Yalquzaq olmalısan

 

 

Azadlıq

 

- Haralısan? - sualı məni həmişə çaşdırıb. Özümü konkret olaraq bir məkana aid edə bilməmişəm. Bəlkə də, buna səbəb uşaq vaxtı nənəmin, anamın uzun illər yanımda İrəvandan, Çobankərədən danışması olub. Doğulduğum məkandan daha çox Qərb torpaqlarımıza can atmışam. Ora ilk dəfə gedəndə beş yaşım vardı. İrəvanın havasında, suyunda, aurasında ruhuma uyğun olan elə bir şey hiss eləmişəm ki, bunu öz şəhərimizdə duymamışdım. Hər dəfə o şəhərə yolum düşəndə: "Görən, babalarımdan hansı bu küçədən keçib? Evləri harada olub? Harda dükanları olub? Buraları tərk edən sonuncu adam kim olub bizim tayfadan?" - deyə düşünərdim. Yad, bizə aqressiv münasibət bəsləyən milləti bu şəhərə uyğunlaşdıra, yaraşdıra bilmir, onlar mənə yamaq kimi görünürdülər. Dilcan dərəsini keçib Göyçə sahili ilə gedəndə ürəyim quş ürəyi kimi çırpınardı. Əsrlər boyu burada yaşayan babalarımın qanında özünə yer edən gen yaddaşı tanış məkanda mənim də qanımda oyanaraq ruhumda bir təlatüm əmələ gətirirdi:

 

- Sən buralısan! Bu torpaqlar sənin olub bir zamanlar! Elə indi də sənindir! Qayıtmalısan! Qayıt və özünün olanı götür! Hiss edirsənmi ki, buranın görüntüləri, mikroflorası, havası, suyu, maqnit sahəsi sənə necə tanış gəlir, uyğun gəlir. Özünü necə möhtəşəm hiss edirsən! Bura Vətəndir!

 

Bu duyğu lap sonralar sırf irəvanlılardan ibarət mərasim məclisinə gedəndə daha da möhkəmləndi, iliklərimə işlədi. Tanımadığım o adamların danışığında, hərəkətlərində, bir-biri ilə hal-əhval tutmasında, üzlərinin antropoloji qurluşunda, gözlərinin ifadəsində o qədər ruha yaxınlıq, doğmalıq, ürəyimə yatan, tanış və məhrəm bir doğmalıq, uyğunluq vardı ki, onlardan mənə top halında elə güclü bir enerji axıb gəldi ki, məclis bitənəcən bu möcüzəni hiss etdim və inandım ki, mən iliyiməcən irəvanlıyam. Amma bu o demək deyildi ki, başqa bölgələrimiz mənim üçün yaddır. Vətənimin hər qarışı canımdan əzizdir və bu, birmənalı şəkildə həmişə belə olub. İnsan yaradılışdan necədirsə, eləcə qalır. Altıncı sinfi bitirən vaxtı - iyunda boğaz ağrısından on gün xəstəxanada müalicə olundum. Müalicəm bitən günü zəng vurub evə demədim, çantamı yığıb azadlığa çıxdım. Avtobusla gəldim. Universitetin yerləşdiyi təpəlikdən məhləyə, uzaqlara - Ağrı dağına sarı, Duzdağdan o yana damar kimi uzanıb gedən, bir ucu İrəvana calanan yolun sağındakı təpələrin mavi, qırmızımtıl, boz, göy, sarı laylı görünüşünün möhtəşəmliyinə, cənub tərəfdə Araza dəyənə qədər uzanan çöllüyə, Arazadan o tərəfə - bizim cənub dağlarına, qarşımda hər naxışına bələd olduğum xalı kimi açılan doğma məskənimizə baxdım, ürəyim əsdi, əyilib torpağı öpdüm. On günün ayrılığı məni torpağa səcdəyə endirdi. Həm də göz uzaqlara və bu qədər gözəlliklərə baxanda ürəyin nəğməsi, ruhun etiqadı başlanır.

