Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi

 

İrəvan Müəllimlər Seminariyası - 140

 

***

 

Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu, gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

***

 

XIX əsrin 70-ci illərinədək bütün Qafqazda dünyəvi fənlər tədris edən məktəb, bu fənlərdən dərs demək üçün pedaqoji kadrlar hazırlayan hər hansı bir təhsil ocağı yox idi. Məlumdur ki, Azərbaycanda olduğu kimi, İrəvanda da dünyəvi məktəblər açılana qədər təlim müəssisəsi kimi yalnız məscidlərin nəzdində mollaxanalar və mədrəsələr fəaliyyət göstərmişdir. Əsrlər boyu fəaliyyət göstərən mollaxana və mədrəsələr xalqımızın mədəni yüksəlişini təmin edə bilməmiş, onun inkişaf prosesini ləngitmişdir. XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzüllə uğrayır, öz yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu.

 

Cənubi Qafqaz, o cümlədən, Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edildikdən sonra həyatın bütün sahələri Rusiya tərəfindən idarə olunmağa başladı. 1829-cu il avqustun 2-də Rusiya Maarif Nazirliyi "Zaqafqaziya məktəblərinin vəziyyəti haqqında" qəbul etmişdi. Burada qəza məktəblərinin yaranması və ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Artıq XIX əsrin 70-ci illərində Cənubi Qafqazın müxtəlif yerlərində açılan həmin məktəblərdə elmin əsaslarını uşaqlara yeni üsulla tədris edən təhsil ocaqlarının ciddi şəkildə təşkilinə başlanıldı. Cənubi Qafqazda başlanan bu maarifçilik hərəkatına İrəvanda da onlarla tərəqqipərvər azərbaycanlı ziyalı qoşularaq, gənclərin təhsilə cəlb edilməsi uğrunda mübarizəyə başladı. 14 yanvar 1832-ci ildə İrəvanda açılan ilk qəza məktəbində müxtəlif millətlərin uşaqları ilə yanaşı, azərbaycanlı uşaqlar da təhsil almağa başladılar. 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi.

 

8 noyabr 1881-ci ildə İrəvanda daha bir təhsil müəssisəsi - İrəvan Müəllimlər Seminariyası fəaliyyətə başladı. Burada müxtəlif millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlılar da təhsil alırdı. Yeri gəlmişkən onu da qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasının və gimnaziyasının təşkil edilməsi Cənubi Qafqazda maarifçiliyin daha geniş vüsət almasına ciddi təsir göstərdi. Seminariyada tatar dilini (Azərbaycan) Axund Məmməd Bağır Qazızadə tədris edirdi. O, 1853-cü ildə İrəvanda anadan olmuş, İrəvan progimnaziyasını bitirmişdir. Yüksək biliyə malik olan Axund Məmməd Bağır Qazızadə həm də seminariyada Azərbaycan bölməsinə rəhbərlik edirdi. O, 1911-ci ildə İrəvan müəllimlər seminariyasının bir qrup əməkdaşları ilə Tiflisdə Azərbaycan dilində nəşr olunmuş "Ana dili" dərsliyinin həmmüəlliflərindən biri idi. Aparılan araşdırmalardan məlum olur ki, seminariyanın Azərbaycan bölməsinin rəhbəri Axund Məmməd Bağır Qazızadə burada şəriət dərslərinin yüksək səviyyədə keçirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, gənc soydaşlarımızın seminariyaya daha çox cəlb edilməsi istiqamətində böyük rol oynamışdır.

 

Tədqiqatlardan aydın olur ki, 1906-cı ilin iyun ayında Cəlil Məmmədquluzadə İrəvanda olmuş, seminariyada qabaqcıl azərbaycanlı ziyalılarla, müəllim və tələbələrlə görüş keçirmiş, "Molla Nəsrəddin" jurnalı barədə geniş fikir mübadiləsi aparmışdır. "Molla Nəsrəddin" jurnalının İrəvanda özünə möhkəm yer tutmasında İrəvan Müəllimlər Seminariyasının Azərbyacan bölməsinin müəllimlərinin və tələbələrinin də böyük rolu olmuşdur. "Tuti", "Zənbur", "İqdam", "İrşad", "Babayi-Əmir", "Məzəli", "Kaspi", "Şəlalə", "Sovqat", "Kəşkül", "Tərcuman" və s. bu kimi mətbuat orqanlarının da İrəvanda yayılmasında azərbaycanlı ziyalıların və tələbələrin böyük rolu olmuşdur.

 

Onu da qeyd edək ki, İrəvan Müəllimlər Seminariyasında 1904-cü ildə Rəşid bəy Şaxtaxtinski, 1907-ci ildə isə Həmid bəy Şahtaxtinski Azərbaycan (tatar) dili fənnini tədris etmişlər. Həmid bəy 5 iyun 1899-cu il tarixdə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Qafqaz Təhsil Dairəsinin əmri ilə 1 sentyabr 1899-cu il tarixdən İrəvan rus-tatar məktəbinə Azərbaycan dili müəllimi təyin edilir. 27 oktyabr 1901-ci il tarixdə isə Qafqaz Təhsil Dairəsi rəhbərinin 14622 -li əmri ilə İrəvan Müəllimlər Seminariyasına tatar (Azərbaycan) dili müəllimi təyin edilir. Həmid bəy 23 oktyabr 1907-ci il tarixdə Qafqaz Təhsil Dairəsinin 19273 -li əmri ilə İrəvan Müəllimlər Seminariyasının tatar dili müəllimi vəzifəsindən azad edilir.

