Konyada xatirə abidəsi

 

Möminə Xatun türbəsiylə bağlı suala cavab axtararkən

Bu yaxınlarda Türkiyənin Konya Səlcuq Universitetində magistr təhsili alan qohumum Könül Tahirovanın özünün feysbuk səhifəsində paylaşdığı bir şəkil diqqətimi çəkdi. Konya şəhərinin Kazım Qarabəkir Prospektində yerləşən mərkəzi meydanlarının birində Zafer anıtı (Zəfər abidəsi) ucaldılıb. 2005-ci ilin avqust ayında Konya Böyük şəhər bələdiyyəsi tərəfindən alınan qərara əsasən ucaldılan abidə üç at başından həmin başların üzərində ucalan dörd tərəfində müxtəlif tarixi abidələrin əks olunduğu 4,5 metr ucalığındakı sütundan ibarətdir.

 

İlk baxışdan burada qeyri-adi var deyə düşünmək olar. Maraqlıdır ki, həmin sütunda əks olunan tarixi abidələrdən biri məhz böyük usta sənətkar Memar Əcəminin tarixə öz möhürünü vurmuş möhtəşəm Möminə xatun türbəsidir.

 

Məhz elə Möminə Xatun türbəsinin yer alması səbəbindən bu Zəfər abidəsi ilə daha yaxından maraqlandım. Müxtəlif mənbələrdən əldə etdiyim məlumatlarda qeyd edilir ki, Konya şəhərinin mərkəzindəki bu abidə Mavərənnəhr hüdudlarından Aralıq dənizi sahillərinə qədər olan ərazini fəth edən 1077-ci ildə Anadolu Səlcuqlu dövlətini quran (Konya Fatehi olaraq bilinən) 1086-cı ilə kimi hakimiyyətdə qalan Qutalmışoğlu Süleyman Şahın (1046-1086) əziz xatirəsinə ucaldılmışdır. Onu da qeyd edək ki, Süleyman Şah Böyük Səlcuqlu Dövlətinin qurucusu Səlcuq bəyin oğlu Arslan Yabğunun nəvəsi Səlcuqlu bəylərindən Məlik Şəhabəddin Qutalmış bəyin oğludur. Alparslanla birlikdə Malazgirt döyüşündə iştirak edən Süleyman Şah həmin müharibədə böyük qəhrəmanlıq göstərmiş zəfərin qazanılmasından sonra Sultan Alparslan tərəfindən Anadolunun fəthi ona tapşırılmışdır. Anadolunu başdan-axıradək fəth edən bu sərkərdə Anadolu Fatehi olmasıyla birlikdə, paytaxtı Konya olan Anadolu Səlcuqlu Dövlətinin ilk sultanıdır. Qutalmışoğlu Süleyman şah fəth etdiyi torpaqlarda Türk-İslam mədəniyyətinin şah əsərlərini tikdirmiş, Konyanı özünə paytaxt elan etmişdir. Məhz Konyanı özünə paytaxt seçdiyi üçün ucaldılan bu abidə Qutalmışoğlu Süleyman şaha həsr edilmişdir.

 

Araşdırmalarımız zamanı öyrəndik ki, abidənin layihəsi Konya Səlcuk Universitetinin o zamankı İncəsənət fakültəsinin Heykəltaraşlıq bölməsində çalışan tədqiqatçı Anar Eyni tərəfindən hazırlanıb. Layihə müəllifi fikirlərini belə əsaslandırır ki, abidədə yer alan üç at başı fiquru tarixi əsər fiqurları Səlcuqlu dövlətini simvolizə edir. Üç at başı isə Anadolunu fəth edəndən sonra bu torpaqlardan çıxan mədəniyyətin hədəfinin üç qitə olmasına işarədir.

 

Heykəlin üzərində üç at başı Türkmənistandakı Sultan Səncər türbəsi, Naxçıvandakı Möminə Xatun türbəsi, Divriği camesi, Qübbəyi Harda Ələddin Keykubad sarayı həkk edilmişdir. Abidənin layihə müəllifi Anar Eyni fikirlərini belə əsaslandırır: "Burada anladılmaq istənilən fikir budur ki, atalarımız Orta Asiyadan Anadoluya at belində gələrkən barbarlıq gətirmədilər. Əksinə, mədəniyyəti, sənəti, əxlaqı gətirdilər. Abidədə bu izah olunur".

 

Zəfər abidəsinin layihəsi Anar Eyniyə məxsus olsa da, heykəl Türkiyənin İzmir şəhərində yaşayıb-yaradan məşhur heykəltaraş Cem Sağbil tərəfindən bürüncdən hazırlanıb.