 

Hərbçilər, xüsusi tapşırığı olan məsul işçilər kimi, hər yerdə yaşamağa uyğunlaşmağı bacardım. Laçında da. Oraların vəhşi, bakirə təbiəti, doyulmaz, heyranedici mənzərələri zehnimdə, yaddaşımda, ruhumda elə dərin köklər salıbmış ki, bu uzun illəri o yerlərin bir qarışını da unuda bilmədim, ürəyim göynəyə-göynəyə elə hey xatırladım. Laçına gedənəcən Ermənistanı, Gürcüstanı çox gəzmişdim. Abxaziyada olmuşdum. Babam evi Batumda olduğu üçün İrəvandan keçən yolumuz Qara dənizin burnuna dirənirdi. Ancaq o yerlərin çoxunun təbiəti kosmetik əməliyyat etdirmiş gözəllər kimi idi, yəni antropogen müdaxilə çox idi, süni idi. Laçındakı, Şuşadakı kimi möhtəşəm, insan ayağı dəyməyən, naməhrəm gözü baxmayan, hər addımda yeni səhnələr açan rəngarəng gözəlliklər deyildi. Bəzən: "Sən Laçından deyilsən. Oraları bu qədər sevməyin nə ilə bağlıdır?" - deyə soruşan adamların məhdudluğuna təəccüblənirəm. Sonra da düşünürəm ki, bu sual vətənin nə olduğunu sözün əsl mənasında bilməyən düşüncələrdən doğar.

 

Söz vermişdim ki, Laçında gördüyüm maraqlı hadisələrdən danışacağam.

 

İldırımın düşməyini çox adam görüb. Nazik ip kimi işıqlı bir zolağın göydən-buludlardan qopub elektrik dirəklərinin başına, ağaclara sancıldığının dəfələrlə şahidi olmuşdum. Kürəvi ildırımı isə Qışlaqda - kənddə gördüm. Bazar günü bir yaşlı oğlumla evdə tək idim. Burada buludların yerlə süründüyü vaxtlar çox olurdu. Həmin gün isə zəhmli görkəmli, qaşqabağını tökən qapqara buludlar ağırlaşmış, yerlə sürünərək içindəki enerjini sanki torpaqla brləşdirmişdi. Birdən bizdən ensiz küçə ilə ayrılan məktəbin üstünə kiminsə şaqqıltı ilə daş atdığını eşitdim. Təəccübləndim. Qapıdan çıxıb məktəbə tərəf getmək istəyəndə ətrafıma tappıltı ilə yumurta boyda dolu dənələri düşməyə başladı. Özümü güclə evə çatdırdım. İlahi, bir dəqiqə keçməmiş ətrafda bir gurultu qopdu ki, qulaq tutulurdu. Kirəmid az qala deşiləcəkdi. Çox adamın pəncərələri sındı. Kəndin heyvanları ora-bura qaçıb canlarını qurtarmaq istəyir, yer tapmırdılar. Bəziləri tərk edilmiş, yarıuçmuş evlərin dəhlizinin altında daldalana bildilər. Həmin gün buzovların bir neçəsi dolunun zərbindən öldü. Bir neçə dəqiqə sonra yükünü boşaldan buludlar seyrəldi, yerdə-yurdda qalanlar ətəyini yığıb yamacla Kirsin başına süründü. Hava aydınlaşdı, daha hündürdə olan yarılmış buludların arasından günəş göründü. Elə bil bayaqkı yarımqaranlıq, təlatümlü dünya deyildi. Hələ də arabir yağış atır, küçədən, cığırlardan axan selin-suyun səsi davam edirdi. Pəncərəni açdım. Ozonla dolu hava içəri doldu. Oğlumu qucağıma alıb kəndə baxmağa başladım. Elə bu an gözümün tuşunda, qarşıdakı dərənin üstündə müxtəlif rəngləri qığılcım saçan, gur işıqlı iri bir şar əmələ gəldi. Bir neçə saniyə kos kimi fırlanan kürə bir anda böyük şüşə balon kimi partladı. Bərk qorxdum. Az keçməmiş camaatın əlində vedrə Tahirin evinə sarı qaçdığını gördüm. Solda - bizdən bir neçə ev o tərəfdə yaşayan Tahirin çovustanına ildırım düşmüş, ot alışmışdı. Yığışıb söndürdülər.

