Sabir Yusifoğlu: "Bir az işıq gətirmişəm..."

Tanrının sirləri çoxdur: ruh, yuxu, sevgi, ölüm şeir kimi... Minilliklər bəs etməyib ki, alimlər bu sirləri aşkarlasınlar, rəqəmlərə, düsturlara, qrafiklərə, aksiomlara çevirsinlər. Bunları reallaşdıran can sahibləri qeyri-ixtiyari olaraq o sirlərin daşıyıcılarıdırlar. Bu mənada, şairlər - nəzm düzənlər yox, insan cildində bir sehrdirlər. Bəlkə , sehri çözmək istəyimizdəndir ki, qələmi məşəl edib bu sirrin izinə düşdüm. Sirr sahibi - Yaradan izn versə, əlimizdə olan 109 açarla 109 qapıdan keçib sirri öyrənməyə cəhd edəcəyik. Sirrin adı belədir: Sabir Yusifoğlu. Sirli yönü isə şairliyidir. 109 açar dediyimiz isə, onun "Dünya ilə heç-heçəyəm" kitabındakı bu sayda şeirləridir.

 

Zərrə tamın, hüceyrə orqanizmin, övlad ailənin güzgüsü olduğu kimi, şeirlər şair ruhunun əks-sədası, baqisindən fənasına, ərşindən fərşinə körpüsüdür. Bu körpülərdən keçib ala-qaranlıq dünyamızdan Sabir Yusifoğlunun işıqlı dünyasına məhz kitabının vərəqlərilə qanadlanıb yola çıxdıq.

 

Azərbaycan dilinin baldan şirin şəhdi-şəkəri, sadəliyindəki qüdrəti ilə yazılmış, milliliyə söykənib Vətən, insan ən əsası Allah sevgisindən doğulan bu şeirlərin lirik qəhrəmanı eyni zamanda, hər bir millətdən olub bəşəri səciyyə daşıyır.

 

Diş dırnaqla dənə-dənə,

Çöp qoydum çöpün üstünə.

Dünyanın ipi üstünə

ya:

 

Gecələr yuxuma gəlib-gedirsən,

səhər, köynəyimin çiynində

Mən sənin olmadım, dur gəl acığa, qalan

çəkdiyin əzabtək, ahtək, özün çək

ayağım altından kətili, qadın.

 

- bu misraları ingiliscə, ərəbcə, ispanca, çincə oxuyan anlayarmı ki, müəllif 1962-ci ildə Azərbaycanımızın Cəlilabad rayonunun Adnalı kəndində doğulub ordan ayaq açıb Bakıya, Dnepropetrovska, Sumqayıta: dünyaya?!

 

Şeir yazma prosesinin ağırlığını bütün şairlər gözəl bilir. Bu yaranış anları bəzən günlər, aylar, hətta illər ola bilir. "Şair olmaq zülmdü" deyən, "Nəsimi kimi soyulmaqdı" deyən, "Çay tərsi üzməkdi", "Bir qadının doğuş sancısı" kimi əzablıdır deyən şairlər kimi S.Yusifoğlu da eyni prosesi belə yaşayır:

 

uzun yol imiş, Allah,

qələmdən vərəqəcən.

Tikanlar didir qəlbimi

bircə sözü dərənəcən.

 

Müşahidə etsək, görərik ki, hər şairin yaradıcılığında bir ya bir neçə bədii detal daha çox özünü göstərər. Şair istər-istəməz dönər, dolanar, zamanla həmin obraza qayıdar. Bu, birində Ay obrazıdır, birində Dəniz, birində Gitara (qərb poeziyasında), digərində İşıq, kimsədə Saz (türk poeziyasında) s. Sabir Yusifoğlu poeziyasında isə əksər şeirlərin ən isti yerindən bir "soyuq keçir":

 

Soyuq külək ağacların

qabığını soyub keçir.

Divar kimi dostların da

arasından soyuq keçir...

***

Yadımda bu gündə kimi,

 

Şairlərin bir ortaq cəhətləri dərd çəkmək, dərdgirlik, dərddən cücərmək, dərddən böyüməkdir. Digər insanlara adi görünən sınmış budaq, əzilmiş gül, küçədə ölüb qalmış it, uçmuş divar, qarşısına çıxan köhnə ayaqqabı tayı şairləri asanlıqla kədərləndirə bilər. Fikrimin təsdiqi:

 

Sən mənə çox fikir vermə,

Bir az köhnəlmiş kişiyəm.

