Düşündüklərini və yaşadıqlarını yazan şair

(Hikmət Məlikzadə - 50)

 

Mərhum folklorşünas alim Sədnik Paşayev yazır ki, hər bir şairin, sənətkarın poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Həqiqətən də, şeirləri ilə ürəklərə yol tapanlar, bir misrası ilə belə olsa yaddaşlara həkk olanlar sənətkarlıq baxımından poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır.

 

Haqqında söz açacağımız Hikmət Məlikzadə də belə şairlərdəndir. Bu gün Hikmət Məlikzadə imzası çağdaş şeirimizdə kifayət qədər tanınan, sevilən imzadır. Öz üslubuşeir yolu olan bu şairin yaradıcılığı pafosdan uzaq, poetik cəhətdən dolğun və qəlbə yatımlıdır.

 

Şeirlərindəki obrazlılıq və özünəməxsus poetik ruh Hikmət Məlikzadə yaradacılığı üçün əsas meyardır.

Düşündüklərini və yaşadıqlarını yazan şair - Tural Adışirin yazır..

Hikmət Məlikzadənin qələmindən süzülən şeirlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçiliroxucusunun ürəyinə yol tapa bilir. Poeziyaya, sənətə bütün qəlbi ilə bağlı olan Hikmət Məlikzadə ağrılı, acılı, şirinli öz şair taleyini yaşayır:

 

Ömür quyu deyil, eşqi ip sanıb,

Canı addımbaşı dərdə sallayım.

 

Hikmət Məlikzadənin poeziyası həyat həqiqətlərindən yoğrulan, dərdlə qol-boyun olub yaşayan poeziyadır. Şairin şeirlərində həyatın nəbzi döyünür, həyatın acılı-şirinli anları, sevgi iztirabları, ayrılıq məqamları boy göstərir.

 

...Ömrümdə bir dəfə canımdan xəlvət

sevda yanğısına tutuldum,

sevdiyim qızı da özü boyda tabuta qoyub

özü böyüklükdə qəbrə atdılar.

 

Nakam məhəbbətin yanğısı şairin yaradıcılığının kədərlə yoğrulmuş əsas mövzularından biridir. Şair sevgi şeirlərində sinəsini yandırıb yaxan, süngü yarasına dönən xatirələrlə yaşayır:

 

Bir xatirə yağışı var hər ötən anın,

Xatirələr şeh düşəndə bal kimi olur.

Ruhlar sevgi rəngindədi, dualı qadın,

Lal duyğunun əzabı da lal kimi olur.

 

Şair sevgi şeirlərindəki səmimiliyi, poetik orijinallığı digər mövzulu şeirlərinə yansıdır. Şeirlərində həyat hadisələrini sənət hadisəsinə çevirərək poetik enerjisini daha da dinamikləşdirir. Hikmət Məlikzadənin poetik fantaziyası sözü rəngdən-rəngə salır, obrazlılıq dərəcəsini daha da artırır.

 

Aydınlıq sadəlik prinsipi şairin şeirlərində bədii təsvir ifadə vasitələri üzərində elə sintez olunur ki, oxucuda sözə qarşı bir heyranlıq yaranır. Sözdən obrazlılığa keçid edərək bədii fiqurlar üzərində şeirin poetik yükünü zənginləşdirir. Obrazlı, poetik yüklü deyimlər onun şeirlərində ən əsas amildir.

 

Beş-on günlük səyahətdi ömür adamçün,

Sonra qəfil hər çiyindən bir tabut düşür.

 

yaxud:

 

Hava çəkir xatirələr qapısız evtək,

Mən ruhumun nazı ilə az oynayıram.

Duyğularım xəlbir kimi deşik-deşikdi,

Həyat mənə toy tutanda, saz oynayıram.

 

Onun şeirlərindəki poetik-estetik ovqat obrazlılıq üzərində qurularaq musiqi kimi axıcı ritmikdir.

