Əfqanıstanın qarabağlı azərbaycanlıları

 

 

Bu il böyük özbək şairi və ictimai-siyasi xadim Əmir Əlişir Nəvainin 580 illik yubileyinin Əfqanıstan İslam Respublikasının Herat şəhərində təntənəli şəkildə qeyd edilməsi, Azərbaycan alimlərinin də yubiley tədbirlərinə qatılmasına və qədim sivilizasiya mərkəzi olan Herat şəhəri ilə tanış olmağa imkan yaratdı. 7-9 aprel 2021-ci ildə Herat şəhərində təşkil olunan yubiley tədbirlərində Azərbaycanı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz xanım Ülvi və mən - AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı təmsil edirdik.

 

Bakıdan başlanıb Dubaya, ordan Kabula, nəhayət, sufilər şəhəri Herata uzanan səfərimiz 21 saat çəksə də, Əfqanıstanda gördüyümüz səmimi münasibət, qarşılaşdığımız mədəni və mənəvi gerçəkliklər yol yorğunluğumuzu unutdurdu. Etiraf edək ki, istər Azərbaycanda, istərsə də dünya ölkələrində Əfqanıstan haqqında yaranan imic heç də müsbət və ürəkaçan deyil. Qədim mədəniyyətə malik, min illər boyu türk-müsəlman mənəvi mühitinin tərkib hissəsi olan Əfqanıstan, uzun illərdir ki, terrorizm yuvası və sivilizasiyadan kənar bir cəmiyyət kimi təqdim olunur.

 

Bu təbliğat Əlişir Nəvai yubileyinə də öz təsirini göstərib. Yubiley tədbirlərinə dəvətli bəzi dövlətlərdən, hətta Əfqanıstanın qonşularından belə nümayəndələr bu "terrorizm məkanına" cürət edib gəlməmişdilər. Azərbaycan və azərbaycanlı alimlər isə bu böyük yubiley tədbirində yenə də ön sırada idi. Rəsmi görüşlərdə və şəxsi söhbətlərdə əfqan siyasiləri və ziyalıları dönə-dönə Azərbaycandan olan nümayəndələrə bu fədakarlıqlarına görə təşəkkür edirdilər.

 

Yüksək səviyyəli təhlükəsizlik tədbirləri şəraitində keçirilən Nəvai yubileyi öz möhtəşəmliyi, mənəvi ruhi ovqatı ilə seçilirdi. Xüsusilə də yubiley tədbirlərinin böyük mədəniyyət mərkəzi, türk-müsəlman dünyasının mənəvi ocağı olan sufilər diyarı Herat şəhərində keçirilməsi görkəmli ədibin yubileyini daha da rəngarəng edirdi.

 

Açılış mərasimində çıxış edərkən burada Azərbaycanı təmsil etdiyimiz üçün qürur duyurduq. Ölkəmiz adından təbrik nitqinin konfrans zalında sürəkli alqışlarla qarşılanması Azərbaycana, Azərbaycan xalqına və ziyalısına bir hörmətin nişanəsi idi. Azərbaycan adından dahi Nizami Gəncəvinin miniatürlərlə nəşr olunmuş "Xosrov və Şirin" əsərinin Əfqanıstanın dövlət rəsmisinə təqdim edərkən duyduqları məmnunluq bizi də riqqətləndirdi. Bu münasibət Azərbaycan xalqına, onun mədəniyyətinə, ədəbiyyatına, dahi mütəfəkkiri Nizami Gəncəviyə olan ehtiramın bariz nümunəsi idi. Konfrans boyu Nəvaişünaslar öz elmi məruzələrində Əlişir Nəvainin və türk dünyasının onlarla ədibinin Nizami Gəncəvi məktəbinin davamçısı olduğunu xüsusi vurğulayırdılar.