Ağlına belə gəlməyən

Dərdlə yüklənmiş kişiyəm.

 

Çünki o, hər bir şeyə, hər bir olaya keçmişdən gələcəkdən baxar, dünyanın hər sevincinin içində mütləq bir qəm, hər qəmin içində mütləq bir sevinc görə bilər. O anda ölmüş varlığın qapanmamış gözlərinin ac quşlara yem olacağını da yalnız şairlər düşünə bilər! Bəlkə, buna görədir ki, şair ruhu, şair canı qaynar həyatın giziltili soyuğunu da belə tez çəkir:

 

Üşüyürəm, üşüyürəm...

Qapanmamış gözlər qaldı

ac quşların dimdiyinə.

 

S.Yusifoğlu yaradıcılığında oxucu təkcə həyatın soyuq isti cərəyanlarını hiss etmir, bu cərəyanların fonunda "ölüm", "qadın", "külək", "kölgə", "divar" digər obrazların özünəməxsus müxtəlif məna çalarlarında təsviri ilə rastlaşır, düşünür. Bu çalarlarla da o, oxucunu öz ardınca söz dünyasına - əslində isə, sirrin mənbəyinə doğru aparır:

 

Köhnəldib çox təzələri,

Özü qalıb təzə ölüm.

Minib saat əqrəbinə

gəlir gəzə-gəzə ölüm...

***

Kölgələr kölgə gəzir.

Böyüklər , kiçiklər

ölkələr kölgə gəzir.

 

Sabir Yusifoğlunun şeirində bir obraz var ki, ən böyük dərdi, sevinci, sevgisi ona ünvanlanıb: Vətənə. Turana sevgisi , türklüyündən bəlirlənmiş qüruru da, azadlığa çırpıntısı da, şəhidlərə müraciəti , təbiətə vurğunluğu da Vətən sevgisi ağacının şaxələridir, budaqlarıdır.

 

Şairlər yazdığı bir misrada böyük bir ölkənin gəlmişini-keçmişini tarixə, nəsillərin yaddaşına həkk edər. Şeirlərdəki poetik donlu həqiqətlər əsla silinib redaktə oluna bilmir: ta bayatılarımızdan bu yana poeziyada xalq olaraq tariximizin, yaşantılarımızın izi qalmaqdadır. Bu da şeirin başqa sirri, sehri, özəlliyidir. Diqqət edək:

 

Quzeyindən soyuq gəlir,

güneyindən azan səsi.

Dərəsini, təpəsini

görən ağzı açıq qalıb.

Bu gözəlin sifətində

Şuşa boyda çapıq qalıb.

 

Birinci bəndi oxuyuruq Babəkin, Şah İsmayılın digər sərkərdələrin böyük mübarizələrlə təsdiqləyib tamlaşdırdığı torpaqlarımızın 1813-dən, 1828-dən bu yana zaman-zaman hansı parçalanmalara məruz qaldığını xatırlayırıq, Şimalın hansı soyuğundan, Cənubun hansı azanından söz açıldığını bir dərk edir, o Soyuqdan Xocalıya qədər üşüyürük, o Cənub azanının səsinə Savalana, Təbrizə qədər qulaq veririk.

 

Heç Allah da gözünü yayındıra bilmir,

Şəhid balasının baxışlarından!

***

Atın torpağın çatına,

Yer kürəsinin altına.

Yazın bu yurdun adına

Ürəyimin ağrısını...

"Yandım" deyən ümidlərin

quyuda boğulan səsi.

Qonşu uşağın ad günü,

Şuşanın anım gecəsi...

 

Turan sevgili şeirlərində Boz Qurd da doğma yeri-yurdu kimi arın-arxayın gəzib dolaşar, oxucunun qarşısına çıxar. Şair ürəyində bəslənən bu Qurddan qorxmayın. O hər ürəkdə olmaz, yalnız Turan aşiqləri ilə dostluq edər.

 

Türkün bayrağını küləkdən öncə

Başları üstündə yellədən qandı.

