Azadlıq meydanından söz meydanına

 

ƏSƏD CAHANGİRİN 55 YAŞINA

 

Ədəbi-tənqidçi, esseist, şair Əsəd Cahangir çağdaş ədəbi-bədii fikrimizin görkəmli təmsilçilərindən, 90-cılar ədəbi nəslinin parlaq isimlərindən biridir. Təxminən iyirmi il öncə - biz şəxsən tanış olanda, o, artıq bir imza kimi yetərincə tanınırdı. Əsədin məni tanıması isə hardasa daha iyirmi il öncə baş vermişdi. Bunu onun Bakı Dövlət Universitetinin tələbəsi olanda mənə həsr etdiyi "Verin kürsüləri şairlərə siz" şeiri də göstərirdi. Mən "tanımaq" deyəndə insanın ad-soyadını bilmək, efirdə səsini dinləmək, qəzetdə şəklini, ekranda üzünü görməkdən yox, sözün daha ciddi, fəlsəfi anlamında onun kimliyinə bələd olmaqdan danışıram. "Verin kürsüləri şairlərə siz" göstərir ki, şairi şeiri, bədii sözü Əsəd hələ gənc yaşlarından yaxşı bilir, gözəl tanıyırmış.

 

Şeir 1989-cu ilin yayında bir dövlət məmuru ilə mənim aramda Parlamentdə baş verən qarşıdurmadan yaranmışdı. Moskvanın adamı olan rus qafalı dövlət məmuru məni kürsüdən düşürməyə nə qədər çalışsa da, bunu bacarmamışdı. Görünür, o dönəm üçün çox səciyyəvi olan və ən dürlü şəxslərlə bağlı tez-tez baş verən bu dramatik olay gənc Əsədi güclü etkiləmiş və o, bundan ilhamlanaraq, "Verin kürsüləri şairlərə siz"i yazmışdı:

 

Kəsməyin önünü şah misraların,

Qoy, sözləri salsın ürəklərdə iz!

Götürün dövlətin, götürün varın,

Verin kürsüləri şairlərə siz!

 

Görünməz gözünə nə ölüm, nə qan,

Çağlayan ilhamı sönməyəcəkdir!

Əgər şairdirsə, haqqın yolundan,

Soyun dabanından, dönməyəcəkdir!

 

Şairin sözünü kəsmək günahdır,

Dağları-daşları yıxacaq bir gün!

Qayalar altından sızan bulaqdır,

Özünə yol tapıb çıxacaq bir gün!

 

Tanrının səsidir şairin səsi,

Zülmət gecələrdə çaxar bir anda!

Elə bir mehdir ki, şair nəfəsi

Milyon qığılcımı yaxar bir anda!

 

Sözdür ən müqəddəs duzu-çörəyi,

Bunu ondan başqa kim dada bilər?!

Bircə himə bənddir şair ürəyi,

Dağları yerindən oynada bilər!!!

 

Qopsa da qasırğa, günəş də sönsə,

Şairin haqq sözü dəyişməz qalar!

Bir sözün başında şair dayansa,

O yerdə ədalət göyə ucalar!

 

Ən ağır zülmə də çökməyərək diz,

Yalnız şair deyər sözün düzünü!

Verin kürsüləri şairlərə siz,

Yoxsa öz qanıyla deyər sözünü!

 

Əyilər zirvə də, susar dəniz də,

Şairin sözünü kəsmək nahaqdır!

Onu versəniz də, verməsəniz də,

Təbiət şairə verib bu haqqı!

