Tarixləşən bəşəri ömür

Ömür yaşanılan illər deyil. Ömür xalq üçün, millət üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan aylardır, illərdir. Belə ömürlərə dəyərli ömür deyilir, amma xəlqi ömür də deyilməlidir. Ömür məfhumunun fəlsəfəsiylə işıq ifadəsinin fəlsəfəsi arasında ilahi bir doğmalıq var. Dəyərli ömürlər, xəlqi ömürlər də bu səbəbdən işıq kimi, nur kimi, ziya kimi bəşəri ehtiramlarla əhatələnir. İşıqlı düşüncələr işıqlı fəaliyyətdir, işıqlı fəaliyyət bəşəriliyə xidmətdir; ictimaiyyət min illərdi dəyərli ömürlərdən, xəlqi ömürlərdən barınır - durulur, xoş ovqat yaşayır.

 

Tarixi belə ömürlər tarixləşdirir.

 

Mehriban xanım Əliyeva Azərbaycanda da, xarici dövlətlərdə də Vətənini, xalqını, dövlətini, dövlətçiliyini bənzərsiz sevgi ilə sevən, praqmatik təfəkkürlü, islahatçı xanım lider kimi tanınır.

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri milli mədəniyyətimizin hamisidir. İctimaiyyət Mehriban xanım Əliyevanı belə tanıyıb, belə sevib, belə sevir. Bu sevgini tarix dan yeri çiçəklərin ləçəklərində alışan şeh bilib, xırda budaqlarda gözçəkən yarpaqları titrədən meh bilib, yaz yağışından sonra göy üzünü kürmələyən qövsi-qüzeh bilib. Ona görə belə səmimi, ona görə belə bəşəridir.

 

Xalq Mehriban xanım Əliyevaya inanıb, güvənib, inanır, güvənir. Xalq fəlsəfəsi, xalq düşüncə tərzi bu inamı, bu güvənci Tanrı xeyir-duası bilir. Ona görə belə ecazkardır.

 

Mehriban xanım Əliyeva olduqca səmimi insandır. Onun hər fikri dürüstlüyün, düzlüyün, həyati gerçəkliklərin ifadəsi kimi qəbul edilib, edilir, ediləcək də. Böyük tarixi şəxsiyyət Heydər Əliyev haqqında minlərlə fikir deyilib. Mehriban xanım Əliyevanın dedikləri xarakter yetikliyi baxımından bütün deyilənlərin fövqündədir: "Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi".

 

Heydər Əliyev Fondunun fəaliyyətinə bələd olanlar (bu fəaliyyətin şəffaflığı haqqında KİV-də kifayət qədər geniş informasiyalar verilib) bilir və təqdir edir ki, Mehriban xanım Əliyeva kifayət qədər xeyirxahdır, əqidə ilə yaşayıb, əqidə ilə yaşayır, dövlətə, dövlətçiliyə sədaqətlidir. Mehriban xanım Əliyeva illəri sarsılmaz həqiqətlərlə yaşayır. Bu, onun həyat fəlsəfəsidir. Bu fəlsəfənin mühüm tərkib hissələri əxlaq və mədəniyyətdir, insaniyyət və şəfqətdir, inam və məhəbbətdir, xeyirxahlıq və saf niyyətlərdir. Bunlar hər insana qismət olmayan yüksək əxlaqi dəyərlərdir.

 

Mehriban xanım Əliyeva insanları, insanlığı sevib, indi də sevir. Bu sevgi mədəniyyətin və mədəni irsin cəfakeşi olub, indi də cəfakeşidi. Bu sevgi Azərbaycana sevgi idi, azərbaycançılığa sevgi idi, Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına sevgi idi. Bu sevgi sonralar Azərbaycan incəsənətinin, bu sıradan muğamlarımızın inkişafının səyyarəsi oldu. Bu sevgi Bakıda Beynəlxalq Muğam Mərkəzi, regionlarda yeni muzey və musiqi məktəblərinin inşa edilməsini gerçəkləşdirdi; bunlar həmin sevginin zərrəsi idi. Beynəlxalq təşkilatlarla, o cümlədən, UNESCO və İSESCO ilə əməkdaşlıq bu sevgidən rişələnərdi. Bu sevgidə qüdrətə bax: İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi!

