, R.Axundov və b. var idi). Bu ifa Sergey Yeseninə o qədər təsir etmişdi ki, o, Cabbar Qaryağdıoğluna həsr etdiyi şeiri oxumuş və onu "Şərq musiqisinin peyğəmbəri" adlandıraraq şeirini ona bağışlamışdır.

 

Bizim də Cabbar Qaryağdıoğluya həsr edilmiş kitabımız "Şərq musiqisinin peyğəmbəri" adlanır. Kimdir Şərq musiqisinin peyğəmbəri? Görəsən, bu sualla biz bu gün gəncliyə müraciət etsək, Cabbar Qaryağdıoğlunun adını çəkəcəklərmi? Lakin əminik ki, yeni nəsil sabah və gələcəkdə biləcəklər ki, "Şərq musiqisinin peyğəmbəri" Cabbar Qaryağdıoğlu olmuşdur, çünki bu gün xanəndə sənətinin sükanı Əlibaba Məmmədov, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Canəli Əkbərov kimi ustad xanəndələrimizin əlindədir və onlar bu suala düzgün cavab verəcəklər: Şərq musiqisinin peyğəmbəri Cabbar Qaryağdıoğlu olmuşdur.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Zemfira SƏFƏROVA

525-ci qəzet.- 2021.- 17 aprel.- S.18;19.