1907-ci ildə Həmid bəy İrəvan Müəllimlər Seminariyasından azad edildikdən sonra onun yerinə Mirzə Cabbar Məmmədzadə tatar (Azərbaycan) dili müəllimi təyin edilir. Mirzə Cabbar Məmmədzadə 19 yanvar 1913-cü il tarixə qədər İrəvan Müəllimlər Seminariyasında tatar (Azərbaycan) dili müəllimi işləmişdir.

 

Seminariyada Bakıdan, Naxçıvandan, Dağıstandan və başqa şəhərlərdən də tələbələr təhsil alırdı. Seminariyanı bitirən məzunlara kənd ibtidai məktəb müəllimi vəsiqəsi verilirdi.

 

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, ictimai xadim Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Mir Haşım bəy Vəzirov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. 1910-cu ilə qədər müəllimlər seminariyasını 30 nəfər azərbaycanlı bitirmişdir. 1915-ci ildə seminariyada təhsil alan azərbaycanlıların sayı 22 nəfər olmuşdur.

 

Seminariyada rus dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, idman və s. fənlərlə yanaşı, musiqi fənni də tədris edilirdi. 1885-ci ildə seminariyada musiqi fənnini tədris edən N.Kasradzenin rəhbərliyi altında 69 nəfər musiqi təhsili almışdır ki, onların arasında azərbaycanlılar da var idi.

 

İrəvan Müəllimlər Seminariyasının məzunları Cənubi Qafqazda milli maarifçiliyin inkişaf etdirilməsi istiqamətində çox böyük rol oynamışlar. Onlar azərbaycanlılar yaşayan bölgələrdə yeni məktəblərin açılmasında, azərbaycanlı balalarının təhsilə cəlb edilməsində fəal iştirak etmişlər. Bu maarif fədailəri daha çox İrəvanda, Naxçıvanda, Azərbaycanın müxtəlif bölgələrində milli intibah istiqamətində böyük fədakarlıq göstərirdilər. Məmməd Axundov, İbadullah bəy Muğanlinski, Məmməd Vəli Qəmərlinski, Cəfər Kərimov və başqaları İrəvanda xalqımızın mədəni yüksəlişi yolunda təkcə səy və bacarıqlarını deyil, həyatlarını və maddi imkanlarını da bu ülvi məqsədə sərf etmişlər. Cəfərbəy Cəfərbəyov İrəvanda həm də III dərəcəli xüsusi məktəb açmağa nail olmuş və eyni zamanda açdığı pansionata rəhbərlik etmişdir. Cəfərbəy 1897-ci ildə İrəvan Gimnaziyasının hazırlıq sinfini, 1901-ci ildə isə İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. 1911-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirən Əsgər Axundov burada III dərəcəli 1 sinifli, pansionlu məktəb açmağa nail olmuşdur. Seminariyanın məzunu olmuş, əslən Vedili Şəmdin bəy Mahmudbəyov 1903-cü ildən 1917-ci ilə kimi Uluxanlı kənd məktəbinin, Şıxəli bəy Firudinbəyov Qəmərli kənd məktəbinin, Yusif Babayev Dvin-Aysor kənd məktəbinin, Mirzə Cabbar Məmmədov Göyməsçid kənd məktəbinin, İbadullah bəy Muğanlinski Dərəçiçək kənd məktəbinin müdirləri olmuşlar. İlya bəy Mahmudbəyov, Əhməd Haşimov Çobankərə kəndində, Şıxəli bəy Firudinbəyov, Cəlil Məmməd oğlu Mirzəyev, Mirzə Məhəmməd Axundov Qəmərlidə, Həsənbəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Axund Məmməd Bağır Qazızadə İrəvanda, Məmməd bəy Lütvəli bəy oğlu Qaziyev Uluxanlıda, Fərəməz bəy Mahmudbəyov Böyük Vedidə, Cəfər Kərimov Şərurda müəllim işləmişlər. İrəvanda və bölgələrdə fəaliyyət göstərən bu müəllimlər milli tərəqqi üçün çox böyük işlər görmüşlər. 1895-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirmiş Tağı bəy Səfiyev də uzun müddət Naxçıvanın Nehrəm kəndində müəllim işləmişdir. Həmin dövrdə onun "Nehrəm kəndi" adlı kitabçası da işıq üzü görmüşdür. İrəvan Müəllimlər Seminariyasının məzunlarından biri də Həsən Səfərli olmuşdur. Rus dilinin və riyaziyyatın gözəl bilicisi olan Həsən Səfərli 1917-ci ildən 1919-cu ilin ortalarına qədər Naxçıvanda fəaliyyət göstərən "Rüşdiyyə" məktəbində də dərs demişdir. H.Səfərli 1919-cu ildə Naxçıvanda kimsəsiz uşaqlar evinin müdiri işləmişdir. 1965-ci ildə isə Əməkdar müəllim adına layiq görülmüşdür.

