Nizami Gəncəvinin fəlsəfi irsində "Ədalət" nəzəriyyəsi

Nizami Gəncəvi filosof kimi

 

Nizami Gəncəvi 12-ci əsrdə Azərbaycanda, Gəncə şəhərində yaşayıb. Onun zəngin kitabxanası və geniş mütaliə dairəsi olub. İlahiyyat və Fəlsəfə sahələrində yüksək təhsilə sahiblənib. Yunan fəlsəfəsini dərin araşdırmalar əsasında əxz edib. Nizami Gəncəvi zəngin ədəbiyyat-şeir nümunələri yaradıb. Onun yaradıcılığını farsdilli poeziyanın zirvəsi, əsas sütunlarından biri adlandırırlar. Nizami Gəncəvinin "Xəmsə"si epik və lirik ədəbi-fəlsəfi nümünə kimi bu günə qədər aktualdır. "Xəmsə" (beşlik) "Sirlər xəzinəsi" (Məxzənül-əsrar), "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" (Həft peykər) və "İskəndərnamə"dən ibarətdir. "Sirlər xəzinəsi" və "İskəndərnamə"dən başqa, digər üç əsər lirik ruhda qələm alınıb. Bu üç əsərdə verilən sevgi dastanları bədii üslubda tərtib olunub. Filosof şairin "İskəndərnamə" əsərinin qəhrəmanı e.ə. 4-cü əsrdə yaşamış qədim Yunanıstanın məşhur sərkərdəsi makedoniyalı İskəndərdir. Bu əsər və "Sirlər xəzinəsi" epik ruhda yazılıb. Nizami lirik-aşiqanə məzmunlu əsərlərində də böyük ustalıqla özünün ictimai-siyasi-fəlsəfi ideyalarını təqdim etməyə müvəffəq olub. Məhz bu cəhətə görə orta əsrlərdə onun irsini tədqiq edən alimlər Nizamiyə "həkim" ləqəbini vermişlər. Həmin dövrdə filosofa həkim deyilirdi. Nizaminin fəlsəfəyə və yunan irsinə olan diqqəti həmin dövrdə müsəlman dünyasında antifəlsəfə ruhunun hakim olması ilə baş verirdi. 11-ci əsrin məşhur teoloq-filosofu Abu Hamid Qəzali yunan fəlsəfəsini sərt tənqid edərək bu yöndə müxtəlif əsərlər yazmış və islam dünyasında fəlsəfəyə qarşı kəskin mübarizə cərəyanı formalaşdırmışdı. Maraqlı məqam ondan ibarətdir ki, bütün bu qadağalara rəğmən, müasirlərindən fərqli olaraq, Nizami fəlsəfi fikrə rəğbətlə yanaşmış, əsərlərində, xüsusilə, "İskəndərnamə" poemasında yunan filosoflarının təbiət, həyat, insan və bu kimi fundamental məsələlərə aid mühakimələrinə geniş yer vermişdi.

