"Xalçalarımızın köməyilə tariximizi öyrənirik"

Xalçaçı-rəssam Arzu Zeynalova

 

Müsahibimiz Arzu Zeynalova xalçaçı-rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimidir. Əslən Qarabağdan, Şuşadan olan mərhum rəssam Nizami Hüseynovun qızı davamçısıdır. Deyir ki, gözünü atasının rənglər dünyasına açıb, onun emalatxanasında böyüyüb. Davamını özü danışsın:

- Qoşa qala qapısıyla üz-üzə emalatxanası vardı atamın. Özümü biləndən o emalatxanada olmuşam. Oranın özünəməxsus qoxusu, yağlı boyanın qoxusu, Qoşa qala qapısına açılan mənzərəsi, ora gəlib-gedən məşhur insanlar, sənət adamları mənimçün ayrıca maraq dolu bir dünya idi. Çox xoşbəxtəm ki, o cür atanın övladıyam. Bizim təhsilimiz, həyatımız üçün çox çalışıb, hər zaman doğru yol göstərib. Rəssamlıqda da, həyatda da ilk müəllimim atam olub. 2017-ci ildə o rəhmətə gedərkən böyük bir boşluğa düşdüm, fikirləşdim ki, onsuz həyatımı necə idarə edəcəm? Hər ikimiz müəllim olduğumuz üçün hər il "Müəllimlər Günü"ndə bir-birimizi təbrik edərdik. Təəssüf ki, atam bizi məhz "Müəllimlər Günü"ndə tərk etdi. Ondan sonra istəmirəm kimsə məni həmin gün təbrik eləsin.

Atamgil əslən Şuşadandırlar. Sovet Hakimiyyəti qurulanda Şuşada bir nömrəli uşaq evi vardı ki, o, atamın anasıgilin evi olub. O vaxtın tanınmış ailələrindən olduqlarından mövcud hakimiyyət tərəfindən mal-mülkləri əllərindən alınıb, özləri də başqa ölkələrə sürgün olunublar. Həmin ikimərtəbəli eviuşaq evi ediblər.

O dövrdə nənəm uşaqlarıyla birgə Bakıya gəlib qohumu olan məşhur rejissor Mehdi Məmmədovun evində qalıb. Dul olduğu üçün Ağdama öz əmisi oğluna ərə verilib. Biz Ağdamdan 1990-cı ildə Bakıya gəlmişik. Atam da o vaxtdan emalatxananı alıb işləyirdi. Mən həkim olmaq istəyirdim. Amma atamın tələbələrini görüb içimdə həvəs yaranırdı ki, axı mən niyə rəssam olmayım? Atama deyəndə, dedi çətin peşədir, yaxşı fikirləş.  Mənsə qərarımdan dönmədim, çox çalışdım. Hər gün çəkdiyim işi atama göstərəndə qorxurdum nəyisə bəyənməz, deyər ki, get başqa işlə məşğul ol, rəssamlıq sənlik deyil. Bunun məsuliyyətilə yanaşırdım işə. Mən rəngkarlıq düşünsəm də, atam xalçaçılığa yönəltdi. Rəssamlıq Akademiyasında bakalavr, magistrdissertantura təhsili aldım.

Dissertasiya işim Qarabağın süjetli xalçaları idi. Dörd il boyunca ölkənin, demək olar ki, bütün rayonlarında yaşayan qarabağlıların, məcburi köçkünlərin evlərini gəzib, bir-bir bu xalçaları toplayıb, tədqiq etmişəm. Sağ olsunlar ki, hər kəs çox böyük dəstək olurdu, bir-birinə xəbər verib, məni evində bu cür xalçası olan qohumlarına, tanışlarına da yönəldirdilər. Mövzum süjetli xalçalar olsa da, bəlkə ondan da çox ornamental xalçalar tapıb, fotolarını götürmüşəm.

1918-ci ildə Nuru Paşanın başçılığıyla Azərbaycanı xilas üçün gələn ordunun şərəfinə xalçaçılarımız Osmanlı paşalarını, Nuru paşanı əks etdirən xalçalar toxumuşdular. Bir konfransda bu haqda tezisimlə çıxış edərkən demişdim ki, kaş o gün olsun Qarabağ azad edilsin, yenə türklər dəstəyə gəlsin və mən də xalçaçı-rəssam kimi bu ənənəni davam etdirim. Çox şükür ki, Allah səsimi eşitdi və mən artıq onun da layihəsinə başlamışam, qismət olsun xalça kimi tamamlayacam.