 

 

 

Seminariyanın məzunlarından olan Hüseynəlibəy Rüstəmbəyov Azərbaycanın İsmayıllı rayonunun Lahıc, Cəlil Babayev isə Basqal kənd məktəbində böyük maarifçilik işləri aparmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, İrəvanda 1890-cı il aprel ayının 4-də tamaşaya qoyulan "Könülsüz nikah" adlı 1 pərdəli pyesin müəllifi İrəvan Seminariyasının tələbəsi Abbas Rizayev olmuşdur. Araşdırmalar nəticəsində məlum olur ki, 1881-ci ildən 1914-cü ilədək İrəvan Müəllimlər Seminariyasını 63 nəfər, 1915-ci ildə isə 22 nəfər azərbaycanlı bitirmişdir.

 

İrəvan Müəllimlər Seminariyasının görkəmli məzunlarından biri də Həsən bəy Qaziyev olmuşdur. O, 1879-cu ildə İrəvan şəhərində anadan olmuşdur. 1896-cı ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Uluxanlı məktəbində rus dili müəllimi, sonra isə 1918-ci ilə qədər İrəvanın müxtəlif milli məktəblərində rus dili müəllimi işləmişdir. Həsən bəy həm də İrəvan quberniyası müsəlmanlarının dini icmasının üzvü idi. O, 1918-ci ildə erməni daşnaklarının törətdikləri qətliamlar zamanı Naxçıvana köçmüş və müxtəlif məktəblərdə rus dilini tədris etmişdir. Əməkdar müəllim Həsən bəy Qaziyev ömrünün böyük bir hissəni milli maarifçiliyimizin inkişafına həsr etmişdir. O, 1950-ci ildə Naxçıvanda vəfat etmişdir.

İrəvan Müəllimlər Seminariyasının məzunları sırasında Əli Əzim oğlu İbrahimov da vardır. O, 1894-cü ildə Ağdamda anadan olmuş, uzun müddət xalq maarifi sahəsində fəaliyyət göstərmişdir. Ə.İbrahimov 1914-cü ildə seminariyanı bitirdikdən sonra inqilabi hərəkata qoşulmuş və bu hərəkatın fəallarından biri olmuşdur. O, 1914-cü ildən 1916-cı ilə qədər Böyük Vedi kəndində müəllim işləmişdir. 1916-cı ilin əvvəllərində Ağdam rayonuna köçmüş və burada rus dilini tədris etmişdir.

 

Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, II Dünya müharibəsindən sonra Türkiyəyə köçərək ömrünün sonuna qədər orada yaşamışdır.

 

Ümumiyyətlə, Qərbi Azərbaycanda xalqın maariflənməsində, Abbasqulu bəy Şadlinskinin yaratdığı "Qırmızı tabor"un tərkibində erməni şovinistlərinə qarşı mübarizədə İrəvan Müəllimlər Seminariyasının və Gimnaziyasının Azərbaycan şöbəsini bitirənlərin böyük xidmətləri olmuşdur. Araşdırmalardan o da məlum olur ki, 1937-ci ildə repressiyaya daha çox məruz qalanların əksəriyyəti də məhz elə İrəvan Müəllimlər Seminariyasının və İrəvan Gimnaziyasının, o cümlədən, buradakı dünyəvi məktəblərin məzunları olmuşdur.

 

Yuxarıda adlarını qeyd etdiyimiz milli intibaha yol açan maarif-mədəniyyət ocaqları 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı öz fəaliyyətini dayandırmışdır. Bu maarif və mədəniyyət ocaqlarında çalışan azərbaycanlı ziyalıların, müəllimlərin, təhsil alan tələbələrin bir qismi həmin hadisələr zamanı qəddarcasına qətlə yetirildi, bir qismi isə amansızcasına qətlə yetirilməkdən xilas olmaq üçün öz tarixi və doğma yurdlarını tərk etməyə məcbur oldular.

 

1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif probleminə münasibət dəyişdi. Ermənistan İnqilab Komitəsi 6 dekabr 1920-ci ildə bütün məktəblərin dövlət ixtiyarına keçməsi, təhsilin ana dilində aparılması haqqında dekret imzaladı. 1921-ci il dekabr ayının 17-də Ermənistan Xalq Maarif Komissarlığının (EXMK) verdiyi əmrə əsasən, köhnə tipli məktəblər ləğv olunaraq, məzmunca yeni tipli Sovet məktəblərinin təşkilinə başlanıldı. Yeni tipli məktəblərin təşkili ilə əlaqədar olaraq 1921-ci il aprel ayının 23-də EXMK-nin verdiyi əmrdə göstərilirdi ki, respublikada yaşayan azərbaycanlılar öz ana dillərində təhsil ala bilərlər.

 

Beləliklə, Azərbaycan məktəblərinin yeni məzmunda təşkili istiqamətində ilk addımları atılaraq, birillik, ikiillik və xüsusi məktəblər ləğv edildi. Yeni tipli məktəblər təşkil olunaraq fəaliyyətə başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra İrəvanda və eləcə də azərbaycanlılar yaşayan bütün bölgələrdə doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına səbəb oldu.

