Səhnədən o yana...

 

 

 

Gözəl müğənnimiz Flora xanım Kərimovanın qızğın vətənpərvərliyi, millətsevərliyi hamıya məlumdur. Bəlkə elə bu xüsusiyyətlərinə görə 1993-cü ilin qışında - cəbhədə qızğın döyüşlər getdiyi bir vaxtda işlədiyim "Azərbaycan ordusu" qəzeti üçün Flora xanımdan müsahibə almaq, onu əsgərlərimizlə qiyabi də olsa görüşdürmək fikrinə düşdüm. Flora xanıma telefon açdım, dərhal razılıq verdi və ertəsi gün onun mənzilində görüşdük. Çox geniş və səmimi söhbət etdik, Flora xanım maraqlı fikirlər söylədi və bir az irəli gedib deyim ki, yazı qəzetdə dərc olunduqdan az sonra Müdafiə nazirinin tərbiyə işləri üzrə müavini redaksiyaya gəlib bu müsahibəyə görə mənə təşəkkür elan etdi.

 

Mən Flora xanımın bu qədər səmimi, sadə, mehriban qadın olduğunu, düzü, təsəvvür etmirdim. Söhbət vaxtı onun daxildən gələn zadəganlığı, yüksək mədəniyyəti, səmimiyyəti və intellektual səviyyəsi, nə gizlədim, az da olsa məni şoka salmışdı.

 

Söhbəti bitirib sağollaşmaq istəyəndə Flora xanım dedi:

 

- Bilirəm ki, işiniz çoxdur, redaksiyaya tələsirsən. Səhərdən söhbət etməkdən ikimizin də boğazı quruyub. Gəlin bir stəkan çay içək, sonra gedərsən - reaksiyamı gözləmədən məni sol tərəfdəki otağa dəvət etdi.

 

Flora xanımın dəvətindən imtina eləmək ədəbsizlik olardı. Ona görə də etiraz etmədim. Otağa keçdik, üstünə süfrə salınmış masanın arxasında əyləşdik. Az sonra azərbaycanlıların çox sevdikləri çay dəstgahına nümunəvi görkəm verəcək nə varsa, hamısı süfrənin üstünə düzüldü. Möhkəm mürəbbə həvəskarı olduğumdan büllur qablara tökülmüş löyün-löyün mürəbbələr isə dərhal diqqətimi çəkdi.

 

Flora xanımın mehribanlığı, köhnə tanışlar kimi ərkyana davranışı sanki məni ovsunlamışdı. Bir az sıxılırdım. Bəlkə bunu duyduğuna görə o, ordan-burdan söz salıb məni bu naqolay vəziyyətdən çıxarmağa çalışırdı.

 

Birdən bayaq verməyi unutduğum sualı xatırlayıb, qəfildən soruşdum ki, Flora xanım, cəbhə bölgəsinə gedib əsgərlər qarşısında konsert verərsinizmi? İndi onların incəsənət ustalarının dəstəyinə böyük ehtiyacları var. Flora xanım dərhal dedi ki, bu nə sözdür, onlara mənim canım qurban. Danışın, günü sabah gedək. Sonra bir anlığa fikrə gedib bir az tənəli səslə əlavə etdi: "Amma gərək elə edəsiniz ki, mən də əsir düşməyim, Bilirsiniz ki, ermənilər ağılsız olduqları qədər də. əxlaqsızdılar..."

 

Nəhayət süfrəyə çay gəldi. Mürəbbəbaz olsam da, əlimi o qablara uzada bilmirdim - sanki nə isə mane olurdu. Flora xanım bunu dərhal duydu və həmin o mehriban, yumşaq səslə soruşdu:

 

- Bura bax, niyə mənim bişirdiyim mürəbbələrin dadına baxmırsan?

 

Vəziyyətdən çıxmaq üçün yalan danışmalı oldum, dedim ki, mənim mürəbbə ilə aram yoxdur. Ona görə də narahat olmayın, Flora xanım.

