Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Kitabi-Dədə Qorqud motivləri

(II yazı)

 

Ədəbiyyatımızın ana kitabı hesab olunan "Kitabi-Dədə Qorqud" ilə bağlı ədəbiyyatşünaslığımızda elmi araşdırmalar, ədəbiyyatımızda isə dastanın motivləri əsasında qələmə alınmış bədii əsərlər intensivliyi ilə seçilir. "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı qələmə alınan bədii əsərləri növ janr xüsusiyyətlərinə görə bir neçə qrupa bölmək olar:

 

1. Dastanın motivləri əsasında yazılan nəzm əsərləri. Dastanın motivləri, ayrı-ayrı qəhrəmanları ilə bağlı yazılan şeirlər, poemalar bu mövzuda olan digər əsərlər içərisində üstünlük təşkil edir. Buna misal olaraq N.Həsənzadənin "Dədə Qorqudun sapand daşları", M.Aslanın "Dədəm Qorqud gəzən yerlər", E.Baxışın "Dədəm Qorquda", "Alqış", "Sənə, mənə baxma, dədəm", "Ulaş oğlu Salur Qazan", Dilsuzun "Bamsı Beyrəyin talanmış oğuz ellərinə dönüşü", M.Şükürün "Dədə Qorqud", Z.Əfəndizadənin "Dədə Qorquda məktub", A.Sadiqin "Dədə Qorqud", Ə.Quluzadənin "Dədəm Qorqud söyləsin", F.Müslümün "Ozan dədə", Hidayətin "Dədə Qorqud", T.Hüseynin "Dədə Ozan", H.Kürdoğlunun "Sağ ol, ay Dədə Qorqud", A.Tağızadənin "Dədəm Qorqud diyarında", F.Qocanın "Dədə Qorqud", R.Zəkanın "Dədə Qorqud ocağı", Anarın "Dedim, mən Dədə Qorqud", Nisəbəyimin "Sonda Dədəm Qorqudla xəbərləşim", Z.Yaqubun "Dədəm Qorquda" digər şeirləri göstərə bilərik. Heyraninin "Dəlinamə", B.Vahabzadənin "Qiymət", N.Xəzrinin "Əfsanəvi yuxular", "Torpağa sancılmış qılınc", A.Abdullazadənin "Ulu Qorqud", Səhəndin "Dədəmin kitabı", "Sazımın sözü", "Duxa qoca oğlu Dəli Domrul", N.Kəsəmənlinin "Dədə Domrul", R.Təhməzoğlunun "Dədəm Qorqut", T.Elçinin "Oğul Buğac" poemalarında "Kitabi-Dədə Qorqud" süjetləri yeni janr formatında işlənərək oxucuya təqdim edilmişdir.

 

2. Dastanın motivləri əsasında yazılan dram əsərləri haqqında danışarkən Ə.Dəmirçizadənin "Qaraca çoban", K.Abdullanın "Beyrəyin taleyi", "Casus", A.Dağlının "Dədə Qorqud", N.Xəzrinin "Burla Xatun" pyeslərindən söz aça bilərik.

 

3. "Kitabi-Dədə Qorqud" dastanının motivləri süjetləri bir sıra nəsr əsərlərində təcəssüm etdirilmişdir. M.Rzaquluzadənin "Dəli ozan", "Ceyran ovu", "Qoca canavar", "Qoşa çadır", "Dənizdə toy" hekayələri, Ə.Qurbanovun (Muğanlı) "Məclisə Dədə Qorqud gəldi" əfsanəsi, "Qorqud dədənin öyüdü" hekayəsi, Anarın "Dədə Qorqud" povesti, K.Abdullanın "Yarımçıq əlyazma", Orxan Fikrətoğlunun "Ölü mətn", Pərviz Cəbrayılın "Yad dildə" romanları bu qəbildəndir.