 

Gözəl, gərəkli ideya xalqa, millətə sevgiylə gerçəkləşir. Belə gerçəkləşmə zaman anlamında dünənki tarixi yaşatmaqdı, tarix yaratmaqdı. Belə yaratma, belə yaşatma bir bayatıda deyildiyi kimi,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala, -

mahiyyətlidir. Böyük ürəkli insanların sevgisi dünyəvi sevgi olur; Mehriban xanım Əliyeva böyük sevgilərlə bu bayatının fəlsəfəsinin işığını həmişə xalqımızın sabahkı tarixlərinə yönəldir: Mehriban xanım Əliyevanın təşəbbüsü, bilavasitə fəaliyyəti 2008-ci ildə muğam, 2009-cu ildə aşıq sənəti, 2009-cu ildə Novruz bayramı, 2010-cu ildə xalça toxuculuğu, 2012-ci ildə tar ifaçılığı sənəti, 2018-ci ildə "Dədə Qorqud" dastan mədəniyyəti, nağılları və musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması ilə nəticələndi. UNESCO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı var. Buna bələd olanlar yaxşı bilir ki, "təcili" ifadəsi təxirəsalınmaz anlamındadır və itib-batmanın qarşısının alınması zərurətini bildirir. Mehriban xanım Əliyevanın xalqımızın dünəninə (deməli, sabahına!) müqayisəyəgəlməz xidmətlərindən biri də 2013-cü ildə Çovkan atüstü oyununun, 2018-ci ildə Naxçıvanın ənənəvi qrup rəqsləri-yallının, köçərinin, tənzərənin bu siyahıya salınmasıdır.

 

Ana sevgisi, müqəddəsliyə müqəddəs münasibət bütün mənəvi keyfiyyətlərin fövqündə dayanıb. Yüz-yüz illərdi belə olub, belə də olacaq. Bu tezisi hamı düşüncələrinə eyni dərəcədə hopdura bilirmi? Yox, belə qüdrət ancaq Allaha bir duyum qədərincə yaxın olanlara nəsib olur. Ana sevgisindən söz düşəndə Cəfər Cabbarlının "Ana" şeirinin son misrasını xatırlayırıq:

Ana, mən sənə rahibəm itaətdə...

Ana yaşında ana itirənlərin ana sevgisinə böyük ehtiramım olub və bu ehtirama elə sevgi hökmündə ehtiram deyərdim. Mehriban xanım Əliyevanın ana sevgisi bu günün gənclərinə, yeniyetmələrinə örnəkdir. Böyük insanlar haqqında böyük insanların səmimi fikirləri bütün zamanlarda yaşam fəlsəfəsini müəyyənləşdirən tezislərdir: "...Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm" (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Trend" İnformasiya Agentliyinə müsahibəsindən). Ana sevgisinin müqəddəsliyini bu səviyyədə yaşadan, bunu ömrünün Dan ulduzu bilən Mehriban xanım Əliyevanın analara sevgisi, ehtiramı bu sevgidən qaynaqlanır.

 

"Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?" sualına Mehriban xanım "Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini" cavabını verib. Sualın mahiyyəti həyati dəyərlərə münasibət olub, şübhəsiz. Bu düşündürücü cavab fəaliyyətin də, düşüncələrin də, duyğuların da həyat fəlsəfəsinin daha əhatəli dərkinin zəruriliyini xatırladıb.

 

Ana sevgisindən barınan mənəvi kamillik budur!

 

Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif miqyaslarda layihələr həyata keçirilib. Belə layihələrin bir hissəsi səhiyyəni əhatələyib. Xəstəxanaların, klinikaların yaradılması, diabet və talassemiya xəstələrinin müalicəsinə xüsusi diqqət yetirən Mehriban xanımın təşəbbüsü ilə "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi ictimai əhəmiyyətli layihələrin mahiyyəti vətəndaşlara qayğı olmaq etibarilə bilavasitə dövlətçiliyin möhkəmləndirilməsinə yönəldilirdi.

 

Ümummilli lider Heydər Əliyevin ideyalarını yaşatmaq, irsini öyrənmək, öyrətmək Azərbaycan dövlətçiliyinə sədaqətin təzahürüdür. Bu baxımdan Heydər Əliyev Fondu həm bu tezisləri icra edir, həm də ölkədə müxtəlif layihələri gerçəkləşdirirdi. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunda "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsi əsasında ölkəmizdə 40-a qədər uşaq evi və internat məktəbi ən müasir standartlar səviyyəsində təmir edildi. 2014-cü ildə "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" yerinə yetirilməyə başladı. Bu layihənin dövlət üçün gərəkliyi amilləri haqqında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva deyirdi: "Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq". Bu kəlamlar ömrünü xalqı üçün yaşayan Mehriban xanım Əliyevanın insan amilinə hansı səviyyədə önəm verdiyinin təsdiqidir.

