Şairin yolları şeirin halları

 

Hər yaxşı şair tənqidçisini özü ilə gətirir gətirməlidir . Çünki tənqidçi kimi tanınanlar sayca az olduqları üçün haqqında yazacaqları müəllifi dəyərləndirməkdən çox ona məsləhətlər verməyə, yönləndirməyə çalışırlar.

 

Halbuki ədəbi təhlildə bu, tamamilə yanlış metoddur. Çünki təhlil bütövü parçalamaq, analiz etməkdir. Bütöv olan sağlam yeni olanda təhlil sağlam, yeni maraqlı olur. Orta səviyyəli tənqidçi qələmində belə sağlam mətnlərin təhlili əlaya yaxın təhlil kimi qəbul edilə bilər.

 

Nazim Əhmədlinin şeirləri təhlilə imkan verən şeirlərdir. Şeirlərdəki xəyali səyyahlıq, yuxu ilə reallıq arasındakı gəzişmələr, bədii təfəkkürdən keçən işıq qaranlıq arasındakı əlaqə sanki şairin yaradıcılıq metodologiyasını təmin edir. Bu yol yaxın uzaq olaraq ikiyə ayrılır. Birinci yol şairin bədii təxəyyül yoludur ki, o yol keçmişimizdən boylanan nağıl dili, yuxu yoludur. Bu yolu "Gedək bir ömür yaşayaq" şeirində açıq-aydın görürük:

 

biri vardı, biri yoxdu,

bu nağılı kim oxudu;

deyirlər, dünya yuxudu,

hələ ki, oyağıq, gedək;

 

***

burnumuz kükürd qoxulu,

gözlərimiz süd yuxulu;

gəl, danışaq süd nağılı,

süd yoluna axıb gedək;

 

***

harda yoxuq, harda varıq,

buluduq, yağışıq, qarıq;

bir ayrı dünya axtaraq,

ayrı yerə yağıb gedək;

 

Hələ qədim zamanlardan insanları aydınlığa çıxaracaq bir Süd yolunun olduğuna inam olub. Bəziləri gecə göy üzündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın əsrarəngiz görünüşünə "Süd yolu" deyiblər. Bəziləri ulduzların sıralanaraq şüalanmasını, bununla da onlara doğru, işıqlı yolu göstərməsinə inanıblar, buna " yol" adını veriblər.

 

Müsəlmanlar göydə bu görüntünü görüb Məkkə yolu adlandırıblar, onlara ziyarət yolunun açıldığının işarəsi sanıblar. Anadolu türkləri isə buna "Samanyolu" deyirlər. Uzun qismən fərqli tarixi hekayələrə əsaslanan "Süd yolu"na getmək arzusu bütün hallarda şeirin aurasına müsbət təsir göstərir bu hiss oxucunun kosmik harmoniyaya doğru fəhmini aydınladır.

 

Nazim Əhmədlinin şeirlərindəki ikinci yol uzaq yoldur ki, bu yol yuxu deyil, realdır, çətindir, çünki otuz il əvvəl ayrıldığı yurd yoludur.

 

bu cığır, bu yoldu,

ruhum harda yatıb qaldı;

qarşı dağlar itib qaldı,

qaldı, kor duman içində;

 

***

Tanrının haqqı boynumda,

fələklər öz oyununda;

yurd yeri əli qoynunda,

lalıyır, zindan içində;

 

***

önümü bir od qarsalar,

həsrət saçıma qar salar;

solur, şip-şirin arzular,

qocalır, güman içində;

 

Şeir özlüyündə ədəbi hadisədir, eyni zamanda da bədii, poetik fikrin əsas qaynaqlarından biridir. Bu şeirdə əli qoynunda qalan yurd yeri kimi şairin ruhunun da tərk edib gəldiyi dağlarda qaldığı, zindana dönən yurd kimi onun da həyatında o vaxtdan bəri yeni bir işığın olmaması təsvir edilir. Bu ayrılıq konkret məkanla metafizik baxımdan bağlı olsa da, o məkan şairin poetik dünyasının nizamını müəyyən edən, onun bütün yer kürəsilə harmonik bağlarını tənzimləyən bir mənəvi coğrafiyadır. Şair bu prosesin sonunda bir az da bayatı poetikasına yaxınlaşır:

