Bir ovuc torpaq

 

Ovcumun içində kiçik Vətəndi,

Ovcumun içində qoxulayıram.

Üzünə baxıram - incik Vətəndi,

Ətrini alıram - yuxulayıram.

 

Gözümdən nəm çəkir gözüm dolanda,

Günəşə tuturam, boyadıram mən.

Layla oxuyuram axşam olanda,

Səhərlər nəğməylə oyadıram mən.

 

Həsrətim çəkilir, heçə bax, Allah,

İllərlə yaş töküb nəm qurutmuşam.

Bir ovuc torpaqda gücə bax, Allah,

Elə bil əlimdə dünya tutmuşam.

 

Üz-üzə, göz-gözə qalmışıq elə,

Olmuşam yanında qara üzlü mən.

Qorxuram dağıla, atalar çölə,

Qorxuram can verəm dirigözlü mən.

 

Yuxuya qalanı tez oyadıram,

Duam, dualarım ötə olubdu.

Hara gedirəmsə, tez qayıdıram,

Bu torpaq evimdə mətə olubdu.

 

Bu günə çatmağa tələsmişəm mən,

Çöpünü əlimlə təmizləyirəm.

Bu torpaq üstündə çox gəzmişəm mən,

İndisə əlimdə əzizləyirəm.

 

Gözümdə dan yeri söküləsidi,

Canımda həmişə qor duyasıyam.

Ölsəm, gözlərimə töküləsidi,

Qalsam, əllərimdə qoruyasıyam.

 

Cavad Zeynal

525- ci qəzet.- 2021.- 30 aprel.- S.16.