Anadilli ədəbiyyatımızın möhtəşəm abidəsi УŞühədanaməФ

 

 

 

 

XV-XVI əsrlərdən Azərbaycan türkcəsi ictimai həyatın bir çox sahələrində özünəlayiq yer tutmağa başlayır. Ağqoyunlu, xüsusilə Səfəvilər dövlətində anadilli ədəbiyyatın güclü inkişafı müşahidə olunur.

 

Cahanşah Həqiqi, Kişvəri, Həbibi, Süruri, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Sadiq bəy Sadiqi Əfşar və bir çox başqaları məhz bu dövrün sənətkarlarıdırlar. Nəzm və nəsrlə yazılmış müxtəlif mövzulu əsərlərin dilimizə tərcüməsi dövrün səciyyəvi xüsusiyyətlərindən idi. Bu tərcümə əsərləri içində elə iri həcmli nəsr nümunələri də vardır ki, onlar nəsr və tərcümə dilimizin, tərcümə sənətimizin, ədəbi dilimizin yüksək inkişaf səviyyəsinə çatması barədə fikir söyləməyə imkan verir. Azərbaycan tərcümə sənətinin, ədəbi dilinin möhtəşəm nümunələrindən biri də Məhəmməd bin Hüseyn Katib Nişatinin 1539-cu ildə tamamladığı "Şühədanamə" ("Şəhidlər kitabi") əsəridir. XVI əsr ədəbi dilimizin bu parlaq nümunəsi, nadir dil abidəsi görkəmli yazıçı və ilahiyyatçı alim Hüseyn Vaiz Kaşifinin (vəfatı:1504) Kərbəla faciəsindən bəhs edən "Rövzətüş-şühəda" ("Şəhidlər bağçası") əsərinin fars dilindən tərcüməsidir. Dibaçə və 10 babdan ibarət əsərin ilk bölümlərində Adəm, Nuh, İbrahim, Yaqub, Yusif və başqa peyğəmbərlərin çətin keçən həyatından, sonuncu peyğəmbərin (s.) cəfalarından, dünyasını dəyişməsindən danışılır. Kitabın sonrakı bölümlərində Həzrəti Fatimə, İmam Əli, İmam Həsənin həyatı və vəfatından bəhs olunur. "Şühədanamə"nin əsas hissəsi İmam Hüseynin həyatına və faciəli ölümünə, Kərbəla müsibətinin təsvirinə həsr olunub.

 

Qeyd edək ki, "Şühədanamə"nin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan əlyazması unikal və çox dəyərli nüsxədir. 1539-cu ildə tərcümənin müəllifi Nişatinin əli ilə köçürülmüşdür, əsərin yeganə əlyazmasıdır. Bu səbəbdən nüsxənin mötəbərliyi şübhə doğurmamalıdır.

 

Abidənin əlyazma mətnini nəşrə hazırlayaraq "Elm" nəşriyyatında çap etdirən, ön söz, izahat və lüğətin tərtibçisi akademik Möhsün Nağısoylu orta əsr nəsr abidələri içində ən iri həcmlilərindən olan "Şühədanamə"ni paleoqrafiya, mətnşünaslıq, eyni zamanda dilçilik baxımından hərtərəfli araşdırıb ki, bu da abidənin mətnini dəqiqliyi ilə anlamağa kömək edir.

 

İlk dəfə akademik Həmid Araslı bu əsər haqqında məlumat vermiş, professor Samət Əlizadə əsərə həsr etdiyi namizədlik dissertasiyasında tərcüməni dilçilik baxımından araşdırmışdı. Möhsün Nağısoylu 1978-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasında abidənin poleoqrafik, orfoqrafik, tərcümə xüsusiyyətlərini tədqiqat obyektinə çevirmişdi. Alim orta əsrlər Azərbaycan tərcümə abidələri üzərində araşdırmalarını davam etdirərək 1994-cü ildə "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdi.

 

Qeyd edək ki, alimin tərtib etdiyi haqqında danışdığımız kitaba "Şühədanamə" abidəsinin müasir əlifbaya transforeliterasiyası ilə bərabər fotofaksmilesi, eləcə də ön sözdə əsərin geniş təhlili daxil edilmişdir.

 

"Şühədanamə"nin farsca orijinalı olan Kəmaləddin Hüseyn bin Əli Vaiz Kaşifinin "Rövzətüş-şühəda" əsərinin bir neçə əlyazması da Əlyazma İnstitutunda saxlanmaqdadır. Vaiz Kaşifinin "Məvalibi-aliyə" adı ilə tanınan Quran təfsiri "Ənvari-Süheyli", "Əxlaqi-Muhsini kimi əsərləri olsa da, o, daha çox "Rövzətüş-şühəda" müəllifi kimi tanınmışdır. Müsəlman Şərqində şəhidlik rəmzinə çevrilmiş İmam Hüseynin Kərbəla müsibətinə həsr edilmiş bu kitab müəllifinə böyük şöhrət qazandırmışdır. M.Nağısoylu əsərin əlyazmasını araşdıraraq onun 1502-ci ildə tamamlandığını müəyyən etmişdir.

