XVIII əsr Qarabağ poeziya məktəbi

 

 

İBRAHİMXƏLİL XAN CAVANŞİR DÖVRÜ

 

 

Atası Pənahəli xan Cavanşir kimi qeyri-adi taleyi olan İbrahimxəlil xan Cavanşir 1763-cü ilin yayında İran əsirliyindən Vətənə dönüb, xanlıq tacını başına qoyandan dərhal sonra Pənahəli xanın müdrik və uzaqgörən siyasətini davam etdirməyə və vəsiyyətlərini yerinə yetirməyə başladı. İlk növbədə, sələfinin yarımçıq qalmış işlərini başa çatdırdı, xüsusən də, kiçik qardaşı Mehrəli ağanın birillik hakimiyyəti dövründə buraxılmış ciddi və kobud səhvləri aradan qaldırdı, o cümlədən, atasının bünövrəsini qoyduğu ədəbi-mədəni ənənələri dirçəltməyə çalışdı, nəzərdən, diqqətdən, qayğıdan kənarda qalaraq pərən-pərən düşmüş neçə-neçə şairi, musiqiçini, xəttatı, ümumiyyətlə, ağıllı, tədbirli kamal və elm sahiblərini yenidən saraya cəlb elədi. Onun möhkəm iradəsi və qətiyyəti sayəsində çox çəkmədən əvvəlki vəziyyət bərpa olundu, müxtəlif sənət sahələrinin inkişafı üçün münbit şərait yarandı, ədəbi hərəkat canlanmağa başladı, bədii intellektual həyat tamamilə öz axarına düşdü.

 

Qarabağ xan sarayı yenidən şeirin, sənətin əsl inkişaf mərkəzi, poeziya və incəsənət məbədgahı kimi tanınmağa başladı. Burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan böyük bir sənətkarlar ordusu - mahir söz, qələm ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr yetişdi. Musa Kəlimullah, Mirzə Vəli Baharlı, Molla Pənah Vaqif, Mirzə Əliyar bəy Tahirzadə, Əmiraslan bəy Məhəmməd bəy oğlu (təzkirəçi-alim, şair və musiqişünas Mir Möhsün Nəvvab Qarabağinin ana babası - V.Q.) kimi dövrünün görkəmli şəxsiyyətləri İbrahimxəlil xanın möhkəm dayaqlarına, şəhərin əsas və aparıcı ictimai qüvvəsinə çevrildilər, öz bilik və bacarıqlarını xanlığın mədəni inkişafına sərf elədilər...

 

İbrahimxəlil xan Cavanşirin aydın, yetkin təfəkkürü və məntiqi zəkası sayəsində Pənahabad daha da inkişaf edərək yenidən Qarabağın baş şəhərinə, paytaxtına, taxt-tacına, xanlığın göz bəbəyinə, döyünən ürəyinə, gözəllik, mədəniyyət, poeziya, incəsənət beşiyinə çevrildi.

 

Ümumiyyətlə, bu illər Qarabağın ən maraqlı, ən mədəni, ən dəbdəbəli, ən yaxşı idarə edilən dövrü sayılırdı. Az vaxt içərisində Qalanın mənəvi həyatının bütün sahələrində artan "mədəniyyətin dünyəviləşdirilməsi" adlanan hadisələrin əsası qoyuldu, yeni dünyəvi əsaslar günü-gündən mədəni qüdrəti artan Qarabağ mədəniyyətinə nüfuz eləməyə başladı.

 

Molla Pənah Vaqif Qalada məskunlaşdığı zaman İbrahimxəlil xan Cavanşirə yazdığı bir fəxriyyədə deyirdi:

 

Qarabağ içrə şair bir

Kəlimullah Musadır,

Cavanşir içrə bir mövzun bayati

dəsti-beyzadır.

 

Bu misralardan görünür ki, Vaqif Qarabağa köçənə qədər Pənahabadda Musa Kəlimullah ismində bir şair yaşayıb-yaratmış və on səkkizinci əsr Qarabağ poeziya məktəbinin ilk nümayəndələrindən olmuşdur.