 

Konfransın ikinci günü bölmə iclasında filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın "Əlişir Nəvainin elmi-filoloji və dini-təsəvvüfi əsərləri", dosent Mübariz Ağalarlının "Əmir Əlişir Nəvai dövründə Azərbaycan dövlətləri ilə Teymurilər dövləti arasında siyasi və diplomatik münasibətlər" adlı məruzələri dinlənirkən, konfransda iştirak edən elmi cameənin Azərbaycan elmi ictimaiyyətinə, və elmi araşdırmalarına olduqca maraq göstərdiyinin şahidi olduq.

 

Yubiley səfəri zamanı Əfqanıstanın Milli Televiziyasına verdiyimiz müsahibədə də Azərbaycan-Əfqanıstan tarixi dostluq münasibətləri, mədəni-ədəbi əlaqələri bir daha vurğulanaraq, bu əlaqələrin inkişaf etdirilməsi perspektivləri fikri ifadə olundu, həmçinin, İkinci Qarabağ savaşında Əfqanıstan dövlətinin və xalqının Azərbaycana birmənalı şəkildə siyasi və mənəvi dəstək verməsinə görə əfqan dövlətinə və xalqına xüsusi minnətdarlıq bildirildi.

 

Həmişə biz orta əsrlər dövrü tədqiqatçılarını bir sual düşündürüb. Nəyə görə yüz illər boyu Herat şəhəri uğrunda uzunmüddətli müharibələr, hərbi-siyasi qarşıdurmalar baş verib? Azərbaycan hökmdarları Qaraqoyunlu Cahanşahı, Ağqoyunlu Uzun Həsəni, Sultan Yaqubu, Şah İsmayıl Səfəvini, Nadir Şah Əfşarı, Qacar Şahlarını bu məkana cəlb edən nə idi? Herat səfəri bu suallara cavab tapmaqda bizə kömək etdi. İlk növbədə gözəl təbii-coğrafi şəraiti və mülayim iqlimi olan bu şəhər öz füsunkar təbiəti, məhsuldarlığı ilə seçilən münbit torpaqları ilə diqqəti cəlb edir. Hətta yunan tarixçisi Herodot, Heratın Mərkəzi Asiyanın buğda anbarı olduğunu yazmışdır.

 

Böyük karvan yollarının üzərində yerləşən, tarixlər boyu Şərq - Qərb ticarətində böyük rol oynayan Herat şəhəri öz strateji əhəmiyyətini bu gün də saxlamaqdadır.

 

Sufilər diyarı sayılan, böyük mədəniyyət mərkəzi olan Herat şəhərində hər addımda türk mədəniyyətinin izləri, orta əsrlər Azərbaycan memarlığının, qızılbaş-türkman gələnəklərinin nişanələri diqqət çəkir.

 

Heratın yüksəliş dövrü Teymuri hökmdarı Şahruxun və Hüseyn Bayqaranın hakimiyyəti illərinə təsadüf edir. Şahrux qısa bir zamanda Heratı böyük, parlaq, dəbdəbəli və mədəni bir şəhərə çevirmişdi. Teymuri hökmdarları Heratda məscid, mədrəsə və karvansaraylar tikdirdi. Xiyabanlar, o cümlədən, "Nəvai bağı"nı saldırdı. Xüsusilə qeyd edək ki, şəhərin tikinti və abadlıq işlərində məşhur Azərbaycan memarı Hacı Əli Hafiz Təbrizi iştirak etmişdi. Azərbaycan rəssamlarından Pir Seyid Əhməd, Xacə Əli Müsəvir, Qəvaməddin Qiyasəddin və b. Herat rəssamlıq məktəbinin inkişafında mühüm xidmət göstərdilər. Səfəvilər sülaləsinin hakimiyyəti dövründə də Heratda çoxsaylı tarixi abidələr inşa edilmişdir.

 

Herat şəhəri, böyük sufilər yurdu, türk təsəvvüf düşüncəsinin beşiyi sayılan Xorasan irfan məktəbinin mərkəzlərindən biridir. Türküstanda Əhməd Yəsəvi ilə başlayan türk sufiliyi, Azərbaycanda dahi Şeyx Nizami Gəncəvi, Şeyx Səfiəddin Ərdəbili, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Anadoluda Mövlanə Cəlaləddin Rumi, Balım Sultan, Yunus Əmrə, Heratda Xacə Abdulla Ənsari, Əlişir Nəvai kimi dahi şəxsiyyətlər tərəfindən inkişaf etdirilərək bütün türk-müəslman dünyasına öz işığını yaymışdır.

