Hindu nəğməsi

 

Qaranlığı qara əlcək kimi geyəndə şəhər

Susmuşdu hər vardısa

Sanki bir azdan cəllad

Zevin küçəsindən keçib

Edam məhkumunun yanına gedəcəkdi

 

Onda

Alça çiçəkləri kimi qar yağırdı

Bakının üstünə

Yollar eyni qapıya çıxırdı,

Ah çəkirdi göylər, külək əsirdi,

Göylərdə kimsə darıxırdı

Onda

Sonuncu adamının da öldürüldüyü hindu qəbiləsinin

Anlaşılmayan kədərli nəğməsiydi bu şəhər

O vaxtdan bu yana bilmirəm neçə gündü, aydı, ildi,

Elə bil bu gün ayrılmışıq

Bu gün

Dodaqların gilyotin kimi boynunu vurub

Qoşa qala qapıları ağzında

Ağzımdan çıxan sözlərin

Kədər deyingən ev sahibəsi kimi

Qəlbimizə girdikdən sonra

Bilmirəm neçə dəfə

Güləndə əlini əlinə vurmaq istəyib

Bir əlinin olmadığını xatırlayan adam kimi

Yadıma düşüb yoxluğun

 

Elə bil bu gün,

bayraq kimi yelləmisən əlini ayrılığa

Elə bil,

Cəllad hələ əlində qılıncı yol gedir

Hardasa buralarda.

 

 

Min bir gecə nağılı

 

Ulduzların əvəzinə

Səmalarında mərmilərin parıldadığı yerdəsən...

Min bir gecə nağılındasan

Şərqdəsən, Əhməd...

Yerdə süfrə salınıb,

Atan, anan,

Bir əllərini illər əvvəl itirmiş

əmin oturub süfrənin qırağında

Etdiyiniz dua yarıda kəsilir

 

Göydən bərəkət yerinə

Bomba düşür evinizin damına

Güllələrlə taleyin yazılır evinin divarlarına,

o divarlar sevdiyin yeməyin içinə,

Doğranır çörək əvəzi

 

Gözlərini açanda

Xəstəxana tavanını görürsən

Əminlə sənin ömrünə nöqtə qoya bilməyib güllələr

Ancaq

İkinizin əlləri yoxdu artıq

Bir-birinizin kürəyinə vurub

"Möhkəm ol" deməyə...

 

 

Özümə yazdığım intihar məktubları

 

Uzaq dur məndən, aralı dayan

Çünki əllərim qanlıdı,

Çünki barmaq izlərini dırnaqlarımla qaşıdım əllərimdən

Səni düşündüm səhərəcən

Hansı tərəfə getsəm, üstümə itlərin hürüşdüyü bu yerdə

Divin su daşıdığı aşsüzənmiş səndən sonra həyat

 

Özümdən qaçmağa çalışdım bu gün

İşıqları yanıq qoyub evdən çıxdım

Dəqiqələrlə döydüm qapımı

Yenə evdə deyildim,

Sərxoş olduğum kafelərin

Yellənə-yellənə açılan qapıları kimi açılarkən səhərim

Minarədən azan verən müəzzinlə məndən başqa

Ölümə Allaha heç kimin ikimiz qədər

Yaxın olmadığını düşündüm

 

Bulvara düşdüm,

Məktub yazdım özümə,

Hansı şəhərə apardığını unutduğum

Qatar bileti kimi

Cibimdə gəzdirdiyim şəklini

Qoydum məktuba

 

Evə döndüm,

Döydüm qapımı

Yenə açılmadı

Yenə heç kim yox idi evdə

Qapını açdım,

Özümə yazdığım bütün intihar məktublarından,

Ünvanıma yenə tez çatmışdım.

 

 

Yağış

1.

Hər yağış damlasını

Torpağa qovuşanadək bir mələk izləyərmiş

Sənsə

Bulud mavisi gözlərindən

Axan yaşları

Yorğanın altında gizlətdiyinimi

Düşünürsən hər kəsdən.

 

2.

İndi bulud deyil göylərdəki

İndi yağış deyil yağan

Küçələrdən şüşə yığıb satan

Kimsəsiz uşaq

Alın tərini silir buludlara

Sonra sıxır buludları nənəsindən qalma güllü-güllü dəsmal əvəzi.

 

3.

Unutmur hələ

Anası ölən günü inci-inci yağan yağışları,

Atasının sərxoş-sərxoş binadan atarkən özünü

Cansız bədəninə hər kəsdən əvvəl çatan damlaları

Ona görə

Hər yağışlı gündə

İtirmədiyi adamları yoxlayır bircə-bircə

Dizlərindəki ağrıların qapılarını döyən qoca kimi.

 

 

Kim bilir

 

Bıçaq dəyən yerlərindən kürəyinin

Qanadların çıxar bəlkə,

Kim bilir

 

Qartoputək daşa dəyib

Şüşə kimi çiliklənən ürəyinin,

Bir parçasına əksim düşər

Kim bilir

 

Sonuncu dəfə Bakı küçələrindən keçən

Tramvay yorğunluğuyla

Eyni arzu keçər ürəyimizdən.

 

 

Ümidsiz şəhərin küləyi

 

Tərsinə çevrilmiş tısbağa kimi

Ümidsiz şəhərdir Bakı

Xəzri

Köhnə darvazatək silkələyir şəhəri

Uzaq ellərdən vacib xəbər gətirən qasid kimi

Burda

Ümidin bir azını sabaha saxlayırıq

Axşamdan bişən yemək kimi

Burda

İntihar etmiş adamın

Sahildə soyunduğu çəkmələrdir zaman.

 

Malik ATİLAY

 

525-ci qəzet.- 2021.- 18 avqust.- S.15.