Nizami Gəncəvi - 880

 

525-ci qəzetin özəl buraxılışı

Buraxılışın elmi redaktoru: Professor Əlizadə Əsgərli

 

Siracəddin Hacı: Nizami Gəncəvinin iki məktubu: Dünya siyasət və diplomatiya tarixinin iki şah əsəri

 

Azərbaycan türk ədəbiyyatının, dünya mədəniyyətinin dahi şairi, böyük alim Nizami Gəncəvinin (Cəmaləddin əbu Məhəmməd İlyas ibn Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvi) bu iki məktubu "Yeddi gözəl" məsnəvisindədir. Birinci məktub "İran padşahının Bəhram Gura məktubu", ikinci məktub "Bəhramın iranlılara cavabı" adlanır.

 

Məktubların şərhinin doğru anlaşılması üçün bu məsələlərin bilinməsini zəruri sayıram: İranda monarxiya var, hakimiyyət atadan oğula keçir, Yəzdigürd şahdır, o vəfat edir, monarxiyanın tələbinə uyğun olaraq onun yerinə Bəhram Gur hakimiyyətə gəlməli idi. Ancaq İran idarəçiliyində iştirak edənlər - siyasətçilər, ordunun təmsilçiləri, xalq nümayəndələri, din xadimləri hakimiyyətin Bəhram Gura keçməsini istəmirlər. Səbəblər bunlardır: Yəzdigürd zalım idi, İran xalqı onu və oğlu Bəhramı sevmir, Bəhram Gur bədəvi ərəblər arasında (Yəməndə) böyüyüb, İranı, İran xalqını tanımır, bədəvi tərbiyəsi almış birinin İrana başçı olması qəbuledilməzdir, o, hakimiyyətə gəlsə, bizim imkanlarımızı əlimizdən alacaq. Müzakirələr nəticəsində qərar verir, bir müdrik qocanı hakimiyyətə gətirirlər.

 

Yəməndə yaşayan Bəhram Gur hadisədən xəbərdar olur, öncə atasının yasını tutur, sonra qəti qərar verir: indi yas zamanı deyil, şir kimi rəqiblərin üzərinə getmək vaxtıdır. Öncə savaş yolunu seçsə də, sonra bu fikrindən uzaqlaşır, qərara gəlir ki, siyasi-diplomatik vasitələrdən istifadə etsin, ancaq siyasi-diplomatik gücün arxasında hərbi güc olmalıdır həqiqətini də qəbul edir. İranlılar Bəhramın hərbi gücünü görməsələr, hakimiyyəti ona verməzlər. Bəhram Gur on maddəlik plan hazırlayır: birincisi, öncə düşmənlik siyasətindən əl çəkir, ikincisi, ağılla hərəkət etmək qərarı alır, üçüncüsü, ürəyində iranlıları ittiham edib onlara kin bəsləsə də, bu halını söz və davranışları ilə göstərməyəcəyini bildirir, dördüncüsü, bu işin açarı yumşaqlıqdır, beşincisi, onların şahı olacağam düşüncəsi ilə hərəkət edir, altıncısı, deyir ki, onların xəyanəti sonrakı dönəmdə mənə itaətə yol açacaq, gözükölgəli insanları idarə etmək daha asandır, yeddincisi, onlara zülm etməyəcəyəm, səkkizincisi, ölkəyə ədalət gətirəcəyəm, doqquzuncusu, iranlıların ona nifrətinin səbəbləri üzərində düşünür, bu qərara gəlir ki, səbəb ağılsızlıq və zülmdür, onuncusu, çıxış yolunu açıqlayır: bu məsələni ağıl və ədalətlə həll etmək olar.

 

Bəhram siyasi-diplomatik güclə hərbi gücü birləşdirir, yüz minlik seçmə ordu ilə Yəməndən İrana doğru hərəkət edir.

 

Bəhramın addımlarından xəbər tutan İran şahı və idarəçilər onu bu yoldan çəkindirmək üçün məsləhətləşirlər, məktub yazmaq qərarına gəlirlər. Məktubu din xadimlərindən ibarət nümayəndə heyəti ilə Bəhrama göndərirlər. Bəhram məktubla tanış olur və onlara cavab yazır...

 

Bu iki məktub dünya siyasət və diplomatiya tarixinin iki şah əsəridir, tükənməz xəzinədir, böyük təcrübədir, elmi qaynaqdır, dərsliklərə daxil edilməli, diqqətlə öyrənilməlidir. Bu iki məktubla bağlı yazılmış şərh dünya nizamişünaslığında yeni bir addımdır, mərhələdir, dönüm nöqtəsidir, Nizamini bağlı olduğu dəyərlər işığında öyrənən məktəbin əsaslarının açıqlanmasıdır.

 

Nizami Gəncəvi ilə bağlı özəl sayın hazırlanmasında əməyi olan, özəl sayın elmi redaktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərliyə, dəyərli yazıçı, peşəkar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə, "525-ci qəzet"in kollektivinə dərin təşəkkürümü bildirirəm.

 

Azərbaycan elminə, dünya nizamişünaslığına xeyirli olsun, uca Allah yeni elmi əsərlər yazmağı nəsib etsin!

 

Sayğı və sevgilərlə,

 

Siracəddin Hacı

 

***

 

BİRİNCİ MƏKTUBUN ŞƏRHİ: "İRAN PADŞAHININ BƏHRAM GURA MƏKTUBU" ADLI BÖLMƏNİN ŞƏRHİ

 

GİRİŞ

 

"Yeddi gözəl" məsnəvisinin "İran padşahının Bəhram Gura məktubu" adlı bölməsi qırx səkkiz beytdir. Məsnəvinin süjet xəttini şərti olaraq doqquz hissəyə bölmək olar:

 

Birinci bölmə: məktub uca Allahın adı ilə başlayır, şah Onun varlığını tanıdır, O:

 

- mərhəmətlidir;

 

- yaradıcıdır;

 

- səxavətlidir;

 

- ehtiyacsızdır;

 

- uca Allahdan başqa ilah yoxdur;

 

- itaət ancaq Onadır;

 

- O, hər şeyin sahibidir;

 

- mülk Onundur;

 

İkinci bölmə: İran şahı Bəhramı tərifləyir:

 

- həm şah, həm də şahzadəsən;

 

- başın ucadır;

 

- şahlığa qabiliyyətin var;

 

- şah oğlusan - şahlıq sənin haqqındır;

 

- ədalətlisən;

 

- igidsən;

 

Üçüncü bölmə: İran şahı özünü tanıdır:

 

- İran şahıyam;

 

- hünərim var;

 

- təcrübəliyəm;

 

- yer üzünün sahibiyəm;

 

- şahlıqdan xoşhal deyiləm;

 

- şahlığı istəmirdim, iranlılar məni zorla taxta oturtdular;

 

Dördüncü bölmə: İran şahı Bəhramın halını təsvir edir:

 

- azad yaşamaq şahlıqdan daha yaxşıdır;

 

- gurların şahı ol;

 

- çay zümzüməsi ilə badəni iç;

 

- şərab və ovdan başqa işin yoxdur;

 

- xalqın və vilayətin qəmini çəkmirsən;

 

- sənin halın mənim halımdan yaxşıdır, hakimiyyət sənin nəyinə lazımdır?;

 

Beşinci bölmə: İran şahı öz halını anladır, şahlığın çətinliyini izah edir:

 

- dostların dərdini çəkirəm;

 

- düşmənlərin qorxusu ilə yaşayıram;

 

- səninlə tac uğrunda savaşmalıyam;

 

- sən fitnələrdən uzaqsan;

 

- kaş sənin peşən mənim olaydı;

 

Altıncı bölmə: İran şahı Bəhramın hakimiyyət haqqını tanıyır, atası Yəzdigürdün zülmünü anladır:

 

- şahlıqdan uzaq deyilsən;

 

- din və dövlət işini bilirsən;

 

- gerçək varis sənsən;

 

- siyasi miras sənindir;

 

- atan zalım idi;

 

- xalq onun zülmündən dəhşətə gəldi;

 

- xalqa qarşı cinayətləri var;

 

- qan tökdü;

 

- xalqı qorxu ilə susdurdu;

 

Yeddinci bölmə: İran şahı Bəhramın niyə şah ola bilməyəcəyini izah edir:

 

- xalq zalım Yəzdigürdün oğlunu sevməz;

 

- heç kimsə sənin şah olmağını istəmir;

 

- bu istəkdən əl çək;

 

- yoxsa "alovlu odla qarşılaşarsan", yəni sənə qarşı savaşacağıq;

 

Səkkizinci bölmə: İran şahı Bəhrama vədlər verir:

 

- ehtiyacın qədər qızıl verərəm;

 

- heç bir şeydən korluq çəkməzsən;

 

Doqquzuncu bölmə: İran şahı Bəhrama təklif verir:

 

- indi bizimlə savaşma;

 

- mən öləndən sonra hakimiyyət savaşsız sənin olacaq;

 

BİRİNCİ BEYTİN ŞƏRHİ: UCA ALLAHIN ADI İLƏ

 

Məktub belə başlanırdı: "Tanrının adı ilə!

 

Azğınlara mərhəmətlə yol göstərən...

 

Məktubun adında İranı idarə edən müdrik qoca "padşah", Bəhram isə "Bəhram Gur" olaraq tanıdılır. Bəhrama hakimiyyətlə bağlı hər hansı bir haqq verilmir, onun əsas işi - gur ovlaması xatırladılır.

 

İran şahı məktubuna Tanrının adı ilə başlayır, onun tərifinə yeddi beyt ayırır. Bunun bir sıra səbəbləri var: bu, bir dövlət ənənəsidir, Bəhramın qəlbinə yol tapmağa, onu yola gətirməyə çalışır, dindaşlıq duyğusunu önə çıxarır (biz eyni dinin mənsublarıyıq), Tanrı mərhəmətlidir, O, mərhəmətliləri sevər, sən də mərhəmətli ol, bizimlə savaşma demiş olur.

 

İran şahı məktubun əvvəlində diqqəti Tanrının mərhəmətinə yönəldir. Orijinal mətndə "mərhəmət" sözü yoxdur, "fəzl" qəlibi var. Söz ərəbcədir, "f-z-l" kökündəndir, bu anlamları daşıyır: "üstünlük", "ruzi", "ehsan", "nemət". Uca, üstün olan Tanrıdır, biz Onun qullarıyıq.

 

O, fəzli ilə azğınlara (yoldan çıxmışlara) yol göstərəndir, hidayət Onun əlindədir. Misradakı "azğın" sözü cəmdədir, Bəhrama aid deyil, onun qəlbinə yol tapmaq istəyən müdrik İran şahı Bəhrama "azğın" əlaməti aid etməz.

 

İKİNCİ BEYTİN ŞƏRHİ: O, YARADICIDIR

 

Göyləri, yerləri yaradan,

Yoxluğa varlıq verən(dir).

 

Nizami birinci beytdə "fəzl" sözü ilə uca Allahın ər-Rəhman (rəhməti sonsuz, rəhmətin qaynağı), ər-Rəhim (hər an mərhəmət edən, çox mərhəmətli olan), ər-Rauf (çox şəfqətli) adlarına, "yolgöstərən" ("rəhnoma") sözü ilə əl-Hadi (hidayətin qaynağı, hidayət verən) adına işarə etmişdir.

 

Şair ikinci beytdə "kerdeqar" sözünü seçir, bu sözün "yaradan" mənası var, yəni yaratma işi Ona aiddir. O, əl-Xaliqdir (mütləq yaradıcıdır, yaratmaq Ona aiddir. O, əl-Xəllaqdır (hər an yaradandır).

 

O, göyü ("boləndi") və yeri ("pəsti") - tərcümədə hər iki söz cəmdə verilmişdir ("göyləri və yerləri") - yaradandır. Göyü və yeri qəlibi (bu, Qurani-Kərimə aid ifadə biçimidir) göydə və yerdə olan hər şeyi nəzərdə tutur. Yəni var olan hər şeyin yaradıcısı Odur.

 

İkinci misrada "nisti" ("yoxluq"), "həsti" ("varlıq") sözləri var: O, yoxluğa varlıq verən, yoxdan var edəndir, əl-Bədidir (yoxdan var edən).

 

ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: O, HƏR VARLIĞA SƏXAVƏTLİDİR

 

İnsanlardan tutmuş bütün canlılara, heyvanlara qədər,

Uca fələkdən tutmuş ağır dağlara qədər...

 

Üçüncü beyt dördüncü beytin girişidir. Nizami uca Allahın Zül-Cəlali-Vəl-İkram, əl-Kərim, ər-Rəzzaq adlarını izah edəcək. Öncə Onun mərhəmətinin əhatə dairəsini cızır, deyir ki, şəfqət və səxavətinin dışında qalan heç bir varlıq yoxdur.

 

Bu vasitələri seçir: "ze" ("əz", - dan2), "Adəmi", Adəmdən başlayaraq (yəni indiyədək var olan insanlardan tutmuş), "ta" (qədər) bütün ("comle"), bu qəlib istisnanın yoxluğunu bildirir, heyvanlaradək ("canevaran").

 

Sıralama davam edir: "vəz" ("və+əz"), uca fələkdən, ağır dağlara qədər, yəni yaradılan hər şey Ona möhtacdır, heç bir varlığın Onsuz yaşaması mümkün deyil, yaradılan hər varlığın ehtiyacı var, bu ehtiyacı təmin edən də uca Allahdır.

 

DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: NAXIŞ VURMUŞDUR

 

Hamıya səxavət naxışxanasında,

Onun qüdrəti naxış vurmuşdur.

 

Bu, üçüncü beytin davamıdır. Nizami uca Allahın səxavətinin hər varlığı əhatə etdiyini ifadə edir, bədii vasitələr seçir: "həme", hamı, yaradılan hər varlıq (istisna yoxdur), "cud" sözünə yer verir, bu söz ərəbcədir, səxavət, comərdlik, qarşılıq gözləmədən vermək anlamlarını daşıyır. Cud sahibi seçmədən (layiqdir, layiq deyil demədən) hər kəsə verəndir. Cudun əsası insana pul və mal verməyin çətin gəlməməsidir. İrfan əhlinə görə, comərdliyin üç dərəcəsi var: səxavət, cud, isar. Malının bir qismini verən, bir qismini özünə saxlayan səxavətlidir. Malının çoxunu verən cud sahibidir. Başqasını özündən üstün tutaraq malını ona verən isar dərəcəsinə çatmışdır...

 

Misradakı "cud" sözü uca Allahın üç adını əhatə edir: O, əl-Kərimdir - kərəmi çox olan, səxavətinin sınırı olmayandır. Zül-Cəlali-vəl-İkramdır- əzəmət və səxavət sahibidir, ər-Rəzzaqdır- hər çeşid ruzini daim verəndir.

 

Onun səxavəti hər varlığı əhatə etmişdir, "hamıya səxavət naxışxanasında ("neqarxane", rəssamlıq emalatxanası) öz qüdrəti ilə naxış vurmuşdur", hər varlığın ehtiyacını təmin etmişdir, yaratdığı hər varlığın ruzisini də vermişdir, hər varlıq Ona möhtacdır (möhtac olmaq hər varlığın vücuduna nəqş olunmuşdur, pozulmayacaq biçimdə yazılmışdır. Onsuz - Allahsız yaşamaq imkanına sahib deyilsən).

 

BEŞİNCİ BEYTİN ŞƏRHİ: TƏMƏNNASI YOXDUR

 

Onun heç bir bağlılığa təmənnası yoxdur,

Ondan savayı Tanrı da yoxdur.

 

Nizami varlığı iki yerə ayırır: yaradılan və yaradılanlar. Öncə yaradılanları tanıdır. Onların bu özəllikləri var: yaradılmışlar (var olmaq üçün yaradıcıya ehtiyacları var), ehtiyaclıdırlar, fanidirlər (ölümlüdürlər). Şair yaradılanlar sırasında insanları, canlıları, heyvanları, fələyi, dağı, "göy və yer" qəlibi ilə bütün varlıqları örnək göstərmişdir - Ona möhtac olmayan varlıq yoxdur.

 

Şair yaradanı (uca Allahı) tanıdarkən Onun gözəl adlarından istifadə edərək bu özəlliklərini önə çıxarır: O, var olmaq üçün bir başqa varlığa möhtac deyil, varlığı özündəndir ("vacibul-vücud"), təkdir, ehtiyacsızdır, əbədidir, diridir...

 

İlk dörd beyt deyir ki, uca Allah mərhəmətlidir, yaradıcıdır, kərimdir. Nizami şərh olunan beytdə uca Allahın əs-Səməd adının mənasını açıqlayır - heç bir ehtiyacı yoxdur, bütün ehtiyacları təmin edəndir ("Onun heç bir bağlılığa təmənnası yoxdur"). Şair "heç" ("hiç") deyərək istisnaya yer qoymur.

 

Nizami ikinci misrada "Xudavənd" deyir, uca Allahın əl-İlah adını nəzərdə tutur. O, uluhiyyətin qaynağıdır, itaətə layiq tək məbuddur: "Və unutma ki, Allahdan başqa ilah yoxdur". Tövhid inancının əsası olan bu cümlə şirkin hər çeşidini, insanı kölələşdirən hər vasitəni rədd edir.

 

ALTINCI BEYTİN ŞƏRHİ: ONUN ADINA VURULMUŞDUR

 

Bütün yaranışın düyününü açmışdır,

Sitayiş möhrü Onun adına vurulmuşdur.

 

Nizami uca Allahı tanıtmaq üçün iki yoldan istifadə edir: yaradılanları tanıdır (göy, yer, insan, heyvan, fələk, dağ...), uca Allahın gözəl adlarına ("Əsma-i hüsna") yer verir.

 

Şair uca Allahın tək, bənzərsiz olduğunu, hər şeyə gücü çatdığını ifadə etmək üçün şərh olunan beytdə yeni vasitələr seçir: birincisi, beytin rədifi var, "Odur" ("ust") qəlibidir, deyir ki, hər varlığın varlıq səbəbi Odur. İkincisi, "yaradılış" ("afərin") sözünə iki kərə yer verir. Bu qəlibə birinci misrada "yaradılış" (yaradılan hər varlıq), ikinci misrada isə "itaət" ("sitayiş") anlamını yükləyir. Yaradılışın düyününü O açmışdır, yəni O, var olduğuna görə hər varlıq var olmuşdur, hər varlıq varlığını Ona borcludur, yaratma, yoxdan var etmə Onun işidir.

 

Birinci misra ikinci misranın səbəbidir. Belə ki Nizami ikinci misrada itaətin nəyə görə ancaq (bir tək) uca Allaha aid olduğunu açıqlayır: yaradıcı olan tək varlıq Odur, yaradıcı kimdirsə, itaət də Onun haqqıdır.

 

Nizami uca Allahdan başqa bir varlığa itaətin (ibadətin) haram olduğunu (şirk ən böyük haramdır) ifadə etmək üçün "möhür" sözünü seçmişdir. Bu söz sonu, son nöqtənin qoyulmasını ifadə edir.

 

O, şirkin qapısını bağlamaq üçün itaəti ancaq və ancaq Öz adına möhürləmişdir (bu, Fatihə surəsində olan ilahi ölçünün bədii ifadə biçimidir: "... (Rəbbimiz) yalnız Sənə qulluq etdiyimiz üçün yalnız Səndən yardım istəyirik/istəyərik...")

 

YEDDİNCİ BEYTİN ŞƏRHİ: HÖKMÜNƏ TABEDİRLƏR

 

Zəminlə zamanın sahibi Odur,

Həm o (zəmin), həm də bu (zaman) onun hökmünə tabedirlər.

 

Nizami hər şeyin sahibinin uca Allah olduğunu bu vasitələrlə tanıdır: birinci misraya "ust" ("Odur") sözü ilə başlayır, öncədən hökm verir, Odur, yəni Allahdır. İkinci misrada da "O" ("u") əvəzliyi var, Ondan başqası yoxdur anlamını daşıyır: varlığı var edən bir varlıq var, O da Allahdır.

 

Şair uca Allahın əl-Malik adına yer verir, bu məqsədlə "darənde" sözünü seçir ("malik olan"). O, əl-Malik olan Allahdır - varlığın mütləq sahibidir, mülkündə ortağı yoxdur, bənzərsiz idarəçidir, mülk mənimdir demək haqqı olan bir varlıq var, o da Allahdır.

 

Nizami uca Allahın yaradılan hər şeyin sahibi olduğunun ifadəsində bütünlüyü, tamamı (hər şeyi) göstərən iki sözə yer verir: zəmin və zaman. Zəminin də, zamanın da Maliki Odur. Biz burada "zəmin" sözünü "məkan" anlamında oxuyuruq. Yəni məkanı, zamanı olan hər şey (məkanı, zamanı olmayan bir varlıq var, O da uca Allahdır) Onun mülküdür.

 

Mülkün gerçək sahibi məkansız, zamansız olan Allahdır fikrinin ifadə biçimləri davam edir. Şair ərəbcə olan "hökm" sözünə yer verir. Bu söz "h-k-m" kökündəndir, Qurani-Kərimə aid anlayışdır, ilahi mətndə bu mənalarda işlədilmişdir:

 

- "hökm vermək";

 

- "hakim təyin etmək";

 

- "saflaşdırmaq";

 

- "hakim";

 

- "məhkəmə gücü";

 

- "açıq";

 

- "hakimiyyət";

 

- "hikmət";

 

- "hikmətli";

 

Biz Nizaminin mətnindəki "hökm" sözünə sünnətullah (ilahi qanunlar) anlamını veririk. Yəni zamanı, məkanı olan hər şeyin varlıq və fəaliyyət qanunlarını müəyyən edən Odur. O, əl-Hakim olan Allahdır - hikmətlə hökm edəndir (mətndə aidlik, yəni hökm Ona məxsusdur anlayışı "peyrou" sözü vasitəsi ilə izah olunmuşdur, hökm qoymaq Onun işidir. Şair ikinci misrada məkan və zaman sözlərinin yerinə "həmin", "həman" qəliblərini seçmişdir.

 

SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: SALAMLAYIR

 

Uca yaradana alqışlarını,

Bitirdikdən sonra...

 

Bu keçid beytidir. Nizami məsnəvinin süjet xəttinin yeni mərhələsinə keçir. Öncəki beytlərdə İran şahı bu məsələləri önə çıxarır: məktuba uca Allahın adı ilə başlayır, sonra uca Allahı tanıdır. Bəhramın Allah təsəvvürünü formalaşdırır. Bu məqsədlə uca Allahın yaratdıqlarını, gözəl adlarını sıralayır. İranın yeni şahının məqsədləri bunlardır:

 

- Bəhramı savaşdan çəkindirməyə çalışır;

 

- aralarında din bağı qurur - biz eyni dinin mənsublarıyıq, savaş bizə yaraşmaz;

 

- Bəhramı uca Allahla qorxudur;

 

- sən hər şeyə qadir deyilsən, Onun möhtac qulusan;

 

- mülkün, o sıradan İran mülkünün gerçək sahibi uca Allahdır;

 

Şair keçid beytində "afərin" ("alqış") sözündən iki kərə istifadə etmişdir, hər ikisi uca Allaha aiddir (ilk səkkiz beytdə uca Allah farsca bu adlarla tanıdılmışdır: Xuda, Kerdeqar, Xudavənd, Afəridqar).

 

DOQQUZUNCU BEYTİN ŞƏRHİ: BAŞI ÇƏRXƏ UCALAN

 

Şahzadəni və şahı salamlayırdı:

 

"Ey başını mavi çərxə ucaldan...

 

Bu, məsnəvinin süjet xəttinin yeni mərhələsinin ilk beytidir. İran şahı məktubunun ikinci hissəsinə keçir. O, Bəhramı savaşdan çəkindirmək üçün yeni vasitələr seçir: birincisi, Bəhramın hakimiyyət haqqını tanıyır, bizcə, bu ən önəmli məsələdir, belə ki Bəhramın hakimiyyət haqqını tanımadan onu savaşdan çəkindirmək mümkün deyil. İkincisi, Bəhramın İranın şahı olması fikrinə müsbət yanaşdığının əlaməti olan iki önəmli sözə yer verir: şah və şahzadə. Sıralamada öncə "şah" sözünə yer verir, sən İranın gələcək şahısan, bu gün isə şahzadəsən.

 

Üçüncüsü, onu salamlayır ("dorud qoft", "salamladı"), salam sayğı və barışın əlamətidir. Dördüncüsü, nidalı xitab seçir, "ey" deyir, yəni danışıq (barış, diplomatiya) yolu ilə anlaşa bilərik. Beşincisi, tərif yolunu seçir (bu, diplomatiyanın ən önəmli silahlarından biridir), Bəhram adından istifadə etmir, onun əlamətlərini sayır: şah, şahzadə. Sonda da deyir ki, ey başı mavi göylərə ucalan...

 

ONUNCU BEYTİN ŞƏRHİ: MƏRDLİYƏ QİYMƏT VERİRSƏN

 

Şah fərli şah oğlu,

Ədalətli, mərd, mərdliyə qiymət verən.

 

İran şahının tərifləri davam edir. O, bu məqsədlə yeni vasitələr seçir: "həm" iştirak bağlayıcısına yer verir, onu təkrar edir, yəni təriflər bitməz. Bəhramın İrandakı hakimiyyət haqqını tanıdığını təkrar vurğulayır, bu məqsədlə hakimiyyət anlayışı ifadə edən iki yeni söz seçir: məlik, məlikzadə (tərcümədə "şah" və "şah oğlu" kimi verilib, bu, dəqiq deyil).

 

İran şahının bu sözləri seçməsinin səbəbi Bəhramın idarəçilik yönünü önə çıxarmaqdır. O, Bəhramın idarəçilik (liderlik) yönünü göstərərkən "fərr" sözünü artırır (əzəmət, böyüklük), yəni əzəmətli məliksən (böyük idarəçisən).

 

Məlikzadə (məlik oğlu) sözünün isə heç bir təyini yoxdur, çünki Bəhramın atası zalımdır, yeni şah onu sadəcə məlik kimi tanıdır. Burada "məlikzadə" sözünə yer verilməsinin səbəbi Bəhramın hakimiyyət haqqının tanınmasıdır (məlikdən sonra hakimiyyət onun oğlunundur, biz bunu bilirik, bu haqqı tanıyırıq, sən İranın gələcək şahısan).

 

Təriflər davam edir: ədalətlisən (kimsənin haqqını yeməzsən), mərdsən, insanlığa ("mərdomi", tərcümədə "mərdlik" kimi verilib) dəyər verənsən.

 

ON BİRİNCİ BEYTİN ŞƏRHİ: NƏ ZƏRƏR GÖRƏ BİLƏRƏM?

 

Əsl Kəsra adını daşıyan mən,

Xamların ədavətindən nə zərər görə bilərəm?

 

Məsnəvinin süjet xətti üçüncü mərhələyə keçir (ikinci mərhələ iki beytdir, İran şahı Bəhramı çox tərifləmək istəmir, dörd önəmli özəllik vurğulayır: şahlıq haqqın var, ədalətlisən, mərdsən, insanlığa qiymət verirsən).

 

Bu mərhələdə İran şahı iki məsələni önə çıxarır: özünü tanıdır, şahlığın nə qədər çətin iş olduğunu bildirir. Şahın özünü tanıtma ehtiyacının səbəbi var. Belə ki o, təsadüfi adam olmadığını, şahlığa layiqliyini ifadə edir. Şahlığın çətin iş olduğunun qeyd olunması da Bəhrama mesajdır: tələsmə, təcrübə topla, onsuz da hakimiyyət məndən sonra sənindir (şah vaxt qazanmağa çalışır, savaşın olmasını istəmir).

 

İran şahı özünü tanıdarkən bu vasitələri seçir: "mən ke" ("mən ki") deyir, "ki" ədatı (şahın) mövqeyini gücləndirir, şah Bəhramın onun aciz, zəif, qorxaq olduğunu düşünməsini istəmir (bu hal Bəhramı cəsarətləndirər). İran hakimiyyət ənənəsində siyasi termin kimi çox işlənən "kəsra" sözünə yer verir, "şah", "padşah" sözlərindən imtina edir ("kəsra" sözü "xosrov" ("şah") sözünün ərəbcələşmiş biçimidir). Sonra "əsl" sözünü seçir, onu "kəsra" sözünə artırır, əsl kəsra mənəm. Yəni sənin hakimiyyət haqqın olsa da, bu gün əsl kəsra mənəm, İranın hakimiyyəti mənim əlimdədir, güclüyəm.

 

İran şahı güclü olduğunu ifadə etmək üçün iki vasitəyə də yer verir: "xam" sözünü seçir, ona "cavan", "təcrübəsiz" anlamını yükləyir, bu sözü Bəhrama aid edir, yəni sənin İran kimi bir imperatorluğu idarə edəcək təcrübən yoxdur.

 

İran şahının gücünü göstərən ikinci vasitə də "xamın düşmənçiliyindən zərər görmərəm" ("xamın düşmənçiliyi mənə nə zərər verə bilər ki?") cümləsidir. Yəni siyasi, hərbi güc, xalqın dəstəyi mənim əlimdədir, düşmənçiliyin (savaşın) sənə faydası yoxdur.

 

ON İKİNCİ BEYTİN ŞƏRHİ:MƏNİ BƏYƏNMİŞDİR

 

Mən həm hünərməndəm, həm də dünya görmüşəm,

Həm də dünyanın gözü məni bəyənmiş.

 

İran şahı özünü tanıdarkən üç önəmli mesaj verir: güclüyəm, səndən qorxmuram, hakimiyyətə səndən (Bəhramdan) daha layiqəm. O, şərh olunan beytdə yeni vasitələr seçir: birincisi, beytdə üç "həm" iştirak bağlayıcısı var, şah bu vasitə ilə deyir ki, mənim İran şahına layiq olduğumu göstərən keyfiyyətləri saymaqla bitirə bilməzsən. İkincisi, hünərməndəm ("honərmənd"), bu sözün "hünərli", "sənətkar", "mahir", "məharətli usta" kimi mənaları var, yəni mən hakimiyyət ustasıyam. Üçüncüsü, dünyagörmüş insanam, təcrübəliyəm (şah Bəhrama bunları söyləmiş olur: hakimiyyət ustası deyilsən, təcrübən də yoxdur, dolayısı ilə hələ şah olmaq vaxtın gəlməyib).

 

Dördüncüsü, dünyanın gözü məni bəyənmişdir. Şah ölçünü böyüdür, "dünyanın gözü" qəlibini seçir, bu yolla Bəhramı onun şahlığını qəbul etməyə yönləndirir. "Dünyanın gözü" qəlibi iki mənanı əhatə edir: xalqın dəstəyi mənimlədir (sənin belə bir dəstəyin yoxdur), İran bir imperatorluqdur, dünyanın gözü bu ölkənin üzərindədir, dövlətlər mənim hakimiyyətə gəlməyimi bəyənmişlər, arxamda xalqın, beynəlxalq ictimaiyyətin dəstəyi var (sən bu iki dəstəkdən də məhrumsan, bu halda, hakimiyyətə gəlmək imkanın yoxdur, savaşma, gözlə).

 

ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DƏM VURUR

 

Bəxt mənim hünərlərimdən dəm vurur,

Hünərsiz (olan) taca, taxta yetişə bilərmi?

 

İran şahının özünü tanıtması, güclüyəm, qorxmuram, hakimiyyət haqqım var mesajları davam edir, o, bu, vasitələri seçir:

 

Birincisi, "hünər" sözünə iki kərə yer verir (iki beytdə üç "hünər" sözü var), bunlardan biri "hünərmənd", o birisi "hünər" biçimindədir.

 

İkincisi, hünərinin (bacarığının, hakimiyyəti idarə etmə qabiliyyətinin) dərəcəsini göstərmək üçün "dəm vurmaq" ("nəva zədən") frazeoloji birləşməsinə yer verir, yəni bəxt ancaq mənim hünərimdən danışır.

 

Üçüncüsü, "bəxt" sözünə yer verir, şahın hünərindən ağız dolusu danışan bəxtdir, yəni ilahi iradə onu seçmişdir, Bəhramın bu iradəyə qarşı çıxmaq haqqı yoxdur.

 

Dördüncüsü, bədii suala yer verir: "key?" ("nə vaxt?", "nə zaman?"), zaman anlayışı tarixdə belə bir şey olmayıb fikrini gücləndirir, bunun imkanı yoxdur deyir, Bəhrama çıxış yolu qoymur, ona sən də zamanın hökmünə tabe ol əmri verir. İmkansızlığı ifadə edən fikir budur: hünərsizin taxt və taca qovuşduğu (çatdığı, əldə etdiyi) nə vaxt görülmüşdür? Hünərsiz olsa idim, hakimiyyətə gələ bilərdimmi?

 

Beşincisi, İran şahı nitqində hakimiyyət rəmzi olan iki anlayışa yer verir: tac, taxt, yəni tac, taxt (hakimiyyət) elə bir nemətdir ki, hünəri olana verilir, bu, mənim haqqımdır, sən də bu gerçəkliyi qəbul et.

 

ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: OLA BİLMƏZ

 

Başımın ucalığı var, tac və taxtım var,

Başı uca olan heç (vaxt) həqir ola bilməz.

 

İran şahı özünü tanıdır. Məqsədi hakimiyyət haqqım var, güclüyəm, səndən (Bəhramdan) qorxmuram mesajlarını verməkdir. O, bu fikirlərin ifadəsində yeni vasitələr seçir: nitqində bir kərə olsun belə qorxu, acizlik əlaməti göstərə biləcək sözə, işarəyə yer vermir, əksinə, cəsuram, güclüyəm deyir.

 

Hakimiyyətə haqqı olduğunu söyləyir, bu haqqın əsasına üç dəyəri qoyur: hünərim var, müdrikəm (təcrübəliyəm), xalqın, beynəlxalq ictimaiyyətin dəstəyini almışam.

 

Şahın üstünlük - hakimiyyətə Bəhramdan daha çox haqqım var ifadə edən sözləri davam edir: başım ucadır (baş ucalığım var), kimsənin haqqını yeməmiş, zülm etməmişəm, ona görə də gözü kölgəli deyiləm, xalq mənə dəstək verir (sizin belə bir dəstəyiniz yoxdur, çünki atan zalım idi).

 

Güclüyəm, taxt da, tac da mənimdir. Şah bu iki ölçünü qoyandan sonra hökm verir: başı uca olan heç vaxt həqir (alçaq, dəyərsiz, yazıq) olmaz!

 

ON BEŞİNCİ BEYTİN ŞƏRHİ: RƏHBƏRİYƏM

 

Hərçənd yer üzünün sahibiyəm,

Pərilər və adamların rəhbəriyəm.

 

İran şahı onu güclü, yenilməz göstərən yeni bədii vasitələr seçir: məkanı böyüdür, İranın şahıyam demir, yer üzünün sahibiyəm söyləyir (o dövrdə iki önəmli imperatorluq var: İran (Sasani) və Bizans, İran şahının mən yer üzünün sahibiyəm deməsinin əsası İranın imperatorluq olmasıdır). Bu anlayış "vilayət" və "zəmim" ("zəmin", yer, torpaq, yer üzü) sözlərinə yüklənir, yəni yer üzünün vilayətlərini mən idarə edirəm.

 

İran şahının güclü və yenilməzəm fikrinin daşıyıcısı olan vasitələr beytin ikinci misrasında da var: o, rəhbər, öndər, lider sözünü seçir - "pişva" ("başçı", "başqan"). Şah hakimiyyətinin sınırını göstərərkən "sahib" ("saheb") sözünə yer verir, bu söz mülkiyyət anlamını ifadə edir - yer üzünün mülkü mənimdir. O, başqanlıq özəlliyini göstərərkən də "pişva" qəlibinə yer verir.

 

İndi şahın gücünü ifadə edən ən önəmli söz gəlir: "pəri" (cinlərin gözəl olan və zərər verməyənlərinə "pəri" deyilir).

 

Mən insanların, pərilərin başçısıyam, hakimiyyətim (hökmüm) pəriləri də əhatə edir, yəni ey Bəhram, sən əlində yer üzünün hakimiyyəti olan, pəri və insanlara hökm edən İran şahına nə edə bilərsən ki? Mən qeyri-adi güc sahibiyəm, pərilər də mənim iradəmə tabedir.

 

Beyt "gərçe" ("baxmayaraq") qəlibi ilə başlayır, bu söz sıradakı beytlə əlaqə qurur, yəni bu qədər imkanım olmasına baxmayaraq...

 

ON ALTINCI BEYTİN ŞƏRHİ: XOŞHAL DEYİLƏM

 

Bu xosrovluqdan xoşhal deyiləm,

Çünki bu, dəhşətli zəhərə qatılmış bir baldır.

 

Şah özünü tanıtdı, indi də şahlığın nə qədər çətin bir iş olduğunu izah edir. Məqsədi Bəhrama bu mesajları verməkdir: sən cavansan, təcrübəsizsən, hakimiyyətin çətinliklərini bilmirsən, ona görə də bizimlə savaşıb hakimiyyəti ələ keçirməyə çalışma, gözlə, təcrübə topla, onsuz da İranın gələcək şahı sənsən.

 

Şahın Bəhramı yola gətirmək üçün seçdiyi metodun iki əsası var: qorxutmaq, ümid vermək. Hədəf birdir: savaş olmasın, qan tökülməsin, İran imperatorluğu zəifləyib xarabalığa çevrilməsin.

 

Şah hakimiyyətin çətin iş olduğunu ifadə etmək üçün bu vasitələri seçir: birincisi, yer üzünün sahibi, pərilərin, insanların başçısı olmağıma baxmayaraq deyir. İkincisi, bu dərəcədə böyük imkanla birlikdə xosrovluqdan məmnun deyiləm. Üçüncüsü, hakimiyyət öldürücü zəhər qatılmış baldır, o, insanı var gücü ilə özünə çəkir, hər şeyini əlindən alır, sonda da həlak edir.

 

ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: CAVAN OLUB

 

Mənim o qədər qüdrətim, bacarığım olub ki,

Ulduzum bundan həmişə cavan olub.

 

İran şahı Bəhramı hakimiyyətin çətinliyinə inandırmaq üçün (bunlar Bəhramı savaşdan çəkindirmə yollarıdır: qorxutmaq, ümid vermək, inandırmaq) sözlərində səmimi olduğunu göstərir (səmimiyyət inandırmağın ən qısa, ən təsirli yoludur).

 

Bu məqsədlə səmimiyyəti ifadə edən vasitələr seçir: öncə şahlıqdan xoşhal olmadığını dedi, indi də hakimiyyətə gəlməzdən öncəki halını danışır (insan həyatını səmimi olduğuna danışar). O qədər maddi imkanım (bu anlayış misradakı "tuş" sözünə yüklənib, sözün "güc", "azuqə", "ərzaq", "bədən"/"cüssə" kimi mənaları var, tərcümədə "güc" anlamı önə çıxarılıb ki, bu, dəqiq deyil, şah burada maddi imkanını nəzərdə tutur) var ki (var idi ki).

 

Bir imkanım da var, o da bacarıqdır ("təvan"). Bu iki imkanım olduğuna görə ulduzum həmişə cavan olub - bəxtim gətirib, kimsəyə möhtac olmamışam, zənginlik içində yaşamışam, yəni var-dövlət, şan-şöhrət üçün hakimiyyətə gəlməmişəm.

 

ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: UZAQ DEYİL

 

Əgər bununla kifayətlənsə idim, yaxşı olardı,

Çünki uca rütbə xətərdən uzaq deyil.

 

İran şahının nitqində nəsihət ruhu var. Nəsihət də səmimiyyətin göstəricisidir. Şah səmimi olaraq inandırmağa çalışır, Bəhrama öz oğlu kimi nəsihət verir. "Əgər" deyir, şərt qoyur, "beh" ("daha yaxşı") qəlibi ilə müqayisə imkanı yaradır. "Xorsənd" sözünü seçir ("şad", "şən", yerinə görə "zəngin"), hakimiyyətdən öncəki halına işarə edir: əgər o zəngin (şən) halımla kifayətlənsə idim, daha yaxşı olardı. Sonra bunun səbəbini açıqlayır: hikmətli fikir söyləyir - uca rütbə təhlükədən uzaq deyil, şah qorxu içində yaşayan insandır. Yəni hansı ağıllı adam o rahat həyatdan imtina edib bu qorxu dolu həyatı seçər? Hakimiyyət sənin düşündüyün kimi sadəcə zənginlik, şan-şöhrət, güc deyil, həm də qorxu və ölümdür.

 

ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: MƏNİ YUMŞALTDILAR

 

Ancaq iranlılar zorla və utandırmaqla,

İlıq nəvazişlə məni yumşaltdılar.

 

İran şahı Bəhramın şübhəsinə yer qoymur, yəni o düşünə bilər ki, sözlərin səmimi deyil, hakimiyyəti istəmirdinsə, o halda niyə şah oldun?

 

Səbəbləri açıqlayır: iranlılar (onların böyükləri) məcbur etdilər, utandırdılar, nəvaziş (qayğı) göstərdilər, məni yumşaltdılar (bu iş mənə təklif olunanda qəti etiraz edirdim).

 

İYİRMİNCİ BEYTİN ŞƏRHİ: BAŞIM UCA OLSUN

 

Məni vadar etdilər ki, şah olam,

Tac və taxt ilə başım uca olsun.

 

Bu, öncəki beytin davamıdır, yəni iranlılar məni zorla (məcburiyyətlə, israr edərək), utandırmaqla (ölkə dağılır, sən isə məsuliyyəti üzərinə götürmək istəmirsən), isti nəvazişlə (tərifləyərək, biz sənə yardım edəcəyik deyərək) yumşaltdılar, vadar etdilər ki, şah olum.

 

Onlar məni inandırdılar ki, taxt və tac ilə başım uca olacaq - bu işin öhdəsindən gələcək, ədalətinlə insanların könlünü qazanacaqsan.

 

İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: PADŞAHLIQ DEYİL

 

Məmləkəti fənaya getməkdən qoruyum,

(Mənim) bu (işim) qoruyuculuqdur, padşahlıq deyil.

 

İran şahı Bəhramı inandırmaq üçün istəmədiyi halda niyə şah olduğunun səbəblərini açıqlayır: ölkənin mənfəətlərini önə çıxarır, İrana "mülk" deyir, mən bu mülkü qoruyuram. O, mülkü nədən qoruduğunu izah etmək üçün "təbəhi" sözünü seçir, bu sözün "çürüklük", "korlama", "pozulma" kimi mənaları var. Ona görə şah oldum ki, İran dağılmasın.

 

İran şahı yaranmış vəziyyətin (zərurətin) onu hakimiyyətə gətirdiyini vurğulamaq üçün "şah", "şahlıq" sözlərindən imtina edir, onların yerinə iki söz seçir: "pasdar" ("qarovul", "bir saatlıq qarovul", "gözətçi", "keşikçi"), "pasebani" ("gözətçilik"). Bu sözün mesajı var: mən zərurətdən şah oldum, bu vəzifəm uzun sürməyəcək, məqsədim İranı dağılmaqdan qorumaqdır, sonda İranın şahı sən olacaqsan, tələsmə, bizimlə savaşma, təcrübə topla...

 

İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: BU MƏSƏL ÇOX GÖZƏLDİR

 

Nağıllarda olan bu məsəl çox gözəldir:

Adamın arzusu düşmənidir, aləm dostu.

 

İran şahı Bəhramı inandırmaq üçün (onun inandırma metodları bunlardır: qorxutmaq, ümid vermək, səmimi olmaq, öyüd, hakimiyyətin çətin iş olduğunu anlatmaq, İranın mənfəətlərini önə çıxarmaq...) bir məsəli örnək verir: "bu məsəl" deyir, diqqəti onun önəminə yönəldir, sonra "əfsanə" ("fəsanə") sözünü seçir (mətndə "nağıl" sözü yoxdur), yəni bu elə bir məsəldir ki, dildən-dilə dolaşır (onu bilməyən yoxdur, sən də bilirsən), məsəl yüzdə yüz doğrudur.

 

Bu məsəl çox gözəldir ("səxt nekust", "səxt" sözü burada "çox" anlamını daşıyır). Məsəli diqqətlə dinlə, anla, tətbiq et mənasını önə çıxarmaq üçün şah məsəli bu yollarla tanıdır: "bu məsəl", "əfsanə olan məsəl" (tanınan), "çox gözəl məsəl". Bu təyinlərdən (diqqəti toplayan vasitələrdən) sonra məsəlin mətni gəlir: arzu (insanın arzusu) düşmən, aləm dostdur. Buradakı arzu sözünü "nəfs" kimi də oxuya bilərik. Arzuya, şəxsi mənfəətlərə görə hərəkət etmək insanın düşməni, xalqın (millətin, aləmin) çıxarlarını düşünmək, bu ölçüyə görə hərəkət etmək isə dostudur.

 

Şah bu tanınan məsəllə iki mesaj verir: birincisi, mən şəxsi istəklərim üçün deyil, İranın ali çıxarlarını düşündüyüm üçün şah oldum. İkincisi və daha önəmlisi, ey Bəhram, şəxsi mənfəətindən çıxış edərək (indi arzularına təslim olmusan) bizimlə savaşma, İranı düşün, bu savaşın İran dövlətinə, xalqına verəcəyi zərərləri anla, nəticədə, savaşdan əl çək.

 

İYİRMİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: XƏBƏRSİZSƏN

 

Belə bir aləmdən xəbərsizsən,

Sən başqa aləmin məmləkətinin malikisən.

 

Şah Bəhramı savaşdan çəkindirmək üçün ortaya yeni dəlillər qoyur, bu vasitələri seçir: iki aləmi müqayisə edərək fərqi göstərir, "əz çenin aləmi" ("belə bir aləmdən") deyir, öncə İranı, şahlığı nəzərdə tutur. "Sən xəbərsizsən", yəni İrandakı ictimai-siyasi vəziyyəti bilmirsən, xalqın sizə olan münasibətindən xəbərsizsən, şah olmaq, ölkəni idarə etmək başqa bir aləmdir (işdir).

 

Şahlığa haqqı olmaq (monarxiya sisteminə görə bu, sənin haqqındır, İran şahı bu haqqı özəl olaraq vurğulayır) ona layiq, hazır olmaq anlamına gəlməz, nə sən, nə də İran xalqı sənin şahlığına hazır deyilsiniz.

 

İran şahı ikinci misrada Bəhramın aləmini (yaşadığı halı, Yəməndəki vəziyyəti) təsvir edir. Sözləri diqqətlə seçir, farsca deyil, ərəbcə tərkibə yer verir: "malik əl-mulk" (mülkün maliki, "əl" artiklı bəlli bir ünvanı-Yəməni göstərir). Ərəbcə tərkibin seçilməsi bu mesajları daşıyır: ey Bəhram, sən fars olsan da, uşaqlıqdan ərəblər içində böyümüsən, onlardan tərbiyə almısan, öz xalqını tanımırsan, ərəb kimi böyüyən birinin İranı idarə etməsi çətin olar, doğrudur, sən də məliksən, ancaq İranın deyil, Yəmənin məlikisən, bu ikisi ayrı-ayrı şeylərdir.

 

Qeyd edək ki, birinci misrada (İranın halı təsvir olunarkən) beş vasitədən ikisi, ikinci misrada (Yəmənin halı təsvir olunarkən) dörd vasitədən üçü ərəbcədir, yəni, ey Bəhram, sən bu halınla İrana yadsan, ölkəni savaşla ələ keçirsən belə onu idarə etmək imkanın yoxdur.

 

İYİRMİ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: DAHA XOŞDUR

 

Gurlara şahlıq sənin üçün daha xoşdur,

Nəinki min belə qovğalı şahlıq.

 

İran şahı iki aləmin fərqini göstərmək üçün müqayisəni davam etdirir. Bəhramın şəxsi halını önə çıxarır, mətnə istehza çaları yükləyir, onu "gurların şahı" ("gurlara şahlıq") adlandırır.