 

Yubiley proqramı çərçivəsində Makedoniyalı İskəndər qalasında təşkil olunmuş Əlişir Nəvai ədəbi-bədii gecəsi bu şəhərin yüksək mənəvi mədəniyyətə, ədəbi düşüncə sisteminə malik olduğunu göstərirdi. Tədbirdə çıxış edən şairlər, ədəbiyyat adamları, nəvaişünaslar Əmir Əlişir Nəvai dünyagörüşündən, sufi ədəbi nümunələrindən ürəkdolu danışırdılar. Ədəbi-bədii gecədə Azərbaycan adından çıxış edərkən özümü doğma ədəbi mühitdə, eyni mədəniyyətin ağuşunda hiss edirdim. Əlişir Nəvaiyə həsr olunmuş sufi ilahiləri, türkülər ruhumuzun tərkib hissəsi idi. Bu ilahilərə qulaq asdıqca XV əsrdə Əmir Teymur sarayına aparılmış və orta əsrlər Xorasan musiqi məktəbinin formalaşmasında böyük rolu olan görkəmli Azərbaycan musiqişünası Əbdülqadir Marağayini anmamaq mümkün deyildi.

 

Herat səfərinin ən təsirli və yaddaqalan tərəflərindən biri də bu məkanın zəngin tarixi memarlıq abidələri ilə tanış olmaq idi. Antik dövr və türk-müsəlman memarlıq sənəti üslubunda inşa edilən memarlıq abidələri şəhərin mədəni zənginliyindən xəbər verir. Şəhərin ən qədim memarlıq komplekslərindən biri İsgəndər qalasıdır. İsgəndər qalası Makedoniyalı İsgəndər tərəfindən e.ə. 330-cu ildə Herat şəhəri ələ keçirilərkən inşa edilibdir. Əlişir Nəvainin əsərlərində verdiyi məlumatlarda, həmçinin, tarixi rəvayətlərdə qeyd olunur ki, İsgəndər Herat şəhərinə gələndə şəhərdən axan çaylardan birinin suyunu içir və suyun ətrinə və şirinliyinə görə

 

"Mən dirilik suyunu Heratda tapdım" - deyir. Məhz bundan sonra burada qala tikməyə göstəriş verir. İsgəndər qalasının astronomik özəlliklərindən biri də qala içərisinin qalaktika ilə səma boşluğu halında olmasıdır. Qalanın ətrafında səma cisimləri sayrışsa da, qalanın içərisində heç bir səma cisminə rast gəlmək mümkün deyil.

 

Ziyarət etdiyimiz yerlər içərisində XV əsrə aid olan Əmir Əlişir Nəvainin türbəsi və Teymuri sultanı Hüseyin Bayqaranın anası Gövhərşad Bəyimin və övladlarının dəfn olunduğu türbə olduqca mənəvi və ruhi təsir bağışlayırdı. Bir sözlə, Əmir Əlişir Nəvainin dediyi kimi, "Herat cənnətin görünən üzüdür".

 

Eyni zamanda, Herat şəhərində Xacə Abdulla Ənsari türbəsi (XI əsr), Musalla Kompleksi (XV əsr), Mirveys Sadıq türbəsi (XVIII əsr) və onlarla digər məscidlər, türbələr, digər tarixi memarlıq abidələri vardır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu abidələrin böyük əksəriyyəti, "yadellilərin" Əfqanıstan uğrunda son 40 illik müharibəsi dövründə dağıdılmış və talan edilmişdir. Son bir neçə ildə dağıdılan memarlıq abidələri yenidən bərpa edilərək öz əvvəlki əzəmətinə qaytarılmışdır.

