"Mən qismətə inananlardanam"

 

Bakı Kitab Mərkəzində gənc yazıçı Şah Selimi Türkayın "Ev dustağıyam" əsərinin təqdimatı və imza günü keçirilib. Tədbirdən sonra "525-ci qəzet"in əməkdaşı gənc yazardan müsahibə alıb. Müsahibəni təqdim edirik.

 

- Türkay xanım, əvvəla "Ev dustağıyam" kitabının Bakı Kitab Mərkəzində sanballı təqdimat mərasimi münasibətilə sizi təbrik edirik. Gəlin söhbətə də elə bu tədbirdən başlayaq. Hiss olunurdu ki, tədbir başlayanda həyəcanlı idiniz. Bu həyəcanın səbəbi idi - ilk kitabın təqdimatından, iri həcmli bir romanın oxucular tərəfindən necə qarşılanacağından yaranmışdı, yoxsa yazıçı kimi ədəbi dairələrdə ilk görüşdən doğan hiss idi?

 

- Öncə "Ev dustağıyam" kitabının təqdimatını işıqlandırdığınız və gənc yazıçılarla ictimaiyyət arasında belə körpü rolunu oynadığınız üçün sizin timsalınızda "525-ci qəzet"in bütün dəyərli jurnalistlərinə minnətdarlığımı bildirmək istərdim. Tədbir zamanı həyəcanımı təbəssümümlə gizlətməyə çalışsam da, o an keçirdiyim hisslər sizin diqqətinizdən yayınmayıb (gülür). Zənnimcə, həyəcanın əsas səbəbi yazıçı kimi ilk dəfə insanların qarşısına çıxmaq, onlarla ilk görüşün verdiyi xoş bir təlaş idi. Buna qədər dəfələrlə ayrı-ayrı tədbir və dəyirmi masaların iştirakçısı olsam da, müxtəlif iqtisadi mövzularla bağlı müzakirə və diskussiyalarda çıxışlar etsəm də, bu təqdimat ilk dəfə mənim yazıçı kimi simamın, yaradıcılığımın ön plana çıxması idi və bu mənada mənə olduqca xoş və unudulmaz hisslər yaşatdı. Bu günədək daha çox elmi yöndən apardığım araşdırmalarımın arxasında bir simam var idi, ilk dəfə insanların qarşısına yazıçı kimi çıxırdım və fikrimcə, utancaqlığın, xoş həyəcanın kökündə duran əsas səbəb də bu idi.

 

- Kitabınızın təqdimatı bu gün Azərbaycanda doğrudan da qlamur bir mədəniyyət məkanı olan Bakı Kitab Mərkəzində keçirildi. Siz də bu mərkəz haqqında xoş sözlər dediniz və əsərinizlə bağlı müxtəlif fikirlər səsləndirildi. Bu romana qədər siz başqa əsərlər yazmışdınızmı? Yəqin ki, bu, sizin ilk qələm təcrübəniz deyil. Gənc bir xanımın iri həcmdə belə bir əsər yazması faktının özü çox maraqlıdır. Bu əsərədək yazmaq təcrübəniz vardımı? Roman hansı dildə yazılıb - ingilis, yoxsa Azərbaycan dilində?

 

- Tamamilə doğru vurğuladınız, həm mənim ana dilində çap olunmuş ilk kitabımın təqdimatının məhz Bakı Kitab Mərkəzi kimi bir yerdə keçirilməsi, həm də ümumiyyətlə, ölkəmizdə Heydər Əliyev Fondunun təşəbbüsüylə yaradılmış, belə qabaqcıl, kitab satışına tamamilə fərqli bir konsepsiya gətirmiş, gəncləri kitab oxumağa təşviq edən bir məkanın mövcudluğu bir yazıçı və daimi oxucu kimi məni çox qürurlandırır.

Baxmayaraq ki, pandemiya səbəbilə bizim tədbirimiz məhdud sayda insanın iştirakı ilə keçirildi, ancaq mən olduqca sevincli və qürurluyam ki, məhdud çərçivədə olsa da, "Ev dustağıyam" kitabı ölkəmizin ən gözəl, sizə deyərdim ki, hətta ən qabaqcıl ölkələrin belə, kitab evlərini kölgədə qoya biləcək bir məkanda təqdim olundu.