 

Azərbaycanlı şagirdlərin sayının sürətlə artmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə erməni daşnaklarının zülmü nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş soydaşlarımızın Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra bir qisminin yenidən öz vətənlərinə dönməsi ilə bağlı idi.

 

Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi və idarə edilməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artması müəllim kadrlarına olan tələbatı daha da artırırdı.

 

Azərbaycanlı ziyalılar tərəfindən milli məktəblərimiz üçün pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması ideyası 30 yanvar 1922-ci ildə EK(b) P-nin birinci qurulta-yında qaldırılsa da, onların tələblərinə məhəl qoyulmamışdı.

 

Amma buna baxmayaraq, Azərbaycan məktəbləri üçün müəllim çatışmazlığı problemini həll etmək məsələsi yenə gündəlikdə qalırdı. Azərbaycan məktəbləri üçün pedaqoji kadrların hazırlanması məsələsi Ermənistan Kommunist Partiyasının 1923-il martın 29-da keçirilən ikinci qurultayında yenidən qaldırılsa da, yenə də öz həllini tapmadı. Qurultayda Ermənistanın şovinist dairələri və eləcə də Xalq Maarif Komissarı A.Mravyan, Azərbaycan məktəblərini müəllim kadrları ilə təmin etmək üçün Azərbaycandan pedaqoji kadrların dəvət olunmasını daha məqsədəuyğun hesab edirdi. Ermənistanın şovinist dairələri Azərbaycan məktəbləri üçün yerli kadrların hazırlanması məsələsini müxtəlif vasitələrlə əngəlləyirdilər. Burada bolşevik cildinə bürünmüş erməni daşnaklarının ən iyrənc məqsədləri azərbaycanlıların savadlanmasının, mədəni tərəqqisinin və gələcək perspektivlərinin qarşısını hər vasitə ilə almaq idi. Azərbaycan məktəblərini pedaqoji kadrlarla təmin etmək üçün 1923-cü ilin ortalarında Azərbaycandan müxtəlif ixtisaslar üzrə müəllim kadrlar dəvət edilərək İrəvana və azərbaycanlılar yaşayan bölgələrə pedaqoji fəaliyyət göstərməyə göndərilirdilər. Əsl erməni xisləti Azərbaycan məktəblərində dərs deyən həmin müəllimlərə dözülməz şərait yaratdığı üçün onlar maddi və mənəvi sıxıntılara dözə bilməyib Ermənistanı tərk etməyə məcbur olurdular.

 

Azərbaycan məktəblərində pedaqoji kadrlara olan ehtiyacı, qismən də olsa, aradan qaldırmaq üçün 1922-ci ildə EXMK-nın nəzdində yaradılmış Azsaylı xalqlar şöbəsinin müdiri Mehdi Kazımovun səyi nəticəsində 1923-cü ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edilmişdi. Bu hazırlıq kursunda Azərbaycan məktəbləri üçün 60-dan artıq müəllim hazırlanmışdı. Bundan başqa, Uluxanlıda, Vedidə, Basarkeçərdə, Zəngəzurda, Ağbabada və azərbaycanlılar yaşayan müxtəlif bölgələrdə də hazırlıq kursları təşkil edilmişdi. Bir çox pedaqoji kadrlar məhz belə kurslarda təhsil almaqla püxtələşmişdi. 1923-cü ilin sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı ilə qədər 143 müəllim hazırlanmışdı ki, bunlardan da 6 nəfəri qadın idi. Bu kursların təşkilində İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin aparıcı nümayəndələrindən olan Bala Əfəndiyevin, Mehdi Kazımovun, Mustafa Hüseynovun və başqalarının böyük rolu olmuşdur.

 

Müəllim çatışmazlığı problemini, qismən də olsa, aradan qaldırmaq üçün Azərbaycan Xalq Maarif Komissarlığının razılığı əsasında İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə isə 38 nəfər pedaqoji təhsil almaq üçün müxtəlif ali təhsil müəssisələrinə göndərilmişdi. Zəhra Abbasova, Tacirə Bağırova kimi gənclər Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra İrəvana qayıdaraq maarifin inkişafına öz töhfələrini verirdilər.

Bütün bunlara baxmayaraq, görülən bu tədbirlər müəllim kadrlara olan tələbatı ödəyə bilmirdi. Ermənistanın şovinist dairələri Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan müstəqil tədris müəssisəsinin açılmasını istəmir, Erməni Pedaqoji Texnikumunun nəzdində Azərbaycan şöbəsinin açılmasını istəyirdilər. Müəllim çatışmazlığı probleminin aradan qaldırılması işini qaydaya salmaq üçün yerli kadrlar hazırlayan təhsil müəssisənin yaradılmasının təxirəsalınmaz tələbat olduğunu aydın dərk edən EK(b)PMK-nin nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, EXMK-nın "Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı.

 

Beləliklə, İrəvan Türk Pedaqoji Texnikumunun açılması ilə Azərbaycan məktəblərində müəllim kadrlara olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım atıldı.

