Yaşasın musiqi

 

"SİZ AĞABACI RZAYEVANI TANIYIRSINIZMI?"

 

Sizi inandırıram, əgər küçəyə çıxıb 10 qadının qarşısını kəsərək bu sualı onlara versəniz, gözlərini döyüb təəccüblə üzünüzə baxacaqlar: "Yox, tanımıram. O, kimdir ki?"

 

Amma nəinki həmin on qadının onunun da, hətta bu gün təcrübəli ana, cavan nənə olan yüz minlərlə, bəlkə də milyonlarla qadının - Azərbaycan xanımlarının bir neçə nəslinin Ağabacı Rzayevanın bəstələdiyi "Kuklam" mahnısını oxuya-oxuya böyüdüyünə şübhəniz olmasın.

 

Mən hələ "Qaranquş"u, onlarla digər gözəl uşaq mahnısını, habelə dillər əzbəri olan lirik şərqiləri, romansları demirəm!

 

Dahi Üzeyir bəyin ən sevimli tələbələrindən olan Ağabacı Rzayeva nəinki Azərbaycanda, ümumiyyətlə, Şərqdə peşəkar təhsil almış ilk qadın bəstəkar, tarda peşəkarlıqla ifa edən ilk qadın tarzənlərdən olub.

 

Bir çox mahnılarının sözlərini də Ağabacı xanım özü yazıb.

 

Amma çifayda, neçə illərdir ki, bütün Azərbaycan onu unudub - elə bil bu adda bəstəkar olmayıb, bu əsərləri o, bəstələməyib.

 

Nə televiziyada, nə mətbuatda, nə də sosial şəbəkələrdə onu yada salan, xidmətlərindən söz açan var.

 

Bu boyda ədalətsizlik, haqsızlıq, bu boyda biabırçılıq olarmı?

 

Bəs hanı bizim Bəstəkarlar İttifaqı, həşəmətli musiqişünaslar, "qədirbilən" jurnalistlər?

 

Nə gizlədim, bu xəcalətdən elə mənim özümə də pay düşür. Ötən əsrin 80-ci illərinin sonlarında işlədiyim "Bakı" qəzeti üçün Ağabacı xanımdan yazı hazırlamaq fikrinə düşdüm. Şöbə müdirinin köhnə telefon kitabından onun telefon nömrəsini götürüb zəng vurdum. Dəstəyi bir qadın qaldırdı. Elə bildim Ağabacı xanımdır. Təzəcə xoş-beşə başlamışdım ki, xəttin o başındakı qadın yumşaq səslə dedi ki, danışan Ağabacı yox, onun bacısıdır. Ağabacı xanımı soruşanda qadın bu dəfə yorğun səslə - "Ağabacı 1975-ci ildə vəfat edib" - dedi.

 

Nə hala düşdüyümü təsəvvür edirsinizmi? Yer yarılsaydı, xəcalətimdən yerə girərdim...

 

Ertəsi gün Ağabacı xanımın bacısı Ruqiyyə xanım atası tarzən Məşədi Fərəc haqqında yazdığı kiçik həcmli "Xatirələr" kitabını götürüb redaksiyaya gəldi. İlahi, mənə nə mane oldu ki, onunla lazım olan söhbəti edib lazım olan yazını yaza bilmədim?!.

 

Bəlkə düşdüyüm şok vəziyyətindən çıxa bilməmişdim, bəlkə onun üzünə xəcalətdən baxa bilmirdim - ona görə?

 

...Aradan on illər keçib və mən bir gün Ağabacı xanımın ruhu qarşısında öz günahımı azacıq da olsa yumaq istədim, dahi pianoçumuz Vaqif Mustafazadənin bənzərsiz ifasında bəstəkarın bir vaxtlar dillər əzbəri, toylar bəzəyi olan "Evimizə gəlin gəlir" mahnısının melodiyalarını toy məclislərində çəkilmiş fotolara calaq edərək bir videoçarx hazırlayıb feysbuk səhifəmdə paylaşmaq istədim. Dedim qoy bu ifadan xəbəri olmayanlar baxıb görsünlər ki, V.Mustafazadə təkrarsız improvizasiyaları, "Segah" ladında qeyri-adi gəzişmələri ilə bu gözəl mahnını necə səsləndirib!

