Hacı Zeynalabdin Tağıyev nümunəsi: Xeyriyyəçilik missiyası

 

 

Müstəqilliyimizi bərpa etdikdən sonra xeyriyyəçilikdən danışarkən, bu adı tez-tez xatırlayır, yada salırıq. UNESCO xeyriyyəçilik fəaliyyətinə görə, 2022-ci ildə onun adını xeyirxah insanlar kimi əbədiləşdirib. Anadan olmasının 200 illiyi ilə əlaqədar geniş miqyasda qeyd olunması gözlənilir.

1920-ci ilin Aprel çevrilişindən sonra, 70 ilə yaxın bir müddətdə varlı olduğuna, zəngin yaşadığına görə qınanılan Hacı Zeynalabdin Tağıyev kim idi? Torpağından neft çıxdığına görə birdən-birə varlanmış kasıb bir azərbaycanlı! O, bu sərvətə görə kimlərisə istismar etmiş, dövlətın əmlakına kəm baxmışdı. Əksinə, əlinə düşən bu sərvətdən xalqına gün ağlamış, savadsız həmvətənlərini maarifləndirib, müasir xalqlar sırasına çıxartmaq istəmişdi, onlarla qəzet jurnalların nəşrini maliyyələşdirmiş, qızlar üçün məktəblər, fabriklər tikdirmişdi.

XX əsrin əvvəllərində 1905-ci ildə Mustafa Bəy Əlibəyovun yazdığı "Abşeron neft cəzirəsi" publisistik əsərində oxuyuruq: "Özgə tayfalardan Bakuyə boş əllə gəlib neft işlərinə qarışmaqdan sahibi-milyon olan çoxdur, lakin müsəlmanlardan özü bakılılardan neft işinə qarışıb öz zəhməti ilə dövlət sahibi olanlar ancaq Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağamusa Nağıyev Murtuza Muxtarov cənablarıdır. Bu dörd nəfər adları zikr olunan müsəlmanlar mötəbəratının rəhmətlik ata-babalarından bir dövlət onlara irs qalmadığı halda bu cənablar neft işlərinə qarışıb cəmi qeyri-millətlərin şərakətlərilə, neftçiləri ilə tüfəngsiz, qoçusuz, gecə gündüz elm iqtisad təmini-həyat dəvası edib, nəhayət öz zəhmətlərinin sayəsində milyonlar sahibi olmuşlar. öz qazandıqları dövlətdən insaniyyət islamiyyət aləminə mümkün qədərincə yardımlar etmişlər". Zeynalabdin Tağıyev digər zənginlərimiz haqqında bu sözlər 1905-ci ildə yazılmışdı.

O, milyonlarını xalqdan gizlədib xarici banklarda saxlamırdı. Hətta, aprel çevrilişindən əvvəl zəmanənin qarışıq olduğunu görüb vətənini tərk etmək fikrinə düşməmişdi, 101 yaşında doğma torpağında -  Mərdəkandakı bağ evində dünyasını dəyişmişdi. Ancaq onun ağlına belə gəlməzdi ki, neft sərvətindən qazandığı halal pulları səxavətlə, ağılla xalqı ilə bölüşən bir insanın həyat yoldaşını övladlarını yeni Sovet quruluşu zəlil edib, sözün həqiqi mənasında yollara salacaq.

Mən 1970-ci illərdə bu mesenatın övladı Sara xanımı işlədiyim "Elm həyat" jurnalının redaksiyasında bir neçə dəfə görmüşdüm. O zaman redaksiyaya gələn müəlliflərdən nimdaş geyimi, pərişan, ağarmış saçları, əlindəki iri, qara portfeli ilə seçilən bu yaşlı qadını redaksiyamızın yaşlı əməkdaşları, xüsusilə humanitar elmlər şöbəsinin müdiri Zahid Zeynallı, həmişə hörmətlə, ehtiramla qarşılayar, bizlərə onu Hacı Zeynalabdin Tağıyevin qızı kimi təqdim edər baş redaktorumuz Rza Şahvələdin otağına aparardı.

Dünyagörmüş Rza Şahvələd isə yazı masasının arxasından qalxıb onu qarşılayar, hörmətlə kabinetdəki iri masanın ətrafındakı stullardan birində əyləşdirərdi. Katibəyə Sara xanım üçün çay gətirməyi tapşırardı. Sara xanımsa bu mehriban münasibətdən qəhərlənər, asta-asta armudu stəkandakı çaydan içəndən sonra, köhnəlmiş qara portfelindən müxtəlif sənədləri masanın üstünə sərgiləyib məlul-məlul baş redaktorumuzun üzünə baxardı. Rza Şahvələd bu sənədlərə diqqətlə baxar, münasibətini bildirərdi. Vəssəlam.

