Qırmızı atların bayatısı

Esse

 

1984-cü ilin yayıydı. Gəncə Dövlət Universitetini bitirib Şuşaya gəlmişdim. Dağların lala vaxtıydı. Havanın sınmağına, el dilində deyildiyi kimi, quyruğun doğmağına hələ bir az qalırdı. Şuşa yenə füsunkarlıq mücəssəməsiydi. Meşələr qulun yalı kimi yayılmışdı yamaclara. Armud ağacları, fındıq, əzgil kolları meşənin yaraşıqlı ilmələri, naxışlarıydı elə bil. Almalar görüşdən qayıdan qızların yanağı kimi qızarırdı. Bir az aşağıdan keçən, yönü Turşsuya, Laçına gedən el yolunun qıraqları ləçəkli həmərsin kollarına bürünmüşdü. Təbii ki, İlahinin qüdrətindən yaranmış bu gözəlliyi sözlə tərənnüm etmək iqtidarında deyiləm. Üstəgəl, bu əsrarəngiz gözəllikdən aldığım zövqü , yaşadığım hissləri .

 

isə, hər gün, gün əyiləndən sonra Cıdır düzünə gedirdim. Oturub saatlarla dərə boyu ilan kimi qıvrılıb axan Daşaltıçaya baxırdım. Cıdır düzündə adamlar çox olurdu. Bəzən axşamlar iynə atsan, yerə düşməzdi. Hətta qaldığım evin sahibi mənə oralara tez-tez getməyə icazə vermirdi. Hiss eləyirdim ki, sıldırımdan, qayalıqdan yıxılmağımdan, dərəyə yuvarlanmağımdan ehtiyat eləyir.

 

Açığını deyim ki, Xarıbülbülü görməmişdim. Amma haqqında eşitmiş, kitablardan oxumuşdum. Səhərlər günortayacan, heç kimdən soruşmadan, onu axtarırdım. İki-üç gündə şəhərin bütün küçələrini, parklarını, güllüklərini gəzmişdim. Mənə elə gəlirdi ki, mən onu uyarından, təsəvvürümdə yaratdığım Xarıbülbülə oxşarlığından tapa biləcəyəm.

 

Bir gün sanatoriya binasının arxasından keçib, dikdirə qalxmaq istədim. Bir az qalxmışdım ki, gördüm mənimlə həmyaş olan bir oğlan geri-geri yeriyir. Bir neçə addım da irəlilədim. Qaşa çatanda önümdə açılan mənzərə ovsunladı məni. Elə bil, dağları, dərələri göyün yaxasından asmışdılar. Sağ tərəfdə, yastanada sanatoriyaya gələn qadınlar dincəlirdilər. bayaqkı oğlanın niyə elə yeriməyi mənə indi aydın oldu. Günəş vannası qəbul eləyən qadınların arasından keçməyə utanmışdı. Mən dərhal sola burulub, mamırlı bir daşın üstündə oturdum. Gözümü bir qədər uzaqda olsa da, məkanı aydın seçilən İSA BULAĞIna dikdim.

 

Yolda dörd atlı göründü. Yolla mənim aramda 50-60, atlılarla isə 200-250 metr məsafə olardı. Atların ayaqları daş yolda çınqı qoparırdı. Dördü ifçin nallıydı. Atlar sanki yerimirdi. Ayaqlarıyla bu daş yolda Koroğlu uvertürası çalırdılar. Dördünün rəngi qıpqırmızıydı. Elə bil qırx incəbelli qız bu atları lalə dənizində çimdirmiş, tumarlamış, daramış, sonra da bu bığ yerləri təzəcə tərləmiş cavanlara əmanət eləmişdilər. Atlar gözlərinin üstünə tökülən qapqara tükləri başlarının hərəkətilə geri atır, bununla da sanki qabağı daha yaxşı görməyə can atırdılar. Dördünün gümüşdən sinəbəndi varıydı. Üzəngiyə düşən günəş şüası adamın gözünü qamaşdırırdı. Dağların ucalığından, dərələrin dərinliyindən, havanın saflığından, suların sərinliyindən bu atlılarda yaradana şükranlıq qarışıq bir ovqat varıydı. bu ovqatla da atların yerişi, bir-birinə mərhəmliyi, arabir oxranmaları arasında bir harmoniya, bir yanaşıqlıq, bir atqulağılıq sezilirdi. Atlardan biri kişnədi. Sonra o birisi, sonra o biri, sonra o birisi. Ayağa qaldırdı bu kişnərti, bu səs məni. Xeyli arxalarınca boylandım. Getdikcə uzaqlaşmaqda olan bu atlılar - bu atlar sadəcə kişnəmirdilər, elə bil bayatı deyirdilər. Hərəsi bir bayatının bir misrasını kişnəyirdi, oxuyurdu. Bu səs onlardan xeyli arxada qalan qayalarda əks-səda verdi. mənə elə gəldi ki, bu kişnərtinin - bu səsin əks-sədası min illər keçsə , bu dağlardan çəkilməyəcək.

 

Hənirtiyə geri döndüm. Arxamda nurani bir adam dayanmışdı. 55-60 arası yaşı olardı. Gülümsəyirdi. Qolumdan tutdu.

 

- Hara boylanırdın? Demirsən müvazinətini saxlaya bilməzsən, dərənin dibi görünmür.

