Milli sərvətimizin himayədarı

Biz muğamlarımızla xalqımızın

haqq səsini dünyaya çatdırırıq.

 

Mehriban Əliyeva

 

Bu məqaləni Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadan sitatlar ilə başlamağımız təsadüfi deyil. Çünki ulu və müqəddəs muğam sənətinin 21-ci əsrdə intişar tapan inkişaf mərhələləri məhz Mehriban xanımın muğam layihələrindən qaynaqlanır. "Muğam irs", "Muğam antologiya", "Qarabağ xanəndələri" muğam albomu, "Muğam ensiklopediyası", Beynəlxalq muğam simpozium və festivalları, muğam televiziya müsabiqələri və digər belə mühüm layihələrin reallaşması məhz Mehriban xanımın bu istiqamətdəki əhəmiyyətli xidmətlərinin bariz nümunəsidir. Bu layihələrin həyata keçirilməsinə xüsusi dəstək verən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də muğama olan diqqəti xalqa olan qayğısı qədər əhəmiyyətli və önəmlidir. Buradan belə bir nəticə hasil olur ki, əsrlərin sınağından çıxaraq, dildən-dilə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatan muğam sənətinə dövlətimiz də sevgi ilə yanaşır. Əslində, dövlətimizin muğama və muğam ifaçılarına göstərdiyi qayğı və dəstəyi də xalqa olan qayğının daha bir təzahürüdür. Təbii ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu ənənəni onun layiqli varisləri elə layiqincə də davam etdirirlər. Yuxarıda adı çəkilən layihələr deyilənlərin əyani ifadəsidir. Əgər nəzərə alsaq ki, muğam sənəti artıq bəşəriyyətin maddi mədəni irs siyahısına daxil edilib, onda bu istiqamətdəki inkişafın nə qədər yüksək olduğunu bəlkə də sözlə ifadə etmək çətindir. Doğrudan da hörmətli Mehriban xanımın muğam biliciləri, ustad sənətkarlarımızla məsləhətləşərək, onların fikirlərinə istinad edərək həyata keçirdiyi muğam layihələri Azərbaycan muğamının müasir zamanda sanki yeni intibah dövrünün təməli oldu. Bu yerdə Azərbaycan muğam ifaçılığının görkəmli siması, dərin muğam bilicisi, Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, xanəndə-bəstəkar ustadımız Əlibaba Məmmədovun mövzu ilə bağlı bəzi fikirlərinə də nəzər salaq:

 

"XXI əsrin xanəndələri muğamın son dərəcə təkmilləşmiş və dünya səviyyəsində təqdim oluna bilən zamanına düşüblər. Bu gün muğam yeni çiçəklənmə dövrünü yaşayır. Bunun üçün də biz UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya çox minnətdarıq. O, həm muğama, həm də aşıq musiqisinə dəstək verdi. Açığını deyək ki, aşıq musiqisi yalnız bölgələrdə dinlənilirdi. Bakıda saza maraq o qədər də çox deyildi. İndi isə həm muğam ifaçıları, həm də aşıqlar nəinki respublikamızda, dünyanın müxtəlif ölkələrində böyük konsert salonlarında çıxışlar edirlər, bizim milli musiqimizi təbliğ edirlər. Bu da dövlət başçımız, cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti və Mehriban xanımın layihələrindən irəli gəlir. Hətta indi ölkəmizin ən yaxşı yaşayan təbəqəsinin əsas hissəsini musiqiçilər təşkil edir, xüsusən də muğam ifaçıları".

 

