Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü

 

Vətənpərvərlik mövzusu yaradıcılığının bütün dönəmlərində ana xətt kimi keçən, yaradıcılığının əsas qayəsini Vətənin bütövlüyü, müstəqilliyi, azadlığı təşkil edən Xalq şairi Sabir Rüstəmxanlının milli müstəqillik dövrü ədəbiyyatımızın yaranmasında və inkişafında özünəməxsus yeri, danılmaz rolu vardır.

 

90-cı illərdə meydan hərəkatlarında xalqı birliyə, bütövlüyə çağıran şair, həm publisistik çıxışları, həm də poetik nümunələri ilə xalqın etibar etdiyi, inandığı ziyalı etalonuna çevrilib. Sabir Rüstəmxanlı Vətən müharibəsinin ilk poemasını - "Qarabağa dönüş"ü yaradaraq adını bir daha böyük hərflərlə ədəbiyyat tariximizə yazdı."Qarabağa dönüş" poemasını onun yaradıcılığının şah əsərlərindən biri hesab etmək olar. Vətən müharibəsindən sonra Qarabağ mövzusunda yazılmış ilk əsər olan poemada 44 günlük Vətən müharibəmiz və bu müharibədə igid oğullarımızın qəhrəmanlığı, xalqımızın müstəqillik və vətən torpaqlarının bütövlüyü uğrunda apardığı mübarizəsi və birliyi yüksək poetik sənətkarlıqla təsvir edilir. Poemada Vətən müharibəsində qazandığımız Zəfəri türkün bayramı, işğalçının isə yası adlandıran şair, 30 illik həsrətin, Xocalı soyqırımının qisasının alındığını vurğulayır.

 

Qan yaddaşımıza həsr olunan şeirlərlə minlərlə oxucu qəlbinə yol tapan şair bu poemada da oxucusunu heyrətləndirə bilir. "Qarabağa dönüş" poemasını oxuyan oxucu Vətən müharibəsinin ilk gündən son günədək gedişini və nəticələrini izləyir. Azərbaycan əsgərinin Qarabağda 44 gün ərzində qanı, canı bahasına necə şanlı bir dastan yazdığının şahidi olur. Poemanı həyəcansız oxumaq mümkün deyil, lakin oxucunu təsirləndirən və qürurlandıran ən təsirli səhnə Şuşanın - Azərbaycanın mədəniyyət incisinin alınmasında Azərbaycan əsgərinin göstərdiyi misilsiz, dillərə dastan olan qəhrəmanlığıdır. Şuşa qalasının alınması uğrunda gerçək əlbəyaxa döyüş səhnəsi poetik şəkildə ilk dəfə olaraq bu poemada təsvir edilir. Yüksək sənətkarlıq baxımından orijinal bədii sənət nümunəsi olan "Qarabağa dönüş" lirik poemadır və 15 hissədən ibarətdir.

 

Şair, poemanın 1-ci hissəsində yaxın keçmişimizə, 1990-cı illərdə başımıza gətirilən faciələrə nəzər salır. 20 Yanvar və Xocalı faciələrimizin ağrı-acısını bir daha xatırladır. Azərbaycan xalqının əzminin, ruhunun sarsılmazlığını qeyd edir. Meydan hərəkatlarında xalqın necə birlik göstərdiyini, zülmə, haqsızlığa boyun əymədiyini, yurdumuzun hər qarışına matəm havası hopsa da, səsimiz uca kürsülərdə boğulsa da bu xalqın heç vaxt sınmadığını, öz milli ruhunu qoruduğunu misralarda özünəməxsus, poetik bir dillə ifadə edir. 30 illik torpaq həsrətiylə yanıb-qovrulan xalqın bu itki ilə barışmadığını, içində Xarı bülbülün vətəninə dönəcəyinə bir ümid, inam bəslədiyini, nəhayət Ali Baş Komandanın bir əmriylə ayağa qalxdığını qürurla vurğulayır, Xalq-Dövlət birliyini alqışlayır.

 

Poemanın 3-cü hissəsində Sabir Rüstəmxanlı oxucunu Qarabağ ədəbi mühiti ilə tanış edir. Qarabağ şairləri ilə xəyali söhbət edərək onları vətənə qovuşdurur. Bu zaman yurd nisgili ilə bu dünyadan nigaran köçən Məmməd Aslanı, Ağa Laçınlını, Hüseyn Kürdoğlunu, Eldar Baxışı unutmur, onların poetik obrazını yaradır.

