Dövlət zopası

 

Əgər bir kənd uşağısansa, ayağın yer tutandan əlin də dəyənək tutacaq, əppəyin ucundan bərk-bərk yapışacaqsan.

 

Bir öküzün anandan, bir quzunun səndən daha dəyərli olduğunu dilin söz tutub danışmağa başlayandan öyrənəcəksən... Qışda ocaq başlarında yoxluq və qıtlıq hekayələri dinləyib, yazda dörd əllə sarılacaqsan torpağa, daşa... Çöllərin otları kimi birdən böyüyəcək, yetkinləşəcəksən. Geri durmayacaqsan çörək uğrundakı qovğadan. Qorxmayacaqsan zil qaranlıq gecələrdən, otardığın quzulara hücum edən qurdlardan, addımbaşı ayağının altında dolaşan əqrəblərdən, ilanlardan. Amma qorxacaqsan dövlətdən; polis məntəqəsindən, məktəbdən, polislərdən, müəllimlərdən... onlar şilləni üzünə yapışdıranda; susacaqsan... onların vurduğu yerdə güllər bitəcək neçə bahar sonra... dalaşmayacaqsan dövlətlə, istədiyini edəcək, yaxanı bir an əvvəl qurtarmağa çalışacaqsan. Çünkü sən kəndçisən, cahilsən, onlarsa dövlətdir və daima haqlıdır... Biləcəksən; şəriətin kəsdiyi barmaq ağrımaz!

 

***

 

 

Məktəblərdə tətil başlamışdı. Əlimizdəki qələmlər çoban dəyənəyinə, kitablarımızı, dəftərlərimizi yığdığımız bez torbalar da yemək çantasına dönmüşdü. Günəş çıxmadan quzuları otlağa aparır, istinin təsirindən quzlar başlarını bir-birinin kölgəsinə soxub toplaşanda onları bulaq başında yatağa vurub, kəndə qaçırdıq. Günorta vaxtı imamın rəhləsi qarşısında diz çöküb onun əzbərlətdiyi duaları və surələri olduğu kimi təkrarlamalıydıq.

 

İki gündür "Rəbbanə" duasının son kəlməsini yadımda saxlamadığımdan Xəlil Xocanın incə, uzun çubuğu xəfifcə enirdi başıma, "Qunut" duasına keçə bilmirdim:

 

- Rəbbəna atina... Ya irrəhmanirrəhim!

 

Xəlil Xoca düzəldirdi:

 

- Səhvdir! Ya ərhamərrahimin!

 

Bu sözlər ağlımda heç bir məna vermir. Bir əlaqə qura bilsəm, unutmayacaqdım. Ancaq tarix dərsində bütün müharibələrin səbəblərini, nəticələrini əskiksiz sayırdım...

 

Bu duaları edərkən kəndin muxtarı içəri girdi, xocaya təlaşla nəsə deməyə başladı:

 

- Xəlil Xoca, - dedi. Dünən rayon mərkəzindən çağırmışdılar. Bizi dövlət binasına topladılar. Polis rəisi və müstəntiqlər də vardı. Bəzi kəndlərdə azanın hələ ərəbcə oxunduğu barədə şikayət varmış. Dedilər imamlara söyləyin, azan türkcə oxunacaq. Bax, bu kağızı da sənə yolladılar. Aha, buraya da imza atacaqsan... Hökumətin əmridir...

 

Xəlil Xoca bir əstəğfürullah tövbəsi etdi.

 

- Min illik azan türcə oxunarmı? Vallah adamın ağzı əyilər?

 

- Mən nə bilim, xoca əfəndi! Əmir yüksək yerdəndir. Dövlətlə oyun oynamaq olmaz, məndən demək. Bilirsən, hökumət...

 

- Mən hökumət istədi deyə dinimi yıxıb, imanımı itirmərəm. Hökumət guya maaş verir mənə! Bu uşaqlar dədələrinin qəbrində bir "Yasin" oxusunlar deyə, bu təkkədə gözütox xidmət edirik. Madam ki, elə deyirlər, gəlib hökumət oxusun bunu...