Respublikamızın Xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunan, professor Əlibaba Məmmədovun bu fikirlərində də muğam sənətinə olan dövlət qayğısının yüksək əhəmiyyətindən bəhs olunur. Əlibaba müəllim haqlı olaraq muğam ifaçılarının həyat şəraitinin də müsbət olduğunu, onlara yüksək dövlət qayğısını vurğuladı. Bu yerdə diqqətinizi ustadın yuxarıda qeyd olunan titullarına da yönəltmək istərdim. Təbii ki, bu fəxri adların bir qayəsi var, bu da muğamdır. Bir ifaçıya böyük xalq məhəbbəti və yüksək dövlət qayğısı nəsib edən muğam. Azərbaycan muğam ifaçılığında belə yüksək dəyərlərə malik sənətkarlarımız az deyil. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov və daha neçə-neçə ustadların yolunu davam etdirən Yaqub Məmmədov, Əbülfət Əliyev, Səxavət Məmmədov, Habil Əliyev, Sərvər İbrahimov, Elman Bədəlov, Sara Qədimova, Fatma Mehrəliyeva, Rübabə Muradova, Tükəzban İsmayılova, Arif Babayev, Canəli Əkbərov, Zeynəb Xanlarova və hələ də saymaqda davam edə biləcəyimiz neçə-neçə sənətkarlar var ki, onlar muğam sənəti tarixində adı fəxrlə çəkilən ustad ifaçılardır. Bu və ya digər ifaçılar daim xalq tərəfindən sevilmiş, dövlət tərəfindən də yüksək qiymətləndirilmişlər. Onların səsi-sənəti milli sərvət olaraq daim qorunmaqdadır. Odur ki, bu sahəyə diqqət dövlətimizin prioritet məsələlərindəndir. Təbii ki, bu istiqamətdə yenə də fikirlərimiz hörmətli Mehriban xanımın muğam layihələri üzərində bərqərar olur. Çünki bu layihələrin özünəməxsusluğu, onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır. Onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsinə, çoxcəhətli, hərtərəfli surətdə öyrənilməsinə və təbliğinə xidmət edir. Səsyazılarını, elektron və çap nəşrlərini özündə ehtiva edən bu layihələrdə dünya miqyaslı tədbirlərin, beynəlxalq festivalların və müsabiqələrin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu əhəmiyyətli hadisələrdən biri də 2010-cu ildən etibarən 26 avqust tarixinin Beynəlxalq Azərbaycan Muğam günü kimi qeyd olunmasıdır. Bu tarixi günün Beynəlxalq səviyyədə qeyd olunması da məhz hörmətli Mehriban xanımın muğam layihələrinə əsaslanır. Bu günün əhəmiyyətini hər bir azərbaycanlı yüksək qiymətləndirir. Bu yerdə sənətkarlar adından ustadların yolunu layiqincə davam etdirərək Azərbaycan muğam ifaçılığı məktəbinin yeni nəslinin yetişməsində müstəsna xidmətləri olan Xalq artisti, "Şöhrət" ordenli, professor Mənsum İbrahimovun fikirlərini də qələmə alırıq:

 

"Heydər Əliyev Fondu yaranan gündən muğamımızın yeni bir inkişaf dövrü başladı. Belə ki, 2005-ci ildən başlayaraq Muğam Televiziya müsabiqələri, Beynəlxalq muğam festivallarının keçirilməsi mədəni həyatımızda mühüm hadisələrə çevrildi. Bu günə qədər 7 Televiziya muğam müsabiqəsi və 6 Beynəlxalq muğam festivalları və hətta bir neçə Beynəlxalq muğam elmi simpoziumları da keçirilib. Bu möhtəşəm tədbirlərin hamısı Heydər Əliyev Fondunun təşəbbüsü, təşkilatçılığı və şəxsən hörmətli Mehriban xanımın muğam layihələrinə əsaslanır. Nəzərə alsaq ki, Bakıda inşa olunan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təməl daşını qoyduğu Muğam Mərkəzi Beynəlxalq statusa malikdir. Bunu da muğamlarımızın dünya musiqiçiləri arasında bir mənəvi körpü rolu kimi qeyd edə bilərik. Çünki biz ifaçılarla yanaşı, bu musiqi ocağının səhnəsində dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər də çoxlu sayda çıxışlar ediblər. O ki qaldı televiziya muğam müsabiqələrinə bunlar da muğam ifaçılığına yeni səslər, yeni imzalar gətirdi. Həmin muğam müsabiqələrinin iştirakçıları və qalibləri indi muğam sənətinə layiqincə xidmət edən, Opera və Balet Teatrında, Azərbaycan Televiziyasında, Muğam Mərkəzində solist kimi çalışan, ölkəmizin mədəni həyatında mühüm xidmətlər göstərən, hətta müxtəlif fəxri adlara layiq görülən ifaçılardır. Təbii ki, bütün bunlar da muğamımızın gələcək nəslə ötürülməsində mühüm amillərdir. Əlbəttə, bu mövzu barədə onun nə qədər əhəmiyyətli olduğundan çox danışa bilərik. Bu fikri xüsusi vurğulamaq lazımdır ki, istər Respublika daxili, istərsə də Beynəlxalq səviyyədə mədəniyyətimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə saysız-hesabsız tədbirlər keçirilir ki, bunlar da birbaşa hörmətli Mehriban xanımın təşəbbüsü və rəhbərliyi sayəsində baş tutub.