 

Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda məlum olur ki, Mehdi Kazımov direktor və rus dili müəllimi, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev təbiət müəllimi, Kərim Məhərrəmov isə texniki işlər üzrə köməkçi kimi fəaliyyət göstərmişlər.

Bu təhsil ocağı 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu adlandırıldı.

 

Araşdırmalardan məlum olur ki, İrəvanda bütün Azərbaycan məktəblərində olan problemlər bu texnikumda da mövcud idi. Erməni pedaqoji texnikumunun binasında fəaliyyət göstərən bu maarif ocağı 30 nəfər tələbəni əhatə edən darısqal bir sinif və iki yataq otağından ibarət idi. Məlumdur ki, hər hansı bir təhsil müəssisəsinin normal və ahəngdar fəaliyyət göstərməsi üçün ilk növbədə onun müstəqil bina ilə təmin edilməsi, maddi-texniki bazasının yaradılması, tədris prosesi üçün əlverişli şəraitin olması vacib şərtdir. Yeni təşkil olunmuş İrəvan Türk Pedaqoji Texnikumunun tamamilə əlverişsiz və dözülməz bir şəraitdə fəaliyyət göstərməsi, dərslik və dərs vəsaitləri, tədris proqramları, laboratoriyalar, fənn kabinələri, yataqxana, yeməkxana və s. avadanlıqlarla təchiz edilməməsi, sözsüz ki, bu təhsil ocağının normal fəaliyyətini əngəlləyirdi.

 

Ermənistanın "bolşevik" cildinə bürünmüş hakimiyyət orqanları nəinki texnikumda, eləcə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və çatışmazlıqların aradan qaldırılması üçün heç bir səy göstərmirdi. Erməni şovinistlərinin bütün sahələrdə azərbaycanlılara qarşı yürütdüyü qərəzli və ayrı-seçkilik siyasəti maarif sahəsində də özünü qabarıq şəkildə göstərirdi. Pedaqoji texnikumda ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına və s. ləvazimatlara böyük ehtiyac olduğu halda Ermənistan Xalq Maarif Komissarlığı bu tələbatı ödəmək istəmirdi. Demək olar ki, Ermənistanın Xalq Maarif Komissarı Aşot Hovanesyanın 1920-ci il 17 dekabr tarixdə verdiyi əmrdə təhsilin ana dilində aparılması, məktəblərin dövlət ixtiyarına keçərək pulsuz olması, yeni tipli Sovet məktəblərinin zəhmətkeş balalarının üzünə açıq olması - bütün bunlar hamısı ilk növbədə ermənilər üçün nəzərdə tutulurdu.

 

1925-ci ildə hazırlıq kursuna 25 nəfər tələbə qəbul olunmuşdu ki, onlar da 1926-cı ilin əvvəlində həmin kursu bitirdikdən sonra yerlərdə pedaqoji fəaliyyət göstərirdilər.

 

Sovet Ermənistanının daşnak hakimiyyəti erməni pedaqoji texnikumunu müstəqil bina ilə təmin etdiyi, hərtərəfli diqqət və qayğı göstərdiyi halda, Türk pedaqoji texnikumu isə bu qayğılardan məhrum idi. Bu ayrı-seçkilik siyasəti bir tərəfdən Ermənistanda "Sovet hakimiyyəti"nin öz spesifik xüsusiyyətlərinə malik olduğunu göstərirdisə, digər tərəfdən də erməni kommunistlərinin sözdə bir, əməldə tamamilə əks prinsiplərdən çıxış etməsində özünü büruzə verirdi. Çünki başqa respublikalardan fərqli olaraq, Ermənistanda sosial mühitin, partiya həyatının, milli siyasətin iki: birincisi - görünən, ikincisi - görünməyən tərəfi var idi.

 

Görünən tərəf - "proletar beynəlmiləlçiliyi", "bolşevizm ideyalarının həyata keçirilməsi", görünməyən tərəf isə rəsmi Ermənistan rəhbərliyinin gizli surətdə həyata keçirdiyi şovinist və antitürk siyasəti idi.

 

Varlığının ilk günlərindən Türk Pedaqoji Texnikumu çox böyük çətinliklərlə üz-üzə qalmışdı.

 

Yuxarıda qeyd etdiyimiz kimi, milli maarifimizin inkişafını hər vasitə ilə əngəlləməyə çalışan erməni şovinistlərinin burada da məkrli məqsədlərindən biri gələcəkdə Türk pedaqoji texnikumunun fəaliyyətinin dayandırılmasına zəmin hazırlamaqdan ibarət idi.

 

Amma bütün bu çətinliklərə və ciddi maneələrə baxmayaraq, yeni təşkil olunmuş texnikumun möhkəmləndirilməsi, fəaliyyətinin canlandırılması, müəllim və tələbə kontingentinin formalaşdırılması, tədrisin təşkili və s. həlli vacib olan məsələlər qeyrətli ziyalılarımızın - "Azsaylı xalqlar şöbəsi"nin müdiri B.Əfəndiyevin, texnikumun direktoru M.Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru M.Hüseynovun və başqalarının qarşısında duran ən mühüm məsələ idi.

