"Dəniz kimi coşma, gülüm, ay gülüm..."

 

MİRVARİD DİLBAZİ - 109

18 avqust Azərbaycan poeziyasının mirvarisi, qadın yazarlar arasında ilk yeganə Xalq şairəsi Mirvarid Dilbazinin anadan olmasının 109-cu ili tamam olurdu. Lirik şeirləri ilə oxucu kütləsinin ürəyini fəth edən Mirvarid Dilbazinin bir sıra poetik nümunələrinə mahnılar bəstələnib. Həmin mahnılar bu gün könülləri oxşayır. Onun məhəbbət lirikası ilə yanaşı, vətənpərvər ruhda yazdığı şeirlərdən bədii sənətkarlıq duyulur. Xalq şairəsi bütün sentimental mətnləri ilə yanaşı, vətəndaş mövqeyi sərgiləyən ictimai motivli şeirlər qələmə alıb. Yazıb-yaratdığı 70 il boyunca Azərbaycan dilinin saflığının qorunmasına xidmət edib. qədər ki, Azərbaycan poeziyası yaşayır Mirvarid Dilbazi imzası da hörmət sevgi ilə yad ediləcək.

 

***

 

İstəsəydim

 

İstəsəydim səni səndən alardım,

Gözəlləri öz taxtından salardım.

Ürəyimi ürəyinə çalardım,

Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,

Dövrəndəki mələkləri yönərdim.

Al laləyə, qərənfilə dönərdim,

Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,

Mən gül olub ürəyində bitərdim,

Orda bülbül fəryadıyla ötərdim,

Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,

Bircə dəstə bənövşə qoy, bəsimdir.

Baş üstündə bir qaranquş ötəcək,

O da sənə minnətdarlıq səsimdir.

 

 

Gəlsən, gələr bahar fəslim...

 

Güləm, sənsiz xəzan olsam,

Şənəm, mən bağrı qan olsam,

Mehəm, dönsəm, tufan olsam,

Həzin səslim, xoş nəfəslim,

Yetişməzmi xəzan fəslim?!

 

Odam, sönsəm, külə dönsəm,

Alovam, parlayıb sönsəm

Asan sussam, çətin dinsəm,

Həzin səslim, xoş nəfəslim,

Yetişməzmi xəzan fəslim?!

 

Var idin, var idim mən .

Çiçəkləndin, işıq, sən ,

İşığım, günəşim, nurum

Sözü düz, qəlbi büllurum,

Həzin səslim, xoş nəfəslim,

Gəlsən, gələr bahar fəslim!..

 

 

Neyləyim, ölə bilmirəm

 

Sən-qəhqəhə,

Mən-göz yaşı.

Hardasan, könlüm sirdaşı?

Tufanlıdır ömrün qışı.

Sən gül!

Mən gülə bilmirəm.

 

Şənlik içindəykən aləm,

Nədir könlümdəki bu qəm?

Neyləyim ki, mən bəxti kəm

Dərdimi bilə bilmirəm.

 

Qəm əyib məğrur başımı,

İtirmişəm sirdaşımı,

Selə dönən göz yaşımı

Üzümdən silə bilmirəm.

 

Səhrada bitmiş bir güləm,

Fəsli quraq keçən iləm.

İstəyirəm sənsiz öləm,

Neyləyim, ölə bilmirəm.

 

***

Dağ laləsiyəm, çənli dağ istər yenə könlüm,

Dağlarda soyuq bir bulaq istər yenə könlüm.

 

Göy gurlaya, sel səslənə, dağlar, ulu dağlar,

Ordan təzə bir söz, soraq istər yenə könlüm.

 

Gurşad yağa, güllər yuyuna yaz yağışında,

Gör qurşaq ata, çilçıraq istər yenə könlüm.

 

Gəzdim bu vətən mümkünü mən, qol-qanad açdım,

Gül fəsli bu gülşəndə bağ istər yenə könlüm.

 

Söz çoxdu sinəmdə, mənə möhlət verə illər,

Son mənzilini çox uzaq istər yenə könlüm.

 

Mirvarid, əzizin bu həyat, el səni gözlər,

Öz ömrünə eldən dayaq istər yenə könlüm.

 

 

Tufanla oynama

 

Dəniz küləklə oynadı,

Vəhşi fələklə oynadı.

Yaşıl çəməndə dalğalar

Bu dib çiçəklə oynadı.

 

Dəniz, o mavi gözlü qız

Çaşdı tufanla oynadı.

Ürəklə, canla oynadı,

Coşdu içindən qaynadı.

 

Sən tufanla oynama,

Dəniz kimi coşma gülüm, ay gülüm.

Coşub içindən qaynama,

Çox deyil bizim ömrün illəri...

 

Baş götürdü bircə gün;

Bir gün oldu bu toy-düyün.

Biz oturaq, sən səadət,

Dəniz yoruldu büsbütün.

 

Uçdu ləpəsi aşiqin,

Getdi dəniz küləkləri.

Susdu o mavi gözlü qız,

Susdu o nəğmə səsləri.

Sən tufanla oynama,

Dəniz kimi coşma gülüm, ay gülüm.

Coşub içindən qaynama,

Çox deyil bizim ömrün illəri...

 

 

Ay mehribanım...

 

Buludlar ağladı mən ağlayanda:

Sel selə qarışdı, ay mehribanım!

Axtardım, tapmadım səni heç yanda

Yolun hara düşdü, şahım, sultanım?!

 

Bilmədin gözləri yolda qalan var,

Səndən könlü küsən, incik olan var.

Məhəbbət mülkündə yenə talan var,

Əksilmir başımdan çənim, dumanım!

 

Vaxtsız xəzan olan bir güldəstəyəm,

Səfər yaxınlaşır, mən yol üstəyəm.

Sənsiz elə qərib, elə xəstəyəm,

Daha sağalmağa gəlmir gümanım.

 

 

Azərbaycanım!

 

Torpağı-türbət

Suları - şərbət,

Günəşi məlhəm

Ayrılığı - qəm Azərbaycanım!

 

Aranı, dağı,

Tərlan oylağı,

Könlüm çırağı,

Qızılgül bağı Azərbaycanım!

 

Ana nəfəslim,

Qaranquş səslim,

Ellim, obalım,

Dağlar havalım Azərbaycanım!

 

Qızları dilbər,

Oğulları ər,

 

Odum, ocağım,

Ana qucağım

Qalsam həyatım,

Ölsəm torpağım Azərbaycanım!

 

Mirvarid Dilbazi

 

525-ci qəzet.- 2021.- 20 avqust.- S.15.