Yunanıstan: səfər təəssüratları
və zəngin keçmişi barədə düşüncələr
(Əvvəli
ötən şənbə sayımızda)
Bu, onun gənc
dühasının ali planı idi və
onun ölümündən sonra uğur qazandı. O, əmin
olmaq istəyirdi ki, Ellinizm bütün nəsillərdən
ötəri yaşayacaqdır. O, hətta utopiyadan da çox
uzaqlara gedirdi, fövqəltəbii Ellinizmə İsokrat da dua
edirdi və Filipp, demək olar ki, bu ideyanı mənimsəmişdi.
Əgər Aleksandr ilahi hüquqla dünya
üzərində öz monarxiyasını qursaydı, bu,
heç də qardaşın qardaş yanında
yaşaması olmayacaqdı. Onlar
qarşılıqlı nifrətlə bir-birindən
ayrılmış düşmənlər və ya irqlər
olaraq qalardı. Deyəsən, ingilis
yazıçısı Redyard Kiplinq haqlı imiş ki, Yerlə
Göyun birləşməsinə inana bilər, ancaq Qərblə
Şərqin birləşməsinə inanmır. Bu, sadəcə birləşmə idi, onu mexaniki birləşmə
də adlandırmaq olardı və ən yaxşı yunan
fikrini Şərqin münbit torpağına tökürdü.
O,
Roksanaya evləndi, öz köməkçilərinə arvad
almaq üçün Şərq şahzadələrini verdi, öz əsgərlərinə isə
Persiya qadınlarını verdi. İki
sivilizasiya arasındakı bu nikahlar hər iki tərəf
üçün ən yaxşı elementlər bəhrəsi
verəcəkdi.
33
yaşında 12 illik qalibiyyətdən sonra ölməklə
Aleksandr yeni növ tarix yaratdı, paradoksal olsa da, fateh bu ərazilərə
sülh gətirdi, xalqları məcbur etdi ki, onun idarəçiliyini
qəbul etsinlər. Özü isə onlara
yalnız yaşamaqda və özlərini birləşdirməkdə
kömək etsin.
İdeyalar dünyanı idarə edir. Aleksandr öz
ideyalarını işğal etdiyi dünyaya
ötürdü. Onun
hökmranlığı ilə fraksiyaların idarəçiliyinə
son qoyuldu, liqalar parçalandı, xalqlar onları
qarışdırıb əridən bir qazana atıldı və
irqlər bir-birinə qarışdı, böyük
adamların özünün dövrü başa
çatdı.
O, yunan
dünyasının sistemləşdirilməsini başa
çatdırdı, Aristotelin makedoniyalı şagirdi, yunan
irsini xilas etdi, Aleksandr erası başlandı və Ellinizmin
bütün dünyaya nüfuz etməsinə şərait
yaratdı.
B.e.ə.
323-276-cı illərdə Ellinistik çarlıqların
qurulması baş verdi. Aleksandrın
karyerası yeni yunan dünyasının qalxmasını
mümkün etdi, bu vaxt şəhər-dövlətlər ərazi
monarxiyalarına tabe olmaq rolunu oynamağa başladılar.
Yunan xalqı mədəniyyətin və siyasi təcrübənin
hər bir meydanında təzə nəfəs tapdı. Aleksandrdan Avqustun başçılığı
altında Roma imperiyasının qurulmasına qədər olan
üç əsr bütöv yunan tarixindəki ən məhsuldar
və nüfuzlu dövr idi.
Aleksandrın ölümündən sonra Ptolomey Misiri
aldı. Antipatr Makedoniya və Yunanıstan daxil olmaqla Avropa ərazilərinə
nəzarət edirdi. Asiyada Perdikka oliqarx və
ya baş vəzir oldu. Frigiya satrapı olan
Antqion Qərbi Anatoliyanı aldı, Lisimaxa isə Frakiya
düşdü. Bütün bu adamlar -
Ptolomey, Antiqon, Aleksandrın şəxsi katibi olan Evmen və
Lisimax daha görkəmli adamlar olmaqla, hakimiyyət uğrunda
mübarizələrdə başlıca rol oynadılar. Antiqon Aleksandr imperiyası birliyində onun varisi kimi
ağalıq etməyə cəhd göstərdi. 319-cu ildə Antipatr öldü, oğlu Kassandr onun
yerini tutdu. Antiqon beş il ərzində
Kiçik Asiyadan İrana qədər olan bütöv ərazidə
nəzarəti ələ keçirdi. O, Kassandrı
Aleksandrın anası Olimpiyanın "qatili" kimi və
onun arealını tutduğuna görə məhkum etdi və
IV Aleksandrın kiçik yaşda olması dövrü ərzində
(Böyük Aleksandr rəsmi qaydada III Aleksandr idi) Kassandr
Avropanın hökmdarı olaraq qalırdı. Antiqon
isə Asiyada hökmran idi. Lisimaxın Frakiyaya, Ptolomeyin
isə Misirə nəzarəti möhkəmlənmişdi.
