Səmimi yaşantılar, poetik dualar...

 

 

 

Dua etməklə arzuya, niyyətə qovuşmaq nəzərdə tutulur. O dualar müstəcəb olur ki, dua edənin özü əməlisaleh olsun. O zaman ona tərəf açılan əlləri Yaradan daha tez görür. Gənc şair Eltun Türkelin öz duaları var. Onun duaları bu yaxınlarda işıq üzü görmüş "Tənhaların duası'' adlı kitabında oxucularına təqdim olunub.

 

Kitabda toplanmış müxtəlif məzmunlu şeirlər, hekayə oçerkdə etdiyi dualar yeni fikir, deyim tərzində gənc bir istedadın ədəbi aləmin qapısını döyməsinə zəmin yaradır.

 

Hər bir damcısında cürət boy atır,

Cəsarət boy atır, qüdrət boy atır.

Anbaan düşmənə nifrət boy atır,

Şəhid övladının göz yaşlarında.

 

"Şəhid övladının göz yaşlarında" şeirindəki bu bənddə yüzlərlə, minlərlə şəhid övladlarının düşmənə qarşı böyüyən nifrəti şair diqqətindən yayınmır. Axı bu körpələrin günahı idi ki, atasız böyüsünlər? "Günahları" Qarabağ adlı torpaqlarının erməni kimi murdar, xəyanətkar qonşularının olmasıdır.

 

Şair öz-özlüyündə təsəlli tapır. Şəhid övladının göz yaşlarının hər damcısında nalə, ah, haqq səsi olması ilə bərabər, nurlu sabahı görən şair son bənddə deyir:

 

Onda haqq səsi var, nalə var, ah var.

İşıqlı gələcək, nurlu sabah var.

Vallah, qibləgah var, ziyarətgah var,

Şəhid övladının göz yaşlarında.

 

Azərbaycan ordusunun hərb tarixində görünməmiş şücaətindən, 30 illik Qarabağ həsrətinə 44 gündə son qoymasından vəcdə gələn şair sevinclə dua oxuyur. Onun "Gəlmişik" duasından mənfur düşmənin otuz ildə xaraba qoyduğu Qarabağda qurub-yaratmaq arzusu aşıb-daşır:

 

Qarabağım, torpağında

Can söyləyib, can duymağa,

Şəhər salıb, yollar çəkib

Can söyləyib, can duymağa,

Gəlmişik!

 

İctimai mövzulardan yan keçməyən şair dərdin tüğyan etdiyi bu dünyadan qaçmaq istəyir. Bəxti ilə dərdi döyüşən müəllifin dərdi tövşüyür, yorulur. Qara bəxti günə çıxarda bilməyən dərd çoxluğundan çılpaq qalıb. Çılpaq qalan dərdini başqası görməsin deyə dərdlərinə libas tikdirmək istəyir Eltun:

 

Dərzi ümidlərim sınıb-küsməmiş,

Dərdimin boyunu ölçüb-biçməmiş,

Sapım əllərimdə düyün düşməmiş,

Gedim dərdlərimə bir libas tikim.

 

Şeirdə yeni deyim, yeni ifadə, sözə yeni don biçmək göz önündədir.

 

Geriyə baxmadan üzü işığa,

Qaçıb bu dünyadan getməyim gəlir.

 

Dünyanı haqsızlıq öz ağuşuna alıb. Bir parça çörəyin xətrinə şəxsiyyətin çiliklənməsini görən şair, çarəni belə dünyadan qaçmaqda görür:

 

Özümü götürüb öz əllərimə,

Qaçıb bu dünyadan getməyim gəlir.

 

Xeyri yoxdur, Eltun! Hara qaçsan da, yenə bu dünyanın sakinisən. İnsanlar arasında "mənim", "sənin" ifadəsi yaranandan onlar ədalət arzusu ilə axtarışdadırlar. Hələ bir şey əldə edə bilməyiblər edə bilməyəcəklər . qədər insanda aşırı nəfs varsa, ədalətli cəmiyyət arzu olaraq qalacaqdır.

 

Eltunun məhəbbət mövzusunda yazdığı şeirlər, ayrılıq, inciklik, umu-küsü üstündə köklənib. Məhəbbət mövzusunda olan şeirlərin böyük əksəriyyətində ayrılıq, nakamlıq, həsrət aparıcı xətdir. Elə poeziya da dərddən, nakamlıqdan doğulur desək, səhv etmərik:

 

Oyaqkən gəlməyə yol qoymamısan,

Odur ki, yuxumu seçib gəlirsən...

Qəlbimin eşq adlı qapısı bağlı,

Sən hansı qapıdan keçib gəlirsən?

 

" olar, yuxuma gəlmə gecələr" şeirindən yuxarıda bir bənd nümunə çəkdik. Bu bənddə şair eşqin qapısını bağlasa da, yenə sevdiyi yuxusuna gəlir. Çünki o, içəridədir - ürəyindədir. Unutmağa çalışsa da, unuda bilmir. Ürək sevdiyi ilə "gedib":

 

Sənli xatirələrim,

Düşdükcə yaddaşıma.

Mürəkkəbsiz qələmi,

Batırıb göz yaşıma,

Sənə məktub yazıram.

 

Yaxud da "Mən oyağam" şeirində bir bəndə diqqət edək:

 

gecələr tükənir,

zülmət sona çatır.

Həsrətinin əlləri,

Yuxuma da daş atır,

Mən oyağam.