 

Musa Kəlimullahın həyat və yaradıcılığı haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Yalnız şuşalı müəllim, 1910-cu ildən "Molla Nəsrəddin" jurnalının fəal müəlliflərindən biri Həsən İxfa Əlizadə (1893-1972) özünün "Qarabağ tarixi" elmi-publisist əsərində şair barəsində azacıq da olsa, söhbət açır. Tarixçi-müəllim bu əsərində onun əsrlərin imtahanından çıxıb unudulmayan, yaddaşlarda hifz edilib saxlanılan və dillərdə əzbər olaraq yaşayan bir şerini təqdim edir. Elə bu poeziya nümunəsi də şairin yaradıcılığı barədə fikir söyləmək imkanı yaradır:

 

Zalım fələk, sənə netdim, neylədim?

Əcəl qılıncları çalhaçaldadır.

Hansı halalını haram eylədim?

Bəlasız başımız qalmaqaldadır.

 

Şirvanlı Çələbi döyülüb qaçdı,

Qacar Məmmədhəsən bir oyun açdı,

Ovşar Fətəli də yolunu çaşdı,

İndi başqa fikir, başqa haldadır.

 

Qızmış şirə döndü Ağamməd Qacar,

Qarabağa gətdi qanlı bir azar.

O, saymadı, bax, gör fələk nə sayar,

Leşi gorda, başı bizim yoldadır.

 

Yasa döndü bütün toylar-düyünlər,

Ələ düşdü nazlı qızlar-gəlinlər,

Ləkələndi ismət, namus yeminlər,

Bu cəza nə yerdə, nə mahaldadır.

 

Əsl sənət əsəri səviyyəsində olan, öz təravətini və aktuallığını hələ də itirməyən, klassik irsimizin ən gözəl nümunələrindən sayıla biləcək bu şeirin məzmunundan göründüyü kimi, şairin yaşadığı keşməkeşli dövrün ağır anları uzun müddət ona böyük təsir bağışlamışdır. O, şahidi olduğu hadisələrə biganə qalmamış, ən mühümlərini, yaddaşlarda qalanları olduqca real və aydın şəkildə əks etdirmişdir. Şair yadelli qəsbkarların bəlasız başları daim qalmaqalda olan Qarabağ camaatına verdikləri zülm və işgəncələri canlı lövhələrlə, elə təsirli, bədii səhnələrlə canlandırır ki, şeiri oxuyan hər bir kəs də istər-istəməz Şuşaya göz dikən, qarabağlıların toy-düyünlərini yasa döndərən bütün yağıları nifrət hissi ilə yada salır. Oxucu şəkili Hacı Çələbi xan, astrabadlı Məhəmmədhəsən xan Qacar, urmiyalı Fətəli xan Əfşar, İran hökmdarı Ağa Məhəmməd şah Qacar kimi qaniçənlərin Qarabağın iqtisadi və mədəni həyatına vurduqları yaralara, ümumiyyətlə, bu müqəddəs torpaqda törətdikləri vəhşiliklərə dərin nifrət və qəzəblə lənətlər yağdırır və Qarabağın faciəli həyatına müəllifin qəlbən nə qədər acıdığını hiss eləyir...

 

On səkkizinci əsrin altmışıncı illərinin sonlarında Molla Pənah Vaqifin İbrahimxəlil xan Cavanşirin sarayına gəlişi ilə Qarabağ ədəbi mühiti ikinci dövrünə qədəm qoydu. Az bir vaxtda o özünün ədəbi və siyasi fəaliyyəti ilə xanın ümidini doğrultdu, sarayın düşünən beyninə, vuran nəbzinə çevrildi. Həmin vaxtdan "Vaqif" təxəllüsü ilə yazıb-yaratmağa başladı, şeirləri xalq arasında geniş yayıldı, el içində böyük şöhrət qazandı. İstedadlı gəncləri üzə çıxarıb, saraya gətirdi və şəhər ziyalılarının əsas qüvvəsi bura cəmləşdi. Sarayda mədəni bir mühit, mədəni bir cəmiyyət yarandı, bura bir mədəni-maarif ocağına çevrildi, ədəbi məclis fəaliyyətə başladı.