 

Ovçuluq da bir idarəetmə işidir (məkan seçmək, ova nəzarət etmək, məsafəni ölçüb-biçmək, yayı vaxtında və lazımı qədər çəkmək, ovu ən uyğun yerindən vurmaq... Bunlar hesablamaya bağlı incə işlərdir). Gurları idarə etmək (ovlamaq, Bəhramın usta olduğu iş) sənə daha xoşdur. Bu işi gözəl bacarırsan, ancaq gurları idarə etmək ("kiyayi-gur") İranı idarə etmək anlamına gəlməz.

 

Şah İranın idarəçiliyinin çox çətin olduğunu ifadə etmək, fərqi göstərmək üçün bu vasitələri seçir: mübaliğəyə yer verir, "minlərlə" deyir, qat-qat, yəni müqayisəsi mümkün olmayacaq dərəcədə çətindir. "Kiyai-şur"dur, daşınması, dözülməsi çətin olan işdir.

 

 

Şah müqayisə yolu ilə Bəhrama seçim imkanı verir: gur ovlayaraq gününü xoş keçirmək istəyirsən, yoxsa məşəqqətli İran şahlığını?

 

İYİRMİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: HƏR ŞEYDƏN YAXŞIDIR

 

Rud zümzüməsi ilə içilən bir qurtum badə,

Mavi çərxin altında olan hər şeydən yaxşıdır.

 

İran şahı müqayisə imkanı yaratdı, iki aləmi tanıtdı, fərqləri ortaya qoydu, Bəhramın seçim yolunu açdı. İndi də Bəhramı yönləndirir, barmağını doğru olanın üzərinə qoyur. Daha yaxşı hansıdır sualına cavab vermək üçün iki tərəfin arasına "behtər" qəlibini yerləşdirir ("daha yaxşı").

 

Bədii təzada yer verir, bir tərəfi mümkün qədər kiçildir, o biri tərəfi mümkün olduğu qədər böyüdür. Bu məqsədlə "corei" (bir, bircə qurtum) sözünü seçir. Burada "qurtum" sözünün seçilməsi də təsadüfi deyil. Belə ki Bəhramın sevdiyi iki iş var: gur ovlamaq, şərab içmək (şah "qurtum" sözü ilə həm də Bəhrama "sataşır").

 

Tərəzinin bir gözündə bir qurtum şərab, o biri gözündə isə mavi çərxin altındakı hər şey var. Şah Bəhrama deyir ki, sən çayın zümzüməsini ("nəvazeş") dinləyə-dinləyə badədəki bir qurtum şərab içməyi seç, mavi çərxin altındakı hər şeydən, o sıradan şahlıqdan imtina et, çünki şahlıqda məşəqqətdən başqa bir şey yoxdur, onun uğrunda savaşmağa dəyməz.

 

İYİRMİ ALTINCI BEYTİN ŞƏRHİ: İŞİN YOXDUR

 

Sənin şərab və şikardan başqa işin yoxdur,

Zəmanənin başağrısı ilə işin yoxdur.

 

İran şahı Bəhramı inandırmaq üçün onun halı ilə öz halını müqayisə edir. Öncə Bəhramı tanıdır, bu vasitələri seçir: "coz" ("başqa", bu sözün "hissə" mənası da var) qəlibindən istifadə edir, onun vasitəsi ilə istisnaya yer qoymur. Yəni, ey Bəhram, sənin iki işin var (bu ikisindən başqa heç bir işin yoxdur): "badə" ("şərab içmək"), "şikar" ("ov etmək").

 

Bəhramın halının ikinci əlaməti də var. İran şahı deyir ki, sənin zamanın sədası ilə işin yoxdur. "Zamanın sədası" qəlibi problemləri, qayğıları ifadə edir (tərcümədə "başağrısı" kimi verilmişdir).

 

Bəhramın şərab və ovdan başqa bir işinin olmadığı fikri beytdə bir vasitəyə də yüklənmişdir. Belə ki beytin rədifi var, "nist" ("yoxdur", "deyil"), rədif deyir ki, Bəhramın eyş-işrətdən başqa bir işi yoxdur.

 

İYİRMİ YEDDİNCİ BEYTİN ŞƏRHİ: QƏMİNİ ÇƏKMİRSƏN

 

Əgər doğrusunu bilmək istəyirsənsə, yalnız sənin dünyan (xoş günün) var,

Ki, heç kəsin vilayətinin qəmini çəkmirsən.

 

İran şahı Bəhramın halını tanıtmağa davam edir, bu vasitələrə yer verir: istisnanın yoxluğunu göstərmək üçün "bəs" qəlibindən istifadə edir, onu qafiyə mövqeyində işlədir, bu qəlib deyir ki, xoş günü ("dünyası", elə bir dünya ki, onun içində hər şey gözəldir) olan bircə insan var, o da Bəhramdır.

 

Şah aradakı məsafəni götürmək, yəni Bəhramla səmimi olmaq üçün (məqsəd Bəhramı savaşdan çəkindirməkdir) "doğrusunu bilmək istəyirsənsə" deyir, yəni mən sənə həqiqəti söyləyirəm, İranın şahıyam, ölkə insanlarının vəziyyətindən xəbərdaram, bu ölkədə bircə xoşbəxt insan var, o da sənsən.

 

İkinci misrada bu xoşbəxtliyin səbəbi açıqlanır, "ke" ("ki") bağlayıcısı ilə iki misra bir-birinə bağlanır: heç kəsin (istisna yoxdur) vilayətinin qəmini çəkmirsən, ancaq özünü düşünür, özün üçün yaşayırsan.

 

İYİRMİ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: YUXUYLA KEÇİR

 

Gecə və gündüzün şikar, şərabla keçir,

Gah xoş yeməklər, gah da yuxuyla keçir.

 

İran şahı Bəhramın xoş halını yeni vasitələrlə tanıdır: onun iyirmi dörd saatını təsvir edir. Bu məqsədlə "və" bağlayıcısından iki kərə (bu bağlayıcı iyirmi dörd saatda baş verənləri bir-birinə bağlayır), "gah" bölüşdürmə bağlayıcısından iki kərə (bu bağlayıcı iyirmi dörd saatda olanları sıraya düzür, növbələşdirir), "ilə" qoşmasından iki kərə (bu qoşma iyirmi dörd saatda nələrlə birgə olmağı bildirir) istifadə edir.

 

Şah iyirmi dörd saat anlayışını ifadə etmək üçün "gecə", "gündüz" (orijinalda "şəb" və "şəbgir", "şəbgir" gecə məclisi anlamını daşıyır, mətndə gündüz mənasını ifadə edir) sözlərinə də yer verir. Bu iyirmi dörd saatda Bəhram hansı işlərlə məşğul olur? Onun üç işi var: gündüzlər gur ovlayır, gecələr kef (şərab) məclisləri düzəldir, gözəl yeməklər yeyir, bir də yatır.

 

İYİRMİ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ÜRƏYİNİ AĞRITMIRSAN

 

Mənim kimi gecə və gündüz şadlıqdan uzaq deyilsən,

Xalqın işi üçün ürəyini ağrıtmırsan.

 

İran şahı Bəhramın halını təsvir etdi, indi öz vəziyyətini tanıdır, müqayisə şəraiti hazırlayır, bədii təzadlar seçir ki, Bəhram həqiqəti görsün, savaşdan əl çəksin, qəmdən uzaq həyatdan imtina edib məşəqqətlərlə dolu hakimiyyətə can atmasın.

 

Şah öz iyirmi dörd saatını təsvir edir, müqayisə imkanı yaradan "ço" ("kimi") qəlibini seçir, "mənim kimi deyilsən" deyir. Belə ki mən gündüz və gecə (iyirmi dörd saat) şadlıqdan uzağam (bir xoş anım belə yoxdur). Çünki xalqın işlərini yoluna qoymaq üçün əzab çəkirəm, çox çalışıram (sənin xalq adlı dərdin yoxdur).

 

OTUZUNCU BEYTİN ŞƏRHİ: FİKİR ÇƏKİRƏM

 

Gah işim dostların dərdinə qalmaqdır,

Gah da düşmənlərin qorxusundan fikir çəkirəm.

 

Şahın iyirmi dörd saatının təsviri davam edir. O, nitqində gah, gah da bölüşdürmə bağlayıcılarına yer verir, iyirmi dörd saatda yaşadıqlarını sıralayır: "pişe" ("peşə") sözünü seçir, bu, sıradan, anlıq, günlük bir iş deyil, mənim həyatımdır, gecə və gündüz o duyğularla yaşayıram ki, dostların dərdinə qalım, onların sıxıntılarını (dərdlərini, "ənduh") həll edim ("dostlar" sözü xalqı ifadə edir, bu sözlə xalqını çox sevdiyini bildirir). Gah da düşmənlərdən (söz cəmdədir, yəni düşmən çoxdur) əndişə edirəm (qorxu çəkirəm).

 

OTUZ BİRİNCİ BEYTİN ŞƏRHİ: QILINC ÇƏKMƏLİYƏM

 

Mənim ən kiçik möhnətim (budur ki) sənin kimi şahla,

Tacdan ötrü qılınclaşmalıyam (savaşmalıyam).

 

İran şahı ölkəni idarə etməyin nə qədər çətin bir iş olduğunu, nə dərəcədə ağır hallar yaşadığını göstərmək üçün bu vasitəni seçir: ölkəni idarə etməklə savaşı qarşılaşdırır. Savaşı kiçildir, hakimiyyət işini böyüdür, bu məqsədlə "kəmtərin" ("daha az") müqayisə qəlibinə yer verir.

 

Mənim üçün ən kiçik möhnət odur ki, sənin kimi şahla (o, Bəhrama şah deyir) tac ("kolah") uğrunda savaşım (qılınc vurum), bu hakimiyyətin çətinlikləri ilə müqayisədə ən kiçik möhnətimdir (dərd, qəm, əzab, əziyyət).

 

Şah hakimiyyət işinin çox çətin olduğunu ifadə etmək üçün bir vasitəyə də yer vermişdir. O, sıradan bir şahla savaşı nəzərdə tutmur, "sənin kimi şahla" deyir (Bəhramla). Burada Bəhramı böyütmə var, bu, iki yolla gerçəkləşir: birincisi, Bəhrama "şah" deyir, ikincisi, sənin cəsur, bacarıqlı bir savaşçı olduğunu bilirəm mesajını göndərir.

 

Yəni Bəhram kimi cəsur şahın başında olduğu bir ordu ilə savaşmaq belə mənim ən kiçik sıxıntımdır. Bəhram böyüdülür ki, hakimiyyət işinin çətinliyi ortaya çıxmış olsun. Ey Bəhram, hakimiyyətin nə olduğunu anla, bizimlə savaşma, təcrübə topla, vaxtına hazır ol.

 

OTUZ İKİNCİ BEYTİN ŞƏRHİ: UZAQDIR

 

Eyşlə bəslənən canın bəxtəvərdir ki,

Sənin başın belə fitnələrdən uzaqdır.

 

İran şahı özü ilə Bəhram arasındakı müqayisəni davam etdirir, bu vasitələri seçir (onların bir qismi tərcümədə ixtisar olunmuşdur): "ey" çağırış nidasına yer verir, məni anla, başa düş demiş olur. Sonra "soyuq" ("xonək") sözündən istifadə edir, "ey soyuq" (Bəhram), yəni qayğı və sıxıntılardan uzaq olan, sənin canın eyş-işrəti sevir, onunla bəslənir.

 

Şah ikinci misrada hakimiyyətin (dolayısı ilə özünün) halını dilə gətirir: "fitnə" sözünə yer verir, bu söz hakimiyyətin xarakterini gözəl ifadə edir, hakimiyyət fitnə, çəkişmə, didişmə yuvasıdır.

 

Sən ona görə rahatsan (xoşbəxt) ki, belə fitnələrdən uzaqsan ("belə fitnə", yəni insanın enerjisini, rahatlığını, xoşbəxtliyini əlindən alan fitnə).

 

Beytin rədifi var: "to" ("sən") əvəzliyidir, Bəhramı nəzərdə tutur, deyir ki, sən İran şahından daha xoşbəxtsən, bu rahat həyatından əl çəkib, fitnə yuvası olan hakimiyyət uğrunda savaşma.

 

OTUZ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: ASUDƏLİK TAPARDI

 

Kaş ki sənin peşən mənim ola idi,

Bəlkə, onda mənim də işim asudəlik tapardı.

 

Müqayisə davam edir. İran şahı yeni vasitələr seçir: "kaş ki" deyir, həm indiki halından məmnun olmadığını, şahlığın çətinliyini bildirir, həm də istəyini dilə gətirir: kaş ki o peşə (ovçuluq və şərab) mənim ola idi.

 

Şahlıq insanı zəncirləyir, azadlığını, enerjisini, bir sözlə hər şeyini əlindən alır. Əgər sənin (Bəhramın) işi mənim olsa idi, asudə (rahat, azad) ola bilərdim. Yəni sən öz işinlə məşğul ol, bizimlə savaşma, hakimiyyətə can atma.

 

OTUZ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: BƏSLƏYƏRDİM

 

Onda mən də eyş-işrətlə məşğul olardım,

Canımı şərab və rudla bəsləyərdim.

 

İran şahı müqayisədə Bəhramın halının daha gözəl olduğunu, şahlıqda min bir əziyyətin varlığını bu vasitələrlə ifadə edir: "eyş" sözünü seçir, bu söz kefi, əyləncəni göstərir, yəni sənin həyatında eyş-işrət var, hakimiyyətdə bu, yoxdur.

 

Sonra "ləhv" sözünə yer verir. Bu söz "eyş", "işrət", "kef", "həzz", "zövq", "ləzzət", "əxlaqsızlıq", "pozğunluq" mənalarını daşıyır. Hakimiyyətdə bunlar da yoxdur.

 

Şah Bəhramın yerində olmağı ürəkdən arzulayır ("kaş ki" qəlibi bunu ifadə edir). Əgər sənin yerində olsa idim (sənin peşən məndə olsa idi), asudə (rahat) yaşayar, keflə, eyş-işrətlə məşğul olar, canımı şərabla, rudla (çay züm-züməsi ilə) bəsləyərdim. Yəni, ey Bəhram, sən belə rahat həyatı tərk edib içində əzab-əziyyətdən başqa bir şey olmayan hakimiyyət uğrunda bizimlə savaşma.

 

OTUZ BEŞİNCİ BEYTİN ŞƏRHİ: XƏBƏRDARSAN

 

Mən demirəm ki, şahlıqdan uzaqsan,

Sən həm din, həm də dövlət (işindən) xəbərdarsan.

 

Məktubun mövzusu dəyişir. İran şahı Bəhramı inandırmaq üçün yeni önəmli bir addım atır (Bəhramı savaşdan çəkindirmək üçün istifadə etdiyi vasitələr özət olaraq bunlar idi: iki tərəf arasındakı eyni dini dəyərləri ortaya qoymaq, uca Allahın çox mərhəmətli olduğunu ifadə edərək Bəhramı mərhəmətə yönəltmək, uca Allahı tanıtmaq - ikimiz də Onun quluyuq, savaş bizə yaraşmaz, qorxutmaq, ümid vermək, səmimiyyət, nəsihət, hakimiyyətin mənfi yönlərini önə çıxarmaq, Bəhramın təcrübəsiz olduğunu söyləmək, iki şahın halını müqayisə etmək).

 

İran şahı bu mərhələdə öncə indiyədək məktubda yazdıqlarının yanlış anlaşılmaması üçün izahedici sözə yer verir: "in" ("bu"), yəni yazdıqlarım o demək deyil ki ... Məni yanlış anlama. Sənin hakimiyyət haqqını inkar etmirəm, İran şahı ola bilməzsən demirəm. O bilir ki, Bəhramın hakimiyyət haqqını rədd etsə, savaş qaçılmaz olacaq. Ona görə də ən önəmli sözü söyləyir: hakimiyyət sənin haqqındır. Sən şahlıqdan - idarəetmədən uzaq deyilsən. Bilirəm ki, din (İran idarəetmə sistemində din, din xadimləri önəmli yer tuturdu, burada zərdüştlükdən söhbət gedir) və dövlət işlərini bilirsən. İranın gələcək şahı da sənsən.

 

OTUZ ALTINCI BEYTİN ŞƏRHİ: MİRAS QALMIŞDIR

 

Məmləkətin varisi doğrudan da sənsən,

Bu mülk sənin padşahlığın üçün miras qalmışdır.

 

İran şahı Bəhramın hakimiyyət haqqını tanıdığını (bu tanıma ilə ona ümid verir) bu vasitələrlə ifadə edir: birincisi, qətilik, əminlik bildirən söz seçir: "əlbəttə", "doğrudan da", "buna heç bir şübhə yoxdur ki" ("bedorost", "doğrusu", "doğrudan", "düz", "doğru", bu qəlib təsdiq anlamlı modal sözdür). İkincisi, beytdə ümid verən iki "sən" (biri "sənsən", o birisi "sənindir" biçimində) əvəzliyi var, ikisi də Bəhram deyir, yəni hakimiyyət sənindir. Üçüncüsü, "varis" sözünə yer verir, məmləkətin varisi sənsən, monarxiya quruluşuna görə hakimiyyət atandan sənə keçmişdir, buna bizim şübhəmiz yoxdur.

 

Dördüncüsü, "miras" sözünü mətnə daxil edir, mülkün padşahlıq mirası sənindir. Ortada bir ölkə var, o, İrandır, onun hakimiyyətinin varisi var, o, Bəhramdır, mülkün hakimiyyət mirasının bir sahibi var, o da Bəhramdır.

 

"Məmləkət", "mülk", "varis", "miras" sözləri şəxsi mülkiyyət anlayışını ağıla gətirir, yəni, ey Bəhram, için rahat olsun, İran sənin atandan qalan mülkündür. Biz keçici olaraq, zərurətdən dolayı şahıq, sənin mülkünü əlindən almaq kimi bir dərdimiz yoxdur.

 

 

OTUZ YEDDİNCİ BEYTİN ŞƏRHİ: UZAQLAŞDI

 

Ancaq atanın xamlığından,

Çətirin sayəsi sənin başından uzaqlaşdı.

 

İran şahı Bəhramın hakimiyyət haqqını tanıdıqdan sonra indiki halda niyə hakimiyyətə gələ bilməyəcəyinin səbəbini izah edir, yeni bir dəlil ortaya qoyur. Bəhramın atasının zülmlərini bir-bir saymağa başlayır. Misraya "leykən" qarşılaşdırma bağlayıcısı ilə başlayır, iki beyt arasında əlaqə qurur, doğrudur, sənin hakimiyyət haqqın var, ancaq...

 

Atanın xamlığı (naşılığı, idarəetməni bilməməsi) üzündən çətirin kölgəsi başından uzaqlaşdı, hakimiyyət sənə nəsib olmadı. Burada "çətir" sözünün seçilməsi təsadüfi deyil. Belə ki çətir İslamdan öncə hakimiyyət əlamətlərindən biri idi (taxt, tac, sikkə, növbət, bayraq, tıraz, xilat, qaşiyə, ox, yay, üzük/möhür, çadır, təvki, tuğra kimi). Hökmdarlar savaş üçün səfərə çıxanda, ya da alayla bir yerə getdiklərində çətirdən istifadə olunurdu. Bu çətir mizraq üzərində havada bir qübbə biçimində açılır, ata minmiş hökmdarın başı üzərində tutulurdu (qeyd edək ki, Səlcuqlular da çətirdən hakimiyyət simvolu kimi istifadə etmişlər).

 

İran şahının hakimiyyət haqqını tanıdığı Bəhrama mesajı budur: sənin hakimiyyət yolunu bağlayan biz deyilik, atanın əməlləridir.

 

OTUZ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: CÜRƏTİ QALMAYIB

 

Çünki o, rəiyyətə o qədər zülm edibdir ki,

Bir kimsənin şikayət etməyə cürəti qalmayıb.

 

İran şahı Bəhramı inandıraraq savaşdan çəkindirmək üçün atasının zülmlərini sayır, hakimiyyət yolundakı ən böyük maneənin atasının əməllərinin olduğunu söyləyir. Bu vasitələri seçir: öncə Yəzdigürdə "xam" dedi - onun xamlığı (idarəetməni bilməməsi) səni hakimiyyətdən məhrum etdi. Sonra "kan" ("ki+an") deyir, Yəzdigürdü barmaqla göstərir (səbəb odur), onun zülmünün dərəcəsini ifadə edir: o, öz rəiyyətinə (başqasına deyil) o dərəcədə zülm edibdir ki... Haqlarını əlindən alıb, qorxu içində saxlayıb, həbs edib, işgəncə verib, öldürüb... Zülm ərşə dirənib, insanların nəinki haqlarını tələb etmək, yaşamaq, heç danışmaq, şikayət etmək haqqı da qalmayıb. Qorxu mühiti insanları susdurub, onların cəsarətini öldürüb...

 

İran şahı "kəsi" deyir, istisnaya yer qoymur, yəni hər kəs atanın zülmünün qurbanı olub. Ona görə də İranda hər kəs Yəzdigürdə, onun nəslindən olana nifrət edir. Zülmün doğurduğu nifrət sənin hakimiyyət yolunu bağlamışdır.

 

OTUZ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ZÜLMKAR DEDİLƏR

 

Onun zülmündən xalq dəhşətə gəldi,

Həmin cinayətə görə ona zülmkar dedilər.

 

İran şahı Bəhramın atasının zülmlərinin əlamətlərini saymağa davam edir: "bəzeh" sözünə yer verir, bu qəlibin "günah", "təqsir", "cinayət" kimi mənaları var. "Dəhşətə gəlmək" ("əcəb mandən", "heyrətdə qalmaq") frazeoloji birləşməsindən istifadə edir, yəni xalq atanın cinayətlərindən dəhşətə gəldi (insan, şah öz xalqına bu qədər zülm edə bilərmi?).

 

Nəticədə, xalq zalım atana "cinayətkar" ("bəzehgər") adını qoydu, onun əsl adı unuduldu, ləqəbi (işi) adının yerinə keçdi (təsadüfi deyil ki, İran şahı da nitqində Yəzdigürd adına yer vermir, ona "atan" deyir, tək öz adından deyil, xalqın adından danışır, ictimai rəyi Bəhrama çatdırır). Yəni sənə nifrət edən bir xalqın şahı ola bilməzsən. Beytdəki üç söz xalqın rəyini açıq ifadə edir: "cinayət etmək", "cinayətkar", "cinayət".

 

QIRXINCI BEYTİN ŞƏRHİ: QƏDDARLIQ ETDİ

 

O, qan tökərək o qədər cövr etdi,

Gah tündlük, gah da qəddarlıq etdi.

 

İran şahı Bəhramın atasının zülmlərini saymağa davam edir, bu vasitələri seçir: yenə Yəzdigürdün adını çəkmir, bu yolla xalqın və özünün nifrətini Bəhrama çatdırır. "Bəsi" deyir, "yetərincə", "o qədər", yəni zülmünün sınırı olmadı. "Cour" sözünü seçir, bu sözün "zülm", "əziyyət", "işgəncə" kimi mənaları var. "Qan tökdü", yəni günahsız insanları öldürdü.

 

Şah nitqində "gah", "gah da" bölüşdürmə bağlayıcısına yer verir, zülmləri sıralayır, saymaqla bitməz mesajını verir.

 

"Tündlük" sözünü nitqinə daxil edir, bu söz sərtlik, acımasızlıq anlamlarını yüklənir, yəni mərhəmət duyğusunu itirdi.

 

İran şahı nitqinə "tizi" sözünü artırır. Bu söz "göynətmə", "kəskinlik", "acılıq" mənalarını daşıyır, yəni insanlara acı çəkdirmək atanın idarəetmə metodu idi.

 

QIRX BİRİNCİ BEYTİN ŞƏRHİ: ƏKMƏK İSTƏMƏZ

 

Ki, heç kəs onun toxumunu alqışlamaz,

Onun toxumunu bu torpaqda əkmək istəməz.

 

İran şahının nitqi yeni mərhələyə keçir (məsnəvinin süjet xətti dəyişir). Şah öncə Yəzdigürdün zülümlərini saydı, indi bu zülmlərin Bəhrama təsirini açıqlayır, uyğun vasitələr seçir: çox bədii (məcazi) danışır, şahın nitqinin ən bədii hissəsi bu beytdir. O, bu yolla sözünün təsir gücünü artırır, Bəhramı inandırmağa çalışır. "Kəs" deyir, ona "heç kəs" anlamı verir, istisnaya yer qoymur, atanın zülmünün toxunmadığı bircə nəfər də olmadığı üçün kimsə səni istəmir.

 

Yenə Yəzdigürd adına yer vermir. "Bu toxum" deyir, Bəhramı nəzərdə tutur (Yəzdigürdün toxumu Bəhramdır). Kimsə bu toxumu (Bəhramı) alqışlamaz, sənin hakimiyyətə gəlməyini istəməz. "Toxumu", yəni səni "bu torpaqda", İran torpağında əkmək istəməz.

 

Beytin rədifi var, "nəkonəd" ("etməz") feilidir, deyir, israr edir, inandırmaq istəyir ki, ey Bəhram, İran xalqı sənin hakimiyyətə gəlməyinə yol verməz.

 

QIRX İKİNCİ BEYTİN ŞƏRHİ: ƏL ÇƏKƏSƏN

 

Sənin şahlığını heç kəs istəmədiyi üçün,

Yaxşısı budur ki, bu rütbədən əl çəkəsən.

 

İran şahı Bəhramın atasının zülmlərini saydı, bu zülm nəticəsində İran xalqında formalaşmış rəyi açıqladı, indi də qərar verir: yenə "kəs" deyir, bu sözü qafiyə mövqeyinə yerləşdirir, "heç kəs" anlamında işlədir, istisnaya yer qoymur. İranda bircə nəfər də sənin hakimiyyətə gəlişini (şahlığını) istəmir (səbəb atanın zülmüdür).

 

"Beh ke", daha yaxşısı budur ki, bu rütbədən ("paye") əl çəkəsən (geri addım atasan). Şah Bəhramın ümidini qırmağa çalışır, bunun ən təsirli yolu olaraq da Yəzdigürdün zülmünü və xalqın rəyini önə çıxarır.

 

QIRX ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: SOYUQ DƏMİR DÖYƏRSƏN

 

Əgər coşsan, alovlu odla qarşılaşarsan,

Əgər səy göstərsən, soyuq dəmiri döyərsən.

 

İranın müdrik şahı Bəhrama məktub yazdı, elçilər göndərdi, gerçək vəziyyəti incəliyinədək anlatdı, nəsihət verdi, hakimiyyət haqqını tanıdı, çıxış yolu göstərdi, onu savaşdan çəkindirmək üçün bütün diplomatk vasitələrdən istifadə etdi.

 

Ancaq o, Bəhramın diplomatik yolun seçilməsini acizlik kimi (savaşdan qorxmaq kimi) anlamasını istəmir. Ona görə də məktubun bu bölməsində Bəhramı təhdid edir, güc göstəricisi olan sözlər seçir. Çox bədii danışır, sözünün təsirini artırır, mən güclüyəm, səni əzərəm mesajları verir.

 

Hala uyğun məcazlar seçir. Ocaq üstündəki qazanda qaynayan suyu örnək göstərir. O su çox qaynasa, çoşsa, qazandan daşar, atəşin üzərinə tökülər, yanar, su atəşi də, özünü də yox edər. Sən atəş üzərində olan qazandakı su kimisən, yəni gəncsən, enerjin, hakimiyyət ehtirasın aşıb-daşır. Çox coşma, gücünə, orduna arxayın olma.

 

Əgər (beytdə şahın nitqində iki "əgər" ("ər" biçimində) şərt bağlayıcısı var, şərt qoymaq güc əlamətidir) coşsan (qaynasan), alovlu (çox isti) atəşin üzərinə töküləcəksən. Yəni ürəyi atana, sənə kin və nifrət atəşi ilə alovlanmış İran xalqı, ordusu ilə qarşılaşacaq, yox olacaqsan. Bu savaşdan qalib çıxmaq imkanın yoxdur.

 

İran şahı ikinci misrada qeyri-mümkünlüyü ifadə edir, bədii təzada yer verir (isti-soyuq). Yenə "əgər" deyir, şərt qoyur, əgər səy göstərsən, yəni bizimlə savaşsan, bu soyuq dəmiri döymək anlamına gələcək, hədəfin gerçəkləşməyəcək, məğlub olacaqsan. Barışdan özgə çıxış yolun yoxdur.

 

QIRX DÖRDÜNCÜ BEYTİN

 

ŞƏRHİ: SƏPƏ BİLƏRƏM

 

Mən isə gizli xəzinələrdən,

 

Ehtiyac olan vaxt qızıl səpə bilərəm.

 

İran şahı təhdiddən, mən güclüyəm mesajından sonra məktubunun yeni mərhələsinə keçir. Bəhrama vəd, təminat (güvəncə), ümid verir. Bu vasitələri seçir: birincisi, "mən özüm" ("mən xod") deyir, yəni sənə vəd verirəm, bu, mənim, yəni İran şahının sözüdür, mütləq yerinə yetiriləcək.

 

İkincisi, vədini açıqlayır, "xəzinə" sözünü seçir, cəmdə işlədir ("xəzinələr") çoxluğu ifadə edir, yəni istədiyin qədər.

 

Üçüncüsü, "gizli xəzinə" deyir, yəni İranın ancaq şahın bildiyi gizli xəzinələri var, onlar mənim əlimdədir.

 

Dördüncüsü, "ehtiyacın olan vaxt" ("vəqte hacət"), yəni nə vaxt istəsən o zaman, bu, sənin ehtiyacına bağlıdır.

 

Beşincisi, şah məhz "zər" ("qızıl") sözünü seçir, mal, pul, gümüş sözlərindən imtina edir.

 

Altıncısı, "əfşani" sözünə yer verir ("səpmək", "saçmaq"), qızıl səpərəm deyir, çoxluğu ifadə edir, yəni istədiyin vaxt, istədiyin qədər gizli xəzinələrdən qızıl səpərəm, yetər ki iddiandan əl çək.

 

 

QIRX BEŞİNCİ BEYTİN ŞƏRHİ: ÖDƏYƏRƏM

 

Sənin güzəranın üçün nə qədər lazım olsa,

 

O xərci sənin üçün ödəyərəm.

 

İran şahı hakimiyyət iddiasından bir müddət (həmişəlik deyil) əl çəkmək qarşılığında Bəhrama var-dövlət vəd edir. "Bərq" sözünü seçir, bu sözün "silah", "ləvazimat", "məqsəd", "qayğı", "ehtiyac", "dolanışıq" anlamları var. Sənin ehtiyacın üçün nə qədər lazımdırsa, yəni sən istədiyini de (mən konkret miqdar demirəm, sən nə qədər istəyirsənsə, o qədər deyirəm).

 

Mən (bu, şah sözüdür) o xərci sənin üçün ödəyərəm (orijinalda "sudmənd" sözü var, "faydalı", "gəlirli", "xeyirli" mənalarını daşıyır).

 

İran şahının nitqində iki "sən" ("tora" və "to" biçimində) əvəzliyi var. Bu əvəzliklər Bəhrama verilən dəyəri ifadə edir, yəni ehtiyacını söylə, qızılın ödənəcəyi vaxtı sən bildir, ey Bəhram, mən (İran şahı) ancaq ödəyiciyəm, dediklərini yerinə yetirəcəyimə söz verirəm (gizli xəzinələrdən ehtiyacın qədər qızıl verəcəyəm), yetər ki istə, İranın xəzinələri sənindir.

 

 

QIRX ALTINCI BEYTİN ŞƏRHİ: NÖQSAN ÜZ VERSİN

 

Qoymaram ki, heç bir tədbirlə,

 

Səni təchiz etməkdə nöqsan üz versin.

 

İran şahı vədlərinin yerinə yetiriləcəyinə təminat verir, bu vasitələri seçir: Bəhramı yola gətirmək üçün geri çəkilir, söz verir, üzərinə öhdəlik götürür, mən İran şahı olaraq vəd edirəm deyir (o, sözlərində səmimidir, Bəhramı aldatmır, keçici olaraq hakimiyyət iddiasından əl çəkməsini istəyir, savaşdan imtinaya çağırır, ona İranın gələcək şahı kimi baxır).

 

"Qoymaram", yəni əsla imkan vermərəm deyir (bu qəlib təminat əlamətidir), "heç" ("hiç") sözündən iki kərə istifadə edir (birinci, ikinci misrada), heç bir istisnaya yer qoymur, yəni bu əsla mümkün deyil ki, hər hansı bir tədbirlə (indi sənə söz verək, sonra bir oyun quraraq vədimizdən imtina edək) vədimizdən geri çəkilək, sözümüz sözdür.

 

Beytdə "kəfaf" sözü var, "lazımi, kifayət qədər", "kafi miqdarda", "ehtiyac olan qədər" anlamlarını daşıyır. Yəni sənə ehtiyacın qədər sərvətin ödənilməsinin hər hansı bir tədbirlə (oyunla) pozulmasına əsla imkan vermərəm (bu işdə nöqsan olmayacaq).

 

 

QIRX YEDDİNCİ BEYTİN ŞƏRHİ: İTAƏT EDƏRƏM

 

Şahlıqda sənin naibin olaram,

 

Nə buyruq etsən, ona qul kimi itaət edərəm.

 

İran şahı Bəhrama vədlərini sıralayır, son nöqtəni qoyur, ən önəmli vədini verir: yenə "sən" əvəzliyindən istifadə edir, onun nitqində (vədlər sıralandığı zaman) beş "sən" əvəzliyi var, bu, şahın Bəhrama verdiyi dəyəri göstərir, Bəhramı əmr verən mövqeyinə yerləşdirir (sən əmr et, mən yerinə yetirim).

 

Bəhramın hakimiyyət (şahlıq) haqqını tanıyır, bu haqqı ilk dəfə açıq biçimdə ifadə edir: "şahlıqda" ("dər şahi") deyir, Bəhramın gələcək şahlığını nəzərdə tutur, ona güclü ümid verir (tələsmə, təcrübə topla, bir az gözlə, bizimlə savaşma, qan tökmə, sən onsuz da İranın şahı olacaqsan).

 

Bəhramın özünü İranın şahı kimi hiss etməsinə yol açan sözlər seçir (biri "şahlıq" sözü idi), özünü ikinci plana keçirir, bu gün İranın şahı olan mən o zaman - sən İranın şahı olanda naibin olaram. "Naib" ("nayeb") sözü "yardımçı", "köməkçi", "müavin" mənalarını daşıyır.

 

"Bəndə" ("qul", "kölə", "təbəə") qəlibinə yer verir, söz verirəm (söz vermək itaət əlamətidir), sən İranın şahı olanda qulun olacağam. "Fərman" sözünü nitqinə yerləşdirir, bu, şaha, şahlığa aid anlayışdır. Sənin sözlərini qul kimi yerinə yetirəcəyəm demir, fərmanının köləsi olacağam deyir. "Fərman" sözü Bəhrama şahlıq duyğusu yaşadan, onun özünü şah kimi hiss etməsinə yol açan çox güclü bir sözdür.

 

"Hər nə" ("hər çe") sözündən istifadə edir, istisnaya yer qoymur, yəni kölənin (bəndənin) seçim haqqı yoxdur, o, ağasının bütün əməllərini yerinə yetirər, mən də sənin kölənəm, fərmanlarını sevə-sevə yerinə yetirəcəyəm.

 

İstədiyin hər şeyi deyir, etiraz haqqından imtina edir, şah sənsən, fərman sənindir, mənim vəzifəm sənə itaətdir.

 

İran şahı "naib", "sən", "şahlıq", "bəndə" ("kölə"), "hər nə", "istədiyin", "fərman" sözləri ilə Bəhrama şahlıq duyğusunu (ona İranın gələcək şahısan təminatı verilməsə, əsla savaşdan əl çəkməz) doya-doya yaşadır.

 

 

QIRX SƏKKİZİNCİ BEYTİN

 

ŞƏRHİ: SƏNİNDİR

 

Xalq məndən doyandan sonra,

 

Hökmdarlıq qılıncsız da sənindir.

 

Bu, İran şahının məktubunun son sözləridir. O, son mesajını da Bəhramın hakimiyyət haqqını tanımaqla bitirir, ona şah sözü verir. Savaşın olmasını əsla istəmir, bunun Bəhramın şahlıq haqqını tanımaqla mümkün olacağına inanır, seçdiyi sözlər də bu inanca uyğundur.

 

Bütün vasitələr Bəhram İranın gələcək şahıdır anlamının ifadəsinə yönəlib: "çün" ("elə ki", "o zaman ki"), bu qəlib mətnə zaman anlamı yükləyir, çox qısa zamanı ifadə edir. İran şahı Bəhrama dəqiq bu vaxt hakimiyyətə gələcəksən demir (bu, mülkün deyil, ölkədə sabitliyin təmin edilməsi, Yəzdigürdün zülmünün izlərinin silinməsi üçün zamana ehtiyac var, Bəhramın gəlişi üçün ictimai rəy hazırlanmalıdır).

 

Ancaq qeyri-müəyyən vaxtla Bəhramı rahatsız etmək də istəmir, ona görə də ən qısa zaman dilimini seçir. Vaxtın qısalığına (tezliklə hakimiyyətə gələcəksən) işarə edən bir bədii vasitə də var: "xalq (önəmli olan xalqdır) məndən də ("niz"), ("də" bağlayıcısı mesaj verir: xalq gec-tez bütün şahlardan doyur, məndən də doyacaq, bu doyma vaxtı çox da uzun çəkmir) doyan kimi (vaxt)...

 

Şah vaxtın qısalığını ifadə etmək üçün (ən önəmli məsələ budur, vaxt uzansa, Bəhram bizimlə savaşar) yemək anlayışı üzərindən danışır, bir adamın doyması nə qədər uzun vaxtdır ki? Onsuz da mən qocayam, ölkənin sıxıntıları da çoxdur, xalq məndən tez doyacaq.

 

İran şahı "velayət" / "vəlayət" sözünü seçir, yəni şahlıq sənin haqqındır, İranda monarxiya sistemidir, ata öləndən sonra hakimiyyət oğula keçir. Mən bunu bilir, qəbul edirəm.

 

Diqqət edin, İran şahı şahlıq, hakimiyyət sənindir demir, hakimiyyətin qaynağına, hüquqi əsasına işarə edən söz seçir. Yəni, ey Bəhram, İranda səndən başqa kimsənin şah olmaq haqqı yoxdur (tərcümədə "velayət" / "vəlayət" sözü "hökmdarlıq" kimi verilib, bu, dəqiq qarşılıq deyil).

 

Üstəlik, mətndə bu anlamı gücləndirən bir qəlib də var: "xod" ("öz", "özü", "vəlayətin özü"), yəni şahlıq haqqının səndən başqasına aid olmaq imkanı, hüquqi əsası yoxdur.

 

Bu anlamı gücləndirən bir vasitə də var. Belə ki şah nitqində "sən" əvəzliyini "sənin" biçimində, yiyəlik halda işlədir, yiyəlik halda olan söz mənsubiyyət şəkilçili söz tələb edir, yəni hakimiyyət haqqı ("vəlayət") ancaq və ancaq sənə mənsubdur, ey Bəhram!

 

İran şahı məktubunu savaşın olmaması təmənnası ilə bitirir, "bişəmşir" ("qılıncsız") deyir, bir az gözləsən, səbirli olsan, vəlayət qılıncsız (savaşsız, qan tökmədən) da sənin olacaq.

 

Bu ümid dolu sözlər Bəhrama deyir ki, hər şey - hakimiyyət, var-dövlət sənin olsun (olacaq), bircə qan tökmə, savaş yolunu deyil, barış yolunu seç!

 

 

NƏTİCƏ

 

 

"Yeddi gözəl" məsnəvisinin "İran padşahının Bəhram Gura məktubu" adlı bölməsi qırx səkkiz beytdir. Bu məktub bir klassik diplomatik, siyasi sənəd (məktub) örnəyidir, şah əsərdir. İran şahının məqsədi hakimiyyəti savaş yolu ilə ələ keçirmək istəyən Bəhramı bu işdən çəkindirməkdir. O, Bəhramı savaşdan imtinaya yönəltmək üçün bu vasitələrdən istifadə edir:

 

- savaşı deyil, barışı seçir;

 

- diplomatik vasitələri işə salır;

 

- məktub yazır;

 

- elçilər göndərir, nümayəndə heyətinin tərkibində yaşlı, müdrik siyasətçilər, din xadimləri, diplomatlar var;

 

- məktubunu bölmələrə ayırır;

 

- sözə uca Allahın adı ilə başlayır;

 

- Bəhramın uca Allah təsəvvürünü inşa edir;

 

Uca Allahı tanıdır, bu yolla aşağıdakı məqsədlərini gerçəkləşdirməyə çalışır:

 

- Bəhramın din duyğusunu hərəkətə keçirir. Biz eyni dinin daşıyıcılarıyıq, bizə savaşmaq yaraşmaz;

 

- uca Allah mərhəmətlidir, O, mərhəmətliləri sevər, sən Ona inanırsansa, mərhəmətli ol, qan tökmə;

 

- uca Allah savaşı deyil, barışı sevər, sən də barışa yönəl;

 

- hər şeyin sahibi uca Allahdır, Onun buyruqlarını yerinə yetir;

 

- mülkün gerçək sahibi Odur, təkəbbürlü olma, mülk mənimdir demə;

 

- sənin deyil, uca Allahın istədiyi olacaq;

 

- itaət ancaq uca Allahadır, insanları zorla (savaşla) özünə itaətə məcbur etmə;

 

- uca Allah səxavətlidir, sən də səxavətli ol;

 

- O, ehtiyacsızdır, sən ehtiyaclısan. Möhtac olanın vəzifəsi heç bir şeyə möhtac olmayana tabe olmaqdır;

 

- yaradan Odur, sən yaradılansan, yəni acizsən, məğlubedilməz olduğunu düşünmə;

 

İran şahı Bəhramın uca Allah təsəvvürünü inşa edərkən Onun bu adlarına (əsma-i hüsna, gözəl adlar) yer verir:

 

- Allah (Xuda) - qulluq edilməyə layiq tək ilah;

 

-ər-Rəhman - rəhməti sonsuz, rəhmətin qaynağı;

 

- ər-Rəhim - hər an mərhəmət edən, çox mərhəmətli;

 

- ər-Rauf - çox şəfqətli;

 

- əl-Hadi - hidayətin qaynağı, hidayət verən;

 

- əl-Xaliq - mütləq yaradıcı;

 

- əl-Xəllaq - hər an yaradan;

 

- əl-Bədii - yoxdan var edən;

 

- əl-Kərim - kərəmi çox olan, səxavətinin sınırı olmayan;

 

- zül-Cəlali-vəl-İkram - əzəmət, səxavət sahibi;

 

- ər-Rəzzaq - hər çeşid ruzini daim verən;

 

- əs-Səməd - heç bir ehtiyacı olmayan, bütün ehtiyacları təmin edən;

 

-əl-İlah - uluhiyyətin qaynağı, itaətə layiq tək məbud;

 

-əl-Malik - varlığın mütləq hakimi, mülkündə ortağı olmayan, bənzərsiz idarəçi;

 

- əl-Hakim - hikmətlə hökm edən, hər hökmü doğru olan;

 

İran şahı Bəhramın uca Allah təsəvvürünü inşa etmək üçün iki yol seçir:

 

- uca Allahın mübarək adlarına yer verir;

 

- uca Allahın yaratdıqlarını tanıdır (göy, yer, insan, canlı, cansız, heyvan, dağ - bir sözlə, hər şey);

 

- varlığı iki yerə ayırır: birincisi, yaradan, O, uca Allahdır (bir tək Odur), vacibul-vücuddur, yaradılmamışdır, varlığı özündəndir, ehtiyacsızdır, təkdir, əbədidir (ölümsüzdür);

 

- ikincisi, yaradılanlar - onlar çoxdurlar, yaradılmışlar, ehtiyaclıdırlar, fanidirlər (ölümlüdürlər);

 

- Bəhrama verilən mesaj budur: sən Allah deyilsən, həddini bil, Onun sevmədiyi bir addımı atma, bizimlə savaşma, mərhəmətli ol;

 

Nizami uca Allahın mübarək adlarının farsca bu qarşılıqlarına yer vermişdir:

 

-Xuda (bu, əl-İlah adının qarşılığıdır, uca Allah adının deyil);

 

- Kerdeqar - yaradıcı, idarəçi;

 

-Xudavənd;

 

-Afəridqar - yaradıcı;

 

İran şahı Bəhramın uca Allah təsəvvürünü inşa etdikdən sonra məktubun ikinci hissəsinə keçir. Bəhramı savaşdan çəkindirmək üçün yeni yol seçir:

 

- onu tərifləyir;

 

- salam verir, salam barış deməkdir;

 

- Bəhramın hakimiyyət haqqını tanıyır;

 

- sən bu gün şahzadə, sabah (gələcəkdə) şahsan;

 

- başın ucadır;

 

- şahlığa layiqsən;

 

- şah oğlusan, ədalətlisən;

 

- mərdsən;

 

- mərdliyə dəyər verənsən;

 

- İran şahı Bəhramın adını çəkmir, yuxarıda saydığımız əlamətlərini xitab biçimində adı kimi işlədir (məsələn, "ey ədalətli olan");

 

- nidalı xitab Bəhrama verilən dəyəri ifadə edir;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubun üçüncü hissəsinə keçir. Özünü tanıdır. Mən güclüyəm mesajı verir. Bu vasitələri seçir:

 

- mən əsl Kəsra adını daşıyıram, həqiqi şaham;

 

- kimsə mənə zərər verə bilməz;

 

- hünərliyəm;

 

- işimin ustasıyam;

 

- təcrübəliyəm;

 

- beynəlxalq rəy mənim xeyrimədir;

 

- uca Allah mənim yolumu açmış, şah olmağımı istəmişdir;

 

- hünəri (gücü, cəsarəti, ağlı) olmayan taxt və taca qovuşa bilməz;

 

- şahlıq mənim əlimdədir;

 

- yer üzünün sahibiyəm (o dövrdə İran iki imperatorluqdan biri idi);

 

- xalq mənim arxamdadır;

 

- pərilərin də başçısıyam;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun dördüncü hissəsinə keçir. Şahlığın mənfi yönlərini anladır. Bu vasitələri seçir:

 

- yuxarıda saydığım imkanlara sahib olmağıma baxmayaraq, şahlıqdan məmnun deyiləm;

 

- hakimiyyət öldürücü zəhərə qatılmış baldır;

 

- mən hakimiyyətdən öncə də bacarıqlı, güclü, imkanlı insan idim;

 

- öncəki halım daha gözəl idi;

 

- uca rütbə təhlükədən uzaq deyil;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun beşinci hissəsinə keçir. İstəmədiyi halda niyə şahlığa razı olduğunu açıqlayır. Bəhramın hakimiyyət bu qədər mənfi bir şeysə, niyə şah oldun sualına cavab verir. Bu vasitələri seçir:

 

- iranlılar (onların təmsilçiləri) məni məcbur etdilər;

 

- məni utandırdılar;

 

- dilə tutdular;

 

- yumşaltdılar;

 

- ölkəni dağılmaqdan xilas etməyimi istədilər;

 

- mən şah deyiləm, qoruyucuyam;

 

- nəfsimə məğlub oldum;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun altıncı hissəsinə keçir. Bəhramın halını təsvir edir, özü ilə onun arasında müqayisəyə yol açır. Bu vasitələrə yer verir:

 

- sən şahlığın çətinliklərindən xəbərsizsən;

 

- təcrübən yoxdur;

 

- başqa bir aləmdə yaşayırsan;

 

- gurların şahısan, gur ovlamaqdan başqa işin yoxdur;

 

- çayın zümzüməsini dinləyərək şərab içirsən;

 

- ov, şərab mavi çərxin altında olan hər şeydən yaxşıdır;

 

- sənin dünyan qayğısız və xoşdur;

 

- ölkə dərdi çəkmirsən;

 

- dörd işin var: ov, şərab, yemək (kef məclisləri), şirin yuxu;

 

- xalq üçün ürəyin ağrımır;

 

- mən dostların (xalqın) sıxıntılarını həll edirəm;

 

- düşmənlərin qorxusu ilə yaşayıram;

 

- dərdlərimin ən kiçiyi səninlə savaşmaq fikridir (o birilərini sən düşün);

 

