Süleyman Rüstəm misralarında Qarabağ sevgisi

Zaman-zaman Azərbaycan ədiblərinin, xüsusilə Sovet dövrü şair və yazıçılarının əsərlərində Qarabağ mövzusu, Qarabağ sevgisi xüsusi xətlə təsvir olunub. Belə ədiblər sırasında Xalq şairi Süleyman Rüstəm də var.

 

O, Qarabağa dair şeirlər həsr etməklə yanaşı, müxtəlif səpkili şeirlərində vətənimizin tarixi məkanlarının adını Qarabağı da xüsusi vurğulayırdı. Ədib Sovet dönəmində Qarabağa uzanan qara əlləri, əsən sərin yelləri görürdü. Bir azərbaycanlı kimi, vətəndaş şair kimi istər birbaşa, istər dolayısı, istərsə də sətiraltı mənalarla oxucusunu düşünməyə məcbur edirdi.

 

Həyatını, varlığını, yaşamağının mənasını bütöv, bölünməz Vətənin varlığında görən şair Qarabağı daim Vətənin ayrılmaz hissəsi kimi vəhdət şəklində təsvir edirdi:

 

Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ...

Tarixə bu adla yazılıb şöhrətim,

Necə fəxr etməyim, həmişə üzüağ,

Məclislər başında əyləşir millətim.

 

Bəli, əziz millətinin qələmini hər zaman əlində tutan şair şeirindəki təntənəni məhz Vətən torpaqlarının vəhdətində görür, onu sevinclə, iftixarla qələmə alırdı:

 

Qanadlanıb illər uçur

durnaların qatarıtək.

Yer üzündə bahar hanı

eşqimizin baharıtək!

Xoş gündür Şamaxının,

Naxçıvanın, Qarabağın,

Dağlarının əl çatmayan

başındakı qara baxın.

O, qar deyil, ya Babəkin

ya Nəbinin papağıdır.

Məncə, dağlar ətəyində

İgidlərin ocağıdır,

Tüstüləri duman kimi

Səpələyən düzənlərə.

Bu gün yenə

Bir uğurlu səfərdəyəm,

Uzun yollu səfərdəyəm,

Ellərə əl uzadıram

ilhamıma kömək üçün,

Ürəklərdən od alıram

təzə bir söz demək üçün.

 

Qarabağın xəzanbilməz gülzarını, çəmənini dolaşmaqdan, Cıdır düzünün əsrarəngiz füsunkarlığını seyr etməkdən, Xarıbülbülün gözəlliyini oxşamaqdan, İsa bulağından su içməkdən doymayan S.Rüstəm onu məhz daim bu dilbər guşədə axtarmağı vəsiyyət etmişdi:

 

İlk bahar çağında

İsa bulağında,

Araz qırağında,

Sonalı göllərdə axtararsınız.

 

Azadlıq, Vətənin bütövlüyü uğrunda canından keçən Vətən oğullarının hər zaman xatırlanmalarını şeirlərində xüsusi olaraq vurğulayırdı:

 

Abşeronda, Şamaxıda, Qarabağda, Naxçıvanda,

Vətənimdə hər məkanda

Səadətlər baharını seyr edəndə,

Durnaların üçbucaqlı qatarını seyr edəndə

Dinləyəndə büllur gözlü bulaqların nəğməsini,

Təbəssümü şeirə sığmaz dodaqların nəğməsini,

Son nəfəsdə "Vətən" deyən, "ana" deyən oğulları

xatırlayın!

Anaları "balam" deyib, qara geyən, oğulları

xatırlayın!

 

Xatirat dəftərini vərəqləyərək, bir zaman gənclik çağında Qarabağda məhəbbət eşqilə alovlanıb-yanan qəlbini bir gözəl qıza verdiyinin həsrətini yaşayan, kövrək hisslərini, qəlb çırpıntılarını şeirə köçürən S.Rüstəm "Yadıma düşdü" şeirində yazırdı:

 

Xatirat dəftərim durur qarşımda,

Dolaşır bir ölməz sevda başımda,

Gözəl Qarabağda cavan yaşımda,

Bir gözəl seçdiyim yadıma düşdü.

 

Uçdu bir sonatək eşqin gölündən

Adı bu aşiqin düşməz dilindən.

