Düşüncə döngələri  

6-cı YAZI

 

 

Həyat - bizə lazım olan hər şeyin toplusudur bəzən. Əlimizi atıb "hop" deyə götürürük, bir uduma içirik və... Və bitdi! Son! Adı da qəşəng alınır: "Yaşamaq..."

 

"Hər gün eyni..."-deyib şikayətlənənlərdən: "Bəs niyə yaşayırsan?"-deyə soruşsaq, gözlərinin içi parıldayır: "Bəlkə, sabah..."la başlayan cümlələr qururlar. Bax, o sabahdır bəzən həyat...

 

"Həyat" və "bəzən" sözlərini yan-yana qoysaq, heç vaxt son fəsli yazılmayacaq roman alınar. Amma biz başımızı aşağı salıb yaşamağımızla məşğuluq. Bəli, məhz "aşağı salıb". Çünki yuxarı qaldıranda gözümüzə göy üzü sataşır; həyat, varlığımız, əməllərimiz və daha çox şey haqqında içimizdə bitməz-tükənməz suallar qaynayır. Sonra da başlayırıq bu qaynarın odunu söndürəcək ilahi bir əl axtarmağa... Və biz buna "Yaşamaq!" demirik... "Əzab!" deyirik...

 

Hə... Həyatla qarşı-qarşıya dayananda tabloda rənglər dəyişməyə başlayır. Bertrand Russelin "Sorğulayan dənəmələr" kitabında bu dəyişkənliyin dəqiq tərifi belə verilir: "Hər birimizin içində müxtəlif ölçüdə dəli, şairaşiq mövcuddur".

 

Üzüldüyümüz birbudur ki, hansısa obraza lazım olan vaxtda bürünmək bizim əlimizdə deyil. Uyğun olmayan vaxtda dəliyə dönürük, istəmədən şair doğuluruq, ölçüb-biçmədən aşiq oluruq... "Uyğun olmayan vaxt..." Bu termini kim icad edib axı? "Dəli" ayaması qoyulan biri? Yoxsa, ona həmin ayamanı yaraşdıran cəmiyyət? Bəlkə, biz dərk etmirik, dəli, şair, yaxud aşiq olduğumuz vaxtlar bizim həyatımızın elə ən uyğun vaxtlarıdır? Amma yox... Cəmiyyət bunu bizə bağışlamaz... Bizimçün uyğun olan vaxt başqaları üçün uyğun olmayan vaxtdır- bu tərs mütənasiblik həmişə dəyişilməzdir. Biz məcburuq özümüzün "yalanını" ifşa etməyə, özümüzü lənətləməyə... Çünki bunu cəmiyyət belə istəyir... Ən tək anlarımızda belə göz yaşımıza səbəb olacaq "kimsə" mövcuddursa, vaxtın uyğunluğunu necə sübut eləmək olar?

 

"Cəmiyyət üçün qeyri-səmimilər önəmlidir, qəlbinin səsinə qulaq asanlar yox". Bunu da Fərid Hüseyn deyir. ("İntihar ilahəsi" "Ədəbiyyat qəzeti" 2020, 10 oktyabr)

 

Bəs xoşbəxtliyimiz? Burda Russel daha ilkəl qanunların işlədiyindən əmindir: "İnsanların fiziki tələbatları, ayrıca, bir də duyğuları vardır. Fiziki tələbatlar qarşılanmayıbsa; onlar öncəlikdir, amma əgər qarşılanmışlarsa, bir insanın xoşbəxt, ya da bədbəxt olmasını təyin etməkdə tələbatlarla bağlantısı olmayan duyğular önəm qazanır". Vəssalam... Gəlib çıxdıq Braziliya favelalarına. İlkin ehtiyaclarını güclə qarşılayanların yaşadığı bu bölgələrin son zamanlar "təhlükə" statistikasına daxil olma səbəblərindən danışmayacağam. Başqa bir statistika var qarşımızda: hər il minlərlə turist həyatları boyunca görmədikləri və ehtimal ki, görə bilməyəcəkləri ehtiyacın nə olduğunu anlamaq üçün favelaları görməyə gəlir...

 

Bunu ilk dəfə oxuyanda sizdə də belə bir fikir yarandımı: səydi bunlar? Tolstoyun "Anna Karenina"sını bitirənədək mən də belə deyirdim. Tolstoy isə mənə başqa şeyi başa saldı: həyati ehtiyacsızlığın ölümə bərabərliyini.

