"İpək Yolu"nun böyük musiqiçi səyyahı

 

 

Azərbaycan musiqi mədəniyyətinin görkəmli simalarından olan dünya şöhrətli bəstəkar Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyli ənənələrinin davamçısıdır. O, Şərqin zəngin musiqi ənənələrini qədim alətlər vasitəsilə Qərbə tanıdaraq iki mədəniyyət arasında Üzeyir bəyin yaratdığı körpüləri daha da genişləndirib.

 

F.Əlizadənin orkestr düşüncəsinə yüksək universal professionallıq, parlaq milli özünəməxsusluq, tembr rəngarəngliyi, orkestr effektliyinin incəliyi daxildir. Onun yaradıcılığında kamera-instrumental musiqi mühüm yer tutur və professional bir pianoçu kimi ifaçılıq sənətinin bütün sirlərinə yiyələnib. Bu baxımdan dünya konsert salonlarında ifaçılıq məharətini həm də müasir musiqinin təbliğatçısı bəstəkar kimi yüksək səviyyədə nümayiş etdirib.

 

Qədim dövrlərdən Azərbaycan torpağından keçən "Böyük İpək yolu" Avropa Birliyinin TRASEKA proqramı əsasında bərpa edilib və bu proqram təkcə iqtisadi sahədə əlaqələrin deyil, həm də mədəniyyət əlaqələrinin yaradılması deməkdir. Bu layihə çərçivəsində bəstəkar Firəngiz Əlizadə görkəmli mədəniyyət xadimləri ilə bir sırada durmaqla, sözün əsl mənasında, "İpək yolu"nun böyük musiqiçi səyyahına çevrilib. Onun "Muğamsayağı", "Qovuşanlar", "İlğım", "Vadi" əsərləri Nyu-York, San-Fransisko, Amsterdam, Köln, Bern kimi şəhərlərdə yüksək səviyyədə dinləyicilərə təqdim olunaraq, ona geniş autoriya qazandırıb.

 

1979-cu ildə Firəngiz Əlizadənin simli kvarteti SSRİ və Fransa bəstəkarlarının Parisdə iki tərəfli görüşündə səslənir və həmin il Parisdə elektron musiqi institutunda Sovet bəstəkarlarının təmsil edilməsi vəzifəsi azərbaycanlı gənc bəstəkara həvalə edilir. Bu illərdə onun "Orqan üçün fantaziyası", "Habilsayağı" əsəri "Azərbaycan musiqisi" təqdimatı ilə Moskva, Kiyev, Riqa, Vilnüs, Tallin, Ulyanovsk şəhərlərində həssas dinləyici auditoriyası qarşısında yüksək səviyyədə səslənib.

 

1987-ci ildə Qərbi Berlində keçirilən 36-cı Beynəlxalq incəsənət festivalında, parlaq yaradıcılığı bəstəkara beynəlxalq ictimayyətin yüksək rəyini qazandırır. O, ilk dəfə olaraq alman bəstəkarlarından Şönberqin, Vebernin, Messianın, Keycin və Krambin əsərlərini öz vətənlərində və eyni zamanda, ilk dəfə ölkəmizdə də ifa edərək onların yaradıcılığını təbliğ edir.

 

F.Əlizadə 1988-ci ildə Amerikada həmkarları ilə birlikdə silsilə konsertlərini gerçəkləşdirir. Amerika mətbuatı bəstəkarın səslənmiş əsərlərini "Əsl istedadın cazibədar əsərləri " adlandırmışdı.

 

1989-cu ildə ABŞ, Almaniya, İngiltərə, Niderlandda keçirilmiş festivallarda əsərləri səslənən bəstəkar, 1990-cı ildə artıq dünya musiqi ictimayyəti arasında müasir musiqinin təbliğatçısı kimi şöhrət qazanır. Xarici yayımlarda icmalçılar onun ifasında Ü.Hacıbəylinin, T. Quliyevin və özünün Arnold Şönbergin xatirəsinə həsr etdiyi "Fortepiano üçün musiqi" əsərlərini xüsusilə vurğulamışdılar.

 

Firəngiz Əlizadə 1993-cü ildə Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən Mersin şəhərində yeni Opera və Balet Teatrının açılışı münasibətilə sifariş olunmuş "Boş beşik" vokal-xoreoqrafik dramını bəstələmişdi. Bu əsərin ilk tamaşasında o zamankı Türkiyə prezidentinin iştirakı iki qardaş dövlət arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinin bir göstəricisi idi. O, 1998-ci ilə qədər Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışdı. Türkiyədə çalışarkən F.Əlizadə keçən əsrin klassik bəstəkarlarının nadir ifa olunan 21 xor əsərindən ibarət böyük bir proqram hazırlayır. Onun bu əməyi Türkiyə mətbuatı tərəfindən "İlin hadisəsi" kimi qiymətləndirmişdi.

 

Bəstəkar Firəngiz Əlizadə 1998-ci ildə Kölndə görkəmli qadın bəstəkarların festivalında üç əsərini yüksək səviyyədə səsləndirir. Virtuoz sənətkarın bu ifası qiymətləndirilərək onun 50 illik yubileyinə həsr olunmuş film çəkilib, filmdə müasir dövrün novator və avanqard bəstəkarı, pianoçu alim, dirijor və Azərbaycanı xarici ölkələrdə uğurla təmsil edən mədəniyyət xadimi kimi göstərilib.

 

F.Əlizadə 1999-cu ildə növbəti dəfə Almaniyanın Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət edilir. O, 1999-cu ildən 2007-ci ilə kimi Almaniyada, Berlin İncəsənət Akademiyasında pianoçu və dirijor kimi fəaliyyət göstərir. Bu illər ərzində bəstəkar dünyanın müxtəlif ölkələrində konsertlər verməklə müasir musiqinin görkəmli nümayəndəsi kimi adını tarixə yazdırır.