 

Məhəbbət mövzusunda bir-birindən gözəl əsərlər yazılıb. Bu mövzuda yeni fikir demək o qədər asan məsələ deyil.

 

Eltun Türkel "Boş məktub" şeirində məhəbbətin böyüklüyünü, onun ecazkar gücünü fərqli formada mənalandıra bilmişdir. İşlənmiş mövzuya yeni prizmadan baxmağı bacaran şair hiss duyğuların tərcümanı olan gözəl bir poetik nümunə yaratmışdır:

 

Mənə hər gün məktub yolla,

Yazılmamış sətrin gəlsin.

vərəqi açan zaman,

Bircə misra ətrin gəlsin.

 

Maraqlıdır: həm deyir hər gün məktub yolla, həm deyir məktubu yazmadan yolla, açanda ətrini duyum.

 

Mənə hər gün məktub yolla,

Uzaqlığın bilinməsin.

Elə bax ki, boş vərəqə,

Baxışların silinməsin.

 

Məktubu açanda sevdiyinin baxışlarını vərəqdə görəcək. Ürəyindən keçənləri duya biləcək. Bu ancaq haqq aşiqlərində olur. Folklordan bəhrələnən şair şeirin son bəndində:

 

Qələm ilə yazma, gülüm,

Yaralama məktubumu.

vərəqi oxuyaram,

Qaralama məktubumu.

 

Həqiqi sevginin Eltun qələmində bənzərsiz tərənnümüdür bu!

 

Kitabda bir maraqlı şeir var: "Tənhaların duası". Kitabın adı da bu şeirdən götürülüb. Şeirdə müəllif tənha olan insanın daxilindəki iztirabların, cavab tapa bilmədiyi sualların qarşısında acizliyinin bu zaman arzusuna yetişmək üçün oxuduğu duaların təqdimatını uğurla verib:

 

Öz ürəyin sual verə özünə,

Söz tapmayıb qarşısında susasan.

İp keçirilib cavabların boynuna,

Siqaretin tüstüsündən asasan.

 

Bilirsənmi çətin nədir, əzizim?

Yalnızlığın soyadını daşıya.

Arzulara məzar olan otaqda,

Xatirələr sənlə birgə yaşaya.

 

Ən çətini tənhalıqdır, əzizim,

Pəncərəndən küsər günəş şüası.

Yollasan da, ünvanına çatmamış,

Geri dönər tənhaların duası.

 

Müəllifin fikri ilə razılaşmaq da olur, razılaşmamaq da. Razılaşmaq olur ki, insanın tənhalığı bədbəxtlikdir. Əgər tənhaların duası qəbul olunsaydı, heç tənha olmazdılar. Həm razılaşmaq olmur ki, insan daxilən tənhadır tənhalar Yaradana daha yaxın sayılırlar. Onların duaları üçün ünvanına çatmasın? Bu mübahisə doğuran fikirlə bizim işimiz yoxdur! Fikrimiz başqadır.

 

Şair, sən ki çox vaxt tənha olursan. Bu tənhalıq qələm adamlarının hamısına xas xüsusiyyətdir. Kitabdakı duaları da siz tənha olanda oxumusunuz. Qaldı həmin duaların ünvanına çatıb-çatmaması, ondan arxayın olun, fikrimizcə, sizin oxuduğunuz dualar ünvanına çatar. Bunu dualarınızın istedadla oxunması oxucuların onları maraqla qarşılamasında da görmək mümkündür.

 

Kitabda iki hekayə bir oçerk öz yerini alıb. Eltun Türkel gənc qələm sahibi kimi hekayə oçerk janrında da qələmini uğurla sınamışdır.

 

"Keçmişin bu günü" hekayəsində müharibənin törətdiyi faciədən həmin faciənin insan həyatında buraxdığı dərin yaralardan söz açılır. Gövhərin fədakarlığı, iztirabları, 25 illik səbri inandırıcı dillə canlandırılır.

 

Sonda Gövhərin iztirablarına sevinc qatılması müharibənin törətdiyi faciələrə insanlığın, haqqın, ədalətin qalib gəlməsinin göstəricisidir.

"Aqalaktiya" hekayəsi həcmcə qısadır yumoristik üslubda qələmə alınmışdır. Dilinin bəlasına düşən Qədim kişi avtobusdan düşəndə qarşısına çıxan qonşusu soruşur:

 

" - Ay Qədim kişi, hardan belə?

- Əşşi, hardan olacaq ee? On səkkiz il əvvəl verdiyim məsləhətin təşəkkürnaməsini yollamışdılar, onu alıb gəlirəm - deyib çayxanaya tərəf üz tutdu".

 

"Qələbə ətirli medallar" oçerkində İkinci Qarabağ savaşında qəhrəmancasına mənfur düşmənə sinə gərən qazi Ruslan İsmayılovun döyüş yoluna nəzər salınır. Döyüş zamanı igid əsgərlərimizin qarşılaşdığı çətinliklər aydın səlis bir dillə oxucuya çatdırılır.

 

Oçerkdə Azərbaycan əsgərinin qorxmazlığı, dar ayaqda dostuna-döyüş yoldaşına arxa-dayaq olması inandırıcı detallarla göstərilir.

 

Eltun Türkeli yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir, ona yaradıcılıq yolunda daha böyük uğurlar diləyirik.

 

 

Fazil Sənan

 

525-ci qəzet.- 2021.- 29 aprel.- S.13.