Nizami sufi kimi tanınmasa da, onun misraları irfani məqamlarla zəngindir. "Sirlər xəzinə"si əsəri filosofun irfani şəxsiyyətinin aynasıdır. Bu əsərdə əsas diqqət "İnsanın qəlbi"dir. Bütün arif-sufilərin baxışında qəlb həqiqətin təcəlla - zühur etdiyi məkandır. Lakin Nizami Gəncəvinin şəxsiyyətinin fəlsəfi çaları təkcə onun "İskəndərnamə"dəki yunan filosoflarına istinadən açdığı metafizik bəhsləri və "Sirlər xəsinəsi"ndəki irfani düşüncələri ilə məhdudlaşmır. O, əsl həqiqətdə həm də orta əsrlərin müsəlman filosofu kimi ictimai-siyası mövzuların dərin qatlarına enən siyasi fəlsəfənin əsas ideya sahiblərlərindən biri hesab olunur. Burada "siyasi" ifadəsi təkcə "hakimiyyət"ə və dövlətçiliyə aid olan məsələlərə deyil, bütünlüklə ictimai xarakter daşıyan problemlərə şamil olur. Başqa təbirlə desək, "Siyasi fəlsəfə" təbirindəki "siyasi" ifadəsi "ictimai" sözü ilə sinonimdir. Əslində, qədim yunan filosofu Aristotel də "siyasət" deyəndə ictimai məsələləri nəzərdə tuturdu. Demək, əgər yer üzündə iki insan varsa, artıq siyasət var. Yəni həmin iki insanın bir-birilə ictimai davranışlarını tənzimləyən qaydalar olmalıdır. Əgər "əxlaq" sözü ən geniş mənada (insanın davranışlarında yaxşı və pis işlər) işlənərsə, o zaman Siyasi fəlsəfə Əxlaq fəlsəfəsinin bir hissəsi olacaq. Yəni Siyasi fəlsəfə sırf fərdi xarakterli davranışları deyil, sosial yönümlü yaxşı-pisləri əhatə edəcək sahə kimi təsvir edilir. Bu mənada Nizami həm də siyasət-əxlaq filosofu kimi təqdim oluna bilər. "Sirlər xəzinəsi"nin müqəddiməsində o, bir sufi-arif kimi nəzəri irfan sahəsinə girir, ariflərin "xəlvət" vərdişindən söz açır. Amma əsərin davamında o, siyasi-ictimai nəzəriyyə məkanına varid olur. Əsərin 20 bölməsindən ikisini Ədalət və insaf mövzusuna həsr edir. Burada zərif bir nüans sezilir: Nizami fəlsəfi sisteminə əsasən ictimai ədalətin bünövrəsi irfandır. Yəni cəmiyyətdə, sosial münasibətlər müstəvisində ədalətli insan olmaq üçün əvvəlcə Tanrı ilə irfani xəlvətə çəkilməli, nəfsini paklaşdırmalısan.

 

 

 

Nizami Gəncəvinin filosof simasını tam təsvir etmək üçün geniş tədqiqatlara ehtiyac var. Burada onun Ədalət nəzəriyyəsinə işıq tutmaq üçün müqəddimə olaraq bəzi məqamları aydınlaşdırmağa çalışdıq. İndi isə Nizamı Gəncəvinin Ədalət və İnsaf adlandırdığı mövzunun təqdimatına keçirik. Lakin ədalət insanın əsas hüquqlarından biri olduğu üçün öncə Nizaminin məhz "İnsan" konsepsiyası haqda qısa təqdimatı zəruri hesab edirəm.

 

***

 

Nizami Gəncəvi fəlsəfəsində

İnsan və onun məqamı

 

İnsan kimdir, onun mahiyyəti nədir? İnsan dəyərli varlıqdırmı? İnsanın dəyərinin mənbəyi nədir? Bu suallar qərb və şərq tarixində əsas fəlsəfi suallar sırasındadır. "İnsan" bütün zamanların ən aktual mövzusudur. İnsan bir sıra hüquqlara sahib, həmçinin, məyyən vəzifələri olan varlıqdır. Modern dövrdən əvvəlki dönəmdə insan daha çox vəzifələrinin axtarışında idi. Modernizmdən sonra isə o, əsasən hüquqlarını tələb edir. Düzdür, hətta modern dövrdə də bəzi filosoflar insanı tam dəyərli ehtirama layiq varlıq kimi təqdim etməmişlər. Bu yöndə iki filosofun yanaşması daha çox nəzərə çarpır: Hobbs və Nitsşe. Modernist tərzi-təfəkkürünün əsasını qoyan filosoflardan biri Tomas Hobbs (1588-1679) siyasi fəlsəfədə realist baxışlı idi. 19-cu əsrin alman filosofu Nitsşe isə nihilist. Realist və nihilist baxışa əsasən insanın fundamental-mənəvi dəyəri yoxdur. Burada əsaslı bir sual meydana çıxır. Dəyərsiz varlıqın hüquqları olar bilərmi? Əsla. Demək insan hüquqlarının təməl tezisi budur: "İnsan dəyərli və ehtirama layiq varlıqdır". Nizami Gəncəvinin Əxlaq fəlsəfəsinin bünövrəsi bu mühüm tezisdir. İkinci prinsip budur: İnsan dəyərli olduğu üçün bir sıra fundamental və təməl hüquqlara malikdir.