 

Ali Baş Komandanın "Vur" əmriylə şanlı Azərbaycan əsgərinin son damla qanınadək döyüşərək yurdunu azad edəcəyinə əminliyini ifadə edərkən bu əmrin ilk vətəninin Çanaqqala olduğunu, yüz il sonra Şuşada səsləndiyini vurğulayır. Dahi Mustafa Kamal Atatürkün Çanaqqala savaşında "Mən sizə bu savaşda ölməyi əmr edirəm", - sözünü rəhbər tutan şair, yüz il sonra bu sözləri Azərbaycan əsgərinə ünvanlayır. Xocalıda öldürülən körpə ruhunun 30 il sonra qisas eşqiylə dolaşdığını poetikləşdirir:

 

Düşmən gözünü açıb görür bir körpə ruhu,

30 yaşa dolaraq gəlibdir Xocalıdan.

 

Və bütün bunlar gerçəkliyin rəsmidir. Həqiqətən də, biz Vətən müharibəsi gedişində 1992-ci ildə qucaqda və qundaqda çıxan, öz doğma torpağından qovulan körpə uşaqların 28 il sonra tank belində öz yurdunu azad etmək, Xocalının qisasını almaq, qanına qəltan edilən soydaşlarımızın qanı üçün gəldiyinin şahidi olduq.

 

Qarabağa Dönüş Sabir Rüstəmxanlı 2021

 

Poemada, Sabir Rüstəmxanlı yaradıcılığı üçün xas olan türkçülük, azərbaycançılıq məfkurəsinin qabarıq şəkildə ifadə olunduğunu hiss etməmək mümkün deyil. Poemanın 5-ci hissəsində şair, türk sərkərdələrinin; Oğuz, Bayandır, Alpaslan, Qızıl Arslan, Çağrı bəy, Çingiz, Teymur və Ərtoğrulun adını çəkməklə bizlərə tarixi keçmişimizi, türklüyümüzü, türkün heç vaxt torpaq itkisiylə barışmayacağını, qisası qiyamətə qoymayacağını xatırladır, Azərbaycan əsgərinin qəhrəman sələflərinin ruhlarından mənəvi güc-qüvvət aldığını vurğulayır:

 

Gəlir Oğuz, Bayandır, Alparslan, Qızıl Arslan,

Çağrı bəyin yoluna düzülüb neçə oğul.

Siz bu günün Çingizi, siz bu günün Timuru,

Sizlərin simasında dirilibdir Ərtoğrul.

 

Poemanın 6-cı hissəsində şair, erməni həyasızlığının, özünə aid olmayan torpağın üstündə necə rahatca gəzməyin utancverici hərəkət olduğunu, vaxtilə Şuşada - Cıdır düzündə yallı gedən mənfurların, bir gün dönüb-dolaşıb o şənliklərin, o rəqslərin gözlərindən gələcəyinin əminliyini qeyd edir. O, Şuşanın tarixinə nəzər salaraq Pənah xanın dövründə Şuşada erməni izinin olmadığını, onların saxta tarix uyduraraq qədim şəhərimizə sahiblənmək istədiklərini də xatırlatmadan keçmir:

 

Şuşada şırmandıqca sanırdın yenilməzsən.

Hələ Yallı da getdin qutsal Cıdır düzündə.

Ayaq qoyduğun torpaq bilmədin sənin deyil

O şənliklər, o rəqslər gələcəkdir gözündən.

 

Vaqifin gözəlləri bu düzdə gəzən zaman

Sənin xalqın hardaydı? Sən özün harda idin?

Bu qala qayalarda bir qala da ucaldan

Pənah xanın dövründə sən hansı gorda idin?

 

Poemanın 8-ci hissəsində Şuşanın azad edilməsi təsvir edilir. Döyüş səhnələrinin poetik təsvirini oxuduqca, Azərbaycan əsgərinin ürəyindəki yurd eşqini hiss etdikcə bir oxucu kimi, həm qürurlanırıq, həm də təsirlənirik. Şair, Şuşanı Azərbaycan əsgəri üçün bir sevgili kimi qiymətləndirir. Hər bir əsgərin Şuşanın həsrətiylə alışıb-yandığını, yaralı-yaralı Şuşa uğrunda döyüşdüyünü, döyüş meydanında əsgərin son arzusunun Şuşada şəhid olmaq arzusunu oxuduqca duyğulanmamaq əldə deyil:

 

Ancaq əsgər dayanmır,

Yolu sözündən keçir.