 

Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda pedaqoji heyətin, tədrisin təşkili və s. sahələrdə müəyyən irəliləyişin olduğu məlum olur. Qısa zaman ərzində bu maarif ocağının ətrafına Əşrəf Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev kimi ziyalılar toplaşmağa başladı. Qeyd etmək lazımdır ki, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev ilk əmək fəaliyyətinə bu texnikumda başlamışdır. O, 1926-27-ci illərdə bu təhsil ocağında kimya-biologiya fənnini tədris etmişdir. Həmin dövrlərdə görkəmli alim-pedaqoq Lətif Hüseynzadə də bir müddət texnikumda müəllim kimi fəaliyyət göstərmişdir.

 

Onu da qeyd etmək lazımdır ki, Türk Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda, İrəvanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənəti-nin inkişafı və formalaşması üçün də böyük rol oynayırdı.

 

1918-20-ci illərdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə soyqırımına məruz qalması İrəvan ədəbi-mədəni mühitinin tənəzzülə uğramasına səbəb oldu. Ədəbi-mədəni mühitin görkəmli nümayəndələrinin bir qismi məhv edilmiş, bir qismi isə amansızcasına qətlə yetirilməkdən xilas olmaq üçün Türkiyə, İran, Azərbaycan, Orta Asiyaya və başqa ölkələrlə üz tutmuşdular. Bununla da İrəvanda yaşlı nəslə mənsub ziyalı qalmadığından nəsillər arasında sələf-xələf münasibətləri tamamilə pozulmuşdu. Şübhəsiz, bütün bunlar İrəvan ədəbi məktəbinin yaradıcı potensialına təsir etməyə bilməzdi.

 

Ümumiyyətlə, inqilabdan sonra İrəvanda Azərbaycan əbədi-mədəni mühitinin canlanması, inkişafı və formalaşmasında Türk pedaqoji texnikumunun müəllim və tələbə kollektivi-nin müstəsna xidmətləri olmuşdur. Belə ki, İrəvanda Azərbaycan dilində yeganə mətbuat orqanı olan "Zəngi" (1924) qəzetinin azərbaycanlılar arasında yayılmasında və tirajının artırılmasında, yeni türk əlifbasının tətbiqində və təbliğində, savadsızlığın aradan qaldırılmasında texnikumun müəllim və tələbə heyəti çox böyük rol oynamışdı. "Zəngi" qəzetinin ən aktiv müxbirləri və təbliğatçıları da məhz bu təhsil ocağının müəllim və tələbələri idi. Tağı Camalov, Mehdi Bəşirov, Rüstəm Tağıyev, Nəriman Fəxri, Telman Nəzərli, Yunis Tağıyev, Qasım Əliyev, Əbilfət İbrahim, Əliqulu Səlimov, Abbas Tahir, Əbülfət Rəhimov, Adil Axundov, Musa Qafarov, Nurəli Qurbanov, Şamo Hətəmov, Nəzər Paşayev, Məmməd Paşayev və başqaları "Zəngi" qəzetinin ən fəal müxbirləri idi.

 

1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində təşkil olunmuş Azərbaycan bölməsinin canlandırılması və genişləndirilməsində də bu tədris ocağının böyük xidmətləri olmuşdur.

 

1929-cu ilin iyun ayında texnikumun ilk buraxılışı oldu. 1926-cı ildə qəbul olunmuş 32 nəfər tələbədən 20 nəfəri texnikumu bitirməyə müvəffəq ola bilmişdi ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qızlar idi. Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, tələbələrdən 3 nəfəri təhsil aldığı müddətdə ağır və yoluxucu xəstəliyə tutularaq dünyasını dəyişmiş, 9 nəfəri isə müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyaraq texnikumu tərk etməyə məcbur olmuşdu.

 

Texnikumun ilk məzunları arasında Əmir Abasquluyevi, Adil Axundovu, Nəriman Əliyevi, Paşa Makinskini, Əbülfət İbrahimi, İmanqulu Kərimovu, Nəriman Fəxrini, Rübabə Bağırbəyovanı, Nəsir Əliyevi, Musa Qafarovu, Əbülfət Rəhimovu, Tağı Bağırovu, Nəzər Paşayevi, Mirzə Bəşirovu göstərmək olar.

 

Azərbaycan elminin görkəmli nümayəndələrindən akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəriman Əliyev, Yusif Yusifov, Nəzər Paşayev, Fərhad Fərhadov, Əli Fərəcov, Süleyman Məmmədov, Abbas İsmayılov, Qurban Bayramov, Həmid Əliyev, Cəfər Cəfərov, yazıçı və icitmai xadim Məhərrəm Bayramov, f.e.n. Həmid Əfəndiyev, f.r.e.n. dosent Qasım Mustafayev, f.e.n. Sabir Səfərov, p.e.n.dos. Nəriman Kazımov, şair Abbas Tahir, əməkdar rəssam Cabbar Quliyev, hüquq elmləri namizədi Nəriman Yusifov, filologiya elmləri namizədi, uzun müddət "Azərbaycan məktəbi" jurnalının baş redaktoru olmuş Zəhra Əliyeva, filologiya elmləri namizədi, dosent Kövsər Tarverdiyeva, ictimai xadim Həbib Həsənov, ictimai xadim Qəşəm Aslanov, qabaqcıl təhsil işçiləri Tapdıq Əmiraslanov, Cumayıl Mərdanov, Məmmədəli Məhərrəmov əməkdar müəllim Şəfiqə Məhərrəmova və bir çox başqaları bu məktəbin məzunları olmuşlar.