 

Ola bilər ki, təvazödən bir az uzaq səslənsin, amma xalqın ölüm-dirim savaşına qalxdığı o təlatümlü günlərdə bir universitet gəncinin və onun timsalında gəncliyin məni məhz belə görməsi və belə təsvir etməsi, doğrudan da, qürurverici idi. Amma indi bu şeirdən sadəcə mənə həsr olunduğu üçün danışmıram. Ona görə danışıram ki, şeir meydan olaylarının üsyankar ruhunu, oyanmış xalqın düşmənə qarşı hiddəti və azadlıq həsrətini, ümumən hadisələrin çoşqunluğunu bütün vüsəti ilə özündə əks etdirirdi. Özəlliklə də, olayların Qanlı Yanvara qədərki coşqun romantizmi, bayraqdarlığın Əlahəzrət Zamanın hökmüylə şair-yazıçılara verilməsi şeirdə özünün parlaq ifadəsini tapıb.

 

 

 

...Şeir məni ixtiyarsız olaraq keçmişlərə aparır. Kürsülərə sinə gərən şair-yazıçılar arasında kimlər yox idi? Öz işıqlı anılarını bizə yadigar qoyub, ölməzlik dünyasına köç eləyən İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Nüsrət Kəsəmənli...

Və nəhayət, bu şeirdən danışmağa nədən olan daha bir amil də var. "Verin kürsüləri şairlərə siz"də ümummilli təsəvvürdə yaşayan bir şairin - boy boylayıb, soy soylayan Dədə Qorqud, zindana salınan Xaqani, mənalar mülkünün hökmdarı Nizami, dabanından soyulan Nəsimi, qılıncla qələmi birləşdirən Xətai, könüllər sultanı Füzuli, dara çəkilən Vaqif, dəryada dağ kimi duran Sabir, şeirini satmaq zorunda qalan Hadi, Sibirə sürülən Cavid, repressiya baltasına tuş gələn Müşfiqin... ümumiləşdirilmiş obrazı var. Şeirin hər bəndindən öz ağrılı-acılı taleyi ilə bir şair boylanır. Şeirdə xalqımızın şeirə-sənətə olan sevgisi, ehtiramı var. Şairin, şeirin, ümumən ədəbiyyatın tarixi rolunun təsdiqi var. Bədii sözün olağanüstü gücünə iman var. Haqqın qələbəsinə inam var. Azadlıq uğrunda savaşa çağırış var, bir sözlə, çox istəklər var.

 

"Verin kürsüləri şairlərə siz" öz müəllifinin sonrakı yaradıcılığında qabarıq üzə çıxan bir yönündən də xəbər verir. Yaşıdlarının önəmli qismindən fərqli olaraq, ümummilli taleyüklü sorunlara, vətəndaşlıq konularına, sosial-siyasi problemlərə güclü maraq, xalqın taleyi ilə yaşamaq və bu taleyə yanmaq! Ən ilginci isə budur ki, qabarıq sosial-siyasi tematika onda mistisizmlə çulğalaşır və beləliklə, bu iki əks qütbün birləşməsi çağdaş dönəm ədəbiyyatımızın unikal isimlərindən biri olan Əsəd Cahangir imzasını meydana gətirir.

 

Məhz bu iki cəhətin birləşməsi hesabına onun olaylara baxışı fərqli və hərtəfəlidir, bütövdür, tamdır. Məsələn, Meydan hərəkatına bizdə ya əksərən birmənalı müsbət, ya da mənfi yanaşırlar ki, bu da onun əsl anlamının dərkinə mane olur. Əlbəttə ki, bu konuda həqiqəti bütün yönləri ilə əks etdirən əsərlər də var - məsələn, Sabir Əhmədlinin "Kütlə", Əli Əmirlinin "Meydan", Əjdər Olun "Lo" romanları. Amma poeziyanın bir üstünlüyü var ki, romana sığacaq mətləbi bəzən iki-üç misra, hətta bircə söz vasitəsilə də çatdıra bilir. Ə.Cahangirin "Namaz" poemasında Meydan hadisələrini əks etdirən bu parçada olduğu kimi:

Tez ol, aç pəncərəni,

seyr et bu mənzərəni:

sığmır daş məcralara

qıjıldıyır insanlar,

vızıldıyır adamlar,

nümayiş seli daşır.