 

- Xocam, dövlətlə oyun olmaz! Sabah iki polis göndərərlər, yaxamızı qurtara bilmərik, vallah...

 

- İstəyirlər ordu göndərsinlər! Mən türkcə azan oxumaram! Azan dəyişərmi heç! Hələ buna bax. "Allahuəkbər!" deməyib "Tanrı uludur!" - deyəcəm, eləmi? Urus gəlib başıma silah dirəsə, yenə demərəm... biz müharibə meydanlarında düşmən üstünə "Allah! Allah!" - deyə getdik; "Tanrı! Tanrı!" - deyə getmədik ki! Sən bunları deyərkən vicdanın sızıldamırmı heç?

 

- Elçiyə zaval yoxdur, xoca əfəndi. Biz əmr quluyuq. Mən hökumətin əmrini sənə söylədim. Sonrasını sən bilərsən. İstəsən "Allahu əkbər!" - de, istəsən "Tanrı uludur..."

 

Xəlil xoca mənim zehnimdə birdən-birə tarix kitabındakı padşahlardan biri oldu. Necə böyük bir adamdı! Həm ərəbcə duaları heç çaşmadan oxuyur, həm də dövlətdən, hökumətdən, polisdən qorxmurdu. Baqqal Mustafa əminin dükanındakı əl tərəzisi keçirdi gözlərimin qabağından. Tərəzinin bir gözündə kəndin bütün camaaatı, hətta müəllimimiz və bir neçə polis vardı; digər gözündə isə bir padişah kimi dayanan Xəlil Xoca... Onun olduğu tərəfə əyilirdi tərəzi...

 

***

 

 

Məsciddəki dərslərimizi bitirib quzuların yanına qayıdırıq. Mən Xəlil Xocanın, ona söylədiyimiz yalanlar daxil olmaqla hər şeyi bildiyini, hətta, onun nəsihətlərinin əksinə, bütün elədiklərimizi həm Allahın, həm də onun gördüyünü düşünürdüm. Bir də tarla siçanlarının yuvasına su töküb onları yuvalarından çıxarıb tutmayacaq; zavalı heyvanların boyunlarına ip bağlayıb onları boyunduruğa salmayacaqdım. Kiminsə baxçasından alma, armud çırpışdırıb "haramzadəlik" etməyəcək; kəndin itlərini boğuşdurmayacaq, bir daha dəstəmaz almadan da məscidə girməyəcəkdim.... Xəlil Xoca uzun çubuğuyla polislərin başına vuraraq kənddən qovacaq, artıq kimsə də dövlətdən qorxmayacaqdır....

 

Kəndlilər xırman yerində vəl sürüb buğda dənələrini qılçıqdan ayırırdılar. Vələ minmək və saatlarca xırmanda fırlanmaq bizim üçün ağıla sığmayacaq qədər gözəl bir əyləncəydi. Bu fürsəti qaçırmaq istəmirdik. Vələ minib bir neçə dəfə dövrə vurduqdan sonra quzuların yanına gedəcəkdir...

 

Xırman yerində əvvəlcə iki it dalaşdı. Sonra iki uşaq dalaşdı. Sonra qadınlar. Sonra adamlar... elə bir dava başladı ki, Xəlil Xoca gəlsə belə, ayıra bilməzdi. Sarı samanların, əsmər buğda dənələrinin üstünə qan damırdı. Öküzlər də, biz də donub qalmışdıq. Saman tozunun içində dırmıqlar, yavalar havaya qalxır, sonra kiminsə başına enirdi... davaya səbəb olan itlər belə bu qarmaqarışqılıqdan ürkmüş, quyruqlarını ayaqlarının arasına qısaraq qaçıb getmişdilər. Amma adamların davası hələ davam edirdi.

