"Gəncə terrorundakı o fotoları mükafat almaq üçün çəkməmişdim"

 

 

TÜRKİYƏNİN "SABAH" QƏZETİNİN FOTOMÜXBİRİ UĞUR YILDIRIM: "ŞUŞADA XARIBÜLBÜLÜN FOTOSUNU ÇƏKMƏK İSTƏYİRƏM"

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü dünyanın dörd bir yanına məlum oldu. Müharibədə yaşanılan ən ağrılı andan tutmuş, sevincli xatirəyə qədər bir çox detallar fotojurnalistlər tərəfindən şəkillərdə əksini taparaq tarixə yazıldı.

 

Bir neçə gün əvvəl Türkiyənin ən prestijli foto müsabiqəsi üçün çəkilən ən yaxşı fotonun qalibi açıqlanıb.

 

"Sabah" qəzetinin fotomüxbiri Uğur Yıldırımın Gəncə terroru zamanı çəkdiyi foto təşkilatın ən vacib mükafatı olan "İlin media fotosu" mükafatına layiq görülüb.

 

Uğur Yıldırımla söhbəti oxuculara təqdim edirik.

 

***

 

- Uğur bəy, əvvəlcə sizi çəkdiyiniz fotonun Türkiyədə "İlin media fotosu" seçilməsi münasibətilə təbrik edirik. Bunu gözləyirdinizmi?

 

- Təşəkkür edirəm. Vətən müharibəsi ərəfəsində 50 gün Azərbaycanda oldum. Bu müddət ərzində Tərtər, Gəncə, Bərdə başqa bölgələrdə Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qətliamların fotosunu çəkdim. Böyük hücumlar olurdu, çox çətin zamanlar idi olduqca effektiv fotolar ortaya çıxırdı. Burada çəkdiyim şəkillərlə əlimdən gəldiyi qədər dinc əhalinin səsini kədərini dünyaya çatdırmağa çalışdım. Bu şəkillər Türkiyənin ən böyük media foto yarışması olan "Türkiyə Foto Müxbirləri Dərnəyi" yarışmasında 3 fərqli kateqoriyada mükafat aldı. Bu fotoları mükafat almaq üçün çəkməmişdim, amma sonra təqdir edilməsi, orada yaşanan hüznlərin tarixə düşməsi mənim üçün önəmlidir.

 

- Xəbəri alanda ilk təəssüratlarınız necə oldu?

 

- 36 ildir təşkil olunan "İlin media fotosu" yarışması Türkiyənin ən köklü yarışmasıdır. Burada böyük mükafatı qazanmaq mənim üçün qürurvericidir. Buna qədər yerli beynəlxalq yarışmalarda bir çox mükafatlar qazanmışam. Ancaq "İlin media fotosu" mükafatına ilk dəfə bu il layiq görüldüm. Mükafatı Azərbaycanda çəkdiyim şəkillərlə qazanmağım isə mənim üçün xüsusi önəm daşıyır. Birinci Qarabağ müharibəsində çəkilən şəkillər həmişə yaddaşımda idi. O dövrdə çalışan ustadlarımın işlərinə hər zaman hörmətlə baxırdım. Ümid edirəm, gələcəkdə insanlar bu fotolara baxıb Vətən müharibəsində nələr yaşandığını anlamağa çalışarlar.

 

- Bu fotoları çəkdiyiniz anlar orada nələr yaşanırdı? Hansı hissləri keçirirdiniz?

 

- Oktyabrın 11-də Gəncə Ermənistan ordusu tərəfindən ballistik raketlə vuruldu. Böyük bina yerlə-yeksan olmuşdu. Şiddətli partlayış nəticəsində yüzlərlə ev zərər çəkmişdi. Xilasedicilər bütün gecə çalışmışdılar, dağıntı ətrafında yaxınlarından xəbər almaq üçün gözləyən insanların şəkillərini çəkdim. Günorta saat 12-yə yaxın dağıntılar altından Anar Əliyev Nurçin Əliyevanın cansız bədənləri çıxarıldı. Onların yaxınları təcili yardım maşınının ətrafına toplaşmışdı. Cəsədlər maşına qoyulanda duyğusal anlar yaşandı. Mən fəryadlar göz yaşları arasında şəkil çəkməyə çalışırdım. Bacısının ölüm xəbərini alan Fizzə Sadıqova sarsıntı keçirirdi. Əlləriylə bir neçə dəfə başına vurdu. Belə məqamlarda şəkil çəkmək həm peşə, həm psixoloji cəhətdən çox çətindir. Bir neçə şəkil çəkdikdən sonra həmin ərazidən uzaqlaşıb təcili yadım maşınının getməyini gözlədim. Mən uzun müddətdir başqalarının kədərini başqalarına göstərmək üçün şəkillər çəkirəm. Bunu edəndə pafosdan şiddəti dramatikləşdirməkdən uzaq durmağa, əlimdən gəldiyi qədər şəffaf sayğılı olmağa çalışıram.