 

Filosof şair "Sirlər xəzinəsi" əsərinin yeddinci məqaləsində insanın möhtəşəm məqama sahib olduğuna təkid edir. Hətta qeyd edir ki, bütün digər mövcudat insanın nazını çəkir. Nizami insanın yüksək dəyərini vurğulayarkən poetik təbirlərdən yararlanır. O, insana xitabən sankı onu əzizləyir: Sən dünyaya gəldikdən sonra süd deyil, şəkər içmisən. Nizami insan haqda mülahizələrini daha da inkişaf etdirərək əlavə edir: İnsan o qədər əzəmətli və zəngin varlıqdır ki, kainatda olan mövcudatın hamısında sanki onun vücüdunun zərrəcikləri vardır. Yəni insanın qabiliyəti və zərfiyyəti o qədər genişdir ki, bütün varlıqlarda insanın nişanəsi, ünvanı görünür.

 

Əbu Hamid Qəzali "Kimyayi səadət" (Xoşbəxtlik iksiri) əsərində yazır: İnsanın fitrəti (daxili dünyası, xəmiri) Tanrı rəngindədir. Lakin saf güzgüyə bənzəyən insan qəlbi bəzən dünya hərisliyi və şəhvətlə paslanır. Belə olan halda qəlb Tanrının aynası ola bilmir. Qəzalinin sözləri əslində, insanın həm cismani, həm də ruhani varlıq olmağına işarədir. İnsan təkcə cism deyil, onun ehtiyacları təkcə cismanı ehtiyaclar deyil, onun ruhunun da qidası var. Hətta Mövlana Ruminin təbirincə desək, insanın şəxsiyyəti, onun insanlığının məğzi və əsası onun ruhudur. Ruha nəzarət olunmalıdır. Əks təqdirdə insanın varlığı sarsılacaq, tarazlıq pozulacaq, qəlb öz funksiyasını itirəcək. Dahi Nizami də bu fəlsəfəni əsas götürür. Onun "Xəmsə"si başdan başa insanın mənəvi təkamülünə, onun ruhunun mənəvi seyrinə həsr olunub. Burada verilən qəhrəmanlar böyük ruha sahib şəxsiyyətlərdir. Nizaminin "insan"ı Tanrıya təzim edir. "Leyli və Məcnun" əsərinin başlanğıcında Tanrıya xitabən zəngin mətləblər açıqlanır:

 

Ey adı ən gözəl başlanğıc olan,

Adınla başlanır yazdığım dastan,

Sən, ey xatirəsi könlümə həmdəm,

Adın düşməmişdir dilimdən bir dəm.

Bütün varlıqları özün yaratdın,

Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəl,

Qələm tutmamışdır dünyada bir əl.

Ey bütün varlığın həyat təməli,

Yetməz dərgahına bir insan əli.

 

Nizaminin təsvir etdiyi insan ilahi xislətlidir. Nədir bu ilahiliyin əsas xassəsi? Ədalət. İlahilik fitridir, insanın yaranışında onun varlığına hopdurulan istəkdir. Ədalət də fitri tələbdir, insanın təməl haqqı-hüququdur. "Xəmsə"də, "Sirlər xəzinəsi"ndən "İskəndərnamə"yə qədər filosof şair ideal cəmiyyət-dövlət yaratmaq əzmindədir". Lakin burada mühüm bir məqama diqqət ayırmalıyıq. İdeal cəmiyyət ideal insan olmadan yarana bilərmi? Məgər cəmiyyət fərdlərdən ibarət deyilmi? Demək, Nizami ideal cəmiyyətlə bərabər, həm də ideal insan haqda düşünür. Əslində, onun "İskəndərnamə" əsərindəki İskəndər obrazı bütün həyatı boyu mənəvi təkamül yolunu qət edən və sonda peyğəmbərlik məqamına çatan kamil-ideal insandır. Düzdür, burada peyğəmbərlik məqamı deyəndə səmavi dinlərdəki peyğəmbərlik nəzərdə tutulmur. Nizami özü də bir ilahiyyat alimi kimi bu məsələyə agahdır. Demək, ideal insan modeli yaratmaq mütəfəkkir şairin əsas amallarından biridir.

 

Mail Yaqub,

Fəlsəfə üzrə fəlsəfə doktoru.

 

525-ci qəzet .- 2021.- 3 avqust.- S.12,