 

Bir az irəlidə xırman sovuranlar, vəlin altına buğda dərzləri kürüyənlər işlərini yarımçıq qoyub qaçdılar və araya girən bu adamlar dava edən ailələri həmişəki kimi ortadan iki yerə ayırdılar. Kişilər davada bir kənara tulladıqları şapkalarını axtarır, qadınlar pırpızlaşmış saçlarını toplayıb yaşmaqlanır, uşaqlarsa ağlaşırdılar...

 

Belə davalar olunda ya ağsaqqalar ailələri barışdırır, ya da kəndə dövlət gəlir, polislər davaya qoşulanları götürüb aparırdılar.

 

Günəş xırman yerini yandırıb qovururdu. Hardasa küləş alovlanıb xırmanları tutacaqdır. Dava qurtarsa da, qadınlar hələ susmamışdı. Biz öyrəndiyimiz duaları oxuya-oxuya quzların yanına doğru qaçdıq... Xırman yerindən uzaqlaşdıqca qadın səsləri də geniş düzəngahlara dağılaraq bir ilğıma dönürdü.

 

***

 

 

Günəş son şüaları ilə kəndi süzürdü. Axşamçağı quzları kəndə tərəf gətirirdik. Kəndin yuxarısına gələndə uşaqlardan biri həyəcanla bağırdı:

 

- Polislər gəlir!

 

- Uzaqdan başları dəbilqəli, çiyinlərindən tüfəng asılmış altı nəfər kəndə tərəf gəlirdi. Bir anda sanki çobanlığımızı, quzularımızı unutduq. Kəndə tərəf götürüldük. Bu mühüm xəbəri kəndçilərimizə yetişdirməliydik. Amma az irəlidə muxtarı gördük. Sanki o, polislərin gələcəyini bilirdi və onları qarşılamaq üçün dərə içindəki kəndin dikdirinə çıxmışdır. Bizi yanına çağırdı və:

 

- Qaçın, polis gəlir, - deyə imama xəbər verin, - dedi.

 

Günəş batmaq üzrəydi, dəli dayçalar kimi camiyə tərəf qaçırdıq. Xəlil xoca torpaq örtüyü olan məscidin damında bir irəli, bir geri gedib-gəlir, aradabir saatını çıxarıb axşam azanının vaxtı gəlib-gəlmədiyini yoxlayırdı.

 

Ramazan ayında biz xocanı məscidin qarşısında gözləyər, o, azan oxumağa başlayanda evlərə qaçıb, iftar vaxtının gəldiyini xəbər verərdik. O bir neçə dəqiqəlik zaman elə uzun sürərdi ki...

 

***

 

 

Günəş üfüqdə yox olmaq üzrəydi. Sərin bir meh ağacların yarpaqlarıyla oynaşırdı. Qoyun sürüləri tozu dumana qatmış, Ağbayırdan aşağı doğru enir, biz də kəndin tozlu yolları arasından bağıra-bağıra qaçırdıq. Amma səsimizi eşitmirdilər. Xəlil Xoca məscidin torpaq damında saatına son kərə baxıb cibinə atdıqdan sonra yönünü qibləyə çevirib əlini qulağına aparıb axşam namazına başladı:

 

- Allahu əkbər! Allahu əkbər!

 

Qışqıra-qışqıra, tatarların poçt atları kimi tərə batmış halda məscidə doğru qaçırdıq. Məscidə yaxınlaşanda səsimizi daha da yüksəltdik, səsimiz Xəlil Xocaya çatmırdı.

 

- Xocam, polislər gəlir! Xocam, polislər gəlir!

 

Xəlil Xoca bizim qışqırığımızı eşitdi, amma ciddiyyətini heç pozmadı. Kəndin təpələrinə doğru baxdı, polislərin gəldiyi tərəfə doğru döndü, səsini yaxşıca yüksəldərək azana davam etdi:

 

- Tanrı uludur! Tanrı uludur!