- eyş-işrət içindəsən;

 

- hakimiyyət fitnələrindən uzaqsan;

 

- kaş sənin peşən mənim ola idi;

 

- bircə gün də olsa, asudə (azad, qayğısız) yaşamaq istərdim;

 

- canımı çay zümzüməsi, şərabla bəsləyərdim (yəni, ey Bəhram, bu gözəl həyatını tərk edib hakimiyyət üçün bizimlə savaşma);

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun yeddinci bölməsini yazır. O, Bəhramın hakimiyyət haqqını tanıyır, yəni İranda monarxiya sistemi var, hakimiyyət atandan sonra sənə keçməlidir (tək varis Bəhramdır). Mən bu həqiqəti bilir, qəbul edirəm. Bu, məktubun ən önəmli hissəsidir, çünki Bəhramın hakimiyyət haqqı tanınmasa, savaş qaçılmaz olar. Şah bu vasitələri seçir:

 

- ümid verir;

 

- şahlıq işindən çox da uzaq deyilsən;

 

- din (İran hakimiyyət sistemində din önəmli yer tutur), dövlət işindən xəbərdarsan;

 

- ölkənin varisi sənsən;

 

- İran mülkü sənə miras qalmışdır;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun səkkizinci hissəsinə keçir. Tələsmə, səbirli ol, çünki İran xalqının rəyi (ictimai fikir) sənə qarşıdır mesajlarını verir. Bunun səbəblərini açıqlayır:

 

- öncə tərifləyir, sonra tənqid edir (bu ardıcıllıq önəmlidir);

 

- Yəzdigürdün adını bir kərə də olsa, çəkmir (bu yolla ona nifrətini bildirir);

 

- atan deyir, o, xam (naşı) idi, hakimiyyət işlərini bilmirdi;

 

- onun zülmü nəticəsində hakimiyyət səndən uzaqlaşdı, yolunu kəsən biz deyilik, atandır;

 

- xalqı qorxu içində saxladı, insanların haqlarını yedi, işgəncə verdi, həbs etdi, öldürdü;

 

- elə şərait yaratdı ki, həqiqəti danışmaq mümkün olmadı;

 

-insanların şikayət etməyə cürəti qalmadı;

 

- xalq onun zülmündən dəhşətə gəldi;

 

- xalq ona zalım, cinayətkar adını qoydu, əsl adını unutdu;

 

- qan tökdü, sərt oldu, mərhəmətdən uzaqlaşdı;

 

- ona görə də İran xalqı onun toxumunu (Bəhramı) bu torpaqda (İranda) əkmək istəmir;

 

- kimsə səni sevmir;

 

- xalqın dəstəyindən məhrumsan;

 

- yaxşısı budur ki, indilik şahlıq iddiandan əl çəkəsən;

 

- səbirli ol, təcrübə topla, ictimai fikrin dəyişməsini gözlə, bizimlə savaşma, sənə düşmən olan bir xalqı idarə edə bilməzsən;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun doqquzuncu bölməsinə keçir. Bəhramı təhdid edir. Bu vasitələri seçir:

 

- sənə nəsihət verir, bizimlə savaşma deyirəm, bu o demək deyil ki, biz acizik, gücümüz yoxdur;

 

- şah sözünün (təhdidinin) təsirini artırmaq üçün bədii danışır;

 

- coşma (qaynama), özündən çıxma, yoxsa qızğın atəşlə qarşılaşacaqsan, İran ordusu səni əzəcək;

 

- savaşa cəhd etsən, soyuq dəmiri döymüş olacaqsan, hədəfin gerçəkləşməyəcək;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün məktubunun onuncu hissəsinə keçir. Bəhrama vəd, təminat verir: savaşdan əl çəksən:

 

- gizli xəzinələrdən istədiyin vaxt, istədiyin qədər sərvət verərəm;

 

- başına qızıl səpərəm;

 

- bütün xərclərini ödəyərəm;

 

- kimsə bu vədlərin gerçəkləşməsinə mane ola bilməz;

 

- bu işə özüm nəzarət edəcəyəm;

 

İran şahı Bəhramı savaşdan çəkindirmək üçün ona ümid verir, itaətini bildirir. Bu vasitələri seçir:

 

- ümid vermək üçün Bəhramın hakimiyyət haqqını tanıyır;

 

- şahlıq sənindir, sənin haqqındır;

 

- səndən başqa kimsənin İranda hakimiyyət haqqı yoxdur (bu, monarxiyanın tələbidir);

 

- şah olanda sənin naibin olacağam;

 

- bütün fərmanlarını qul kimi yerinə yetirəcəyəm;

 

- Bəhrama şahlıq duyğuları yaşadacaq sözlər seçir: şah, şahlıq, fərman, naib, itaət, qul (kölə);

 

- İranda şah olmağın qısa (vaxtın qısalığı çox önəmlidir) müddətdə gerçəkləşəcək;

 

- mən qocayam, İranın sıxıntıları çoxdur, xalq məndən doyacaq, sən də hakimiyyətə gələcəksən;

 

- şah bu hakimiyyət dəyişiminin qansız gerçəkləşməsini istəyir. Ona görə də məktubunun son sözü olaraq "qılıncsız" ("bişəmşir") qəlibini seçir;

 

İran şahının Bəhramı savaşdan çəkindirmək üçün seçdiyi diplomatik vasitələr bunlardır:

 

- məktub yazmaq;

 

- elçi göndərmək;

 

- məktuba uca Allahın adı ilə başlamaq;

 

- uca Allahı tanıtmaq;

 

- Bəhrama salam vermək;

 

- tərifləmək;

 

- özünü (İran şahını) tanıtmaq;

 

- mən güclüyəm mesajı vermək;

 

- uca Allah məni seçib mesajı vermək;

 

- hakimiyyətin çox çətin iş olduğunu, onun mənfi yönlərini açıqlamaq;

 

- istəmədiyi halda şah olmasının səbəblərini göstərmək;

 

- bir şah kimi sıxıntılarını izah etmək;

 

- Bəhramın halını tanıtmaq;

 

- iki hal arasında müqayisə imkanı yaratmaq;

 

- Bəhramın hakimiyyət haqqını tanımaq;

 

- Bəhramın atasının zülmlərini saymaq;

 

- xalqın rəyinin həlledici olduğunu vurğulamaq;

 

- öncə tərif, sonra tənqid sıralamasını seçmək;

 

- beynəlxalq vəziyyəti xatırlatmaq;

 

- səmimi olmaq;

 

- nəsihət vermək;

 

- təhdid etmək (qorxutmaq);

 

- vəd vermək;

 

- xəzinə vədində bulunmaq;

 

- təminat vermək;

 

-ümid aşılamaq (sən İranın gələcək şahısan);

 

- Bəhramı İranın şahı kimi hiss etdirəcək sözlər seçmək;

 

- itaətini bəyan etmək;

 

- bədii dilin imkanlarından yararlanmaq (bədii təzad çoxdur, o, gerçəyi qavramağa yardım edir);

 

- bədii sözün gücü ilə Bəhrama təsir etmək;

 

- hikmətli sözlər seçmək;

 

Məktubun mətnində hikmət daşıyan üç önəmli cümlə (misra) var. Üçü də hədəfə uyğundur - Bəhramı savaşdan çəkindirmək üçün seçilmişdir (Nizamiyə aiddir):

 

- "şahlıq öldürücü zəhər qatılmış baldır";

 

- "uca rütbə təhlükədən uzaq deyil";

 

- "adamın arzusu (nəfsi) düşməni, aləm dostudur" (bu, Nizamiyə aid deyil, məsəldir, belə olduğunu şair özü qeyd edir);

 

Məktubun mətnində bu frazeoloji birləşmələrə yer verilmişdir:

 

- "dəm vurmaq";

 

- "düyün açmaq";

 

- "ulduzu cavan olmaq" ("bəxti gətirmək");

 

- "fikir çəkmək";

 

- "dəhşətə gəlmək";

 

- "əl çəkmək";

 

- "soyuq dəmiri döymək" ("nəticəsi olmayan bir işlə məşğul olmaq");

 

Məktubun mətnində mesajı bütün incəliyi ilə açıqlayan məcazlar var. Bir örnək: şah Bəhramı qorxutmaq üçün yazır: "Coşma, yoxsa qızğın odla qarşılaşarsan". O, Bəhramı ocağın üzərindəki qazada qaynayan suya bənzədir. Coşma (çox qaynama, gəncsən, təcrübəsizsən), qazanın içindəki su çox qaynasa, qazandan daşar, alovun üstünə tökülər, nəticədə, ocağı söndürər, özü də həlak olar. Bizimlə savaşsan, sonun o su kimi olacaq;

 

Nizami çətiri hakimiyyət rəmzi kimi tanıtmışdır. Belə ki İslamdan öncə də, sonra da (məsələn, Səlcuqlularda) şah döyüşə, ya da səfərə gedəndə atın üstündə olarkən başı üzərində çətir açılırdı. Bu, şahlara aid özəllik idi;

 

İran şahı məktubunda bu ərəbcə tərkibə yer vermişdir: "malik əl-mulk" ("mülkün sahibi");

 

Məktubda sırası ilə bu açar sözlər seçilmişdir (sənəddə siyasətə, diplomatiyaya, dinə, bədii dilə aid daşıyıcılar var): məktub, padşah, İran, Bəhram Gur, ad, Xuda, azğın, fəzl, Yaradan, göy, yer, yoxluq, varlıq, Adəm, heyvan, sepehr, dağ, neqarxana (rəssamlıq emalatxanası), cud (səxavətin ali biçimi), qüdrət, vücud, nəqş, təmənna, Xudavənd, yaradılış, itaət, düyün, möhür, zəmin (məkan), zaman, hökm, alqış, Yaradıcı, Kerdeqar (yaradıcı), Afəridqar (yaradıcı), salam, şah, şahzadə, çərx, mavi, baş, məlik, məlikzadə, ədalət, mərdlik, insanlıq, kəsra (şah), düşmənlik, hünərmənd, cahan, göz, bəxt, taxt, tac, sərir (taxt), həqir, sahib, vilayət, başqan, pəri, xosrovluq, bal, zəhər, ulduz, cavan, zənginlik, rütbə, iranlılar, incəlik, nəvaziş, bədən, tac, qah (taxt), mülk, əfsanə, arzu, düşmən, aləm, dost, kiyai (şahlıq), gur, min, core (qurtum), badə, çay, züm-zümə, şikar, səda, zəmanə, iş, dünya, qəm, gecə, şəbgir (gecə məclisi), ov, şərab, yemək, yuxu, şadlıq, gündüz, xalq, əzab/işgəncə, peşə, fikir, möhnət, tiğ (qılınc), kolah (tac), soyuq, can, eyş, fitnə, peşə, asudə, ləhv (işrət), mey, rud (çay), şahlıq, din, dövlət, varis, məmləkət, mülk, miras, padşahlıq, xamlıq, ata, kölgə, çətir, baş, rəiyyət, şikayət, cinayət, təqsir, günah, əcəb, cinayətkar, cövr, qan, tündlük, acılıq, toxum, torpaq, alqış, rütbə, atəş, dəmir, xəzinə, hacət, xərc, faydalı, qayğı (ehtiyac), tədbir (oyun), təqsir, naib, bəndə, fərman, xalq, vəlayət, şəmşir;

 

İKİNCİ MƏKTUBUN ŞƏRHİ:

 

"BƏHRAMIN İRANLILARA

 

CAVABI"

 

BÖLMƏSİNİN ŞƏRHİ

 

GİRİŞ

 

 

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın iranlılara cavabı" adlı bölməsi yüz iyirmi yeddi beytdir (bizim istifadə etdiyimiz orijinal nüsxədə yüz iyirmi altı beytdir). Məsnəvinin süjet xəttini bu mərhələlərə ayırmaq olar:

 

Birinci mərhələ - Bəhramın cavab məktubunun başlığı belədir: "Bəhramın iranlılara cavabı" / "Bəhramın iranlılara cavab verməsi". Məktubun başlığında "İran şahına" ifadəsi yoxdur. Çünki Bəhram İran şahını şah kimi tanımır, ona görə də məktubu iranlılara yazır.

 

İkinci mərhələ - İran şahının yazdığı məktubun Bəhrama təsiri ifadə olunur, o, "alov püskürür", sonra özünü ələ alır, düşünür, cavab verir.

 

Üçüncü mərhələ - katibi (məktubu yazanı) bəyənmir, ancaq məktubu yazdıranın doğru fikirlərini qəbul etdiyini söyləyir.

 

Dördüncü mərhələ - şahlığın ona miras qaldığını, haqqı olduğunu təkidlə vurğulayır, bu haqqı geri qaytaracağını ifadə edir.

 

Beşinci mərhələ - məktubda atası ilə bağlı deyilmiş tənqidlərə cavab verir. Onların doğruluğunu dolayı yolla qəbul edir. Atasından fərqli olduğunu söyləyir. Atasının ardınca danışmağı doğru saymır.

 

Altıncı mərhələ - deyir ki, mən artıq qəflət yuxusundan oyanmışam, qarşınızda yeni bir Bəhram var.

 

Yeddinci mərhələ - İran xalqına söz verir, ədalətin bərqərar olması üçün atacağı addımları sıralayır.

 

Səkkizinci mərhələ - İran nümayəndə heyətinin tərkibində olan qoca din xadimi Bəhramı şah kimi tanıdığını söyləyir, şahlar nəslindən olduğunu ifadə edir, yəni hakimiyyət sənin haqqındır.

 

Doqquzuncu mərhələ - o din xadimi Bəhrama deyir ki, biz İran şahına söz vermişik, onu şah kimi tanımışıq, əhdimizi pozmaq üçün bizə dəlil lazımdır.

 

Onuncu mərhələ - Bəhram hakimiyyət haqqını dilə gətirir, nəslinə aid şahların adlarını çəkir, İran şahını alçaldır.

 

On birinci mərhələ - Bəhram çıxış yolu göstərir. Kim iki şirin arasından tacı götürsə, şah odur.

 

On ikinci mərhələ - Bəhram məktubunu möhürləyib elçilərə verir.

 

On üçüncü mərhələ - elçilər Bəhramın ağlına heyran olur, əsl şahın Bəhram olduğunu söyləyirlər.

 

On dördüncü mərhələ - elçilər Bəhramın mesajlarını olduğu kimi İran şahına çatdırırlar.

 

On beşinci mərhələ - İran şahı hakimiyyətdən imtina edir, tacını çıxarır, deyir ki, iki şirin arasında ölmək istəmirəm.

 

On altıncı mərhələ - şahın ətrafındakılar onunla razılaşmırlar. Deyirlər ki, Bəhramın şərtini qəbul edək. Üç hal var: Bəhram qorxarsa (iki şir arasından tacı götürmək istəməzsə), hakimiyyət sənindir, şirlərlə savaşıb öldürülərsə, şahlıq sənə qalar, əgər şirlərə qalib gələrsə, hakimiyyət onun olar (biz bu sonuncu ehtimalın olmasını istəmirik);

 

On yeddinci mərhələ - Bəhramın şərti qəbul olunur.

 

 

BİRİNCİ BEYTİN ŞƏRHİ:

 

ALOV PÜSKÜRDÜ

 

Məktubu oxuyan onu tamam oxuyandan sonra,

 

Bəhramın (vücudundan) alov püskürdü.

 

İlk diplomatik addım məktubun başlığı ilə atılır. Belə ki cavab məktubunun başlığında "İran şahı" ifadəsi yoxdur, məktub iranlılara yazılmışdır. Bəhram məktubunda hücum, təhdid üslubu seçir, yəni sən şah deyilsən, hakimiyyət haqqın yoxdur, şahlıq haqqımdan əsla əl çəkməyəcək, onu geri alacağam.

 

Nizami ilk beytdə İran şahının məktubunun Bəhrama təsirini ifadə edir. Bəhram məktubda yazılanları sonadək səbirlə dinləyir, müdaxilə etmir. O, bu yolla İran şahının niyyətini anlamağa çalışır. Onun nitqində İran şahına, elçilərə təşəkkür ifadə edən heç bir işarə yoxdur, məktuba əlini belə vurmur, oxutdurur, qulaq asır.

 

Şair məktubun Bəhrama təsirini ifadə etmək üçün mübaliğəyə yer verir, "atəş", "cuş" ("qaynama", "püskürmə") sözlərini seçir, Bəhram atəş püskürdü, coşdu, qaynadı. Niyə? Çünki məktubda atası "cani", "qaniçən", "zalım" adlandırılmış, adı belə çəkilməmiş, Bəhramın qüruruna toxunulmuş (sən gurların şahısan, ov, şərabdan başqa işin yoxdur), Bəhram təhdid edilmiş, ona sərvət vəd olunmuş, hakimiyyət haqqının gecikdirilməsi istənmiş, İran şahı özünü həqiqi şah kimi tanıtmışdı...

 

Məktub oxunandan sonra təşəkkür yox, qəzəb var.

 

 

İKİNCİ BEYTİN ŞƏRHİ:

 

ÖZÜNÜ ƏLƏ ALDI

 

Ancaq o yenə yüz bacarıq və

 

Zirəkliklə özünü toxdadıb...

 

Nizami Bəhramın ağıl, iradə gücünü ifadə edir, bu vasitələri seçir: "baz" ("yenidən", "təzədən", "bir daha", "buna baxmayaraq", "hər halda"), yəni İran şahının məktubunun təsiri ilə alov püskürməsinə baxmayaraq... O, qəzəb alovunu içində tutur, bu, bir iradə göstəricisidir. Qəzəbini göstərmir, elçiləri söymür, qovmur, məktubu cırmır, məktub sahibini tənqid etmir, ayağa qalxmır, səsinin tonunu dəyişmir, əllərini ovuşdurmur, üz ifadələrini dəyişmir, içindəki qəzəbi boğur, yenidən ("baz") öncəki halına qayıdır.

 

Şair mübaliğəyə yer verir, "yüz bacarıq" deyir, qəzəbi çox idi, ancaq yüz dənə özünü sakitləşdirmək metodundan istifadə edərək təmkinini qorudu, qəzəbinin ağlını məğlub etməsinə imkan vermədi. O metodlardan biri budur: qəzəbinin əsirinə çevrilməyin zəiflik əlaməti olduğunu qavradı, düşmənin Bəhram zəifdir hökmünü verməsini istəmədi...

 

Mətndə Bəhramın ağıllı, iradəli, cəsur olduğunun göstəricisi də var. Nizami "zirəkanə" sözünü seçir, bu sözün "diribaşlıqla", "cəldliklə", "diribaş", "cəld", "zirək" kimi anlamları var. Şair "şəkib" ("şəkibai" biçimində) sözünə də yer verir ("səbir", "dözüm", "taqət"). Yəni Bəhram məktubun təsiri ilə alov püskürsə də, zirəklik etdi, qısa zamanda (vaxtın qısalığı o, ağıllı, cəsur, iradəlidir deyir) səbrini bərpa etdi.

 

Müəllif təhkiyəsində bədii təzada yer verilmişdir. Belə ki "alov püskürmək" ifadəsi ilə "səbirli olmaq" qəlibi leksik antonimlərdir. Bədii təzad Bəhramın ağıllı, cəsur, iradəli olduğunu anlamağa yol açır.

 

 

ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:

 

CAVAB VERDİ

 

Həmin qızğınlıqla tələsmədi,

 

O, çox düşündükdən sonra belə cavab verdi.

 

Nizami Bəhramın ağıllı və iradəli olduğunu göstərmək üçün yeni vasitələr seçir: "qızğınlıq" ("gərmi") sözünə yer verir, bu söz birinci beytdəki "alov püskürmək" ifadəsinin yeni ifadə biçimidir. O, bu dərəcədə qızğınlıqla tələsmədi, özünü qısa vaxtda ələ aldı.

 

Şair qəzəbin dərəcəsini artırır, alov, qızğınlıq, coşmaq, qaynamaq sözləri bu məqsədlə seçilmişdir. Artırır ki, Bəhramın nə qədər ağıllı, cəsur, iradəli olduğunu daha inandırıcı göstərə bilsin. Düşünün, Bəhram qəzəbindən içində alov püskürür, ancaq qəzəbini içində tutur, söz, mimika, jestlərinə yansımasına izin vermir, qısa zamanda özünə gəlir, elçinin sözünü kəsmir, tələsmir.

 

Çox düşünür, düşünmək iradəli, cəsur, ağıllı olmağın ən açıq göstəricisidir. Düşünərkən kimsədən məsləhət almır, məsələni müzakirəyə çıxarmır, biz məsləhətləşib sizə cavab verərik demir, vaxta ehtiyac duymur.

 

Bunun üç səbəbi var: Bəhram ağıllı, cəsur, iradəlidir, təkəbbürlüdür, hədəfi bəllidir (nə istədiyini bilir, düşüncəsində cavabı hazırdır).

 

 

DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:

 

QULAQ ASDIM

 

Katiblərin məktubda yazdıqlarına,

 

Namə oxunarkən qulaq asdım.

 

Bu beytdən Bəhramın nitqi başlayır. O, məktubda yazılanları bəyənmədiyini ifadə etmək üçün vasitələr seçir: elçilərə qarşı nəzakətli davransa da, onlara təşəkkür etmir, məktubu yazdıran İran şahını hər hansı bir işarə ilə xatırlatmır, çünki onu şah kimi tanımır.

 

"Katib" sözünü cəmdə işlədir ("katiblər"), yəni bu məktubun ciddi bir çalışma nəticəsində ortaya çıxdığını bilir, bu, məktubun hər sözünün altında yatan mesajı anladığını göstərir. Məktub oxunarkən qulaq asdım deyir, yəni məktubda yazılanları araşdırmağa ehtiyac duymur (buna layiq bilmir, zəkidir, anlamaq üçün vaxta ehtiyacı yoxdur).

 

 

BEŞİNCİ BEYTİN ŞƏRHİ:

 

ƏYARI VAR

 

Katib zirəkəlli olmasa da,

 

(Məktubu) yazdıranın məsləhətlərinin əyarı var.

 

Bəhram öncə (birinci misrada) məktubdan narazılığını ifadə edir, bu vasitələri seçir: "gərçe" ("baxmayaraq") deyir, iki işi bir-birindən ayırır, məktubun üslubu ilə məzmununa fərqli yanaşır. Üslubdan narazılığını katibi hədəf alaraq ifadə edir. Katib zirəkəlli (bacarıqlı) deyil, yəni məktubun dilində kobud ifadələr var (Bəhramı rahatsız edən ifadələri birinci beytin şərhində verdik), daha gözəl bir dil seçilə bilərdi.

 

Bəhram sonra məktubun məzmununu dəyərləndirir. Məktubu yazdıranı önə çıxarır. Ona əsla "şah", "İran şahı" demir, onu şah kimi hiss etdirəcək ən kiçik işarədən belə imtina edir. Sadəcə olaraq "nəsihət verən" adlandırır.

 

Məktubun məzmunundakı ağıl, elm, siyasət və biliyi görür, ona görə də məktubun dəyərini göstərən iki söz seçir: "öyüd" ("pənd"), "əyar". Nəsihət vermək alimlərin işidir, o, insana yol göstərən ölçüdür, bu məktubu alim birisi yazdırmışdır. Əyar da qızılın dəyərini müəyyən edən ölçüdür. Yəni bu məktubdakı nəsihətlər qızıl kimidir.

 

Bəhram məktuba seçici yanaşdı, bu, onun ağıllı, iradəli, ədalətli olduğunu göstərir. Artıq qəzəb deyil, ağıl iş başındadır, məktubu topdan (hamısını) qəbul, topdan (hamısını) rədd yoxdur, seçici ağılın doğrunu seçməsi var.

 

Bəhram nifrət etdiyi bir şəxsin (İran şahının) məktubuna seçici (obyektiv, ədalətlə) yanaşa bilir. Bu, onun gerçəkçi (realist) olduğunu, ağıl və iradə gücünü təsdiq edir. Ağıllı, iradəli, ədalətli, gerçəkçi olan insan düşməninin məktubunu tanıdarkən "nəsihət" və "əyar" sözlərini seçə bilər.

 

Seçici yanaşma Bəhrama məktubdakı ağıllı sözlərdən yararlanma imkanı verir. O, ağıllıdır, iradəlidir, bütün gücünü toplayaraq uzun məktubu diqqətlə dinləmiş, dinlədiyini müzakirə etmədən anlamış, kimsənin yardımına ehtiyac duymadan cavab hazırlamışdır. Sevmədiyin bir şeyi səbirlə dinləmək, anlamaq üçün gücünü səfərbər etmək, doğrunu seçmək, düşmənin sözünə "nəsihət", "əyar" demək kəskin zəkanın, dirənmə gücünün (səbrin), özünə güvənin ifadə biçimləridir.

 

 

ALTINCI BEYTİN ŞƏRHİ:

 

BƏYƏNİLMƏYƏ LAYİQDİR

 

Məktubda yüksək düşüncə ilə deyilmiş hər nə varsa,

 

Bəyənirəm, çünki onlar bəyənilməyə layiqdir.

 

Bəhramın nitqi davam edir. O, məktuba münasibət bildirir. Ağıl, iradə, səbir, ədalət və özünə inamını bu vasitələrlə tanıdır: məktubun üslubuna cəmisi bir cümlə (bir misra) ayırır, dilə etiraz etsə də, katibləri bacarıqsız adlandırsa da, onları tənqid etmir, formanın (biçimin, dil və üslubun) çox da önəmli olmadığını göstərir.

 

Məktubun məzmununa isə üç cümlə (üç misra) ilə münasibət bildirir, yəni məzmun daha önəmlidir. O, məktubun məzmununu dəyərləndirərkən bu vasitələri seçir: qəzəblə deyil, ağılla hərəkət edir, düşməninin məktubunun ağıl, elm, təcrübə ilə yazıldığını bildirir, məzmuna "nəsihət", "əyar" sözləri ilə önəm verir, düşmənindən də öyrənməyi özünə sığışdırır. "Yüksək rəylə deyilmiş sözlər" deyir (burada "yazılmış" deyil, "deyilmiş" qəlibinin seçilməsi də ("qofte") təsadüfi deyil, belə ki katib deyil, katibə bu sözləri yazdıran şah nəzərdə tutulur. O, deyən, katib yazandır), düşmənin sözünə "yüksək rəy" demək cəsarət, özgüvən, ağıl istəyir. "Hər nə" qəlibini seçir, istisnaya yer qoymur, ağıl və elmlə deyilmiş hər sözü, hər ölçünü nəzərdə tutur.

 

Bəhram ağıllı, səbirli, iradəli, cəsur, ədalətli olduğunu ikinci misrada bu vasitələrə yükləyir: birbaşa, bəzək-düzəksiz, heç bir şərt qoymadan "bəyənirəm" ("mipəsəndəm") deyir, açıq hökm verir, əslində, düşmənimin ağıllı sözlərini qəbul edirəm demiş olur.

 

Bu təsdiq cümləsinin üzərinə hökm cümləsi artırır, ona görə bəyənirəm ki, bəyənilməyə layiqdir, doğrudur, həqiqətdir. Mənim üçün kimin deməsi deyil, söz önəmlidir, düşmənimin dediyi həqiqətdirsə, onu qəbul etməyə hazıram.

 

Bu, bir ərdəmdir, böyük ağılın, kəskin siyasi zəkanın, sarsılmaz özgüvənin nəticəsidir. Bir də o deməkdir ki, mən İranın şahı olanda (olacağam) bu nöqsanları aradan qaldıracağam. O, İranı idarə edənlərin, İran xalqının etimadını qazanmağa çalışır. Mən hər cür tənqidə, təklifə açığam (atamdan fərqli olaraq). Bəhram məktubda yazılan həqiqətləri rədd etməklə iranlıların sevgisini qazanmağın mümkün olmadığını bilir. Cavab məktubu sadəcə bir cavab deyil, iranlıların düşüncəsində Bəhramın kimliyini formalaşdırma layihəsidir. Bəhramın iranlılarla ilk təmasıdır, o, məktubu bir siyasi imkan kimi dəyərləndirir.

 

Özü ilə bağlı bu mesajları verir: ağıllı, elmli, səbirli, iradəli, cəsur, özgüvənli, ədalətli, nəzakətliyəm, siyasəti bilirəm, şah olmağa layiqəm. Diqqət edin, Bəhram iranlılara (onların təmsilçilərinə) siz kim olursunuz, utanmırsınız, mənim haqqım olan hakimiyyəti ələ keçirirsiniz, üstəlik, mənə məktub yazırsınız, gələcəyəm, sizi əzəcəyəm demir. Deyir ki, haqlı sözlərinizi qəbul edirəm. Bu, iranlıların təsəvvüründə Bəhramın kimliyini inşa edən böyük addımdır. Ey iranlılar, artıq zalım Yəzdigürd yoxdur, sizin haqqınızı tanıyan şahınız Bəhram var.

 

 

YEDDİNCİ BEYTİN ŞƏRHİ:

 

ÖYMƏRƏM

 

Mənim üçün torpaq da, gümüş də birdir,

 

Başımı yeddi iqlimin sərvətinin önündə əymərəm.

 

Bəhramın iranlıların təsəvvüründə kimlik inşası (Bəhram kimdir?) davam edir. O, iranlıların məktubundakı təkliflərə cavab verir (şahın təkliflərindən biri bu idi ki, İranın gizli xəzinələrindən istədiyin vaxt, ehtiyacın qədər sərvət verərəm). Bu vasitələri seçir: qürurlu olduğunu ifadə edir, bu məqsədlə "mən" əvəzliyinə iki kərə yer verir (mətndə üç "mən" anlayışı var, ikisi "mən", biri şəxs sonluğu biçimində).

 

Misra "mən ke" ("mən ki") qəlibi ilə başlayır, "ki" ədatı məni gücləndirir, yəni siz məni tanımamısınız, mən o Bəhramam ki ... Mənim qarşımda (gözümdə) "çe xak" ("nə torpaq") və "çe sim" ("nə gümüş"), torpaqla gümüşün fərqi yoxdur (mətndə torpaq dəyərsiz, gümüş dəyərli neməti ifadə edir). Bu, sərvət davası deyil, Bəhram İranın sərvəti onun olsun deyə savaşmır.

 

Beytdə Bəhramın təkəbbür qarışıq qürurunu, qərarlılığını ifadə edən bir vasitə də var: mən o Bəhramam ki, yeddi iqlimin (yeddi ölkənin, qədim coğrafiyaçılar dünyanı yeddi iqlim qurşağına ayırırdılar) sərvəti qarşısında baş əymərəm, sərvətin mənim üçün dəyəri yoxdur.

 

 

SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: MƏNƏ ARDIR

 

Ancaq atalardan miras qalmış şahlığın,

 

Başqalarının əlinə keçməsi mənə ardır.

 

Bəhram "leyk" ("ancaq") deyir, iki beyti bir-birinə bağlayır. Qürur və qətiyyətini bu vasitələrə yükləyir: dünyanın sərvətini rədd edir, savaşmaq istəyinin səbəbini açıqlayır, "mülk" sözünə yer verir, onu "ki" ədatı ilə işlədir, o mülk ki mənə atalardan qalıb.

 

Bəhramın "atalar" sözünü seçməsi çox önəmlidir. O, "atalar" deyərkən İran şahlarını nəzərdə tutur, yəni İran mənim nəslimin mirasıdır, hüquqi varis mənəm, sizin hakimiyyət haqqınız yoxdur, hakimiyyəti qanunsuz olaraq ələ keçirmisiniz, üstəlik, mənə İranın sərvətini təklif edirsiniz, siz kimin sərvətini kimə verirsiniz? Məgər İran sizindir?

 

Bəhram nitqində "mülk" sözünü seçir. Bu sözün seçilməsi monarxiya sisteminin tələbinə uyğundur. Monarxiyada dövlət, hakimiyyət, ölkə, insanlar bir nəslin mülküdür.

 

Bəhram hakimiyyət haqqını ifadə etmək üçün "mən" əvəzliyini məhz "qalmaq" feilinin sonuna artırıb ("mandəm"), mülk atalardan (bunu atalarımdan kimi də oxumaq olar) mənə qalıb.

 

Bu, mənim üçün eyibdir (ardır), şərəf məsələsidir ki, mülk haqqı olmayanların əlinə keçmişdir. Savaş qərarımın səbəbi budur. Mən heç bir şərtlə bu halal haqqımdan əl çəkməyəcəyəm.

 

Bəhram hakimiyyət haqqı olmayanları "başqaları" adlandırır, iranlılar (onların təmsilçiləri) demir, onları iranlıların təmsilçisi kimi qəbul etmir. İran da, iranlılar da mənimdir demiş olur.

 

 

DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ALLAHI SEVİRƏM

 

Mənim atam Allahlıq iddiası etsə də,

 

Mən Allahı sevirəm, Allahla tərbiyələnmişəm.

 

Bəhram savaş səbəbini açıqladı. Yeni mərhələyə keçir. İranlıların məktubundakı ikinci ittihama cavab verir. Onlar Bəhrama yazmışdılar ki, sənin hakimiyyət yolunu bağlayan atanın zülmüdür, o, xam idi, idarəetməni bilmirdi, rəiyyətə zülm etdi, onları qorxu içində saxladı, zülmü o dərəcəyə çatdı ki, kimsənin danışmaq, şikayət etmək imkanı qalmadı, xalq onun zülmündən dəhşətə gəldi, qan tökdü, qəddarlıq etdi, nəticədə, xalq ona "zülmkar" adını qoydu (əsl adı unuduldu).

 

Bəhram kimliyini tanıdır, iranlıların Bəhram təsəvvürünü formalaşdırır, onların könlünü qazanmaq istəyir. Bu vasitələri seçir: düşmənin məktubunda yazılmış həqiqətləri qəbul edir, İran xalqının haqlarını tanıyır, savaş qərarının səbəbini açıqlayır, dünyanın sərvətində gözü olmadığını söyləyir, hakimiyyəti ələ keçirənlərin hüquqi əsaslarının olmadığını deyir (bu, onların ən zəif nöqtəsidir), hakimiyyətin qanuni varisi olduğunu bildirir...

 

İranlıların təsəvvüründə Bəhramın kimliyini inşa edən sıradakı ölçülər ortaya qoyulur: Bəhram atasının zalım olduğunu qəbul edir (İran xalqının qəlbini qazanmağın ən təsirli yolu budur, zülmə sahib çıxsa idi, yolu bağlanardı). Bu qəbul İran xalqına üç mesaj verir: Bəhram ədalətlidir, atasından fərqlidir, bizə zülm etməyəcək.

 

Bəhram atasından fərqini ortaya qoyur, bu vasitələri seçir: ilk misranı (cümləni) atasına, ikincisini özünə ayırır, birincisində atasının zülmünü qəbul, ikincisində özünü tanıtma, fərqi göstərmə var. Bəhram nitqində "atam" demir, "ata" ("pedər") deyir (tərcümədə "atam", üstəlik, "mənim atam" kimi verilmişdir ki, bu əsla doğru deyil, Bəhramın mesajını təhrif edir, belə ki o, atasından fərqləndiyini söyləyir, "mənim atam" qəlibi isə onları eyniləşdirir).

 

"Ata" sözü Bəhramın atasından deyil, onun zülmündən imtinasıdır, atanın zülmünə sahib çıxmıram, zalım deyiləm, ədalətli olacağam mesajıdır. O, mənsubiyyət şəkilçisiz "ata" sözü ilə birgə, Yəzdigürd adından da imtina edir, bu adın iranlılarda nifrət doğurduğunu bilir, əsla onunla eyniləşmək istəmir.

 

Atasının (atanın) zülmünü ifadə edən dəqiq bir söz seçir: "Allahlıq" ("Xodai"), feili keçmiş zamanda işlədir: "etdi", şərt bağlayıcısına yer verir: "gər", yəni ata Allahlıq iddia etdi isə də, bəli, bu, doğrudur, o, zülm etdi.

 

"Allahlıq iddia etmək" frazeoloji birləşməsi zülmün ən şiddətli dərəcəsini ifadə edir. Bilirəm, qəbul edirəm ki, o, kimsənin haqqını tanımadı. Allahlıq iddia etmək həm də uca Allahı tanımamaq, ona itaət etməmək, özünü Allah yerinə qoymaqdır. Belə ki uca Allahı tanıyan zalım ola bilməz (zülm uca Allahı tanımamağın nəticəsidir).

 

Bəhram fərqi ortaya qoyur, misraya "mən" deyərək başlayır, bir-birinə bağlı iki önəmli fərq göstərir: mən Allahı sevirəm (ata Allahlıq iddiasında idi, mən isə uca Allahı sevirəm). Onun nitqində Allahı sevirəm ölçüsü bu anlamları daşıyır: Onu tanıyıram, qəlbimin bütün gücü ilə inanıram, itaət edirəm. Bəhram bu sözü ilə ata ilə aradakı ən böyük fərqi göstərir, iranlılara təminat verir: ədalətli, mərhəmətli olacağam.

 

Bu həm də iranlıların məktubunun başlıq hissəsinə cavabdır. Belə ki onlar məktuba uca Allahın adı ilə başlamış, yeddi beytdə uca Allahı tanıtmışdılar. Məqsədləri Bəhramın uca Allah təsəvvürünü inşa edərək onu savaşdan çəkindirmək idi. Bəhram da cavab olaraq deyir ki, mən uca Allahı sevirəm.

 

Burada bir məqam da var, belə ki Bəhram iranlıların qəlbini qazanmaq üçün sizinlə eyni dini dəyərləri paylaşıram (bir dindənik) deyir. O, insanlar arasındakı ən güclü bağın din olduğunu bilir.

 

Bəhramın nitqində uca Allah sevgisini göstərən bir əlamət də var: o, deyir ki, ağlım ("xerəd") uca Allah sevgisi ilə tərbiyə olunub, yəni, ey iranlılar, sizə münasibətdə Onun buyruqlarından kənara çıxmaz, dünyaya, həyata, insana Onun ölçüləri ilə baxaram.

 

 

 

ONUNCU BEYTİN ŞƏRHİ:

 

BÖYÜK FƏRQ VAR

 

Damarla dəri arasında böyük fərq olduğu kimi,

 

Allah sevən və hakimlik sevən arasında da (böyük fərq var).

 

Bəhram Yəzdigürddən fərqlərini göstərməyə davam edir, bu vasitələri seçir: "atam", "Yəzdigürd", "şah" sözlərindən imtina edir, sözünün təsirini artırmaq üçün obrazlı danışır, birinci misrada müqayisəsi mümkün olmayan iki obraz seçir: damar, dəri. Damar Bəhram, dəri Yəzdigürddür, damar bədənin yaşaması üçün zəruri olan qida daşıyır (o olmasa, insan ölər), onların arasında böyük fərq var deyir.

 

O, ikinci misrada fərqi göstərmək üçün bu ölçünü qoyur: öncə özünü tanıdır, sonra atanı: Allahı sevən ilə Allahlıq iddiası olan arasında da böyük fərq var. Bəhram adını çəkmir, mən də demir, əsas əlamətini (Allahı sevmək) adı kimi işlədir (Allahı sevən), eyni ölçünü ataya da tətbiq edərək ona da Allahlıq iddiası olan deyir. Yəni mən ədalətli, o, zalımdır, mən mərhəmətli, o, acımasızdır, mən uca Allaha itaət edirəm, o üsyan edir.

 

Bəhramın seçdiyi bədii təzadlar (Allahlıq iddia etmək - Allahı sevmək, damar - dəri) fərqi göstərməyə xidmət edir, Bəhramı iranlılara tanıdır.

 

 

ON BİRİNCİ BEYTİN ŞƏRHİ: UZAĞAM

 

Mən ki bir günah etməmişəm, üzr istəyirəm,

 

Atanın günahkarlığından mən uzağam.

 

Bəhram hakimiyyətə gedən yolunu kəsən ən önəmli məsələnin atasının zülmü nəticəsində formalaşmış ictimai rəy olduğunu bilir. İranlılar ona qarşı nifrət, kin, qəzəb duyğuları ilə yaşayırlar. O, əleyhinə olan ictimai rəyi dəyişmək üçün ən uyğun yolu seçir: atası ilə arasındakı fərqi göstərir, mən o deyiləm, onun kimi olmayacağam mesajları verir.

 

Fikrinin anlaşılması üçün yeni vasitələr seçir: zülm çəkdiyinizi bilirəm, ancaq bu, mənim günahım deyil, atanın zalım olduğunu qəbul edirəm, onun zülmləri ilə ortaqlığım yoxdur. Bəhram nitqində atanı müdafiə edir duyğusunu oyadacaq heç bir əlamətə yer vermir. Heç bir günahım olmasa da, üzr istəyirəm deməyi bacarır. Nitqində ikinci kərə "ata" ("pedər") sözünə yer verir, yenə mənsubiyyət şəkilçisindən imtina edir ("atam" deyil, "ata" deyir). Mən atanın günahkarlığından ("bezehkari") uzağam. Burada iki önəmli məsələ var: birincisi, Nizami "günah" sözünü deyil, "bezehkar" sözünü seçmişdir, bu sözün "günahkar", "cinayətkar", "təqsirkar" kimi anlamları var, yəni söhbət günahdan (cinayətdən) deyil, cinayətkardan gedir. İkincisi, Bəhram atanı günahkar (cinayətkar) elan edir, mən onun günahkarlığından (bu, onun peşəsi idi) uzağam. Dolayısı ilə, ədaləti bərpa edəcəyəm.

 

Beytdə fərq bir vasitəyə də yüklənmişdir. Belə ki mətndə mən (Bəhram) anlayışını ifadə edən üç qəlib var: biri "mən" əvəzliyi, ikisi şəxs sonluğudur ("məzurəm", "durəm"), yəni mən Bəhramam, Yəzdigürd deyiləm, lütfən, bu fərqi görün, qarşınızda sizə zülm etmədiyi halda, sizdən üzr istəyən bir Bəhram var.

 

 

ON İKİNCİ BEYTİN ŞƏRHİ: MƏN GÖVHƏRƏM

 

Atam başqa, mən isə başqa (adamam),

 

O, dağ idisə, mən gövhərəm.

 

Bəhram fərqi göstərmək üçün yeni vasitələr seçir: birincisi, ilk kərə "atam" deyir, öncə iki kərə "ata" demişdi. Fikir dəyişəndə üslub da dəyişir. Belə ki Bəhram yuxarıdakı beytlərdə Yəzdigürdün İran xalqına zülmündən danışırdı, o, bu məqamda (zülmdən danışarkən) əsla "atam" demir, adını da çəkmir, "şah" sözünə də yer vermir, atasından deyil, onun zülmündən imtina edir.

 

Bu beytdə isə Yəzdigürdün şahlığından deyil, Bəhramın onun övladı olmasından söhbət gedir, o, doğrudur, bu, bir gerçəkdir ki, onun oğluyam, o, mənim atamdır demiş olur. Bəhram Yəzdigürdün bioloji atalığından imtina etmir, etməz, bu, mümkün deyil, ikincisi, Bəhram o, mənim atam deyil desə, iranlılar ona atasını danan oğul kimi baxarlar, inanmazlar, o, Yəzdigürdün ideoloji atalığından (fikir, düşüncə, əxlaq atalığından) imtina edir, onun oğluyam, ancaq o deyiləm, fərqliyəm.

 

Fərqlər belə sıralanır: hər misra fərq üzərində qurulur, öncə ata(m), sonra Bəhram tanıdılır, atam və mən qarşılığına yer verilir, atam başqadır, arada bir "və" bağlayıcısı var, məsafə qoyur, mən başqayam.

 

Bəhram Yəzdigürdün oğlu olduğunu belə ifadə edir: o (atam), daş mədənidir, o mədəndə əmələ gəlmişəm, ancaq mən daş deyil, gövhərəm (gövhərin əmələ gəlməsi üçün mədənə ehtiyac var, bir insanın doğulması üçün ataya ehtiyacı olduğu kimi), daşdan (Yəzdigürddən) gövhər (Bəhram) doğulmuşam, zalım atanın ədalətli oğlu ola bilər. (Gövhər olaraq ən çox istifadə olunan daşlar bunlardır: əqiq, ləl, yaqut, inci, zümrüd).

 

Beytdə fərqi göstərən bir vasitə də var, belə ki Bəhram atasını deyil, özünü önə çıxarır. Bunun üçün vasitələr seçir: mən anlayışı ifadə edən beş əlamətə yer verir, biri mənsubiyyət (ata+m), ikisi mən, ikisi şəxs sonluğu biçimində (başqa+yam, gövhər+əm), atanı keçmiş, özünü indiki zamana aid edir (mən ondan doğuldum, o öldü, artıq yoxdur, indi mən varam), mənlik ifadə edən sözləri qafiyə mövqeyinə keçirir ("degərəm", "qouhərəm"). Ey iranlılar, indi qarşınızda daşdan əmələ gəlmiş gövhər var, zülm bitmiş, ədalət gəlmişdir, ömrünüzün ən gözəl (gövhər) günlərini yaşayacaqsınız, sizə ədalət, rifah vəd edirəm.

 

ON ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DOĞULUR

 

İşıqlı sübh gecədən peyda olur,

 

Saf ləl daşdan doğulur.

 

Bəhram atasından imtina etmir, bəli, mən ondan doğulmuşam deyir. Onun əməllərindən imtina edir, fərqi göstərir, iranlıları bu ölçüyə inandırmaq istəyir ki, zalım atanın ədalətli oğlu ola bilər.

 

Onun hədəfi söyləmək deyil, inandırmaqdır. O, inandırmaq üçün vasitələr seçir: örnəklər verir (örnək önəmli inandırma vasitələrindən biridir), ilahi qanunlara diqqət çəkir, bunlar elə örnək və qanunlardır ki, inkarı mümkün deyil, məsələn, gövhərin əmələ gəlməsi mədənin olmasına bağlıdır, hər gövhər daşdan əmələ gəlir, gövhər də bir daşdır, sadəcə tərkib fərqi var (daş tərkibini dəyişərək gövhərə çevrilir), sübh gecədən doğulur, qırmızı ləl daşdan yaranır...

 

Mən də (Bəhram) bir atadan, bir anadan doğulmuşam, insan öz ata və anasını seçmir (buna imkanı yoxdur). Ancaq daşdan gövhərin, gecədən sübhün doğulması haqq olduğu kimi, zalım atanın ədalətli övladının olması da haqdır, ata və övlad fərqli varlıqlardır.

 

Bəhram fərqi göstərərək inandırmaq üçün bədii təzada yer verir (bədii təzad önəmli tanıtma, anlatma, inandırma vasitələrindən biridir): daş-gövhər, gecə-sübh, daş-ləl.

 

Bəhram fərqi göstərərək inandırmaq üçün atasını mənfi, özünü müsbət obrazlarla tanıdır: ata daş, oğul gövhərdir, ata gecə, oğul sübhdür, ata daş, oğul ləldir.

 

Bəhram iranlıları (ona düşmən kimi baxanları) inandırmaq üçün onlara ümid verir: işıq obrazını seçir, mən sizi zülmün qaranlığından ədalətin işığına çıxaracağam. Bəhrama aid obrazlara baxsaq, hamısının işıq (ümid) saçdığını görərik: gövhər par-par yanır (nuru daşın qaranlığında daha parlaq görünür), o, sübh demir, işıqlı sübh deyir, qaranlıqdan tam arınmış sübh (Bəhram sizə nurlu sübh vəd edir, o ən təmiz zaman dilimidir, Günəşin çıxhaçıx vaxtıdır), saf ləlin (Bəhramın) qırmızılığı (nuru) insanın gözünü qamaşdırır. Ey iranlılar, artıq nur gəldi, qaranlıq yox oldu, ədalət doğuldu, zülm öldü.

 

Bəhram inandırmaq üçün obrazlı danışır, məcazlarla sözünün təsir gücünü artırır, iranlıların qəlbinə yol tapmağa çalışır (son iki beyt Bəhramın nitqinin məcazlarla zəngin hissəsidir: mədən, daş, gövhər, işıqlı sübh, gecə, saf ləl, daş).