 

Həmin ilin yazında tətili öz kəndimizə getdik. Nə müddətdi ki, qara yaz yağışsız keçir, dağa məxsus iqlimdən əsər-əlamət yox idi. Tezdən oyanıb həyətə çıxdım. Hələ hava işıqlaşmamışdı. Amma bu qaranlıqda nəsə mənə qorxulu görünən vahiməli bir ovqat vardı. Dənizdə tufanqabağı şələkət də belə olur. Bir az keçmiş başlandı. Nəhəng hava kütləsi hər tərəfimizi bürüyüb meşədən gətirdiyi quru xəzəl və toz-torpağı ətrafımıza yağdırdı. Heç vaxt elə külək görməmişdim. Getdikcə tufanın şiddəti güclənir, toz dumanı və xəzəllərin qarışdığı havanın qatılığı artır, vıyıltıdan qulaq tutulurdu. Çıqqıltı ilə pəncərələrə çırpılan kiçik daş qırıqları, qum səs-küyü lap artırırdı. Hər tərəf qaranlığa qərq olmuşdu. Axşamacan beləcə əsdi. Arada gurultu ilə əsən külək səsinə qurd kimi ulayan itlərin səsi də qarışırdı. Heyvanlar tövlədə, toyuqlar hində qaldı. Gedib baxmaq mümkün olmadı. Bütün günü davam edən külək səhərəyaxın kəsdi. Səhəri gün axşam televizorda Laçının Zabux kəndində küləyin bir neçə evi dağıtdığı, hətta kərpicləri sökdüyü barədə xəbərlərə baxdıq.

 

Dağların ən qorxulu təbiət hadisələrindən biri də seldir. Yaz yağışları zamanı Səfərli çayının suyu çoxalar, sahili basardı. Mən məktəbdə olanda dörd yaşlı oğluma qonşular baxardı. Qonşu Təvəkkül dayının Səadət adlı altıncı sinidə oxuyan çox gözəl qızı vardı. Oğlumu əzizlər, yeməyini yedirər, gözündən irağa qoymazdı. Uşaq isə çox vaxt onlarda duruş gətirməz, yaşıdlarına qoşulub kəndi gəzərdi. Çayın suyunun çoxalan vaxtı oğlum dostu ilə dərəyə enir və ayağı sürüşüb çaya düşür. Onun axdığını görən Sevindik adlı altı yaşlı dostu qaçıb ensiz taxta körpünün üstünə çıxır. Su qalxdığından körpünün altına dəyirmiş. O, əlini uzadıb uşağı dartıb çıxarır. Suyu süzülə-süzülə evə gələn uşağı qucaqlayıb ürəyim boşalınca ağladım. "Erkək eşşək yanınca xotux gəzdirməz" - fikrini kim uydurub, bilmirəm. İnsan özünü niyə ulaqla müqayisə etsin axı?