 

Polislərdən, dövlətdən belə qorxmadığını düşündüyüm o adam birdən-birə kiçildi. Kitabımdakı padşah rəsmləri içindən sıyrılıb çıxdı, bir sərçə kimi gəlib məscidin damına qondu. Demək Xəlil Xoca belə qorxurdu... Biz daha çox qorxmalıydıq...

 

***

 

 

Əsgərlərin başındakı çavuş, muxtar və gözətçi kənd meydanına gəldi. Adları bir-bir oxudu. Muxtar adları oxunan kəndçiləri çağırmaq işini də bizə tapşırdı. Biz kəndin dörd tərəfinə dağıldıq. Uzaqdan baxırdıq. Çavuş iki ailədən olan kişiləri dörd-dörd sıraya düzdü. Əvvəlcə çavuş, onun arxasında altı polis və kəndlilər alatoranlıqda rayona getmək üçün yol hazırlığına başladılar. O arada təlaşla damdan enən Həlil Xoca da gəlib yetişdi, həmişəki kimi bağırıb çağırdı:

 

- Hökumətimizin əmri başımız üstünədir, baş məmur! Allah dövlətimizə zaval verməsin! Türkcə oxumağa davam edəcəyik inşallah...

 

- Yaxşı, Xoca əfəndi; yaxşı. Uzatma, - dedi çavuş. Qarşısında dayanan kəndçilərə baxdı və muxtara döndü:

 

- Bunlar nəyi paylaşa bilmədi?

 

Muxtardan əvvəl kəndçilərdən biri dilləndi:

 

- Komandir, bizim öküzün...

 

- Sus, adam!

 

- Komandir, bağışlayın, bizim itin izi...

 

- Kəs!

 

- Komadir, bizim xırmanın tozu...

 

- Sən də sus! Polis məntəqsində danışarsınız! Gedin!

 

Kəndçilərin üzündən peşmançılıq yağırdı. Eləcə əzgin-bezgin, səssiz, qorxuluydular ki... Nəhayət komandir getdi, onlar da əsgərlərin arxasına düşdülər. Kürək götürməkdən, xırman sovurmaqdan taqətləri qalmamışdı. Üstəlik, yox yerdən davaya düşmüşdülər. Dizlərində taqət, söz söyləməyə cəsarətləri yoxuydu.

 

Təlaşlı gözləriylə gedənlərin arxasıycan baxan muxtar qələbəliyə səsləndi:

 

- Axşama qədər dil tökdüm, barışdıra bilmədim. Polis məntəqəsinə şikayət etməyin, yola gedin dedim. Eşitmədilər. İndi polis məntəqəsində dövlətin zopasını yeyincə, ağılları başlarına gələr. Qucaqlaşıb öpüşüb barışarlar. Kənd cammatı dəyənəkdən anlar! Saqqalımız yoxdur ki, sözümüz keçsin. Bərk-bərk tənbeh etdim, barı polis məntəqsində bir-birinizdən şikayət etməyin, dedim. Allah eləməmiş, bir də məhkəməlik olsanız, ən azı beş il sürər davanız... işin yoxdursa, üç ayda bir məhkəmə qapılarında sürün! Dövlət yorulmaz ki... iki sətir yazıyla səni sürüm-sürüm süründürər...

 

Xəlil Xoca qolumdan tutdu:

 

- Afərin sənə! Nə vaxt polis gəldiyini görsən, qoyun-quzunu buraxıb qaçıb gələcəksən, əvvəlcə mənə xəbər verəcəksən, oldumu?

 

- Oldu - dedim.

 

Xəlil Xocanın "Afərin!" - deməsi xoşuma gəlmişdir. Daha bir afərin almaq üçün: Xocam, dedim, Rəbbanənin sonunu da öyrəndim.

 

- Oxu görüm.

 

- Ya erhamerrahimin!

 

- Afərin! Afərin!

 

Evə gedərkən dövlətin zopasını düşünürdüm. Ev tapşırıqlarını eləməyəndə və soruşduğu sualı bilmədiyimizdə müəllimin əllərimizə vurduğu zopadan da, duanın sözlərini əzbərləməyəndə Xəlil Xocanın başımıza endirdiyi zopadan da böyük, qorxunc bir şey olmalıydı.