 

 

- Müharibə ərzində hansı ərazilərdə olmusunuz?

 

- Müharibə dövründə başda Tərtər, Gəncə, Bərdə, Ağcabədi, Füzuli, Cəbrayıl olmaqla cəbhə bölgəsi yaxın şəhərlərin hamısında çalışmışam. Daha sonra Ağdam, Qubadlı, Zəngilan Xocavənddə oldum.

 

- Sizcə, çəkdiyiniz şəkil rəngli olsaydı, yenə eyni effekti verərdimi?

 

- Mükafata layiq görülən foto yaşanan anı göstərdiyi üçün çox güclü şəkildir. Şəklin rəngli halı da çox təsirlidir.

 

- Yaşananları bir fotoda əks etdirə bilməyinizin sirri nədir?

 

- İllərdir, müharibə bölgələrində çalışır, şəkillər çəkirəm. Belə müharibələrin ən böyük qurbanı qadınlar uşaqlar olur. Qadın uşaq şəkilləri bir müharibəni, kədəri təsvir etməyin ən güclü tərəfi olur. Mən belə anlarda obyektivimi daha çox mülki əhali tərəfə çevirirəm.

 

- Şəklini çəkdiyiniz xanımla söhbətiniz oldumu? Ona şəklinin mükafata layiq görüldüyü haqqında məlumat vermisinizmi?

 

- Mükafatı qazandıqdan sonra heç kimlə danışmaq şansım olmayıb. Zəng edib insanların dərdini təzələmək istəmədim.

 

- Çəkdiyiniz, amma bəzi səbəblərə görə heç yerdə paylaşmadığınız şəkillər varmı?

 

- O günlərdə Ermənistan çox böyük müharibə cinayətləri etdi. Mülki əhaliyə atılan ballistik raketlərə görə onlarla insan fəciəvi şəkildə can verdi. Parçalanmış, yanmış insan cəsədlərinin şəkillərini çəkdim. Təbii ki, bunları heç yerdə paylaşmamışam.

 

- Daha əvvəl müharibə gedən hansı ölkədə olmusunuz?

 

- 10 ilə yaxındır, Suriya vətəndaş müharibəsini izləyirəm. Bundan əlavə, İraq, Fələstin, Liviya Arakanda bir çox bölgədə müharibəni izləmişəm.

 

- İkinci Qarabağ müharibəsində unuda bilmədiyiniz hansı anlar var?

 

 

- Oktyabrın 28-də Ermənistan ordusu tərəfindən Bərdəyə qarşı kasetli raket terroru törədiləndə hadisə yerinə çox yaxın idim. Həmin terrorda 22 nəfər mülki insan həyatını itirmişdi. Hadisə yerinə gedib çəkilişlərə başladım. Terrorda 32 yaşlı idman müəllimi Fuad İsmayılov həyatını itirmişdi. Bacısı Lalə İsmayılova qardaşının əlini bir an belə buraxmır, ayaqlarını öpürdü. Digər hadisə isə Gəncədə baş verib. Oktyabrın 17-də Gəncəyə raket hücumu olmuşdu. Raketin düşdüyü evin dağıntıları altından 10 aylıq Narin Əsgərovanın cansız bədəni çıxarılmışdı. Dayısı Teymur Sərkərov kəfənə bükülmüş kiçik Narini qucağına alıb ağlayırdı. Onu öz əlləri ilə məzara qoydu. Çox dəhşətli anlar idi. Bu iki anı həyatım boyunca unutmayacağam.

 

- Müharibə dövründə kədər dolu anların şəklini çəkdiniz. Əhalinin oradakı yaşam tərzini edilən abadlıq işləri ilə bağlı da fotolar çəkmək istəyərdinizmi?

 

- Şuşa zəfərinin xəbəri gələndə ordaydım. O sırada çəkdiyim sevinc fotoları ilə bir mükafat aldım. Yenə 10 noyabrda zəfər elan ediləndə bütün gecə boyu şəkil çəkdim. Azərbaycan xalqının kədərini , sevincini çəkdim. Bir ay əvvəl yenə gəlib işğaldan azad edilən bölgələrdə şəkillər çəkdim. Azərbaycandakı səlahiyyətli şəxslərlə görüşürəm. Dağlıq Qarabağın yenidən dirçəldiyi görüntülərin, Şuşada Xarıbülbülün fotolarını çəkmək istəyirəm.

 

Aytac ASLAN

 

525-ci qəzet.- 2021.- 28 aprel.- S.12.