 

Təvazökarlıq insanın ən ali mənəvi xarakterlərindəndir. Ailəni həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyi bilən Mehriban xanım Əliyeva olduqca təvazökar xanımdır. "Trend" İnformasiya Agentliyinə müsahibəsində deyib: "...Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa - bu, mənim üçün ən yüksək mükafatdır..." Bu kəlmələr Vətən üçün, dövlət üçün, dövlətçilik üçün yaşayan böyük ürəkli, praqmatik təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin tərkib hissələrindəndir, belə bir insanın yaşam manifestidir. Belə bir manifest minlərin xarakterini tənzimləmək baxımından dövlət müstəqilliyi bərpa edilmiş Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində kifayət qədər əhəmiyyətli olmuşdur.

 

"Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik..." Bu kəlmələr Azərbaycanımızın gənclərinə Ana tövsiyəsi kimi oxunur. Bu tövsiyə deyir ki, həmişə ruh yüksəkliyi ilə yaşayın, mərdlik insanın mənəvi aləminin göyqurşağıdı, mərd olun, ömür payınızı mərhəmət hissləri ilə yaşayın və illərinizi bu duyğu ilə süsləndirin, Tofiq Bayramın "Yaşaya bilərəm çörəksiz, susuz, Yaşaya bilmərəm bir gün inamsız" misralarını unutmayın, həmişə inamla yaşayın, Peyğəmbər inamı ilə yaşayın, yaşanılan illərin mehrabı məhəbbətdi, məhəbbətlə yaşayın. Bu tövsiyələrdə Zərdüşt fəlsəfəsinin işığı var: yaxşı fikir, yaxşı əməl. Belə yaşanılma ictimaiyyətin sağlamlığı üçündü, dövlətçiliyin qüdrəti üçündü; güclü vətəndaşı olan dövlət güclü dövlətdir.

 

"Türkiyə" qəzetinin jurnalisti Yücel Koç "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" məqaləsində yazır ki, Mehriban xanım "...son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən, inamından və sevgisindən". Jurnalistin qənaəti gerçəkliklərə əsaslanır. Mehriban xanım xalqını sevir, bu sevgi qarşılıqlı sevgidir. Xalq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inandığı kimi, Birinci vitse-prezidentə də inanır. Xalq ölkə başçısını da dəstəkləyir, Birinci vitse-prezidenti də. Türkiyəli jurnalist bir qənaətdə də haqlıdır: "Mehriban xanımın başlıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır".

 

Ermənistanın Azərbaycanımızın torpaqlarını işğal etməsi Mehriban xanım Əliyevanı həm vətəndaş kimi, həm də Xoşməramlı səfir kimi narahat edirdi. İşğal olunmuş rayonlarımız onun könül dünyasından iraq deyildi; xalqını, millətini, dövlətini, dövlətçiliyini sevən, bu sevgini ömrünün yaşam düsturu bilən Mehriban xanım Əliyeva ruhən həmişə ordunun, ordunun şəxsi heyətinin yanında olub. 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da, 2020-ci ilin sentyabrında da yaralananların müalicəsində, döyüşçülərin yüksək texnologiyalı protezlərlə təmin olunmasında "Heydər Əliyev Fondu"nun xətti ilə kifayət qədər yaxından iştirak etmiş, yüzlərlə yaralı döyüşçünün problemlərinin həllini təmin etmişdi.

 

Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibədə yaralananlar da olur, şəhid olanlar da. Mehriban xanım Əliyeva yaralı döyüşçülərin istər Azərbaycanda, istərsə də xarici dövlətlərdə, o cümlədən, Türkiyədə müalicəsinə kifayət qədər yaxından köməklik göstərdi. Zəfərdən sonra ümidlə Heydər Əliyev Fonduna, Birinci vitse-prezidentə müraciət edənlərin hamısının sağlamlığının bərpasına ciddi və təxirəsalınmaz köməklik göstərildi.

 

Mehriban xanım Əliyevanın yerinə yetirdiyi vətəndaşlıq missiyasının coğrafiyası çox genişdir. Böyük tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyevin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" müdrik kəlamını Mehriban xanım Əliyeva müdrikliyə, müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, Vətənə, torpağa, dövlətə, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb. Azərbaycanın Birinci vitse-prezidenti, "Heydər Əliyev Fondu"nun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın ömrü bəşəri ömür olduğu üçün Azərbaycanın da gənclərinə, Azərbaycanı sevən dövlətlərin də gənclərinə örnək ömürdür.

 

 

Səbinə XASAYEVA

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2021.- 26 avqust.- S.6;8.