 

Axı onda 1960-cı illər, Sara xanım isə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin az qala səfil həyatı keçirən qızı idi. Atasının əsrin əvvəllərindəki xeyriyyəçilik fəaliyyətini sanki ətrafındakılar tamam unutmuşdular. Sara xanım həmin Zeynalabdin Tağıyevin qızı idi ki, hələ 1872-ci ildə Bakıda çörək qıtlığı zamanı, Bakı çörəksiz qalanda atası Zeynal Tağıyev Bakı qubernatoru M.R.Kolyubakinin yanına gedib Bakıda ucuz qiymətə kasıblara çörək satan dükanların açılmasını təklif etmişdi. Qubernator da onun bu təklifini məmnuniyyətlə qəbul etmişdi. Onun bu xeyriyyəçiliyi haqqında 1872-ci ildə Bakıda nəşr olunan "Bakinski listok" qəzetində oxuyuruq: "Qubernator M.R.Kolyubakinin yanına Bakı sakini, müsəlman Zeynal Tağıyev gəldi təklif etdi ki, şəhərdə ucuz qiymətə kasıblara çörək satan dükanlar açılsın, təklif əlbəttə ki, qəbul edildi; təcili başqa şəhərlərə çörək almaq üçün adamlar göndərildi. Bakının mərkəzində dükan tikildi... 4 ay - noyabr, dekabr, yanvar, fevral aylarına qədər ucuz çörək satışı davam etdi. Bədbəxtlikdən Bakı qubernatoru xəstələnib öldü Tağıyevin düşmənlərinin əlinə girəvə düşdü, onlar bu arzuolunmaz rəqiblərinə quyu qazdılar.  Halbuki Tağıyevin aldırdığı çörək (ucuz qiymətə satdırdığı - Ü.H.) elə həmin yerli istehsalçıların anbarlarına yığılıb satılırdı. Söyləyirdilər ki, şəhərdəki yüksək nüfuzlu, sözükeçən müsəlman olmayan birisi Tağıyevin düşmənlərinin tərəfini saxlayıb, hətta, bazarda hamının yanında ona qışqırıb ki, dayan, bambılı, sənin dükanını gör necə dağıdacağıq. Bir tərəfdən minlərlə təhqir, xoşagəlməz hadisələr, digər tərəfdən cəmiyyətin biganəliyi Tağıyevin iradəsini sındırdı, gücünü aldı o, göz yaşları ilə dükanını dağıtdı. Bizmi onu başlatdığı işi davam etdirib axıra çatdırmağa gücü çatmadığına görə ittiham etməliyik? Ümumi fəlakət zamanı aclığın qarşısını almaq üçün biz etdik? Halbuki Zeynal Tağıyev heç yerdə təhsil almayıb, Bakıdan başqa bir yerdə olmayıb, üstəlik , müsəlmandır".

 

Daha sonra oxuyuruq: "Bahalıq, aclıq, yanğınlar digər fəlakətlər zamanı demək olar ki, hər yerdə xalqın, ölkənin bu ağır günlərində dözülməz vəziyyətdən öz mənfəətləri, qazancları üçün istifadə etməyi bacaran insanlar peyda olur, lakin onlarla bərabər həmişə öz canları, qanları ilə xalqı bu fəlakətdən qurtarmağa, yaxud heç olmasa bu dərdi bacardıqları qədər yüngülləşdirməyə cəhd edənlər olur. Qismən inkişaf edən ölkələrdə onlarla belə xeyirxah insanlar vardır, onların şərəfinə bu ölkələrdə abidələr ucaldılır, şöhrətləndirərək müqəddəslər sırasına daxil edirlər".

 

Bu sətirlərin yazıldığı vaxtdan 149 il keçir. Deməli, biz düz 149 ildən sonra, gec olsa, böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsini ucaldaraq, onun qiymətini verir müasir milyonçularımızın ondan dərs götürmələrini, dağılmış torpaqlarımızın bərpasında yaxından iştirak etmələrini arzulayırıq. Elin gözü tərəzidir. Xeyriyyəçilik heç vaxt unudulmur.

1911-ci ildə Bakıda çıxan ilk qadın qəzeti "İşıq"da Hacı Zeynalabdin Tağıyevlə bağlı Mustafa bəy Əlibəyovun iki yazısını "525-ci qəzet"in oxucularına təqdim edirəm. Qeyd edim ki, zülmət dünyasında doğrudan da parlaq bir işıq şüasına bənzəyən qəzetin baş redaktoru, dövrünün fəal ictimaiyyətçi ziyalısı, alitəhsilli həkim Xədicə Əlibəyovanın da taleyi ürəkaçan olmamış, həyat yoldaşı, hüquqşünas, publisist, dramaturq Mustafa bəy Əlibəyov 1937-ci ildə Azərbaycan SSR-nin yeni konstitusiyası layihəsinin müzakirəsi zamanı Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün həbs edilib, sürgünə göndərilmiş və sürgündə dünyasını dəyişmişdir.

Ülkər HÜSEYNOVA

525-ci qəzet.- 2021.- 4 dekabr.- S.16.