 

Bəhram yeni bir dövrün (ədalət dövrünün) başladığının ifadəsi üçün doğulmaq anlayışı bildirən iki söz seçir. Təsadüfi deyil ki, hər iki söz feildir ("pədid ayəd", "görünür", "aşkar olur", "mizayəd", "doğulur", yəni daş gövhər, saf ləl, qaranlıq gecə nurlu sübh doğur). Hər iki feil indiki zamandadır, Bəhramın (ədalətin) zamanına işarə edir. Feildə hərəkət, dəyişim, dönüşüm, doğuluş, ümid var, yəni zülm öldü (zülm mənəvi, fikri, əqli, vicdani ölülüyün, ədalət diriliyin əlamətidir), ədalət doğuldu. Ey iranlılar, gözünüz aydın olsun, yurdunuza ədalət Günəşi doğulmuşdur. Bəhram ədalət, nur, ümid, rifah deməkdir.

 

Nizami bu doğuluş (ədalət dövrü başladı) anlayışı ifadə edən feilləri beytin ən görünən, yadda qalan, ən hərəkətli hissəsinə qoymuş, onları qafiyə kimi işlətmişdir. Mesaj budur: ey iranlılar, hazır olun, müqavimət göstərməyin, gül-çiçəklə qarşılayın: ədalət gəlir.

 

ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: XİLAS EDİB

 

Atamın haqqında pis danışmaq lazım deyil,

 

Çünki Allah sizi onun əlindən xilas edib.

 

Bəhram İran xalqını inandırmaq, onların təsəvvüründə atasından fərqli, ədalətli Bəhram var anlayışını formalaşdırmaq üçün nitqində bu vasitələrə yer verir: iranlıların məktubunda yazılmış doğruları qəbul edir, "bəyənirəm" deyir, hakimiyyətin onun haqqı olduğunu önə çıxarır, savaşmaq istəyinin səbəbini açıqlayır, doğruları söyləyir, səmimidir, ataya zalım adını qoyur, zalım atanın ədalətli oğlu ola bilər fikrini əsaslandırmaq üçün örnəklər verir, etiraf edir, söz verir (ədalətli olacağam), bədii (təsirli) danışır...

 

Bəhram nitqində (məktubunda) yeni mərhələyə keçir. Bir ölçü qoyur: ölənin arxasınca danışmazlar (bu, bir ata sözüdür). Fikrin ifadəsi üçün vasitələr seçir: yenə "ata" deyir, mənsubiyyət şəkilçisindən imtina edir, araya məsafə qoyur (tərcümədə "atam" kimi verilmişdir ki, əsla doğru deyil), mən onun zülmünə ortaq deyiləm mesajı verir.

 

"Şahidlik ("qovahi") etməsəniz" deyir, əmr feili seçmir, buyruq vermir ("etməyin", "olmayın" demir), yumşaq üslubda danışır, atanın zalım olduğuna şahidlik etməsəniz, arxasınca danışmasanız, yaxşı olar (doğru olan budur). O, siz yanlış yoldasınız demir (daha doğrusu, bu məqamın (tənqidin) ifadəsində son dərəcə incə dil seçir), doğru olanı göstərir. Bu fikrini də xalqın adət-ənənəsində ölmüş insanla bağlı təsəvvürə bağlayır (bizim xalq ölənin arxasınca danışmaz).

 

Bəhram atanın ölümünü bu biçimdə təqdim edir: iranlıların haqlı olduğunu təsdiqləyir, vasitələr seçir: sizin Allahınız deyir (tərcümədə bu məqam ifadə olunmayıb), sizin Allahınız (bu, siz haqlısınız deməkdir, belə ki Allah haqlıların yanındadır) onu öldürdü, o, uca Allaha inanmırdı, özü Allahlıq iddiasında idi, zülm edirdi, siz onun ölməsi üçün dua edirdiniz, siz məzlum, o, zalım olduğundan uca Allah dualarınızı qəbul etdi.

 

Bəhram ata zalım, iranlılar haqlı idi (onun ölümünü istəməkdə) fikrini gücləndirmək üçün iki vasitə də seçir: "ata", "atam", "şah", "İran şahı" demir, "ondan" deyir, "xilas etdi" feilinə yer verir ("öldü" feilindən imtina edir), yəni bu, doğrudur ki, İran xalqı onun əlində girov idi, bütün haqlardan məhrum olmuşdu, məzlum xalqın duası ilə cəza gəldi, Allahınız sizi o zalımın əlindən xilas etdi (qurtardı).

 

Bəhram İran xalqına üç şey təklif edir: atanın (ölünün) arxasınca danışmayın, bunun yerinə sizi onun əlindən xilas edən uca Allaha şükür edin, keçmişə deyil, gələcəyə baxın (zülm bitmişdir, mən sizə ədalət gətirəcəyəm).

 

 

ON BEŞİNCİ BEYTİN ŞƏRHİ:

 

PİS DANIŞMAQ OLMAZ

 

O, sizə pislik etsə də, yaxşılıqla yuxuya gedib,

 

Ölənin dalınca pis danışmaq olmaz.

 

Bəhramın nitqi davam edir, o, iranlıların atanın arxasınca pis danışmalarını istəmir. Bu istəyini yumşaq üslubla dilə gətirir, vasitələr seçir: öncə iranlılara haqq qazandırır, istəyini "siz haqlısınız, ancaq" qəlibinin içində verir. Atanın zalım olduğunu qəbul edir, baxın sözə necə başlayır?

 

"Gər bədi kərd" ("doğrudur, o, pislik etdi", "o, pislik etsə də"), əmr feillərindən imtina edir, iranlılara göstəriş vermir, onları incidəcək bütün vasitələrdən imtina edir (məqsədi onu sevməyən xalqın qəlbini qazanmaqdır, hakimiyyətə gedən yoldakı ən böyük maneə mənfi ictimai rəydir), əmr deyil, xahiş, tövsiyə dilini seçir (deməyin demir, deməməlisiniz, deməsəniz yaxşı olar deyir). İstəyini xalqın ölmüş insanla bağlı təsəvvürünün (ata sözünün) içinə qoyur, o artıq yoxdur mesajı verir, "yaxşılıqla yatıb", yəni sizə əziyyət vermək imkanını itirib. Ona "ölmüş" ("morde") deyir, "ata", "atam", "şah", "İran şahı" kimi sözlərə yer vermir, o, ölüdür, yoxdur, keçmişdir, keçmişə deyil, gələcəyə baxın. Bəhram nitqinin sonunda İran xalqını "ölmüşün arxasınca pis danışmazlar" ölçüsü ilə baş-başa buraxır.

 

Bəhram niyə atanın arxasınca pis danışılmasını istəmir? Birincisi, iranlıların məktubunun üslubuna (məzmununa deyil) etiraz edir. İkincisi, iranlıların atanın zülmünü unutmaması, onu davamlı gündəmdə tutması Bəhramın hakimiyyətə gəlişinə mane olan ən ciddi məsələdir. Üçüncüsü, Bəhram bir təsəvvürü yıxıb, yerinə başqa təsəvvür qoymağa çalışır (zülmün yerinə ədalət). Dördüncüsü, Bəhram hakimiyyət haqqını dilə gətirəndə atanın zülmünü xatırladırlar, ona görə də Bəhram İran xalqının keçmişə deyil, gələcəyə baxmasını istəyir, fərqliyəm deyir, ədalət vəd edir, ata ilə araya böyük məsafə qoyur...

 

 

ON ALTINCI BEYTİN ŞƏRHİ: QULAQ ASANDIR

 

O yerdə ki ağıl rəhbərlik edir,

 

Pis danışanın pisliyinin səbəbkarı pisliyə qulaq asandır.

 

Bəhram iranlıların ölmüş atası haqqında pis danışmalarının üzərində çox durur (mətndə bu məsələ ilə bağlı altı beyt var). Bunun səbəbi var. Belə ki iranlıların (onların təmsilçilərinin) məktubunda atanın zülmünün yaratdığı ictimai rəy əsas göstərilərək Bəhrama təklif olunur ki, hakimiyyət haqqından keçici də olsa, əl çəksin.

 

O, atanın zülmü haqqında bu qədər danışılmasının səbəbini açıqlayır, vasitələr seçir: "ağıl" deyir, harada ağıl rəhbərdirsə, yəni məsələyə duyğularla deyil, ağılla yanaşanda, düşünəndə, dərinləməsinə araşdıranda bəlli olur ki, pis danışanın pisliyinin səbəbi pisliyə qulaq asandır. Siz atanın zülmündən ona görə bu qədər danışırsınız ki, mən varam, hakimiyyət iddiam var, məsələ keçmişlə deyil, gələcəklə bağlıdır. Bəhram olmasa idi (qulaq asan), hər kəs atanı da, onun zülmünü də unudardı, məqsəd önümü kəsməkdir. Necə deyərlər, müştərisi olmasa, pis mal bazara çıxarılmaz, tamaşaçı olmasa, oyun bitər (atanın ölüsündən əl çəkilməməsinin səbəbi də budur). Mən olmasa idim, ölmüş ata haqqında pis danışan tapılmazdı.

 

 

ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: PİS OLUR

 

O kəs ki təbiətdən bəd əsildir,

 

Dediyi pis, eşitdiyi ondan da pis olur.

 

Bəhram özünü tanıdır. Nə qədər ağıllı olduğunu göstərir. İranlıların (onların təmsilçilərinin) məktubunda atanın zülmünün önə çıxarılmasının səbəbini ağılın işığında açıqlayır. Hədəfiniz ata deyil, mənəm, mənə qarşı hansı oyunu qurduğunuzu bilirəm (o, atanın zülmünü əsla inkar etmir, ölmüş insanın zülmünün gündəmdə tutulmasına etiraz edir, məktub yazanlar Bəhrama aid olmayan bir qaranlıq keçmişi onun gələcəyinə qarşı qoyur, keçmişlə, atanın zülmü ilə oğulun önünü kəsməyə çalışırlar).

 

Bəhram məktubu yazanlara (İran xalqına deyil, onun ağıllı olduğunun bir göstəricisi də budur ki, məktubu yazanlarla (siyasi elita), zülm çəkmiş İran xalqını bir-birindən ayırır) cavab verir. Bir örnək (ölçü) seçir, "hər ke" ("hər kim") deyir, yəni istisna yoxdur, bu hikmət hamıya aiddir: hər kim ki onun əsli (təbiəti, xarakteri) pis gövhərdir (fitrəti, ağlı, vicdanı pozulmuşdur), onun iki əlaməti var: dediyi pisdir (pis danışar, pisliyi danışar, çirkin olanı çoxaltmağa çalışar, mikrob yayar), eşitdiyi isə danışdığından da pis ("betər") olar.

 

Pis danışan pis sözlər eşitməyə məhkumdur. Ancaq (ey əsli pis olanlar), Bəhramın əsli təmizdir (siz onu atanın zülmünə bulaşdırmaqla kirlətməyə, xalqın gözündən salmağa çalışırsınız), o, pis danışmaz, pis sözə, o sıradan ata ilə bağlı pis sözlərə qulaq asmaz, mən sizin oyununuzun müştərisi deyiləm. Atanın zalım olması sizə hakimiyyət haqqı verməz (siz atanın zülmünü qabartmaqla hakimiyyəti qəsb etdiyinizi ört-basdır etməyə, məni susdurmağa çalışırsınız).

 

 

ON SƏKKİZİNCİ BEYTİN

 

ŞƏRHİ: KEÇİN

 

Atamın cinayətlərindən keçin,

 

Mənim xəbərim olmayan şeyləri qoyun qalsın.

 

Bəhram üslubunu dəyişir, sərtləşir, bu vasitələri seçir: birincisi, hansı oyunu oynadığınızı bilirəm, hədəfiniz atam deyil, mənəm. İkincisi, bu oyunu və onu quranların siyasətini rədd edir. Üçüncüsü, iki əmr feili seçir, misraları bu əmr feilləri ilə başlayır: "beqozarid" ("keçin"), "beqazarid" ("qoyun"). Dördüncüsü, əmr feillərini cəmdə işlədir, "siz" deyir, İranı idarə edənləri nəzərdə tutur, xalqla idarəçiləri bir-birindən ayırır. Beşincisi, "cinayət" sözünə yer verir, Yəzdigürdün cinayətlərini açıq etiraf edir, yəni mən atanın siyasi kimliyini (əməllərini) qəbul etmir, ona sahib çıxmıram. Altıncısı, "atam" ("pedərəm") deyir, ölmüş Yəzdigürdlə arasındakı atalıq bağını açıq bildirir, "atam" sözünü qafiyə mövqeyində işlədir, o, mənim atamdır, siz ölmüş insanın ardınca danışmaqdan, onun cinayətləri ilə mənim hakimiyyətə gedən yolumu kəsmək siyasətindən əl çəkin. Yeddincisi, atası ilə (onun siyasi kimliyi, əməlləri ilə) arasına məsafə qoyur, "bixəbərəm" deyir, bu məqamda (atanın əməllərini xatırladarkən) "atam" sözündən imtina edir, "ondan" deyir, atanın cinayətlərini nəzərdə tutur, yəni onun cinayətlərinə görə məsuliyyət daşımır, zülmünü müdafiə etmirəm, məni bu işlərə bulaşdıra bilməzsiniz, mənimlə oyun oynamayın.

 

 

ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ÜZR İSTƏRƏM

 

Əgər pis göz yolumu tutmasa,

 

(Atamın) etdiyi günahlara görə üzr istərəm.

 

Bəhram iranlıların düşüncəsində kimlik inşasına (Bəhramın şəxsiyyətini formalaşdırmağa) davam edir, yeni addım atır, "mən" deyir, bu qəlibi nitqinin əvvəlinə yerləşdirir, səmimiyəm, əlaqəm olmayan işlərə görə (atanın əməllərinə görə) üzr istəyə biləcək qədər cəsuram. Bu addımı atardım. Sonra "əgər" şərt bağlayıcısını seçir, şərt qoyur, "əgər pis gözlər yolumu kəsməsə idi...". Yəni atanın cinayətlərini əsas gətirərək hakimiyyətə gedən yolumu bağlamaq istəyənlər əlaqəm olmayan bir işdən dolayı üzr istəməyimi bəhanə etməsəydilər (cinayətlərə sahib çıxmırsansa, niyə üzr istəyirsən deməsəydilər...).

 

Bəhram onları "pis gözlü" insanlar adlandırır, onlar hadisələrə şəxsi mənfəətləri çərçivəsindən baxır, hər addımı fürsətə çevirməyə can atırlar.

 

Bəhram bu məqamda da (atanın cinayətlərini xatırladarkən) "atam" sözündən imtina edir, "ondan" deyir, atanın günahlarını nəzərdə tutur, araya məsafə qoyur, günahlara sahib çıxmıram mesajını verir.

 

 

İYİRMİNCİ BEYTİN ŞƏRHİ: TƏRK EDİRƏM

 

Bundan əvvəl qafillər kimi yatsam da,

 

İndi, hal-hazırda (qafilliyi) tərk edirəm.

 

Bəhram nitqində (cavab məktubunda) yeni mərhələyə keçir. İranlıların başqa bir ittihamına cavab verir. Hər ittihamı fürsətə çevirir, kimliyini tanıdır...

 

Yada salsaq, iranlılar (onların təmsilçiləri) Bəhramı "gurların şahı" adlandırmış, eyş-işrətlə məşğul olmaqda ittiham etmişdilər (dörd işin var: ov, şərab, kef məclisləri, yuxu). Bəhram bu ittihamlara cavab verir, uyğun vasitələri seçir: üslubuna sadiq qalır, belə ki doğru olan şeyi əsla inkar etmir, atanın əməllərinə zülm, cinayət deməyi bacarır, bu yolla iranlıların könlünü qazanmaq istəyir, bilir ki, könül fəthinin ən gözəl yolu səmimiyyətdir.

 

O, öz keçmişinə münasibətdə də inkar yolunu tutmur, özünü təmizə çıxarmır, əksinə, uyğun bir dillə etiraf yolunu seçir. Uyğun dil deyərkən bunu nəzərdə tuturuq: Bəhram: "Doğru deyirsiniz, mən cahil olmuşam", - demir, "gər" ("əgər") şərt bağlayıcısına yer verir (nitqində düşmənlərinin mövqeyini gücləndirəcək vasitələrdən imtina edir, onlara fürsət vermir, ancaq İran xalqını, onların qəlbini qazanmaq hədəfini də unutmur). "Piş əz in" ("bundan öncə") qəlibini seçir, ömrünün öncəki (ittiham olunan) dönəmini nəzərdə tutur. Əgər keçmişdə (bundan, indiki halımdan öncə) qafillər kimi yatmışamsa, Bəhram məhz (bilərək) qafillər sözünü seçir (qafil özünü unutmuş kimsədir, o, onu kimin yaratdığını, niyə yaratdığını, bu dünyadakı varlıq səbəbini, axirəti unudan kimsədir, dünyəviləşmişdir, ancaq bu dünya üçün yaşayır, ömrünü boş işlərlə israf edir).

 

Bəhram deyir ki, əgər keçmişimdə qafillik varsa (bu, dolayı etirafdır), "inək", "inək", eyni qəlibi misranın başında təkrarlayır, yəni indi, bu saat, bu dəqiqə, həmən... Təkrar nəyə xidmət edir? Artıq sizin təsvir etdiyiniz Bəhram yoxdur, o peşman olmuş, qəflət yuxusundan ayılmış, etiraf etmiş, ən önəmlisi isə dəyişmişdir. Onun dəyişmə, yanlış yol və işlərdən əl çəkmə cəsarəti, iradəsi var, siz yeni Bəhramla qarşı-qarşıyasınız, keçmişi tərk etdiyimi deyirəm (dedim), söz verdim, o həyat bitdi, yeni bir dönəm başladı.

 

 

İYİRMİ BİRİNCİ BEYTİN

 

ŞƏRHİ: YATA BİLƏR

 

O xoşbəxt adama ki, bəxt kömək edər,

 

(Yalnız) əməl vaxtı yetişənə qədər yata bilər.

 

Bu, dolayı yolla etiraf biçimlərindən biridir. Bəhram düşmənlərinin ittihamını fürsətə çevirir. "Moğbel" sözünü seçir, bu sözün "xoşbəxt", "bəxtəvər" kimi anlamları var. Mən xoşbəxtlərdənəm demiş olur. O xoşbəxtlərdənəm ki, bəxt (tale, əslində, uca Allah) onlara yar olur. Bu ilahi yardımın əlaməti var: onların yuxusu iş vaxtınadək olar, elə ki iş vaxtı gəldi, bəxt onları oyandırar. Yəni qarşınızda qəflət yuxusundan oyadılmış, öz kimliyini tanımış, dəyişmiş, hədəfləri olan Bəhram var. Siz onun keçmişindən istifadə edərək gələcəyinin önünü kəsə bilməzsiniz. Mən o keçmişdən imtina etmişəm, artıq gurların deyil, İranın şahı olmaq istəyirəm.

 

Bəhram düşmənləri qarşısında müdafiə deyil, hücum mövqeyindədir. Baxın o, "bədbəxtəm" demir, "xoşbəxtəm" deyir, nitqində "keçmişimdən utanıram" cümləsi yoxdur, diqqəti keçmişə deyil, gələcəyə yönəldir, düşmənlərin əlindəki bütün dəlilləri çürüdür, iranlıların düşüncəsində yeni Bəhram obrazı formalaşdırır.

 

Bunu necə edir? Ata ilə arasına məsafə qoyur, fərqi göstərir, inkar deyil, təsdiq yolunu seçir, etirafdan qaçmır, səmimidir, yanlış keçmişinə sahib çıxmır, cəsarətlə keçmişlə bağını qoparır, diqqəti gələcəyə yönəldir...

 

 

İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: VAXTINDA OYANSIN

 

Yaxşısı budur ki, göz yuxu ilə çarpışmasın,

 

Qoy yatsın, ancaq lazım olanda oyansın.

 

Bəhram dəyişimi ifadə edir (qarşınızda yeni Bəhram var), o, keçmişi ilə bağlı ittihamları öz xeyirinə çevirir. Bu vasitələri seçir: "beh" ("yaxşı", "daha yaxşı") deyir, göz yuxu ilə çarpışmasın, yəni gözün hər zaman yuxusuz qalması mümkün olmadığı kimi, hər zaman yatması da imkansızdır. Doğru olan budur, göz yatmalı, ancaq iş vaxtı gələndə oyanmalıdır. Bəhramın gecəsi (yuxu vaxtı) bitmiş, gündüzü başlamışdır, oyanmışdır, indi iş vaxtıdır.

 

 

İYİRMİ ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: XALİ OLMAMIŞDIR

 

Mənim yuxum çox ağır yuxu olsa da,

 

Başım bəxtdən xali olmamışdır.

 

Bəhram oyanışı, fərqi, dəyişimi ifadə edir. İranlılara deyir ki, artıq qəflət yuxusunda olan Bəhram yoxdur. O, "yuxu" sözünü həm həqiqi, həm də məcazi mənalarda işlədir. Keçmişini (ovu, şərabı, məclisləri, yuxunu) inkar etmir, "xabe mən" ("mənim yuxum") deyir, qəflətdə olduğu günləri nəzərdə tutur. O, çox ağır yuxu idi (qəflət), bu, doğrudur (etiraf edirəm ki, qafil olmuşam).

 

Elə bir yuxu idi ki, hər kəs ondan qurtula bilməz. Ancaq mən iradəli və cəsuram, qəflət yuxusundan oyanmağı bacardım. Bu işdə bəxt də (əslində, uca Allah) mənə yardım etdi. Yuxulu başım bəxtin yardımı ilə oyandı, sərxoşluqdan ayıldı.

 

Bir məsələyə diqqət edin. Bəhram qəflət yuxusundan oyandığını ifadə edərkən bəxti (ilahi iradəni) önə çıxarır, üç kərə "bəxt" sözünə yer verir (öncəki, bu və sıradakı beytdə). Bunun səbəbi var, belə ki Bəhram bəxt deyərkən ilahi iradəni nəzərdə tutur. Məni yatıran da, oyadan da Odur, yəni seçilmiş insanam, ilahi iradə məni zəruri olanda yatırtdı, iş vaxtı gələndə də oyatdı.

 

Ey iranlılar, ilahi iradə məni oyadıbsa, bir planı var, mən İranın şahı olacağam, bu qaçılmazdır, qədərdir, ona qarşı gəlməyin!

 

Göründüyü kimi, Bəhram düşməninin iradəsini, müqavimət gücünü qırmaq üçün iki önəmli vasitədən istifadə edir: mən cəsuram, iradəliyəm, yeniyəm, uca Allahın seçdiyi insanam, sizin qədərinizəm. Bu gücün qarşısında durmaq imkanınız yoxdur. Qədərinizlə savaşmayın, barışın (misrada "bəxt" sözü qafiyə mövqeyində, görünən yerdədir, ilahi iradəni, seçilmişliyi göstərir).

 

 

İYİRMİ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: YUXUDAN OYATDI

 

Oyaq bəxtim mənə yardım edib,

 

Məni ağır yuxudan oyatdı.

 

Bəhram keçmişlə bağlı ittihamlara son nöqtəni qoyur. "Bəxt" sözü yenə önə çıxarılır. Bu sözə bir təyin artırılır: "oyaq bəxt". Tərkibə mənə yardım edən, uğur gətirən bəxt anlamı yüklənir. "Oyaq bəxt" ifadəsində ilahi iradəyə işarə var, yəni seçilmiş insanam, uca Allah məni İranın şahı olmaq üçün seçmişdir, müqavimət göstərməyinizin heç bir anlamı yoxdur.

 

Bəhram keçmişini (ov, şərab, kef məclisləri, yuxu dolu günlərini) "ağır yuxu" ("xabe səxt", "çətin/ağır yuxu") ifadəsi ilə tanıdır. Çünki o, qəflət yuxusudur, özünü, yaradanını, bu dünyadakı varlıq səbəbini, axirəti unutmaqdır.

 

"Ağır yuxu" ifadəsində bu mesajlar da var: birincisi, mən keçmişdə qəflətdə olduğumu inkar etmirəm, ikincisi, o elə bir yuxu idi ki, kimsə oyana bilməzdi, mən o yuxudan qurtuldum, uca Allah yardım etdi (Bəhram yenə ilahi iradəni, seçilmişliyi önə çıxarır).

 

Beytdə iki "mən" vurğusu var: uca Allah məhz mənə yardım etdi, məni seçdi, məni ağır yuxudan oyatdı ki, İranın şahı olum.

 

Beytdə "oyaqlıq" ("bidari") sözü qafiyə mövqeyindədir (həm də bu, Bəhramın keçmişi ilə bağlı son sözüdür), mesajı var: ey iranlılar, mənim keçmişimə deyil, bu günümə, gələcəyimə baxın, keçmişimdən yararlanaraq gələcəyimin önünü kəsməyə çalışmayın, qarşınızda oyanmış, İran şahı olmağa hazırlaşan Bəhram var.

 

 

İYİRMİ BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: BOŞALDACAĞAM

 

Bundan sonra yaxşılığa doğru üz tutacağam,

 

Ürəyimi hər qəflətdən boşaldacağam.

 

Bəhram nitqində yeni mərhələyə keçir, məqsədi İran xalqının könlünü qazanmaqdır (o, öncə bu addımları atdı: iranlıların yazdığı məktubda olan doğruları qəbul etdi, hakimiyyət haqqından əsla əl çəkməyəcəyini söylədi, atanın zalım olduğunu bildirdi, ata ilə fərqini göstərdi, uca Allaha inandığını açıqladı, ölmüş insanın arxasınca danışmağın doğru olmadığını dedi, keçmişdə qafil olduğunu dilə gətirdi, seçilmişliyini, uca Allahın onu seçdiyini vurğuladı).

 

O, yeni mərhələdə iranlılara vədlər verir. Vəd vermək mən sizin şahınız olacağam anlamını daşıyır. "Bəd əz in" ("bundan sonra") qəlibini seçir, keçmiş, qəflət dolu günlər bitdi, artıq yeni bir dönəm başlamışdır mesajını verir, iki mərhələ arasına sədd çəkir.

 

Bu qəlib dəyişimi, dönüşümü, ümidi ifadə edir (vəd vermək ümid verməkdir, ümid də qəlbi qazanmağın ən təsirli vasitələrindən biridir). Deyir ki, bundan sonra (qəlib həm də şahlığım dönəmində anlamını daşıyır, iranlılara israrla qəbul etdirir ki, Bəhram sizin şahınız olacaq, bu, ilahi təqdirdir, yoxsa niyə vədlər versin ki?) üzümü yaxşılığa tutacağam, işim sizə yaxşılıq olacaq, yaxşılıq qibləmə çevriləcək.

 

Qəlbimi "hər" (istisna yoxdur) qəflətdən boşaldacağam, yəni həqiqəti unutduran hər şeydən imtina edəcəyəm, qəlbimi uca Allah sevgisi, ədalət, şəfqət, mərhəmət duyğuları ilə dolduracağam.

 

Beytin rədifi var, "darəm" sözüdür, mən (Bəhram) vurğusu daşıyır. Deyir ki, ey iranlılar, o, sizə söz, vəd, ümid verir, sözündən dönməz, bu, şah vədidir.

 

 

İYİRMİ ALTINCI BEYTİN

 

ŞƏRHİ: XAMLIQ ETMƏRƏM

 

Mən qəddarlıq və özbaşınalıq etmərəm,

 

Püxtələşdikdən sonra xamlıq etmərəm.

 

Bəhram iranlıların qəlbini qazanmaq üçün vədlərini sıralayır, ümid verir, onların baxışlarını keçmişdən ayırıb gələcəyə yönəldir. Bu vasitələri seçir: qəti söz verir, "nəkonəm" ("etmərəm", "əsla etmərəm") feilini misranın ilk sözü olaraq seçir, bu, mümkün deyil, bundan sonra əsla olmaz anlamlarını daşıyır. Belə ki qarşınızda qəflət yuxusundan oyadılmış (ilahi iradənin oyatdığı), məsuliyyətini qavramış, sizin şahınız olacaq (Bəhram bütün məqamlarda özünü şah kimi aparır) Bəhram var, ona güvənin, taleyinizi, siyasi gələcəyinizi rahatlıqla ona tapşırın.

 

O, bundan sonra (öncəki beytdə olan "bəd əz in" qəlibi təsirini davam etdirir) nələri əsla etməz? Birincisi, Bəhram "bixodi" sözünü seçir, bu sözün "yersiz", "səbəbsiz", "əbəs yerə", "keyfinə görə", "mənasızlıq", "ağılsızlıq" kimi anlamları var, tərcümədə qəddarlıq kimi verilib (biz "bixod" biçimini də nəzərə almışıq), yəni əsla nəfsimin istəklərinə görə hərəkət etmərəm. İkincisi, Bəhram nitqində "xodkami" sözünə yer verir, bu sözün "eqoistlik", "müstəbidlik", "zalımlıq", "zülmkarlıq" kimi mənaları var. O, atasının etdiklərinin tam tərsini söyləyir, zülmü götürür, yerinə ədaləti qoyur, öncə iranlıların təsəvvürünü atanın buraxdığı izlərdən (xəstəliklərdən) təmizləyir, sonra da boşalmış yerə doğru olanları qoyur. Bütün mesajlar bunu söyləyir: atanın zalım olduğunu bilirəm, mən onun kimi deyiləm.

 

İnandırma, sağaltma, əslini bərpa etmə işi davam edir, metod olaraq vəd vermə, ümid seçilir. Bəhramın qarşısında zülm çəkmiş, haqları əlindən alınmış, işgəncə görmüş, həbs edilmiş, qorxudulmuş, yoxsulluq içində qıvrılmış, gələcəyə ümidini itirmiş (üstəlik, bunu edən də sənin atandır), məzlum İran xalqı var. O da onlara şah olmaq istəyir. Bəhramın hakimiyyətə gedən yolundakı ən böyük çətinlik atanın zülmü nəticəsində yaranmış ictimai rəydir. O, bunu bilir, addımlarını da buna görə atır, ona görə də zülmün yerinə ədaləti, acımasızlığın yerinə mərhəmət və şəfqəti qoyur, inanır ki, bir xəstəlik ziddi ilə sağalar...

 

Baxın, ikinci misrada nə deyir? "Püxtələşdikdən sonra", artıq təcrübə toplamışam, qafil, cahil, öz kefi üçün yaşayan Bəhram yoxdur. O halda, bir də xamlıq edərəmmi? (İranlılar Yəzdigürdü xamlıqda suçlayırdılar). Xamlıq bir işi bilməməkdir, mənim o dövrüm (Bəhram keçmişini inkar deyil, qəbul edir) bitdi. İndi ustayam, nə edəcəyimi bilirəm (xamlıq güvənsizlik, ustalıq güvən verir).

 

İYİRMİ YEDDİNCİ BEYTİN

 

ŞƏRHİ: TUTARAM

 

Məsləhətçilərin nəzərinə nəvaziş edərəm,

 

Məsləhəti (həmişə) qabağıma tutaram.

 

Bəhram özünü İranın şahı kimi aparır, sözlərini bu məqama uyğun seçir, iranlıların təsəvvüründə zərrə qədər şübhəyə yer qoymur, şərt, tərəddüd mənalı sözlərdən imtina edir, məsələn, belə demir: "əgər sizin şahınız olsam", "məni şah kimi qəbul etsəniz". Əksinə, deyir ki, məni uca Allah sizə şah seçmişdir, mən sizin qədərinizəm, qaçış yeriniz yoxdur.

 

O, proqramını açıqlayır, İran dövlətini, xalqını necə idarə edəcəyini izah edir, vəd, ümid verir, bu yollarla inandırır. İranlıların təsəvvüründəki atanın - Yəzdigürdün izlərini silmək üçün onun etdiklərinin tam tərsini söyləyir. "Məsləhətçilər" sözünü seçir, cəmdə işlədir. Niyə? Çünki zalımların bir özəlliyi də budur ki, onlar özlərini ən ağıllı insan sayar, ehtiyacsız olduqlarını düşünər, kimsə ilə məsləhətləşməz, canlarının istədiklərini edərlər. Yəzdigürd də belə idi.

 

Bəhram iranlıların təsəvvürünü alt-üst edən söz seçir, məsləhətçilər deyir, yəni ölkəni məsləhətlə idarə edəcəyəm, ölkənin hər məsələsi ilə bağlı məsləhətçilərim olacaq. Mesaj var: ağıllı insanları (məsləhət ağıla bağlıdır) vəzifələrə təyin edəcəyəm. İş bununla bitmir. Bəhram bir addım da atır. Deyir ki, məsləhətçilərin fikirlərinə qayğı göstərərəm. O, bilir ki, nəyə dəyər versən o artar, yəni məsləhətçilərin fikir söyləməsinə şərait yaradacaq, onları təşviq edəcək, mükafatlandıracaq, məsləhətlərini yerinə yetirəcəyəm, ölkə şura ilə idarə olunacaq.

 

Bəhram bir addım da atır, deyir ki, məsləhətlərin önünü açacağam, bu, mənim öncəlik verdiyim məsələ olacaq, yəni əsla məsləhətsiz iş tutmayacağam, öncə məsləhət, sonra qərar ölçüsünə əməl edəcəyəm.

 

Beytin rədifi var: "şəvəm" ("nəvaz şəvəm", "baz şəvəm"), mən edərəm, məsləhətçilərə, məsləhətlərə qayğı göstərər, önlərini açaram. Məsləhətə qayğı göstərsən (dəyər versən), o böyüyər, xeyirli iş olar, ona qapı açsan, yanına gələr, sənə dost olar, gözünü açar, əlindən tutar, yol göstərər... Bəhram dövlət məsləhətlə idarə olunar ölçüsünü qoyur.

 

 

İYİRMİ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: BAŞINA QƏSD

 

ETMƏRƏM

 

Heç kəsin xətasına göz qoymaram,

 

Heç kimin malına tamah, başına qəsd etmərəm.

 

Bəhram dövləti, xalqı necə idarə edəcəyi ilə bağlı proqramını açıqlamağa davam edir, yeni vasitələr seçir: "kəsi" deyir, istisnaya yer qoymur ("heç kəsin"), mənim nəzərimdə kimsənin ayrıcalığı (imtiyazı) yoxdur, hər kəsə eyni ölçü ilə yanaşacağam.

 

Üç güvəncə verir: birincisi, mərhəmətli olacağam. Bunun misradakı bədii ifadə biçimi belədir: kimsənin xətasına göz qoymaram, yəni sizin xətalarınızı anlayışla qarşılayacaq, özümü sizin yerinizə qoyacağam. Bilirəm ki, qul xətasız, ağa kərəmsiz olmaz, qüsurlarınızı araşdırmayacağam, göz yumacağam, onları böyütməyəcək, sizə təzyiq etmək üçün bəhanəyə çevirməyəcəyəm, əksinə, xətalarınızı bağışlayacağam (mərhəmətin ən önəmli göstəricisi bağışlamaqdır).

 

İkincisi, Bəhram mal toxunulmazlığı təminatı (güvəncəsi) verir: kimsənin malına toxunmayacağam, hər kəsin mal, var-dövlət qazanmaq, sərvətini istədiyi kimi xərcləmək haqqını tanıyacaq, qoruyacağam.

 

Üçüncüsü, Bəhram təbəələrinə can güvəncəsi verir, başınıza qəsd etməyəcəyəm deyir, təhlükəsiz həyat vəd edir.

 

Bəhram bir dövlətin vəzifələrini sıralayır: dövlət vətəndaşlarına qarşı mərhəmətli olmalı, onları bağışlamalı, göz yaşlarını silməli, vətəndaşlarının mal güvənliyini qorumalıdır (halal qazanc yollarını açmalı, halala təşviq etməli, sərvəti qorumalıdır), dövlət vətəndaşların can güvənliyinə təminat verməli, şərəfini qorumalıdır, hər kəs qorxusuz, barış, hüzur içində yaşamalıdır. Yəni vətəndaşın canı, şərəfi, sərvəti toxunulmazdır, idarəçilikdə mərhəmət, ədalət, məsləhət əsasdır.

 

Bəhram təbəələrinə can, mal, şərəf toxunulmazlığı vəd edərkən, idarəçilikdə mərhəməti, ədaləti, məsləhəti əsas götürəcəyinə söz verərkən nitqinin sonunu (beytlərin sonu) feillərlə bitirir. Öncəki beytin rədifi "şəvəm", bu beytin rədifi "nəkonəm" feilidir. Niyə? Çünki o, bir təsəvvürü yıxır, yerinə başqa bir anlayışı qoyur, bu, bir əməldir, əməl hərəkətdir. Mesaj verir ki, ey iranlılar, vədlərim sadəcə söz deyil, işdir, vəd yerinə yetiriləndə anlamlı olur, mən söz deyil, iş adamıyam, qəlbinizdə şübhə qalmasın, verdiyim sözləri tutacağam.

 

 

İYİRMİ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ŞAD OLARAM

 

Keçmiş günahları yada salmaram,

 

Zəmanənin göstərişləri ilə razı olaram.

 

Bəhramın vədləri davam edir: o, bağışlama yolunu tutacağını, mərhəmətli olacağını bildirir, bu məqsədlə "keçmiş günahdan" ("günahlardan" kimi də oxumaq olar) ifadəsini seçir. Nəyi nəzərdə tutur? Öncə onu deyək ki, Bəhram özünü İranın mütləq şahı kimi aparır, bu məqsədlə şübhəyə yer qoymur, ikincisi, o, müdafiə mövqeyində deyil, hücumda oynayır, bizi (atanı, məni) bağışlayın demir, sizin günahlarınızı bağışlayacağam deyir.

 

Keçmiş günahı yada salmaram: məndən öncə olanları gündəmə gətirməz, araşdırmaz, cəzalandırmaram, ikincisi, mənə qarşı haqsızlıq etdiniz, hakimiyyət haqqımı əlimdən aldınız, İranda hakimiyyəti qanunsuz olaraq ələ keçirdiniz, söz verirəm ki, bunun hesabını tələb etməyəcəyəm.

 

Göründüyü kimi, Bəhramın bağışlama vədi iki kəsimi əhatə edir: İran xalqı (o, Bəhramın gəlişinə etiraz edir) və İranı idarə edənlər. O, ikinci qrupun müqavimətini qırmaq (onların gələcəklə bağlı bağışlanma təminatı olmasa, dirənərlər, əllərində hakimiyyət var) üçün keçmiş günahları unudacağını söyləyir, qorxmayın, həbs, öldürmə olmayacaq.

 

Beytdə Bəhramın mərhəmətinin ikinci əlaməti də var: zəmanənin göstərişləri ilə razı (şad olaram). Yəni keçmiş günahları zəmanənin ayağına yazaram, yeni dövrün tələblərinə uyğun hərəkət edərəm, indi qisas deyil, barış vaxtıdır deyərəm.

 

Beytdə iki mən (Bəhram) vurğusu var, ikisi də şəxs sonluğu biçimindədir. Bəhramı vədlər verən, barış istəyən, mərhəmətli şah mövqeyinə ucaldır.

 

 

OTUZUNCU BEYTİN ŞƏRHİ: MÜNASİB QƏDƏR OLAR

 

Sizinlə sizə layiq hərəkət edərəm,

 

Sizdən yeməyim isə münasib qədər olar.

 

Bəhram İran xalqının könlünü qazanmaq, onların təsəvvüründə mərhəmətli, ədalətli, barışı, rifahı vəd edən Bəhram obrazı formalaşdırmaq üçün idarəçilik proqramının iki yeni bəndini açıqlayır: birincisi, üstünə basa-basa, altını cıza-cıza ədalətli olacağam deyir. Görün ədalət vədini necə ifadə edir? "Sizlər" sözünü seçir, burada cəm, çoxluq vurğusu var, yəni ədalətim bütün İran xalqını əhatə edəcək, imtiyazlı sinif olmayacaq, İran hər kəsin haqqının qorunduğu bir ölkəyə çevriləcək.

 

Sizə onu edəcəyəm ki, ona layiqsiniz, layiq olduğunuz da ədalətdir. Misrada etməliyəm (edilməlidir) vurğusu var: "bayəd kərd", yəni bu mənim vəzifəmdir, Bəhram ədalətin təmini üçün var, o, bu məqsədlə gəlir. Bəhram ədaləti barmağı ilə göstərir, "o" deyir, idarəçiliyin, xalqla əlaqə qurmağın gerçək əsası olan ədalət...

 

Bəhram ikinci vədinə keçir, "vəz" ("və+əz") deyir, iki misranı (iki vədi) bir-birinə bağlayır. İran xalqına rifah, rifahın əsası olan ədalətli vergi sistemi sözü verir, bu vasitələri seçir: yenə "siz" (bütün İran xalqı) qəlibinə yer verir, "və sizdən onu yeyəcəyəm ki...", o vergini alacağam ki, o yeyilməlidir. Bilirsiniz, ölkə vergisiz yaşaya bilməz, ancaq sizdən alacağım vergi ölkənin ehtiyacı qədər olacaq. Bəhram verginin az olacağını özəlliklə vurğulamış, bu məqsədlə "yeyə bildiyim qədər" ifadəsinə yer vermişdir. Bir insan nə qədər yeyə bilər ki? Ədalət, adil vergi sistemi hər birinizin inkişafının önünü açacaq, siz və ölkə barışa, rifaha qovuşacaqsınız.

 

Hər iki misrada feilin vacib şəklinə yer verilmişdir: "edilməlidir", "yeyilməlidir". İlk söz ədalətə, ikincisi rifaha aiddir. Yəni bu ikisi dövlət idarəçiliyinin əsasıdır, zəruri şərtidir, ədalət və doğru vergi sistemi olmadan ölkəyə barış, hüzur, mərhəmət, zənginlik, inkişaf gəlməz.

 

Beytdə iki mən (Bəhram) vurğusu var, deyir ki, o, sizin şahınızdır, ehtiyacınız olan iki işi gerçəkləşdirəcək: ədalət və adil vergi sistemi.

 

 

OTUZ BİRİNCİ BEYTİN ŞƏRHİ: XƏZİNƏ EDƏRƏM

 

Heç kəsin xəzinəsini eşmərəm,

 

Yalnız düşmənin ürəyini özüm üçün xəzinə edərəm.

 

Bəhram vədlərinə davam edir. Bu vasitələri seçir: "kəs" deyir, ona "heç kəs" anlamı yükləyir, istisnaya yer qoymur (o, iranlılara vədlər verərkən istisnanın olmayacağını bu vasitələrlə ifadə etmişdir: "məsləhətçilər", yəni ağıllı olan hər kəs dövlət idarəçiliyində yer alacaq, məsləhətlər, yəni bütün (istisna yoxdur) ağıllı fikirlər, "kəsi" ("heç kim", istisna yoxdur), "sizlərlə, yəni hamınızla, "sizdən", yəni hamınızdan").

 

O, "kəs" sözünü qafiyə mövqeyinə yerləşdirir, vurğunu istisnasızlığın üzərinə qoyur. "Heç kəsin xəzinəsinə", Bəhram məhz "xəzinə" sözünə yer verir ("var-dövlət" deyə bilərdi), iranlılara ümid verir, mənim şahlığımda zəngin olacaqsınız. Kimsənin xəzinəsinə "rəxnə" salmayacağam. "Rəxnə" sözünün bu mənaları var: "yarıq", "zərər", "itki". O, bu sözü ilə iranlılara sərvət (şəxsi mülkiyyət) toxunulmazlığı vəd edir. Dövlətin sizin xəzinənizdən alacağı bircə miqdar var, o da vergidir. Yəni soyğunçuluğa, rüşvətə son qoyulacaq.

 

Sırada ikinci vəd var: ancaq (bir tək) düşmənin ürəyini xəzinəm edərəm (orijinalda "həzine" sözü yer tutur, "xərc", "məxaric", "vəsait" anlamlarını daşıyır). Burada Bəhram, birincisi, iranlılara fəth vəd edir, yeni ölkələr fəth edəcəyəm, düşmənləriniz məğlub olacaq, onların xəzinələri İranın əlinə keçəcək. İkincisi, iranlıların təhlükəsizliyini təmin edəcəyinə söz verir, İran dövlətini, xalqını düşmənlərdən qoruyacağam.

 

Beytdə iki "mən" (Bəhram) vurğusu var, ikisi də şəxs sonluğu biçimindədir, feillərə artırılmışdır. Məhz feillərə artırılmasının anlamı var: sizin üçün çalışacağam, vədlərim sözdə qalmayacaq, gerçəkləşəcək. Mən vurğusu deyir ki, ey iranlılar, Bəhram sizin şahınızdır, o, sizi zəngin edəcək, vergidən başqa sizdən bir şey almayacaq, düşmənlərinizi sıradan çıxaracaq, təhlükəsizliyinizi qoruyacaq.

 

 

OTUZ İKİNCİ BEYTİN ŞƏRHİ: UZAQLAŞDIRARAM

 

Xeyirxah (adam) qapımdan uzaq olmaz,

 

Pis və pis fikirləri ölkədən uzaqlaşdıraram.

 

Bəhram İran dövlətini və xalqını necə idarə edəcəyi ilə bağlı proqramının yeni-yeni ölçülərini açıqlayır. Bədii təzada yer verir, birinci misrada yaxşı (ağıllı, xeyirxah) fikirli insanlara, ikinci misrada isə pislik və pis insanlara münasibətini açıqlayır. Bədii təzad bu məsələlərin anlaşılmasına yol açır: Bəhram ədalətlidir, bunun əlaməti var, belə ki o, yaxşı ilə pisi bir-birindən seçir, yaxşıya yaxşı, pisə pis deyir. İkincisi, Bəhramın atadan fərqini göstərir, o, zalım, mən ədalətliyəm (əslində, onun hər sözü fərqi göstərmək məqsədi ilə seçilib). Üçüncüsü, bədii təzad həqiqəti tanıdır, iranlılara doğru seçim imkanı verir...

 

Bəhram üslubuna sadiq qalır, özünü İranın şahı kimi aparır, müdafiədə deyil, hücumda oynayır. "Qapım" deyir, şahın qapısını nəzərdə tutur, mən yaxşılığı, yaxşı (xeyirxah) insanların sayını artıracağam. Bunu necə edəcəyəm? Onları qapımdan (sarayımdan, idarəçiliyimdən) uzaq tutmayacağam, onlara dəyər verəcəyəm, onlardan himayə və yardımımı əsirgəməyəcəyəm. Bilirəm ki, nəyə dəyər versəm, o çoxalacaq, onlarla məsləhətləşəcəyəm (məsləhətləşmək ədalət, təvazökarlıq və mərhəmətin göstəricisidir), yaxşılıq və yaxşıların sayı artdıqca pislik və pislərin sayı azalacaq.

 

Pisliyi, pis fikirli insanları (ancaq öz mənfəətlərini düşünənləri) məhcur edəcəyəm. "Məhcur etmək" ayrılmaq, tərk etmək, məhrum olmaq anlamlarını daşıyır, yəni dövlət idarəçiliyinin qapıları onların üzünə bağlanacaq. Pislik və pislərə düşmən olacağam.

 

Beytdə iki "mən" (Bəhram) vurğusu var, o, şah mövqeyindədir, xalqın müraciət etdiyi qapısı var ("qapım", "dərəm"). Bu qapı həm açıq, həm də bağlıdır. O, yaxşılığın, yaxşıların üzünə açıq, pislik və pislərin üzünə bağlıdır. Xeyiri, bərəkəti, rifahı, mərhəməti, ədaləti, yaxşı insanların sayını çoxaltmağın yolu da budur (nəyə dəyər versən, o artar, ya da nəyə dəyər verməsən, o azalar).

 

 

OTUZ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: PİSLİK ÖYRƏNMƏRƏM

 

Yaxşılardan başqa heç kəsə nəvaziş nəzəri salmaram,

 

Pislik öyrənənlərdən pislik öyrənmərəm.

 

Bəhram dövlət idarəçiliyinin əsasına bu ölçünü qoyur: nəyə dəyər versən, o çoxalacaq. O, vədini (yaxşılığı çoxaltmaq) bu ölçü üzərindən verir, vasitələr seçir, yenə bədii təzaddan istifadə edir, birinci misrada yaxşılara, ikinci misrada pislərə münasibətini açıqlayır (yaxşılığa və pisliyə).