Dalğalanır bayraqlar,

çalxalanır yumruqlar,

mitinq dənizi qalxır,

qiyam şəhəri basır!

 

"Verin kürsüləri şairlərə siz"i yazan Əsəd hələ olayların içindədir, azadlıq savaşının özü kimi gəncdir, romantikdir. Şeirdəki romantik vüsət, üsyankarlıq məhz bununla bağlıdır. "Namaz"da isə bütün bunların üstündən az qala iyirmi il keçib. Burda olaylara meydandan yox, meydana açılan pəncərədən, yəni həm kənar, həm də hündürdən baxılır. Bu, müəllifə imkan verir ki, faktları daha soyuq başla saf-çürük eləsin, onlar haqqında daha sakit tonda danışsın, hər cür romantik idealizədən qaçsın, hər şeyi mənfi-müsbət yönləriylə bir yerdə, tam, bütöv görsün. Bu yöndən diqqəti yuxarıdakı sitatdan iki həmqafiyə sözə çəkmək istəyirəm: qıjıldayır və vızıldayır. Bu sözlərdən birincisi məcrasına sığmayan coşqun çay, hər şeyi öz qabağına qatıb aparan sel, ikincisi isə boş-boş vızıldamaqla zəhlə tökən həşərat (eşşəkarısı!) assosiasiyası doğurur. Özü də hər iki növdən olan adamlar eyni bir olayın iştirakçısıdır. Meydanda doğrudan da, qıjıldayanlara da, vızıldayanlara da rast gəlmək olurdu və Əsədin uğuru ondadır ki, mənzərəni bütün zidd yönləri ilə görə və göstərə bilir.

 

Yeri gəlmişkən, bu parçada müəllifin uğurla yaratdığı və real özülə malik bir bənzətmədən də danışmaq istəyirəm. Ə.Cahangir "Azadlıq" meydanındakı coşqun mitinqləri Xəzərin tez-tez qalxması və Dənizkənarı parkı basmasına bənzədir. Bu, 90-cı illər Bakısının ən səciyyəvi mənzərəsi idi. Amma burda söz sadəcə zahiri bənzəyiş effektindən getmir. Ondan gedir ki, dənizin stixiyası ilə Meydan olaylarının ilk dönəmləri üçün səciyyəvi olan kortəbiiliyi, idarəolunmazlığı arasında daxili, semantik bir bənzəyiş var.

 

"Verin kürsüləri şairlərə siz" şeirini Əsəd universitetdə Qabil və Nüsrət Kəsəmənlinin tələbələrlə görüşündə oxumuş və mənə həsr etdiyini bildirmişdi. Bunu mənə şair dostlarım dedi və mən onun haqqında ilk dəfə belə eşitdim. İllər keçdi, dövrü mətbuatda onun çoxsaylı yazıları üzə çıxdı...

 

İş elə gətirdi ki, Əsədin bir imza kimi parlaması, geniş oxucu kütləsinin rəğbətini qazanması mənim sədrlik elədiyim "Vətəndaş Həmrəyliyi Partiyasının eyniadlı qəzetində baş tutdu. Onun bu qəzetdə dərc olunan "Yeni əsrin ibtidası" silsilə yazılarında, doğrudan da, yeni yüzilin ədəbiyyatının gələcək istiqamətlərinin ibtidası qoyulurdu.

 

Əsəd Cahangirin yazılarından biri - "Söz" essesi haqqında xüsusi danışmaq istəyirəm. Tarixi dəqiq xatırlamıram - təxminən doxsanınıcı illərin ortaları idi. Elə bir vaxt ki, qarmaqarışıq siyasi olaylar fonunda ikinci plana, iqtisadi dalana sıxışdırılan elm, ədəbiyyat, incəsənət çoxlarının yadına düşmürdü. Bəziləri olayların gərginliyinə dözməyib dünyadan köçmüş, bəziləri qələmi yerə qoymuş, bəziləri taleyin sərt dönüşündən küsərək vətəndən uzaqlara üz tutmuşdu. Və belə bir boşluqda ədəbiyyatda hələ yalnız ilk addımlarını atan bir gəncin bədii sözü ilahiləşdirib Tanrı mərtəbəsinə qaldıran "Söz"ü...

