Bir kitab yazacaq odlu ürək sahibi...

 

(Həkim-şairə Nuranə Rafail qızının poetik yaradıcılığı haqqında düşüncələrim...)

Bədii söz sənəti yollarında inamlı addımlarını atan, amma "müəyyən bir auditoriyaya sahib şair kimi tanınan" Fazilova (Rəhimova) Nuranə Rafail qızı Azərbaycanın barlı-bəhərli diyarı Göyçay bölgəsində dünyaya göz açıb. Orta təhsil aldıqdan sonra Odlar Yurdu Universitetinin "Müalicə işi" fakültəsini bitirib. 2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.

 

Nuranənin şeirlərində onun bir qələm əhli kimi mərhəmətini, sədaqətini, sevgisini, dürüstlüyünü, paklığını görürsən. Görürsən ki, müəllifin , müəllifdən sözə hopan ruhu da təmizdir, safdır, durudur... İç dünyası ilə dış dünyası müvazidir, aldadıcı deyil, sünilikdən uzaqdır. Şeirlərində özünün, yaşadığı mühitin, ən ümdəsi isə göz açdığı, boya-başa çatdığı bölgənin cazibədar ruhu, özünəməxsus söz düzümü, bu düzümün yaratdığı ahəng var bunlar onun şeirlərinin spesifikası kimi qəbul edilə bilər.

 

"Həkimlər depresiya deyir..." Nuranənin ilk kitabıdır müxtəlif mətbuat orqanlarında, toplularda, almanaxlarda dərc edilən şeirlərinin bir qismidir. Bu şeirlərdə şairlik iddiasına düşməyən, təbii hissi ehtiyacdan yaranan, həkimlik peşəsinə yiyələnmiş incə, zərif təbiətli həssas müşahidə qabiliyyəti olan gənc xanımın həyata münasibəti, yaşam tərzinin psixoloji məqamları, insani sevgisi, məhəbbəti, nifrəti, qəzəbi s. doğru-dürüst, həzin bir lirizmlə əksini tapıb. Özü kimi sözü səmimidir. "Bircə sən yoxsan dünyamda" şeirində olduğu kimi:

 

Hər şeyim var...

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda...

 

Şairdə, ümumiyyətlə, qələm əhlində gərəkdir ki, fərqli düşüncə, dünyagörüş, zamanı vaxtında duymaq gələcəyə yönəlik duyum, həssaslıq olsun. Nuranə Rafailqızı yaradıcılıqdan kənar sahədə, həkimlik peşəsində çalışmasına baxmayaraq (hərçəndi mən həkimliyə, Hippokrat andlı həkimliyə yaradıcılıq sahəsi kimi baxıram onu da bilirəm ki, bu peşənin adı hükəma, fikir, filosof anlamlarına müvazidir), içində həkimanə bir poeziya - şair ömrü yaşayır... Mənə elə gəlir ki, həkimliyin şairliyə yaxın, doğma cəhətləri var. Əvvəla, hər ikisinin obyekti İNSANDIR! hər ikisi, həkim , şair insanın sağlamlığı ilə məşğuldurlar, birisi fizioloji sağlamlığın, ikincisi isə mənəvi sağlamlığın keşiyindədir... Bu cəhətdən həkim , şair daim axtarışdadırlar. Nahaq yerə deyilməyib: "Sağlam canda sağlam ruh olar!" Məncə, həkimlik , şairlik ciddidən-ciddi ruhsal aləmdir... Nuranə həkimin poetik "mən"i onun "Mən" şeirində həssas psixoloji çalarda belə təqdim edilir:

 

Bir ev var ki, uzaqlarda

hasarı yox, çəpəri yox.

gələni, gedəni,

qalan bir nəfəri yox.

Bu Günəşdən, bu səmadan,

bu həyatdan xəbəri yox,

toz basmış, kifə bürünmüş

Bax,

həmən o otaq mənəm...

 

Əlbəttə, bu şeiri avtoportret adlandırmaq olar. Lirik "mən"in - müəllifin keçirdiyi əhval-ruhiyyə əks olunub. Təsvir olunan bu metaforik obraz - ev, əslində, insan ömrünün obrazıdır, onun keçirdyi ömür yolunun astanalarıdır, müxtəlif çətinliklərdir, psixoloji iztirablardır... yaxud, "bu "mən" diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba", bu qəbildən olan həyati məqamlardır, addamaclardır... Məsələn, "Bir az səssizlik, bir az sənsizlik" adlı şeirində olduğu kimi:

 

Bir stəkan çay istəyirəm,

yanında da limonu.

Bir qırıq qənd parçası,

bir kağız, bir qələm

cızmaqara edim onu...

Vəssalam,

mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik...

 

 

 

Nuranə Rafailqızının bu qəbildən olan şeirlərində incə, zərif qadın həssaslığı ilə yoğrulmuş rəğbət, şəfqət, dürüstlük, fədəkarlıq, sədaqət, məhəbbət kimi insani keyfiyyətlərin öz istedadı, bacarığı gücündə vəsfi, tərənnümü daha qabarıqdır, öndədir... "Həkimlər depresiya deyir" şeiri bu cəhətdən səciyyəvidir:

 

Dünyanın rəngi qaçıb,

ağ-qara şəkillər kimi.