 

Mənim siyasətimin əsasında yaxşılar və yaxşılıq olacaq fikrini gücləndirmək, bunu tək ölçü (alternativsiz) halına gətirmək üçün "coz" qəlibinə yer verir, onu nitqinin ən başına yerləşdirir, "başqa", "qeyri", "özgə". Bu çox güclü istisna vasitəsidir, belə ki hər şeyi tərəzinin bir gözünə, bir şeyi o biri gözünə yığır, araya sədd çəkir. Yaxşılardan başqasına deyir, tək bir istisna, seçim var, o da yaxşılardır (diqqət edin, "yaxşı" sözünü də cəmdə işlədir, "nikan", bu yolla sifəti isimləşdirir, əlamət ad olur, yəni yaxşı işləri ilə əlaməti adları olanların, özünü xeyirə, yaxşılığa həsr edənlərin çox olmasını istəyirəm, bunun üçün çalışacağam).

 

Yaxşılardan başqasına nəvaziş nəzəri salmaram, isti baxışlarla baxmaram, qayğı göstərmərəm, himayə etmərəm, dəyər vermərəm. Yaxşılığı və yaxşıları isti nəfəsimlə (ədalət və mərhəmətimlə) böyüdərəm, belə ki onların qayğıya ehtiyacı var. Yaxşılıq və yaxşılar əlindən tutmasan, ayağa qalxmazlar. Pislik və pislər isə belə deyil. Hər şeyin bir varlıq, bir yoxluq səbəbi var, pisliyin varlıq səbəbi yaxşılığın olmamasıdır. Yaxşılıq artsa, pislik azalar. Mən də bunu edəcəyəm.

 

Pislik öyrənənlərdən (pislik də öyrənilən bir şeydir, insan anadan yaxşı və pis olaraq doğulmur), yəni yanlış tərbiyə ilə fitrəti, əxlaqı, ağıl və vicdanı pozulanlardan pislik öyrənməyəcəyəm. Bəhram deyir ki, pislik bulaşıcıdır (yoluxucu), pislərlə bir arada olan onlar kimi olar. O, pislərdən qorunmağın yollarını göstərir: qapımı yaxşılara açacaq, pislərin üzünə bağlayacağam, ətrafıma yaxşı insanlar yığacaq, pislərlə əlaqəni kəsəcəyəm, yaxşılara qayğı göstərəcək, pisləri nəvazişdən (bəsləməkdən) məhrum edəcəyəm, yaxşılıq və yaxşıları təşviq edəcək, pislik və pisləri sıxışdıracağam...

 

Bəhramın nitqində iki "mən" vurğusu var, ikisi də qafiyə mövqeyindədir, ikisi də feilə artırılmışdır (şəxs sonluğu biçimindədir), deyir ki, İranın şahıyam, vədlərim sadəcə söz deyil, həm də əməldir, yüzdə yüz yerinə yetiriləcək.

 

 

OTUZ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: TANRIDAN UTANMAYIM

 

Mühakimədə ürək yumşaqlığını uzaq tutaram,

 

Yalnız elə işlər görərəm ki, Tanrıdan utanmayım.

 

Bəhram vədlərinin yeni mərhələsinə keçir: iranlıların hüquqlarını qoruyacağını vəd edir, bu vasitələri seçir: məhkəmə sistemində islahatlar keçirəcəyəm, məhkəmələr hüquqlarınızı qoruyan orqanlar olacaq. Hökm verərkən dostluqdan, ürək yumşaqlığından uzaq qalacağam. Yəni hökmlər dostluğa, tanışlığa, rüşvətə görə deyil, ədalətə görə veriləcək. Sizə zülm edənləri fərq qoymadan cəzalandıracağam. Cinayətlərin təsbitində də, cəzada da tək hakim ədalət olacaq.

 

Bəs ədalətin ölçüsünü kim müəyyən edəcək? Bəhram deyir ki, burada dostluğa, tanışlığa, rüşvətə yer yoxdur. Bir tək ölçü var, o da uca Allahın rizasıdır. Elə hökmlər verəcəyəm ki, sonra (axirətdə) Tanrıdan utanmayım. Mən insanların deyil, uca Allahın ölçülərinə uyğun hökmlər verəcəyəm.

 

Beytdə üç "mən" (Bəhram) vurğusu var: "uzaq duracağam" - hökm verərkən dostluq, tanışlıq və rüşvətdən (misradakı "daru" (dərman), "azərm" ("həya", "abır", "ar", "xəcalət") sözlərini yaxınlıq, tanışlıq, sevgi anlamlarında dəyərləndirdik). O işləri edəcəyəm ki - xalqın xeyirinə olan işləri - "Tanrıdan utanmayım", Onun hə dediklərini edəcək, qadağa qoyduqlarını etməyəcəyəm.

 

 

OTUZ BEŞİNCİ BEYTİN ŞƏRHİ: QORXUSUZ OLAR

 

Hamının arvad-uşağı, mal-dövləti,

 

Mənim yanımda sürünün çoban yanında olduğundan da qorxusuz olar.

 

Bəhram iranlılara hüquqlarını qoruyacağını vəd edir. Bu istiqamətləri göstərir: birincisi, ağıllı insanların məsləhətləri ilə idarə olunacaq ədalətli dövlət sistemi, ikincisi, mərhəmətə əsaslanan dövlət və xalq münasibəti, üçüncüsü, adil vergi tətbiqi, dördüncüsü, xeyirin və xeyirxah insanların çoxaldılması (onlara dövlət dəstəyinin verilməsi), beşincisi, hər kəsin hüququnu qoruyacaq, dostluq, tanışlıq və rüşvətdən uzaq, ədalətli məhkəmə sistemi.

 

Bəhram nitqində heç bir istisnaya yer vermir, ona görə də "hamı" deyir, bu sözü qafiyə mövqeyinə keçirir. Yəni hamının hüququ qorunacaq. Sonra hüququ qorunacaqları bir-bir sayır, birinci sıraya qadınları yerləşdirir, belə ki hüququ ən çox pozulan onlardır. İkinci sırada uşaqlar (övladlar) var, uşaqlarınızın hüquqlarını qoruyan şah olacağam (bir insanın qəlbinə yol tapmağın ən gözəl yolu onların övladlarını sevməkdir). Üçüncü sırada mülk var, yəni özəl mülkiyyətiniz toxunulmaz olacaq. Dördüncü sırada mal var, yəni sərvətinizə kimsə toxunmayacaq, dövlətə vergidən başqa bir şey verməyəcəksiniz.

 

Bəhram bütün kəsimləri tək-tək sayır. Niyə? Onlara dəyər verir (ad çəkmək özəl dəyər verməkdir), toplumun hər kəsiminin dəstəyini almağa çalışır. Xanımı, uşaqları, malı, mülkü qorunan bir ailə Bəhrama niyə qarşı çıxsın ki?

 

Bəhram nitqinin ikinci bölməsində vədlərinin təminatını da verir. İranlıları inandırmaq üçün müqayisə yolunu seçir, bu məqsədlə sifətin dərəcə (müqayisə) əlamətindən istifadə edir ("tər"). Deyir ki, xanımlarınız, uşaqlarınız, mal və mülkünüz mənim yanımda (dövlətimdə) çobanın qoruduğu sürüdən daha qorxusuz (təhlükəsiz) yaşayacaq (yada salaq ki, ikinci xəlifə hz.Ömər də dövlət başçısını çobana bənzətmişdi).

 

Burada Bəhramın mesajı var: mən sizin rahat, barış, hüzur və rifah içində, qorxusuz yaşayışınız üçün məsuliyyət daşıyıram, inanıram ki, uca Allah bu məsuliyyətin hesabını məndən soruşacaq, ey iranlılar, əmin və rahat olun, haqlarınızın qoruyucusu mənəm.

 

Beytdə bir "mən" vurğusu var, Bəhram deyir ki, dövlətimin ən önəmli işi vətəndaşı qorumaqdır.

 

 

OTUZ ALTINCI BEYTİN ŞƏRHİ: ARTIRARAM

 

Heç kəsin çörəyini zorla almaram,

 

Bəlkə, onun çörəyinə daha bir çörək artıraram.

 

Bəhramın vədləri sırasında iranlıların mal (mülkiyyət) haqqı və güvənliyi önəmli yer tutur. O, fərqli biçimlərdə bu məsələni dilə gətirir: "kimsənin xəzinəsini eşmərəm" (otuz birinci beyt), "vergilər ədalətli olacaq" (otuzuncu beyt)... Onun hər vədi ata Yəzdigürdün etdiyi bir zülmə cavabdır. O, atanın etdiklərini bir-bir saymır, ancaq onları bildiyini ifadə edir, edəcəklərini isə tək-tək sayır, yəni ədalət vədi atanın zülmünün etirafıdır.

 

Bəhram bilir, inanır ki, zülm qorxunu, ədalət ümidi artırır, dövlətin vəzifəsi vətəndaşa qorxu deyil, ümid verməkdir. O, vədlərini ümid üzərində qurmuşdur: atanın qaranlığının yerinə işığı, zülmünün yerinə ədaləti, qorxusunun yerinə ümidi, yoxsulluğunun yerinə zənginliyi, dərəbəyliyinin yerinə hüququ qoyur... Bu yolla iranlıların zalım dövlət, zülmkar şah təsəvvürünü yıxıb, yerinə adil dövlət, mərhəmətli şah təsəvvürünü inşa edir.

 

İranlıların ən çox zülm gördüyü sahələrdən biri "çörək"dir. Beytdə "çörək" sözü iqtisadiyyat, dolanışıq anlamı daşıyır (beytdə üç "çörək" ("nan") sözü var). Çünki vətəndaşın mülkiyyət haqqı tanınmır, zəngin olmaq haqqı yoxdur, ölkədə aclıq, yoxsulluq, dilənçilik var, vergilər çox ağırdır, rüşvət halal qazanc imkanlarını yox etmiş, dərəbəylik nəticəsində vətəndaşın (təbəənin) çörəyi əlindən alınmışdır, insanlar şahın köləsinə çevrilmiş, bir qarın çörəyə məhkum olmuşlar...

 

Bu halda olan iranlılara Bəhram nə vəd edir, bunu necə dilə gətirir? "Heç kəsin" deyir, istisnaya yer qoymur, yəni mən bir qrupun deyil, xalqın şahıyam, hər kəsə qarşı ədalətli olacağam. Heç kəsin çörəyini (qazancını) zorla (zorakılıqla) əlindən almaram. "Zorla" sözü bu anlamı ifadə edir: siz dövlətə ancaq və ancaq ədalətli vergi qanunları ilə müəyyən edilmiş miqdarda vergi ödəyəcəksiniz, özbaşınalıq, dərəbəylik, soyğunçuluq, rüşvət yox ediləcək (misrada "qoşadən" feili var, "qoşay" biçimində, "açan", yəni mən vətəndaşın çörəyini əlindən alan sistemin qapısını açan olmayacağam).

 

"Bəlkə" ("bəlke", ikinci misranın başında olan bu söz Azərbaycan türkcəsində işlədilən güman (ehtimal, şübhə) anlamlı modal söz deyil (Bəhram təbəələrinə ümid verir, şübhə bildirən söz ümidə kölgə salar, belə ki ümiddə qətilik, əminlik var, bu halda, Bəhramın nitqində şübhə (tərəddüd) ifadə edən sözün olması imkansızdır). Mətndə "bəlkə" sözü birinci misra ilə əlaqə qurur, "əksinə" ("tərsinə") mənası yüklənir. İndi iki misranı birləşdirək: Heç kəsin çörəyini zorla almaram, əksinə... (tərcümədə bu məqam nəzərə alınmayıb). Əksinə, onun (təbəənin, təbəələrin) çörəyinə bir çörək də artıraram. Yoxsulluq dönəmi bitmişdir, sizə zənginlik vəd edirəm, ey iranlılar, bunu üç yolla gerçəkləşdirəcəyəm: ədalət, ədalətli vergi, hüququn (mülkiyyət hüququ da bunun içindədir) üstünlüyü...

 

Beytdə iki "mən" (Bəhram) vurğusu var, ikisi də şəxs sonluğu biçimindədir, feillərə artırılmışdır, qafiyə mövqeyindədir, bu mesajı verir: Bəhram sizə zənginlik gətirəcək, ey iranlılar, bu sadəcə söz deyil, həm də feil, iş, əməldir. Bəhram ümidi zənginlik üzərindən vermişdir.

 

 

OTUZ YEDDİNCİ BEYTİN

 

ŞƏRHİ: GİROV QOYARAM

 

Arzu şeytanı məni yoldan çıxara bilməz,

 

Mən arzumu günaha girov qoyaram.

 

Bəhram vədlərini bitirməyə çalışır (sırada bir beyt də var). Artıq vəd deyil, vədlərinin gerçəkləşəcəyinin təminatını verir. Belə düşünür: iranlılar fikirləşərlər ki, Bəhram hakimiyyətə gəlmək istəyir, bu vədlərlə bizim qəlbimizi qazanmağa çalışır, şah olandan sonra vədlərini yerinə yetirməyəcək (indi bizi aldadır).

 

O, iranlıları şübhələrdən qurtarmaq üçün bu vasitələri seçir: "arzum" deyir, bu sözdən iki kərə istifadə edir, nəfsini nəzərdə tutur. Sonra "div" sözünü seçir (tərcümədə "şeytan" kimi verilib). Div əsatiri varlıqdır, pisliyin simvoludur, "div", "arzu/nəfs" deyir, tərbiyə olunmamış nəfsin insanın düşməni olduğunu vurğulayır. Ağıl, iradə və qərarlılığı ortaya qoyur: o, yəni div kimi olan nəfsim məni yoldan çıxara bilməz, əmin olun, sizə verdiyim vədləri yerinə yetirəcəyəm.

 

Bəhram təminatının inandırıcılığını artırmaq üçün bir vasitəyə də yer verir: arzumu / nəfsimi günahıma girov qoymuşam, girov qoymaq təminat verməkdir. "Günah" sözü dini anlayışdır, Bəhram bu sözü seçməklə uca Allaha imanını dilə gətirir. Yəni vədlərimin gerçəkləşəcəyinin təminatı uca Allaha bağlılığımdır. Mən nəfsə/arzuya tabe olmağın günah/haram olduğuna inanıram, bilirəm ki, əməllərimə görə uca Allaha axirətdə mütləq hesab verəcəyəm. Düşünün, uca Allaha ürəkdən inanan Bəhram sizə yalan danışarmı?

 

 

OTUZ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: XOŞUNA GƏLMƏSİN

 

Görənlərin gözləri qabağında elə bir iş görmərəm ki,

 

O, yaradanın xoşuna gəlməsin.

 

Bəhram vədlərinin mütləq gerçəkləşəcəyinə təminat verərkən son nöqtəni qoyur. İki addım atır: birincisi, insanları şahid olaraq göstərir, mən gizli deyil, insanların gözü qarşısında (yazılı, məktub biçimində) vəd verdim. İkincisi, yenə uca Allaha, axirətə/hesaba imanını dilə gətirir.

 

Hakimiyyətim zamanı kimsə uca Allahın rizasına qarşı olan hər hansı bir işimə şahid olmayacaq. Mən sizdən deyil, uca Allahdan qorxuram, ona görə də hesabını verə bilməyəcəyim heç bir işim olmayacaq. Sizə uca Allahı şahid tutaraq söz verdim, bilirəm ki, Onun rizasını qazanmağın bir yolu var, o da saleh əməllərlə insanların dualarını almaqdır.

 

 

OTUZ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: AYAĞA DURDU

 

Şah bunları deyib öz fikrini bitirdikdə,

 

Möbidlərdən ən qocamanı ayağa durub...

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Nizami bu mərhələdə öncə Bəhramın sözlərinin iranlıların elçilərinə təsirini ifadə edir. Nəzərə alaq ki, Nizami öncəki mərhələdə Bəhramın ağıllı, zəkalı olduğunu bu vasitələrlə tanıtdı:

 

-o, iranlıların məktubunu sonadək dinlədi;

 

-məktubda xoşuna gəlməyən şeylər olsa da, qəzəbini boğdu, elçinin sözünü kəsmədi, sayğısızlıq etmədi;

 

-heç bir hazırlıq olmadan, düşünmək üçün vaxt istəmədən, kiminləsə məsləhətləşmədən iranlıların məktubundakı məsələlərə bir-bir cavab verdi;

 

- bəyəndiyinin, bəyənmədiyinin dəlillərini ortaya qoydu;

 

-ədalət duyğusunu itirmədi;

 

-iranlıların məktubundakı doğru tənqidləri qəbul etdi;

 

-ata ilə arasına məsafə qoydu, fərqi göstərdi;

 

- bioloji atalıqdan deyil, siyasi atalıqdan imtina etdi;

 

- iranlıları qorxutmadı, ümid verdi;

 

- öncəki həyatında qafil olduğunu söylədi;

 

-vədlərini sıraladı: ağıllı insanların məsləhətləri ilə idarə olunacaq ədalətli hakimiyyət, mal, can, şərəf toxunulmazlığı, adil məhkəmə sistemi, iqtisadi inkişafa, xalqın zənginləşməsinə yol açacaq vergi qanunları, mərhəmət və bağışlama...;

 

- vədlərinin gerçəkləşəcəyinin təminatı olaraq uca Allah qorxusunu göstərdi;

 

Şərh olunan keçid beytində Nizami Bəhrama şah deyir (o, iranlılara cavabının bütün mərhələlərində özünü İranın şahı kimi aparır). O, fikirlərini açıqladı, rəyini (iranlıların məktubuna münasibətini) bildirdi.

 

İrandan gəlmiş elçilər arasında din xadimləri önəmli yer tutur. Onların ən yaşlısı ("pirtər"), Nizami ona "moubed" / "mubed" deyir (zərdüştlərin ruhanisi), ayağa durur (elçilərin sırasında din xadimlərinin olması bir ənənədir, Bəhramla münasibətləri yumşaltmaq üçündür).

 

QIRXINCI BEYTİN ŞƏRHİ:

 

HİKMƏT VERƏNSƏN

 

Dedi: "Sən bizə öz hökmranlığında,

 

Həm ağıllı, həm də hikmət verənsən.

 

Nizami Bəhramın nitqinin təsirini bu vasitələrlə ifadə edir: yaşlı (müdrik) din xadimi uyğun üslub seçir, belə ki diplomatiyanın, özəlliklə İran diplomatiyasının ən önəmli vasitələrindən biri olan tərifə yer verir (üsul budur: öncə tərif, sonra tənqid). "Ma" ("biz") deyir, iranlıları nəzərdə tutur, bu Bəhramı böyütmə vasitəsidir, yəni mənə deyil, bütün iranlılara.

 

Sən bizim üçün uca Allahın seçdiyi nemətsən. Mətndə "xodəvəndi" sözü var, bu sözün həm "Allahlıq", həm də "sahiblik", "ağalıq", "böyüklük", "şahlıq" anlamları var. Müdrik qocanın Bəhramın böyüklüyünü vurğulamaq üçün məhz "xodavəndi" sözünü seçməsi təsadüfi deyil, belə ki o, Bəhramın şahlığını qəbul edir (Bəhramın istədiyi ən önəmli şeyi söyləyir), həm də sadəcə özünün deyil, iranlıların qəbul etdiyini "biz" vurğusu ilə dilə gətirir.

 

Müdrik qocanın tərifləri davam edir: o, Bəhramın tərifli yönlərinin çox olduğunu göstərmək üçün "həm", "həm də" iştirak bağlayıcısına yer verir, yəni saymaqla bitməz, ancaq o, Bəhramın iki önəmli özəlliyini ayrıca vurğulayır: birincisi, bizə (iranlılara) ağıl bəxş edən (ağıllı) şahsan (cavabların nə dərəcədə ağıllı olduğunu göstərir), ikincisi, "xerədmənd"sən, alimsən, elmin var (bu söz tərcümədə "hikmətli" kimi verilib).

 

Müdrik din xadiminin nitqində Bəhramı məmnun edəcək dörd özəllik var: bütün İranın şahısan, uca Allahın seçdiyi nemətsən, ağıllısan, alimsən.

 

 

QIRX BİRİNCİ BEYTİN ŞƏRHİ: QAŞINA YAZDI

 

Sənin bizə dediyin xoş tinətli (sözləri),

 

Ağıl (bizim) ürəklərimizin qaşına yazdı.

 

Müdrik qocanın tərifləri davam edir. Onun nitqində bir məsələ diqqəti çəkir: Bəhrama "sən" deyir, bu müraciət biçiminin seçilməsinə həm yaşı imkan verir, həm də (daha çox) o, bu vasitə ilə arada səmimiyyət formalaşdırır. "Hər nə ki" dedin, yəni istisnaya, hər hansı bir etiraza yer yoxdur. Dediyin sözlərin hamısının təbiəti gözəl, doğru idi.

 

Müdrik qoca Bəhramın sözlərinin hamısını qəbul etdiklərini (o, bu məqamda elçilərin adından danışır) bu vasitə ilə çatdırır: sözlərin təsir gücünü, onlara içdən inandıqlarını, qəbul etdiklərini göstərmək üçün bədii danışır, deyir ki, dediyin sözləri ağıl (ağılın qəbul etdikləri sözlər idi, dəyərli, məntiqi var idi) ürəyin qaşına (şair burada "əbru" deyil, "negin" sözünü seçmişdir, "negin" üzüyün qaşıdır, qaş da üzüyün ən dəyərli hissəsidir) yazdı.

 

Müdrik qoca məhz "yazmaq" feilini seçir, yəni, ey Bəhram, sözlərin o qədər dəyərli idi ki, onlar sadəcə eşidilmədi, yazıldı, nəqş olundu, biz onları qəbul etdik, əsla unutmarıq, həm də kağıza deyil, ürəyimizə, ürəyimizin ən dəyərli yerinə yazıldı. Bir də onu ağıl (duyğular deyil) yazdı. Dəlili, məntiqi olan söz unudulmaz, inandırar, dəyişdirər...

 

 

QIRX İKİNCİ BEYTİN ŞƏRHİ: SƏNƏ YARAŞIR

 

Hamıya başçılıq sənin başına yaraşır,

 

Bu sürüyə baş çobanlıq da sənə yaraşır.

 

Müdrik qocanın (din xadiminin) tərifləri davam edir. O, Bəhrama yenə "sən" deyir, şahlığa layiq olduğunu vurğulamaq üçün vasitələr seçir: hələlik "şahım" sözünə yer vermir, o, indi İran şahı olan insanın elçisidir, ancaq Bəhramın şahlığa layiqliyini bütün vasitələrlə dilə gətirir, sözlərini bu hədəfə uyğun seçir: ağıllısan, elmlisən, sözlərinin dəlili, məntiqi var, o sözlər bizim ürəyimizin qaşına yazıldı.

 

O, bədii danışır, obrazlar seçir, bu yolla sözünün təsir gücünü artırır. "Sər" ("baş") qəlibinə yer verir, beytdə üç "sər" sözü var (biri "sərvər" biçimində). "Sənin başın", burada "sər" sözü ucalığı ifadə edir, sənin uca başın hamıya ("həme", bu söz özəlliklə seçilmişdir, böyük imperatorluğa, xalqlara) sərvər (başçı, şah) olmağa layiqdir (bu işin yaraşdığı biri var, o da sənsən).

 

Müdrik qoca ikinci misrada iki obraz seçir: baş çoban (çobanların ən böyüyü, yəni şah) və sürü. Bu sürüyə (xalqa) baş çoban olmaq bircə insana yaraşır, o da sənsən...

 

 

QIRX ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: SƏNİN BAŞINDADIR

 

Tacdarlıq sənin cövhərinə layiqdir,

 

Tac bizdə olsa da, sənin başındadır.

 

Müdrik qoca, əslində, həddini aşır. Belə ki o, bir elçidir, elçinin vəzifəsi məktubu aparmaq, verilən cavabı (məktubu) geriyə - təmsil etdiyi şaha gətirməkdir. Ancaq o, səlahiyyətinin sınırını aşır, Bəhramın sözlərinə münasibət bildirir, onu şahlığa layiq görür.

 

O, İran şahının cızdığı sınıra da hörmət edir. Belə ki İran şahı məktubunda Bəhramın hakimiyyət haqqını tanımış, şahlığının keçici olduğunu söyləmiş, Bəhramın bir az gözləməsini istəmişdi. Ancaq elçi Bəhramın sözlərinə münasibət açıqlayaraq həddini aşır. Nizami bu yolla Bəhramın sözünün təsir gücünü göstərir. O, elə ağıllı danışır ki, müdrik qoca bir anlıq elçi olduğunu unudur, özünü şərh vermək zorunda hiss edir. Bəhramla bağlı öncəki təsəvvürü alt-üst olur.

 

Müdrik qoca iki məsələni özəl olaraq vurğulayır: Bəhram hakimiyyətə layiq tək insandır, İran şahı olmaq onun halal haqqıdır. O, bu iki ana fikri ifadə etmək üçün son dörd beyti uyğun anlayışlarla doldurmuşdur: "şahlıq", "ağalıq", "sərvərlik", "başçılıq", "baş çoban", "tacidarlıq", "tac", "baş".

 

Tacidarlıq sənin gövhərinə (zatına, təbiətinə, fitrətinə) layiqdir (yaraşır). Doğrudur, tac bizdədir (başımızdadır demir, yəni faktiki olaraq İranda hakimiyyət bizim əlimizdədir, ancaq şahlığa / taca layiq olan biz deyilik), tac isə sənin başındadır, şah olan, şahlığa haqqı / layiq olan sənsən.

 

Beytin rədifi var, "sənindir" əvəzliyidir, Bəhramı nəzərdə tutur, deyir ki, şahlıq haqqı Bəhramındır.

 

 

QIRX DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: KİM DİRİ SAXLAYA BİLƏR

 

Güştasibin "Zənd"ini səndən savayı kim oxuya bilər?

 

Kəyan nəslini səndən savayı kim diri saxlaya bilər?

 

Müdrik qoca Bəhramın şahlığa layiqliyini, hakimiyyət haqqını bu vasitələrə yükləyir: onu fərqləndirir, bu məqsədlə "cöz" ("başqa", "qeyri", "özgə") qəlibini seçir, ondan iki kərə istifadə edir, heç bir istisnaya yer qoymur, hakimiyyət haqqı olan bir insan var, o da sənsən (səndən başqası yoxdur).

 

Sonra bu fikrini əsaslandırır: sən alimsən, elmin var, Güştasibin "Zənd"ini səndən başqa kim oxuya, anlaya bilər ("Zənd" - "Avesta" zərdüştlərin müqəddəs kitabıdır. Əslində, "Zənd" sonralar pəhləvi dilində "Avesta"ya yazılmış şərhdir). Yəni sən həm zərdüştlüyü, həm də astronomiyanı dərindən bilirsən.

 

Müdrik qoca Bəhramın dini bilməsini özəlliklə vurğulamışdır. Çünki İranda siyasətlə din iç-içə keçmiş, din xalqı idarə etmək üçün siyasətin əlində bir vasitə olmuşdu, ona görə də dövlət idarəçiliyinin hər pilləsində din xadimləri də yer tuturdular.

 

Müdrik qoca Bəhramı fərqləndirmək (seçmək) üçün ikinci misrada yenə "coz" qəlibinə yer verir. Kəyan (şahlar) nəslini təmsil edirsən, yəni sən şahlar nəslindənsən, hakimiyyət haqqı da bir tək sənə aiddir (başqasının belə bir haqqı yoxdur, monarxiya sistemində hakimiyyət bir nəslin haqqı, ortaq mülkiyyətidir).

 

O, mənanı gücləndirmək, Bəhramın hakimiyyət haqqını vurğulamaq üçün iki bədii suala yer verir: "Güştasibin "Zənd"ini səndən savayı kim oxuya bilər?" Yəni başqası yoxdur. "Kəyan nəslini səndən başqa kim diri saxlaya bilər?" Monarxiyanın davamı ancaq səninlə mümkündür.

 

Beytdə iki "sən" ("to") əvəzliyi var, ikisi də Bəhramı başqalarından seçməyə xidmət edir.

 

 

QIRX BEŞİNCİ BEYTİN ŞƏRHİ: AŞKAR OLUR

 

Bəhmən və Dara toxumu,

 

Səninlə aşkar olur.

 

Müdrik qoca (mətndə onun adı yoxdur) hakimiyyət haqqı olan tək insan Bəhramdır fikrinin ifadəsi üçün bu vasitələrə yer verir: "toxum" deyir, şahlar nəslini nəzərdə tutur, İranın siyasi tarixində önəmli yeri olan Əhəmənilər sülaləsindən iki şahın adını çəkir: Bəhmən və Dara.

 

Qoca bu iki şahı özəl olaraq seçmişdir, belə ki onlar İran tarixində önəmli qərarlara imza atmışlar. Müdrik qoca tarixi, Bəhramın nəslinin önəmli şəxsiyyətlərini xatırlatmaqla iki şeyə nail olur: Bəhramın tarix şüurunu təzələyərək onda qürur hissi oyadır, ikincisi, ən önəmlisi isə deyir ki, İranda şahlıq haqqı ancaq sənə aiddir (monarxiyanın tələbinə görə şah nəslindən olmayanın hakimiyyət haqqı yoxdur), tələbində haqlısan.

 

Misradakı "toxum" sözü də "sən şah (lar) nəslindənsən" anlamı daşıyır. "Sən" vurğusu deyir ki, Bəhramdan başqa hakimiyyət haqqı olan yoxdur. Bəhmən və Daranın toxumunun bircə daşıyıcısı var, o da Bəhramdır (Bəhram Yəzdigürdün tək övladı, varisidir).

 

Elçi bu sözləri ilə təmsilçisi olduğu İran şahının hakimiyyəti qanunsuz ələ keçirdiyini də vurğulamış olur.

 

 

QIRX ALTINCI BEYTİN ŞƏRHİ: SƏNSƏN

 

Siyaməkin təzə-tər meyvəsi sənsən,

 

Babək oğlu Ərdəşirin yadigarı sənsən.

 

Müdrik qoca İranda hakimiyyət haqqı olan bircə insan var, o da Bəhramdır fikrinin ifadəsində bu vasitələri seçir: İran tarixini dərindən bildiyini göstərən əlamətlər seçir, bu yolla Bəhramla arasında sevgi bağı formalaşdırır. Bəhramın nəslinə hörmətlə yanaşır, onlara dəyər verir, böyük işləri olan şahları seçir, ümumi danışmır, çox önəmli şahların adlarını çəkir (ad çəkmək sayğı əlamətidir), Bəhrama demiş olur ki, sən belə böyük şahların nəslindənsən, hakimiyyət haqqı da sənindir (Bəhramın ən çox sevdiyi, eşitmək istədiyi söz budur). O, tarixlə bu gün arasında bağ qurur, Bəhramı "yeni meyvə" adlandırır. Bu gün o böyük şahların yeganə təmsilçisi sənsən demiş olur.

 

O, Bəhramı böyütmək, hakimiyyətin tək varisi olduğunu göstərmək üçün İran mifologiyasına müraciət edir, Siyaməkin adını çəkir. Siyamək İran mifologiyasında dünyada birinci adam, ilk şah olmuş Kəymurəsin oğludur ("Şahnamə"nin qəhrəmanlarından biridir).

 

O, niyə bu qədər uzağa - mifologiyaya gedir? Demək istəyir ki, uca Allah sizi (nəslinizi) seçmiş, idarəetmə haqqını da sizə vermişdir (yer üzünün ilk insanı və ilk şahı sizdəndir).

 

Bu mifoloji bilgi Bəhramın hakimiyyət haqqını tanıdan ən önəmli vasitələrdən biri kimi çıxış edir, tarixdə (mifologiyada) qalmır, bu günə daşınır, Bəhramı Siyaməkin təzə meyvəsinə, tək varisinə çevirir, onun rəqiblərini sıradan çıxarır.

 

Müdrik qoca sonra deyir ki, Bəhram Babək oğlu Ərdəşirin yadigarıdır. O, Ərdəşirin atasının da adını çəkir. Niyə? Çünki İran tarixində Ərdəşir adlı bir neçə şah var. Sasanilər dövründə üç Ərdəşir hökmranlıq etmişdir (226-241; 379-383; 628-629). Onlardan ən məşhuru ikisidir, biri Bəhməndir (onun adı öncəki beytdə Dara ilə bir sırada çəkildi), o birisi Babək oğlu Ərdəşirdir. Ey Bəhram, sən adları İran tarixinə qızıl hərflərlə yazılmış şahların tək yadigarısan, biz sənə sahib çıxmalıyıq.

 

Beytdə "sənsən" qəlibi var, Bəhramı nəzərdə tutur, deyir ki, bu gün İran hakimiyyətinin tək varisi ("təzə meyvəsi", "yadigarı") sənsən.

 

 

QIRX YEDDİNCİ BEYTİN

 

ŞƏRHİ: SƏNƏ ÇATIR

 

Kəymurəs taxt və tacdan,

 

Gedəndən sonra şahlıq nəsilbənəsil sənə çatır.

 

Müdrik qoca (elçi) Bəhramın hakimiyyət haqqını bu vasitələrə yükləyir: Bəhramın adını İran şahları silsiləsinə yazır, ilk və son arasında bağ qurur.

 

Kəymurəsin adını çəkir, o, İran mifologiyasına görə ilk insan, ilk şahdır. Kəymurəs adının seçilməsinin səbəbi var. Mifoloji bilgiyə görə o, ilk insan, ilk şahdır, yəni bu nəsli uca Allah hakimiyyət üçün seçmişdir (təbii ki, bu bilgini İran şahları uydurmuşlar, məqsədləri hakimiyyətlərinə ilahi dəstək qazandırmaqdır).

 

Mətndəki "Kəymurəs" adı monarxist düşüncənin hakimiyyət anlayışını ifadə edir. Belə ki onlara görə hakimiyyətin mənbəyi xalq deyil, ilahidir. Əgər xalq olsa idi, başqasının da seçilmə haqqı olardı. Müdrik qoca da Kəymurəsin adını çəkməklə hakimiyyət haqqının Bəhrama məxsusluğunu ifadə edir, yəni, ey Bəhram, sən seçilmiş, hakimiyyətə layiq görülmüş insansan, uca Allahın seçdiyinə (mifik düşüncəyə görə) kimsə qarşı çıxa bilməz. Kəymuras taxt və tacdan ("sərir" və "kolah") getdi, şahlıq da şahbəşah (nəsilbənəsil) sənə çatır, bu, sənin halal, ilahi təminatlı haqqındır.

 

Beytdə yenə "sən" (Bəhram) vurğusu var, şahlıq ancaq və ancaq sənindir deyir.

 

 

QIRX SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: TACDAR YOXDUR

 

Şahlıq sənə öz ixtiyarınla çatmayır,

 

Cahanda səndən başqa tacdar yoxdur.

 

Müdrik qoca son nöqtəni qoyur. "Mülk" sözünü seçir, şahlığı, İran mülkünü nəzərdə tutur, əslində, İran və şahlıq sənin mülkündür demiş olur. Bu mülk sənə öz ixtiyarınla çatmır, yəni İranın şahı olmaq sənin seçimin deyil, o, nəsilbənəsil sizə aiddir, mirasdır, səndən başqa kimsənin İran şahı olmaq haqqı yoxdur.

 

"Dünyada" ("dər cahan"), müdrik qoca məkanı böyüdür, bu yolla Bəhramın dəyərini artırır, sonra "coz" ("başqa", "qeyri") qəlibinə yer verir, Bəhramı dünyada yaşayan hər kəsdən fərqləndirir, deyir ki, dünyada taca (şahlığa) layiq bir insan var, o da Bəhramdır.

 

Beytdə iki "to" ("sən") əvəzliyi var, ikisi də Bəhramı önə çıxarır. Beytin rədifi "nist" ("yoxdur") sözüdür, variantları rədd edir, deyir ki, şahlığa Bəhramdan başqa kimsənin haqqı, ləyaqəti yoxdur.

 

 

QIRX DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ŞƏRİKDİRLƏR

 

Həm cavan, həm də qoca möbidlərin,

 

Hamısı bir ağızla bu sözlərə şərikdirlər.

 

Müdrik qoca indiyədək dediyi sözlərə yekun vurur, dindarlar adından danışdığını, ortaq mövqeyi ifadə etdiyini söyləyir (bu tək mənim fikrim deyil). Vasitələr seçir: birincisi, "möbid" sözünü cəmdə işlədir ("möbidlər"), yəni din adamları Bəhramın şah olmasını istəyirlər. Bu, İranda önəmli siyasi-mənəvi nüfuzu olan dindarların Bəhramın tərəfinə keçməsi anlamını daşıyır.

 

İkincisi, müdrik qoca ortaq fikrin ifadəçisi olduğunu göstərmək üçün "gər" bağlayıcısına yer verir, onu misra içində təkrar edir, bu bağlayıcı "istər", "istərsə də" anlamına yüklənir, istər cavan, istərsə də qoca möbidlər olsun, fərqi yoxdur...

 

Üçüncüsü, misrada "həme" ("hamı") əvəzliyi var, istisnaya yer qoymur, bütün din xadimlərini əhatə edir. Dördüncüsü, "bir ağızdan" ("əz yek zəban"), bu da istisnanın yoxluğunu ifadə edən qəlibdir, yəni bütün din adamları şahlığın Bəhramın haqqı olduğu fikrinə şərikdirlər (ürəkdən istəyirlər).

 

 

ƏLLİNCİ BEYTİN ŞƏRHİ:

 

ƏSİRİYİK

 

Ancaq biz bəndələr (əl-qolu) bağlıyıq,

 

Çünki öz əhd və andımızın əsiriyik.

 

Müdrik qoca Bəhramı təriflədi, hakimiyyətin onun nəslinin haqqı olduğunu təsdiqlədi, dedi ki, şahlığa ləyaqəti olan bir insan var, o da Bəhramdır. Sonra din xadimlərinin mövqeyini açıqladı: bütün dindarlar Bəhramın şah olmasını istəyir...

 

Müdrik elçi yeni mərhələyə keçir, "leyk" ("ancaq") deyir, yuxarıda dediklərimiz doğrudur, ancaq... Biz (sənin şah olmağını istəyənlər) bəndələrik (əmrə tabeyik, İran şahının bəndələriyik), əli-qolu bağlıyıq, sərbəst hərəkət etmək imkanımız yoxdur. Belə ki İran şahı ilə əhd bağlamışıq, and içmişik, ona sadiq olacağımıza söz vermişik.

 

 

ƏLLİ BİRİNCİ BEYTİN ŞƏRHİ: ƏHD BAĞLAMIŞIQ

 

O taxtın üstündə əyləşən (kişi ilə),

 

Möhkəm əhd bağlamışıq.

 

Müdrik qoca din xadimlərinin seçim imkanının olmadığını ifadə edir, yəni ey Bəhram, biz sənin şah olmağını ürəkdən istəsək də, bu gün səni İranın şahı elan etmək imkanımız yoxdur. O, sözlərini diqqətlə seçir ki, Bəhramı incitməsin. Məsələn, İranın hazırkı idarəçisinə "şah" demir, onu tanıdarkən "taxtda əyləşən" ifadəsinə yer verir, yəni hakimiyyət haqqı olmasa da, taxtda oturmuşdur.

 

Biz onunla möhkəm əhd bağlamışıq (əl-qolumuzu bağlamışdır). İran dövlətçilik ənənələrinə görə təbəələr, o sıradan din xadimləri şaha biət edir, ondan başqasını şah kimi tanımayacaqlarına söz verirdilər. Biz də möhkəm (pozulması mümkün olmayan) əhd bağlamışıq, indi əhdimizi pozsaq, bu ənənələrimizə xəyanət olar.

 

 

ƏLLİ İKİNCİ BEYTİN ŞƏRHİ: ÜZ ÇEVİRMƏYƏK

 

Ki, ondan başqasının başına tac qoymayaq,

 

Onun qapısından üz çevirməyək.

 

Müdrik qoca "möhkəm əhdi"nin, pozulmayacaq andın, əli-qolu bağlayan sözün məzmununu açıqlayır: sözə "ke" ("ki") bağlayıcısı ilə başlayır, beyti öncəki iki beytə bağlayır.

 

O, sözlərini çox diqqətlə seçir, İranı idarə edən şəxsə "şah" demir, "o" ("onun" biçimində) deyir, bu qəlibi rədif kimi işlədir. Biz möhkəm əhd bağlamışıq ki, ondan başqasının başına tac qoymayaq. Söz vermişik ki, onun qapısından üz çevirməyək, vəfalı olaq, əsla xəyanət etməyək...

 

 

ƏLLİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DƏLİL LAZIMDIR

 

İndi isə elə bir möhkəm dəlil lazımdır ki,

 

Bizim əhdimizin öhdəsindən gələ bilsin.

 

Müdrik qoca sözlərini yenə çox diqqətlə seçir. O, biz əhdimizi əsla pozmarıq demir. Deyir ki, indi bizə əhdimizi pozmaq üçün dəlil lazımdır. Elə bir dəlil ki, əhdimizin hökmünü qaldırsın.

 

O, güclü dəlil anlamını ifadə edən ərəbcə "hüccət" sözünü seçir. Müdrik qoca vaciblik, bir qərarın hökmünü ləğv edən dəlil anlamını ifadə etmək üçün "bayəd" (- malı2) qəlibinə də yer verir. Yəni bizim əhdimizi pozacaq dəlil olmalıdır, o dəlil bizim əhdimizin öhdəsindən gəlməlidir. Sözün qısası, müdrik qoca Bəhramdan çıxış yolu istəyir.

 

 

ƏLLİ DÖRDÜNCÜ BEYTİN

 

ŞƏRHİ: XƏCALƏT ÇƏKMƏYƏK

 

Və biz öz ayinimizdən xəcalət çəkməyək,

 

Əhdimizi sındırıb ürəyimizi sıxmayaq.

 

Müdrik qoca İran şahı ilə bağladıqları əhdin pozulmasını istəyir. Bu, Bəhramın şah elan edilməsinin ən önəmli şərtidir. Ancaq bu köhnə əhdin hökmünü qaldıracaq dəlilə ehtiyac var. "Ta" deyir, yəni elə bir dəlil olmalıdır ki, biz (din adamları) öz ayinimizdən (onlar xalqın gözü qarşısında şaha vəfalı olacaqlarına and içirdilər) xəcalət çəkməyək. Bizə deməsinlər ki, siz şahınıza xəyanət etdiniz. Biz səndən İran şahından imtina etməyimizi əsaslandıracaq dəlil (hüccət) istəyirik. Belə bir dəlil olsa, biz əhdimizi pozmuş sayılmarıq, nəticədə, ürəyimiz sıxılmaz.

 

Beytin rədifi var, "nəşəvim" ("olmayaq"), yəni dəlil olmadan əhdimizi pozmaq istəmirik.

 

 

ƏLLİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: CAVAB VERDİ

 

Bəhram şah bu cavabı eşidib,

 

Onlara layiqincə cavab verib dedi:

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir, Bəhramın elçilərin dəlil tələbinə cavabı təqdim olunur. Bu vasitələr seçilir: Nizami ona şah deyir, "şah Bəhram", yəni İranın şahı Bəhramdır, cavabı da şaha layiqdir. O, elçinin sözlərini diqqətlə dinləyir, əsla sözünü kəsmir, sözünü bitirməsinə imkan verir. Yaraşan (layiqli) cavab verir.

 

 

ƏLLİ ALTINCI BEYTİN ŞƏRHİ: VƏFASIZ OLMASIN

 

Sizin üzrünüz rəva deyil,

 

Ağıllı adam gərək vəfasız olmasın.

 

Bəhram elçilərə rahatlıq verən sözlər seçir, elçiləri onun tərəfinə keçməyə məcbur etmir: sizin üzrünüz rəva deyil, üzr istəməyinizə ehtiyac yoxdur. Ağıllı o adamdır ki, vəfasız olmasın.

 

Mən sizi üzr istəməyə, vəfasız olmağa məcbur etmərəm. Ancaq elə bir dəlil ortaya qoyacağam ki, o, sizi xəcalət və vəfasızlıq damğasından xilas edəcək (Bəhram dolayısı ilə ağıllı, vəfalı adamları sevdiyini ifadə edir).

 

 

ƏLLİ YEDDİNCİ BEYTİN

 

ŞƏRHİ: UŞAQDIR

 

Sizin taxtınızı tutmuş mənim müxalifim,

 

Sizin qocamanınız olsa da, mənim üçün bir uşaqdır.

 

Bəhram İran xalqı ilə, İran şahını bir-birindən ayırır. İran xalqına hörmətlə, İran şahına nifrətlə yanaşır. O, nifrətini bu vasitələrlə təqdim edir: ona "İran şahı", ya da "şah" demir, hakimlik ifadə edən sözlərdən imtina edir, onun adını belə çəkmir...

 

Şərh olunan beytdə yeni əlamətlər seçir, "bu" deyir, İran şahını nəzərdə tutur, onu "müxalif" adlandırır, "müxalifim" demir (tərcümədə "mənim müxalifim" kimi verilmişdir), onu özünə layiq görmür, o, taxtı ələ keçirəndir, yəni hakimiyyət haqqı yoxdur, sizin taxtınızı tutmuşdur (mənim deyil, sizin), o, mənim üçün bir uşaqdır (Bəhram məhz "tefel" sözünü seçir, bu sözün baxıma ehtiyacı olan körpə anlamı var). O, sizin üçün "pir" (qoca, qocaman) olsa da, mənim üçün körpədir.

 

Beytin rədifi var, "şomast" ("sizindir") sözüdür: o, mənim deyil, sizin taxtınızı tutub, yəni mənim şahım deyil, onu şah kimi qəbul etmirəm, sizin böyüyünüz ola bilər, mənim üçün isə körpədir.

 

 

ƏLLİ SƏKKİZİNCİ BEYTİN

 

ŞƏRHİ: TÜK DƏ İNCİMƏZ

 

Tacı onun başından elə endirərəm ki,

 

Başında bir tük də inciməz.

 

Bəhram elçilərə deyir ki, sizi xəcalət və vəfasızlıqdan qurtaracaq dəlil ortaya qoyacağam. Siyasət ustasıyam, çıxış yolu tapmaq mənim işimdir. Tacını başından elə endirəcək, onu şahlıqdan elə məhrum edəcəyəm ki, başındakı bir tükü də inciməyəcək. Yəni zorla, silahla deyil, ağılla iş görəcəyəm.

 

 

ƏLLİ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: EH

 

TİYACI YOXDUR

 

Mənim şahlığımın üzr,

 

Və mudaraya ehtiyacı yoxdur.

 

Birinci misrada "mouğuf" sözü var, tərcümədə nəzərə alınmamışdır. Bu sözün "kəsilmiş", "qurtarmış", "bitmiş", "dayandırılmış", "son verilmiş" kimi anlamları var. Bəhram deyir ki, mənim şahlığım bitmiş deyildir. Çünki mən kiminsə rəyi ilə deyil, uca Allahın (taleyin) hökmü ilə (onun düşüncəsinə görə hakimiyyətin mənbəyi xalq deyil, uca Allahdır) şaham. O, bizim nəsli seçmişdir. Ona görə də hakimiyyət mənə qalmış mirasdır.

 

Mənim şahlığımın mudaraya, üzrə ehtiyacı yoxdur. "Modara" sözünün bu mənaları var: "mehribanlıq", "iltifat", "nəzakət", "nəvazişkarlıq"... Yəni İranın şahı olmaq halal haqqımdır, hakimiyyət kiminsə mənə iltifatı deyildir. Kimsə mənə minnət qoya bilməz.

 

Beytin rədifi var, "mən" əvəzliyidir, Bəhramı önə çıxarır, deyir ki, şahlıq onun haqqıdır.

 

 

ALTMIŞINCI BEYTİN ŞƏRHİ: MƏN ŞAHAM

 

Mən şaham və Cəmşidə qədər (arxalı) şahzadəyəm,

 

Şahlıq ağlı, qaralı mənə mirasdır.

 

Bəhram bu beytlərdə elçilərə cavab verir, İranın şahlığı halal haqqımdır tezisini önə çıxarır, kiminsə iltifatına ehtiyacım yoxdur deyir, bu vasitələri seçir: birincisi, mən (Bəhram) vurğusunu gücləndirir, belə ki cavab beytlərində (son dörd beytdə) yeddi "mən" əvəzliyi var, onlardan ikisi rədif mövqeyində, ikisi "mən" biçimində, üçü də şəxs sonluğu şəklindədir. Mesaj var: mən (Bəhram) İranın halal (gerçək) şahıyam, hakimiyyət yalnız mənim haqqımdır, şahlıq mənim nəslimin mirasıdır, onu bizə uca Allah vermişdir.