 

divara kilim yaraşır,

çəkənə zülüm yaraşır;

adama ölüm yaraşır,

yurddan qovulduğu yerdə;

 

Sonuncu bənddən sonra oxucu indiyədək gördüyü təqdim etdiyi o uzun təsvirdən uzaqlaşır olay son nöqtənin üzərində cəmlənir, qulaqlarda həsrət adlı ölümün səsi əks-səda verir.

 

"Dərdin vətən üzü" şeirində təxminən oxşar ab-havada yenə uzaq yollara düşən şair ruhunu görürük.

 

kim dəyişib üzümü,

tanımadım özümü;

anam sıxdı gözünü

fələyin şən üzünə;

 

***

mən nədən belə kürəm,

dərd gəlir, bürəm-bürəm;

dönüb baxa bilmirəm

dərdin Vətən üzünə;

 

Mənə görə, şeir ismin halları kimidir - adlıq halı, yiyəlik halı, yönlük halı, təsirlik halı, yerlik halı, çıxışlıq halı var. Şeir nitq hissələri kimidir - isimi, sifəti, sayı, əvəzliyi, feili, zərfi var. Şeirin mübtədalısı, xəbərlisi, xitablısı, təyini olanı var; konkret ya mücərrədi, ümumi ya xüsusi olanı var.

 

Nazim Əhmədlinin şeirləri

 

Şeirin bunlardan başqa da bir neçə halı vardır. Şeirin ev halı, çöl halı, ruh halı, real halı sair - bunların hamısı sözün poetik halıdır, poetika isə şeirin estetikasıdır.

 

Şeirin ev halı dediyimiz yerində ayrıntılar var, evin içi çölü olaraq. Hər şeir əslində, şeirin hallarından birini oxucuya elə ilk misralarından bəlli edir. Məsələn, Nazim Əhmədlinin "Ürəyim səni istədi" şeiri evin çölündən duyulur.

 

hələ bizim sevdamızın,

boycığazı çox bəstədi;

bir daha qırma könlümü,

onsuz da dərd üst-üstədi;

 

***

 

könlümün açıq yerindən,

ruhumun acıq yerindən;

yolların uçuq yerindən,

ürəyim səni istədi;

 

***

 

buludların köçün? bax,

həsrətimin yükünə bax;

gəl, canımın içinə bax,

ağrılar dəstə-dəstədi;

 

Əvvəldə qeyd etdiyimiz kimi, şairin iki yolundan biri ruh yoludur ki, bu yol zamana məkana görə dəyişir. Şair yazdıqları ilə elə bir iz qoyub getmək istəyir ki, özündən sonra onu "yenidən gətirsin", onu yaşatsın. "Yenə dönüb gələcəm" şeirində şairin poetik bir dillə ifadə etdiyi bu yolda həm günahları danmaq var.

 

məni kim üzür, axı,

qopur könlümün bağı;

gün üzü axşam çağı,

əriyir toranlığa;

 

***

 

ocaq yanır küləcən,

bir gün mən öləcəm,

yenə dönüb gələcəm,

günahımı danmağa.

 

Bu, əslində, keçmişi danmaqdır, itirilənlərlə barışmazlıqdır, olanlardan imtinadır. Bu hal artıq bir çox qələm sahiblərinin yaradıcılığında səciyyəvi haldır.

 

Nazim Əhmədliyə hər iki yolda uğurlar arzulayıram. Arzu edirəm ki, yerlər dəyişsin, şairin yaradıcılıq yolu uzun, yurd yolu yaxın olsun!

 

Adilə Nəzər

525-ci qəzet.- 2021.- 20 aprel.- S.13.