 

... Xumartanın bəri üzündə adlayıb keçdiyimiz dərədən axan kiçik irmaq da gur yağış yağanda bütün dərəni basardı. Mənbəyini yuxarı obalardan götürən çay daşanda qabağına keçəni süpürləyib gətirər, bir az aşağıda daralmış dərənin ağzına qalaqlayardı. Yaz idi. Dərəyə enən cığırın ağzında dayanıb aşağıdan gələn səsə qulaq asdıq. Çayın səsinin həmişəki kimi olmadığı aydınca eşidilirdi. Ehtiyatla aşağı endik. Dərənin daralmış yerinə qalaqlanmış ağac budaqları, müxtəlif qırıntılar və selin gətirdiyi, şişib arxası üstə qalan inəkləri gördük. Əmələ gələn kiçik gölü keçmək mümkün deyildi. Ən pisi bu idi ki, əgər gölün ağzı açılsa, aşağı kəndlərdə yaşayanlar üçün təhlükə yarana bilərdi. 80-ci illərdə Kəlbəcərdə Zülfüqarlı hadisəsini xatırlayanlar var, yəqin. Geri qayıdıb yolu İrçandan saldıq və təhlükə barədə kənddə xəbərdarlıq etdik.

 

Dağın şıltaqlıqları bitməz ki. Doxsan birinci il, iyun ayının sonları idi. Axşamdan yağış çisələyir, hava da soyumuşdu. Tezdən yuxudan oyananda güclü sulu qarın yağdığını gördük. Həmin gün dağlara həm soyuq, həm də qar düşdü. Yaylaqlara qalxan sürülərin çoxu tələf oldu, hələ də aran yollarında gəlib dağa çatmayanlar ölümdən qurtardılar. Yuxarı meşələrdə yarpaqlamış ağacların qarın ağırlığına dözməyərək budaqlarının sındığını deyirdilər. Eynilə bu cür - meşədə sınan budaqların səsini səksən birinci ilin oktyabr ayında da eşitmişdim. Yarpaqlar tam tökülmədiyindən qar budaqlara qalaqlanırdı.

 

Hər il fevralın sonlarında meşədə çılpaq ağacların arasından sapsarı çiçək açmış zoğal ağacları görünərdi. "Zoğal şeytanı aldadan ağacdır", - deyirdilər. Hamıdan tez çiçək açır, bütün meyvələrdən də gec yetişir. Sonra isə alça ağacları çiçəkləyərdi. Danışırdılar ki, artıq lobyanı əkməyin vaxtıdır. Gərək alça çiçəklərinin ləçəkləri yeni əkilmiş lobya ləkinin içinə tökülsün. Uzun illər təsərrüfatla məşğul olanlar hansı bitkinin nə vaxt əkiləcəyini yaxşı bilirdilər. Bir dəfə alça çiçəkləməmiş cücərmiş lobya toxumlarını götürüb bostana endim. Üç lək düzəldib lobya əkdim və düşündüm ki, bunlar o birilərdən tez yetişər, ilkin yazda təzə lobya yeyərik. Ancaq alça çiçəkləyəndə əkdiklərim gəlib bunları ötdü, bol məhsul verdi, o üç lək lobya isə qındalıb yerində qaldı, məhsul da vermədi. Bu, mənə dərs oldu.

 