Kassandr 310-cu ilə yaxın Böyük Aleksandrın oğlu
IV Aleksandrın və onun anası Roksananın
öldürülməsi barədə əmr verdi.
Antiqon həm özü, həm də oğlu
üçün çar titulu aldı. Ptolomey də
"Misirin çarı" tituluna yiyələndi. Kassandr, Lisimax və Selevk də bu qaydada hərəkət
etdilər. Selevkin isə əsas ərazisi
Suriya idi.
Aleksandr nəslindən axırıncı olan Selevk
Lisimaxın Asiyadakı torpaqlarını tutdu, Avropaya
keçdikdə Ptolomey tərəfindən qətlə
yetirildi. Onun oğlu I Antiox artıq birgə monarx kimi dövləti
idarə edirdi. Lisimaxın və Selevkin
ölümləri həm də Antiqon Qonat üçün
böyük imkanlar yaratdı.
Aleksandriyada yunan azlığı Ptolomey idarəçiliyinin
əsasını yaratdı. Şəhərdə
yunanlarla yanaşı, yəhudilər və misirlilər də
yaşayırdı. O, hətta yunan şəhəri
olmasa da, burada Ellinizm geniş dərəcədə münbit
mövqeyə malik idi. Lakin sonralar Misir ənənələri
üstünlük təşkil etməyə başladı.
Yunanlar imtiyazlı sinif olaraq qaldıqlarına
görə "ellin" sözü mədəni terminə
çevrildi.
Selevkid torpaqları üç ayrıca zonanı -
Kiçik Asiyanı (Anatoliyanı), Mesopotamiyanı və
İranı əhatə edirdi.
Ellinləşmə:
Yunan şəhərləri
III Antiox Asiyanın yunan şəhərləri üzərində
özünün tam suverenliyinə iddia edirdi. Selevkidlər
iki vəzifəyə malik idilər - yunan sakinlərini,
torpaqların əvvəlki ağası olan iranlılarla
barışdırmaq və Xarəzmin hakimiyyətinə
qarşı Şərq sərhədlərini müdafiə
etmək.
Baktriya satrapı Diodor Selevkin zəiflədiyindən
faydalanıb, ölkədə Yunan-Makedoniya
çarlığı yaratdı.
Makedoniyanın özü qeyri-münbit torpağa malik
idi. Paytaxt Pella ellinist şəhərə
çevrilmişdi.
Qitədə və dənizdəki adalarda Ellinist
erası yunanların təsiri altında bir sıra dəyişiklikləri
gördü.
Yunanların azad olması dəfələrlə
baş verirdi, bəzi qullar öz azadlıqlarını
satın alırdılar. Aleksandrın ölümündən
60 il sonra Afina müstəqil siyasət
aparmağa can atırdı. B.e.ə. II əsrdə
bütün ərazilər Romaya keçdi. Makedoniya ayrıca təzminat verən dörd
respublikaya bölündü. Yunanıstan
Roma işğallarından sonra çətinliklər içərisində
idi. B.e.ə. 146-cı ildə Roma sərkərdəsi
Lutsi Mummi Korinfi qarət etdi.
Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 63-cü ildə
ölmüşdür) Bosporu aldıqdan sonra öz ərazilərini
xeyli genişləndirdi. Roma Ponta müdaxilə etdikdə, Mitridat
88-ci ildə müharibə etməyi qərara aldı. Asiya Romaya qarşı nifrət mövqeyində idi.
Roma onlara ağır vergilər qoymuşdu,
Mitridata isə xoş münasibət var idi. Mitridat Efesdə 80 min nəfər italyanın
qırğınını təşkil etdi. Onun
donanması Afinaya keçəndə, Afina da ona qoşuldu. Sullanın ölümündən sonra romalılar
onunla danışıqları kəsdilər. Roma sərkərdəsi Lutsi Lukull onu məğlub
etdi, Pontu tutdu və Asiyada yenidənqurma apardı. Pompey Pontu yenidən tutduqdan sonra Mitridat Kolxidaya
qaçdı, sonra isə 63-cü ildə Krımda
özünü intihar etdi.
VIII Ptolomey öldükdən sonra Misirdə
çarlıq üç oğul arasında
bölündü. XIII Ptolmeyin atası öləndə, onun 10 yaşı
var idi, bacısı Kleopatra isə 17 yaşında idi və
onlar ər-arvad idilər. Faraonların öz
bacıları ilə evlənməsi ənənəsi
Ptolomeylər tərəfindən də davam etdirilirdi. Nazirlər bacının əleyhinə
qardaşı taxta oturtdular. Bu vaxt Pompey
Farsaldakı döyüşdə məğlub olandan sonra
qaçqın kimi Misirə gəlmişdi və orada qətlə
yetirildi. Sezar oraya gələndə
Kleopatra Aleksandriyaya döndü və onun köməyini
aldı. Vətəndaş müharibəsini
Sezar çətinliklə yatırdı və XIII Ptolomey 47-ci
ildə öldürüldü. Kleopatra
taxt-taca çıxdı, özünün ikinci
qardaşı XIV Ptolomeyə ərə gedən Kleopatra
Sezarın məşuqəsi kimi Romaya getdi, Sezarın 44-cü
ildəki ölümünə qədər orada qaldı.