 

İkincisi, "şaham" deyir, misranı bu sözlə başlayır, bu gün İrandakı şahlıq haqqım qəsb olunmuşdur, o, geri alınacaq.

 

Üçüncüsü, Bəhram hakimiyyət haqqını göstərmək üçün Cəmşidin adını çəkir. O, İranın əfsanəvi (mifik) şahıdır (Firdovsinin "Şahnamə" epopeyasının qəhrəmanlarından biridir). Onun şahlığı zamanı yer üzündə səadət və rifah olmuşdur. (Cəmşid sonralar təkəbbürlənmiş, uca Allah da onu cəzalandırmışdır. Zalım Zöhhak onu vəhşicəsinə öldürmüş, yer üzündə zülm yayılmışdır. Rəvayətə görə, Cəmşidin ecazkar camı varmış, bu cam bütün dünyanı və hadisələri özündə əks etdirirmiş). Bəhram niyə Cəmşidin adını çəkmək ehtiyacı hiss edir? O, bu yolla hakimiyyət haqqını göstərir, deyir ki, Cəmşid şah olanda mən də şahzadə idim, hakimiyyət bizim nəslin mirasıdır...

 

Dördüncüsü, "mülk" sözünə yer verir, İran mülkünü nəzərdə tutur, deyir ki, mülk ağlı, qaralı mənim mirasımdır. Burada "ağlı", "qaralı" sözləri diqqəti çəkir. Yəni nəslimizin şahlığı dövründə ədalət və zülmün hakim olduğu dövrlər var. Mən bunları inkar etmədən mirasıma sahib çıxıram, Cəmşidin oturduğu taxt mənimdir, o taxtda başqasının oturmaq haqqı yoxdur.

 

 

ALTMIŞ BİRİNCİ BEYTİN ŞƏRHİ: TAXT VƏ TAC ALƏTDİR

 

Taxt və tac (yalnız) alətdir, şahlıq isə yox,

 

Belə alət olsa da olar, olmasa da.

 

Bəhram hakimiyyət mənim halal haqqımdır fikrinin ifadəsi üçün yeni vasitələr seçir: tac və taxtla şahlığı bir-birindən ayırır. Niyə? Çünki İranın gerçək şahı Bəhram olsa da, bu gün taxt və tac başqasına məxsusdur. Bəhram demək istəyir ki, mövcud İran şahı hakimiyyəti qəsb etmişdir (bu, onun tez-tez vurğuladığı, ən güclü dəlilidir).

 

Tac və taxt (iki önəmli hakimiyyət rəmzi) alətdir, şahlıq isə əsasdır, yəni indi tac və taxt ona məxsus olsa da, gerçək şah mənəm. O, tac və taxtı bir az da kiçildir, deyir ki, alət istər olsun, istərsə olmasın. Bu, gerçəyi dəyişdirməz, o, zorla qəsb etdiyi bir evdə oturmuş adam kimidir, gec-tez o evi (tac və taxtı) tərk edəcək.

 

ALTMIŞ İKİNCİ BEYTİN ŞƏRHİ: YER İSƏ TAXTDIR

 

Tacdar və taxt sahibi olan hər kəs üçün,

 

Göy tac, yer isə taxtdır.

 

Bəhram özünü böyüdür, İran şahını isə kiçildir, bu vasitələri seçir: onda olan tac və taxt, məndə olan şahlıqdır. Tac və taxt alət, şahlıq əsasdır. "Hər ke" ("hər kəs") deyir, istisnaya yer qoymur, hər kim ki həqiqətən tac və taxt sahibidir, göy onun tacı, yer isə taxtıdır, onun alət olan, süni tac və taxta ehtiyacı yoxdur.

 

Bir insan düşünün, o, şah deyil, ancaq tac və taxtı var, bu, gülməli deyilmi? Sizin elçisi olduğunuz İran şahının gerçək durumu da budur.

 

 

ALTMIŞ ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: QALMAMIŞDIR

 

Cəmşidin taxtı, Firidunun tacı,

 

İndiyədək daimi qalmamışdır.

 

Bu beyt də tac və taxt ilə şahlığı (ikisi alət, biri əsasdır) bir-birindən ayırır. Bəhram deyir ki, Cəmşidin taxtı (o, İranın ən böyük və ədalətli şahlarından biri olmuşdur), Firidunun tacı (Fəridun - İranın əsatiri şahı, "Şahnamə" eposunun qəhrəmanlarından biri, o, dəmirçi Kavənin rəhbərliyi ilə zalım Zöhhakı taxtdan salıb Elbrus dağının başına mıxladı. İran və Turan savaşları Firidunun oğlanları arasında uzun illər davam etdi. Firidun güc, var-dövlət, əzəmət simvoludur) indiyədək qalmamışdır. Onlardan qalan tac və taxt deyil, şahlıqdır.

 

Miras olan tac və taxt deyil, hakimiyyətdir, tac və taxtın deyil, şahlıq mirasının varisiyəm. Mən Cəmşid və Firidun soyundanam, hakimiyyət halal haqqımdır, sən isə şah nəslindən deyilsən, taxtda otursan da, başına tac qoysan da, şahlıq hüququn yoxdur.

 

 

ALTMIŞ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: TAXT DÜZƏLDİB

 

(Ancaq) hər kimin mayası olursa, başını ucaldıb,

 

Özü üçün tac və taxt düzəldib...

 

Bəhram tac və taxtın deyil, şahlığın önəmli olduğunu ifadə edir. Deyir ki, böyük nəslimin Cəmşid və Firidun adlı şahlarından bizə tac və taxt deyil, şahlıq miras qaldı. Sonrakı dönəmlərdə hər kəsin ki (istisna yoxdur) mayası, yəni gücü, ağlı, bacarığı oldu, o (onlar) başını ucaltdı, özünə tac və taxt düzəltdi.

 

Bəhram İran şahı olmağın iki şərtini açıqlayır: birincisi, şah nəslindən olmaq, bu, hakimiyyət haqqı qazanmağın olmazsa olmaz şərtidir, ikincisi, mayası, hünəri, ağıl gücü olmaq (şah nəslindən olan hər kəsə şahlıq nəsib olmadı).

 

Şah nəslindən deyilsənsə, oturduğun taxtın, başındakı tacın heç bir önəmi yoxdur. Bu sözlər də hakimiyyəti ələ keçirmiş İran şahına ünvanlanmışdır (Bəhram hər fürsətdə onun hakimiyyət haqqı olmadığını vurğulayır).

 

 

ALTMIŞ BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: ALARAM

 

Mən ki taxt və tac yoluna bələdəm,

 

Qılıncım var, qılıncla onları alaram.

 

Bəhram İran şahı olmaq mənim haqqımdır fikrinin əsaslarını açıqlayır. İki dəlil göstərir: şah nəslindənəm, hünərim var.

 

Bəhram meydan oxuyur, təhdid edir, o, hücum mövqeyindədir, bu vasitələri seçir:

 

- İran şahı uşaqdır;

 

- tacı onun başından endirəcəyəm;

 

- şahlığımın kimsənin iltifatına ehtiyacı yoxdur;

 

- kimsənin minnətini götürmərəm;

 

- mən şaham;

 

- Cəmşid nəslindənəm;

 

- şahlıq mirasımıza bütün yönləri ilə sahib çıxıram;

 

- tac və taxt önəmli deyil, önəmli olan şahlıqdır;

 

- göy üzü tacımdır;

 

- yer üzü taxtımdır;

 

- Firidunun nəslindənəm;

 

- şahlıq halal haqqımdır;

 

- hünərim var, ağıllı, bacarıqlıyam;

 

Bəhramın təhdidləri davam edir, o, bu vasitələri seçir: "mən ke" ("mən ki") deyir, ədatla nitqini, mən vurğusunu gücləndirir, mən o Bəhramam ki, tac və taxtın yolunu, hakimiyyətə gəlməyin üsulunu bilirəm, siyasi zəkam var.

 

Hakimiyyətə gəlməyin iki yolu var: iti ağıl (siyasi zəka) və güc. Qılıncım var, yəni hakimiyyət yolumu kəsən düşmənləri məğlub edəcək hərbi gücə sahibəm. Bəhram hədənin dərəcəsini artırmaq üçün "qılınc" ("tiğ") sözünə iki kərə yer verir, qılıncım (hərbi gücüm) var, hakimiyyəti qılıncla alaram, savaşacaq, düşmənlərimi məğlub edəcəyəm.

 

 

ALTMIŞ ALTINCI BEYTİN

 

ŞƏRHİ: HÖRÜMÇƏKDİR

 

Mənim yerimi tutmuş o qəddar,

 

Mağarada tor hörmüş bir hörümçəkdir.

 

Bəhramın hədələri davam edir. O, İranda hakimiyyəti ələ keçirmiş şəxsi şah kimi hiss etdirəcək sözlərə yer vermir, onu kiçildir, alçaldır, qorxudur. Bu məqsədlə "mənim yerim" deyir, İran şahlığını nəzərdə tutur. Yəni sənin o taxtda oturmaq haqqın yoxdur. İran şahı olmaq mənim halal haqqımdır.

 

Sonra ona "qəddar" adını qoyur. Burada "qəddar" sözü "zalım" anlamını daşıyır. Öz yerində olmayan adam zalımdır, bir şeyi haqqı olan yerə qoymamaq da zülmdür. Bəhramın yerini də işğal edən qəddardır. Haqqı olmadığı halda Bəhramın yerini tutmuşdur, üstəlik, ona məktub yazır ki, hakimiyyət tələbindən keçici olaraq əl çək.

 

O, mənim yerimi tutmuş olsa da, Bəhram "gər" ("əgər") deyir, şərt qoyur, yəni taxtda otursa da, bu mövqeyi gücü ilə əldə etməmişdir, indi də gücü yoxdur, çox zəifdir. O, bu zəifliyin dərəcəsini ifadə etmək üçün mağaranın önündə tor qurmuş hörümçək obrazını seçir. Hörümçək torunun (evinin) heç bir təsirə müqavimət imkanı yoxdur, üfürsən, yıxılar (Qurani-Kərimdə uca Allah Ondan başqalarını ilah olaraq qəbul edənlərin halını hördüyü toru evə çevirən dişi hörümçəyin halına bənzədir. Sonra da buyurur: "... Evlərin ən çürüyü, əlbəttə, hörümçək torudur. Kaş bunu qavraya idilər".

 

 

ALTMIŞ YEDDİNCİ BEYTİN ŞƏRHİ: İCAZƏ İSTƏYƏRMİ?

 

Mağaranın qapısına gəlmiş əjdaha,

 

O hörümçəkdən özü üçün qəbul icazəsi istəyərmi?

 

Bəhramın təhdidləri davam edir. O, bu vasitələri seçir: üslubunu dəyişir, bədii dilin imkanlarından yararlanır ki, sözünün təsir gücü artsın. Öncə mübaliğəyə yer verdi: "Göy tac(ım), yer taxt(ım)dır", sonra təşbeh seçdi, hakimiyyəti ələ keçirmiş İran şahını mağarada tor qurmuş hörümçəyə bənzətdi, indi də bədii təzaddan istifadə edir, özünü böyüdür, düşmənini kiçildir. Deyir ki, mən mağaranın qapısına (İranın, şahlığın qapısına) gəlmiş əjdahayam (əjdaha böyük ilandır, yüz il yaşayan ilan əjdaha olar, ağzından alov saçar, nəfəsi ilə başqa varlıqları udar). Düşmənim isə məni içəri buraxmamaq üçün mağaranın ağzında tor qurmuş hörümçəkdir.

 

Bəhram əjdaha və hörümçək obrazları ilə qeyri-mümkünlüyü ifadə edir, yəni hörümçəyin əjdahanın yolunu kəsməsi imkansızdır, mən qarşısıalınmaz bir gücəm.

 

O, bədii dildən yararlanmağa davam edir, imkansızlığın (İran şahının hakimiyyətə gedən yolumu kəsmək imkanı yoxdur) ifadəsi üçün bədii sual seçir: mağaranın qapısına gəlmiş əjdaha içəri girmək üçün hörümçəkdən icazə istəyərmi?

 

 

ALTMIŞ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: AYAQLAŞA BİLƏRMİ?

 

Qarışqa Cəbraillə həmcins ola bilərmi?

 

Ağcaqanad fillə ayaqlaşa bilərmi?

 

Bəhramın məqsədi qarşısıalınmaz güc olduğunu göstərməkdir. O, qeyri-mümkünlüyü ifadə edir, yəni kimsənin onun hakimiyyətə gedən yolunu kəsmək imkanı yoxdur. Bu məqsədlə vasitələr seçir: qorxudur, təhdid üslubuna yer verir, məcazi danışır, bədii təzadın imkanlarından yararlanır, müqayisəsi mümkün olmayan obrazları bir araya gətirir, düşməninə qarışqa, özünə Cəbrail deyir. Qarışqa yerdə yavaş-yavaş hərəkət edən, zəif bir varlıq, Cəbrail isə məkanı sonsuz göylər olan, güclü, sürətli bir mələk. Sonra da "key?" ("nə zaman?") sual əvəzliyini mətnə yerləşdirir: nə zamandan qarışqa Cəbraillə həmcins olub?

 

Qeyri-mümkünlüyün (qarşısıalınmaz gücün) ifadə biçimləri davam edir. Bəhram düşməninə ağcaqanad, özünə fil deyir. Bədii təzadın ardınca bədii sual gəlir: ağcaqanad (bu qədər aciz bir varlıq) fillə ayaqlaşa bilərmi? (Ağcaqanadın tək silahı sancmaqdır, ancaq o, fili sanca da bilmir, çünki filin dərisi qalındır). İndi düşünün, sizin hörümçək, qarışqa, ağcaqanad olan şahınızın əjdaha, Cəbrail, fil olan Bəhramın qarşısında durmaq imkanı varmı?

 

 

ALTMIŞ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: SƏSİ GURLASIN

 

Gur şücaətli nəğməsini o vaxta qədər ucaldar

 

Ki, şirin ağ möhrəsinin səsi gurlasın.

 

Bəhram düşməni (İran şahı) ilə fərqinin görünməsini, hakimiyyətə gedən yolunun kəsilməsinin imkansızlığının bilinməsini, qarşısıalınmaz güc olduğunun anlaşılmasını istəyir, ona görə də bədii təzaddan çox istifadə edir, bu yolla da həqiqətin açıq-aşkar olmasını, qavranılmasını təmin edir.

 

Ona qarşı gəlməyin imkansızlığını göstərmək üçün müqayisəsi qeyri-mümkün olan varlıqları müqayisə edir. Yeni zidd anlayışlar seçir: gur və şir. Gur bir çöl (yaban) eşşəyidir. Bəhram düşmənini gura bənzədir. Onu ələ salır, gurun "şücaətli nəğməsi" ("təraneyi delir") deyir, burada hər iki söz ("şücaət", "nəğmə") istehza çaları daşıyır. Belə ki gurun şücaəti şirin səsini eşidənə qədərdir. İkincisi, onun gözəl səsi (nəğməsi) yoxdur, o anqırır, anqırması da şirin səsini eşidənədək davam edir. Sizin şahınız da belədir, qarşısında güclü rəqib görmədiyi üçün özünü şah zənn edir, gözəl səs eşitmədiyi üçün eybəcər səsinin nəğmə olduğunu düşünür...

 

Gurun şücaətli nəğməsi şirin ağ möhrəsinin səsi eşidilənədək davam edər (nə qədər ki şirin ağ möhrəsinin səsi eşidilməyib gur nəğməsini oxuyar). Bəhram şirin ağ möhrəsinin səsi deyərkən nəyi nəzərdə tutur? O, qorxunc, eşidənləri dəhşətə salan bir səs təsvir edir. Şirin savaşda ağ möhrəsini cama atmasının anlamı budur: savaş zamanı fillərin belinə çox böyük cam, tas, ya da qutu bağlayır, içinə də möhrələr (ağ muncuqlar) atırdılar. Fillər hərəkət etdikcə ətrafa qorxunc səs yayılır, düşməni qorxuya salırdı.

 

Bəhram ağ möhrələrinin səsi (naləsi) eşidənləri dəhşətə salan, savaşan, qızmış şirdir. Sizin gur kimi olan şahınızın naləsi dağı, daşı titrədən, bağırtısı insanları dəhşətə salan şir Bəhramın qarşısında edəcəyi bir şey varmı?

 

 

YETMİŞİNCİ BEYTİN ŞƏRHİ: NƏ YERİ VAR?

 

Günəşin yanında, xüsusən, o, Həməl bürcündə olanda,

 

Belə yüz çırağın nə yeri var?

 

Bəhramın təhdidləri davam edir, o, imkansızlığı, qarşısıalınmaz güc olduğunu vurğulayır, sözünün təsir gücünü artırmaq üçün obrazlı danışır, yenə bədii təzad seçir. Bir yanda bütün aləmi nura qərq edən Günəş, o biri yanda yüz çıraq var. O Günəş (Bəhram) Həməl bürcündədir. Bu, qoç bürcüdür. Günəş bu bürcə mart ayında girir, nəticədə, qış bitir, yaz fəsli gəlir, gecə ilə gündüz bərabərləşir, aləm nura boyanır, əkin, biçin, bolluq, bərəkət dövrü başlayır.

 

Bəhram sözünün təsir gücünü artırmaq üçün bədii suala yer verir: Günəş Həməl bürcündə aləmə nur saçıb yeni (işıqlı, barlı, bərəkətli) bir dövrün gəldiyini xəbər verərkən belə (bu cür) yüz çırağın onun yanında nə yeri (dəyəri) var ki?

 

Yəni Bəhram adlı Günəş varsa, sizin çıraq kimi olan şahınız dəyərini itirməyə məhkumdur. Artıq Günəş doğulmuş, çıraqlar anlamını itirmişdir.

 

 

YETMİŞ BİRİNCİ BEYTİN

 

ŞƏRHİ: HARINLAŞIR

 

Böyüklərin qarşısında zəlil olan eşşək,

 

Uşaqlara yetişəndə harınlaşır.

 

Bəhram İran şahını ikiüzlülük, şəxsiyyətsizlik, ölçüsüzlükdə ittiham edir. Onu eşşəyə bənzədir. "Xər ke" (elə bir eşşəyə ki) böyüklərin (gücü çatmadıqlarının) qarşısında zəlil olur (orijinalda "zəbun", bu sözün "zəif", "süst", "gücsüz", "xar", "zəlil", "bədbəxt" kimi mənaları var), yəni onlara yaltaqlanır, bütün əmrlərini yerinə yetirir.

 

Elə ki uşaqlara (gücü çatdıqlarına) yetişir (çatır), harınlaşır, qudurur, zülm edir. Məsələlərə həqiqət, ədalət, şəfqət ölçüsü ilə deyil, adamına görə baxır, simasızdır.

 

YETMİŞ İKİNCİ BEYTİN ŞƏRHİ: RƏVADIRMI?

 

Mən yadların evində çətinliklə yaşayarkən,

 

Mənim evimin ev aparanlar əlində olması rəvadırmı?

 

Bəhram nitqində yeni mərhələyə keçir. O, İran şahı olmağı sadəcə bir hakimiyyət məsələsi kimi görmür, bu işi şərəf məsələsi sayır. Hakimiyyət haqqı olan nəslinin şərəfinin ləkələndiyini düşünür, bu ləkənin silinməsi üçün savaşacağını bəyan edir.

 

Bu vasitələri seçir: özünü İrana doğmalaşdırır, İranı, o sıradan İran hakimiyyətini şəxsi mülkiyyəti saydığını (İran mənimdir, məndən başqa kimsənin bu mülkə sahib çıxmaq haqqı yoxdur) açıq bəyan edir. "Mən ke" ("mən ki") deyir, yəni mən o Bəhramam ki, uzun illər yadların (ərəblərin) evində çətinliklə yaşadım. Orada yaşayarkən Bəhram İrana "ölkəm", "dövlətim" demir, İran mənim şəxsi mülkiyyətimdir anlayışını ən gözəl (açıq) biçimdə ifadə edən "mənim evim" qəlibini seçir.

 

Sonra hakimiyyəti ələ keçirən İran şahına, onun əlaltılarına "oğrular" ("ev aparanlar") adını qoyur. Mesajı budur: şərəfli insan evini oğrulardan geri alar, mən şərəf sahibiyəm, şahlar nəslinin tək nümayəndəsiyəm, evimi (İranımı) mütləq geri alacağam.

 

 

YETMİŞ ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: CİYƏRİMDİR

 

Düşmənin yediyi bal, ya şəkərdir,

 

Mənim xörəyim isə ya ürəyim, ya da ciyərimdir.

 

Bəhram İran şahlığının haqqı olmayan bir insanın əlinə keçməsinin onun üçün hansı anlama gəldiyini ifadə edir. Mövcud İran şahını "düşmən" ("xəsm", amansız düşmən) adlandırır. Deyir ki, o, hakimiyyəti ələ keçirmişdir, yeməyi ya bal, ya da şəkərdir.

 

Sonra bədii təzadın ikinci tərəfini tanıdır: mənim xörəyim isə ya ürəyim, ya da ciyərimdir. Niyə? Çünki mənim (nəslimin) şərəfi əldən getmişdir, nəslimin şahlıq zənciri qırılmışdır. Şahlıq haqqını geri qaytaranadək mənim üçün heç bir şeyin anlamı yoxdur, yemək, içmək, yatmaq haramdır.

 

 

YETMİŞ DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: YAX

 

ŞIDIR

 

Qılınc və xəncər öz ciyərimi yeməkdən yaxşıdır,

 

Xəncərin göbəyə, qılıncın boyuna enməyi yaxşıdır.

 

Bəhram İrandakı şahlıq haqqını geri almağın onun üçün şərəf işi olduğunu israrla vurğulayır. Qətiyyətini ortaya qoyur: kimsə və heç bir təklif (mövcud İran şahı ona qorxusuz yaşama və xəzinə vəd etmişdi) məni şahlıq hədəfimdən yayındıra bilməz.

 

O, iradəsini, haqqı uğrunda savaşacağını, şərəfini qoruyacağını göstərmək üçün bu vasitələri seçir: müqayisə şəraiti hazırlayır, bu məqsədlə "beh" ("daha yaxşı") qəlibinə yer verir. Müqayisənin bir tərəfində ciyərini yemək, yəni şərəfi əldən getdiyi üçün dərd çəkmək, şərəfsiz yaşamaq, o biri tərəfində isə şərəfi uğrunda savaşıb ölmək var.

 

O çəkinmədən ölümü seçir, seçimini iki vasitə ilə bildirir: qılınc və xəncər (şərəf üçün savaş, ölüm) ciyər yeməkdən (şərəfsizcəsinə oturub dərd çəkməkdən) daha yaxşıdır. Xəncərin göbəyə soxulmağı, qılıncın boyuna enməyi (yəni ölüm) şərəfsiz yaşamaqdan daha yaxşıdır.

 

Ey iranlılar, İran şahı olmaq mənim üçün şərəf məsələsidir, sizinlə savaşacağam, ölüm belə məni bu yoldan çəkindirə bilməz.

 

 

YETMİŞ BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: ƏRƏBİSTANDA

 

QALMIŞDIR

 

Bütün əcəm mülkü mənim xəzinəm olarkən,

 

Ailəm Ərəbistanda qalmışdır.

 

Bəhram İran şahlığının onun üçün bir şərəf məsələsi olduğunu, bu yolda qətiyyətlə savaşacağını ifadə etmək üçün yeni vasitələr seçir: bütün əcəm (İran, ərəblər ərəb olmayanlara əcəm deyirdilər) mülkü mənim xəzinələrimdir, İran nəslimin mülküdür, şahlıq da halal haqqımdır. Belə olduğu halda, ailəm (qəbiləm) ərəbdə (ərəb ölkəsində, Yəməndə) qalmışdır, ərəbə sığınmışdır. Bu, mənim üçün şərəfsizlik deyilmi? Yəni mən bu şərəfsizliyi əsla qəbul etmərəm, şərəfimi qorumaq üçün savaşı, ölümü gözə almışam.

 

Beytin rədifi var, "mən" əvəzliyidir, deyir ki, şahlıq Bəhramın halal haqqıdır, o, şərəfi uğrunda savaşacaq.

 

 

YETMİŞ ALTINCI BEYTİN

 

ŞƏRHİ: QURBAN EDİR

 

Gah Munzir mənə bir süfrə yemək yollayır,

 

Gah da Neman öz canını mənim üçün qurban edir.

 

Bu, öncəki beytlərin davamıdır, deyir ki, hakimiyyət Bəhram üçün şərəf məsələsidir. İran mülkü mənim olduğu halda, ailəm ərəbə sığınmışdır, gah Münzir mənə bir süfrə yemək yollayır, gah da Neman öz canını mənə qurban edir. O, dostlarının sədaqətini qiymətləndirməklə yanaşı, onlara möhtac olduğunu da deyir.

 

Bəhram ərəbə sığınmaq, ərəbə möhtac olmaq, onun qoruması altına girmək məsələsini bilərəkdən təkrar edir. Belə ki iranlılar ərəbləri sevmir, onlara düşmən kimi baxırdılar. Bir iranlının özəlliklə ərəbə sığınması şərəfsizlik sayılar, əsla qəbul edilməzdi.

 

Bəhram da iranlı olduğunu söyləyir (uzun illər yadlar (ərəblər) arasında yaşadığını açıq bildirir). Yəni İran halal mülküm olduğu halda, ailəmin ərəbə sığınmağı, özümün (şahın) ərəbin bir süfrə yeməyinə möhtac olmağım şərəfsizlik deyilmi? Qeyrətli Bəhram bu şərəfsizliyi əsla qəbul etməz, şərəfi uğrunda savaşar, ya ölər, ya da şah olar.

 

 

YETMİŞ YEDDİNCİ BEYTİN ŞƏRHİ: GÜNAHKARLAR

 

İSƏ ELƏ!

 

Mənə çörək verən tacdarlar belə,

 

Mənim çörəyimi yeyən günahkarlar isə elə!

 

Bəhram onu qoruyan ərəblərlə,

 

ona xəyanət edən iranlıları (onların təmsilçilərini) müqayisə edir. Öncə ərəbləri tanıdır: öncəki beytdə onlardan ikisinin adını çəkdi: Münzir mənə bir süfrə yemək yollayır, ehtiyaclarımı sevə-sevə təmin edir. Neman da öz canını mənim üçün qurban edir, uğrumda ölməyi şərəf sayır. Mən onların qonağıyam, çörək verirlər, mənə şah kimi baxırlar, onlar tac sahibi insandırlar, yəni başları uca, şərəfli, dəyər verən insanlardır.

 

Mənim çörəyimi yeyənlər - İran halal mülküm, iranlılar da təbəələrimdir, dolayısı ilə, mənim çörəyimi yeyirlər. Onlar (İranda hakimiyyəti ələ keçirənlər) günahkar, nankor (çörək itirən), vəfasız, xəyanətkar insanlardır. Mənə arxa çevirdilər, hakimiyyəti qanunsuz olaraq ələ keçirdilər.

 

 

YETMİŞ SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: NECƏ TUTA BİLƏR?

 

Mən ölkələr tutan cavan aslan kimiyəm,

 

Mənim yerimi o qoca tülkü necə tuta bilər?

 

Bəhram ona xəyanət etmiş, verdiyi çörəyi tapdalamış iranlılara (onların təmsilçilərinə) meydan oxuyur. Bu vasitələri seçir: birincisi, son yeddi beytdə on "mən" əvəzliyi var (bəzən misra "mən" əvəzliyi ilə başlayır, bəzən "mən" rədif olur, bəzən şəxs sonluğu kimi çıxış edir). İkincisi, özünü cavan şirə (şir deyil) bənzədir, təşbehdən yararlanır, mən cavan şirəm. Üçüncüsü, elə bir şirəm ki, o, vilayət tutur, yəni fatehəm, işim ölkələr fəth etməkdir.

 

Dördüncüsü, "mənim yerim" deyir, İran şahlığını nəzərdə tutur, hakimiyyət mənim haqqımdır, sən qanunsuz olaraq yerimi tutmusan. Beşincisi, sözünün təsir gücünü artırmaq üçün bədii dilin imkanlarından yararlanır, hakimiyyəti ələ keçirmiş şəxsi "qoca tülkü" adlandırır. Altıncısı, bədii təzada yer verir: cavan şir (Bəhram), qoca tülkü (İran şahı), qoca tülkü cavan şirə nə edə bilər ki? Yeddincisi, qeyri-mümkünlüyü ifadə etmək üçün bədii sual seçir: ölkələr fəth edən cavan şirin yerini qoca tülkü necə tuta bilər? Bu, mümkündürmü?

 

 

YETMİŞ DOQQUZUNCU BEYTİN ŞƏRHİ:

 

NECƏ XƏRAC VERMƏK OLAR?

 

Mən Keyəm, düşmən tacımı necə ala bilər?

 

Keyzadədən başqasına necə xərac vermək olar?

 

Meydan oxuma davam edir. Bəhram yenə "mən-mən" deyir. Misra belə başlayır: "şah" ("key") mənəm. Bəhram bilərəkdən İran dövlətçilik ənənəsində şah anlamını daşıyan "key" siyasi terminini seçir. Demək istəyir ki, İran nəslimin mülküdür, bu dövləti biz qurmuşuq, mən o qurucu nəslin tək varisiyəm, hakimiyyət mənim haqqımdır, key nəslindən olmayanın şahlığı imkansızdır.

 

Beytdə dörd "key" qəlibi var: ikisi şah anlamını, ikisi də "nə zaman?" mənasını daşıyır (bu fərqli mənalı sözlərin yazılışı eynidir). O, İran şahını "müxalif" adlandırır, "mənim müxalifim" demir, onu rəqib kimi görmür. Buradakı "müxalif" sözü hakimiyyət haqqı olmamağı ifadə edir. Sonra bədii sual seçir, imkansızlığı göstərir: müxalif (hakimiyyət haqqı olmayan nə zamandan şahlıq haqqı olanın tacını başına qoymuşdur? Belə bir örnək varmı?)

 

Bəhram ikinci misrada hakimiyyətin halal haqqı olduğunu vurğulamaq üçün "keyzadə" ("şahzadə") sözünü seçir, mən şah nəslindənəm, bu gün də tək şahzadəyəm, İran şahı mənəm demiş olur, kimsəyə şahlıq haqqı tanımır.

 

Şah olmağın bir əlamətini də tanıdır: ona xərac (vergi) verərlər, vergi almaq onun haqqıdır. Sonra bədii suala yer verir, imkansızlığı ifadə edir: keyzadədən başqasına necə xərac vermək olar? (Nə zamandan şahzadə olmayana vergi verilir?)

 

 

SƏKSƏNİNCİ BEYTİN ŞƏRHİ: HEÇ KƏSİN OLA BİLMƏZ

 

Keylərin yeri yalnız Keylərə yaraşar,

 

Keylərin yeri Keylərdən başqa heç kəsin ola bilməz.

 

Bəhram qeyri-mümkünlüyü ifadə edir: şah nəslindən olmayanın şahlıq haqqı yoxdur (bu, onun İran şahına qarşı ən güclü dəlilidir və tez-tez istifadə edir). Vasitələr seçir: "mən" əvəzliyinə çox yer verir, yəni şahlıq haqqı mənimdir, ikincisi, "şah" sözünü önə çıxarır, əski variantı seçir, "key" deyir, bu qəlibin seçilməsinin səbəbi var: şahlıq (keylik) qədimdən bizim nəslin haqqıdır, üçüncüsü, son iki beytdə altı "key" sözünə yer verir ("key", "keyzadə", "keylər" biçimində), dördüncüsü, keylərin ("kiyan") yeri keylərə yaraşar, bu cümlənin iki vurğusu var: mən şah nəslindənəm, hakimiyyət mənim haqqımdır, ey İranın şahlıq taxtını ələ keçirən şəxs, sən haqqın olmayan yerdə oturmusan, beşincisi, Bəhram "coz" (qeyri, özgə) qəlibinə yer verir, istisnaya yer qoymur, sonra bu anlamı bir az da gücləndirmək üçün "məbad" qəlibinə yer verir, bu sözün "məbada", "əsla", "heç bir halda" kimi mənaları var, yəni keylərin yeri (şahlıq) əsla keylərdən başqa birisinin ola bilməz. Bu halda, özünü şah elan edən şəxs, hansı haqla taxtda oturmusan?

 

 

SƏKSƏN BİRİNCİ BEYTİN

 

ŞƏRHİ: BOŞDURLAR

 

Şah bizik, başqaları yolçudurlar,

 

Biz doluyuq, başqa kəslər boşdurlar.

 

Bəhram nəslinin şahlıq haqqını önə çıxarır, bu haqq mövcud İran şahının haqsızlığını vurğulayır, savaşı zərurətə çevirir. O, bu vasitələri seçir: "biz" əvəzliyinə yer verir, şah nəslini nəzərdə tutur, "şah bizik", şahlıq bizim haqqımızdır.

 

Bəhram bu məqamda "key" deyil, "şah" sözünü seçir, çünki keçmişdən bu günə gəlmişdir. O, hər misranı iki yerə bölür, öncə şah bizik deyir, sonra hakimiyyət haqqı olmayanları "başqaları" ("özgələr", "yadlar") adlandırır, onlar yolçudurlar. Yəni hakimiyyəti zorla ələ keçirənlər keçicidirlər, bu gün taxtda otursalar da, sabah o məqamı tərk edəcəklər (köksüz ağac kimidirlər, yıxılacaqlar).

 

Biz (şah nəslimiz) doluyuq, haqlıyıq, köklüyük, dolu olanı yerindən tərpətmək olmaz. "O başqa kəslər", yəni hakimiyyəti zorla ələ keçirənlər isə boşdurlar, yəni haqq və kökləri yoxdur, zəif külək əsən kimi yerlərini tərk edəcək, yıxılacaqlar.

 

Beytin ideyası bədii təzad və müqayisələrə yüklənib: biz - başqaları, biz - başqa kəslər, daimi - yolçu (keçici), dolu - boş.

 

SƏKSƏN İKİNCİ BEYTİN

 

ŞƏRHİ: NƏ TOZ ÇIXAR?

 

Şah gərək ordu (ayağa) qaldırsın,

 

Bir atlıdan nə toz çıxar?

 

Bəhram həqiqi şahın özəlliklərini sayır: o, şah nəslindəndir, ikincisi, yenilməz ordusu var. Sonra özünün güclü, İran şahının zəif olduğunu göstərir, bu məqsədlə bədii təzada yer verir, şah mənəm, çünki yenilməz bir ordu ayağa qaldırmışam. Sən isə qoca bir atlısan.

 

O, bədii suala yer verir, düşünməyə çağırır, meydan oxuyur, qorxudur, imkansızlığı ifadə edir: qoca bir atlının (hərbi gücdən məhrum şahın) yenilməz ordusunu ayağa qaldırmış Bəhramın qarşısında durmaq imkanı varmı?

 

 

SƏKSƏN ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: VERMƏK OLMAZ!

 

Muğlar pirinin əlindən qoyulan meyi,

 

Muğlar oğlundan başqa heç kəsə vermək olmaz!

 

Bəhram hakimiyyət haqqını ifadə etmək, İran şahının qanunsuz olaraq şahlığı ələ keçirdiyini göstərmək üçün yeni vasitələr seçir: hakimiyyətin dini əsasını önə çıxarır. Belə ki İran dövlətçilik ənənəsində dinin önəmli yeri var, din dövlətin himayəsinə girmişdir. Din xadimləri önəmli qərarların alınmasında iştirak edir, dövlət vəzifələri tuturdular.

 

Bəhram deyir ki, İran şahlığı bizim halal haqqımızdır. Bir də ona görə ki onun əsası qoyularkən muğlar (zərdüşt dininə bağlı ruhanilər) pirinin (piri-muğan, muğların başçısının) əlindən mey verilmişdir.

 

Muğların başçısı hakimiyyəti şaha verərkən ona mey dolu badə də verirdi. O mey ki, muğların başçısı onu öz əli ilə bizim nəslə vermiş, bu yolla hakimiyyətin bizim nəslin haqqı olduğunu təsdiq etmiş, onun toxunulmazlığını göstərmişdir.

 

Bəhram bundan sonra "coz" (başqa, qeyri, özgə) qəlibinə yer verir, heç bir istisnaya yer qoymur. Özünü "muğlar oğlu" adlandırır, yəni mənim dinim zərdüştlükdür (iranlılarla eyni dini paylaşıram), bu dinin böyüklərindən xeyir-dua almışam, onlar hakimiyyətin bizim nəslin haqqı olduğunu təsdiq ediblər. Bu halda, o meyi (hakimiyyət haqqını, şahlığı) muğlar oğlundan başqasına vermək olmaz (verilməməlidir). Dolayısı ilə, İran şahı hüquqi və dini baxımdan hakimiyyət haqqından məhrumdur.

 

 

SƏKSƏN DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: DOĞRU İŞ GÖRÜRƏM

 

Siz yaxşı bilirsiniz ki, bu dediklərimlə,

 

Doğruluq axtarıb, doğru iş görürəm.

 

Bəhram hakimiyyət haqqının dini əsasını da açıqlayandan sonra (unutmayaq ki, İran şahının elçiləri din xadimlərindən ibarətdir, Bəhram hakimiyyətin dini qaynağını açıqlamaqla həm elçiləri öz ənənələrinə (verdikləri sözə) sadiq qalmağa çağırır, həm də din adamlarını öz tərəfinə çəkir, ortaq din duyğusunu önə çıxarır, hətta "muğlar oğluyam" deyir, dini ənənələri pozmayın demiş olur...) elçilərə yönəlir. Sözlərini onlara təsdiq etdirir: "yaxşı bilirsiniz ki", yəni hakimiyyətin hüquqi, dini baxımdan mənim haqqım olduğuna şübhəniz yoxdur. O sözləri ki deyirəm (indiyədək dediklərim) hamısı doğrudur, doğru iş görürəm, əminsiniz ki, doğruluq axtarıram, bilirsiniz ki, sizi buraya göndərən şahlığı qəsb etmişdir, qılıncımın gücü ilə halal şahlığımı geri almaq haqqına sahibəm.

 

 

SƏKSƏN BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: SULTANLIQ ADINA

 

DEYİL

 

Ancaq sadiq and naminə,

 

Dikbaşlıq və sultanlıq naminə deyil...

 

Bəhram hüquqi və dini baxımdan hakimiyyət haqqına sahib olduğunu elçilərə bir-bir anlatdıqdan, sözlərinin doğruluğunu, həqiqət arayışı içində olduğunu onlara təsdiq etdirdikdən sonra güzəşt edəcəyini bildirir. Yəni hakimiyyət haqqımı ordunun gücü ilə geri qaytara bilərəm, ancaq bunu etməyəcəyəm.

 

O, bunun səbəbini açıqlayır: sadiq and naminə güzəştə gedəcək, hakimiyyət haqqının geri alınmasının başqa bir yolunu göstərəcəyəm. Bəhram "sadiq and" deyərkən elçilərin öz şahlarına verdikləri sözü nəzərdə tutur. Onlar öncəki beytlərdə Bəhrama dedilər ki, doğrudur, şahlıq sənin haqqındır, ancaq biz şahla möhkəm əhd bağlamışıq, ondan başqasının başına tac qoymayacaq, ona xəyanət etməyəcəyik. Dolayısı ilə, haqlı olsan da, biz səni şah elan edə, başına tac qoya bilmərik, bu addımı atmaq üçün bizə inandırıcı dəlil lazımdır, yoxsa dini ənənəmizə xəyanət etmiş sayılacaq, dəyərimizi itirəcəyik.

 

Bəhram elçilərə hörmət edir, onların sadiq andlarını pozmasını, onu şah elan etməsini istəmir. Deyir ki, dikbaşlıq və sultanlıq naminə deyil, sadiq andınız adına yeni bir addım atacağam, yəni elə bir yol göstərəcəyəm ki, siz andınızı pozmadan da bu iş həll olunacaq. Önəmli olan təkəbbür (dikbaşlıq), sultanlıq deyil, sizin andınız, şərəfinizdir.

 

 

SƏKSƏN ALTINCI BEYTİN

 

ŞƏRHİ: RAZILIĞINI

 

QAZANMAQDIR

 

Mən sizin rəyinizə müvafiq əməl edərəm,

 

Mənim rəyim isə sizin razılığınızı qazanmaqdır.

 

Bəhram iki yoldan imtina etdi: savaş yolu ilə hakimiyyəti geri almaq, elçilərə andlarını pozaraq onu şah elan etmələri üçün təzyiq göstərmək. O, gerçək siyasətçi kimi hərəkət edir, belə ki savaşın İran xalqını ondan uzaqlaşdıracağını bilir (nitqinin heç bir yerində İran xalqını incidəcək söz yoxdur, o, xalqla, hakimiyyəti ələ keçirənləri bir-birindən ayırır). İkincisi, İran dövlətində çox önəmli yeri olan din adamlarının dəstəyini itirmək istəmir.

 

O, nitqində bütün vasitələrlə din adamlarına hörmətini ifadə edir. Baxın hansı vasitələri seçir: onları susdurmur, alçaltmır, mən o işi edərəm ki, sizin (elçilərin, din adamlarının) rəyinə uyğun olsun deyir, söz verir ki, onların dəyərini azaldacaq addımlar atmayacaq. Məqsədini açıq bildirir: mənim məqsədim (güzəştimin hədəfi) odur ki, sizin rizanızı qazanım, siz mənim üçün bu qədər önəmlisiniz. Bəhramın nitqində din xadimlərinə hörməti ifadə edən bir vasitə də var. Belə ki beytin rədifi "sizin" qəlibidir, deyir ki, Bəhram üçün önəmli olan sizin rəyiniz, sizin rizanızdır. O, elçilərin İranda önəmli din adamları olduğunu bilir, onlar vasitəsi ilə bütün din xadimlərinin ürəyinə yol tapmağa çalışır, dinə bağlılığını göstərir.

 

 

SƏKSƏN YEDDİNCİ BEYTİN ŞƏRHİ: ƏHD AÇILSIN

 

O ki deyirsiniz elə bir dəlil lazımdır ki,

 

Onunla bağlanmış əhd açılsın.

 

Bəhram sözə "və" bağlayıcısı ilə başlayır, nitqinin hissələri arasında əlaqə qurur. Diqqəti elçilərin istədiyi dəlilə yönəldir. Siz məndən elə bir dəlil istəyirsiniz ki, o dəlil sizin şahla bağladığınız əhdin hökmünü ortadan qaldırsın, sizi xəcalətdən, dini ənənəni pozmaq ittihamından qurtarsın.

 

 

SƏKSƏN SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: ÖZ NƏSİBİNİ ÇIXARSIN

 

Dəlil odur ki, iki şirin arasından,

 

Kim qoçaqdırsa, öz nəsibini çıxarsın.

 

Bəhram elçilərə hörmət edir, onların xəyanətlə ittiham olunmasını istəmir, əslində, onların və onların vasitəsilə İranın din xadimlərinin dəstəyini qazanmaq istəyir. Güzəştin mənasını anlamaq üçün deyək ki, Bəhram elçilərin dəlil şərtini qəbul etməklə üç önəmli hadisə baş verir: birincisi, iranlılarla savaş variantı ortadan qalxır. İkincisi, elçilərin (din xadimlərinin) Bəhramı şah elan etmələrinə ehtiyac qalmır. Üçüncüsü və ən önəmlisi, Bəhram mövcud İran şahını bir tərəf olaraq qəbul edir, ona gələcəkdə şah olmaq imkanı tanıyır.

 

O, dəlilini tanıdır, "hüccət budur ki" deyir, özünə güvəni göstərir, meydan oxuyur, əmindir ki, bu hüccət onun şahlığa gedən yolunu açacaq: kim cəsurdursa, iki şirin arasından nəsibini ("bəhre") çıxarsın.

 

 

SƏKSƏN DOQQUZUNCU

 

BEYTİN ŞƏRHİ: YEMƏKLƏ DOLMAMIŞ...

 

Sabah səhər -

 

Qarınları yeməklə dolmamış...

 

Bəhram cəsarət istəyən bir hüccət göstərir, inanır ki, İran xalqının sevgisini və şahlıq haqqını cəsarətlə qazana bilər. Sonra dəlilinin incəliklərini açıqlayır: birincisi, sübh çağı, dan yeri ağaran vaxt olacaq, bu zaman diliminin seçilməsi təsadüfi deyil, belə ki sübh vaxtı şirlər israrla yemək istəyir, acıqlı olur, əlinə düşən hər şeyi parçalamağa can atırlar. İkincisi, iki şir olacaq, üçüncüsü, hər iki şir nərə çəkən, guruldayan ("ğorrənde") olacaq (şirlərin sayı və "ğorrənde" olması tərcümədə ixtisar olunub). Dördüncüsü, elə iki şir olacaq ki, mədəsinə bir qırıntı da olsa ("xoreşi" bu sözün aşın qarası anlamı da var) yemək atmayacaq, yəni acından qıvrılan, nərə çəkən şirlər olacaq.

 

 

DOXSANINCI BEYTİN ŞƏRHİ: ELƏ İKİ ŞİR Kİ...

 

Vəhşi, iti pəncəli, acıqlı,

 

Alovlu ağızlarından tüstü püskürən iki nərildəyən şiri...

 

Bəhram İran şahlığının kimin haqqı olduğunun sübutunu cəsarətə bağlayır. Cəsarətin təsdiqi üçün də şir obrazları seçir, şirləri böyütdükcə böyüdür, qarşı tərəfi dəhşətə salır.

 

Şirlərin tanıdılması davam edir: onlar vəhşidirlər (ələ öyrəşdirilmiş, qəfəsdə saxlanılan şirlər olmaz), iti pəncələri var (bir pəncə zərbəsi ilə ovlarını öldürür - parçalayırlar), acıqlıdırlar, alovlu ağızlarından tüstü çıxır...

 

 

DOXSAN BİRİNCİ BEYTİN

 

ŞƏRHİ: CƏRGƏYƏ DÜZÜLSÜN

 

Şirsaxlayan (adam) meydana gətirsin,

 

Və qoşun (meydan) ətrafında cərgəyə düzülsün.

 

Şərtlərin açıqlanması davam edir: o iki qızmış şiri şirsaxlayan meydana gətirsin. Burada meydanın seçilməsi təsadüfi deyil, belə ki Bəhram bu sınağın (şahlıq uğrunda cəsarət sınağının) ordunun gözü önündə olmasını istəyir, İran xalqına cəsur və qorxağı seçmək haqqı tanıyır, ona görə də "meydangah"ı, geniş ərazini seçir. Şahının qorxaq olduğunu görən ordu ona itaət etməz.

 

Sonra ordu cərgə-cərgə (dairə-dairə) bu meydanın ətrafında sıraya düzülsün. Bu düzülüş biçiminin də səbəbi var. Belə ki şahlıq uğrunda vəhşi şirlərlə savaşmağı gözə alan namizədlərin qaçıb canını qurtarmaq imkanları yoxdur. İki yol var, ya vəhşi şirlərin arasından tacı götürəcək, ya da həlak olacaqsan (şirlər səni parçalayacaq).

 

 

DOXSAN İKİNCİ BEYTİN

 

ŞƏRHİ: QOYSUNLAR

 

O şahlar tacını onun başından endirsinlər,

 

Onu həmin iki yırtıcı şirin arasına qoysunlar.

 

Şərtlərin açıqlanması davam edir: Bəhram "şahlar tacı" deyir, bu məqamda da İran şahı ifadəsindən imtina edir, onu şah kimi tanımır, deyir ki, onun başındakı tac şahlarındır (şah nəslindən olanlarındır). O tacı başdan (şahın başından demir) götürüb yerə qoysunlar.

 

Sonra o tacı iki şirin, Bəhram "şir" sözünü yenə təyinsiz işlətmir, "şərze" sözünü seçir, bu sözün "qəddar", "amansız", "azğın", "vəhşi", "mərhəmətsiz", "qəzəbli", "coşmuş", "qızmış" kimi anlamları var. Sonra o tacı iki azğın şirin ortasına qoysunlar.