 

- Burdan dörd atlı keçdi, əmi.

 

- Keçdi, keçdi .

 

- Yox ey, atlar qıpqırmızıydı.

 

- Nolar, o qədər qırmızı at var.

 

- Əmi, o atların kişnərtisini eşitdin?

 

- Oğlum, atın peşəsi kişnəməkdir .

 

- Yox ey, onlarınkı kişnəmək deyildi, elə bil, oxuyurdular, bayatı deyirdilər, əmi. Hərəsi bir ağız kişnədi, hərəsi bir bayatının bir misrasını kişnədi-oxudu.

 

- Elədir, oğlum, onlar Qarabağ atlarıdır, rəngləri lalə, səsləri bayatı qoxulu. Qaldı, körpəsi muğam üstündə ağlayan torpağın atları da bayatı üstündə kişnəyər. , bir əyil bu çiçəyə bax, onları elə "oxudan" bu çiçəyin eşqidir.

 

Əyilib yupyumşaq otların arasında, meh vurduqca nazlanan, xıpxırda çiçəyə diqqətlə baxdım. Aman allah, o idi, yarı bülbül, yarı gül. Nədənsə günlərlə axtardığım bu çiçəyi üzməyə əlim gəlmədi. mənə elə gəldi ki, onu belə titrədən üzülmək həyəcanıdır.

 

- Əmi, sən bunu necə tapdın - deyib, başımı yuxarı qaldıranda heç kimi görmədim.

 

Proflaktik müayinə olunmaq niyyətim olduğundan, aşağı düşüb sanatoriya binasının həyət qapısından içəri keçdim. Gözətçi xanım mənə bir qapını nişan verdi. Qapını döyüb, gəl səsindən sonra içəri keçdim. Həkim xalatını indicə geyinib oturdu. Bir az irəli gəlib salam verdim.

 

- , buyurun, biz ki tanışıq.

 

Duruxdum, O idi, bayaq gördüyüm nurani adam. Yenə gülümsəyirdi:

 

- İmişlidənəm, bura dincəlməyə gəlmişdim, istədim müayinə olunam.

 

- Neçə gün qalacaqsan burda?

 

- Bir on beş gün.

 

- Çox gözəl, on beş gün bu havanı udmaq elə bir kurs müalicədir. Qaldı müayinəyə, ona ehtiyac yoxdu, maşallah, top kimisən.

 

Elə bu ara otağın qapısı açılıb örtüldü.

 

- Buyurun, gəlin, - deyə həkim qapıdakıları içəri dəvət etdi. Mənə isə otur, dedi. İçəri iki cavan valideyn, bir on-on bir yaşında oğlan uşağı daxil oldu. Ana uşağın qolundan tutub ərklə həkimin yanına gətirdi.

 

- Həkim, başınıza dönüm, bu uşağa bir dərman yazın, olar. On beş gündür gəlib-gedirik.

 

- Bacım, uşağınız hara qədər yeridi?

 

- Qadanız alım, o yoxuşu, o pilləkənləri axıra qədər qalxdı, bir az da Cıdır düzündə hərləndik. Sonra da yüyürə-yüyürə aşağı düşdü.

 

Həkim gülə-gülə üzünü uşağın atasına tutub:

 

- Qardaş, həyat yoldaşınız daha məndən dərmanı istəyir, allah verən dərmanın yanında mən karəyəm. Uşağınız sapsağlamdır. Onun heç nəyə ehtiyacı yoxdur.

 

Sonra yönünü uşağa çevirib soruşdu:

 

- Haran ağrıyır ə, kişiqırığı?

 

- Heç haram, - deyə uşaq təbəssümlə cavab verdi.

 

Ana diqqətlə oğluna baxdı. Birdən-birə bağrına basıb hönkürdü. Ata özünü irəli atdı. Gətirin əllərinizdən öpüm həkim, sizə qurban olum. Həkim ayağa qalxdı. Əlini atanın çiyninə qoydu:

 

- Elə demə, əzizim, gedin o Cıdır düzünün yoxuşundan öpün, onun havasına qurban olun. Sizin övladınızı həyata qaytaran odur, oradır. Sadəcə mən vasitəçi oldum. Siz uşağınızı qucağınızda, sağalmağına ümidiniz olmadığı bir halda gətirmişdiniz, elədirmi? Mən də sizə dedimmi ki, aparın bu uşağı Cıdır düzünə sarı iki addım atsın, sabah gətirin... Bu, on beş gün davam elədimi? Bu da nəticəsi. Gedin Allaha dua edin, bu yeri-yurdu bizə çox görməsin.

 

- Bəs xəcalətinizdən necə çıxaq həkim?

 

- Toyuna dəvət eləyərsiniz.

 

Həkim onları yola salıb, üzünü mənə tutdu:

 

- Hə, qardaşım, axşam saat altıda məni Cıdır düzündə, "Vaqif"in yanında gözlə, sənə deyəcəklərim olacaq.

 

Otaqdan çıxanda ciyər dolusu nəfəs aldım və Mikayılın avtovağzaldakı xəngəlxanasına tərəf yeridim.

 

Avqust, 2020

 

Valeh Bahaduroğlu

 

525-ci qəzet.- 2021.- 21 avqust.- S.14.