"Ana dili millətin taleyidir"

1 avqust - Azərbaycan əlifbası Azərbaycan dili günüdür. Bu tarix Ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Fərman Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçid etdi.

 

Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin şəxsi təşəbbüsü qətiyyəti, sarsılmaz iradəsi ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddə daxil edilib. Sovet İttifaqında bu cür ciddi məsələnin həllinə nail olmaq heç asan deyildi.

 

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı.

 

Azərbaycan dili ilə bağlı vacib addımlardan biri Ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısını təcəssüm etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması s. kimi məsələlər nəzərdə tutulub.

 

Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. Dil hər bir millətin maddi mənəvi irsini qoruyan, onu inkişaf etdirən ən güclü vasitədir. Bu gün Azərbaycan dövləti dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir.

 

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz əksini tapıb. Cənab Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixili sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbələrinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin hərtərəfli inkişafı tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

 

Dil, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Dili öyrətməyin özü sevgi üzərində qurulmalıdır. Hər bir şəxs dünya mədəniyyətinə bələdçiliyini dil vasitəsilə əldə edir. Dil insanları bir-birinə bağlayır. Azərbaycan dili hər bir şəxsdə Vətən anlayışını doğmalaşdırır, Azərbaycanı bu ölkədə yaşayan hər bir vətəndaşın vətəninə çevirir. Dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq.

 

Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü addımlar atılır. Son illərdə Dilçilik İnstitutunda "Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti", "Azərbaycan dilinin Orfoqrafiya lüğəti" nəşr olunub. "Azərbaycan dilinin Orfoepiya normaları" hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hal-hazırda "Azərbaycan dilinin Orfoepiya lüğəti" və "Qarabağ Dialektoloji atlası" çapa hazırlanır.

 

Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik.

 

Təranə ŞÜKÜRLÜ

Filologiya üzrə fəlsəfə doktoru,

dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri

 

525-ci qəzet .- 2021.- 3 avqust.- S.13.