Dumanın qanadından,

İynə gözündən keçir.

Nə ordu vecinədir,

Nə Qacar deyən "şüşə".

Bir həsrətli tələsir

Aşiqiylə görüşə.

 

Azərbaycan əsgərinin Şuşa qayalarına bir qartal kimi qalxmağını, hər daşa bir kəpənək kimi qonmağını onun ürəyində olan sönməz vətən sevgisi ilə, damarlarında dolaşan Xocalı qanı və intiqamı ilə əlaqələndirir:

 

Gözündə Xocalının, Gəncənin körpələri,

Tərtəmiz gözlərindən yaş yerinə qan axır.

Çox sevinmə bu yasa, dayan, uşaq qatili,

Barmağım gözlərini deşmək üçün darıxır.

 

Poemada Azərbaycan xalqının milli qürurunu yenidən özünə qaytaran, ölümüylə ölümsüzləşən, şəhidliyi ilə dastan yazan, bizləri silkələyib yuxudan oyadan general Polad Həşimovun, Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun poetik obrazlarını yaradan şair, onların ruhunun qayalara dırmaşan əsgərə bələdçilik etdiyini, xeyir-dua verdiyini ifadə edir. Şair poemada əsgər yoldaşını döyüş meydanında tək qoymayan, özü yaralı olsa da, onu çiynində daşıyan, "ölsək də bərabər öləcəyik", - deyən şanlı Azərbaycan əsgərinin şanlı obrazını yaradır. "Şuşanı fəth etmədən geriyə dönmək olmaz", - deyən qəhrəman əsgərlərimiz 44 günün sonunda öz müqəddəs borcunu yerinə yetirir.

 

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə 8 noyabr 2020-ci il - Zəfər tarixi yazılır. "Əziz Şuşa"mız 28 il 6 aydan sonra düşmən işğalından azad edilir. Şuşanın işğaldan azad edilməyini böyük qürur və sevinc hissi ilə türkün bayramı, işğalçının yası adlandıran şair, Xocalı soyqırımının, Daşaltı əməliyyatının, şəhid olan minlərlə oğulların qisasının alındığını fəxarətlə qeyd edir. Şair Ali Baş Komandanın qələbə tvitlərinin Azərbaycan əsgərini və xalqını necə ruhlandırdığını, bayram havası gətirdiyini poetikləşdərərək yazır:

 

Otuz il ümid verib bizi susduran susur,

Ümidini qırdıqca Azərbaycan ordusu.

Bayram havası gəzir şəhərləri, kəndləri,

Paylandıqca hər axşam qələbə tvitləri.

 

Azərbaycanın bu haqq davasına, haqq işinə dəstək verən, Vətən savaşının ilk günlərindən daima yanımızda olan qardaş Türkiyə və Pakistanın poemada adının qeyd edilməsi də qürurvericidir. Şair Azərbaycanın hər bir bölgəsində dalğalanan 3 ölkənin bayrağına Azərbaycan xalqının necə rəğbət, məhəbbət bəslədiyini vurğulayır, onlara Vətən savaşımızda səsimizə səs verdiyi üçün minnətdarlıq və xeyir-dua edir. Poemanın son hissəsində şair 25 il öncə yazdığı nəticəyə gələrək doğma torpaqlara qayıdacağımızın ümidi ilə yaşadığına, bunu hər bir azərbaycanlının, hər bir türkün gözlədiyinə, 40 milyon, 50 milyon soydaşımızın bir gün belinin dikələcəyinə, məğlubiyyət damğasının üstümüzdən götürüləcəyi zamanın, Qarabağlı xoşbəxt çağlarımızın bir gün gələcəyinə inamını dilə gətirir. Bu inamın, ümidin xalqın ruhunun bütöv olmasında görür.Xalqın ruhu bütövsə, gələcəyinin də bütöv olacağını yazan şair, türkün şərəfli tarixinin yazıldığı Zəfərlə qürur duyur.

 

"Qarabağa dönüş" poeması Azərbaycan əsgərinin öz qanı, canı ilə yazdığı şanlı Zəfərimizin poetik ifadəsidir. "Qarabağa dönüş" poeması eyni zamanda, şairin milli ruha bağlılığının, yüksək vətəndaşlıq mövqeyinin, vətəndaş-şair nümunəsinin ən yüksək göstəricisidir.

 

Tural ADIŞİRİN

525-ci qəzet.- 2021.- 23 aprel.- S.12.