 

 

Bəstəkar 2000-ci ildə Berlin şəhərinin İncəsənət Akademiyasının sifarişi ilə "Ştadt Graniza" ("Sərhəd şəhər") baletini yaradır. F.Əlizadənin musiqisi əsasında səhnələşdirilən 10 balet dünyanın müxtəlif səhnələrində, o cümlədən, Amerika və Avropada tamaşaya qoyulub.

 

2000-ci ildə görkəmli violonçel ustası Yo-Yo Manın "Böyük İpək yolu" transkontinental layihəsində dörd kompozisiyası ilə çıxış edir. Konsertdə F.Əlizadənin Nəsiminin sözlərinə yazılmış "Dərviş" əsəri muğam ustası Alim Qasımovun ifasında səslənmiş və bu layihənin ən möhtəşəm əsəri kimi qiymətləndirilmişdi.

 

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş "Nəsimi ili" çərçivəsində ən möhtəşəm layihələrdən biri bəstəkarın "Nəsimiyə ithaf" baletinin YUNESKO səhnəsində tamaşaya qoyulması oldu. Azərbaycanın YUNESKO-ya üzv olmasının 25 illiyi münasibətilə təşkil edilmiş tədbirdə Azərbaycanın dahi şairi Nəsimiyə həsr olunan baletin nümayişi xüsusi əhəmiyyətə malik idi. Bəstəkarın Nəsiminin poeziyası əsasında yaratdığı "Dərviş", "Zikr", "Nasimi-Passion" əsərlərinin dünya premyeraları beynəlxalq ifaçı tərkiblərinin təqdimatında səsləndi. "Dərviş" əsəri görkəmli violonçel ifaçısı Yo-Yo Manın rəhbərliyi altında 26 ölkənin musiqiçilərini birləşdirən (Alim Qasımovun iştirakı ilə) "Böyük İpək yolu" transkontinental layihəsində bir neçə dəfə dünyanı dolaşdı.

 

"Nəsimi ili"nə böyük töhfə verən Firəngiz Əlizadə öz əsərləri ilə Nəsimi poeziyasının dünyada tanıdılmasında böyük rol oynayıb. Fəxrlə vurğulamaq istərdim ki, bütün dünyada məşhur olan Ağa xan Fondunun təsis etdiyi "Aga Khan Music Awards - 2019" mükafatının Yaradıcılıq nominasiyası üzrə laureatı olan Firəngiz Əlizadə dünya üzrə bu mükafata layiq görülmüş ilk bəstəkardır.

 

Dünya səhnələrində bəstəkarın uğurla ifa edilən məhşur əsərlərindən biri də "Mərsiyyə" kompozisiyasıdır. Auqsberq Musiqi Akademiyasının professoru Yulius Berqer "Mərsiyyə"ni ifa edərkən dinləyicilərə Azərbaycan xalqının müstəqillik uğrunda verdiyi qurbanların əziz xatirəsinə ehtiramını da ifadə etmiş oldu.

 

F.Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında yazdığı "İntizar" operası yaradıcı heyətin həmrəyliyi sayəsində ərsəyə gəlmiş yüksək bədii keyfiyyətlərə malik müasir bir əsər kimi təqdirəlayiqdir. Azərbaycanın tarixi ilə bağlı olan bu operanın "İntizar" adlandırılması əsərin əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümü ilə bağlıdır. Əsər özündə Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir. Tarixi mövzuya həsr olunmuş bu əsər müasir dövrün ictimai-siyasi hadisələri ilə də tam səsləşir. Əsərin məzmununda müqəddəs torpaqlarımıza xəyanət və hiylə ilə ayaq basan mənfur ermənilərin səfalı bir diyarı viran qoyaraq, heç bir insanlığa sığmayan faciələr törətməsi fonunda təqdim olunur.

 

Xalq artisti, "Şöhrət" ordenli, professor Firəngiz Əlizadənin fəaliyyəti yalnız bəstəkarlıqla məhdudlaşmır. Firəngiz xanımın bir ictimai xadim kimi də mədəniyyət tariximizdə layiqli yeri var.

 

F.Əlizadə 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədridir. O vaxtdan etibarən burada keçirilən tədbirlər, milli musiqimizin inkişafına xidmət edən layihələr məhz Firəngiz xanımın ideyalarına əsaslanır.

 

Onu da qeyd edək ki, bəstəkar bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

 

Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən "Muğam Aləmi" Beynəlxalq Musiqi festivallarının təşkilində xüsusi rolu olan F.Əlizadə "Üzeyir dünyası" layihələrinin baş redaktoru kimi də dəyərli fəaliyyət göstərir.

 

Firəngiz xanım ilk azərbaycanlı mədəniyyət xadimidir ki, YUNESKO-nun "Sülh artisti" fəxri titulunu qazanıb. Xalq artisti fəxri adı, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuş F.Əlizadə Roma Papası V Fransisk tərəfindən xüsusi medala, TÜRKSOY-un "Onur Madalyası"na, həmçinin, Azərbaycanda "Uğur", "Zirvə", "Üzeyir Hacıbəyli" mükafatlarına layiq görülüb. Onun haqqında çox sayda kitablar və məqalələr (Almaniyada, Amerikada, Azərbaycanda və digər ölkələrdə) yazılıb.

 

Şərq və Qərb mədəniyyəti elementlərinin bənzərsiz vəhdətini yaratmağa nail olan dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadəni yaxınlaşmaqda olan doğum günü münasibətilə təbrik edir və ona möhkəm cansağlığı, yeni yaradıcılıq nailiyyətləri arzulayıram.

 

Bənövşə RZAYEVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 27 aprel.- S.12