 

Yazmaq mənim hər zaman həyatımın bir parçası olub. İndiyədək işıq üzü görən yazılarımın çoxu iqtisadi analiz, sosial rifahın yaxşılaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və bu kimi digər mövzularda olub, mətbuatda ingilis dilində dəfələrlə yayımlanıb. Mən ədəbi yazılar yazana qədər təhsil aldığım "Queen Mary University of London"da həm də araşdırmaçı kimi fəaliyyət göstərmişəm. Bəlkə də, xaricdə aldığım təhsilin ən sevdiyim yönü tələbələrə öz fikirlərini, konsepsiyalarını və tənqidlərini sərbəst, azad ifadə edə bilmək üçün verilən elmi tədqiqat imkanlarıdır. İqtisadiyyat sahəsində aldığım təhsildən və iş təcrübəmdən sonra bədii sahə üzrə təhsilimi Böyük Britaniyada davam etdirmək istədim. Orada bu sahə üzrə təhsil almaq şansını mənə qələmə aldığım "Faith" - "İnam" adlı hekayəm qazandırmışdı. Bu qısa hekayə müəllimlərim, olduqca tanınmış yazıçılar Jane Rogers və Keith Ridgway tərəfindən çox müsbət qarşılandığından yazdıqlarım bitirmədiyim ilk romana çevrildi. Bununla yanaşı, mən bir çox başqa qısa hekayələrin də müəllifiyəm. "Ev dustağıyam" romanını da o biri əsərlərim kimi ingilis dilində qələmə almışam. Ancaq həm ana dilimə sonsuz hörmətimdən, həm də dilimizin inkişafı, zənginləşməsi və dilimizin ən önəmli irsimiz olması faktını nəzərə alaraq, romanı özüm Azərbaycan dilinə tərcümə edərək ilk növbədə Vətənimdə, öz doğma dilimdə çap olunmasını istədim. Düşünürəm ki, tərcümə olunan əsərin yazarın şəxsən öz qələmindən çıxması həm məna, həm də əsərin daha az təhrifə uğraması baxımından, eləcə də əsərdəki hisslərin oxucuya olduğu kimi çatdırılması cəhətdən çox vacibdir.

 

Hazırda romanın türk dilinə tərcüməsi və Türkiyədə çap olunması ilə bağlı da fikirlər var. Ancaq bu romanadək yazmaqda olduğum bir əsəri yarımçıq qoyduğumdan, artıq bu kitabı başqa bir dilə şəxsən tərcümə edə bilməyəcəyim səbəbindən doğrusu, narahatam. Çünki illər uzunu özüm qələmə aldıqlarımı tərcümə edərkən məna itkisini və ya səslənişin fərqliliyini hiss etmişəm, ona görə də düşünürəm ki, gənclərimiz hər nə qədər dünya təcrübəsinə yiyələnsələr də, hər zaman ən ön sıraya öz milli dəyərlərini qoymalı və müstəqilliyin həqiqi rəmzi olan dilimizi qorumalı və yaşatmalıdır.

 

 

 

- Əsərdə bugünkü dünyanın bəlası olan pandemiyada insanların mənəvi dünyası, insanlar arasındakı münasibətlər, əslində onların bir-birindən soyuması, təcrid olunması və belə məqamda insan xarakterlərinin müxtəlif təzahürlər doğurması kimi bir sıra məqamlar da üzə çıxır. Əsərin qəhrəmanlarından biri Məhluqə xanım pandemiyadan vəfat edən qonşusu Gülsüm xanımla vidalaşa, onun dəfn mərasimində iştirak edə bilmir və bundan sarsılır. Ümumiyyətlə, necə oldu belə bir əsər yarandı? Pandemiya şəxsən sizə necə təsir etdi? Bəlkə, elə bu əsərin yazılmasında da evə qapanmaq, pandemiya rol oynayıb?

 

- Mövzunun müasir dövr üçün aktuallığı vurğulansa da, əsərdə toxunulan dustaqlıq məsələsinə əslində bütün dövrlərdə rast gəlinib və düşünürəm ki, gələcəkdə də bunun mövcudluğu qaçılmazdır. İndiki dövrdə bütün bəşəriyyətin yaşadığı bu məcburi fiziki dustaqlıq isə zənnimcə, mənəvi azadlığın dəyərini dərindən duya bilmək baxımından, bəlkə də, qazanılmış ən böyük sərvətdir. Məhz bu səbəbdən dustaqlıq və azadlıq mövzusu romanın əsas bünövrəsini təşkil edir. Ancaq romanın yazılmasında və ümumilikdə ərsəyə gəlməsində əslində, pandemiya olduqca az rol oynayıb. Əsərin yaranmasına cəmiyyətdə müşahidə etdiyim xarakter dustaqlığı, özünəqapanma, ruh düşkünlüyü və xüsusilə də, dünyada həqiqi öhdəçiliklərini tapa bilmədikləri üçün insanların özlərindən də xəbərsiz daxili dustaqlığa məhkum olmaları səbəb olub. "Ev dustağıyam" əsəri nümunəvi bir obraz yaradaraq, azadlıqda olarkən öz daxili dustaqlığının əsirinə çevrilmiş insanlara əsl dustaqlığın onların fiziki deyil, mənəvi dünyalarında olduğunu bədii formada göstərmək istəyindən yaranıb. Əsərdə həm də dövrümüzdə baş verən hadisələrlə əlaqələr qurmaqla oxucuda daha həqiqi və daha dərin təəssürat yaratmağa cəhd göstərilib. Çünki bu gün hər kəs istəmədən də olsa, bu dünyanın fiziki dustaqlığından qaçaraq öz daxilindəki azadlığa sığınıb və əslində, özünün kəşfinə çıxıb.