 

Hər tərəfdən Qarabağ xan sarayına sənətkar axını davam etməkdə idi. Məclis üzvlərinin sayı gündən-günə artırdı. Vaqif gənclərin qayğısına qalır, onlara yaradıcılıq istiqaməti verirdi. Tez-tez şeir yarışları təşkil edir, şairlərə Firdovsi, Xaqani, Nizami, Füzuli kimi ustadların qəzəllərinə nəzirə, təxmis yazdırır, məclislərdə oxutdurub, onlara qiymət verirdi. Şairlərin çoxu nəzirələr yazsa da, hərənin özünəməxsus üslubu, bədii ifadə tərzi vardı. Eyni zamanda onlar bir-birlərinin yaradıcılığı ilə də yaxından tanış olur və öz fikirlərini bildirirdilər.

 

Məclis üzvlərinin əksəriyyəti Molla Pənah Vaqifin təsiri ilə qoşma üslubunda yazıb-yaradırdılar. Onlar saray ədəbi mühitinin təşəkkülündə, inkişafında və formalaşmasında fəal iştirak edir, əsas və aparıcı rol oynayırdılar. Beləliklə də, Vaqif özünün ədəbi məktəbinin təməlini qoyaraq yenicə formalaşan şairlər ordusuna rəhbərlik eləməyə başladı.

 

Tarixi mənbələrdə yazıldığı kimi, Qarabağ saray şairləri arasında yaşca böyüyü İbrahimxəlil xanın ən çox etibar elədiyi məşhur Baharlılar sülaləsinin görkəmli nümayəndəsi Mirzə Vəli Bayram xan oğlu Baharlı idi. Qeyd eləmək yerinə düşər ki, Molla Pənah Vaqifin saraya cəlb olunmasında onun da xidməti az deyildi... Çox çəkmədən Mirzə Camal Cavanşir, Əli ağa Alim, Əbülfət ağa Tuti, Ağabəyim ağa Ağabacı, Məhəmməd bəy Cavanşir kimi gənc yerli şairlər, digər vilayətlərdən gəlmiş Rafei Kəleybəri, Ağahüseyn Arif, Ağqız oğlu Piri, Aşıq Əli Kəleybəri, Sarı Çobanoğlu, Qəhrəman bəy Arif kimi söz ustaları xan sarayında özlərinə məxsus yer tutmuş, sonralar Qarabağ poeziya məktəbinə öz layiqli töhfələrini vermişlər. Yuxarıda adları çəkilən şairlərin sayəsində Pənahabad poeziya ustalarının vətəni kimi də şöhrət tapmışdı.

 

On səkkizinci əsrin səksəninci illərində Qaradağ vilayətinin Kəleybər mahalından sənəti aşıqlıq olan Əli adlı istedadlı bir gənc digər cənublu şairlər kimi İbrahimxəlil xanın sarayına pənah gətirmişdi. Çox çəkmədən o, pənahabadlı həmkarları ilə qaynayıb-qarışmış, onlardan görüb götürə-götürə, cilalana-cilalana yazıb-yaratmağa, ədəbi məclislərdə iştirak etməyə başlamışdı. Bu şairlər diyarında şeirin, sənətin çox uca tutulduğunu, sənətə, sənətkara yüksək qiymət verildiyini görmüş, taleyini həmişəlik Qarabağla bağlamışdı. Gənc şair doğulub boya-başa çatdığı mahalın adını özünə ədəbi təxəllüs götürmüş və əsərlərini aşıq şeri üslubunda ipə-sapa düzdüyündən Qarabağ ədəbi mühitində Aşıq Əli Kəleybəri kimi tanınmağa başlamış, realist şeir məktəbinin tanınmış nümayəndələrindən birinə çevrilmişdi.

 

Vaqif poeziyasından gen-bol bəhrələnən Aşıq Əli Kəleybəri daha çox qoşma janrında yazırdı. O, ustadının irsini çox sevir, yaradıcılığına yüksək qiymət verirdi.  Gənc şair əsərlərində Molla Pənah Vaqifin mövzularını təkrar etmiş, onun kimi qoşmalar yazmağa çalışmış, qafiyələrini, rədiflərini və bədii ifadələrini dönə-dönə işlətmişdir". Aşağıdakı misralar bu fikri əyani olaraq təsdiqləyir:

 

A sevdiyim, bizə doğru qədəm bas,

Gözləyə-gözləyə qaldım yolların.

