Bir qəzəlin Nəsimisi

(Əvvəli 24 aprel sayımızda)

 

Nəsimi nədən üz cizgilərinə bu qədər önəm verir? Nəsimi şeirində üz cizgiləri rəmzi məna daşıyıb ilahi teofaniyanın müxtəlif məqamlarını ifadə edir. Üzün parlaqlığı və təkliyi səbəbindən vəhdəti, saçın, tüklərin çoxsaylı olmasından Allahın ad və sifətlərin cəmi olan kəsrəti bildirməsi, gözün Basir (hər şeyi görən), dəhanın əbədi həyat (Hayy) ilə əlaqəsi üz cizgilərinin yüksək ilahi mahiyyətinə dəlalət edir. Bununla yanaşı, bədən üzvləri Nəsimi şeirində İlahi Gözələ antriopomorfik xüsusiyyətlər verməklə onu insanlaşdırır, Onunla dünyəvi məzhəri arasında vəhdət yaradır. Bu səbəbdən, Nəsimi şeirlərində həm ilahi, həm də dünyəvi motivlər səslənir. Gibb yazır ki, "Biz onun hədsiz emosional lirikasını, gözəl melodiyalı, ekstaz və trans halında söylədiyi şeirləri oxuduqda hürufi doktrinasının fantastik xüsusiyyətlərini unuduruq. Sanki bu qoca şairin, həqiqətən də, özünəxas bir tərzdə Allahın üzünə baxdığına inanırıq".

 

Nəsimi doğrudanmı Allaha baxır, Allahı görən bir fəna halı yaşayırdı? Onun bəzi şeirlərindən şahid-bazi, nəzər-bazi təcrübəsinə meyilli olması anlaşılır. Bu, əvvəlki tədqiqatlarımızdan birində qeyd etdiyimiz kimi, Gözəl üzün, konkret olaraq bığ yeri tərləməmiş cavan oğlanın (əmrad) üzünün seyri vasitəsilə İlahi Gözlə yaxınlaşmaq təcrübəsi, mistik bir ayindir. Nəsimi şeirində bu ayinin izləri görsənir:

 

Nəzər-baz olduğum indi həqiqət,

Ki, mənzurim nigarın mənzəridir.

 

İnsan-Quran anlamında biz qarşılıqlı çevrilmə prosesi izləyirik. İnsan canlı bir Quran olmaqla yanaşı, Quran da insan surətinə girir; Hədisdə deyilir ki, Qiyamət günündə Quran insan surətində zühur edəcək. Əslində, İnsanın Müqəddəs söz və ya tərsinə, sözün İnsan olması Quranın özündən qaynaqlanır ki, bunun kamil nümunəsi Kəlimət Allah (Allahın sözü) olan İsa əl-Məsihdir (ən-Nisə, 71). Hz. Əlinin də özünü Allahın danışan kitabı kimi təqdim etməsi "Cavidan-namə"də əks olunub.

 

Nəsiminin bir çox qəzəlləri, o cümlədən, yuxarıdakı "Yəqin, ya Rəbb, üzündür rəqqi-mənşur" mətləli qəzəl üzün himni, tərənnümüdür.

 

Yüzündür rəqq-i mənşur

Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur,

Muhamməd şər'i andan oldu məşhur.

 

(Ya Rəbb, üzün aşılanmış bir dəridir. Məhəmmədin dini bununla məşhurlaşdı.)

 

İlk öncə müraciətə nəzər salaq: "Ya Rəbb" - deyir Nəsimi. Qəzəl Allahın gözəlliyinin məzhəri olan İlahi Gözələ və ya Kamil insana müraciətlə yazılıb. Burada üz, zülf, göz, qaş və s. kimi üz cizgilərinin bolluğu allahlaşmış İnsan və ya İnsana bənzər Allah obrazı yaradır. Bu barədə Gibb yazır: "Nəsimi şeirində manifestasiya edən manifestasiyanın özündə mövcuddur. Şairin nəzərində sevgi obyekti olan varlıq Allahın güzgüdəki əksi deyil, Allah özüdür:

 

Sənə kim deyən kim, Həqq degilsin,

Səni Həqq bilməyən Həqqdən cüdadır".