 

Mən deməzdim ki, bu əsəri mənə pandemiya yazdırıb, pandemiya sadəcə hər zaman yaratmaq istədiyim azad düşüncəli obraz üçün ən təzadlı iki məfhumu - həqiqi dustaqlıq və yalançı müstəqilliyi qarşılıqlı yaratmaq və günün nəbzini tutmaqla romanın təsir gücünü artırmaq, bilinməyən reallığı həqiqətən də diqqət mərkəzinə çəkmək üçün əlverişli rol oynayıb. Pandemiya şəxsi həyatımda elə də ciddi dəyişikliklərə səbəb olmasa da, doğrusu, yazmaqda olduğum "İnam" əsərini yarımçıq qoyub insanlara həqiqi azadlığı təsvir etdiyim "Ev dustağıyam" romanını qələmə almağa həm vaxt baxımından kifayət qədər asudə zaman vermək, həm də əsərin bünövrəsindəki fəlsəfəni çatdırmaq baxımından mənə əvəzsiz yol yoldaşı oldu. Bu sadaladıqlarımla yanaşı, təhsil alan zaman qələmimizi imtahana çəkən ustadlarımızın yazıçının özünə meydan oxuması məqsədilə əsərin süjet xəttini məhdudiyyətlər çərçivəsində qurmağın öhdəsindən gəlmək kimi tapşırıqlarının da mənə təsiri az olmayıb. Məhdudiyyətlər içində roman yazmaq, yəni əsərdəki obrazın məkanı tərk etməməsi və ya bütün hadisənin sadəcə qəhrəmanın xəyalında baş verməsi, yazıçılıqda süjet xəttinə bu kimi texniki məhdudiyyətlər qoymaq həm müəllifin öz bacarığını və təsvirini imtahana sövq edir, həm də çətinlikləri aşmaq hər zaman gözlənilməyən uğurları qazanmağa imkan yaradır.

 

- Romanda babanızın obrazı - ədəbi yaradıcılıqla məşğul olan, öz dünyası olan və müəllimliyi ilə qürur duyan Şahsuvar müəllim obrazı var. Bundan əlavə, əsərdə sizin ailənizə aid başqa bir çox insanların da obrazları var. Bu əsərə avtobioqrafik əsər demək olarmı? Əsər gənc bir qızın keçirdiyi hisslər, həyəcan və təbəddülatlar nəticəsində yazıla bilərdimi?

 

- Düzdür, əsərdə həyatımda dəyər verdiyim insanların adlarını əbədiləşdirmək istəmişəm. Ancaq romana avtobioqrafik əsər demək fikrimcə, düzgün olmazdı. Çünki əsərin həqiqiliyini qabartmaq və obrazların reallığını oxuculara çatdırmaq məqsədilə qəhrəmanlara rəğbət bəslədiyim insanların adını versəm də, romandakı hadisələr, əslində, mənim öz təsəvvür və təfəkkür aləmimdə qurduğum bir dünyadır. Hər bir yazıçının əsas məqsədi yaratdığı personajların oxucular tərəfindən yaşamış, bir zamanlar həqiqətən mövcud olmuş bir qəhrəmana çevrilməsidir. Əgər mənim xəyalımda qurduğum hadisələr və yaratdığım obrazlar insanların fikrində həqiqətən yaşamış və mövcud olmuş kimi bir iz buraxsa, bu, sözün əsl mənasında, mənim qələmimin uğuru ola bilər.

 

 

 

- Təqdimat zamanı sizin valideynləriniz də çıxış etdilər. Atanız memar, ananız qoblençi rəssam, qardaşınız da memardır. Belə bir ailədə böyümüsünüz və yəqin ki, bu, sizin yaradıcılığınıza, yazmaq şövqünüzə də təsir edib. Bundan başqa, əsərdə Şahsuvar babanızın obrazını da işıqlandırmısınız və bayaq dediyimiz kimi, o, ədəbi yaradıcılıqla məşğul olub. Bunlardan çıxış edib belə düşünmək olarmı ki, yazıçılıq genetik bir hissdir? Yəni yazmaq ehtiyacı insanda sonradan yaranır, yoxsa genlərdə olur? Tədbirdə çıxış edən ananız və atanız sizin haqqınızda xoş sözlər dedilər. Onların sizin yazmaq ehtiyacınızda, istəyinizdə nə kimi rolları olub?