Bu tərif sənindir, yaxşı qulaq as,

Dolansın boynuma qulac qolların.

 

yaxud:

 

Əli mail oldu sənin üzünə,

Qələm qaş altında ala gözünə,

Gör necə yayılıb o gül üzünə

Ayna qabağında siyah tellərin.

 

Bu şeir parçalarında Vaqif bədii üslubunun xüsusiyyətləri apaydın görünür.

 

Aşıq Əli Pənahabada ailəsi ilə gəlmişdi. Molla Pənah Vaqiflə şəxsi tanışlığı sonradan ailəvi dostluğa çevrilmiş, bir-birlərinin evlərinə gediş-gəlişləri başlamış, arvadları Səkinə və Mədinə ömürlərinin sonlarına qədər ayrılmaz rəfiqələr olmuşdular. Şairin Vaqiflə şeirləşməsi, ona xitabən şeir həsr eləməsi, Molla Vəli Vidadiyə nəzirə yazması da məlumdur. Ustadı Vaqifə yazdığı şeir Aşıq Əlinin yaradıcılığından gözəl bir nümunədir (Molla Pənah Vaqif. Əsərləri. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1968-ci il, səhifə 10).

 

VAQİFƏ

 

Bu gövhər sözlərin, ey alicənab,

Tamam aşiqlərin səminə gəlmiş.

Fəsahətdə, bəlağətdə sənin tək

İnanma ki, ruyi-zəminə gəlmiş.

 

Bu əsrdə şairlərin xanısan,

Müdərrisə bərabərsən, yəni, sən.

Elmin mədənisən, gövhərkanısan,

Eşidənlər sözün dəminə gəlmiş.

 

Aşiq oldum bir qaməti-rənayə,

Onu sevdim, canım düşdü bəlayə,

Vallah, billah, sən düşdüyün sevdayə,

Artıq mən fəqirin sərinə gəlmiş.

 

Əli çəkər gecə-gündüz ahü-zar,

Kəsildi müdara, getdi ixtiyar,

Vaqif olsun bu mənadən xəbərdar,

Mədinə kuyinə Səkinə gəlmiş.

 

Poeziya aləminə təzəcə qədəm qoyan və "Kəleybəri" təxəllüsü ilə yazıb-yaradan Rafei adlı digər şair də gənc yaşlarından Kəleybər mahalından Pənahabada gəlmiş və İbrahimxəlil xanın sarayında özünə sığınacaq tapmışdı. Çox çəkmədən o da Vaqifin rəhbərliyi ilə təzəcə yaranıb-formalaşan Qarabağ ədəbi məktəbinin istedadlı nümayəndələrindən birinə çevrilmişdi.

 

Ömrünün sonuna qədər Pənahabadda yaşayıb-yaradan şair tez-tez sarayda keçirilən poeziya və musiqi məclislərində müntəzəm iştirak etmişdir. Tədqiqatçıların yazdıqlarına görə, bu istedadlı şair bir müddət Şəki xan sarayında yaşamış, müasiri olduğu bəzi şairlərlə yazışmış, dostluq əlaqələri saxlamışdır. Vaqifə və Vidadiyə nəzirələri də var.

 

Rafei Kəleybərinin həyatı barədə məlumata və əsərlərinə çox az rast gəlinir. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şairin klassik irsimizin ən gözəl nümunələrindən olan cəmi dörd şeirinin əlyazma nüsxəsi saxlanılır.