 

***

 

 

Nə əsgərlər, nə kəndçilər bircə kəlmə demirdilər. Uzaqdan rayonun işıqları görünürdü. Bölüyü dayandırıb bir tütün büküb yandıran çavuşun səsi gecəyə yayıldı:

 

- Ərzurum dağları da qar ilə boooraaaaan...

 

Bir neçə saat əvvəl aralarında dağlar olan kəndçilər indi yan-yana, çiyin-çiyinəydilər. Çavuş o anda: "Barışın, sizi buraxıram", - desəydi bir-birlərinin əllərini, ayaqlarını öpər, barışardılar.

 

Türkü söyləyən o səs bütün obanı bürümüşdür:

 

- Yandırdı ürəyimi də dərd ilə veeerrəəəm!

 

***

 

Rayonun mərkəzindəki polis məntəqəsinin içində bir qaz lampası yanırdı. Lampanın fitili qısalıb bir tikə qaldığından ortalığı zorla işıqlandırırdı. Əsgərlərin gətirdikləri kəndçiləri sıraya düzdülər və içəri girən çavuş komandiri olan baş çavuşa təhvil verdi. Xırman yerində bir-birlərinə qarşı aslana dönən qəribləri üfürsən yıxılardılar. Əllərim qırılaydı da səni vurmayaydım, vay, mənim əlim yanıma düşəydi də səni vurmayaydım deyirmişlər kimi bir-birlərinə baxır, məntəqənin soyuq, nəmli divarlarını boş gözləriylə darıyırdılar. Divarlar lampanın zəif işığında kölgələri böyüdür, bambaşqa bir dildə danışırdı. Kəndçilərin heç biri bu dildən bir şey anlamırdı. Hamısının papağı gözlərinin üstünə düşmüş, əlli-ayaqlı divanda dururdular.

 

Baş çavuş otağından çıxdı, gur səsi polis məntəqəsinin şüşələrini çingiltdətdi:

 

- Ey, məmləkətin başındakı bəlalar yetmirmiş kimi bir də sizmi çıxdınız! Nəyi paylaşa bilmədiniz, adam! Rus gəlib qapıda dayanıb, İkinci Dünya müharubəsi olur, dəyyuslar. Əsgərin dərdi özünə yetər əslində...

 

- Komandirim, sözüm səndən iraq, öküzlər...

 

- Sus! Öküz!

 

- Komanidirim əlinizdən öpər, bizim uşaq iti...

 

- Sus!

 

- Sən də sus, it!

 

- Komandirim...

 

- Sus kişi! Öküz, it, eşşək, qoyun, quzu... başqa dərdiniz-səriniz yoxdu sizin? Çavuş!

 

- Əmr et, komandirim!

 

- İndi sıradan başlayaq. Baxım görüm bunların dərdi nəymiş. Sən gəl, görüm.

 

Baş çavuş kəndçilərdən birini yaxlayıb başlarında növbə çəkən əsgəri çağırdı:

 

- Əsgər!

 

- Əmr et, komadirim!

 

- Oğlum, mən bunları bir-bir içəri çağıracam. İçəridə mənə şifahi ifadə verəcəklər. Çıxanlar "Şikayətçiyəm" deyərsə, ifadələrini alarsınız. Şikayətçi olmayanı buraxın getsin...

 

- Əmr edərsiniz, komandir!

 

"Şikayətçi olmayanı yolla getsin" sözü kəndçilər üçün dövlətdən yaxanı qurtarmağın yoluna işarət edir. İçəridə bir gurultu qopdu... Komandir ilk sırada içəri çağırdığı adamı boynunu ardından tutub gətirdi, ikinci sıradakı kəndçinin boynundan yapışıb sürüyərək içəri apardı.

 

Əsgər içəridən suyu süzülə-süzülə çıxan kəndçidən soruşdu:

 

- Şikayətçisənmi?