 

Amma mən sözün yaxşı anlamında, "Söz"ə təəccüb etmədim. Çünki "Verin kürsüləri şairlərə siz" deyən bir gəncin "Söz"ü yazması doğal və qanunauyğun idi. Yalnız şairi Tanrının yer üzündəki sözçüsü sayan bir şəxs sözü ilahi qatda görə bilərdi.

 

Adətən, yazıçı oxucunun gözü qabağında böyüyür və o, ilk addımlarını necə atır, necə gəlişir, necə biçimlənir, bunu hamı görür. Əsəd Cahangir "Azadlıq" meydanından söz meydanına qəfil, gözlənilmədən, hazır bir biçimdə gəlmişdi, Afina yaraq-əsləhəsi də üstündə Zevsin başından çıxdığı, birdən-birə peyda olduğu kimi... Başqalarının mətbuat səhifələrində illərlə keçdiyi yolu o, öz içində keçmiş, öz içində böyümüş, öz daxilində biçimlənmişdi. Başqa sözlə desək, o, ədəbiyyata öz içindən, öz daxilindən, öz ruhundan, öz taleyindən gəlmişdi. Məncə, onun ədəbi-bədii yaradıcılığı üçün səciyyəvi olan və qabarıq görünən orijinallığı da, yazılarındakı subyektiv başlanğıc da məhz burdan qaynaqlanır.

 

Hər bir qələm adamının öz fərdi ədəbiyyat tarixi olur, kimsə bunu yazıya alır, kimsə yox. "Söz" essesində Əsəd Cahangir özü də fərqinə varmadan öz ədəbiyyat tarixini yaradıb. Bu, sözün yaranışından günümüzə qədərki "tarix"dir. Əgər inansaq ki, hər insan öz ömründə insanlığın, hər şair şairliyin, hər alim də alimliyin yolunu qısa sürədə təkrar edir, onda Əsəd bu essesində özünün milli ədəbiyyatımızda ilk ədəbiyyat tarixi yaradan Firudin bəy Köçərli dönəmindədir.

 

Amma o, Firidun bəyin yüz il əvvəl dediklərini sadəcə təkrar etmir, əvvəla, sözün tarixini zamanca genişləndirərək tarixəqədərki dönəmin özünə qədər gedib çıxır. Əgər Firidun bəy ədəbiyyat tariximizə Füzulidən başlayırdısa, Əsəd Cahangir "Dünya Sözün bətnindən doğulub, söz isə dünyanın" deyə tarixəqədərki dönəmdən başlayır. Yəni o, ədəbiyyat tarixindən daha çox, əslində, "əbədiyyət tarixi" yazır. Elə bir dönəm ki, söz var idi, amma tarix hələ yox idi, əbədiyyyət var idi, ədəbiyyat hələ yox idi. Tarix çox-çox sonralar əzəli və əbədi sözün, ədəbiyyat əbədiyyətin görüntüsü kimi meydana çıxacaqdı. Zaman bükülmüş xalça kimi idi, o, söz-söz açılacaq, bu açılışda Nizamidən Muğannaya qədərki minillik ədəbiyyat tariximizin naxışları görünəcəkdi.