 

- Bu, sənin öz işindir. Amma mürəbbələrdən dadmamış burda getdi yoxdur. Gərək baxıb görəsən ki, bacın necə mürəbbələr bişirir...

 

Flora xanımın səsində bizim xanım- xatın nənələrimizin danışığına xas olan amiranəliklə mehribanlığın, doğmalığın qovuşuğundan yaranmış bir sehir vardı və bu sehir məni əməllicə çaşdırmışdı. Donub qaldığımı görən Flora xanım isə heç yatsam da, yuxuma girməyən bir jest etdi - çay qaşığı ilə ən çox xoşladığım (!) (Flora xanım bunu hardan bildi - möcüzədir) ərik mürəbbəsindən sanballı bir ərik götürdü, üzünü mənə çevirib həmin o sehirli səslə dedi:

 

- Əmr edirəm ki, ağzını açasan!..

 

Qıpqırmızı qızarmışdım. Ardınca isə qəfildən mənə qəribə bir gülüş gəldi və dodaqlarımın qaçmasından istifadə edən Flora xanım bir ana, bacı ərki ilə qaşığı dodaqlarıma yaxınlaşdırıb əriyi ağzıma ötürdü:

 

- İndi çayını götür iç. Sən hərbçisən. Elə hesab elə ki, mən də sənin komandirinəm. Əmrdən çıxmaq olmaz axı...

 

İkinci qaşıqdan sonra təbii ki, mən Flora xanımın bu yeni "missiyasını" axıra kimi yerinə yetirməsinə imkan vermədim...

 

...Sağollaşıb ayrılanda Flora xanım dedi ki, nə vaxt lazım olsa, mənə bir bacın, dostun kimi zəng edə bilərsən və bu sözlər onu mənə daha da doğmalaşdırdı.

 

Sonralar bir-iki dəfə Flora xanıma zəng vurdum, dərdləşdik. Təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən əlaqələtimiz davamlı olmadı.

 

Amma indiyə kimi hər dəfə onun xoş simasını televizor ekranlarında görəndə, həmin o məxmər səsi eşidəndə ərik mürəbbəsinin tanış, unudulmaz dadını da dərhal hiss edirəm...

 

 

Allah canınızı həmişə sağ eləsin, Flora xanım

 

DİPLOMLU CƏRRAH DİPLOMSUZ TARZƏNƏ NECƏ "MƏĞLUB" OLDU

 

Bəlkə də çoxları bilmir ki, dahi tarzənimiz (bu ifadəni işlətməyin bütün məsuliyyətini öz üzərimə götürürəm və istənilən səviyyədə istənilən şəxslə mübahisə etməyə hazıram) Hacı Məmmədov həm də peşəkar cərrah imiş və bir müddət Bakının böyük xəstəxanalarının birində baş həkim vəzifəsində də çalışıb. Bunu mən də bir qədər gec bildim, amma biləndə qətiyyən təəccüblənmədim. Səbəbini, ümumiyyətlə, Hacı müəllimin musiqi tariximizdəki rolu və yeri barədə düşüncələrimi 2019- cu ilin aprelində qələmə aldığım "Bir də tanış olduq, ustad!" adlı yazımda bölüşmüşəm.

 

Bu qeydlərdə isə o vaxt bilmədiyim və buna görə də həmin yazıya düşməyən 2 faktı diqqətinizə çatdırmaq istəyirəm.

 

1. Subyektiv səbəblər üzündən Hacı müəllim Konservatoriyada təhsilini başa vurmamışdı, yəni ali musiqi təhsili, diplomu yox idi. Bu fakt, eləcə də Hacı müəllimin tar çala-çala, el şənliklərinə, toylara gedə-gedə həm də həkimlik etməsi o dövrün rəsmi nomenklatura prosedurlarına bir az uyğun gəlmirdi. Bəlkə elə buna görə bəzi bədxahlar bu məsələni şişirdir, "tarzən hara - cərrah, baş həkim hara" tipli dedi-qodularla ürək bulandırırdılar.