 

Bütün bunlara baxmayaraq, 1930-cu ildə ümumi icbari təhsilin tətbiq edilməsi istər məktəblərin, istərsə də orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Belə ki, Qərbi Azərbaycanda 1922/23-cü tədris ilində 36, 1924-cü ildə 62 Azərbaycan məktəbi fəaliyyət göstərirdisə, 1929/1930-cu tədris ilində bu məktəblərin sayı 112, 1931-ci ildə isə 245-ə çatmışdı ki, bunlardan da 45-i İrəvan qəzasında idi. Həmin məktəblərin idarə edilməsi, müəllim kadrları ilə təmin olunması günün ən vacib məsələlərindən idi. Çünki pedaqoji texnikumun ildə 20-30 nəfər məzun buraxması milli məktəblərimizin müəllim kadrlara olan tələbatını tam ödəyə bilmirdi. Müəllim çatışmazlığı üzündən bölgələrdəki bir çox məktəblər ikiaylıq, üçaylıq hazırlıq kurslarında təhsil almış şəxslərin ümidinə qalmışdı. Müəllim kadrlar çatışmadığından pedaqoji texnikumun tələbələri növbə ilə İrəvan qəzasında fəaliyyət göstərən 1-ci dərəcəli türk məktəblərində, kəndli evində, qadınlar klubunda müəllim kimi fəaliyyət göstərirdilər. Azərbaycan məktəblərində müəllim kadrlara olan ehtiyacı, qismən də olsa, aradan qaldırmaq üçün hətta İrəvan 9 illik türk məktəbini bitirənləri müəllim kimi işləməyə göndərirdilər.

 

Amma bütün bunlara baxmayaraq, Azərbaycan məktəblərində müəllim kadrlara böyük tələbat olduğu halda, yüzlərlə azərbaycanlı müəllim və tələbələrə "bəy", "xan", "mülkədar", "qolçomaq", "kulak", "mövhumatçı", "millətçi" və s. damğası vu-rulur və onlar təhsil müəssisələrindən xaric edilirdilər. "Təmizləmə komissiyası" adlandırılan yoxlama zamanı "ictimai mənşəyi təşkilata uyğun gəlmir" adı ilə texnikumun tələbələri Mikayıl Əliyev, Fəraməz Kazımbəyov, Xəlil Əfəndiyev, Ələkbər Həsənzadə, Fərhad Əsgərov, Tərifə İsmixanova, Əli Xəlilov, Məhəmməd Rzayev, Məhərrəm Xəlilov, Əkbər Cabbar Hacı Həsənoğlu, Qədimalı Vəliyev, Ənvər Qazıyev, Ağayar Həsənov, Məmmədəli Əsədov, Oruc Şumalov, Fərman Kazımov, Ziyad Şərifov və başqaları "kulak" kimi "aşkar olunaraq" texnikumdan xaric edilmişdilər. Azərbaycanlı ziyalılar nəinki repressiyaya, həmçinin, fiziki terrora da məruz qalırdılar.

 

Belə ki, erməni şovinizmi əhatəsində qarşılaşdığı bütün çətinliklərə, maneələrə baxmayaraq, Türk pedaqoji texnikumu təhsil sistemində öz uğurları ilə mövqeyini daha da möhkəmləndirə bilmişdi. Bu texnikum Cənubi Qafqazda ali məktəb səviyyəsində böyük uğur qazana bilmişdi. İrəvan Türk Pedaqoji Texnikumu 1934-cü ildə Ümumittifaq texnikumları yarışında birincilik qazanaraq 7000 manat məbləğində pul mükafatına layiq görülmüşdü.

 

1934-cü illərdə pedaqoji texnikumda Azərbaycan dili və ədəbiyyatından Nəsib Əfəndiyev, Müzəffər Nəsirli, Abbas Azəri, tarixdən - Nəzər Paşayev, pedaqogika və psixologiyadan Tacirə Bağırova, Zəhra Abbasova, fızika və riyaziyyatdan Məmməd Həsənov və Kərəm Abbasov kimi işıqlı simalar dərs deyirdilər.

 

Texnikumda yüksək səviyyəli alitəhsilli pedaqoqların olması tədrisin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olmuşdu.