 

Tədqiqatçılar Nişatinin "Şühədanamə" və "Şeyx Səfi təzkirəsi" əsərlərinə əsaslanaraq onun Şiraz şəhərində yaşayaraq ömrünü ibadətdə keçirmiş mömin bir şəxs olduğunu göstərmişlər. Orasını qeyd etməyi vacib hesab edirik ki, Nişatinin adı çəkilən bu iki tərcüməsi XVI əsər Azərbaycan nəsrinin ən iri həcmli nümunələridir. "Şeyx Səfi təzkirəsi" 2006-cı ildə nəşrə hazırlandıqda (M.Nağısoylu, Sevər Cabbarlı və Rauf Şeyxzamanlı tərəfindən) məlum oldu ki, əsərin müasir əlifba ilə həcmi 905 kitab səhifəsindən ibarətdir. "Şühədanamə" isə müasir əlifba ilə 650 kitab səhifəsi həcmindədir.

 

BAKU ART

 

Biz həmişə orta əsrlər ədəbiyyat tariximizdən danışarkən ədiblərimizin əsərlərini əsasən nəzmlə yazdıqlarını (hətta bəzi elmi əsərlər, lüğətlər də şeirlə yazılırdı), həmin dövrə aid nəsrə aid mənbələrimizin az olduğunu iddia etmişik. Son dövrlərin, o cümlədən, M.Nağısoylunun araşdırmaları, əlyazma mənbələri üzərində apardığı tədqiqat işləri göstərir ki, orta əsrlərdə bir sıra iri həcmli nəsr əsərlərimiz yazılmışdır və bu əsərlər ədəbi dilimizin, əski türk mənşəli sözlərimizin zəngin xəzinəsidir, tarixi fonetika, qrammatikaya dair əvəzsiz mənbədir. Tədqiqatçı kitabın geniş ön sözündə əsəri dilçilik baxımından araşdırılmasına, Nişatinin xəttat və tərcüməçi kimi məharətinə xüsusi fikir vermişdir. Göstərilir ki, "Şühədanamə"nin mətni nisbətən iri, oxunaqlı və gözəl kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Yazıçı "Şeyx Səfi təzkirəsi"nin London nüsxəsini də eyni xətlə köçürmüşdür. Məlum olduğu kimi, nəstəliq xəttinin yaradıcısı XIV əsrin məşhur Azərbaycan xəttatı Mir Əli Təbrizi sayılır. XVI əsrdə Səfəvilər dövründə bir çox digər sənətlərlə birgə xəttatlıq sənəti də yüksəliş dövrünü yaşayırdı. Şah İsmayıl Xətai (1487-1524) və oğlu I Şah Təhmasib xəttatlığın inkişafına xüsusi fikir verirdilər, onların hər birinin gözəl xətt nümunələri günümüzə qədər qorunub saxlanmışdır. Alim göstərir ki, Nişatinin xətti Sultan Əli Məşhədi, Mir Əli Herəvi, Mir İmad Qəzvini kimi tanınmış xətt ustalarının xətti ilə müqayisə ediləcək səviyyədə olmasa da, gözəl və sənətkar qələmindən çıxan bişmiş bir xətdir. Əlyazmada mətn içərisində işlənmiş Quran ayələri, eləcə də ərəbcə söz və ifadələr nəsx xətti ilə yazılmışdır. Nişatinin mətnində bəzən nəstəliq-şikəstə xəttindən (bu xətt növünü də azərbaycanlılar yaratmışlar-P.Ə.) istifadə etməsi halları da müşahidə olunur. Tərcüməçi-katib hər bir sözün, hətta hərfin gözəl biçimdə yazılmasına, sətirlərin xəttatlıq baxımından bir-biri ilə uyarlığına, həmahəngliyinə can atmışdır. Tərcümənin təşəbbüskarı I Şah Təhmasibin adı qızıl suyu ilə, bilavasitə sifarişçi Şiraz hakimi Qazi xanın adı isə göy boya ilə işlənmişdir. Əsas mətn qara mürəkkəblə yazılmışdır.

 

Nişati "Şühədanamə"nin dibaçə hissəsində bu əsərini bütün türk oymaqlarının faydalanması üçün yazdığını bildirir. Belə bir məqsədlə yazılan əsərin, məlum məsələdir ki, bir çox nüsxələləri olmalı idi, lakin yalnız bir nüsxə əlimizə çatmışdir.