 

Artıq "Şuşa" adlandırılan bu şəhər on səkkizinci əsrin doxsanıncı illərində özünün sənətkarları ilə şöhrət qazanmış bir paytaxt kimi xanlığı daim irəli aparan, fikir və hərəkatlara təkan verən böyük bir mədəniyyət mərkəzi kimi, Qarabağ həyatının əsasını təşkil edən ədəbiyyat və incəsənətin ecazkar vətəni kimi bütün Qafqazın nəzərini özünə cəlb etmişdi. Çətin və ağır, mürəkkəb və keşməkeşli zəmanə olmasına baxmayaraq, mədəniyyət və sənət nəinki öz varlığını qoruyub-saxlamış, hətta köhnədən yazanlar xeyli fəallaşmışdılar və ədəbiyyata gənclərin gəlişi isə öz axarında idi. Həmin dövrdə sarayda gur mədəniyyət selləri, xüsusilə, poeziya və musiqi bir-birinə qovuşub, tam bir ahəng, tam bir vəhdət yaratmışdı. Şuşa mədəniyyətinin əsası olan mahnılar və rəqslər Qarabağ xan sarayının məişətində özünə möhkəm yer tutmuş, musiqi sahəsində xüsusi səriştəsi olan İbrahimxəlil xanın zəruri ehtiyaclarından birinə çevrilmişdi. Xan sarayda çalğıçılar, xanəndələr, rəqqas və rəqqasələr dəstəsi də saxlayırdı. Bu musiqiçilər təkcə poeziya məclislərində deyil, həm də əsasən, Novruz bayramlarında, dini mərasimlərdə, qalibiyyət dövrlərində, müəyyən əlamətdar günlərdə çalıb-çağırır, eyni zamanda poeziya məclislərinin də yaraşığına çevrilirdilər. Xanəndə Səttar bəyin rəhbərliyi ilə Həsənçə, Yusifi, Tükverdi Həsən, Mirzə Hüseyn, Əli Şirazi kimi musiqiçilər Şuşanın musiqi şöhrətini hər yana yaymışdılar. Sarayda rəqqasələrin ifa elədikləri həzin, lirik, incə, qəlboxşayan rəqslərə baxmaqdan İbrahimxəlil xan ləzzət və zövq alırdı. Hətta gözəl dağ quşu olan turaca həsr olunmuş Azərbaycan rəqs melodiyasına "Turacı" adının verilməsini onun adıyla bağlayırlar. Deyildiyinə görə, sarayda gözəl və istedadlı bir rəqqasə varmış. Poeziya məclislərinin birində həmin rəqqasə milli rəqs sənətinin çox gözəl və incə möcüzələrindən birini nümayiş etdirir. Xan bu rəqsin ifasına heyranlığını gizlədə bilmir, ucadan: "Ay qəşəng qız, sən lap turac kimi oynayırsan!" - deyə ifaçılıq məharətinə görə rəqqasəyə böyük ənam verir. Və o zamandan da bu melodiyanın adı xalqın dilində "Turacı" kimi qalır.

 

İbrahimxəlil xan Cavanşir dövründə, həqiqətən də, böyük bir elm, sənət, poeziya ocağına çevrilmiş Qarabağ xan sarayı öz divarları arasında neçə-neçə ədəbi-mədəni məclislər qurmuş, ədəbiyyatımızın, mədəniyyətimizin iftixarı olan neçə-neçə sənətkar öz qiymətli sənət incilərini burda yaratmışdır.

 

Molla Pənah Vaqifin və bir neçə ildən sonra isə İbrahimxəlil xan Cavanşirin namərdcəsinə qətli Qarabağ mədəniyyətini və ədəbiyyatını demək olar ki, məhv elədi. Şuşa qalasının mədəni həyatı sönməyə başladı. Qarabağın üçüncü hakimi Mehdiqulu xan Cavanşirin dövründə isə müxtəlif obyektiv səbəblərdən saray ədəbiyyatı tədricən tənəzzülə uğradı, ədəbi məclislər fəaliyyətini dayandırdı, muğam, musiqi səsləri eşidilməz oldu... Mehdiqulu xan babasının yaratdığı və atasının layiqincə davam etdirdiyi milli ənənələri bərpa eləməyə çalışsa da, buna nail ola bilmədi, çünki bütün Azərbaycan, eləcə də Qarabağ xanlığı öz müstəqilliyini artıq itirmişdi...

 

Çox-çox sonralar isə Qarabağda ədəbiyyatın və mədəniyyətin inkişaf etdirilmə missiyası Mehdiqulu xanın qızı Xurşidbanu bəyim Natəvanın üzərinə düşdü...

 

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2021.- 7 avqust.- S.20;21.