Biz mövzuya başlayanda deyirdilər ki, çox dar mövzudur, Qarabağda barmaq sayı qədər süjetli xalçalar var, nədən yazacaqsan? Mən də qarabağlı olduğum üçün bilirdim ki, hansı evə getsəm, nəsə çıxacaq. Həqiqətən də belə oldu. Həddindən artıq çox xalçalar tapdım, hətta bu monoqrafiyada onun hamısını qoymadım. Çünki uzatdıqca uzanırdı.

Araşdırma işimdə ilk növbədə ən böyük dəstəkçim, yol göstərənim atam idi. Sonra elmi rəhbərim Kübra Əliyeva çox dəstək oldu, xeyli məsləhətlər verdi. Mən ona təkcə elmi rəhbər kimi yox, öyrənəcəyim mənbə kimi baxırdım. Suallarımla onu çox yorurdum (gülür). Öz şəxsi kitabxanasından məhdudiyyətsiz şəkildə istifadə etməyimə icazə verirdi. Bir də sadə qarabağlılar ki, təmənnasız şəkildə öz evlərindəki xalçaları mənlə bölüşürdülər. Yəni bu, tək mənim yox, mənim kiçik ailəmdən başlayaraq, böyük bir Azərbaycan xalqının işidir. Buna görə təşəkkürümü Azərbaycan xalqına bildirirəm.

İllərdir, bu araşdırma üçün əlimdən gələni etmişəm, kitab kimi də toplayıb, rusingilis dillərinə tərcümə etdirmişəm. Bircə bu kitabın çapı məsələsi qalıb. Çox istərdim ki, monoqrafiyamı bu işin ciddiliyini anlayan və önəmini dərk edən insanlara, qurumlara əmanət edim ki, təkcə Azərbaycanda deyil, bütün dünyada təbliğinə köməkçi olsunlar. Çünki bu, təkcə bir kitab deyil, Azərbaycanın qədim tarixinin bir əksi, sübutudur. Həmçinin, düşmənlərimizin saxtakarlığına da ən gözəl cavabdır. Mənim əlimdən bura qədəri gəldi. Sonrasına kömək edən olarsa, çox xoşbəxt olaram. Qarabağ müharibəsində ordumuz vuruşdu, torpaqlarımızı azad etdi. Mən də öz sahəmdə, gördüyüm bu işlə özümü bir əsgər, qazi kimi hiss edirəm.

- Bəs monoqrafiyaya cəlb edəcəyiniz xalçaları hansı prinsiplərlə seçirdiniz?

- Əsasən, yeni kompozisiyaları olan xalçaları daxil edirdim. Həm də fotoları keyfiyyətli olan xalçaları saldım. Elə xalçalar vardı ki, çox gözəldir, orijinaldır, amma fotosu keyfiyyətsiz alınmışdı. Məcburən bir-iki dənə onlardan da tədqiqata cəlb etdim. Onu da deyim ki, kitaba salınmayan xalçalar haqqında da ayrı-ayrı vaxtlarda məqalələr yazıb çap etdirmişəm.

- Topladığınız xalçalar hansı dövrləri əhatə edir?

- Bir neçəsi XX əsrin əvvəllərinə aiddir. Osmanlı paşalarıyla bağlı olan xalça XX əsrin 30-cu illərində toxunub. Əksər xalçalar isə 1950-60-cı illərdən sonrakı dövrə aiddir. Çünki ondan əvvələ aid xalçaların çoxu kütləvi şəkildə 1941-1945-ci illər II Dünya müharibəsi dövründə xaricə satılmışdı. Bir qismi isə I Qarabağ müharibəsi dövründə ya it-bata düşüb, ya da ermənilər tərəfindən yağmalanıb, aparılıb.

Müharibəyə qədər ermənilər bizdən xalça toxumağı öyrəniblər. Düzdür, kompozisiyanı, simvolların diliylə mətləblər ifadə etməyi heç vaxt bacara bilməzlər, çünki bu, xalq yaradıcılığıdır və genetika etibariylə bizə aiddir. Onlar isə ələ keçirdiyi qədim xalçaların bir az rəngini, ölçüsünü dəyişərək toxuyub dünyaya erməni xalçaları kimi təqdim ediblər, qondarma muzeylərində sərgiləyiblər. 2020-ci il Vətən müharibəsi zamanı onlar Şuşada saxladıqları Azərbaycan xalçalarını İrəvana apardılar. Çünki bilirdilər ki, Şuşa da əllərindən gedəcək. Səhv etmirəmsə, fevral ayında İrəvanda həmin xalçaların beynəlxalq sərgisini keçirdilər. Təəssüf ki, o xalçaların çoxu bizdə geniş şəkildə tədqiqata cəlb olunmayıb. Onların əksəriyyətinin fotoları ilk dəfə bu monoqrafiyada yer alıb və tədqiq olunub ki, kim toxuyub, hansı kənddə toxuyub, materialı nədir və sair. Bununla da sübut edilib ki, həmin xalçalar Azərbaycana məxsusdur.