 

- Yox, atam, nə şikayəti? Allah dövlətimizə zaval verməsin!

 

- Çıx çölə, kəndinə gedə bilərsən.

 

- Oldu, baş məmur, Allah razı olsun!

 

Kəndçilər dövlətin əlindən qurtarmağın bu qədər asan olduğunu görmüşdülər və bir an əvvəl içəri girib baş çavuşun qəzəbinə uğramağı və "Şikayətçi deyiləm" - deyərək qurtamağı gözləyirdilər...

 

Baş çavuş ikinci kəndçini çölə atıb üçüncünü içəri aparanda, əsgər içəridən çıxandan soruşdu:

 

- Şikayətçisənmi?

 

- Yox, qadanı alım, zabit əfəndi! Mən onsuz da eşşəklə gəlirdim..."

 

- Yaxşı, yaxşı, çıx çölə!

 

İçəridən çıxan ağzını-gözünü silib "Şikayətçi deyiləm" - deyərək iti addımlarla özünü çölə atırdı. Sırasını gözləyənlərsə narahat oturub sıralarının tez çatmasını gözləyirdilər. Baş çavuş kəndçiləri üç dəqiqə içində şikayətdən vaz keçirən otaqdan təkrar çölə çıxanda sıra Kor İrfana gəlmişdir...

 

Kor İrfan uşaq vaxtı ağır üz iflici keçirmişdi. Ağzı sol qulağına doğru əməlli-başlı əyilmişdir. İflic tərəfindəki gözüsə əyilən üzünün içindən çıxacaq kimi dururdu. İflic tərəfi heç inkişaf etmədiyindən üzünün bir tərəfi iri, digər tərəfi kiçik idi. Kəndin qoyunlarını otaran kimi-kimsəsi olmayan bir adamıydı...

 

İçəri aparanda ağzı, gözü, harası gəldi vuran baş çavuş dövlətin zopasını yeməyi gözləyən kəndçilərə elə dönüb baxdı ki. Kənddən alaqaranlıqda çıxan baş çavuş kənddə, nə də məntəqənin zəif işığında Kor İrfanın üzünə heç fikir verməmişdir. Kor İrfanla göz-gözə gələndə birdən qorxuya düşdü. Onu içəri aparıb döydüklərini zənn etdi. Kor İrfanın döydükdən sonra bu hala gəldiyini düşünüb, həyəcanlandı. Öz-özünə "Kişi, elin zavallısını nə hala gətirmisiniz! Oxumağı-yazmağı bilib bizə dava açsa, yanarıq vallah! Yazıq günə qoymuşam, keşkə üzünə vurmayaydım" - deyə düşündü. İçindən bir peşmançılıq keçdi. Amma işini bitirməli, davanı sülhlə bitirməliydi.

 

Kor İrfanın yanından keçib digər kəndçinin çiynindən tutdu:

 

- Gəl, görüm...

 

Başçavuşun qorxudan və peşmançılıqdan xəbərsiz, dövlətə yüksək sədaqətlə sırasını gözləyən və şilləsini yeyib bir an əvvəl polis məntəqsindən qurtarmaq istəyən Kor İrfan irəliyə yeridi:

 

- Səhviniz var, komandir! Sıra məndəydi!

 

Komadir özünü az əvvəl peşmançılığa sövq edən adama baxdı, demək ki, onu bu hala gətirən özü deyildi, rahatlandı, güldü:

 

- Gəl, elədirsə!

 

Bir az sonra sırasını sovmağın rahatlığıyla və üzündə buruq təbəssümlə çölə çıxan Kor İrfan; çöldəki əsgər soruşmadan papağından möhkəm yapışdı və dimdik dayanaraq pıçıldadı:

 

- Şikayətçi olanın evi düzəlsin, atam! Allah dövlətin əlini başımızdan əksik etməsin!

 

Avşar İmdad

 

Tərcümə: Təranə Vahid

 

525-ci qəzet.-2021.- 24 aprel.- S.20;21.