 

 

DOXSAN ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: ÖZÜNÜ TACDAR

 

BİLSİN!

 

Hər kim tacı o iki şirin (arasından) götürsə,

 

Xalq həmin gün onu özünə tacdar bilsin.

 

Bəhram şərtlərinə son nöqtəni qoyur. "Hər ke" ("hər kim ki") tacı iki şirin arasından götürsə, xalq (xalq vurğusu çox önəmlidir) onu o gün (tacı götürdüyü gün, bu iş gecikdirilmədən) tacur (tac sahibi) bilsin (qəbul etsin).

 

 

DOXSAN DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: DEYİLƏNDƏN SONRA

 

Ürək açan, təb oxşayan bu sözlər,

 

Səmimiyyət və mərhəmanə deyiləndən sonra...

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Bəhramın sözlərinin (hüccət, dəlil, şərtinin) təsiri açıqlanır. Bu vasitələr seçilir: sözlər dostcasına (səmimi) deyilmişdi, Bəhram fikrini açıq ortaya qoymuşdu, o, həqiqətən, məsələni barış yolu ilə həll etmək istəyirdi. Onun sözləri sirli (sehrli) idi, inanılmaz təsir gücü var idi. Bu sözlər ürəyə fərəh verir, insanın təbini (ruhunu) oxşayırdı.

 

Niyə? Çünki İran xalqı savaşdan qurtulmuş, şahlığın kimə məxsusluğunun barış yolu ilə həllinin önü açılmış, elçilər də xəyanət ittihamından xilas olmuşdular (Bəhram indiki İran şahını bir tərəf kimi qəbul etmiş, onun məktubuna cavab yazmış, şərtlərini açıqlayaraq barış yolunu seçmişdi).

 

 

DOXSAN BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: GÖSTƏRİŞLƏR VERDİ

 

Bəhram öz möhrünü naməyə basıb,

 

Lazımi şərh və göstərişlər verdi.

 

Nizami bu anda (Bəhramın sözlərinin təsir gücünü ifadə edərkən) vurğunu məktubun üzərinə qoyur, onu önə çıxarır. Bu vasitələri seçir: "məktubu" deyir, Bəhram cavab məktubu yazmağı qəbul etmişdir, bu ən önəmli hadisədir, barış yolunun seçilməsidir (Bəhram İran şahının elçilərini və məktubunu rədd edib, savaşaraq şahlıq haqqını geri ala bilərdi).

 

Bəhram savaşdan imtina edərək barış vasitəsi ilə İran xalqının ürəyini qazanmaq yolunu seçmiş, atasının zülmünün onun şahlığa gedən yolunu kəsdiyini bilərək atadan fərqini ortaya qoymuş, mesaj vermişdir ki, mən sizə barış, ədalət, şəfqət, mərhəmət gətirəcəyəm.

 

Məktubu (barış yolunu) önə çıxaran ikinci vasitə "öz möhrü" ifadəsidir. Bəhram özünü şah kimi aparır, möhrü var, o, yazdırdığı məktubu möhürləyir.

 

Məktubu önə çıxaran üçüncü vasitə də var, belə ki beytin rədifi olan söz məktubla bağlıdır. "Bər u" (onun - məktubun üzərinə), Bəhram öz möhrünü onun (məktubun) üzərinə qoydu (basdı).

 

Bəhram məktubu möhürləməklə yetinmir, onunla (məktubla) bağlı şərh və göstərişlərini verir, onun qorunması və şaha çatdırılmasının bütün yollarını (ehtimalların hamısını nəzərə alır) göstərir.

 

 

DOXSAN ALTINCI BEYTİN

 

ŞƏRHİ: APARSINLAR

 

Onu öz xidmətçilərinə tapşırdı,

 

Ki, necə lazımdır aparsınlar.

 

Bu sözlər də barış yolunun seçildiyini bildirən məktubun önəmini vurğulayır: "onu", yəni məktubu, "öz güvəndiyi (ona ölümünə itaət edən) insanlara" verdi. Orijinalda "pərəstəndeqan" sözü var, bu mənaları daşıyır: "pərəstiş edən", "pərəstişkar", "itaətkar", yəni Bəhram məktubu ən güvəndiyi insanlara (tərcümədə deyildiyi kimi xidmətçilərinə deyil, "xidmətçi" məktubun dəyərini azaldan sözdür) tapşırdı.

 

Nizami məhz tapşırdı ("sepord") sözünü seçmiş, onu qafiyə mövqeyinə yerləşdirmişdir. "Məktubu tapşırmaq" (vermək deyil) onu göz-bəbəyi kimi qorumaq anlamına gəlir ki, bu da məktubun önəmini göstərir. O, güvəndiyi insanlara tapşırıq (əmr) verir, sonra feilin vacib şəklinin göstəricisi olan "bayəd" (- malı2) qəlibini seçir. Bu məktub necə tələb olunursa, o cür aparılmalıdır, yəni Bəhramın məktubu önəmli dövlət sənədidir, qorunacaq, ünvanına çatdırılacaq. Bunu belə də oxumaq olar: elçilər Bəhramın özəl qoruma əsgərlərinin müşayiəti ilə geri göndəriləcəklər...

 

 

DOXSAN YEDDİNCİ BEYTİN ŞƏRHİ: GÖZƏL SÖZLƏRİ

 

EŞİDİB

 

Şahpərəstlər şahın möhrünü görüb,

 

Və onun gözəl sözlərini eşidib...

 

Nizami Bəhramın məktub və sözlərinin elçilərə təsirini ifadə edir. Onları ilk dəfə "şahpərəstlər" adlandırır. Bəhramın cavabı və təklifi elçiləri heyran etmiş, onlar artıq şahın tərəfdarı olmuşdular.

 

Elçilər elə ki şahın (Nizami bu mərhələlərdə Bəhramı şah kimi tanıdır) möhrünü gördülər, onun gözəl ("nəğz") sözlərini - onları xəyanət yükündən xilas edən sözlərini eşitdilər...

 

 

DOXSAN SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: YOLA DÜŞDÜLƏR

 

Öz evlərinə tərəf yola düşdülər,

 

Təzə şahın surətini (göz) qabağında tutaraq...

 

Beyt Bəhramın şəxsiyyətinin elçilərin düşüncəsində formalaşdırdığı təsəvvürü təqdim edir. Onlar öz evlərinə doğru yola düşürlər. Ən önəmli nəticə budur: elçilər şahpərəst olmuş, Bəhramı İranın şahı olaraq qəbul etmişdilər. Onlara görə Bəhram İranın yeni şahıdır.

 

Beytdə şahla elçilər arasındakı sevgi bağını göstərən bir əlamət də var: elçilər yol boyu Bəhramdan danışırlar, onun surətini göz önündə tutur (canlandırır), necə ağıllı, məntiqli, güclü, ədalətli olduğundan danışırdılar...

 

 

DOXSAN DOQQUZUNCU

 

BEYTİN ŞƏRHİ:

 

AŞİQİ OLDULAR

 

Onların hamısı (Bəhramın) mehribanlığına görə,

 

Onun xosrovluq fərrinin aşiqi oldular.

 

Bəhramın şəxsiyyətinin elçilərə təsiri bu vasitələrlə təqdim olunur: birincisi, Nizami "hər yek" ("hər biri") qəlibini seçir, yəni istisna yox idi, elçilərin hər biri eyni düşüncədə idi. İkincisi, şair "mehribanlıq" sözünə yer verir, Bəhramın mehribanlığı onlara güclü təsir etmişdi. Belə ki Bəhram elçilərin təklifini nəzərə almış, onları xəyanət damğasından qurtarmış, keçici olaraq İran şahını bir tərəf kimi qəbul etmiş, savaş deyil, barış yolunu seçmiş, hakimiyyətin kimə məxsusluğu məsələsini həll edəcək şərt irəli sürmüşdü.

 

Üstəlik, elçiləri incidəcək bir söz söyləməmiş, demişdir ki, məqsədim sizin könlünüzü qazanmaqdır (dinə və dindarlara böyük hörmətim var). Üçüncüsü, beytin rədifi var, "u" ("o") əvəzliyidir, Bəhramı nəzərdə tutur, deyir ki, Bəhram elçilərin gözündə (təsəvvüründə) çox böyümüşdü. Dördüncüsü, Nizami "aşiq oldular" cümləsinə yer verir. Beşincisi, şair elçilərin nəyə aşiq olduqlarını açıqlayır, bu məqsədlə "fərr" sözünə yer verir, bu sözün "cah-cəlal", "əzəmət", "böyüklük" kimi anlamları var, "fərr" sözü həm də dini anlayışdır, belə ki zərdüştlərin inancına görə, şahın başının ətrafında Ahuramazdanın (atəşpərəstlərin Allahının) haləsi olmalı idi, onlar bu haləyə "fərr" deyirdilər.

 

Yəni elçilər Bəhramın başı ətrafındakı şahlıq (xosrovluq) haləsini gördülər, ona aşiq oldular, o, əsl şahdır qənaəti ürəklərinə yerləşdi.

 

 

YÜZÜNCÜ BEYTİN ŞƏRHİ:

 

ŞAH BƏHRAMDIR

 

Hamısı dedi ki, şah Bəhramdır,

 

O həm zatı, həm də adı şahdır.

 

Beyt elçilərin Bəhrama heyranlığını ifadə edir, bu vasitələr seçilir: "həme" ("hamısı"), yəni istisna yoxdur, heyətdə olan elçilərin (din xadimlərinin) hər biri Bəhramın şahlığını ürəkdən qəbul etdi. Onlar qəlblərində olan təsdiqi (Bəhramın şahlığının qəbulunu) dilləri ilə də ifadə etdilər. Dedilər ki, şah Bəhramdır, şahlıq onun haqqıdır, İranın şahlığı ona yaraşır.

 

Elçilərin nitqində Bəhramın adı qafiyə mövqeyindədir, yəni şah başqası deyil, məhz Bəhramdır. Elçilər bu hökmün iki səbəbini göstərirlər: birincisi, gövhəri (zatı, əsli) məlikdir, yəni şah nəslindəndir, həm də şahlıq üçün yaradılmış, şahlıq onun boyuna biçilmiş, şahlığa layiq bacarıqlar verilmişdir (ağıl, məntiq, cəsarət, idarəetmə bacarığı, bəsirət (uzaqgörənlik), ədalət...).

 

İkincisi, adı məlikdir, Bəhram sözünün bir çox mənaları var: şah, Günəş ilində hər ayın iyirminci günü, bu günün işlərini düzənləyən mələk, Sasanilər soyundan olan hökmdar, Mars ulduzu (planeti)... Yəni onun zatı da, adı da şahdır.

 

Beytdə şahlıq ifadə edən dörd söz var: şah, Bəhram, məlik, məlik. Elçilərin nitqinin şahlıq ifadə edən sözlərlə dolu olması deyir ki, onlar Bəhramın İrana şahlığını ürəkdən qəbul etdilər, qəti hökm verdilər, bunu açıq söylədilər.

 

 

YÜZ BİRİNCİ BEYTİN ŞƏRHİ: OLMAZ!

 

Ona müxalif olmaq olmaz,

 

Günəşi palçıqla suvamaq olmaz.

 

Elçilərin Bəhramın şahlığını qəbulu qəlblə təsdiq etmək, dillə söyləmək biçimində qalmır. Onlar bir addım da atır, hərəkətə keçir, qəti seçim edirlər: biz Bəhramın sırasında (yanında) yer tutmalı, onun İran şahı olması üçün çalışmalıyıq (çalışacağıq).

 

Onların bu qətiyyəti sözlərə yansıyır: "nətəvan", bu söz mətndə "əsla", "mümkün deyil", "ola bilməz" anlamlarını ifadə edir. Ona müxalif olmaq olmaz (onlar əmindirlər ki, Bəhram şah olacaq, önünü kəsmək imkansızdır, bu halda, doğru olan iş onun qarşısında deyil, yanında dayanmaqdır).

 

Elçilər Bəhramın hakimiyyətə gəlişinin önünün kəsilməsinin imkansızlığını ifadə etmək üçün ata sözünə yer verirlər: Günəşi palçıqla suvamaq olmaz, Bəhramın qarşısında dayanmaq ağılsızlıqdır.

 

 

YÜZ İKİNCİ BEYTİN ŞƏRHİ:

 

ŞİKAR EDİR

 

O, elə qızğın aslan və igid süvaridir -

 

Ki, əjdahanı bir oxla şikar edir.

 

Elçilər niyə Bəhrama müxalif olmaq olmaz, niyə onun qarşısında dayanmaq imkansızdır suallarına doyurucu (inandırıcı) cavab verirlər. Bu vasitələri seçirlər: birincisi, o, qızğın (acıqlı, orijinalda "tünd" ("tond" - "tez", "sürətli", "iti", "bərk", "acı", "tünd", "yandırıcı", "sivri") şirdir, savaşa, ovunu parçalamağa hazırdır, kim onun qarşısına çıxsa, ölümə məhkumdur.

 

İkincisi, o, atlıdır, ancaq sıradan bir atlı deyil, elçilər bu məqamda "nəbərde" sözünü seçirlər, yəni cəsur, döyüşkən atlıdır, gerçək bir savaşçıdır.

 

Üçüncüsü, elçilər Bəhramın savaş qabiliyyətinin dərəcəsini göstərir, "ki" bağlayıcısı ilə iki misranı bir-birinə bağlayırlar, elə bir acıqlı şir, elə bir cəsur atlıdır ki, əjdahanı bir oxla (məhz bir oxla) şikar edir (öldürür). Kim onunla savaşa bilər ki? Ona müxalif olmaq mümkünmü?

 

 

YÜZ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: DURA BİLMƏZ!

 

O aslan acıqlanıb pəncəsini açsa,

 

Heç kəs onun qabağında dura bilməz.

 

Elçilər Bəhramın qarşısında deyil, yanında yer almaq qərarını verdilər. Bu beytlərdə də qərarlarının səbəblərini (gərəkçələrini) açıqlayırlar. Bəhramı yenə qızmış şirə bənzədirlər. Əgər o şir acıqlansa, qızsa (pəncəsini açsa), yəni iranlılarla savaşmaq qərarına gəlsə, "heç kəs", istisna yoxdur, onun qarşısında dirənə bilməz, o, qarşısına çıxan hər kəsi parça-parça edər.

 

 

YÜZ DÖRDÜNCÜ BEYTİN

 

ŞƏRHİ: ATACAQ

 

O, zorla taxt və tacı alacaqdır,

 

Sərvərlərin isə qatırların ayaqlar altına atacaqdır.

 

Elçilər Bəhramı tanıdılar, onun ağıl və gücünü gördülər, gerçəkçi (realist) oldular, siyasi qərar verdilər. Siyasi və realist qərarın anlamı budur: elçilər gələcək İran hakimiyyətində öz yerlərini düşündülər, çıxarlarını əsas alaraq Bəhramın yanında durmaq seçimini etdilər.

 

İndi də (bu beytdə) siyasi duruşlarının ən önəmli səbəbini (gərəkçəsini) açıqlayırlar: Bəhram onsuz da, yəni istənilən halda, şərti qəbul olunsa, barış olmasa, savaş yolu ilə (zorla) taxt və tacı alacaq. Sərvərləri (İranı idarə edənləri, onunla savaşanları) qatırların ayaqları altına atacaq. Qatırların ayaqları altına atmaq, rəzil, rüsvay etmək, alçaltmaqdır.

 

 

YÜZ BEŞİNCİ BEYTİN ŞƏRHİ: YENİDƏN ALOVLANDIRMAYAQ

 

Yaxşısı budur ki, onu qızışdırmayaq,

 

Sönmüş odu yenidən alovlandırmayaq.

 

Elçilər hər şeyi dəqiq hesablayırlar, əmindirlər ki, Bəhram İranın şahı olacaq, o, qarşısıalınmaz gücdür. Ona görə də "yaxşısı budur ki" deyir, iki yoldan (Bəhramla savaşmaq, onun yanında durmaq) ən doğru, çıxarlarına ən uyğun olanı seçirlər. Yaxşısı budur ki, onu qızışdırmayaq, yəni ona müxalif mövqeyinə keçərək kin və savaş duyğusunu körükləməyək (bu, bizim sonumuz olar). Sönmüş atəşi yenidən alovlandırmayaq.

 

Biz onun yanına getdik, o, hakimiyyəti savaş yolu ilə geri qaytarmaq üçün bütün imkanları olmasına baxmayaraq, barış yolunu seçdi (savaşı istisna etməyərək). Bu halda, ona müxalif olsaq, bu, şərtin pozulması anlamına gələcək, sönmüş kin və savaş atəşi yenidən alovlanacaq, ölümümüz qaçılmaz olacaq.

 

YÜZ ALTINCI BEYTİN ŞƏRHİ: MÖHTAC DEYİL

 

Şirlər məsələsi, tacı almaq -

 

Belə şərtlərə o, möhtac deyil.

 

Elçilər təcrübəlidirlər, siyasi məsələləri dərindən bilir, Bəhramın qərarını, barış yolunu seçməsini doğru anlayırlar. Bilirlər ki, Bəhramın bu yolu seçməsinin səbəbi gücsüzlüyü deyil, əksinə, özünə güvənin göstəricisidir. O, əmindir ki, hansı yolla olursa olsun, İran şahlığını geri alacaq. İndiki halda barış yolunu ona görə seçmişdir ki, xalqı ilə savaşmaq, şah olacağı İranı viran qoymaq istəmir, əksinə, iranlıların qəlbini qazanmağa çalışır. İki halda da hakimiyyət onundur.

 

O, şir qissəsinə, tac almağa (iki azğın şirin arasından tacı götürmək), belə şərtlərə möhtac deyil, yəni çarəsizlikdən bu şərti irəli sürməmişdir. Hər iki halda da (barış, savaş) hakimiyyətin yüzdə yüz onun olacağına inanaraq bu addımı atmışdır.

 

 

YÜZ YEDDİNCİ BEYTİN ŞƏRHİ: SEÇMƏYİ ÖYRƏDİR

 

Ancaq bu şir (şərti) böyük dəlildir -

 

Ki, bizə tülkünü canavardan seçməyi öyrədir.

 

Elçilər vəhşi şirlər arasından tac götürməyi iki baxımdan dəyərləndirirlər. Öncə bu şərtin Bəhram üçün nə anlama gəldiyini təqdim edir, uyğun qəlib seçir, "qissə" sözünə yer verirlər. "Qissə" sözü onların nitqində bu anlamları daşıyır: nağıl, hekayə. Niyə? Çünki onlar Bəhramın niyyətini doğru oxuyurlar. Bilirlər ki, iki şir arasından tac götürmək Bəhram üçün bir siyasi manevr, gediş, həmlədir. O, bu şərtlə İran şahını çıxılmaz vəziyyətə salır. Əgər o, bu şərtə razı olmasa, həm qorxaqlığı üzə çıxacaq, həm də savaşın məsuliyyətini üzərinə götürəcək. Yox, razı olsa, onda da məğlub olacaq, çünki iki qızğın şir arasından tacı götürmək imkanı, cəsarəti yoxdur. Nəticədə, İran xalqının dəstəyini itirəcək, Bəhramın hakimiyyətə gəlişi asanlaşacaq ("qissə" sözünün seçilməsini belə də oxumaq olar: iki şir arasından tac götürmək şərti olsa da, olmasa da, Bəhram hakimiyyətə gələcək).

 

Elçilər şərtə (iki şir arasından tac götürmək) öz çıxarları baxımından yanaşdıqda isə "şir qissəsi" ifadəsindən imtina edir, "şir dəlili (hüccəti)" birləşməsinə yer verir, üstəlik, ona "böyük dəlil" deyirlər. Çünki bu dəlil onları şaha xəyanət etdilər damğasından qurtarır (onlar Bəhram İran şahıdır, qərarlarını - onun yanında yer alacağıq hökmünü vermişlər), niyyətlərini gerçəkləşdirməyin yolunu açır. Belə ki İran şahı bu şərti qəbul etməsə, qorxaqlığı üzə çıxacaq, nəticədə, elçilərin Bəhramın yanına keçməsi üçün səbəb / bəhanə var olacaq. Elçilər şərtin onlar üçün önəmini göstərərkən deyirlər ki, bu böyük dəlil bizə tülkünü (qorxağı, yəni İran şahını) canavardan (cəsurdan, Bəhramdan) seçmək imkanı verir.

 

 

YÜZ SƏKKİZİNCİ BEYTİN

 

ŞƏRHİ: ŞAHA SÖYLƏDİLƏR

 

Yoldan hamı (elçilər) saraya yönəlib,

 

Şahın şərtini şaha söylədilər.

 

Nizami elçilərin Bəhramın yanından İran şahının hüzuruna gedən yolçuluğundan məharətlə istifadə edir. Elçiləri danışdırır, onların dilindən Bəhramı tanıdır. Onlar Bəhram İran şahıdır qərarını verirlər, ona qarşı çıxmağın ağılsızlıq olduğuna əmindirlər. Bəhramın şəxsiyyətinə heyran olur, çıxarlarını düşünüb sıralarını dəyişdirir, iki qızğın şir arasından tac götürmək şərtinin onların seçimini asanlaşdıracağını düşünürlər...

 

Məsələ çox önəmlidir. Nizami bu önəmi göstərmək üçün vasitə seçir: yoldan birbaşa şahın hüzuruna gedirlər, hamısı ("comle") gedir, aralarında fikir ayrılığı yoxdur. Artıq İran şahı və saray onların gözündən düşmüşdür. Şair bu halın ifadəsi üçün "dərgəh" ("saray" deyil) sözünü seçir. "Dərgəh" sözü "kandar", "astana", "qapı", "giriş", "yol", "saray" kimi anlamları daşıyır (saray uzaq mənadır).

 

Onlar şahın (Bəhramın) şərtini şaha (İran şahına) çatdırdılar. Burada diqqəti çəkən odur ki, elçilər xəbərlər sırasında ilk yeri iki qızğın şir arasından tac götürmək şərtinə verirlər (həm xəbər, həm də İran şahının reaksiyası onlar və bütün ölkə üçün çox önəmlidir).

 

 

YÜZ DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ARTIRMADILAR

 

Məktubu oxuyub əhvalatı bəyan etdilər,

 

Eşitdikləri sözlərə bircə söz də artırmadılar.

 

Elçilər Bəhramın şərtini açıqladıqdan sonra məktubu oxuyurlar, baş verənləri bir-bir şaha danışırlar. Elçilik vəzifəsini dəqiq yerinə yetirirlər, Bəhramdan eşitdiklərinə bircə söz olsun belə artırmırlar. Ancaq öz mövqelərini də açıqlamır, hər hansı bir təklif irəli sürmür, məsələyə münasibətlərini gizli saxlayırlar. Bilirlər ki, Bəhramın şərti düyünü açacaq.

 

 

YÜZ ONUNCU BEYTİN ŞƏRTİ: AYAĞINDA OTURDU

 

Taxt sınayan, tacpərəst qoca,

 

Tacı çıxarıb taxtın ayağında oturdu.

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Nizami Bəhramın şərtinin İran şahına təsirini açıqlayır. Bu vasitələri seçir: onu üç sözlə tanıdır, "taxtsınayan"dır, Yəzdigürd öləndən sonra İran şahlığını sınadı (şah olmaq imkanını öyrəndi), "tacpərəst"dir, şahlığı çox sevir, "qoca"dır.

 

Nizami bu məqamda ona "şah" demir, çünki özünü şah kimi aparmır. O, elçilərə heç bir sual vermir, dövlət adamları ilə məsləhətləşəcəyini də söyləmir, susur. Şərt onu qorxudur, dəhşətə salır, təslim olur, psixoloji baxımdan çökür, tacını çıxarır, taxtını tərk edir, taxtın ayağında (aşağısında) oturur. O artıq şahlığın deyil, canının hayındadır.

 

 

YÜZ ON BİRİNCİ BEYTİN

 

ŞƏRHİ: ASLANA

 

TAPŞIRMARAM

 

Dedi: "Bu tac və taxtdan mən bizaram,

 

Onlardan ötrü canımı aslana tapşırmaram.

 

Bəhramın şərti (siyasi addımı) öz işini görür, İran şahının kimliyini ortaya çıxarır. Aydın olur ki, onun şahlığa heç bir uyğunluğu yoxdur, qorxaqdır, iradəsizdir, çətinlik qarşısında özünü itirir, ancaq öz can təhlükəsizliyini düşünür.

 

Nizami İran şahını tanıtmaq üçün onu danışdırır: bu tac və taxtdan bizaram, cana gəlmişəm (bezmişəm), şahlıq mənim üçün o dərəcədə qiymətli deyil ki, ona görə canımı şirə tapşırım (qarşısına atım). Bu, bir qorxağın cavabıdır, gerçək şah olsa idi: "Canım vətənə fəda olsun!" - deyərdi.

 

 

YÜZ ON İKİNCİ BEYTİN ŞƏRHİ: ÖLMƏYİM!

 

Yaxşısı budur ki, taxtdan diri düşüb,

 

İki aslanın arasında ölməyim".

 

Şah qərarını vermək üçün çox qısa danışır, iki beytlik sözü var. Bu, qorxaqlığın açıq göstəricisidir. Can güvənliyini əsas götürərək dərhal qərar verir: şahlıqdan əl çəkirəm. Yaxşısı budur ki, taxtdan aşağı diri enim. İki şir arasında ölmək istəmirəm.

 

 

YÜZ ON ÜÇÜNCÜ BEYTİN

 

ŞƏRHİ: YEMƏK ÇIXARARMI?

 

Zirək adam qoçaqlıq edib,

 

Şirin ağzından özünə yemək çıxararmı?

 

İran şahı qərarını verdi, şahlıqdan əl çəkdiyini elan etdi. İndi bu qərarına haqq qazandırmağa çalışır. "Zirək" sözünü seçir, bu sözün "zirək", "diribaş", "cəld", "çevik", "bacarıqlı", "fərasətli" kimi mənaları var. Yəni mən ağıllı, fərasətli insanam.

 

Sonra bədii suala yer verir, fərasətli adam qoçaqlıq edib öz yeməyini şirin ağzından çıxararmı? Bu, harada görünüb? Ağıllı adam belə addım atarmı? O, bu suallarla qarşısındakıları susdurmağa, onları borclu çıxarmağa çalışır. Deyir ki, mənə şahlıq lazım deyil, bir tikə çörəyə ehtiyacım var, onu da şirin ağzından çıxarmaq istəmirəm.

 

 

YÜZ ON DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ: VARİS ODUR

 

Həm qılınc, həm də cama görə məmləkətin varisi,

 

Bəhramdan başqa heç kəs deyildir.

 

İran şahının nitqi davam edir. O, qərarına haqq qazandırır, Bəhramın şahlığını müdafiə edir, onun tərəfinə keçir, bu məqsədlə qarşı tərəfi böyüdür. Öncə Bəhramı şirə bənzətdi. Bu beytdə də Bəhramın şahlığının iki əsasını açıqlayır: birincisi, qılınca görə varis odur, yəni güc (ordu) onun əlindədir, kimsənin onunla savaşmaq imkanı yoxdur. İkincisi, cama görə varis odur, misradakı "cam" sözü Bəhramın şah nəslinə (qədim İranın əfsanəvi şahı Cəmşidin əlində dünyanı və hadisələri özündə əks etdirən cam var) işarə edir, yəni şahlıq onun halal haqqıdır.

 

İran şahı mən hakimiyyət istəmirəm, sizlərdən biri şah olsun demir, şahlığı ancaq və ancaq Bəhrama aid edir. Bu fikrin ifadəsi üçün vasitələr seçir: istisnaya yer qoymayan qəliblərdən istifadə edir, onlardan biri "heç kəs" əvəzliyidir - Bəhramdan başqa heç kəsin şahlıq haqqı yoxdur. İkincisi, "nist" ("deyil") qəlibidir - Bəhramdan başqa kimsə şah deyil. Üçüncüsü, "coz" ("başqa", "qeyri", "özgə") sözüdür, "Bəhramdan başqa" deyir, ancaq onun hakimiyyət haqqını tanıyır.

 

İran şahı nitqində Bəhrama "məlik" deyir, o, İran mülkünün tək varisi, sahibidir.

 

YÜZ ON BEŞİNCİ BEYTİN

 

ŞƏRHİ: VARİSİNƏ VERİN

 

Taxtı şahlığın varisinə verin,

 

Tacın cavan sahibi qocadan yaxşıdır.

 

İran şahı öncəki beytdə "məmləkətin varisi" demişdi, indi də "mülkün varisi" deyir. "Varis" sözünü bilərəkdən seçir, belə ki ona etiraz etmək istəyənləri susdurmağa çalışır. İran şahlığının tək və qanuni varisi Bəhramdır. Buna etiraz edənmi var? Sonra əmr verir: taxtı mülkün varisinə verin (Bəhrama deyin ki, İranın şahı olsun).

 

İran şahı Bəhramı "cavan tac sahibi" adlandırır, müqayisə qəlibi seçərək (yaxşıdır, "beh əst") özünü onunla tutuşdurur, "qoca" sözünü (özünü nəzərdə tutur) "cavan" sözünün (Bəhramı işarələyir) qarşısına yerləşdirərək Bəhramın üstünlüyünü qəbul edir: tacın cavan sahibi qocadan daha yaxşıdır.

 

 

YÜZ ON ALTINCI BEYTİN

 

ŞƏRHİ: ŞAHPƏRƏSTƏM

 

Mən bu işdən əl çəkirəm,

 

Mən şah deyil, şahpərəstəm.

 

İran şahı qərarını açıqlayır: mən bu işdən əl çəkirəm. O, "şahlıqdan" demir, "bu işdən" deyir. İki məqsədi var: özünü şahlığa layiq bilmir, gələcəyini düşünür, təhlükəsizliyini təminat altına almaq istəyir (Bəhramın şah olduqdan sonra ona zərər verməsini istəmir).

 

O, Bəhramın şahlığını dəstəklədiyini bu biçimdə ifadə edir: şah deyiləm, ancaq şahpərəstəm, Bəhramın şah olmasını istəyirəm ("şah" ünvanından mümkün qədər uzaq durur ki, Bəhramı qıcıqlandırmasın).

 

 

YÜZ ON YEDDİNCİ BEYTİN ŞƏRHİ: CAVAB BƏZƏDİLƏR

 

Adlı-sanlılar ona belə cavab bəzədilər:

 

"Ey xosrovların başçısı, başların tacı...

 

İran şahının cavabı (qərarı) onu hakimiyyətə gətirənlərin xoşuna gəlmədi. Nizami onları "namuran" (adlı-sanlılar) adlandırır. "Adlı-sanlılar ona belə cavab bəzədilər", şair bu məqamda "cavab verdilər" demir, "cavab bəzədilər" ("pasox arastənd") qəlibini seçir. Çünki sözləri siyasi məna daşıyır, onlar düşündüklərini deyil, çıxarlarına uyğun olanı danışırlar. Məqsədləri İran şahının Bəhramın şərtini qəbul etməsidir. Düşünürlər ki, Bəhram iki azğın şir arasından tacı götürərkən ölə bilər, bu yolla da problem həll olunar...

 

Ona görə də İran şahını qərarından əl çəkməyə yönəldirlər. İlk addımları tərifdir (bəzəkli, aldadıcı söz). İran şahına "ey xosrovların (şahların) başçısı" deyə müraciət edir, şahlıqdan imtina edən birisinə sən nəinki şahsan, hətta "şahların başçısısan" adını qoyurlar. Şahlıq anlayışını bilərəkdən önə çıxarır, zorla, israrla onun şah olmasını istəyirlər, çünki çıxarlarına uyğun olan onun İran şahı kimi qalmasıdır, son imkandan (Bəhram tacı götürərkən ölə bilər) da istifadə edirlər.

 

Sonra İran şahına "başların tacı"san deyir, yenə şahlıq anlamını önə çıxarır, tərif uyuşdurucusu ilə onu qərarından əl çəkməyə məcbur edirlər...

 

YÜZ ON SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ: BAĞLI OLUB

 

Bizim şərtimiz səni hökmdar seçərkən,

 

Yalnız sənin bu müdrikliyinlə bağlı olub...

 

Adlı-sanlıların (İranı idarə edənlərin) nitqi davam edir. Onlar nəyin bahasına olursa olsun, qocanın İran şahı kimi qalmasını istəyirlər. Başqa seçim imkanları yoxdur, qocanı uzaqlaşdırıb içlərindən birini şah elan etmək variantından məhrumdurlar. Çünki bu seçim Bəhramla savaşmaq, həlak olmaq deməkdir.

 

Onlar şahı yola gətirmək üçün yeni vasitələr seçirlər: "bizim şərtimiz" deyirlər, çoxuq, güclüyük, bizə tabe olmaq məcburiyyətindəsən anlamı yükləyirlər, səni hakimiyyətə gətirən bizik mənasını önə çıxarırlar. Tərif və təhdid (tərifin içində təhdid) siyasətini davam etdirirlər. İran şahını tanıdarkən bilərəkdən "xodavəndi" sözünə yer verirlər, bu sözün "Allahlıq", "ağalıq", "böyüklük" kimi mənaları var, yəni sən ən böyüksən, ağamızsan, böyüyə şahlıqdan əl çəkmək yaraşarmı?

 

Adlı-sanlılar istisna ədatına yer verir, ərəbcə "illa" qəlibini seçirlər, səni şah seçərkən tək bir şərtimiz (dəlilimiz) var idi, o da müdriklikdən (ağıllı olmaqdan) başqa şərt deyildi. Yəni sən ən böyüksən, müdriksən (tərif), bu halda, şahlıqdan əl çəkməyi şərəfinə sığışdırırsanmı? Biz buna imkan vermərik (təhdid).

 

 

YÜZ ON DOQQUZUNCU BEYTİN ŞƏRHİ: ŞƏLƏ-ŞÜLƏNİ YIĞ

 

Bizim buyruğumuzla taxta oturduğun kimi,

 

İndi də bizim buyruğumuzla oradan şələ-şüləni yığ.

 

Adlı-sanlıların təhdidinin dərəcəsi artır (ağıla belə bir variant gələ bilər ki, adlı-sanlılar İran şahını hakimiyyətdən uzaqlaşdırıb, ya da öldürüb yerinə başqa birini seçsinlər. Bu, mümkün yol deyil, çünki Bəhramla savaş anlamına gəlir, onlar savaşın sonunun ölkə və özləri üçün nə olacağını bilirlər, tək yol var - qocanı İran şahlığında qalmağa məcbur etmək. Bircə ümid var - Bəhram tacı iki azğın şir arasından götürərkən ölə bilər). Çünki qocanın şah kimi qalması tək xilas yoludur.

 

Təhdidin dərəcəsinin artdığını göstərən bu əlamətlər var: adlı-sanlılar tərif anlamı daşıyan sözlərdən imtina edirlər, ikincisi, keçmişi yada salırlar, səni biz hakimiyyətə gətirmişik deyirlər, üçüncüsü, "fərman" ("buyruq", "əmr") sözünə yer verirlər, bizim fərmanımızla hakimiyyətə gəldiyini unutdunmu? Şahlığın taleyini sən yox, biz həll edirik. Dördüncüsü, hakimiyyətə bizim fərmanımızla gəldiyin kimi, bizim fərmanımızla ("fərman" sözünə iki kərə yer verilmişdir, bu söz şahı tənqid edir, ona əmr verir, sən kimsən ki deyir) da taxtı tərk edə bilərsən (et), sənin iradən (seçim haqqın) yoxdur, biz nəyi əmr etsək, onu yerinə yetirəcəksən (tərcümə dəqiq deyil, adlı-sanlıların sözündən belə anlaşılır ki, guya onlar şahın hakimiyyətdən getməsini istəyirlər, ancaq mesaj budur: bizim əmrimizlə hərəkət edəcəksən).

 

 

YÜZ İYİRMİNCİ BEYTİN ŞƏRHİ: OYUNCAQ DEYİL

 

Aslanlardan tac almaq oyuncaq deyil,

 

Qaranlıq gecə görək nə oyun açacaq.

 

Adlı-sanlılar İran şahını qərarından əl çəkməyə məcbur etmək üçün üç vasitə seçirlər: tərif, təhdid, inandırma. Bu beyt üçüncü vasitəni tanıdır. İnandırmaq üçün inandırıcı dəlilə ehtiyac var. Onlar şaha deyirlər ki, iki azğın şirin arasından tac götürmək oyuncaq deyil, çox ciddi, təhlükələrlə dolu məsələdir (şərti Bəhram qoyduğu üçün ilk addımı da o atacaq, şirlər arasından tacı götürəcək, bir düşün, Bəhramın ölüm ehtimalı yoxmu?).

 

Səbir et, şahlıqdan əl çəkmə ki, görək bu zülmət gecə ("şəbe dac") bizə nə oyun oynayacaq. Heç bir şey bəlli deyil, Bəhram ölə də bilər, ölməyə də. Ona görə də adlı-sanlılar bu hala (qeyri-müəyyənliyə) "zülmət gecə" (gecədə bilinməzlik var, qorxutmasının səbəbi də budur) adını qoyurlar.

 

"Zülmət gecə" ifadəsi həm də şahı ümidləndirmək (ümid verərək inandırmaq, bu, inandırmada önəmli bir metoddur) üçün seçilmişdir, yəni hər zülmət gecədən sonra gündüz gəlir, məsələ bizim xeyrimizə də həll oluna bilər. Bu durumda (məsələlərin aydın olmadığı halda, zülmət gecədə) ən doğru seçim şahlıqdan imtina deyil, səbirli olub işin sonunu, səhərin açılmasını gözləməkdir.

 

Adlı-sanlılar şahın duyğuları ilə deyil, ağlı ilə hərəkət etməsi üçün bədii sual seçirlər, düşün, durumu qavra, səbirli olmaq ən doğru seçim deyilmi? Görək bu zülmət gecə bizə nə oyun oynayacaq?

 

 

YÜZ İYİRMİ BİRİNCİ BEYTİN ŞƏRHİ: QABAĞINA QOYAQ!

 

(Qoy) onun şərtini yerinə yetirək,

 

Şirləri bağlayıb tacı onların qabağına qoyaq!

 

Adlı-sanlılar inandırma yolu ilə (bu, üçüncü vasitədir) İran şahının Bəhramın şərtini qəbul etməsini istəyirlər. "Onun şərtini" deyirlər, canlarında Bəhram qorxusu və nifrəti olduğundan adını belə çəkmirlər. Çoxluğun adından danışırlar, sən razılaş, (biz) onun şərtini yerinə yetirək. Bu, (bizim) son imkanımızdır. Şirləri bağlayıb tacı onların qarşısına qoyaq (biz). Səni hakimiyyətə gətirən çoxluğun tələbi budur...

 

 

YÜZ İYİRMİ İKİNCİ BEYTİN ŞƏRHİ: TAC SƏNİNDİR

 

Əgər o qorxarsa, fil sümüyündən (olan) taxt sənindir,

 

Əgər öldürülərsə, yenə də tac sənindir.

 

İnandırma metodu davam edir. Adlı-sanlılar (İranı idarə edənlər) şahı inandırmaq üçün Bəhramın şərtini qəbul edərsə, hansı nəticələrin ortaya çıxacağını açıqlayırlar (nəticəni göstərərək inandırma). Üç nəticə var (ikisi bu, biri sıradakı beytdədir).

 

Adlı-sanlılar "gər" ("əgər") deyir, şərt qoyurlar, əgər qorxsa, yenə Bəhramın adı yoxdur (orijinalda "o" əvəzliyinə də yer verilməmişdir), bu, qorxu və nifrətin göstəricisidir, yəni Bəhram iki azğın şirin arasından tacı götürməyə qorxsa...

 

Adlı-sanlılar şahı inandırmaq üçün yalnız nəticəni açıqlamırlar, hər nəticənin arxasınca şahın xeyirini də ifadə edir, ona cəsarət, ruh verirlər: fil sümüyündən olan taxt sənindir. Onlar şahlıq taxtının fil sümüyündən olduğunu özəlliklə vurğulayırlar. Bu, İran şahının şöhrət duyğusunu oyadır.

 

Onlar təminat verirlər ki, Bəhram məsələsini həll etdikdən (həll etsək) sonra da İranın şahı sənsən. Bu təminat vurğusu "sənindir" əvəzliyinə yüklənmişdir, belə ki beytin rədifi sənindir qəlibidir.

 

"Vər" ("və+əgər"), "və" bağlayıcısı iki misranı bir-birinə bağlayır, ikinci nəticə açıqlanır: əgər ölsə (Bəhram iki qızğın şirin arasından tacı götürərkən ölsə), yenə tac sənindir.

 

Bu misra da nəticə, şöhrət və təminat ölçüsü üzərində qurulub. Şaha deyir ki, Bəhramın şərtini qəbul etmədən hakimiyyətdən əl çəkmək yanlış yoldur, şərtin qəbulu Bəhramdan qurtulmaq imkanının qaldığı, sənin şahlığının davamı anlamını daşıyır.

 

 

YÜZ İYİRMİ ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ: XƏRACI GÖTÜRƏRSƏ...

 

O qalib gəlib tacı alarsa,

 

Məmləkətdən xəracı götürərsə...

 

Adlı-sanlıların inandırma metodunun içində bu vasitələr var: inandırıcı dəlil, bütün variantlar hesablanaraq nəticənin açıqlanması, şöhrət duyğusunu oyatmaq, şahlığın davamına təminat vermək.

 

Onlar şahı inandırmaq üçün şər deməsən, xeyir gəlməz ölçüsü ilə hərəkət edirlər, yəni sadəcə müsbət nəticəni deyil, mənfi nəticəni də ortaya qoyurlar. Şaha deyirlər ki, Bəhram qalib gəlsə belə sənin və ölkənin itirəcəyi bir şey yoxdur. Ona görə də sözlərinə yenə "gər" ("əgər", bu, iki beytdə üçüncü şərt bağlayıcısıdır) qəlibi ilə başlayır, məsələni bir-bir izah edir, Bəhramın adını çəkmir, qalib gəlsə, tacı alsa, deyirlər.

 

Bu halda ortaya çıxan nəticə də ölkənin (orijinalda "vilayətin") xeyirinə olacaq. Belə ki vilayətdən xəracı (ağır vergiləri) qaldırar, ölkə ağır yükdən qurtular (Bəhram elçilərə demişdi ki, o, şah olanda bütün sahələrdə ədaləti bərpa edəcək).

 

 

YÜZ İYİRMİ DÖRDÜNCÜ

 

BEYTİN ŞƏRHİ: ALQIŞA LAYİQ OLAR

 

 

O, taxta və alqışa layiq olar,

 

Lakin, heyhat ki, belə ola!"

 

Bu, öncəki beytin davamıdır, üçüncü nəticəni açıqlayır (birinci nəticə Bəhramın qorxması, ikincisi Bəhramın ölməsidir, adlı-sanlıların çıxarına olan bu iki nəticədir). Bəhram iki qızğın şirin arasından tacı götürsə, tacı alsa, ölkədəki zülmün göstəricisi olan ağır vergiləri qaldırsa, taxta və alqışa layiq olar (yenə Bəhramın adı çəkilmir, qorxu və nifrət buna mane olur).

 

Adlı-sanlılar bu nəticəni əsla istəmirlər, bunun iki önəmli səbəbi var: birincisi, Yəzdigürdün zülmü, ikincisi və daha önəmlisi Bəhramın hakimiyyətə gələcəyi təqdirdə adlı-sanlılara münasibətinin nə olacağının bilinməməsi. Onların ölkənin çıxarını (xərac qaldırıla bilər) önə çıxarmasının səbəbi vətən sevgisi deyil, şahı onun vətənpərvərlik duyğularından yararlanaraq Bəhramın şərtini qəbula məcbur etməkdir. Bu şərtin qəbulu onların tək çıxış yoludur (qoca şahın vətənpərvər olduğunu ondan bilirik ki, o əsla savaşın olmasını istəmir, məsələni barış yolu ilə həll etməyə çalışır, Bəhramın hakimiyyət haqqını tanıyır, sadəcə bir az vaxt istəyir).

 

Adlı-sanlıların üçüncü nəticəni əsla sevmədiklərinin əlamətləri var: onlar Bəhramın şah olmaq imkanını açıqlayarkən belə adını çəkmir, tərcümədə olduğu kimi, "o" da demir, "leyk" qəlibinə yer verirlər, üç mümkün nəticəni qarşılaşdıraraq sonuncunu istəmədiklərini bildirirlər. "Heyhat", yəni təəssüflər olsun vurğusu ilə dərin üzüntülərini dilə gətirirlər. Ey şah, biz bu sonuncu nəticəni deyil, sənin şahlığının davamını arzulayırıq. Bunun da tək yolu var, o da şərti qəbul etməkdir.

 

 

YÜZ İYİRMİ BEŞİNCİ BEYTİN ŞƏRHİ: KƏNARA ÇIXMASIN!

 

İşin sonunda söhbəti belə xətm etdilər ki,

 

Qərar bu şərtdən kənara çıxmasın...

 

Adlı-sanlılar bütün inandırma, məcburetmə yollarından istifadə etdilər (tərif, təhdid, dəlil, mükün nəticələrin açıqlanması, şahlıq təminatı, vətən duyğusu), şahın qərarını (hakimiyyətdən əl çəkmək) dəyişdirdilər.

 

Beytdə diqqəti çəkən önəmli məsələlərdən biri odur ki, İran şahının adlı-sanlıların təklifinə (Bəhramın şərtini qəbul et) münasibətinə yer verilməmişdir. Çünki o, bu təklifin qəbuluna könülsüz razı olmuş, daha doğrusu, məcbur qalmışdır.

 

Nizami tərcümədə olduğu kimi "işin sonunda" deyil, qissənin sonunda qəlibinə yer vermiş, ona uzun sözün qısası (uzun təkiddən sonra) anlamını yükləmiş, inandırma (məcburetmə) işinin uzun çəkdiyini vurğulamışdır.

 

Nəticədə, anlaşdılar ki, qərar bu şərtdən kənara çıxmasın - Bəhramın şərti qəbul edilsin (feil əmr biçimindədir, yəni başqa qərar ola bilməz).

 

 

YÜZ İYİRMİ ALTINCI BEYTİN ŞƏRHİ: ŞİKARINA ÇIXSIN!

 

Sabah qərarlanmış gün gələn kimi,

 

Şah aslanların şikarına çıxsın.

 

Bəhram elçilərə demişdi ki, siz təklifimə münasibətinizi sabahədək açıqlamalısınız, əks halda, bu, savaş anlamına gələcək. İranlılar da sabah iki azğın şir arasından tac götürmə mərasiminin keçiriləcəyini bəyan edirlər (misradakı "qərara alınmış gün" ifadəsi bu mənanı ifadə edir).

 

O gün şah (Bəhram) aslanlarla şikara çıxsın. Beytin tərcüməsində məna pozuntusu var. Belə ki tərcümədə deyilir: şah aslanların şikarına çıxsın. Buradan Bəhramın şirləri məğlub edəcəyi anlaşılır. Halbuki adlı-sanlılar belə demirlər, onlara görə nəticə bəlli deyil, əks halda, Bəhramın şərtinin qəbulunun anlamı qalmazdı. Onlar deyirlər ki, şah aslanla (orijinalda "aslan" sözü təkdədir) şikara çıxsın, bu təqdimatda Bəhram şirin, şir də Bəhramın ovçusudur, bir amansız savaş var, nəticəsi də bəlli deyil.

 

Təbii ki, Nizami Bəhramın tərəfindədir, onu şirlərlə savaşa göndərərkən "şah" sözünü seçməsi bunun açıq dəlilidir.