 

Postmodern Azərbaycan nəsrində "Kitabi-Dədə Qorqud" dastanı əsasında yaradılan bədii əsərlərin əsas xəttini dekonstruktiv yanaşma, postmodern sitat təşkil edir. "Kitabi-Dədə Qorqud" dastanlarının dekonstruksiyası əsasında yaradılan postmodern əsərlərdən danışarkən dekonstruksiyanın əksi səviyyəsinə görə bu əsərləri iki qrupa bölmək lazımdır:

 

1. Əsər dastanı bütövlükdə dekonstruksiya etmir, müəyyən dekonstruktiv elementlərlə dastana istinad olunur.

 

2. Əsər bütövlükdə dastanın dekonstruksiyasına əsaslanır.

 

Orxan Fikrətoğlunun "Ölü mətn" romanında "Kitabi-Dədə Qorqud" dastanına istinad polifonik mətnin qatlarından biri kimi çıxış edir. Romandakı Dədə ilə bağlı məqamlar demiurq obrazını əyaniləşdirərək əlyazmanın - "ölü mətn"in ilkin tarixinə işıq salmağa xidmət edir. Pərviz Cəbrayılın "Yad dildə" romanında isə "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının adları kod-simvol olaraq istifadə edilmişdir. Əsərdəki İçərişəhər-Bayırşəhər təzadı dastandakı İç Oğuz - Dış Oğuz təzadının postmodern variasiyası kimi diqqət çəkir. Hər iki roman "Kitabi-Dədə Qorqud" dastanını bütövlükdə dekonstruksiya etmir, dekonstruktiv elementlərlə postmodern istinad, sitat yaradılır.

 

İkinci qrupa daxil olan əsər Kamal Abdullanın "Yarımçıq əlyazma" əsəridir. Qeyd etməliyik, Kamal Abdulla "Kitabi-Dədə Qorqud" mövzusuna dekonstruktiv yanaşmasını "Beyrəyin taleyi", "Casus" pyeslərində ifadə etmişdir. "Yarımçıq əlyazma" romanında təsvir olunan əlyazmanın bir hissəsi "Kitabi-Dədə Qorqud" dastanının dekonstruktiv variantının təqdimatıdır. Bu hissə gənc Dədə Qorqudun Oğuz elindəki xainlərin ifşa olunması məqsədilə Bayandır xanın rəhbərliyi ilə aparılan təhqiqatı qələmə aldığı əlyazma formatında oxucuya təqdim edilir. Beləliklə, müdrik qoca Dədənin yerini gənc Qorqud alır, dastandakı qəhrəmanların dastanın mətni ilə tanış olan oxucu üçün gözlənilməz olan, hətta belə demək mümkünsə şok effekti yaradan, postmodern realilər əsasında qurulan yeni obrazları dedektiv çalarlı bir süjetin içində təqdim olunur. Postmodernizmdə əsərin üst qatında dedektiv elementlərin olması yayındırıcı, aldadıcı bir üsul olaraq istifadə olunur. Eyni elementə Umberto Ekonun "Qızılgülün adı" romanında da rast gəlinir. Həm Kamal Abdullanın, həm Umberto Ekonun romanı ilk baxışda klassik dedektiv stilində təqdim olunur. Hər iki romanda təhqiqat qapalı məkanda - bir kilsənin bir obanın daxilində aparılır. Beləliklə, dedektiv üst qat vasitəsilə postmodern romanda cərəyanın əsas atributikası - xaosun içində nizam meydana çıxır: adi oxucu üçün dedektiv süjet, intellektual oxucu üçün polifonik mətn təqdim olunur. "Yarımçıq əlyazma"nın yarımçıqlığı adsızlığı "Kitabi-Dədə Qorqud"un dekonstruktiv variantını təmin etməklə yanaşı, həm dastanın kanonlaşmasına, əsl mətn kimi istinad mənbəyinə çevrilməsinə səbəb olur beləliklə, oxucuda ilkin mətnə maraq yaradır, dastanın yenidən oxunmasına təbliğinə rəvac verir.

 

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 7 avqust.- S.16.