 

- Bəli, mən yaradıcı ailədə böyümüşəm. Atam memar və rəssam, anam qobelençi rəssamdır. Qardaşım Fikrət Qasımzadə də gənc memarlar arasında öz istedad və bacarığına görə tanınır, o, həyata keçirdiyi layihərə görə "İlin gənc memarı" adına layiq görülüb. Təbii ki, bu cür yaradıcı ruhlu bir ailədə böyümək bir iqtisadçı üçün olduqca rəngli və maraqlı mühitdir. Babalarımdan gələn genlərin, eləcə də bütün ailəmin mənim ədəbiyyata, bədii yaradıcılığa gəlməyimdə rolu, məncə, danılmazdır. Babalarımdan biri rejissor, digəri müəllim və şair olub, zənnimcə, içimdəki yazmaq və yaratmaq istəyi də mənə bəlkə də, elə onlardan keçib.

 

Çalışdığım iqtisadi layihələrin çoxluğu, gərgin iş günləri və öhdəçiliklərim arasında bədii yaradıcılığa meyil göstərməyim, ədəbiyyat üzrə ikinci təhsil almaq istəyim, doğrusu, valideynlərimdə həm böyük təəccüb, həm də sanki bir narahatçılıq yaratmışdı. Ancaq etiraf edim ki, akademiyada ilk dərsin başa çatdığı günün sonunda hiss etdiyim sevinc gözlərimi yaşla doldursa da, əslində, səssizcə həyəcanlı qəlbimə doğru istiqamətdə olduğumu pıçıldamışdı. Artıq o zaman mən öz daxili səsimi eşidərək bədii yazıçılığa doğru çıxdığım bu yolda tərəddüdlərə məhəl qoymamağın sevincini yaşamışdım.

 

- Siz həm orta məktəbdəki ilk müəlliminizi unutmamısınız, ananızın dediyinə görə, onu xoş duyğularla xatırlayırsınız. Orta məktəbdə olduqca yaxşı oxumusunuz, sonra iqtisadiyyat üzrə ali təhsil almısınız və daha sonra Britaniyada iqtisadiyyat üzrə oxumuş və bu sahədə də çalışmısınız. Yaşadığımız dünya çox praqmatikləşib, dünyada iqtisadiyyatın daha çox önə keçdiyi bir zamanda iqtisadiyyat sahəsində uğur qazanan xanım qəfildən öz yönünü dəyişir, qəfildən yazmağa başlayır və iri həcmli bir roman çap etdirir. Bax bu dəyişmə anını, iqtisadiyyatdan qopub ədəbiyyata yönəlməyin səbəblərini necə izah edə bilərdiniz?

 

- Anam çox doğru deyir, mənə yol göstərən, öz bilik və bacarığını sevərək mənimlə bölüşən bütün müəllimlərimi indiyədək unutmamışam, hətta bəzən onlar üçün çox da darıxıram. Düşünürəm ki, müəllim peşəsi çox müqəddəsdir, sanki o, ata-anadan sonra bir uşağın həyat yolunda onun qaranlıq yollarına işıq tutan, nur saçan bir əldir. Və mən bu günədək əlimdən bərk yapışıb öz elmini, zəkasını mənimlə bölüşən bütün müəllimlərimi həqiqi qəhrəman kimi görürəm. Bu fürsətdən istifadə edərək, böyük hörmət bəslədiyim və əlçatmaz qüvvə bildiyim çox dəyərli müəllimlərimin adlarını vurğulamaq, onlara minnətdarlıq etmək istiyərdim. İlk müəllimim, mənə ana dilini sevdirən Şahsuvar müəllimə, ibtidai sinif müəlliməm Rəna müəlliməyə, ingilis dilini mənə aşılamış, çox sevdiyim Sədaqət müəlliməyə və riyaziyyat elminin sirlərini bölüşən Nəriman müəllimə mənim kimi çox tələbənin həyatında əvəzsiz rol oynadıqları üçün, əməklərinə, əziyyətlərinə görə təşəkkür edirəm. Müəllim adını şərəflə, ləyaqətlə, qürurla, namusla yaşadan və bu ada ləkə salmayan bütün müəllimlərimizə minnətdaram.

 

Haqlısınız, kapitalist dünyanın gündən-günə mənəvi dəyərləri maddiləşdirib itirdiyi, məhdud resursların qıtlığında insanların bitib-tükənməyən istəklərinə çatmaq üçün döyüş meydanına çevirdikləri bu qloballaşan dünyanın beynəlmiləlləşməsinə peşman olduğu bir mühitdə iqtisadçının ədəbiyyata meyil göstərməsini hər kəs böyük təəccüblə qarşılayır. Ancaq deyərdim ki, mən bu günədək iqtisadiyyat üzrə həyata keçirdiyim bütün layihə və fikirlərimdə "Yeni kapitalizm baxışı" konsepsiyasının tərəfdarı və bilavasitə, paylaşılan dəyərin yaradılması ilə sosial problemlərin həllinə nail olunması üzrə saysız elmi məqalələrin müəllifiyəm. Bir iqtisadçı kimi mənim üçün həqiqi dəyər sosial rifahın yaxşılaşdırılmasını təmin edə biləcək layihə və fikirləri irəli sürmək olub. Mən Böyük Britaniyada iqtisadiyyat üzrə təhsil alarkən də, məhz Korporativ Sosial Məsulliyyət strategiyalarını dərindən araşdıraraq bunun öz ölkəmizdə tətbiqinə yönəlik tədqiqatlar aparmışam. Əslində, cəmiyyətdəki problemlər məni elə iqtisadçı kimi yolumun ən başlanğıcından narahat edib.