 

Fərid Hüseynin "İntihar ilahəsi" dediyi Anna sevginin əzablı labirintində azmamışdı, dərrakəli, məntiqli, aydın düşüncəli bir qadın o labirintə könüllü girmişdi və çıxışı da hamıdan yaxşı tanıyırdı. Mövzu onun ordan niyə çıxmağa çalışmaması yox, oraya niyə könüllü olaraq girməyidir. Çünki Anna ehtiyac yox, ehtiyacsızlıq çəkirdi. Onun həyatı lazım olan hər şeyin toplusu idi; "hop", vəssalam. Gənc Aleksey olmasa da, ona qəlbini açan istənilən birini sevməyə hazır idi Anna... Daha doğrusu, həyatında yeniliklərə qapı açmağa. Bu yenilik ilkin ehtiyaclar tablosundakı boşluqları doldurmaqdır insanların 80 faizində. Və onlar Annaya nisbətən, daha xoşbəxtdirlər. Başlarını aşağı salıb yaşaya bilirlər. Ən azından, "bu sabah niyə oyandım?" sualına cavabları var. Annanın bu suala cavabı yox idi və gənc sevgili, cəmiyyətə qarşı çıxmaq, sevdiyini sandığı adamdan doğulan uşağını sevməmək-bütün bunların hamısı onun üçün, sadəcə, həyatına rəng qatmaq idi. Bunların adını "yaşamaq" qoymaqla aldatmışdı özünü Anna. Əslində isə, onun həyatı Karenina soyadını götürdüyü andan-ilkəl ehtiyaclarını düşünməkdən qurtulduğu andan bitmişdi.

 

Annanın günahkarlıq duyğusuyla boğuşduğu zamanlar isə onun həyata əl uzatmasıydı. "Mənim sol ayağım"la məhşurlaşan Kristi Braun ülgüclə şah damarını kəsmək istəyəndə necə yaşamaq yanğısı çəkirdisə, Annanın ruhu da elə közərirdi. Bu közərtini külə döndərən onun mənəvi, paralel olaraq fiziki axtarışları idi. Əgər o, "sabah bunu edəcəyəm", "sabah bunu etməliyəm" kimi cümlələr qura bilsəydi, közdən nə alovlar ucalardı...  Fəriddən fərqli olaraq, Anna mənimçün "İntihar ilahəsi" yox, ehtiyacsızlığın -dolayısı ilə, mənasızlığın qurbanıdı. Hə, həyat ehtiyaclarıyla, o ehtiyacların ödənməsi üçün aparılan mübarizələrlə maraqlıdır.

 

Burda Varisin "Əzilmiş fotoşəkillər"indəki Ağanı və Şahanə Müşfiqin "İntihar" hekayəsindəki gənci xatırlayıram. Ağanın intiharı Annanın ölümündən daha şərəfli idi...

 

Şahanənin intiharı düşünən qəhrəmanının daha dəqiq səbəbləri var: "İşsizlikborclar həyatı daha da dözülməz vəziyyətə gətirdiyi anda kirayə yaşadığı evdən də çıxarılmışdı. Kimsəsiz qaldığı bu dünyada indi sığınmağa bir evi, ocağı da yoxdu. Boş yerə yaşamağın nə mənası vardı ki?!" Hekayənin sonunda isə o, yaşamağa, "öz dünəninin-dəsmal satan uşağın sabahı olmağa" qərar verir. Bəli, o, özünü yeni ehtiyacın qucağına atır-kimisə yaşatmaq üçün yaşamalı olduğuna özünü inandırır.

 

Deməli, Russel haqlıdır... Deməli, bizə yaşamaq üçün mütləq həyat qayğıları lazımdı, ehtiyac lazımdı...Və ən əsası, yaşamalarına kömək edəcəyimiz insanlar lazımdı. Nə olsun ki, Adam Hall "Casus postu" romanında deyir: "Tale bəzi yaramazların gözünün bəbəyindən öpür..." Mən Rəşad Məcidə inanmağı seçirəm: "Tanımadığımız nə qədər gözəl insanlar var..." ("Qələmsiz yazılanlar" 525.az, 22.07.2020)

 

Şəfa VƏLİ

 

525-ci qəzet.- 2021.- 16 dekabr.- S.11.