Mələyi hər kəs eşitməli”  

 

Gənc Tamaşaçılar teatrInda COVİD-19 bəlasini ifadə edən səhnə əsəri...

 

Dekabrın 20-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mələk” adlı səhnə əsərinin premyerası baş tutub.

 

Tamaşa bəzi cəhətləri ilə sənət dünyamızda bir ilkdir. Belə ki, hələ 2020-ci ildə “Koronavirus”pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə teatrın təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllülər Məktəbi, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə «Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsi elan olunmuşdu. Müsabiqədə gənc yazıçı Pərviz Seyidlinin “Mələk” pyesi qalib gəlmişdi. Teatrların fəaliyyəti bərpa edildikdən sonra gənc rejissor Ayla Osmanova əsərə quruluş verib. Əsər pandemiyanın bəşəriyyəti sürüklədiyi bəladan, ailələri düçar etdiyi faciədən bəhs edir. Anasını itirmiş gənc, gözəl Lalə sarsıntıdan, tənhalıqdan, ən əsası isə onu anbaan izləyən günah hissindən tükənib. Gözlənilməz bəla bütün dünyanı və bu dünya içərisində hər kəsi sarsıdıb. Amma bütün hallarda sənət insanları çıxılmazlıqdan, qəliz labirintlərdən xilas etmək üçündür. Bütün sualların cavabı elə tamaşaçının gözü önündə tapılır... Baş rolların ifaçıları Ramil Məmmədov və Aygün Fətullayevadır. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır. Tamaşada səslənən mahnının musiqisi və mətni Tofiq Hacıyevə, oranjmanı isə Şamxal Novruzluya aiddir.

 

Hər zaman yeniliklərə imza atan, müxtəlif yaş kateqoriyalı tamaşaçılar üçün maraqlı layihələr irəli sürən teatr bu dəfə də eşitmə və danışma məhdudiyyətli sənətsevərləri düşünüb. Belə ki, tamaşa boyu Səssiz Ünsiyyət - Jest Dilinin İnkişafına Dəstək təşkilatının jest dili təlimçisi və tərcüməçisi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva tamaşanı səhnədəcə jest dilinə tərcümə edib.

 

Teatrın mətbuat xidmətindən bildirilib ki, bundan sonrakı layihə və tamaşalarda bu təcrübədən istifadə olunacaq. Çağdaş zamanda sənət hər kəs üçün əlçatan olmalıdır.

 

Qeyd edək ki, "Mələk" tamaşasının növbəti premyerası yanvar ayına nəzərdə tutulub.

 

525-ci qəzet.- 2021.- 22 dekabr.- S.12.