 

2008-ci ildə ADİU-da qeyri-neft sektorunun inkişafına dair iqtisadi təhlillər apararkən, o zaman tələbə yoldaşlarımın hər biri neft sektorunu araşdırmalı olduğumu, nə kənd təsərrüfatı, nə də turizm sektorunun ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulamışdı. Yalnız iqtisadi nəzəriyyə üzrə professor xanım yoldaşlarımın mövcud vəziyyəti gördüklərini, mənim isə 5 il sonra üçün həll yollarını axtardığımı söyləmişdi. Zənnimcə, mən elə həmişə iqtisadiyyata tamam başqa bir çərçivədən baxmışam. Düşünürəm ki, bu illər ərzində içimdə gizlənmiş yaradıcılıq həvəsi və sosial problemlərin həllini tapmaq istəyim iqtisadiyyat sahəsində əldə etdiyim uğurlarda mənə hər zaman bir boşluq, bir natamamlıq hissini yaşadıb. Sanki əldə etdiyim uğurlar ruhumu oxşamağa kifayət etmirdi. Elə bil, mənəvi dünyam aid olmadığı bir cəbhədə döyüşüb, hər nə qədər qalib olsa da, özünü məğlub kimi görürdü. Günlərin bir günü durub bu doymayan ruhumdan soruşanda ki, sənə bu dünyada ən əziz şey nədir? Cavab əslində, olduqca aydın və təhsil almaqdan doymayan istəyimin arxasında yatan bəlkə də, elə ən gerçək səbəb - kitab və kitabxana idi. Məhz o gün mən bu dünyadakı həqiqi bəşəri öhdəçiliyimi sanki aşkar etdim və yazıçı kimi reallığı insanlara bədii formada əks etdirərək oxucuların daxili dünyalarını zənginləşdirmək və öz ac ruhumu bəsləmək qərarı aldım.

 

- Siz Böyük Britaniyada təhsil alarkən ingilis və irlandiyalı yazıçılarından ustad dərsləri aldınız. O ustad dərsləri sizin yazmaq təcrübənizdə nə dərəcədə rol oynadı?

 

- Bədii ədəbiyyatda roman və hekayələrin quraşdırılması üzrə bilik və bacarıqları məşhur ingilis romançısı, hekayəçisi və dramaturqu Jane Rogers, Richard Skinner və irlandiyalı yazıçı Keith Ridgway kimi dünyaca məşhur müəlliflərdən öyrənmək şansı qazanmaq çox dəyərli və əvəzsiz bir təcrübə olub. Böyük Britaniyada aldığım bu ustad dərsləri texniki baxımdan, qələmimi püxtələşdirmək baxımından çox dəyişik və rəqabətcil bir mühit idi.

 

Burada aldığım dərslər yaradıcılığıma həm texniki, həm də süjet xəttinin dinamikasının ətraflı analizi və səhnələrin canladırılmasında bəzən həqiqətən bir rejissor kimi təsviretmə qabiliyyətinin formalaşmaşdırılması baxımından çox müsbət təsir göstərdi. Ancaq deməzdim ki, yazıçı olmaq üçün yalnız texniki biliklər kifayətdir. Bir əsəri, qalın bir romanı yazmaq ilkin olaraq təsəvvür, təfəkkür dünyasında bir dünya yaratma bacarığı, sonra isə bu xəyalı reallığa çevirmək üçün cəsarət və əzmkarlıq tələb edir.

 

Müəllimlərim bu gün mənə görə olduqca sevinclidirlər, çünki illərlə təhsil almış, bütün texnikalara bələd olan bir çox qələm sahibləri var ki, həqiqi yazmaq şövqü çatmır deyə, onların yazdıqları tamamlanmamış romanlar və ya qısa hekayələr də heç bir uğur gətirmir. Bu baxımdan düşünürəm ki, texniki tərəflər bədii yazıçılıqda nə qədər vacib olsa da, yazmaq və yaratmaq istəyi də çox lazımdır.