 

Amma deyim ki, bu melodiyaya uyğun fotolar axtaranda 2-ci dəfə, özü də daha mükəmməl şəkildə xəcalət çəkdim. Təsəvvür edin, internetdə yüzlərlə fotonun içindən üzə çıxarılası, bizim milli toy ənənələrinə uyğun 10-15 foto tapa bilmədim. Əvəzində qarşıma görün nə şəkillər çıxdı - gəlin arxadan bəyin belinə tullanır.., bəy gəlinə sanki təpik atır.., gəlin öz toyunda keçi kimi atlanıb-düşür...

 

Nə isə...

 

Belə getsə, vallah, biz dəyərli musiqi incilərimizi özümüzdən küsdürəcəyik...

 

İLK DƏFƏ SƏTƏLCƏM OLMAĞIMIN 50 İLLİK "YUBİLEYİNƏ"

 

Mən bu sirri düz 50 il idi ki, ürəyimdə gəzdirib heç kimə açmırdım. Amma indi dostlarımın arasında əsl musiqini duyan, məni o vaxtkı hərəkətimə görə qınamayacaq həssas insanların olduğunu nəzərə alıb axır ki, ürəyimi boşaltmaq qərarına gəldim...

 

Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" əsəri mənim ruhuma hakim kəsiləndə uşaq idim. Nə sirr idisə, bu əsərin melodiyalarını eşidəndə bir növ "trans" vəziyyətə düşüb özümü qeyri-müəyyən, irreal bir məkanda hiss edir, ruhum təzələnirdi. Mən bu əsəri az qala hər gün, təkrar-təkrar dinləməyə hazır idim, amma belə bir şansım yox idi - o vaxtlar səsyazan diktofonlar, maqnitofon-filan hələ məişətimizə daxil olmamışdı, audioyazı şəbəkəsi isə ara mahnıların yazıları ilə alver edirdi. Ona görə də ümid qalırdı eyvanımızın divarından asılmış balaca radioya. Bilirdim ki, həftənin müəyyən günlərində, müəyyən saatlarda orada "simfonik musiqi saatı" rubrikası ilə simfonik əsərlər səsləndirilir və kapriççionu növbəti dəfə məhz həmin vaxtlarda eşidə bilərəm. Odur ki, gecə hamı yatandan sonra radionun səs düyməsini burub ən son vəziyyətə qoyurdum ki, əsər səslənəndə uzaqda da olsa eşidim...

 

...Və qarlı-şaxtalı qış günlərinin birində yuxuda kapriççionun melodiyalarını eşitdim... Gözlərimi açan kimi bildim radiodur. Məni saxlamaqmı olardı? Yerimdən dik atılıb elə alt paltarındaca eyvana cumdum.

 

Eyvanımız açıq olduğundan isti pəncələrim şaxtadan az qala buz bağlamış döşəməyə dəyəndə canıma qəribə bir üşütmə axdı... Amma buna fikir vermədim, döşəmədə ləpir sala-sala irəliləyib radionun altında düz 8 dəqiqə heykəl kimi dayandım və öz musiqimi dinlədim...

 

İfa başa çatandan sonra həmin o irreal məkandan eyvanımıza dönüb sevinc qarışıq təəssüflə otağa qayıtmaq istəyəndə gördüm ki, ayaqlarım az qala döşəməyə yapışıb və dişim dişimə dəyir. Ayaqlarım və əllərim keyimişdi... Döşəmədən "qopub" özümü otağa ataraq yenidən isti yorğan-döşəyə girdim...

 

Amma artıq gec idi!..

 

Səhəri gün yataqdan qalxanda həyatımda ilk dəfə başım necə fırlandısa, ayaq üstə dayana bilməyib döşəməyə yıxıldım və bu yıxılmaqla da ən azı 10 gün yataqdan qalxa bilmədim. Həmin o 10 gündə yanımdan aralanmayan anamın tez-tez dediyi sözlər indi qulaqlarımda səslənir: "Sənə nə oldu, a bala? Sən ki soyuğa belə asan təslim olan deyildin..."