Ən böyük dərsi adama həyat verir. Mənə hərdən elə gəlirdi ki, yeni öyrəndiyim, müşahidə etdiyim, gördüyüm hər şeyi nə vaxtsa həyatda görmüşəm və təkrar yaşayıram. Bəzən düşünürdüm ki, bəlkə də, "Lövhi-məhfuzda" məni səhifələrimlə tanış ediblər dünyaya gəlməzdən. Bu düşüncələr arasında azad ruhum dinclik bilmir, o çətin yaşam tərzi olan yerlərdə hərdən özünə əylənmək üçün nəsə tapırdı. Ən böyük mənəvi gücü kitablardan alırdım. Mütaliə həyatım idi. Qışlaqda olduğumuz neçə illər ərzində bütün kitabxananı oxuyub bitirdim - elmi-texniki kitablara qədər hamısını. Hər ay yeni kitab bağlamaları gəlirdi. Ayın sonuna artıq hamısını oxuyurdum . Qışlaqda məktəbin voleybol meydançası vardı. Yuxarı sinif şagirdləri və kəndin cavanları burada voleybol oynamağı sevirdilər. Mən də vaxtım olduqca onlara qoşulur, ilk gəncliyimi yadıma salırdım. Orta məktəbdə məktəbin voleybol komandasının üzvü idim. Öz kəndimizdə isə idman meydançası məktəbdən aralı olduğu üçün belə imkan ələ düşmürdü. 90-cı ildə kənd məktəbinin bir tərəfində rus əsgərləri məskən saldılar. Guya bizi ermənilərdən qoruyurdular. O qədər əsgərin hamısı növbə ilə hər gün bir evin qonağı olurdu. Əsgərləri yedirtməyi camaatın boynuna qoymuşdular. İlk dəfə bizə gələndə hay-küylə içəri girən rus, belarus, ukraynalı əsgərlərin süfrəni, qabları görəndə necə təəccübləndiyini, susub özlərini yığışdırdıqlarını hələ də xatırlayıram. Onlar məktəbin həyətində stolüstü tennis quraşdırmış, vaxt olduqca oynayırdılar. Bir il sonra ölkəni tərk edəndə stolüstü tennisi aparmadılar, məktəbə hədiyyə etdilər. Çox sevindim. Dərslərim boş olanda, böyük tənəffüsdə tennis taxtasını əlimə alır, yorulunca oynayırdım. O dağların başında stolüstü tennis oynamaq Antarktidada təzə gilas yemək kimi bir şey idi. Adam Allahın ona verdiyi xarakterin əlində aciz qalır. Ruhla bacarmaq olmur. Balaca vaxtı yayda anam bizi hər gün yuyundurar, arxa otaq sərin olduğu üçün orada yer salıb yatmağa məcbur edərdi. Mələfəni başıma çəkib özümü yatmış kimi göstərər, anam otağı tərk edən kimi biz tərəfdə pəncərəyə vurulan şəbəkəli dəmirin dar gözlərindən ilan kimi sivişib çıxar, evin arxasından küçəyə qaçardım. Bir-iki saat uşaqlarla oynayadan sonra yenə həmin yerdən otağa girər, bu dəfə, həqiqətən yuxuya gedərdim. Böyüyəndən sonra dar dəmir çərçivəyə baxıb məəttəl qalardam ki, oradan necə çıxa bilirdim.

 

Həyatın müxtəlif dönəmlərində səni iç dünyana, ruhuna uyğun olmayan bir mühitə göndərən Tanrının məqsədini sonralar anlayırsan. Mütilik, hər əzaba, əziyyətə boyun əymək insan xarakterinin zəifliyidir və zalımın zülmünü artırır. Ancaq bu mütilik zəiflikdən yox, çarəsizlikdəndirsə, o zaman ruhun əsl fəlakəti başlanır. Harda olursan ol, hətta ən müdrik yaşda da, yenə də həyatın indiyəcən bilmədiyin, tanış olmadığın bir üzü ilə qarşılaşır, öyrənirsən. Bu öyrənmə son nəfəsəcən gedir. Laçında gördüklərimdən nələri öyrəndim, həyatın zəhər qatılmış şərbətini necə içdim, Tanrı bilir. Mən də bilirdim, Tanrı gözəldir, yaratdıqları gözəldir. Aydın səma, çiçəkli çəmənlik, ötüşən quşlar, çiçəklərin arası ilə at çapmaq gözəldir. Azad nəfəs almaq, təmiz, çirkaba bulaşmayan ruh gözəldir. Və bütün bu gözəlliklər arasında Özünü tapmaq gözəldir. Səhərəcən meşədən səsləri gələn, öz kədərli nəğmələrini - duetlərini oxuyan İsa-Musa quşlarının nəğməsi də kədərli və gözəl idi:

 

- İsa, tapdın?

 

- Musa, yox...

 

- Musa, tapdın?

 

- İsa, yox!..

 

 

HƏCƏR

525-ci qəzet.- 2021.- 6 fevrasl.- S.10.