 

Bir məqamı da vurğulamaq istərdim ki, xaricdə iqtisadi və digər humanitar elmlər üzrə təhsil almaq yaradıcılıq sahəsində oxumaqdan daha az rəqabətcildir. Həm öz təcrübəmə dayanaraq, həm də memarlıq üzrə təhsil almış qardaşımın təcrübəsinə əsaslanaraq, istiyərdim ki, ölkəmizdən kənarda Azərbaycanı təmsil edən, yaradıcılıq üzrə təhsil alan istedadlı gənclərin sayı çox olsun. Çünki onlar bir iqtisadçıya tarixi yazan və ya yaradan kimi deyil, köməkçi ixtisas kimi yanaşırlar. Ədəbiyyat, rəssamlıq, memarlıq, aktyorluq və incəsənətin digər sahələrində oxuyan gənclərə isə tarixə ölkələrinin adını yaza biləsi əsas potensiallar kimi baxırlar. Məhz bu səbəbdən də, bu ixtisaslar üzrə rəqabət olduqca güclüdür və yerli tələbələrin qəbulu üstünlük təşkil edir. Buna görə də, bir azərbaycanlı kimi çox istərdim ki, dövlətimizi ölkə hüdudlarından kənarda tanıtdıracaq və adını tarixə salacaq istedadlı gənclərin xaricdə təhsilinə həm valideynlər, həm də dövlətimiz xüsusi dəstək göstərsin.

 

 

 

- Siz xaricdə təhsil almağınıza, xaricdə oxumağınıza baxmayaraq, Azərbaycan dilində də çox səlis nitqiniz var. Eyni zamanda, yazınızdakı dil də yaxşı təsir bağışlayır. Bu mənada nə yaxşı xaricdə təhsil alan bir çoxları kimi sizin nitqinizdə hansısa vurğular, Azərbaycan dilində danışığınızda problemlər hiss olunur?

 

- Ana dilimə olan sevgimi daha öncə də vurğulamışdım. Həm ana dilimə olan sonsuz hörmətimdən, həm də dilimizin inkişafı, zənginləşməsi və dilimizin ən önəmli irsimiz olması faktını nəzərə alaraq, mən hər zaman mütaliəmi iki dildə - həm Azərbaycan, həm də ingilis dillərində etmişəm. Hətta deyərdim ki, bəzən bir kitabı ingilis dilində oxuyanda, ikisini Azərbaycan dilində oxumuşam. Buna uşaqlıqdan, məktəb illərindən bəri xüsusi diqqət göstərmişəm. Sözsüz, digər xarici dillərə olan marağım, əslində, başqa cəmiyyətləri və onların həqiqi münasibətlərini daha dərindən başa düşmək üçün işə çox yarayıb. Ancaq mən vətənimdə öz ana dilimdə danışa bilməyi ən həqiqi azadlıq və müstəqillik kimi görürəm. Məncə, xarici dillər köməyimizə ölkə sərhədlərindən kənarda yetişməlidir. Məni tanıyanlar yaxşı bilir ki, cəmiyyətdə həmvətənlərim rus dilində və ya başqa digər dillərdə mənimlə danışığa başlayanda belə, mən onları hər zaman Azərbaycan dilində cavablandırıram.

 

- Bəs özünüz hansı qalın romanları oxumusunuz və hansılarını sevirsiniz? Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz və onlardan hansıların əsərləri sizin yaddaşınızdadır və sizə təsir edib?

 

- Çox fərqli janrlarda olan qalın romanları həm bir oxucu kimi oxumuşam, həm də yazıçı kimi analiz etmişəm. Sözsüz, oxuduqlarımın hamısını burada vurğulamaq çətin olardı. Ancaq yaddaşımda yer etmiş və olduqca zövq alaraq oxuduğum əsərlərin adlarını sadalamaq istərdim. Bunlardan mənə ən yaxını və dəfələrlə oxuduğum, dünya ədəbiyyatının klassiklərindən ən dəyərlisi Oskar Uayldın "Dorian Qreyin portreti" əsəridir. Fikrimcə, mənəvi dünyanın gözəlliyini ən dolğun və fantastik süjet xətti ilə qələmə almış romandır. Çarlz Dikkensin "Böyük ümidlər", "İki şəhərin hekayəti", Viktor Huqonun "Səfillər", Fyodor Dostoyevskinin "İdiot", "Cinayət və Cəza", Lev Tolstoyun "Hərb və sülh", "İnsanı yaşadan nədir", Cəlil Məmmədquluzadənin "Ölülər", Mirzə Fətəli Axundovun "Xırs quldurbasan" əsərləri, həmçinin, Nəsiminin, Nizami Gəncəvinin, Füzulinin qələmə aldıqları misilsiz əsərləri və Azərbaycan ədəbiyyatına sərvət kimi əmanət etdikləri dəyərli söz və kəlamlarından yararlanmışam. Bunlarla yanaşı, Herta Müllerin "Nəfəs Yelləncəyi", Franz Kafka "Çevrilmə", "Qəsr", Stefan Sveyqin "Şahmat", Harper Linin "Bülbülü öldürmək", Paulo Koelyonun "Brida", "Portobellonun Cadugəri", Den Braunun "Da Vinçi şifrəsi" və ingilis dilində oxuduğum digər romanlarla yanaşı, həmçinin, türk dilində qələmə alınmış əsərləri də çox bəyənirəm, Rəşad Nuri Güntəkin, Nazım Hikmət, Camal Sürəyya, Orhan Pamuk kimi yazarların əsərlərini də oxuyuram. Azərbaycan yazıçılarından Anarın, Elçinin, Sabir Rüstəmxanlının, Rəşad Məcidin, Rüstəm Behrudinin də adlarını vurğulamaq istərdim. Mənə ən təsir edən, oxumaqdan və teatr səhnəsində izləməkdən doymadığım əsər isə Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyasıdır. Düşünürəm ki, bəzi əsərlər dövrün problemlərini elə dərindən işıqlandırır ki, bu cür əsərlər əbədiyyətə qovuşur. Mənim üçün "Ölülər" əbədi yaşayacaq əsərlərdəndir.