 

Azərbaycan alimlərinin Herat səfəri yerli əhali, rəsmi şəxslər tərəfindən səmimiyyətlə və maraqla qarşılanmaqla yanaşı, elm adamlarının da diqqətindən kənarda qalmadı. Bunun nəticəsi idi ki, Kabul şəhərinə geri dönərkən Əfqanıstan Elmlər Akademiyasının prezidenti Abdul Zahir Şakibin şəxsi təşəbbüsü ilə Azərbaycan alimlərinin Elmlər Akademiyasının rəhbər heyətilə görüşü keçirildi. Əfqanıstan Mədəniyyət Nazirinin də iştirak etdiyi görüşdə Azərbaycan- Əfqanıstan mədəni əlaqələri, elm, təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, əlyazmaların və tarixi qaynaqların mübadiləsi, elmi kadrların hazırlanması məsələləri haqqında fikirlər bölüşüldü.

 

Əfqanıstan səfərinin ən qürurverici, həyəcanlı, eyni zamanda, ürəkağrıdıcı anlarından biri, bəlkə də birincisi

 

Əfqanıstanda azərbaycanlılarla - soydaşlarımızla görüşümüz oldu.

 

Azərbaycandan gəldiyimizi eşidib yüz kilometrlərlə məsafəni qət edərək, Azərbaycana sevgilərini izhar etməyə, bir Azərbaycan türkü olduqlarını deməyə, bu uzaq diyarda da azərbaycanlıların yaşadıqlarını anlatmaq üçün görüşümüzə gəlmişdirlər. Əfqanıstanın bir çox yerinə səpələnmiş, əsasən Herat, Kabul, Qəznə, Məzari-Şərif, Beğlan, Bədəxşan və digər ərazilərdə yaşayan soydaşlarımızı Mərvi, Bayat, Qızılbaş, Şahsevən, Türkman, Əfşar, Qacar adı ilə tanıyırlar. Əfqanıstanda 3 milyona yaxın soydaşımızın böyük əksəriyyəti öz azəri kimliklərini qoruyub saxlasalar da, ana dillərini unutmuş, dillərini qoruyanlar isə Azərbaycan dilinin yaşaması üçün mücadilə verməkdədirlər. Görüşümüzdə Bayat etnik birliyinin rəhbəri Əsədullah Sahab, Firudin Mahmudi, Qızılbaş icmasından olan Əhməd Rəşad Cahid, Nüsrətullah Mudasser, Mərvi icmasının nümayəndələri Fərid Şabanpur, Çolam Hidar Dost, doktor Nasir Əhməd Niyazi, Əziz Arslan Şabanpor, Əfşar icmasından Əli Sina Əfşar bu ərazilərə gəlmələrindən, adət-ənənələrindən ürəkdolusu danışırdılar.

 

Qeyd edək ki, Əfqanıstanda yaşayan azərbaycanlıların bu torpaqlara gəlişi XVII əsrdən etibarən Səfəvi hökmdarı I Şah Abbas tərəfindən imperiyanın şərq sərhədlərini qorumaq və etnik dayaq yaratmaq məqsədilə həyata keçirilib. Nadir şah Əfşarın dövründə isə əsasən, Qarabağ bölgəsindən soydaşlarımızın Mərv, Qəndəhar, Qəznə bölgələrinə köçürülmə prosesi davam etmişdi. Burada yaşayan soydaşlarımızın dediyinə görə, Səfəvilər, Əfşarlar, Qacarların hakimiyyəti dövründə burada yaşayan soydaşlarımız Mərv, Herat, Qəndəhar və digər ərazilərdə əyalət hakimləri vəzifəsini daşımış, yüksək mənsəb sahibi kimi geniş imtiyazlara malik olmuşlar. Lakin Əfşarlar dövlətinin süqutundan sonra, xüsusilə də 1750-ci illərdən etibarən əfqan-özbək qarşıdurması səbəbindən miqrasiya etmək məcburiyyətində qaldılar.

 

Əksər soydaşlarımız öz dillərini unudaraq əfqan dilində - dəri (dari) dilində (fars dili) danışsalar da, mərvilər öz dillərini qoruyub saxlayıblar.