 

Sözün iki üzü var - əbədi və ədəbi, tarixəqədərki və tarixi. Əbədiyyət sözün noumenal, ədəbiyyat isə fenomenal tərəfidir. Odur ki, məsələ təkcə zaman intervalının genişlənməsində deyil, həm də ondadır ki, Əsəd Cahangir öz essesində sözün ikili mahiyyətini, ilahi və bəşəri üzünü göstərib. İlahi üzünü Söz, bəşəri üzünü isə sadəcə söz adlandırıb. İlahi söz dünyaya enir və insaniləşir. Şairin, yazıçının missiyası Tanrının yanından yerə enmiş sözü yenidən Tanrı mərtəbəsinə qaldırmaqdır. Şair Tanrı işinin davamını görür, onu tamamlayır və başa çatdırır. Essenin ifadə etdiyi başlıca məna budur. Nizami, Füzuli, Vaqif, Anar və İsa Muğannanın yaradıcılığına söykənən Əsəd Cahangir bu eniş və yüksəlişi minillik milli ədəbiyyat fakturasında izləyib.

 

Mən Əsəd Cahangirin bu illər ərzində yazdığı digər əsərlərini də oxumuşam və hər dəfə görmüşəm ki, bu əsərlərdə "Söz"dən gələn nəsə var. "Söz" onun bütün öncəki və sonrakı əsərlərinin fundamental özülündə durur. Bəs onun dürlü əsərləri arasındakı bu səsləşmənin, onların vahid bir sistemin üzvi tərkib hissələrinə çevrilməsinin daxili özülündə nə durur?

 

Hər cür gəlişmənin düz xətt deyil, çevrə modelində olmasına dair genəl qənaət!

 

Bu o deməkdir ki, dərinə gedəndə Əsəd Cahangirin dünyaqavramının özülündə bədiilik durur. Çünki bədii düşüncə çevrə, elmi düşüncə isə düz xətt quruluşunda olur. Elmi düşüncə daha çox müstəvi, bədii düşüncə isə daha çox fəza həndəsəsi qanunları ilə işləyir. Elmi düşüncə özünün düz xətt saydığı bir şeyin hansısa anda çevrəyə dönəcəyini görmür. Bədii düşüncə isə bunun fərqindədir. Odur ki, şairlər alimlərin fraqmentar şəkildə gördüklərini bütöv halda görürlər. Onlar başlanğıcla sonun birliyinə dair həqiqətə alimlərdən daha yaxındır. Təsadüfi deyil ki, Əsədin ilk esselərindən biri elə belə də adlanır - "Bir əvvəl var, bir axır var, deyirlər". Bu sözlər on doqquzuncu yüzil Güney Azərbaycan şairi Mir Mehdi Şükuhinin qəzəlindəndir:

 

Bir əvvəl var, bir axır var deyirlər,

Bu bir sözdür, nə əvvəl var, nə axır.

 

Şükuhi əvvəl-axırı varoluş yönündən olmasa da, idraki yöndən inkar edir, yəni əvvəl-axır var, amma biz onları qavraya bilmirik. Əvvəl-axır sadəcə bir sözdür. Əsəd Cahangirin fikrincə isə, söz hər şeyin başlanğıc və sonudur. Hər şey sözdən başlayıb, sözdə də qurtarır. Söz həm yaradan, həm yaradıcılıq prosesi, həm də yaradılandır. Həm ideya, həm də onun gerçəkliyə çevrilməsidir. Həm enerji, həm də onun maddiləşməsidir. Bir sözlə, dünyanın bu üzündə də, o üzündə də nə varsa, hamısı Sözdür. Təsadüfi deyil ki, o, dahi Füzulinin sözə dair şahanə misralarını "Söz"ə epiqraf seçir və bununla da, Şükuhi qatından Füzuli qatına keçir:

 

Can sözdür, əgər bilirsə, insan!

Sözdür ki, deyirlər, özgədir can!

 

Çevrə və düz xətt məsələsinin üstündə belə yerli-yataqlı durmağım, məsələnin həndəsəsinə qədər getməyim səbəbsiz deyil. Ədəbi-ictimai fikir Əsəd Cahangiri daha çox tənqidçi kimi tanıyır, çünki o, özünü daha çox belə təqdim edib və toplum da onu belə qəbul edib. Amma məsələnin məğzinə gedəndə görürük ki, onun yazılarının özülündə gəlişmə və hərəkətin çevrə modelində olması liə bağlı bədii düşüncə durur, elmilik isə bu özül üzərində ucalan binaya bənzəyir.