Günəşdən süzülən işıq selitək,

Doğudan Batıya yol gedən qandı.

***

Yarasına köz basılar, qar dolar,

Bu sevgini anlayamaz xırdalar,

 

Bədii sözdən məharətlə istifadə edən şairin şeirlərində qadın obrazı ilə maraqlı, əsl qadına yaraşan təsvirlər görürük. Qadın nazını anlamayan, o nazdan zövq almayan, sevgi deyilən odu qəlbində qorumayan, işvəli qadın baxışını, incə qadın təbəssümünü, sevməyi bacarmayan bir kişinin belə şeir yazacağına inanmıram:

 

Anam,

məni bağışla,

Sənin bələyindən çıxıb

büküldüm bu qadına.

Min bir rəngə çevrilib

Çəkildim bu qadına.

 

Şair bir bənd şeir yazar, bir misra deyər, bizim kimi söz aşiqləri o misralardan qalaq-qalaq təhlillər yazarlar, amma yenə deyilmiş o bircə misranın poetik ləzzətini, dadını, yaşantısını, tükürpədən möhtəşəmliyini anladıb bitirə bilməzlər.

 

Susuzluqda su təki,

Bəlkə yadına düşəm.

Mənə bir məktub göndər

Bilim ki, ölməmişəm.

 

Sabir Yusifoğlu şeirinin dərin fəlsəfi məna yükünü başa düşmək, onun poetizmlərdən, bədii təsvir və ifadə vasitələrindən necə yararlanmasını izləmək oxucuya zövq yaşadır. Bu priyomları anlayan, duyan oxucu təbəqəsi üçün onun şeirlərini oxumaq ikiqat maraqlı olur. Müxtəlif şeirlərdən topladığımız bədii söz çələngindən zövq alın: "göynəyir nə qədər söz ürəyimdə", "ay ucaboy cırtdan adam", "yenə düşüb sol əlimin içində vurur ürəyim", "batan dalğaların əli göydədi", "dünya əlindən sürüşüb gözünə pis dəyəndə gəl", "səkkizinci notu gətir, bu da mənim havam deyil", "səhrada neftdən öncə çıxır müsəlman qanı", "yığıram ovcuma qarlı kölgəni" , "Albomdakı şəklimin yuxusu hürkür, qadın", "ay dərdlərin ağsaqqalı", "indi daha itirilmiş vətənəm sənsiz", "gicgahıma son güllətək sıxıb sözlərimi getdim", "ala-çiy də yemişəm, ac dərdimlə görüşə gələn şeirlərimi"...

 

Əksəriyyəti sərbəst və heca vəznində yazılmış şeirlərin bir əsas özəlliyi də səmimi olmasıdır. Hər şairin şeiri, adətən, elə özünə bənzəyir. Məncə, Sabir Yusifoğlunun da şeirləri özü kimidir: sadə, təvazökar, içində fırtına saxlayan sakit dəniz misallı, guşənişinliyə meyilli, özünün yerini bilən, ləyaqətli şeirlər. İnsan daşıdığı adların, durduğu məqamların haqqını verməyə borcludur: vətəndaş, valideyn, övlad, qonşu, qohum kimis. Ədəbiyyatımızdakı Sabirlərlə Sabir Yusifoğlunu birləşdirən bir məqam var: "Şair" adının haqqını layiqincə verməyi bacarması. "Üzə çıxarmayın şeirlərimi, mən şeir yazmasamolacaq ki!" - deyən şairə cavabım:

 

- Dəyərli Şair! Siz şeir yazmasaydınız, dünyaya 0:1 uduzacaqdınız. Ən azından indi "Dünya ilə heç-heçəyəm" deyə bildiniz. Və bunu da öz istəyinizlə demədiniz, Yaradanın izni və əmri ilə dediniz. Biz də dediklərinizi oxuyub, həqiqətən də, zövq aldıq, öyrəndik, bir az da arındıq. İlhamınız tükənməsin, qələminiz korşalmasın, qəlbinizin közü, ürəyinizin nurlu sözü sönməsin! Yazın, yaradın, Var Olun!

 

Aygün YAŞAR

 

525-ci qəzet .- 2021.- 3 avqust.- S.14.