 

- Siz indi həm də, "Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası"nın (AMİTA) rəhbərisiniz. Mədəni abidələrin qorunması ilə bağlı bu təşəbbüsünüzdə yəqin memar atanızın, qardaşınızın və rəssam ananızın də müəyyən təsirləri olub. Ümumiyyətlə, bütün bunlar sizin fəaliyyətinizə, işinizə nə kimi təsir göstərir?

 

- Valideynlərim hər zaman xəyallarındakını kəşf edib, öz əsərlərində reallığa çevirib, bundan misilsiz zövq alıblar. Anamın iplərdən toxuduğu milli-mədəni irs incimiz olan kilim, qoblen əsərləri, ölkəmizdə tikilmiş bir çox memarlıq abidələrinin atamın ruhunu oxşaması, bir sözlə, onlarla sənət arasındakı bu bağlılıq məni hər zaman təsirləndirib. Hazırda rəhbəri olduğum "Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası"ndakı uğurlarımda onlardan təsirlənsəm də, yazılı analitik təhlilimin çox güclü olması bu mövqeyə çatmağımda mənə çox kömək edib. Mən iqtisadi təhlil aparmağı, ümumilikdə araşdırma və tədqiqatı çox sevirəm. Bu səbəbdən də milli prioritetlərinin qorunması və inkişaf proqramlarına dəstək vermək məqsədilə bir çox layihənin ideya rəhbəri olmuşam, onları konseptləşdirib icraçısına çevrilmişəm. Zənnimcə, yazıçılığım və iqtisadi analizimlə yanaşı, mənə həm şifahi, həm də yazılı ünsiyyət qurmaq bacarığım da çox yardımcı olub. Ən sadə formada desək, ölkə hüdudlarından kənarda apardığım bütün danışıqlarda qarşı tərəfi layihənin effektivliyinə inandırmağı bacarmışam. Düşünürəm ki, bu məqamda ən çox köməyimə çatan elə mənim qələmim olub. Çünki yazılan hər layihədə və ya analizdə fikrimi ətraflı, faktlarla sübut etməyi bacarmışam. Bir də nəzərə alaq ki, mən tərəzi bürcündənəm, müqayisə aparmaqdan, nəticələri qarşılaşdırmaqdan zövq almağım mənə mədəni irsin qorunması, ölkəmin tanıdılması, turizmin təşviqinə yönəlik icra etdiyim işlərdə ən səmərəli və effektiv qərar qəbul etməkdə çox yardımçı olur. Təhsilim və texniki biliklərimdən əlavə, bir memar qızı olduğuma görə mən özümü çox şanslı hesab edirəm. Atam mənə çox ölkələri gəzmək, fərqli adət-ənənələri tanımaq, dünya mədəniyyətlərini görərək öyrənmək üçün əvəzssiz imkanlar verib və bu, başqa millətləri, mədəniyyətləri öyrənərkən sahib olduğumuz milli dəyərləri, mədəni irsimizin fərqliliyini qiymətləndirmək baxımımdan vacib rol oynayıb. Mən "Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası"nın rəhbəri kimi bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin bizim vətənimizdə keçirilməsinə nail olmuşam. Çox detalları bölüşmək istəməsəm də, mən hazırladığım layihələrin ən ucqar kəndlərimizdə və mədəni irsin özəyi olan, ancaq çoxlarının tanımadığı şəhərlərimizdə keçirilməsini planlaşdırıram.

 

- Elə yazıçılar olur ki, əsəri yazıb bitirəndən sonra oxuyanda hansısa qüsurları görürlər. Siz məsələn, əsəri bitirəndən sonra oxuyanda hansısa bir redəktə işləri etdinizmi və ya hansısa bir qüsur gördünüzmü, yaxud da oxuyanlar sizə hansısa iradlar bildirdilərmi?