 

Eyni daxili bədiilik onun bu yaxınlarda "Ədəbiyyat qəzeti"nda dərc olunan "Səs" essesi üçün də səciyyəvidir. Əsəd Cahangir bu essesində də çevrə modelində düşünür, söz, səs və rəngin çevrə boyunca bir-birini əvəzləməsi, bir-birinə keçməsi qanunauyğunluğundan danışır. Sadəcə, "Söz"də söhbət ədəbi-bədii, "Səs"də isə ümumi kulturoloji yöndən gedir. "Söz" kimi "Səs"ə də söz və dil oyunları, yüksək metaforizm, şairanəlik xasdır. Lakin "Səs"in ən orijinal tərəfi esse müəllifinin Azərbaycanı söz, səs və rəng üzrə üç geokulturoloji məkana bölməsi, ən aktual tərəfi isə onun Qarabağ mövzusu ilə bağlılığıdır.

 

Əsəd Cahangir Qarabağı səs bölgəsinə aid edir, onu bu səs vasitəsilə yerlə göy arasındakı bağ kimi səciyyələndirir, Qarabağdan çıxan onlarla səs incəsənəti nümayəndəsini ilahi səsin yerdəki işarəsi sayır. Onun fikrincə, Qarabağın bədxah qonşular tərəfindən tutulması sadəcə ərazi itikisi yox, yerlə göy arasındakı bağı, ilahi səsi itirmək, onun azad olunması isə bu bağın və səsin geri qaytarılmasıdır.

 

Qarabağ haqqında indiyə qədər onlarla əsər yazılıb - qarabağnamələr, tarixi romanlar, poemalar, şeirlər, məqalələr... "Səs" özü də bir "Qarabağnamə"dir və özünəqədərki "Qarabağnamə"lərin ədəbi-fəlsəfi yekunudur. Amma onun bir fərqləndirici özəlliyi var. "Səs" Qarabağ tarixinə metatarixi rakursdan baxan yeganə "Qarabağnamə"dir. Yəni essedə ilk dəfə olaraq Qarabağ olaylarına ilahi amilin müdaxiləsi göstərilir, tarixin sadəcə insani yox, həm də ilahi yönü qabardılır. Əsəd Cahangirə görə, Qarabağ itkimiz hər şeydən öncə ilahi cəza, Qarabağ zəfəri ilk növbədə ilahi mükafatdır.

 

Əsəd Cahangirin "Dəmirbaşlar" essesi də eyni çevrə modelində düşünülüb. Sadəcə, burdakı mövzu-problema öncəki iki essedən daha genişdir. "Söz" essesindəki ədəbiyyat konusuna "Səs"də tarix və incəsənət, "Dəmirbaşlar"da isə elm, siyasət və fəlsəfə də əlavə olunur. Bu "əlavələr" esseistin maraq dairəsi və dünyagörüşünün zamanla genişlənməsindən xəbər verir. Onun "Aprel tezisləri. Postinsan haqqında esse" əsəri isə artıq keçmişə yox, gələcəyə yönəlib, insanın postinsan sabahına boylanır və bu sözügedən konuya Azərbaycan ədəbi-bədii, ictimai-fəlsəfi fikrində ilk boylanışdır. Bu essenin yazılmasından dərhal sonra baş verən bir sıra olaylar, özəlliklə də, pandemiya olayı Əsəd Cahangirin süni intellekt və süni seçim məsələsi ilə bağlı uzaqgörənliyində haqsız olmadığını üzə çıxarır.