Divardan bizə boylanan

70-ci illər kimi.

Saralıb, solub, köhnəlib

güllər eyni rəngdədi.

Bir sığala həsrət qalan

tellər eyni rəngdədi.

Həftələr, aylar ötüşür

qoşulub dönür illərə.

Eyni rəngdə, eyni tonda

ömrü veririk yellərə.

Qocalıq da astanadan

üzümüzə gülümsəyir.

Mən deyirəm kefim yoxdu,

Həkimlər depresiya deyir!..

 

Onun şeirlərində yurda dönüşün, Qarabağa dönüşün sevincindən yaranan işıq, şəfəq, nur selini aşkar görmək mümkündür doğrusu, vətənsevər insanın sevinci hüdudsuzdur... bu vətənsevərlikdə hər kəsin öz şəxsi payı var bunu hərə bir cür ortaya qoyur:

 

Elə ki, mən boy atdım,

Yeridim addım-addım,

Anam tutub əlimdən

Bu daşı, bu torpağı,

Bu otu, bu yarpağı,

Yaşadığım küçəni,

Qızındığım ocağı

Göstərib vətən deyib!

 

Əksər şairlərdə olduğu kimi, onun da lirikasının bir qismi sevgi, məhəbbət mövzusundadır. Bu şeirlərdə əsasən ayrılıq, hicran, kədər motivi, "sən gəlməz oldun" ovqatı, həsrət, yol gözləmək, ürək göynədən sevgi iztirabları s. öz əksini tapıb. O şair yaradıcılıqda müəyyən nailiyyət qazana bilir ki, yaşadıqlarını yaşaya biləcəklərini qələmə almağı bacarır. Elə bil, olacaqlar öncədən onlara agah olur. Bu şeirlərin əksəriyyəti, elə bilirəm ki, iztirabların, faciəli anların yanğısını söndürmək, içini yandıran közü dışarı atmaq, ruh aləmindəki fırtınaları sakitləşdirmək üçün yazılır bu qəbildən olan duyğu hisslərin müəyyən qismini gənclikdəmi, sonramı hamı keçirib... Hər kəsin içini yandıran belə duyğuları var... Ona görə belə duyğuları səmimi şəkildə əks etdirən şeirlər hamı tərəfindən qəbuledilən olur, tutarlı, təsirli poetik mətnə çevrilir... "Sev ki, sevən mərd olar!" (Hüseyn Kürdoğlu) poetik prinsipi bu qəbildən şeirlərdə gücə, enerjiyə, ehtizaza səbəb olur... "Ölümsüz sevgi" lirikası, balladası yaranır, "öyrətmə özünü, öyrətmə mənə" (Müsa Yaqub) serenadasına dönür...

 

Nuranə Rafailqızı bir qələm sahibi kimi metaforik düşüncədən, bədii-poetik vasitədən bacarıqla istifadə edir, elə "Mənə bir az nağıl danış" şeirindəki kimi. Bu şeirdə müəllif folklor-nağıl motivlərindən metaforik qəliblərdə bacarıqla istifadə edib, günümüzün reallıqlarını canlandıra bilib:

 

Mənə bir az nağıl danış,

ruhum bir az təzələnsin.

Səmadakı ulduzlardan

göydən yerə nur ələnsin.

Danışginən bədirlənmiş

14 gecəlik ayından,

Günəşin bizə verdiyi

bir ovuc ümid payından.

Bir az külək, bir az çovğun,

bir az bulud, bir az yağış.

Başımı qoyum dizinə

mənə bir az nağıl danış!

 

...Bir gecəlik uşaq olum,

saçımda-dən, üzdə-qırış.

Başımı qoyum dizinə,

mənə bir az nağıl danış!

 

Qeyd edək ki, dəyərli ədəbi faktın, mövzunun reallaşması isə böyük mənəvi güc və peşəkarlıq, həm də sarsılmaz inam, əzm, iradə və əlbəttə ki, böyük sevgi tələb edir... Nuranə Rafailqızı bədii təsvir vasitələrindən dəyərincə istifadə edə bilir, müəllifin qəlbinəki incə, zərif duyğular, insani hissləri süsləyir, onları daha da ülvüləşdirir. İnanıram ki, o, şair kimi püxtələşdikcə daha maraqlı mövzuları əhatə edəcək, özünün dediyi kimi, kitabı-qələmi din-imanı olacaq, çox-çox vərəqləri söz yurduna çevirəcək:

 

Gah deyirəm bədahətən,

gah yazıram kərən-kərən.

Bir şeirəm qafiyəsi,

hecaları pərən-pərən.

Şairlərin din-imanı,

Quranı, kitabı-qələm,

köksündə qara yazı

Bax,

həmin o vərəq mənəm!

 

Mənə elə gəlir ki, bu şair xanım - Nuranə Rafailqızı bildiyi, bacardığı, qavraya bildiyi işlərlə məşğul olur bu cəhət onun şeirlərindən boylanır. Elə bil ki, şeir yazmaq da onun alın yazısıdır.

 

 

Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

 

525-ci qəzet.- 2021.- 27 avqust.- S.15.