 

- Hər bir əsərdə kiçik orfoqrafik səhvlər və ya xırda qüsurların olması çox normal haldır. Romanı bitirdikdən sonra ilkin olaraq kompüterdə, sonra isə çap edib üzərində özüm redaktə işləri aparmışam. Əslində, redaktə demək də düzgün deyil, çünki hər hansı bir səhnədə köklü dəyişiklik olmayıb, sizə deyərdim ki, cüzi korrektə işləri etmişəm. Romanın digər bir yazıçı tərəfindən redaktəsi və ya ön söz yazılması xaricdə müşahidə edilməyən bir təcrübədir. Odur ki, əsərin ön sözünü özümün yazmağım və korrektorluğunu etməyim çap evində təəccüblə qarşılanmışdı. Düşünürəm ki, çap edilməmiş bir əsərin başqasına verilməsi və hər hansı redaktə işləri aparılması, məncə, yazıçı üçün təhlükəlidir, çünki yazıçı səsinin orijinallığı itə, hissləri təhrifə məruz qala və ümumilikdə müəllifin yazı formasındakı məxsusilik tamamilə pozula bilər. Roman çap olunmadan öncə dialoqlardakı dırnaq işarələrinin tire ilə əvəz edilməsi iradı mənə bildirilmişdi, mən mətni ingilis dilindən tərcümə etdiyim üçün düşünürəm ki, bunun diqqətimdən yayınması anlaşılan xətadır. Çünki ingilis və türk ədəbiyyatında dialoqlar dırnaq işarəsinin içində verilir. Kitabımı yalnız çap olunduqdan sonra çox dəyər verdiyim yazıçılara təqdim etmişəm, onların iradları isə məni olduqca sevindirən müsbət rəyləri olmuşdu. Düşünürəm ki, kitabın ikinci nəşri olsa, bu qələm ustadlarının əsər haqqındakı dəyərli kəlmələrini də ön səhifədə oxucuların diqqətinə çatdırım.

 

- Dediyimiz kimi, romanınızda bir çox yaxın, doğma insanların obrazlarını yaratmısınız. Əsərin 4-cü fəslində Şahsuvar müəllimin nəvəsi Türkay obrazını da görürük. O, xəstəxanada olan babasında ümid yaratmaq üçün toyunun olacağı yalanını deyir və bu da babasına bir xeyli dərəcədə müsbət təsir göstərir. Belə başa düşdük ki, bu Türkay həm də əsərin müəllifidir, sizin obrazınızdır, prototipinizdir. Artıq həyatda xeyli uğur qazanmış Şah Selimi Türkay xanımın ailə həyatı, karyerası, ümumiyyətlə, gələcəklə bağlı hansı planları var? Bir qədər şəxsi planlarınızdan danışa bilərsinizmi?

 

- Doğma insanların obrazlarını yaratmışam deməzdim, yaratdığım obrazlara dəyər verdiyim insanların adlarını vermişəm desək, daha düzgün olar. Daha öncə vurğuladığım kimi, bu əsər avtobioqrafik roman deyil, belə olsaydı, qəhrəmanlara öz adlarını verməz və əsəri tamam başqa, anonim adlarla yazardım. Əsərdə baş verən hadisələr mənim təsəvvür və təfəkkür dünyamda təzahür edən gerçəkliyin çatdırılması məqsədilə məqsədyönlü uydurulub. Əsərdəki o səhnə haqda çox soruşurlar və maraq doğurur. Mən nəvə ilə baba münasibətindəki dərin bağlılığı qabartmağa və ailə münasibətlərinin cəmiyyətdə nə dərəcədə mühüm rol oynadığını göstərməyə çalışmışam. Məhz həmin səhnədə də inanıram ki, çoxları bir babanın həqiqi arzusunu hiss edə biləcək. Gələcək planlarım arasında ingilis dilində yazmaqda olduğum və yarımçıq qoyduğum "İnam" əsərini bitirmək və bu əsəri ədəbiyyat təhsilini aldığım Faber Akademiyasında çap etdirmək istəyi ən ön sırada dayanır. Bununla yanaşı, ana dilimdə çap olunan "Ev dustağıyam" əsərinin ingilis və türk dillərində, ölkəmizdən kənarda çap etdirilməsi ilə bağlı təklifləri qiymətləndirib, digər dillərdə də nəşrini yaxın zamanlarda həyata keçirmək istəyirəm. Həmçinin, AMİTA-nın rəhbəri kimi beynəlxalq miqyasda böyük səs gətirəcək Tekstil konfransı və sərgilərinin 2022-2023-cü illərdə ölkəmizdə uğurla icra edilməsini, həmçinin, bir sıra memarlıq abidələrinin yenidən bərpasını həyata keçirmək niyyətindəyəm. Sizin şəxsi həyatımla bağlı vurğuladığınız suala isə fikrimcə, planlaşdırıb-proqnozlaşdırdığım karyera nailiyyətləri kimi qəti cavab vermək çətin olardı. Çünki ailə qurmaq, ümumiyyətlə, ailə kimi hiss və duyğu üzərində qurulan münasibətləri zənnimcə, nə planlaşdırmaq, nə də proqnozlaşdırmaq olar (gülür). Hər zaman təhsil almağın və oxuduqlarımı praktikaya çevirməyin arxasınca qaçmışam, ailə qurmaq barədə düşünməmişəm. Yəqin ona görə ki, mən qismətə inananlardanam.

 

Azad

 

525-ci qəzet .- 2021.- 4 avqust.- S.14-15.