 

Şeir dili estetik çalarlar üzərində düzənlənir sözü obrazdan-obraza salaraq sözə yeni məna çaları qatır. Köhnə qəliblər üzərində təzə poetik obrazlılıq yaradır:

 

Qəfil tindən çıxan kölgədi ölüm,

Əcəl bir kimsədə xətir saxlamaz.

Biz zülmün atdığı daşa bələdik,

Haqdan gələn daşı çətir saxlamaz.

 

Hikmət Məlikzadənin şeirləri oxucunu düşündürən, özündərk etmə üzərində yaranan poeziya aktıdır. Şeirlərindəki fəlsəfi qat insan zaman konteksti üzərində qurularaq oxucuya şüuraltı təsir edir:

 

Tale məni naşı bilir,

Mənə dərdin kirin satır...

Torpaq da, can bazarıdı,

Birin alır, birin satır.

 

Şair bədii təfəkkürünün süzgəcindən süzülüb gələn şeirlərlə düşündüklərini yaşadıqlarını yazaraq həm özünü yaradır. Şeirlərində özüylə danışan şair həm özünə doğru yol gedir:

 

Min ildi yolum eyni,

Gül tutub bar ağacım.

Mən kəndir axtarıram,

Bar vermir dar ağacım.

 

Hikmət Məlikzadəni oxuculara sevdirən bir səbəb poezyasında xəlqilik, milli kökə, mənəviyyata bağlılıqdır. Şeirlərindəki Vətən obrazı onun yurduna, el-obasına vurğunluğundan doğulur. Vətənə həsr etdiyi şeirlərində nümunəvi vətəndaş kimi çıxış edir. Şairin 44 günlük Vətən müharibəsi günlərində yazdığı şeirlərdə bu ovqat hiss olunur:

 

Düşmən bizi taladı bax,

Torpaq çala-çaladı bax,

Hər oğlun bir qaladı bax,

Qürur yerim andım Vətən.

Şəhid verdin, yandım, Vətən.

 

Şəhidə olan sevgi, şəhid nisgili Hikmət Məlikzadənin poetik ovqatına yansıyır, onun ürəyini yandırır, içini sızıldadır. 44 günlük Vətən müharibəsinin Zəfərlə bitməsi hər bir vətəndaş kimi şairin də ürəyini sevindirir, şəhid olan oğullara Sən qalibsən, sən, ay şəhid deyə müraciət edir:

 

Kibrit islaq, bu şam azad,

Bir qorxusuz quşam, azad,

Laçın məmnun, Şuşam azad,

Duaçınam, mən, ay şəhid,

Sən qalibsən, sən, ay şəhid.

 

Ədəbi mühitdə istedadlı şair kimi tanınan Hikmət Məlikzadə həm tədqiqatçıdır. Onun elmi-publisistik tədqiqatlarına bir sıra monoqrafiyalar daxildir.

 

Mənzərə Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri, Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü, Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları monoqrafiyalarının müəllifidir. Hikmət Məlikzadə poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığı ilə ədəbi mühitdə aparıcı imzadır.

 

Hikmət Məlikzadə "ömrü söz uğrunda girov qoyan"(M.Aslan) şairdir. Ona şairlik pasportu Tanrı tərəfindən verilib. Şair ömrü bir taledir. Adi adamlar bir tale yaşayırsa, şairlər iki tale yaşamağa məcbur olurlar: insan taleyi şair taleyi.

 

Hikmət Məlikzadə hər iki taleni alnıaçıq, şərəflə yaşayaraq ömrünün 50 ilini arxada qoyur. Növbəti 50 illikdə ona poeziyanın bu keşməkeşli, enişli-yoxuşlu yollarında möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Tural ADIŞİRİN,

AMEA-nın Şəki Regional Elmi Mərkəzi

kiçik elmi işçi

 

525-ci qəzet.- 2021.- 10 avqust.- S.14.