 

Alim əsərin imla xüsusiyyətlərindən biri kimi, xüsusilə türk mənşəli sözlərin yazılışında sabitsizliyi, bir sözün bir neçə orfoqrafik variantda yazılmasını göstərmişdir. Bu Azərbaycan abidəsinin dilində uyğur, çağatay, osmanlı və başqa türk dillərinə xas olan leksik-qramatik elementlər müşahidə olunur. Əsərin leksik xüsusiyyətlərinə xüsusilə böyük önəm verən tədqiqatçı buradakı türk mənşəli sözləri: "Kitabi-Dədə Qorqud" və digər abidələrimizdəki sözlərlə müqayisə edir. Ön sözdə göstərilir ki, Nişati, əsasən, Təbriz şivəsindən aldığı ayrı-ayrı məhəlli sözləri yazılı ədəbi dilə gətirməklə "Şühədanamə"nin dilinni müəyyən mənada şifahi xalq yaradıcılığı nümunələrinin dilinə yaxınlaşdırmağa nail olmuşdur. Xüsusilə tərcümənin birinci Babıdakı Yusif peyğəmbərlə bağlı hadisələrdə, eləcədə əsərin əsas hissəsi olan Kərbala vaqiəsinintəsvirində ümumxalq danışıq dilinin, şifahi xalq ədəbiyyatının güclü təsiri özünü göstərir. Nişati tərcümə zamanı ana dilinin zəngin lüğət tərkibindən, onun rəngarəng ifadə vasitələrindən böyük məharət və ustalıqla istifadə etmişdir.

 

"Şühədanamə"də Nişatinin tərcümə sənətinə yaradıcı münasibəti də alimin diqqətini cəlb etmişdir. Tədqiqatçı göstərir ki, Nişati bir çox hallarda farsca mətni hərfi deyil, sərbəst şəkildə və yüksək bədii sənətkarlıqla tərcümə etməyə çalışmışdır. Tərcüməçi sərbəstliyi ilk növbədə bədii təsvir vasitələrindən, obrazlı ifadələrdən və sabit söz birləşmələrindən gen-bol istifadə edilməsində özünü göstərir. Orijinalın və tərcüməsinin mətnlərindəki bir çox cümlələrin qarşılıqlı təhlili Nişatinin Müsalman Şərqində geniş yayılmış ərəb, fars, türk dillərinə incəliyinə qədər bələdliyini göstərməklə yanaşı, eyni zamanda, onun bədii tərcümə sahəsində istedad və səriştə sahibi olduğunu açıq-aşkar bir şəkildə göstərir. Nişatinin yüksək tərcüməçilik məharəti fars dilinə məxsus frazeoloji birləşmələrin tərcüməsində xüsusilə nəzərə çarpır.

 

Tədqiqatçı mətndəki dil faktlarının tarixi fonetika və türk dialektologiyası üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, kitabda onları əsasən əlyazmadakı yazılış formasına uyğun şəkildə saxlamağı lazım bilmişdir. Ümumiyyətlə, əlyazmanın nəşrində ərəb qrafikalı mətn maksimum dərəcədə qorunmuşdur.

 

Əsasən mətninə əlavə edilmiş izahlar, ərəb və fars sözləri lüğəti, arxaik səciyyəli türk mənşəli sözlərin lüğəti, şəxş adları, qəbilə, tayfa, el, oymaq adları, müəllif və ravi adları, əsər adları yer adları göstəriciləri M.Nağısoylunun abidənin tədqiqi üzərində ciddi çalışdığından xəbər verir.

 

Yazılı adidələrimizin hərtərəfli tədqiqi onların əlyazması üzərində aparılan işdən, mətnin müasir əlifbaya transliterasiya və ya tərcüməsindən başlanır. Sonrakı mərhələdə əsər dil və ədəbiyyat tarixi, digər baxımlardan tədqiqata cəlb edilir. Təəssüf ki, yazılı abidələrimizin tədqiqində birinci mərhələni uğurla həyata keçirə bilən araşdırıcımalarımızın sayı kifayət qədər deyil. Əksəriyyət bu işə sonuncu mərhələdə, yəni abidənin mətni müasir əlifbada ortaya çıxdıqdan sonra başlayır. M.Nağısoylunun ərsəyə gətirdiyi kitab göstərir ki, yazılı abidələrimizin araşdırılmasını əvvəlindən sonuna qədər həyata keçirə bilən tədqiqatçılarımız vardır.

 

 

Paşa ƏLİOĞLU

 

525-ci qəzet.- 2021.- 23 aprel.- S.13.