 

İndi mənim amacım Əsəd Cahangirin esselərini bütün detalları ilə araşdırmaq deyil. Belə bir araşdırma daha geniş vaxt və böyük həcmli yazı istəyir. Amacım Ə.Cahangir və onun yaradıcılığı timsalında bədii düşüncə ilə elmi fikir arasındakı daxili sınırları bəlirləməkdir. Ə.Cahangirin adını çəkdiyim və çəkmədiyim istənilən yazısında gəlişmə çevrəsini başa vurub, ilkin nöqtəyə qayıtmaq istəyi (və ehtirası!) var ki, bu da onun, alt qatlarda poetik düşüncəyə sahib olmasından irəli gəlir.

 

Əsədin "O Adam", "Namaz", "Xarıgülnar" poemalarında bu qayıdış arzusu sadəcə açıq bədii okeana çıxır. Odur ki, bu poemalara "tənqidçinin şeir yazması" rakursundan baxmaq məsələyə səthi yanaşmaq deməkdir. Mövzu və məzmunundan asılı olmayaraq, hər üç poema bir konuda birləşirlər. Bu poemalar zərrənin küllə, damlanın dəryaya qayıdışına dair orta çağ sufi ideyasının yeni biçimdə ifadəsidir. "O Adam"da bu qayıdış insana, "Xarıgülnar"da Vətənə, "Namaz"da isə Tanrıyadır:

 

A koruş, görmürsənmi,

Tanrının balasısan?!

Tanrının Çənlibeli,

Tanrının qalasısan?!

Səndə Tanrı gizlənib!

Bilmirsən?!

Təndən anrı gizlənib!

Görmürsən?!

 

Hey! Həvva törəməsi,

samariyalı qadın!!!

Adam nədi, ər nədi,

bilmirsən bəşər nədi?!

Bilmirsən ki, cisminlə

Tanrının məbədisən?!

Tanrı kimi ölümsüz,

Tanrı tək əbədisən?!

Tanrıdan doğ balanı!!!

("Namaz")

 

Amma bu qayıdış istəyi birdən-birə meydana çıxmamış, sözügedən poemalardan daha öncə öz ifadəsini Əsəd Cahangirin "Qaytar məni dənizlərə" şeirində tapmışdı:

 

Tanrım, səndən başqa heç kəs

Kiməm, nəyəm, bilmir, axı!

Mən dünyayla dolanardım,

Dünya yola vermir, axı!

Qaytar məni dənizlərə!

Ya daş elə, ya quş elə,

Apar məni bir yuxuya.

Bulud elə, yağış elə,

Döndər bircə damla suya,

Qaytar məni dənizlərə!

 

Dənizlərin məhəbbəti

Sonsuz olur, dərin olur!

Orda hər şey təmiz olur,

Orda hər şey sərin olur,

Qaytar məni dəzinlərə!

 

Dişim olsun mirvarilər,

Yosunlar saçlarım olsun!

Qızıl balıq dostum olsun,

Su pərisi yarım olsun,

Qaytar məni dənizlərə!

 

Yolub yosun saçlarımı

Selə vermək istəyirəm!

Suda ölüm necə olur?

Suda ölmək istəyirəm,

Qaytar məni dənizlərə!

 

Aydındır ki, klassik sufi ədəbiyyatında dəniz, yaxud "dəryayi-mühit" hər şeyi özündən doğuran ilahi başlanğıcın simgəsidir. Təsadüfi deyil ki, Nəsimi bir məsnəvisində bu yaranış, doğulma sürəcini belə təsvir edirdi:

 

Dəryayi-mühit cuşə gəldi,

Kövn ilə məkan xüruşa gəldi.

Sirri-əzəl oldu aşikara,

Aşiq necə eyləsin müdara?