 

İnsan üzünün üçüncü xisləti həm də müqəddəs yazı olmasıdır. Fəzlullah Astarabadiyə görə, Adəmin üzü ilahi yazıdır və Qurandakı "aşılanmış dəri üzərindəki yazıya and olsun ki" ifadəsi də insan özüdür. Allah öz qüdrət ilə bu yazını insanın dərisində yazmışdır. Bu səbəbdən, şair Məhəmmədin dininin Gözəlin üzündə olduğunu bildirir.

 

"Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur" bir daha Nəsimi Gözəlinin ilahi-dünyəvi mahiyyətini əks etdirir. İfadə ət-Tur surəsindən (ayə 2-3) alınıb: Aşılanmış dəri üzərindəki yazılı kitaba and olsun ki... Burada biz dəri (rəqq) anlamına verilən xüsusi mənanı görürük. Özündə Müqəddəs Quranı, 28-32 müqəddəs hərfi əks etdirən insan gözlərimiz önündə dərisi ilə canlanır, ruhani-mənəvi anlamlar maddiyyat kəsb edir. Dəri burada ruhi ideyaların maddi ifadəsi kimi bir önəm kəsb edir. Başqa bir ayədə də dəri insani xüsusiyyətlər kəsb edir. Fussilət surəsində (ayə 21) deyilir ki, Allah dəriyə dil vermişdir və o Qiyamət günü insanın üzünə durub onun əleyhinə şahidlik edəcək.

 

525-ci Qəzet - Prezident 2019-cu ilin Nəsimi ili elan edilməsi haqqında sərəncam imzaladı

 

Dəri maddi olanın ruhani olanla vəhdəti, maddi olanın ilahi yazıya məskən olmasıdır. Hürufilikdə dərinin xüsusi önəmi var. İnsan dərisi, xüsusilə üz ilk növbədə üzərində ilahi hikmətlərin açarı olan hərfləri gəzdirir; insanın xətt-i xalı, yeddi cərgə anadangəlmə tük cərgəsi məhz dəridə əks olunub. Qaş, göz, kiprik, ləb, zülf, xal, zənəxdan kimi üz cizgiləri dəridə bərqərar olub. Bu mənada dəri əslində, insan adlı müqəddəs yazının əks olunduğu bir perqamentdir. Təsadüfi deyil ki, ilk insan olan Adəmin adı "dəri" və "yerin üst qatı" anlamında olan "ədim" sözü ilə eyni kökdəndir. Bundan əvvəlki yazılarımdan birində Hürufilikdə dəriyə bu qədər önəm verildiyindən Nəsiminin dərisi soyulmaqla qətlə yetirilməsini bir fərziyyə kimi irəli sürmüşdüm.

 

Digər tərəfdən, bir sıra şiə və sufi təlimləri kimi, hürufilik də batiniliyə meyilli idi. Dəri insanın üzdə olan, zahiri tərəfi idi ki, onun altında dərin batini anlamlar gizlənmişdir. Bu anlamları dərk edənlər sanki dərisindən çıxanlardır. Hər bir mistik, hər bir sufi zahirdən uzaqlaşıb batinə can atır. Burada qəribə bir müşahidəmizi də bölüşmək istərdik. Fəzlullahdan bəhs edən ərəb mənbələri onu "zahid", "asket" anlamına gələn "mutəqaşşıf" sözü ilə anırlar. Bu sözün alt qatlarında "dərisi çat-çat olmuş adam" mənasını da görürük. Deməli ezoterizmə meyl özü bir növ dərinin çatlaması, bir az da irəli getsək, soyulması ilə bağlı assosiasiya yaradır.

 

Nəsimi şeirində yuxarıdakı beytlə çoxsaylı səsləşmələr vardır:

 

Üzündür Turi-Sina, rəqq-i mənşur,

Bilindi üştə gör nurun-alə-nur

 

Və yaxud

Üzündür lövh-i Musa, qamətin Tur,

Xətin Fürqan, üzündür rəqq-i mənşur.

 

Üz - Kəbə

 

Qəzəlin sonrakı iki beyti Kəbə məscidi ilə bağlıdır:

 

Təvaf əmr oldu çün Beytü l-ətiqə,

Rəsul ol evi çün xoş qıldı mə'mur.