İsa bulağında onun əlindən

Su alıb içdiyim yadıma düşdü.

 

S.Rüstəmin Qarabağ mövzusunda yazdığı ən maraqlı şeirlərindən biri də "Qarabağlı dostumla söhbət" şeiridir. Daim Bakıdan, doğma Xəzərin ləpələrindən Abşeron isti, qızılı qumlarından böyük sevgi ilə söhbət açan S.Rüstəm qarabağlı dostu ilə söhbətində Qarabağın əsrarəngiz gözəlliyindən, Şuşanın füsunkarlığından ümumi vətən sevgisindən bəhs edir:

 

Qardaşım mən bakılı, sən şuşalı,

Vətən övladı danışmaz havalı...

Solmayan canlı çiçəkdir Qarabağ

Yox bərabər ona, təkdir Qarabağ!

Qarabağ xeyli gözəldir, nə sözüm,

O yerin vurğunuyam çünki özüm...

Sənə xoşdursa, düzənlər, təpələr,

Mənə xoşdur, dəli, şıltaq ləpələr.

Sənə xoşdursa sərin dağ havası,

Mənə xoşdur Bakının bağ havası.

Olmayaq mən Şuşasız, sən Bakısız,

Əbədi sən Şuşasız, mən Bakısız,

O, mənimdir, o, sənindir, dostum.

Vətənindir, vətənimdir, dostum.

 

Qarabağdan söz düşəndə sözsüz ki, Molla Pənah Vaqifi yada salmamaq mümkün deyildir. Qarabağ xanının baş vəziri olaraq Qarabağın inkişafına, qorunmasına, eləcə də şair kimi poeziyamızın inkişafına böyük töhfələr verən Vaqif S.Rüstəmin sevdiyi şairlərdən olub. 1982-ci il yanvar ayının 15-də Şuşada Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə qarlı-şaxtalı bir gündə Vaqifin məqbərəsinin açılış mərasimində mikrofon qarşısında çıxış edən S.Rüstəm "Kaş görəydi bu günləri..." şeirində deyirdi:

 

Ən müqəddəs məbədiydi Vətən Vaqifin,

Şair könlü bülbül kimi ötən Vaqifin.

Qazaxlıdır, bakılıdır, qarabağlıdır,

Gəncəlidir, şəkilidir, elə bağlıdır!

Onu belə tanıyanlar tamam haqlıdır,

Şeir-sənət dünyasıdır qoca Vaqifin.

Qarabağın dar günündə qara bağladı,

Döyüşlərdə ölənlərə matəm saxladı.

Şair gözü bir gün güldü, bir gün ağladı.

Qələm tutan barmaqları yandı Vaqifin,

Şeir deyən dodaqları yandı Vaqifin.

 

Qəlbindəki arzularla köçdü dünyadan,

Keçdi aylar, ötdü illər, dəyişdi zaman.

İnsan kimi nəfəs aldı bu yerdə insan,

Kaş görəydi bu günləri gözü Vaqifin,

Əyləşəydi söz taxtında özü Vaqifin.

 

Son misralara nəzər salmaq yerinə düşər. Bu misralar bu günümüzlə həmahəng səslənir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağ torpaqlarını, Şuşamızı düşmənlərdən azad etdi. Orada əbədi sülh bərqərar olundu. Şuşa Azərbaycanımızın mədəniyyət mərkəzi elan olundu. Hazırda vəhşicəsinə, vandallıqla dağıdılmış Vaqifin məqbərəsi yenidən bərpa olunur. Yəqin ki, Vaqifin ruhu bunları görür, şaddır... Necə ki, S.Rüstəm şair qəlbi ilə bunları belə görürdü:

 

Açılır lalə kimi mən hara baxsam-ürəyim,

Bu yer oğlunda yerə yercə məhəbbət görürəm.

Yenə güllərlə, çiçəklərlə bəzənmiş Qarabağ,

Mən könüllərdə, ürəklərdə səadət görürəm.

Başqa dövrandır Vaqif bu gözəl dövranımız,

Seyr edib yurdumu hər yerdə ədalət görürəm.

Mən Süleyman gələrək ilhama pərvazlanıram,

Birlik amalına xalqımda sədaqət görürəm.