 

Araşdırmalarımız zamanı onu müşahidə etdik ki, İranın Rey şəhərində Səlcuqlu dövlətinin ilk sultanı Toğrul bəyin (995-1063) məzarı üzərində türbəsi tikilib. bu türbə Möminə Xatundan fərqli olaraq Günəş saatı özəlliklərinə sahibdir Günəşin çıxmasından sonra şimal qapısından sola doğru saydıqda Günəş şüalarının düşdüyü sütun, saatın neçə olduğunu göstərir. İçəridən radiusu 13, çöldən isə 16 metr olan tikilinin ətrafında pərdə şəklində 24 üçbucaqlı sütun inşa edilmişdir.

 

Toğrul bəy türbəsi ilə Möminə Xatun türbəsi arasında ümumi bir oxşarlıq da diqqəti cəlb edir. Məhz bu oxşarlıq, haqqında yuxarıda bəhs etdiyimiz Xatirə abidəsində Möminə Xatunun Səlcuqlu dövrü abidəsi kimi verilməsi fikrini ortaya çıxarır.

 

Xatirə abidəsində yazılanlara diqqət etdikdə əminliklə deyə bilərik ki, Möminə Xatun abidəsi nəinki Səlcuqlu dönəmi abidəsi, heç Səlcuqlu memarlığı abidəsi sayıla bilməz.

 

Naxçıvan şəhərinin, həmçinin, bütövlükdə Naxçıvan Muxtar Respublikasının simvoluna çevrilən Mömünə Xatun abidəsinin Səlcuqlu abidəsi adlandırılması dərəcədə doğrudur? Biz bilirik ki, Möminə xatun məqbərəsi Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin öz həyat yoldaşı Möminə Xatuna ehtiramının nəticəsi olaraq Memar Əcəmiyə tikdirdiyi, onun ölümündən sonra oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən davam etdirilən bir abidədir (1175-1186-cı illərdə tikilmişdir). Ayabəylər dövləti dövründə tikilən bir abidənin Səlcuqlu dönəmi abidəsi kimi təqdim edilməsi doğrudurmu?

 

İki cildlik Naxçıvan Ensiklopediyasında, həmçinin, üçcildlik Naxçıvan tarixinin I cildində bu haqda geniş məlumat verilib. Həmçinin, Möminə Xatun haqqındakı tədqiqatlar aparan görkəmli tədqiqatçılar Cəfər Qiyasi, Ərtegin Salamzadə və başqaları da bu barədə mühüm məlumatlar vermişlər. Həmin məlumatlardan oxuyuruq: "Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq məktəbinin banisi hesab edilir. Çünki Əcəmi Naxçıvani həmin məktəbin yüksək nailiyyətlərinin yaradıcısı, bu məktəbin çiçəklənməsini təmin edən memarlıq təzahürünün klassiki və Naxçıvan memarlıq məktəbinin geniş benəlxalq sənəyə çıxaran memar olmuşdur.

 

...Onguşəli Möminə Xatun türbəsi özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı, memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış monumental abidədir...

 

...Möminə Xatun türbəsinin kürsülüyü onüzlü biçimdə olub cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Türbənin yerüstü qurğusu 10 guşəli, daxildən isə dairəvi plandadır. Türbənin xarici səthləri müxtəlif ölçülü kərpiclərdən qurulmuş ərəb əlifbasından ibarət kitabələr, həndəsi ornamentlər və gəc üzərində nəbati təsvirlərlə çox yüksək bədii tərtibatla bəzədilmişdir".

 

Göründüyü kimi, Naxçıvan memarlıq məktəbinin möhtəşəm abidəsi haqqındakı tədqiqatların heç birində onun Səlcuqlu dövrü, eləcə də Səlcuqlu memarlıq məktəbinə aidliyi, aidiyyəti haqqında heç bir qeyd yoxdur. Möminə Xatun haqqındakı bu yazılanlar yuxarıda qeyd etdiyimiz fikrimizin nə dərəcədə həqiqət olduğunu ortaya qoyur. Və Şərqin sufi mərkəzlərindən biri olan Türkiyənin Konya şəhərinin mərkəzində ucaldılmış Zəfər abidəsində Möminə Xatun məqbərəsinin əks olunması və bunun Səlcuqlu dövrü (həm də Səlcuqlu memarlıq məktəbi) abidəsi olmadığını deməyə qəti əminlik yaradır.

 

P.S. 3 il əvvəl - 2018-ci ildə yazdığım bu yazını nədənsə mətbuatda nəşr etdirməyi unutmuşdum. Bu günlərdə yenidən qarşıma çıxdı və oxucularla bölüşmək istədim.

 

P.S.S. İki il öncə - 2019-cu ilin may ayında beynəlxalq konfrans üçün getdiyim Konya şəhərində həmin Zəfər abidəsini axşam vaxtı ziyarət etmək və yaxından görmək imkanım oldu.

 

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

 

525-ci qəzet.- 2021.- 17 avqust.- S.13.