 

Texnikumun məzunu olmuş görkəmli alim, akademik Budaq Budaqov milli pedaqoji kadrların hazırlanması işində böyük xidmətləri olmuş bu təhsil ocağı haqqında yazır: "İrəvan Pedaqoji məktəbi oraya toplanmış müəllimlərin pedaqoji ustalığı, ensiklopedik biliyi və hazırlanan kadrların savadının pedaqoji məktəb səviyyəsindən universitet tələbələri səviyyəsinədək qaldırılması bu məktəbə haqlı şərəf, şöhrət, nüfuz gətirmişdi. İrəvan Pedaqoji məktəbinə daxil olmaq ən yüksək müsabiqəli ali məktəbə qəbuldan çətin idi. Məktəbdə olan daxili intizam, yığcamlıq, yüksək təhsil vermək ənənəsi, yaxşı oxuyanların hörmətini layiq olduğu səviyyəyə qaldırmaq bizi valeh edirdi".

 

Tərcüməçi-publisist Zahid Əhmədov pedaqoji texnikum haqqında yazırdı: "O vaxtlar bu məktəbə qəbul olmaq istəyənlərin sayı qədərindən çox idi. Odur ki, burada ancaq yaxşıların yaxşısı oxuya bilərdi. Məktəb mahalda öz ənənələri, müəllim kollektivi və yetişdirmələri ilə sayılıb-seçilən təhsil ocaqlarından biri idi".

 

1935-ci ildə Məmməd Səid Ordubadi, Mikayıl Müşfıq, Mehdi Hüseyn və başqa-larından ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən Pedaqoji Texnikumun müəllim və tələbə kollektivi ilə görüş keçirmişlər. M.S.Ordubadi texnikumun müəllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Türk Pedaqoji Texnikumu bizdə böyük intibahlar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun canlı şahidi olduq".

 

Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları - Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Əbülhəsən, Nigar Rəfibəyli, Mikayıl Rəfili, Vəli Xuluflu, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olmuşlar.

İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi yarandığı gündən 1947-ci ilin ortalarına qədər 1370 nəfər orta ixtisas təhsilli pedaqoji kadr hazırlamışdı.

Pedaqoji məktəbin fəaliyyətini ardıcıl izlədikdə aydın olur ki, müxtəlif vaxtlarda bu təhsil ocağına rəhbərlik etmiş Mehdi Kazımovun, Bəhlul Yusifovun, Həbib Məhəmmədzadənin, Əsgər Cəfərovun və məktəbin müəllimlərindən Məmməd Həsənovun, Əyyub Babayevin, Rəziyyə İsmayılovanın, Sadiq Heydərzadənin, Zərri Qurbanovanın, Təvəkkül Kərimovun, Həbib Əkbərovun, Hüseyn Əliyevin, Cəfər Ələkbərovun, Şura Fərhadovanın, Surə Babayevanın, Raziyə Abdullayevanın və başqalarının fədakar əməyi sayəsində tələbələrin yüksək təhsil səviyyəsi təmin edilirdi.

 

1949-cu ilə qədər fəaliyyət göstərən İrəvan Türk Pedaqoji məktəbi təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda, Qərbi Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, formalaşmasında və qorunmasında çox böyük rol oynamışdır. Bolşevik cildinə bürünmüş erməni daşnaklarının məkrli siyasəti nəticəsində təhsil tariximizin ən şanlı sə-hifələrindən birini təşkil edən böyük, şərəfli tarixi bir yol keçmiş bu təhsil ocağı da kollektiv şəkildə deportasiyaya məruz qoyularaq 1949-cu ildə Azərbaycanın Xanlar rayonuna köçürülmüş, 1972-ci ilə qədər orada fəaliyyət göstərmişdir.

 

Onu da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin 30 avqust 2006-cı ildə İrəvan Azərbaycan Dram Teatrının 125 illik yubileyinin, 29 dekabr 2006-cı ildə İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən, Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı İrəvan, Göyçə, Zəngəzur və digər qədim yurd yerlərimizlə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi toponimlərimizlə bağlı ortaya qoyduğu konkret faktlar, "Qeqarkunik yox - Göyçə", "Vardenis yox - Basarkeçər", "Yerasx yox - Arazdəyən", "Sünik yox - Zəngəzur", "Tavuş yox - Dilican", "Vayoçdzor yox -Dərələyəz", "Lori yox - Dağ Borçalı", "Ararat yox - Zəngibasar" deyil deyə bildirməsi bir daha təsdiq edir ki, tarixin danılmaz və inkaredilməz həqiqətlərini, milli-mənəvi dəyərlərimizi heç vaxt unutmamalıyıq.

 

Əziz oxucu! Hesab edirik ki, 140 il bundan əvvəl qədim Azərbaycan torpağı olan İrəvan şəhərində fəaliyyətə başlamış Müəllimlər Seminariyasının - təhsil tariximizin şərəfli səhifələrindən birini təşkil edən bu maarif ocağının - tarixinin öyrənilməsi, bununla əlaqədar konfransların, dəyirmi masaların, bir sıra tədbirlərin keçirilməsi təhsil tariximizə faydalı olardı. Milli maarifimizin inkişafında böyük xidmətləri olan, təhsil tariximizə parlaq səhifələr yazmış bu qocaman maarif ocağının ziyası hələ neçə yüz illər bundan sonra da parlayacaqdır.

 

 

Misir Mərdanov

AMEA-nın müxbir üzvü, professor

 

Cəlal Allahverdiyev

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 28 avqust.- S.8-9;14;15