 

Klassik sufi düşüncəsinə görə, hər bir ruh ruhlar ümmanından ayrılmış bir damladır. O damlanın ən böyük istəyi öz ümmanına qayıtmaq və bununla da, ruhi-mənəvi rahatlıq tapmaqdır. Amma nə qədər ki, insan bu dünyadadır, bu istəyin gerçəkləşməsi mümkünsüzdür. Bu vüsalın ancaq bir yolu var - dünyanı tərk etmək. Yalnız bu zaman zərrə küllə, damla dəryaya qovuşa bilər. Təsadüfi deyil ki, Füzuli Leylinin ölümü ilə bağlı yazırdı:

 

Şövq əhlinə qürb hasil oldu,

Dəryasına qətrə vasil oldu.

 

Nəsimi, Füzuli kimi divan şeiri dahilərindən sitatlarım təsadüfi deyil. Bu, Əsəd Cahangirin klassik divan şeiri ilə ən dərin qatlarda bağlılığını göstərmək amacı güdür. Digər tərəfdən isə dünya ədəbi-fəlsəfi fikrinin son nailiyyətləri olan postmodernizm və postinsanla bağlı ilk yazıların da müəllifi bizdə məhz Əsəd Cahangirdir. Bu, onun "Söz"ünün diapazonunun genişliyi, "Səs"inin amplitudasının yüksəkliyindən xəbər verir. Bu yüksəklikdə insanla Tanrı, bu genişlikdə isə tarixlə indi bir yerdədir. Bunu Əsədin 44 günlük İkinci Qarabağ savaşındakı tarixi qələbəmizə həsr olunan son poeması - "Xarıgülnar"da daha aydın görmək olur.

 

Az qala başdan-başa dua-alqışdan ibarət poema Dədə Qorqudun hər boyun sonunda gəlib verdiyi yumlamaları xatırladır. Əsəd Cahangirin hər şeiri, hər poeması bir yumlamadır. Bu əsərlər şeir duadan doğulub fikrinin əyani təsdiqi, Tanrı bu şeirlərin son ünvanıdır. Əgər "O Adam" və "Namaz" poemaları bu yöndən orta çağ divan şeiri ilə səsləşirdisə, "Xarıgülnar" Dədə Qorqud poeziyasına mesaj göndərir:

 

Gəlin qəm-qüssəni könüldən ataq,

Uca dağ başında üç tonqal çataq!

Ozanlar ozanı Dədəm Qorqudla,

Yazanlar yazanı Anar

dərə-təpə düz gəlsinlər,

bir əlində qələm,

o biri qolça qopuz - gəlsinlər!

Boy boylasınlar

Soy soylasınlar!

Qaynasınlar, daşsınlar,

Düzüb-qoşsunlar!

Səsimiz batıdan batıb,

Doğudan car olsun!

Üzü görklü

Məhəmməd Mustafa eşqinə

Tanrı bizə yar olsun!

 

Əsəd Cahangirin "Verin kürsülərü şairlərə siz" deyəndə nəzərdə tutduğu ümumiləşdirilmiş şair-ozan obrazında Dədə Qorquda məxsus özəlliklərin də olması bu üzdən təsadüfi deyil.

 

Əsədin adını rəhmətlik Qabildən ilk dəfə eşitdiyim, elə bil, dünən idi. Bu gün isə onun artıq 55 yaşı, yaradıcılığının 30 ili tamam olur. Gəlin etiraf edək ki, Əsəd Cahangiri də, onun bir çox ədəbi nəsildaşlarını da gənc deyə-deyə qocaltmışıq. Fakt isə öz faktlığında qalır - son iyirmi-otuz ilin ədəbiyyatının ağırlığı ən çox məhz onların çiyninə düşüb.

 

Əzizim, Əsəd! "Söz"ün söz, "Namaz"ın qəbul olsun! "Səs"in uca kürsülərdən gəlsin! Səni 55 yaşın və yaradıcılığının 30 illiyindən dolayı ürəkdən təbrik edir, sənə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

Sabir RÜSTƏMXANLI

 

525-ci qəzet.- 2021.- 7 avqust.- S.14-15.