 

NƏTİCƏ

 

 

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın iranlılara cavabı" adlı bölməsi yüz iyirmi altı beytdir (tərcümədə yüz iyirmi yeddi beyt). Bəhramın cavab məktubu dünya siyasət və diplomatiya tarixinin şah əsərlərindən biridir. Məktubu (məsnəvini) bu bölmələrə ayırmaq olar:

 

İran şahının məktubunu dinlədikdən sonra Bəhramın münasibətinin açıqlanması. Bəhram onun nəslinə aid hakimiyyəti ələ keçirmiş İran şahına nifrət və qəzəbini bu vasitələrlə ifadə edir:

 

- İran şahının məktubunu dinlədikdən sonra varlığı alov püskürür;

 

- vücud dili, jest və mimikaları qəzəbi, nifrəti ifadə edir;

 

- onun cavab nitqində "İran şahı", "şah" kimi sözlər yoxdur;

 

- o, hakimiyyəti ələ keçirmiş şəxsi şah kimi hiss etdirəcək bütün vasitələrdən imtina edir;

 

- İran şahının adını belə çəkmir (ad çəkməmək, şah deməmək nifrətin güclü ifadə biçimləridir);

 

- Bəhram iranlılarla İran şahını bir-birindən ayırır;

 

- İran şahına "o, mənə müxalifdir" deyir;

 

- o, taxtı ələ keçirib;

 

- o, uşaqdır, hakimiyyətin nə olduğunu anlamaz;

 

- qəddardır / zalımdır;

 

- mənim yerimdə oturub;

 

- hörümçəkdir - çox zəifdir;

 

- qarışqadır - gücsüzdür;

 

- ağcaqanaddır;

 

- gurdur (yabanı eşşək);

 

- yüz çıraqdır - Günəşin qarşısındakı yüz çıraq, yəni Günəşlə müqayisədə çırağın işığı nədir ki?;

 

- eşşəkdir;

 

- oğrudur;

 

- düşməndir;

 

- günahkardır;

 

- nankordur;

 

- vəfasızdır;

 

- qoca tülküdür;

 

- yaddır - hakimiyyət haqqı yoxdur;

 

- qoca bir atlıdır (hərb

 

i gücü olmayan şahdır);

 

- ünvan olaraq İran xalqını seçir, şahın, idarəçilərin deyil, onların qəlbini qazanmağa çalışır, məqsədi hərbi gücü, hüquqi haqlılığı (hakimiyyət onun nəslinə məxsusdur) ilə xalqın dəstəyini birləşdirməkdir;

 

- meydan oxuyur;

 

- qorxudur;

 

- Bəhram təhdid üslubu ilə diplomatik və siyasi xarakterli önəmli addımını atır: səni İran şahı kimi tanımıram, sənin hakimiyyət haqqın yoxdur (hakimiyyət haqqı olmamaq mövcud İran şahının ən zəif yeridir, Bəhram bunu bilir, nitqində bu tezisi tez-tez xatırladır), sən gücsüzsən, savaşla halal hakimiyyət haqqımı geri alacağam.

 

Nizami Bəhramın ağıllı, iradəli olduğunu bu vasitələrlə təqdim edir:

 

- içində alov püskürsə də, qəzəb və nifrət duyğusunu boğmağı bacarır;

 

- qısa zamanda özünü ələ alır;

 

- tələsmir;

 

- məktubu oxuyan elçinin sözünü kəsmir;

 

- çox düşünür;

 

- İran şahının məktubunu dinlədikdən sonra cavab üçün kimsədən məsləhət almır;

 

- cavab üçün vaxt istəmir;

 

- məsələni müzakirəyə çıxarmır;

 

- biz (onun nitqində "biz" sözü yoxdur, "mən" deyir (təkəbbürlüdür), özünə çox güvənir) məsləhətləşib sizə cavab verərik demir;

 

- o, nə istədiyini dəqiq bilir;

 

- özünü sakitləşdirmək üçün "yüz bacarıq və zirəklikdən istifadə edir";

 

- Bəhram İran şahına nifrət etsə də, ədalət duyğusunu itirmir;

 

- məktubu yazdıranın (İran şahının) məktubunda olan doğru sözləri qəbul etdiyini açıqlayır: "Yüksək düşüncə ilə deyilmiş hər nə varsa, bəyənirəm, onlar bəyənilməyə layiqdir";

 

- Bəhram İran şahının sərvət və toxunulmazlıq təminatı ilə bağlı təkliflərini rədd edir;

 

- deyir ki, başımı yeddi iqlimin (bütün dünyanın) sərvəti önündə əymərəm;

 

- o, əsl hədəfini açıqlayır: nəslimin mirası olan hakimiyyət haqqını kimsəyə vermərəm, bu, mənim üçün şərəf məsələsidir;

 

Bəhram İran hakimiyyətinə gedən yolda ən böyük maneənin atasının zülmü olduğunu bilir. Ona görə də atası ilə arasına məsafə qoyur, aralarındakı fərqləri göstərir:

 

- Yəzdigürdün zalım olduğunu qəbul edir: "O, Allahlıq iddiasında idi...";

 

- mən Allahı sevirəm, Onun ölçüləri ilə tərbiyələnmişəm;

 

- fərqi göstərmək üçün bədii təzadlara yer verir: mən damar, o, dəridir, o, Allahlıq iddia edir, mən Allahın quluyam, o, daşdır, mən gövhərəm;

 

Bəhram cavab məktubundan istifadə edərək İran xalqının sevgisini qazanmağa çalışır. Bu məqsədlə bir sıra vasitələrdən istifadə edir:

 

- atanın (o, "atam" demir, "ata" sözünü seçir, bu, məsafə qoyma, fərqi göstərmə vasitəsidir) zülmünü əsla müdafiə etmir;

 

- iranlıların təsəvvüründə ədalətli Bəhram obrazı formalaşdırır;

 

- belə bir ölçü irəli sürür: pis atanın (adamın) yaxşı övladı da ola bilər: "İşıqlı sübh gecədən doğulur, saf ləl daşdan əmələ gəlir";

 

- məktubdakı doğruları qəbul edir;

 

- hakimiyyət haqqını önə çıxarır;

 

- savaş istəyinin səbəblərini açıqlayır (açıqlamaya, birbaşa savaşa da bilərdi);

 

- doğruları söyləyir;

 

- səmimidir;

 

- ataya "zalım" adını qoyur;

 

- zalım atanın ədalətli oğlu ola bilər deyir;

 

- örnəklər verir;

 

- boynuna alır;

 

- söz (vəd) verir;

 

- çox bədii (təsirli) danışır ki, inandırsın;

 

- Bəhram atasının (o, Yəzdigürdün siyasi kimliyini tanıdarkən "ata", bioloji kimliyini (mən onun oğluyam) tanıdarkən "atam" sözünə yer verir), zalımlığını rədd etsə də, atalığını qəbul edir;

 

- atasının arxasınca danışılmasını istəmir;

 

- ölənin arxasınca danışmazlar deyir;

 

- o, İran şahının məktubunda atasının zülmünün birinci sıraya yerləşdirilməsinin səbəbini bilir. Anlayır ki, burada hədəf ata deyil, Bəhramdır, məqsəd keçmiş yox, gələcəkdir. Onlar atanın zülmü ilə Bəhramın hakimiyyətə gedən yolunu kəsməyə çalışırlar;

 

- belə deyir: "Atanın cinayətlərini keçin, Mənim xəbərim olmayan şeyləri qoyun qalsın". Yəni sizin oyununuzu bilirəm, onun zülmü ilə mənim qarşımı kəsməkdən əl çəkin;

 

- o, atasının yerinə üzr istəyir;

 

Bəhram mən fərqliyəm fikrini formalaşdırmaq üçün yeni vasitələr seçir:

 

- keçmişi ilə arasına məsafə qoyur;

 

- qafillər kimi yatmışam;

 

- qafilliyi tərk edirəm (qafillik özünü, yaradıcısını, bu dünyadakı varlıq səbəbini, axirəti unutmaqdır);

 

- bəxtim mənə yar oldu, yatmışdım, indi oyandım;

 

- ürəyimi qafillikdən boşaldacağam;

 

- yaxşılığa üz tutacağam;

 

Bəhram İran xalqının sevgisini qazanm

 

aq üçün etiraf etdi, atasının zalım olduğunu söylədi, öz keçmişinə tənqidi yanaşdı, sıra vədlərə çatdı:

 

- qəddarlıq etmərəm;

 

- mənim şahlığımda özbaşınalığa (qanunsuzluğa, haqq və hüququn pozulmasına) yer yoxdur;

 

- xamlıq (təcrübəsizlik) olmayacaq;

 

- məsləhətə önəm verəcəyəm;

 

- ortaq ağılın qərarlarını əsas alacağam;

 

- kimsənin malında gözüm olmayacaq;

 

- xətaları böyütməyəcəyəm;

 

- keçmiş günahları araşdırmayacağam;

 

- bağışlama yolunu tutacağam;

 

- mərhəmətli olacağam;

 

- hüquqlarınızı qoruyacağam;

 

- ədaləti təmin edəcəyəm;

 

- ədalətli vergi sistemi tətbiq edəcəyəm;

 

- kimsənin qazancını əlindən almayacağam;

 

- düşmənlərdən qoruyacağam;

 

- qapım xeyirxah adamlara açıq olacaq;

 

- pis və pisfikirli insanları (araqarışdıranları) ölkədən uzaqlaşdıracağam;

 

- yaxşı insanları himayə edəcəyəm;

 

- pislik öyrənənlərdən pislik öyrənmərəm;

 

- ədalətli məhkəmə olacaq;

 

- hesabını uca Allaha verə biləcəyim işlər görəcəyəm;

 

- ailənizi, sərvətinizi, şərəfinizi qoruyacaq bir hakimiyyət vəd edirəm;

 

- kiminsə çörəyini əlindən almayacağam;

 

- çörəyinizi (ruzinizi, qazancınızı) artıracağam;

 

- şeytan məni yoldan çıxara bilməz;

 

- uca Allahın sevmədiyi heç bir işi yerinə yetirmərəm;

 

Toplasaq, deyə bilərik ki, Bəhram İran xalqının sevgisini qazanmaq üçün bu vasitələrdən istifadə etdi:

 

- İran şahının məktubundakı doğruları qəbul etdi;

 

- səmimi oldu;

 

- ədalətli münasibət açıqladı;

 

- zalım ataya zalım dedi;

 

- özünü atadan fərqləndirdi;

 

- İran xalqının əleyhinə heç bir şey söyləmədi;

 

- mən atadan fərqliyəm dedi;

 

- zalım atanın ədalətli oğlu ola bilər ölçüsünü qoydu;

 

- vədlərini sıraladı: bütün sahələrdə ədalət, adil məhkəmə, adil vergi sistemi, insanların can, mal, şərəf güvənliyi;

 

Nizami məsnəvinin sıradakı mərhələsində İran şahının elçilərinin Bəhramın sözlərinə (proqramına) münasibətini açıqlayır;

 

- Bəhramın sözləri o qədər güclüdür (təsirli) ki, elçilər onun şahlığını qəbul etdiklərini açıqlayırlar (bu ən önəmli siyasi nəticədir);

 

- İran şahının elçiləri önəmli din xadimləridir, onların Bəhramın tərəfinə keçməsi ölkədəki ictimai rəyi, güclər nisbətini onun xeyrinə dəyişdirəcək;

 

- elçilərin təmsilçisi (ən qocaman din adamı) bu sözləri seçir:

 

- hökmransan;

 

- ağıllısan;

 

- hikmət verənsən;

 

- sözlərin "ürəyimizin qaşına yazıldı";

 

- o sözləri yazan ağıldır;

 

- hamıya başçısan;

 

- sürünün çobanı sənsən;

 

- tacdarlıq sənin cövhərinə layiqdir;

 

- tac bizdə olsa da, sənin başındadır;

 

- sən şah nəslindənsən;

 

- qoca din xadimi (elçilərin başçısı) Bəhramın bağlı olduğu şah nəslinin önəmli şahlarının adlarını çəkir: Bəhmən, Dara, Siyamək, Babək oğlu Ərdəşir, Kəymərs;

 

- dünyanın ən böyük şahı sənsən;

 

- qoca, cavan - bir sözlə, bütün din xadimləri mənim sözlərimə şərikdirlər (elçilərin başçısının nitqində iki önəmli vurğu var: Bəhram şahlığa layiqdir, şahlıq onun haqqıdır, o, İran şahı kimi qəbul edilir);

 

Elçilərin başçısı (elçilər) mövcud İran şahına xəyanət etmir. Bəhrama deyir ki, bizim onunla möhkəm əhdimiz var: ondan başqasının başına tac qoymayacağıq. Sən bizə elə bir dəlil göstər ki, biz onunla olan əhdimizi poza bilək. İran dövlətçilik ənənəsinə xəyanətdə ittiham olunmayaq.

 

Bəhram elçilərin (din xadimlərinin) onun tərəfinə keçdiyini görür, bunun çox önəmli siyasi hadisə olduğunu qavrayır, onların vasitəsi ilə bütün din xadimlərini və xalqı öz tərəfinə çəkmək imkanının ortaya çıxdığını əla dəyərləndirir, hadisələrin (İran siyasi tarixinin) gedişini dəyişdirəcək addımlar atır. Həlledici siyasi qərarını açıqlamadan öncə hazırlıq məqsədi ilə bu ölçüləri qoyur:

 

- elçilərin üzr istəməsinə razı olmur;

 

- deyir ki, ağıllı adamın əlaməti vəfalı olmasıdır;

 

- mən sizin (şahınıza) xəyanət edərək əhdinizi pozmağınızı istəmirəm;

 

Bəhram verəcəyi önəmli siyasi qərarın onun acizliyi kimi qiymətləndirilməsinin önünü kəsmək üçün gücünü ifadə edən bu sözləri sıralayır:

 

- tacı İran şahının başından elə alaram ki, başındakı bir tük də inciməz;

 

- mən şaham, şahlığımın kiminsə üzrünə ehtiyacı yoxdur;

 

- şahlıq mənim halal haqqımdır;

 

- mən şahlar nəslinin tək varisiyəm;

 

- o, əfsanəvi şah Cəmşidin (o, ədalət və gücün simvoludur) adını çəkir;

 

- yəni bu günün Cəmşidi Bəhramdır;

 

- əsas olan şahlıqdır, tac və taxt bir alətdir (mən bu gün İranın rəsmi şahı olmasam da, halal və gerçək (qanuni) şahıyam);

 

- göy tacım, yer isə taxtımdır;

 

- mənim şahlıq mayam (gücüm, qabiliyyətim) var;

 

- hakimiyyətin (idarəetmənin) nə olduğunu bilirəm;

 

- qılıncım var (istəsəm, savaş yolu ilə hakimiyyəti geri alaram);

 

Bəhram gücünü göstərmək üçün dörd vasitə seçir: özünü İran şahı ilə müqayisə edir, bədii təzada yer verir (bu yolla gerçək gücün kimdə olduğunu açıq ifadə edir), bədii suallardan yararlanır (bədii suallar qeyri-mümkünlüyü önə çıxarır, yəni indi İranı idarə edən şəxsin şahlığı qeyri-mümkündür), sözünün təsir gücünü artırmaq üçün məcazi (bədii) danışır:

 

- qəddar (İran şahı) qarşımda mağarada tor hörmüş hörümçək kimidir (o, çox aciz və zəifdir);

 

- mən əjdahayam, əjdaha hörümçəkdən icazə istəyərmi? (Mən İran şahı olmaq üçün ondan izin istəmərəm, sadəcə əzib keçərəm);

 

- qarışqa Cəbraillə həmcins ola bilərmi?

 

- ağcaqanad fillə ayaqlaşa bilərmi?

 

- gur şirin nərəsinin qarşısında dura bilərmi?

 

- Həməl bürcündə olan Günəşin qarşısında yüz çırağın nə önəmi var ki?;

 

- O, (İran şahı) uşaqların gözündə harınlaşmış eşşək, böyüklərin qarşısında isə zəlil eşşəkdir;

 

- O, evimi oğurlamışdır;

 

- O, bal, şəkər, mən isə ürək və ciyər qanı yeyirəm;

 

- mən ya evimi oğrudan geri alacağam (bu, şərəf məsələsidir), ya da döyüşdə şəhid olacağam;

 

- o, mənim (ailəmin) Ərəbistanda yaşamasından istifadə etmişdir;

 

- bütün əcəm mülkünün xəzinəsi mənim olduğu halda, sadiq ərəblərin yardımına möhtac qalmışam;

 

- mənə yardım edən ərəblər vəfalı, halal hakimiyyətimi ələ keçirən İran idarəçiləri xain deyilmi?;

 

- mən fatehəm;

 

- cavan aslanam;

 

- qoca tülkü (İran şahı) mənim yerimi tuta bilərmi?;

 

- şah nəslindənəm, şahlıq haqqımdır;

 

- şah şah olmayana xərac verərmi?

 

- şahlıq şah nəslindən olana yaraşır;

 

- mən şah, o, yolçudur;

 

- mən dolu, o, boşdur;

 

- mən yenilməz ordu, o, tək atlıdır;

 

- din xadimləri (muğlar piri) bizim hakimiyyətimizə xeyir-dua vermişdir;

 

- mən muğlar oğluyam;

 

- hədəfim gerçəyi ortaya çıxarmaqdır;

 

Bəhram mən güclüyəm, haqlıyam, istəsəm, savaş yolu ilə hakimiyyəti qısa zamanda geri ala bilərəm mesajını verdikdən sonra ən önəmli siyasi qərarını açıqlayır:

 

- savaşdan imtina edir, barış yolunu seçir, səbəbləri belə sıralamaq olar: özünə, gücünə güvənir, şahlığın onun olacağına əmindir, İran xalqının sevgisini qazanmağa can atır, savaşla idarə edəcəyi ölkəni xarabaya çevirmək istəmir...;

 

- şahlığını əsla qəbul etmədiyi İran şahını bir tərəf (iddiaçı) kimi tanıyır;

 

- monarxiya sistemi ilə idarə olunan İran dövlətçilik tarixinə yeni bir seçim (şah seçimi) üsulu gətirir;

 

- elçilərin təklifi ilə razılaşır;

 

- deyir ki, məqsədim sizin (sizin vasitənizlə xalqın) razılığını qazanmaqdır (bu, savaşla deyil, barışla mümkündür);

 

- İran şahını müəyyən edəcək şərtini açıqlayır;

 

- kim iki azğın şir arasına qoyulmuş tacı götürsə, şahlıq onun haqqıdır;

 

Bu güclü siyasi gediş bir sıra nəticələri ortaya çıxaracaq:

 

- İran şahı bu təklifi qəbul etməsə, savaşın yolu açılacaq, ancaq savaşın səbəbkarı Bəhram deyil, İran şahı olacaq. Bəhram savaşını əsaslandırmaq imkanı qazanacaq, İran şahı dəstəyini itirəcək (Yəzdigürdün zülmü xalqı onu dəstəkləməyə məcbur etmişdi). Bəhram savaşacaq və qalib gələcək (o, bilir ki, İran şahının savaş yolu ilə hakimiyyəti qorumaq imkanı yoxdur);

 

- İran şahı bu təklifi qəbul etməsə, qorxaqlığı üzə çıxacaq, xalq qorxaq şahdan dəstəyini geri çəkəcək;

 

- İran şahı bu təklifi qəbul etsə, Bəhram cəsarət və məharətini ortaya qoyacaq. Şərtə görə öncə o, iki azğın şirin arasından tacı götürəcək, cəsur Bəhram İran xalqının ürəyini fəth edəcək. Hüquqi haqqı olan hakimiyyəti mənəvi haqla da iki ayaq üstündə oturdacaq. Nəticədə, savaşdan qurtulmuş İran xalqı cəsur Bəhramın şahlığını qəbul edəcək (o, inanır ki, ədalət, barış, cəsarət, ağıl xalqın qəlbinin qapısının açarıdır);

 

Bəhram kimin cəsur olduğunun, kimin hakimiyyət haqqının varlığının təsdiqi üçün şərtlərini ağırlaşdırır və incəliklərini açıqlayır:

 

- iki şir olacaq;

 

- ikisi də azğın olacaq;

 

- mərasim səhər vaxtı - şirlər ac olanda keçiriləcək;

 

- şirlər vəhşi, iti pəncəli, acıqlı, nərildəyən olacaq, alovlu ağızlarından tüstü püskürəcək;

 

- iki şir arasından tac götürmə mərasimi meydanda olacaq (xalq bunu görəcək);

 

- meydanın ətrafına əsgərlər sıra-sıra düzüləcək (yarışçıların qaçıb canını qurtarmaq imkanı olmayacaq);

 

- kim yırtıcı şirlər arasından tacı götürsə, şah o olacaq;

 

Bəhramın bu şərti elçilərin üzərindən ağır bir yük götürür. Onlar Bəhramın ağıl və cəsarətinə heyran olurlar. Artıq onların şahı Bəhramdır. Elçilər Bəhramı belə tanıdırlar:

 

- o, mehribandır;

 

- onda şahlıq haləsi (fərri) var;

 

- onun zatı da, adı da şahdır;

 

- ona qarşı çıxmaq olmaz;

 

- qızğın aslandır;

 

- igid süvaridir;

 

- əjdahanı bir oxla ovlayır;

 

- kimsə onun qarşısında dura bilməz;

 

- o, taxtı və tacı zorla (istənilən halda) alacaq;

 

- ona qarşı çıxanları əzəcək;

 

- onu qəzəbləndirmək doğru deyil;

 

- onun şərtə ehtiyacı yoxdur (şahlıq onundur);

 

Elçilərə görə, Bəhramın şərtinin önəmi budur:

 

- elçiləri xəyanət damğasından qurtardı;

 

- tülkünü (qorxağı) canavardan (cəsurdan) seçməyin yolunu öyrətdi;

 

Məsnəvinin süjet xətti yeni mərhələyə keçir. Elçilər Bəhramın məktubunu İran şahına oxuyurlar. Bu mərhələdə şahın qorxaqlığı üzə çıxır. Onun qorxaqlığı bu vasitələrlə təqdim olunur:

 

- o, Bəhramın şərtini düşünmədən, müzakirə etmədən, məsləhətə ehtiyac duymadan vəzifəsindən əl çəkir - "tacı çıxarıb taxtın ayağında oturur";

 

- deyir ki, taxt və tacdan bezmişəm;

 

- şahlığa görə canımı aslana tapşırmaram;

 

- ağıllı adam şirin ağzından yemək çıxararmı?

 

- o, Bəhramın tərəfinə keçdiyini açıqlayır: "Həm qılınc, həm də cama görə ölkənin varisi Bəhramdır";

 

- əmr edir, taxtı Bəhrama verin deyir;

 

- Bəhramı şah olaraq qəbul edir - "mən şah deyiləm, şahpərəstəm";

 

İranı idarə edənlər (adlı-sanlılar) şahın bu qərarını qəbul etmirlər. Onu Bəhramın şərtini qəbula yönəltmək üçün bu vasitələri seçirlər (onlar Bəhramın İran şahı olmasını istəmirlər, ona qarşı savaşmaq imkanları olmadığından - olsa idi, İran şahını vəzifədən uzaqlaşdırıb, ya da öldürüb yerinə keçər, savaşardılar - tək çarələri şərti qəbul etməkdir. Belə ki Bəhram iki qızğın şirin arasından tacı götürərkən ölə bilər. Bəhram cəsarətini göstərmək üçün öncə addım atacağını söyləmişdi - şərti öncə o yerinə yetirəcəkdi);

 

- tərifləyirlər: "Sən şahların başçısı, başların tacısan";

 

- qorxudurlar: "Bizim buyruğumuzla taxtda oturmusan, bizim fərmanımızla da o vəzifəni tərk edə bilərsən";

 

- inandırmaq istəyirlər. Bu məqsədlə də dörd addım atırlar:

 

a) dəlil gətirirlər - şirlərin Bəhramı parçalaması mümkün variantdır;

 

b) şərtin qəbulu halında ortaya çıxacaq nəticələri açıqlayırlar. Üç mümkün nəticə var:

 

- Bəhram qorxar, şirlərin qarşısına çıxmaz, o halda, taxt sənin olar;

 

- Bəhram iki şirin arasından tacı götürəndə həlak olar, o halda tac sənindir;

 

- Bəhram tacı götürər, İran şahı olar, ölkəni ağır vergilərdən qurtarar, barış, hüzur, ədalət gətirər, nəticədə, xalq, o sıradan biz rahatlığa qovuşarıq;

 

c) şahlıq təminatı (ümid) verirlər - Bəhram məğlub olsa, şahımız sənsən;

 

d) vətən duyğusunu oyadırlar - İranın çıxarları tələb edir ki, Bəhramın şərti qəbul olunsun;

 

Nəticədə, İran şahı Bəhramın şərtini qəbul etməyə məcbur olur.

 

Nizami "Bəhramın iranlılara cavabı" adlı bölmədə dövlətin vəzifələrini (varlıq səbəblərini) və idarəçiliyin əsaslarını açıqlamışdır:

 

- dövlət bütün sahələrdə ədaləti təmin etməlidir;

 

- vətəndaşın şərəfini qorumalıdır;

 

- barış və hüzuru təmin etmək dövlətin vəzifəsidir;

 

- dövlət iqtisadi inkişafa, sosial rifaha yol açacaq vergi tətbiq etməlidir;

 

- sosial dövlət olmalıdır;

 

- dövlət məsləhətlə idarə olunmalıdır (şura), ağıllı adamların rəyi öyrənilməlidir;

 

- dövlət vətəndaşına qarşı mərhəmətli, şəfqətli olmalıdır;

 

- dövlət vətəndaşa qorxu deyil, ümid verməlidir (zülm qorxu, ədalət ümid verir);

 

- məhkəmələr vətəndaşın haqq və hüququnu qorumaq üçün var;

 

Məsnəvi siyasi, diplomatik məktub olsa da, dili bədii baxımdan zəngindir, siyasi sözün təsir gücünü artırmaq üçün məcazın imkanlarından ustalıqla istifadə olunmuşdur. Mətndə iki atalar sözü var:

 

- "Ölənin arxasınca danışmazlar";

 

- "Günəşi palçıqla suvamaq olmaz";

 

Mətndə bu frazeoloji birləşmələrə yer verilmişdir:

 

- "qulaq asmaq";

 

- "zirəkəlli olmaq";

 

- "baş əymək";

 

- "Allahlıq iddia etmək";

 

- "başı bəxtdən boş olmamaq" ("həmişə bəxti gətirmək");

 

- "üzünü yaxşılığa tutmaq";

 

- "göz qoymaq";

 

- "tamah salmaq

 

";

 

- "başına qəsd etmək";

 

- "yada gətirmək / salmaq";

 

- "arzusunu (nəfsini) günaha girov qoymaq";

 

- "nəzər salmaq";

 

- "əli-qolu bağlı olmaq";

 

- "əhd bağlamaq";

 

- "üz çevirmək";

 

- "xəcalət çəkmək";

 

- "ürəyi sıxılmaq";

 

- "ürəyini yemək";

 

- "ciyərini yemək";

 

- "əl çəkmək";

 

Nizami hala uyğun məcaz seçir. Bəhramın qəzəbini, iddiasını ifadə edərkən mübaliğələrə yer verir:

 

- "tacı onun başından elə alaram ki, başındakı bir tük də inciməz (tərpənməz)";

 

- "şir ağzından alov püskürür";

 

Bəhram özünü atası və İran şahı ilə müqayisə edəndə bədii təzadlara yer verir:

 

- qara daş - gövhər;

 

- zülmət gecə - nurlu səhər;

 

- qara daş - saf ləl;

 

- hörümçək - əjdaha;

 

- qarışqa - Cəbrail;

 

- ağcaqanad - fil;

 

- gur - şir;

 

- yüz çıraq - Günəş;

 

- bal - ürək qanı;

 

- şəkər - ciyər qanı;

 

- boş - dolu;

 

- tək atlı - qoşun;

 

Bəhram meydan oxuyur, qeyri-mümkünlüyü ifadə edir, bu zaman bədii suallara yer verir:

 

- "mağaranın ağzına gəlmiş əjdaha hörümçəkdən qəbul icazəsi istəyərmi?";

 

- "ağcaqanad fillə ayaqlaşa bilərmi?";

 

- "qarışqa Cəbraillə həmcins ola bilərmi?";

 

- "Həməl bürcündə olan Günəşin qarşısında yüz çırağın nə yeri var?";

 

- "mənim yerimi o qoca tülkü necə tuta bilər?";

 

- "mən şaham, düşmən tacımı necə ala bilər?";

 

- "şahzadədən başqasına necə xərac vermək olar?";

 

- "şah gərək ordunu ayağa qaldırsın, bir atlıdan nə toz çıxar?";

 

Məsnəvidə tarixi, mifoloji qəhrəmanların adlarına yer verilmişdir. Bu adlar Bəhram şah nəslindəndir, şahlıq halal haqqıdır, o, İran şahı olacaq mesajlarını verir:

 

- Bəhmən;

 

- Dara;

 

- Siyamək;

 

- Babək;

 

- Ərdəşir;

 

- Kəymurəs;

 

- Cəmşid;

 

- Küştasib (bu adların kimliyi əsas mətndə açıqlanmışdır);

 

Nizami məsnəvidə "yeddi iqlim" ifadəsinə yer vermişdir. İslam coğrafiyaçıları iqlimi əsas götürərək dünyanı yeddi iqlim qurşağına bölürdülər ("iqlim" sözünün mənası "ölkə"dir). Bu bölgüyə görə Azərbaycan beşinci iqlim qurşağında yerləşir (Nizami Marağanı - Azərbaycanı tanıdarkən buna işarə etmişdir).

 

Məsnəvinin fikir yükü bu açar sözlərə yüklənmişdir (təkrarlar nəzərə alınmamışdır): namə, atəş, Bəhram, yüz, bacarıq, zirək, səbir / dözüm, qızğınlıq, tələsmək, fikir, katib, əl, öyüd, əyar, torpaq, gümüş, mülk, atalar, eyib, ata, iddia, Allahlıq / Xudalıq, Xuda, damar, dəri, günah, günahkarlıq / cinayətkarlıq, kan (mədən), daş, gövhər, sübh, işıqlı, gecə, ləl, saf, şahidlik, azad etmək, pislik, yaxşılıq, ağıl, xarakter, cinayət, göz, yol, qafillər, bəxt, yuxu, ağır yuxu, baş, üz, ürək, qəflət, eqoistlik, özbaşınalıq, xamlıq, püxtələşmək, məsləhətçi, məsləhət, qayğı, xəta, nəzər, tamah, mal, qəsd, yaddaş, vaxt, rəxne (qarışıqlıq), xəzinə, düşmən, həzine (xərc, vəsait), rəy, qapı, pisfikirli, məhcur (məhrum, ayırma), qadın, övlad, çoban, sürü, çörək, div, arzu/nəfs, girov, Yaradıcı (Allah), pir, möbid, şahlıq, elmli, üzüyün qaşı, sərvərlik, baş çoban, tacidarlıq, tac, zənd, Küştasib, Kəyan, Bəhmən, Dara, toxum (nəsil), meyvə, Siyamək, Ərdəşir, Babək, Cəmşid, Kəyumərs, sərir (taxt), kolah (tac), şah, mülk, dünya, tacidari, yeni, köhnə, dil, söz, bəndə, əhd, and, taxt, əl, çöhrə, ayin, xəcalət, aqil, vəfasız, müxalif, tifil, tük, şahzadə, miras, ağ, qara, alət, şahlıq, tacdar, asiman, yer, Firidun, maya, qılınc, qəddar, hörümçək, mağara, hörmək, əjdaha, qarışqa, Cəbrail, ağcaqanad, fil, gur, təranə, şücaət, nalə, möhre, şir, günəş, Həməl, çıraq, eşşək, harın, ev, oğru, yemək, düşmən, şəkər, bal, ciyər, xəncər, göbək, boyun, əcəm, xəzinə, ərəb, qəbilə, ailə, Münzir, süfrə, Neman, can, çörək, kolahdar, günahkar, cavan şir, vilayət, qoca tülkü, key, keyzadə, xərac, yolçu, ləşkər, süvari, toz, mey, muğlar, oğul, düzlük, peyman, dikbaşlıq, soltanlıq, riza, hüccət, sirr, nəsib (qismət), cəsur, sübh, nərəçəkən, xuruş, mədə, vəhşi, pəncə, acıqlı, atəş, tüstü, şirsaxlayan, meydanqah, dairə-dairə, səf, ordu, şahlar, rəfiq, təb, məktub, möhür, şərh, göstəriş, xidmətçi, şahpərəst, surət, mehribanlıq, aşiq olmaq, fərr, xosrovluq (şahlıq), məlik, ad, xilaf (zidd), afitab, gil, ox, ov, ayaq, sərvəran (başçılar), qatır, atəş, istilik, qissə, şərt, tülkü, canavar, dərgah, taxtsınayan, tacpərəst, can, yemək, ağız, varis, məmləkət, cam, qoca, əfsər (tac), cavan, cavab, adlı-sanlılar, Xosrov (şah), xudavəndi (böyüklük, ağalıq), müdriklik, fərman, yataq, oyun, zülmət gecə, sümük, vilayət, xətm, gün, sabah, şikar;

 

NİZAMİNİN TƏBLİĞ ETDİYİ

 

DƏYƏRLƏR:

 

 

l Uca Allah hər şeyi mənalı və məqsədli yaradıb.

 

l Uca Allaha təslim olmayan azad olmaz.

 

l Azad olmayanın dəyəri olmaz.

 

l Dəyəri olmayanın dəyəri olmaz.

 

l Kainat Ona səcdəyə köklənmişdir.

 

l İnsanın dəyəri uca Allaha təslim olduğu qədərdir.

 

l Zəhmətsiz rəhmət yoxdur.

 

l İnsanın qədəri seçiminə və əməyinə bağlıdır.

 

l Saleh əməl qədəri dəyişdirər.

 

l Saleh əməllərin varsa, ölümdən qorxma, o, səni sevdiyinə qovuşdurar.

 

l İnsanı acılar tərbiyə edir.

 

l Zaman əmanətdir, mülkiyyət deyil.

 

l İman ümiddir. Hər gecə bir gündüzə hamilədir.

 

l Hər gecənin qaranlığında bir ümid gizlənib.

 

l Bütün aləmdə əziz olmağın iki şərti var: uca Allah yolunda cihad və Onun yardımı.

 

l Varlığını göz yaşları ilə islat ki, ürəyin çiçək açsın.

 

l Sən uca Allaha qulluq et, ruzi dərdi çəkmə.

 

l Dinin qulu ol, divin qulu olma.

 

l Qəlbinə hakim olan dünyaya soltan olar.

 

l Nəfsini əz ki, qəlbin yumşalsın.

 

l Xidmətdən gözəl əməl yoxdur.

 

l Əməyi olanın dəyəri olar.

 

l Əməksiz təvəkkül yoxdur.

 

l Kəramət halal yaşamaqdır.

 

l Halal yaşamaq igidlikdir.

 

l İnsanları razı sal ki, uca Allah da səndən razı olsun.

 

l Bu dünyada mətbəx odunu olan axirətdə cəhənnəm otu olar.

 

- Axirətə inanmayan bu dünyanın dəyərini bilməz.

 

- Axirət dünyanın ruhudur.

 

- Dövlətin imanı ədalətdir.

 

- Ədalət nurdur.

 

- Ədalət iki dünyanın sərmayəsidir.

 

- Uca Allahın hidayət qanunu var: Ona təslim ol ki, səni doğru yola yönəltsin.

 

- Uca Allahın dəlalət qanunu var: Onu inkar edən azar.

 

- Uca Allahın təsadüf adlı qanunu yoxdur.

 

- Heç bir uğur təsadüf deyil, əməyin, alın və ürək tərinin nəticəsidir.

 

- Kədər şadlığın müjdəçisidir, ondan sonra sevinc gəlir.

 

- Nur azaldıqca kölgə çoxalar.

 

- Köhnə budaqları kəsməsən, yeni budaqlar çıxmaz.

 

- Bir ölkə inancsızlıqla deyil, zülmlə çökər.

 

- Cihadsız azadlıq yoxdur.

 

- Uca Allahla sağlam münasibətin şərti tövhid inancıdır.

 

- İnsanlarla sağlam münasibətin şərti ədalətdir.

 

- Rəhmət qapısının açarı düzlükdür.

 

- İnsan bu dünyada səfərdədir, o, aman verilmiş yolçudur.

 

***

 

NİZAMİ GƏNCƏVİ:

 

AĞLIN OLSA, HƏR ŞEYİN OLAR

 

XERƏD ƏST AN KE ƏZ U RƏSƏD YARİ,

 

HƏME DARİ, ƏGƏR XERƏD DARİ.

 

 

(Ağıl elə bir (o) nemətdir ki, ondan dostluq (o, sənin dostundur), yardım gələr, Ağlın olsa, hər şeyin olar)

 

ŞƏRHİ: Nizami deyir ki, ağıl ilahi nemətdir, elə bir nemətdir ki, o, insanı başqa varlıqlardan seçir, üstün qılır, məsuliyyət yükləyir. Beytdəki "ağlın olsa" ifadəsi ağılın var olmasını nəzərdə tutmur, şair "ağlın olsa" deyərkən ağıldan doğru istifadə etməyi, düşünməyi, araşdırmağı, sorğu-sual etməyi nəzərdə tutur. Birinə ağlın yoxdur, ağılsızsan deyərkən onun dəli olduğunu söyləmirik, ağlından doğru istifadə edə bilmədiyini demiş oluruq (ağlı olmayana dəli deyirlər). Ağıl insana o zaman dost olur, yardım edir ki, onun haqqını verirsən, şükrünü yerinə yetirirsən, doğru düşünməyin yollarını öyrənirsən, ağılı elmlə qidalandırırsan, səbəb-nəticə bağını qurursan. Ağılı öldürən zəhərin adı xürafə, dirildən nemətin adı elmdir. Uca Allah doğru istifadə olunmayan ağıla "ölü", haqqı verilən ağıla "diri" deyir. İki yol var:

 

a) Təlqin yolu - burada danışan aktiv, dinləyən passivdir, dinləyənin işi deyilənləri sorğu-sualsız qəbul etməkdir, bu metodda anlama deyil, şüursuz inanma əsasdır, seçim yoxdur, məcburiyyət var, düşünmək, tənqid, etiraz yasaqdır, deyilənə itaət şərtdir, ağıl və iradə önəmsizdir, bu metod ağıl və iradəyə düşməndir, ağa nə deyirsə, doğru deyir, onun sözlərində qüsur ola bilməz, hər dediyində bir hikmət var inancı hakimdir, aşkarlığı deyil, gizliliyi sevir, işığa deyil, qaranlığa bağlıdır, təkəbbürlüdür, fərqliliyə nifrət edir, məndən başqa kimsəni dinləmə, başqasının yazdıqlarını oxuma deyir, tabular, yasaqlar, bütlər var, fərqli düşünmək haramdır, xurafəni sevir, fanatik yetişdirmə üsuludur, insanı kölələşdirmək istəyənlərin tətbiq etdiyi metoddur. İnsanın ağıl və iradəsini öldürməsən, onu kölələşdirmək imkansızdır...

 

b) İnandırma yolu - bu metodda danışan da, dinləyən də aktivdir, ağıl və iradə ən önəmli nemətdir, düşünmək, azad iradə ilə seçmək əsasdır, sorğu-suala dəyər verilir, şüurlu qəbul, ya da rədd var, tənqidə, etiraza, fərqli düşüncəyə açıqdır, deyir ki, sözü olan hər kəsi dinlə ki, sözlərin ən gözəlini seçə biləsən, israrla oxumağa, elmə təşviq edir, fərqliliyi sevir, fərqliliyin ilahi nemət olduğuna inanır, həqiqətin qaynağı mənəm demir, bu, mənim görüşümdür deyir, məcbur etmir, dəlillərlə inandırır, fərqli düşünəni döymür, ona iftira atmır, həbs etmir, öldürmür, vaxt ayırır, dinləyir, qarşı tərəfi topdan rəddə yönəlmir, onun dediklərini (yazdıqlarını) seçir, doğruları alır, yanlışları atır, həqiqət adlı dərdi var, mən hər şeyi bilirəm, doğru olan ancaq mən deyəndir anlayışından uzaqdır, məsləhətə açıqdır, təvazökardır, həqiqətin qaynağının insan deyil, uca Allah olduğuna inanır, Nizami kimi düşünür, ağlından doğru istifadə etsən, hər şeyin olar deyir, oyanarsan, ağlın oyansa, vicdan və iradən də oyanar, kəşfin, inkişafın, elmin önü açılar, cəmiyyət hüzura qovuşar.

 

Uca Allahın metodu təlqin deyil, inandırmadır, Qurani-Kərimdə Elçinin dilindən deyilən bu mübarək dua ağıla, elmə, iradəyə nə dərəcədə önəm verildiyini açıq biçimdə ortaya qoyur: "Rəbbim! Mənə doğru düşünmək bacarığı ver (Mənə doğru düşünməyi öyrət!)".

 

Bu gün müsəlmanların cəhalət bataqlığına sürüklənməsinin, geri qalmasının, elmdən uzaqlaşmasının, əsir olmasının səbəbi ağıla önəm verilməməsidir. Çıxış yolu ağıla uca Allahın verdiyi dəyəri verməkdir.

 

***

 

ŞEYX NİZAMİ GƏNCƏVİ: "ALLAH İNSANA FİTRƏT VERMİŞDİR. NİZAMİNİN TORPAĞI (FİTRƏTİ, AĞLI, QƏLBİ, VİCDANI, ƏSƏRLƏRİ) UCA ALLAHIN TÖVHİD - LA İLAHƏ İLLALLAH (ALLAHDAN BAŞQA İLAH YOXDUR) TOXUMUNUN (İNANCININ) SƏPİLDİYİ ƏKİN YERİDİR. NİZAMİNİN TORPAĞI UCA ALLAHIN TƏKLİYİNİ TƏYİD EDİR".

 

XAKE NEZAMİ KE BE TƏYİDE UST,

MƏZREYE DANEYE TÖVHİDE UST.

 

ŞƏRHİ (klassik ədəbiyyat şərhsiz oxunmaz, arada uzun zaman, anlayış, dil, üslub, dünyagörüş fərqi var. Klassik ədəbiyyatla bizim aramızdakı məsafəni şərh körpüsü ilə aradan qaldırmaq olar): Fitrət insanı insan edən, onu seçən, üstün qılan nemətdir (yaradılan hər varlığın fitrəti var), ilahi proqramlaşdırmadır, ilahi yazılımdır. Fitrət vermək ancaq və ancaq uca Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar, ona görə də yasaqlanmışdır. Bütün ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyar. İnsan fitri olaraq uca Allaha təslim olmaq ehtiyacı ilə yaradılmışdır, hər insanın inanma ehtiyacı var. Fitrətin inanma ehtiyacının təmini tövhid inancı ilə mümkündür. Fitrətin sağlam qidası tövhiddir. Uca Allaha inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə) inanır, məsələn, ateist də uca Allahın yoxluğuna inanır, bu da bir inancdır (iman deyil, doğru inanc (tövhid) imandır). İnanmaq mütləqdir dedik, çünki fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su, hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu halda, önəmli olan doğruya inanmaqdır. Doğru imanın ölçülərini də uca Allah müəyyən etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur, yanlış inanc (şirk) fitrəti pozur, insanın ağıl, vicdan, qəlb, iradə enerjisini parçalayır. Tövhid azadlığa, şirk köləliyə yol açır. Fitrəti sağlam olanın əxlaqı da sağlam olur, o insan xeyrə, ədalətə yönəlir, iş burada da bitmir, o, başqalarını da xeyrə yönəldir, onu çoxaldır, sadəcə, özü gözəl olmur, həm də gözəlləşdirir. Fitrəti xəstə olanın əxlaqı da pozulur, o, pisliyə çevrilir, iş burada da bitmir, pisliyi, şəri, zülmü çoxaldır, başqalarını da pisliyə bulaşdırır. Fitrətin pozulması təsəvvürdən başlayır. İnsan uca Allahı doğru tanımayanda fitri olan inanmaq ehtiyacını başqa varlıqlar (şeylər) vasitəsi ilə təmin etməyə çalışır, anlayış dəyişəndə fitrət, fitrət dəyişəndə əxlaq, əxlaq dəyişəndə davranış dəyişir. Fitrəti bərpa etməyin, əslinə qovuşdurmağın yolu, sıralaması belədir: təsəvvürü düzəlt, bu, anlayışların mənasını doğru təsbit etməklə mümkündür, biz anlayışı doğru tanıyanda təsəvvür də doğru olur, doğru məna (həqiqət) təsəvvürü, təsəvvür ağılı, ağıl fitrəti, fitrət əxlaqı, əxlaq davranışı düzəldir. Anlayış dəyişməsə, davranış dəyişməz, anlayış xəstə olsa, davranış da xəstə olar. Sağlam fitrət insanın uca Allaha mənəvi yaxınlığını təmin edir, çürük fitrət insanı uca Allahdan uzaqlaşdırır. Sağlam olan sağaldır, çürük olan çürüdür. Xəstə maddi qidalar insanın fiziki sağlamlığını, xəstə mənəvi qidalar - xürafələr, yalanlar, iftiralar, uydurmalar da təsəvvürü, ağılı, qəlbi, vicdanı, fitrəti öldürür, yəni onların doğru çalışmaq imkanını sıradan çıxarır, ona görə də ağılın qidası olan elm halal, ağılı öldürən xürafə haramdır. Uca Allahın insanı qoruma qanunu belədir: ey insan, sənə Elçim vasitəsi ilə göndərdiyim sağlam mənəvi ruzilərlə - Qurani-Kərimlə, tövhidlə, ədalətlə, barışla, mərhəmətlə fitrətini qidalandır ki, Mən də səni qoruyum. İlahi ruzilərdən imtina uca Allahın insanın üzərindəki qoruma sistemini qaldırar, Onun qorumadığını da heç kimsə qoruya bilməz. Fitrətini qoruyan, ona yaxın və sadiq olan uca Allaha yaxın və sadiq olar, Onun qorunmasını qazanar. Fitrətinin əslini (orijinalını) itirən (pozan) uca Allahdan uzaqlaşar, Onu itirər - Onun rəhmət və bərəkətindən uzaq olar, məhrum qalar, dəyərsizləşər...

 

Elə buna görə də Nizami Gəncəvi bütün əsərlərinin əvvəlində insana uca Allahı tanıtmışdır. O, buna inanmışdır ki, insanın Allah təsəvvürü doğru olsa, ağılı, vicdanı, qəlbi, iradəsi doğru çalışacaq, fitrəti qorunacaq, iki dünyanın xoşbəxti olacaq, insanın Allah təsəvvürü xəstə olsa, o, yer üzünü cəhənnəmə çevirəcək.

 

***

 

NİZAMİNİN GÖZƏL DUASI

 

Allahım, TÖVHİD qapısını aç,

Nizamiyə həqiqət yolunu göstər.

Mənə elə bir könül ver ki, varlığına inanmağa layiq olsun,

Mənə elə bir dil ver ki, Sənin yaradıcı olduğunu tərif edə bilsin.

Yaxşı olmayanı könlümə yönəltmə,

Bəyənilməyəndən əlimi qısa et.

Könlümü haqq nuru ilə işıqlandır,

Dilimə öz şükrünü öyrət.

Üzümü işıqlandırdın, gözümü də işıqlandır,

Mənə nemət verdin, şükür etməyi də öyrət.

Çətinliyə düşəndə səbir ver, qoy dözümlü olum,

Asanlığa çıxanda qoyma səni unudum.

Öz hikmətlərinlə məni tanış et,

Qəflət pərdəsini qəlbimdən götür.

Yol göstərən quşun pərvazını məndən alma,

Əvvəl verdiyini axırda geri alma.

Məni heç kəsə möhtac etmə,

Bu dünya işindən məni qurtar.

Çırağıma öz feyzinlə nur ver,

Başımı öz astanandan uzaqlaşdırma.

Qəflət yuxusundan məni oyat,

Kəlmeyi-şəhadəti dilimə elə gətir ki,

İşimin sonu xoşbəxtliklə qurtarsın.

Bədənimi qənaətlə fərəhləndir,

Mizacımı itaətlə mötədil saxla.

Dərdli beynimə dərman et,

Onun dərmanını MUSTAFANIN ayağının torpağından et!

Amin!

 

Buraxılışın elmi redaktoru: Professor Əlizadə Əsgərli

 

 

525-ci qəzet.- 2021.- 16 aprel.-S.5-28.