 

"Seyr edib mən bu Vətən mülkünü cənnət görürəm" deyən şair vətən torpaqlarımıza qənim kəsilən, xalqımıza qarşı düşmənçilik toxumu səpən, soyqırım həyata keçirən erməni faşistlərinə qarşı çıxır, həm çıxışlarında, həm də şeirlərində öz vətəndaş səsini qaldırırdı. "Oyan xalqım, xorenlər iş başındadır, Xudayarlar bekar gəzir" - deyə car çəkən şair hamını erməni faşizminə, separatizminə qarşı mübarizəyə səsləyirdi. Əslində, diqqət yetirsək, bu misra sözün əsl mənasında bir çağırış idi.

 

Keçən əsrin 80-ci illərinin sonunda erməni millətçilərinin Qarabağa uzanan qara əlləri, əzəli Azərbaycan torpağının Ermənistana birləşdirilməsi fonunda başlanan münaqişə digər vətəndaşlarımız kimi, şair Süleyman Rüstəmə də öz mənfi təsirini göstərirdi. O, "Bizə əl qaldıranın çiynində başı qalmaz, Qanlı zülm ocağında daş üstə daşı qalmaz" - deyib oğul və qızlarımızı Vətən torpaqlarının, Qarabağın müdafiəsinə səfərbər edirdi.

1988-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında Qarabağ məsələsi müzakirə edilən zaman parlamentin sədri, şair Süleyman Rüstəm canlı efirdə parlamentin xitabət kürsüsündən həm Sovet İttifaqı hökumətinə, həm də bədnam erməni millətçilərinə etiraz edərək, özünün məşhur "Qarabağnamə"sini oxuyaraq, Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu bir daha dünyaya bəyan etdi:

 

Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ,

Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ.

 

Yadigarsan babalardan bizə, ey şanlı diyar,

Dostluğun fəxr elə - bağlarında təməl daşları var.

Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar,

Şuşası şeirimizin çeşməsi dilbər Qarabağ!

Yürüşündə hər ili əsrə bərabər Qarabağ!

Qoymaram yad əli dəysin bağının güllərinə,

Mən Süleyman, səninəm, sən də mənimsən, Qarabağ!

Vətənimsən, vətənimsən, vətənimsən Qarabağ!..

 

Hər zaman şeirlərindəki sərt misralarını düşmənlərin bağrına güllə edən, yurdunu daim qəm-qüssədən, kədərdən uzaq görməyə vərdiş edən, vətənini cənnətməkan, hürr görmək istəyən bu ustad sənətkar Qarabağ hadisələri fonunda böyük sarsıntı yaşadı. Hər zaman şeirlərinin sonuna nöqtə, vergül qoymayan bu böyük vətən fədaisi kövrək qəlbinin döyünməsinə nöqtə qoydu, bu dünyadan nigaran köçdü. Lakin ölümündən düz 31 il sonra Müzəffər Ordumuz üç rəngli, ay ulduzlu Azərbaycan bayrağını Qarabağ torpaqlarına, eləcə də Azərbaycanın tac şəhəri Şuşaya sancdı, düşmənləri doğma torpaqlarımızdan dəmir yumruqlarla qovdu. Məncə, indi ruhunuz məzarda şaddır, ey böyük ustad. İnanıram ki, tezliklə, 40 ildən sonra M.P.Vaqifin məqbərəsinin 2-ci açılış mərasimində Siz də xatırlanacaq, şeirləriniz səslənəcək. Bir zaman böyük sevgi, məhəbbət, coşqu ilə yazdığınız "Canlara candır, Qarabağ" qəzəliniz həmin mərasimə xüsusi rəng qatacaq:

 

Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,

Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.

Dostlarından eşidirsən bu sözü nəğmə kimi -

"Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ".

Vaqifin, Natəvanın səndə ayaq izləri var,

Məncə, şairlər üçün başqa cahandır Qarabağ!

Hər bahar fəsli bu könlümdə adın qönçələnir,

Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!

Sən bilirsən ki, mənim təkcə cənub dərdim var,

Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ! -

Sən canımsan, ciyərimsən, ürəyimsən ürəyim,

Deyirəm, car çəkirəm canlara candır, Qarabağ!

Sənə övlad kimi sadiq bu Süleymanını sən

Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!

 

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 12 avqust.- S.10;11.