 

Nadir şah Əfşarın dövründə Qarabağdan Mərv şəhərinə köçürülən qarabağlılar, sonra hərbi münaqişələr zəmnində Herat şəhərinə köçməyə məcbur olublar. Məhz Mərv şəhərindən Herata gəldikləri üçün burada mərvilər kimi tanınırlar. Bu insanlar mərvi adlansa da, öz kimliklərini, ana dillərini, Qarabağa mənsub ləhcələrini, hətta toponimlərini qoruyublar. Əfqanıstanda yaşayan azərbaycanlılar öz kimliklərini toponimlərində də yaşadaraq, doğma Azərbaycandan apardıqları Xocalı, Bayat, Şəki, Afşar yer adlarını öz yaşadıqları məntəqələrə veriblər.

 

Soydaşlarımızın bizə verdikləri məlumatlara görə, soydaşlarımız Əfqanıstanın orta məktəblərində əfqan dilində təhsil alırlar. Təhsil səviyyəsi qənaətbəxşdir. Oğlanlar qədər qızlar da təhsillidirlər. Hətta bir çox soydaşlarımız Türkiyə universitetlərində təhsil alıb Əfqanıstanda işləyirlər. Onlar gələcəkdə Azərbaycan universitetlərində təhsil alaraq, Azərbaycan dilini öyrənmək və Əfqanıstanda soydaşlarımıza öyrətmək arzusundadırlar.

 

Səfər çərçivəsində Əfqanıstan əhalisinin 9 faizini təşkil edən (əhalinin ümumi sayı 40 milyona yaxındır) türk mənşəli həzarların nümayəndələri ilə görüşmək imkanına malik olmasaq da, Kabil-Herat-Həzaracat bölgələrində, qismən Qəndəhar, Nəngərhar və Bədəxşanda yaşayan bu türksoylu xalqla Azərbaycanı ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir.

 

Əfqanıstan və Herat haqqında təəssüratlarımızı bir yazıya sığışdırmaq mümkünsüzdür. Lakin ümumi qənaət budur ki, dünyada təqdim və təsəvvür olunan Əfqanıstanla gerçək Əfqanıstan tamamilə başqadır.

 

Ölkənin aparıcı şəhərləri olan Kabul və Herat şəhərlərində olarkən qarşımızda gerçək Əfqanıstanı - mədəni səviyyəsini, elm və təhsilini qoruyan, adət-ənənələrinə hörmət edən, 40 ildir yadellilərə qarşı mübarizə aparan, iqtisadi durumunu ayaqda saxlamağı bacaran mütəşəkkil bir toplum gördük.

 

Zəngin təbii sərvətləri olan, geniş turizm imkanlarına malik, böyük ipək yolu vasitəsilə Şərqlə Qərbi birləşdirən bu diyarı siyasi və iqtisadi inkişafdan saxlamaq və təbii sərvətlərini talamaq üçün bu ölkəyə terrorizm yuvası və "cahil məmləkət" damğası vurmaq gerçəklikdən çox siyasi və strateji xarakter daşımaqdadır.

 

Məlumdur ki, İkinci Qarabağ savaşından sonra Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişafı üçün geniş imkanlar yaranıb. İstər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ müharibəsində bizi dəstəkləyən Əfqan dövləti və xalqı öz milli xarakterini ortaya qoyub. Bu mövqenin nümayiş olunmasında Əfqanıstanda yaşayan ümumilikdə təxminən 15 milyona qədər türksoylu xalqların rolunu da danmaq olmaz. Bu gün Əfqanıstanda Azərbaycana qarşı isti və səmimi bir münasibət hökm sürməkdədir. Əfqanıstanın dostları siyahısında Azərbaycan və Türkiyə ön cərgədədirlər. Zaman-zaman tarixi və mədəni birliyimizi, kültürəl əlaqələrimizi, bu diyarda yaşayan milyonlarla soydaşlarımızı nəzərə alaraq Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdirilməsi hər iki ölkə üçün olduqca əhəmiyyətli və vacibdir.

 

Mübariz AĞALARLI

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti

 

525-ci qəzet.- 2021.- 21 aprel.- S.20-21.