Sifatındır, bilürəm Kə'bey-i mütləq,

Ziyarət eyləyənlər oldu məğfur.

 

(Kəbə ətrafında təvaf etmək əmr olunub. Rəsulullah o evi təmir etmişdir.

Sənin Üzünün Kəbə olmasını bilirəm. O Kəbə ki, onu ziyarət edənlər bağışlanır.)

 

Buradakı Beytü l-ətiqlə (hərfi mənası "qədim ev") Kəbə nəzərdə tutulur. Quran-i Kərimdə (əl-Həcc, 33) deyilir: "(Qurbanlıq heyvanların) kəsiləcəyi yer qədim evin (Kəbənin) yanındadır". Peyğəmbərin sirəsində onun risalətdən öncə Kəbənin təmirində xüsusi bir rol oynaması göstərilir. Bu beytdə həmin hadisəyə işarə edilə bilər. Ev (ərəbcə beyt) sözünün məmurla bir yerdə işlənməsi əfsanəvi bir səcdəgah olan, göylərdə yerləşən Beytü l-məmuru yada salır. Merac rəvayətlərində beytü l-məmurun mələklərin ibadətgahı olması bildirilir.

 

Hürufiliyə görə, həccin mühüm ayini olan təvafın yeddi dəfə olması yeddi cərgə anadangəlmə tük cərgəsi ilə bağlıdır. Kəbə və insan üzü və 28/32 hərflə birlikdə İlahi teofaniyanı əks etdirir. Kəbə ətrafında yeddi dəfə həyata keçirilən təvaf 4 ünsürlə birlikdə 28 edir. Dörd ünsürdən torpaq hürufilikdə xüsusi qüdsiyyətə malikdir, çünki insanın alnı və üzü Kəçə torpağından yaradılıb. Ümumiyyətlə, hürufi mətnlərində Kəbə məbədi ilə bağlı bir sıra deyimlərə, hədislərə xüsusi önəm verildiyini görürük. Bunlardan biri Al-i İmran surəsinin 172-ci ayəsindən qaynaqlanan, Allahla insan övladlarının ruhları arasındakı əzəli əhdnamənin Həcər əl-Əsvadın içərisində olması, digəri isə bu daşa insana xas üz cizgiləri aid edilməsidir.

 

Fəzlullah Adəmin məhz üzünün və alnının Kəbə torpağından yaradıldığını bildirən hədisi dönə-dönə təkrarlayaraq bununla üzə bir daha ayrıca sakrallıq verir. Məhz bu səbəbdən, Kəbə insanların səcdəgahıdır.

 

Allahın ipi - saç

 

Saçın həblü l-mətindir, surətin həqq,

Hidayət şəm'i, yüzdən indi ol Nur.

 

(Saçın möhkəm bir ipdir, surətin Həqdir.

Üzün doğru yola aparan, işıq saçan şamdır. Quran o üzdən nazil olmuşdur.)

 

Nəsimi şeirində üzün ən geniş yayılmış metaforu Müqəddəs Quran və onun adlarıdır. Yuxarıdakı beytdə Quranın Nur adı anılır, üz Nur kimi işıq saçır, insanları hidayətə yönəldir. Quran Allahın ərşinin yanında qorunub saxlanan və bütün elmləri hifz edən Lövh-i Məhfuz məqamında olan üzdən nazil olmuşdur. Buradaca artıq üzün dixotomu kimi işlənən, klassik şeirimizdə çeşidli mənalara meydan açan saç gündəmə gəlir.

 

Levison, Əlibəyli, Bertels, Göyüşov, Qasımova kimi tədqiqatçıların qeyd etdiyi kimi, klassik şərq poeziyasında üz-saç dixotomları ətrafında rəngarəng mənalar yaranıb. Həqqi, İlahi Nuru, Vəhdəti, Müqəddəs yazını bildirən üzün müqabilində zülf bir qədər neqativ təmayüllü olub küfrü, hicabı, qaranlığı, Vəhdətə gedən yoldakı çətinlikləri bildirir.

 

(Ardı olacaq)

 

Qasımova, Aida

 

525-ci qəzet $g 2021.- 28 aprel.- S.17.