 

Aradan 50 il keçib. Bu 50 ildə çox şey dəyişdi: Həmin o köhnə radio lap köhnəlib sıradan çıxdı... Sonralar əldə edə bildiyim kapriççionun yazıldığı val oxutdurmaqdan cızıq-cızıq olub yararsız hala düşdü... Fikrət Əmirov da, o əsərin təkrarsız interoretatoru maestro Niyazi də rəhmətə getdi...

Bu 50 ildə, təbii ki, mən də qocaldım, amma təkcə o əsər qocalmadı və mən o əsərdən hələ də doymamışam...

 

Əsl sənət möcüzəsi də elə, məncə, budur..

 

P.S. Mən bu yazı üçün bir qədər fərqli foto seçdim. Kapriççionun müəllifi bu fotoda sədaqətli həyat yoldaşı ilə bir yerdədirlər. Məncə, bu fotolardakı səmimiyyətdən də çox şey öyrənmək olar.

 

 

 

BELƏ-BELƏ İŞLƏR...

Bəstəkar Xəyyam Mirzəzadənin "Səməd Vurğunun "Komsomol" poemasına simfonik illüstrasiyalar" adlı əsərinin videoyazısını bəlkə də 10 ildən çox idi əldə çıraq axtarırdım. Nəhayət, Azərbaycan Dövlət Simfonik orkestrinin solisti, skripkaçı Yelena xanım Göyçayevanın, uzun illər Azərbaycan televiziyasında müxtəlif verilişlərə musiqi tərtibatı vermiş Minurə xanım Əfəndiyevanın, ən əsası isə köhnə dostum, AzTV-nin rejissoru Əlimürsəl Hacıyevin köməyi, məsləhətləri sayəsində onu əldə edə bildim. Ən böyük köməyi isə Azteleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovdan gördüm. Sağ olsun, dostlarımın məsləhəti ilə ona yazdığım məktuba dərhal reaksiya verdi və 2 gün sonra AzTV-nin arxivinin müdiri Fatma xanım mənə telefon açaraq bildirdi ki, axtardığım videonun surəti diskə köçürülüb, gəlib apara bilərəm...

 

Bu əsər heç şübhəsiz ki, Azərbaycan simfonik musiqisinin nadir incilərindən biri, başının üstündə ölüm kabusu gəzən saf, təmiz məhəbbət haqqında faciəvi bir hekayətdir. Kəskin təzadlar, əksliklər üzərində qurulmuş parlaq musiqi obrazları, zərb alətlərinin vahiməli səsləri, ağır, ləngərli melodiyalar Səməd Vurğunun əsərinin əsas motivlərini bir rəssam zövqü ilə sərgiləyir. Əsas mövzuda şaxələnən ayrı-ayrı epizodların melodik həlli incə və möhtəşəmdir və düşünürəm ki, musiqişünaslar bu əsərdəki novatorluğun fəlsəfəsini açmaq üçün hələ xeyli işləməlidirlər...

 

Burası belə...

 

Bu qeydləri şux bir sonluqla bitirim ki, kefiniz açılsın.

 

40 dərəcədə istidə, qan-tər içində özümü işlədiyim idarənin buraxılış məntəqəsinə yetirəndə nəzarətçilərdən biri mənim bu halımı görüb təəccüblə soruşdu:

 

- Nə olub, müəllim, sizi qovurlar?

 

Dedim:

 

- Yox, əşi. Sadəcə axtardığımı axır ki, tapmışam...

 

Qeyri-adi maraqla soruşdu:

 

- Nədir, yoxsa pul tapmısınız?

 

Əlimdəki diski ona göstərib nəyə görəsə az qala çığıra-çığıra cavab verdim:

 

- Yox ey, bax bunu tapmışam... bunu!

 

Heyrət və təəccübdən gözləri bərəlib çıxdı kəlləsinə:

 

- Müəllim, bu lap oldu ki... Rəhmətliyin oğlu, camaat pul saymaqla, pul qatlamaqla məşğulur, siz boyda kişi də bu istidə düşmüsünüz çöllərə 30 qəpiklik diskin dalınca...

 

Sonra gülməyə başladı, ardınca da mən cib dəsmalımla tərimi silə-silə ona qoşuldum və xeyli güldük.

 

Vallah, gülüş bu qarmaqarışıq dünyanın dərd-sərindən, əzablarından xilas olmağın ən yaxşı yoludur.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 13 avqust.- S.12.