 

Nəhayət atmacalar, "narazılıqlar" respublikanın rəhbəri Heydər Əliyevin qulağına çatır və o, köməkçisinə bu məsələni araşdırıb məlumat verməyi tapşırır. Deyilən vaxtda ona məruzə olunur ki, bəli, Hacı Məmmədovun ali musiqi təhsili, diplomu yoxdur və xəstəxanada baş həkim işləyir.

 

Heydər Əliyev özünün o məşhur təbəssümü ilə gülümsəyir və yalnız ona xas olan uzaqgörənlik və müdrikliklə deyir:

 

- Konkret yanaşma tələb edən bu məsələdə diplom vacib şərt deyil. Hacının ifası ilə tanışam, o, fitri istedaddır. Düşünürəm ki, diplomsuz tarzən kimi xalqımıza, musiqi mədəniyyətimizə daha böyük töhfələr verə bilər, nəinki diplomlu cərrah kimi təbabətimizə...

 

Allah sənə rəhmət eləsin böyük İNSAN!

 

2. Hacı Məmmədov mahir tarzənlər sarıdan heç vaxt kasadlıq hiss etməyən Azərbaycanda Xalq artisi fəxri adına layiq görülən ilk tarzəndir. Məncə, bu fakt ətrafında da ciddi düşünməyə dəyər.

 

VERMƏDİYİM SUALIN CAVABI

 

1987-ci ilin payızı idi. Bir gün iş elə gətirdi ki, işlədiyim "Bakı" qəzetinin tapşırığı ilə qüdrətli sənətkarımız, kinomuza Ağabala ("Bəxtiyar"), Rüstəm bəy ("O olmasın, bu olsun"), Sərdarov ("Qızmar günəş altında")... kimi ölməz obrazlar bəxş edən Ağasadıq Gəraybəylinin qonağı oldum.

 

Ustadın yaşı o vaxt artıq 90-ı keçmişdi, amma teatrla əlaqəni kəsməmişdi, bu yaşında da alqışlar altında səhnəyə çıxır, tamaşalarda oynayırdı (!).

 

Ağasadıq müəllim evdə tək idi və çox dilxor, narahat, bir az da köməksiz görünürdü. Hiss elədim ki, vəziyyət, necə deyərlər, "ruscadır", dağ boyda kişini belə çətin duruma salan nə isə ciddi bir səbəb var. Az sonra hər şey aydın oldu - demə, bir neçə gün imiş Ağasadıq müəllimin gözləri öz işığını demək olar ki, tam itiribmiş və o, indi ətrafında olan hər şeyi, o cümlədən, məni də yalnız qaraltı kimi görürdü...

 

Çətin vəziyyətə düşmüşdüm, bilmirdim teatrla bağlı cavabını almağa gəldiyim sualı bu vəziyyətdə səsləndirim, ya yox. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır.

 

Amma Ağasadıq müəllimin az qala ağlamsına-ağlamsına dedikləri mənim vermədiyim 1 yox, bəlkə də 5 sualın cavabı oldu:

 

- O gün teatra təzə tamaşanın stolarxası məşqinə getmişdim. Elə əyləşib məşqə başlamışdıq ki, gördüm rolumun sözləri yazılmış dəftəri unudub evdə qoymuşam. Hirsimdən hər 2 əlimlə başıma necə qapaz endirdimsə, həmin andaca gözlərimə qaranlıq çökdü...

 

...Ağasadıq müəllimin dedikləri sənətə həsr olunmuş uzun bir ömrün tragikomediya üslubunda oynanılan son - final səhnəsi idi...və ustad o səhnəni də bütün rolları kimi təbii oynamışdı...

 

Düz 1 il 1 ay sonra aktyor vəfat etdi...

 

Məzarının nuru əskilməsin, ustad!

 

Əlisəftər HÜSEYNOV

 

525-ci qəzet.- 29 aprel.- S.11.