- Sizin "Leyli və Məcnunun cənnətdəki toyu" adlı xalça kompozisiyanız da diqqətimi çəkmişdi. Bu mövzuya belə yanaşma tərziylə ilk dəfə idi qarşılaşırdım.

- Bəli, o, mənim magistraturada elmi işim idi. 2014-cü ildə kompozisiyası quruldu, fraqmenti toxunub akademiyaya verildi. Lakin 2019-cu ildə təzədən ikinci nüsxə kimi toxuduq. O ərəfədə mənim öz toyuma hazırlıq gedirdi. Mənim layihələrimin demək olar ki, hamısı dini-fəlsəfi mövzuda, mürəkkəb kompozisiyalardır. Onda atam mənə məsləhət gördü ki, indi heç olmasa sadə, adi toy mövzusunda kompozisiya qur. O zamanlarda da Nizaminin "Xəmsə"sini oxuyurdum. Diqqətimi çəkdi ki, Leyli və Məcnun əsərin heç bir variantında qovuşmur. Hətta deyirlər ki, onlar qovuşa bilmədikləri üçün dastan oldular. Bununla da razı deyiləm. Mənim fikrimcə, bu dünya bitmir, bunun əvvəli də vardı, sonrası da olacaq. Bu dünyanı mən həyatın çox kiçik fraqmenti kimi görürəm. Məncə, məhəbbət ancaq evlənmək, birgə yaşamaq deyil, məhəbbət ideologiyadır, sədaqətdir. "Leyli və Məcnun"da tək qadın-kişi məhəbbəti deyil, ilahi məhəbbətdir. Onların qovuşması mövzunu cılızlaşdırardı. Şair onları əbədiyyətdə qovuşdurdu. Axı inanclılar axirətə-əbədi dünyaya inanır. Poemada da bir kiçik epizod var ki, aşiqlər öləndən sonra Məcnunun dostu onları yuxuda gördüyünü, cənnətdə evləndiklərini deyir. Mən də bu boyda poemadan o fraqmenti əsas götürdüm ki, qovuşmamaq deyə bir şey yoxdur. O dünyada Allah qovuşdurur. Beləcə, öz elmi işimdə Leyli və Məcnunun cənnətdəki toyunu necə görürəmsə, elə əks etdirdim. Atam "fəlsəfi olmasın" desə də, mən yenə də fəlsəfi fikirlərimi köçürdüm.

 

- Bir xalçaçı-rəssam kimi tələbələrinizə bu sənətlə bağlı əsas məsləhətləriniz nələr olur?

- Mən onlara ilk növbədə bunu aşılayıram ki, bizim sənətimiz el sənətidir. İlk növbədə bunun məsuliyyətini hiss etsinlər. Daş kitabə necə önəmlidirsə, xalça da o dərəcədə önəm kəsb edir. Biz bu xalçalarımızın köməyi ilə həqiqətən də tariximizi öyrənirik. Xalçaları oxumağı bacarsan, onun toxucusunun düşüncələrini, ruhi əhvalını, dövrünün ən vacib hadisələrini, o dövrün insanının məişətini, ənənələrini, həyat tərzini və sair öyrənmək olar. Bu sənət də bizə çox ciddi və məsuliyyətli bir mirasdır. Atam həmişə deyirdi ki, bir şeyi mükəmməl öyrənəcəksənsə, öyrən, yoxsa, onda heç yaxın da gəlmə. Mən də tələbələrimə məhz bunu aşılayıram.

- Ailənizdə atanızın yolunu sizdən başqa davam etdirən varmı?

- Yox, təkcə mən məşğul oluram. Böyük bacımın çox gözəl qabiliyyəti vardı. Amma davam etdirmədi. İnanıram ki, davam etdirsəydi o, daha çox uğurlu olacaqdı. Nəvələrdən isə bacımın 18 yaşlı qızının marağı var, istəyir. Amma düşünürəm ki, o da bu sənətin dərinliyini hələ tam mənasıyla başa düşmür. O, daha çox müasir dövrün dəbi kimi dizayner, moda sahələriylə maraqlanır. Mənsə, arzulayardım ki, bu sənətin ciddiliyinə varsın.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 11 dekabr.- S.18.