 

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun 44 günlük vətən müharibəsindəki qələbəmizdən sonra Qafqazın Konservatoriyası sayılan müqəddəs Şuşamızda keçirilən "Xarıbülbül" festivalı da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə xüsusi peşəkarlıqla hazırlanmışdı. Bu möhtəşəm tədbiri bütün dünya izlədi və cənab Prezidentimizin dediyi kimi dünyaya bəlli oldu ki, biz qayıtmışıq, bu torpağın əsl sahibləri qayıdıb. Çünki Qarabağ Azərbaycandır. Bu məmləkətin də zəngin mədəniyyəti, milli sərvətləri və müqəddəs muğam sənəti var. Dövlətimiz də bu müqəddəs sənətin əbədiyaşarlığına xüsusi qayğı və diqqət göstərir. Bu istiqamətdə hörmətli Mehriban xanımın xidmətləri isə çox təqdirəlayiqdir. Odur ki, muğamımızı yaşadan, ona dəstək olan, onu inkişaf etdirən dövlətimizə və hörmətli Mehriban xanıma bütün sənətkarlar adından minnətdarlığımızı bildirir və deyirik:

 

Əziz və hörmətli Mehriban xanım!

 

Siz öz xidmətlərinizlə əbədi bir tarix yazıb, muğama əbədi bir abidə ucaltdınız. Var olun!"

 

Təbii ki, mövzu ilə bağlı çox sənətkarların fikirlərini qələmə ala bilərdik. Əminəm ki, bütün deyiləcək fikirlər bir məcrada birləşəcək: Milli sərvətlərimiz olan ulu və müqəddəs muğamlarımıza göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimizə və ölkəmizin birinci vitse-prezidenti çox hörmətli Mehriban xanıma sonsuz təşəkkür və minnətdarlıq hissləri.

 

Bu, yalnız sənətkarların deyil, hər bir azərbaycanlının təşəkkürüdür. Əslində, muğama qayğı elə xalqa qayğıdır. Bu qayğının əsas qayəsi də hörmətli Mehriban xanımın muğam layihələrindən rişələnir. Çünki bu mötəbər xanımın muğama olan sevgisi intəhasızdır. Bəlkə bu sevginin təzahürüdür ki, Beynəlxalq Azərbaycan muğam günü məhz Mehriban xanımın doğum günü ilə bir vaxta təsadüf edib. Elə isə həm muğamımızı, həm də onun hamisi, çox hörmətli Mehriban xanımı ürəkdən təbrik edir və deyirik:

 

Əziz və hörmətli Mehriban xanım!

 

Sizin şəxsinizdə xanımlığın, insanlığın, vətəndaşlığın, şəxsiyyətliliyin, bir sözlə, ən ali hisslərin yüksək göstəriciləri öz əksini tapır. Bu, Sizə Tanrının sevgisi və inayətidir. Ulu Tanrının bu ali sevgisi sizi və doğmalarınızı daim izləyərək canınıza sağlıq, ömrünüzə firavanlıq, əməllərinizə müqəddəslik, xalq və vətən qarşısındakı xidmətlərinizə bol-bol uğurlar nəsib etsin. Yaşadığınız xoş günlər yaşanılacaq ömrünüzü daha da rövnəqləndirsin.

 

Əziz Mehriban xanım!

 

Ulu və müqəddəs muğamımızın da, elə sizin də yeni yaşınız mübarək.

 

Səadət TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 26 avqust.- S.6;8.