Onun Sezardan Sezarion adlı oğlu var idi.
Kleopatra Misirdə yerli elementə arxalanırdı. 41-ci ildə
Şərqə hökmranlıq edən Mark Antoni onu Tarsusa
çağırdı və onların sevgi macərası
başlandı. Bir il sonra Antoni
Avqustun bacısı Oktaviyaya evləndi. Lakin onun
Klepoatra ilə sevgisi bərpa olundu. 34-cü
ildə Kleopatra çarlar çariçası təyin edildi,
onun Sezardan olan oğlu Sezarion isə şahənşah elan
edildi. O, Antonidən də üç uşaq
doğmuşdu, onlar da satellit çarlıqların
çarları təyin edilmişdilər. Lakin
31-ci ildə Oktavian Antoninin və Misirin donanmalarını
Aktsidə məğlub etdi. 30-cu ildə
Oktavian Misirdə olanda Kleopatranın özünü intihar etməsilə
Ptolomey monarxiyası dağıldı və Misir həmin
vaxtdan Romanın əyalətinə çevrildi. Ellinist dünyası artıq bütünlüklə
Roma imperiyasının bir hissəsi kimi mövcud oldu.
324-cü ildə Aleksandr yunan şəhərlərində
özünə sitayiş tələb etmişdi. II Ptolomey
öz mərhum atasını "Xilaskar allah"
adlandırırdı, arvadının ölümündən
sonra onun da kultunu yaratdı. Başqa
çarlıqlar da tezliklə onların nümunəsini təkrar
etdilər. Allah - çarlar and obyekti idi,
ancaq onlara dua edilirdi.
Çarlar öz dostlarından ibarət məsləhətçi
vəzifəsini daşıyan Şuralara malik olurdu. "Qohum"
ifadəsi Əhəməni mənşəli idi.
Yunan şəhərləri Ellinist monarxiyalarında
fundamental rol oynayırdılar. Aleksandrın
kampaniyaları yunan sivilizasiyaları dövrünə yol
açdı. Yunan dili ordunun və
bürokratiyanın dili oldu.
Lakin yunanlarda varlı və kasıb adamların
arasındakı uçurum böyüyürdü və bu da
gərginlik yaradırdı.
Ellinist dünyası mədəni dünya idi. Bu dünya səyahət
üçün də yaxşı imkanlar yaradırdı.
Fəlsəfəyə əhalinin müraciət
etməsi müxtəlif səviyyələrdə idi. Afina böyük mərkəz olaraq qalırdı.
Aleksandrın yürüşləri yunan
dünyasının üfüqlərini genişləndirdi və
onun varisləri tədqiqatlarını daha uzağa
apardılar. II Ptolomey fil
sümüyünü və filləri axtaranda
Qırmızı dənizi kəşf etdi. Baktriya çarları Fərqanəni məskunlaşdırdılar.
Selevkid isə Xəzər regionunda fəal idi.
Ellinist dünyasının özündə ticarət fəallığı gözə çarpırdı. Şərqdən gələn mallar daha yüksək qiymətlənirdi. Lakin b.e.ə. 146-cı ildən sonra Yunanıstanın süqutu davam etdi. Bizim eranın 67-ci ilində Neron Yunanıstanı azad etmək məsələsində canfəşanlıq göstərdi və onun bütün təzminat ödəmələrini dayandırdı. Peloponnes Neronez adlandırıldı. Neron özü xilaskar Zevsə sitayş edirdi. Lakin onun varisi olan Flavi imperatorları tezliklə buna son qoydular və əyalətin vergi verməsini bərpa etdilər. 251-ci ildə Roma imperatoru Detsinin ölməsi ilə qapılar barbar müdaxilələri üçün açıldı. Bütöv yarımada uzun müddət kiçik kəndlərin və iri malikanələrin məkanı oldu.
Yunanıstan və Ellinizm barədə qısa düşüncələr heç də min illər ərzindəki uzun dövrü bütünlüklə əhatə etməsə də, əsas mərhələlər barədə müəyyən təsəvvür yaratmağa kömək edə bilər. Biz qədim yunanların bəşəriyyət qarşısındakı xidmətlərini qiymətləndirməklə, onlar həqiqətən də, tərifə layiqdirlər, onların həyata gətirdiyi sivilizasiyanın töhfələrinə biganə qalmamağımızı, onun beşiyi başında duranlara minnətdarlıq hisslərimizi ifadə etməklə, yeniləşmiş dünya ilə uzaq keçmiş zamanların əlaqəsini, azacıq da olsa, bərpa etməyə cəhd göstərdik və ifadə etdiyimiz ehtiram əgər ünvanına çatırsa, bundan yalnız məmnunluq hissi duymaq olar. Ədalətə xidmət isə heç vaxt öz qiymətini itirmir.
SON
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 28 avqust.- S.22.