Nizami Gəncəvi obrazı və yaradıcılığı Azərbaycan rəngkarlığında

 

 

Azərbaycanın mədəniyyət tarixində Nizami yaradıcılığı və şəxsiyyəti, heç şübhəsiz ki, müstəsna əhəmiyyətə malikdir və ən önəmli yerlərdən birini tutur. Ümumiyyətlə, Şərq dünyasında incəsənətin inkişafında Nizami yaradıcılığı çox əhəmiyyətli rol oynayıb.

Nizami yaradıcılığının humanist ənənələri renessansın Şərqdə hələ Qərbdən əvvəl formalaşmasına güclü təkan verib. Nizaminin "Xəmsə"si uzun əsrlər Şərqdə mədəniyyətin inkişafında yaddaqalan izlər buraxıb. Nizami süjetləri orta əsr Şərqin ayrı-ayrı miniatür məktəbləri rəssamlarının ilham qaynağına çevrilərək təsvir edilmiş və məşhur əlyazmaların nadir inciləri kimi bu gün də mütəxəssisləri belə valeh edir.

 

XX əsr Azərbaycan incəsənətində Nizami şəxsiyyətinə və yaradıcılığına diqqət artıb, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ildə keçirilməsi nəzərdə tutulan Nizami Gəncəvinin 800 illik yubileyi 1947-ci ildə təntənə ilə qeyd olunub. Həmin illərdə Bakıda Nizami adına Ədəbiyyat Muzeyi açılmış, şairin obrazının işlənilməsi ilə əlaqədar müsabiqə elan edilərək, şairin portreti rəssamlar tərəfindən işlənilmiş, eləcə də şairin doğulduğu Gəncə (1946) və paytaxt Bakı (1949) şəhərlərində dahi mütəfəkkir şairin əzəmətli abidələri (heykəltəraş, Xalq rəssamı Fuad Əbdürrəhmanov) ucaldılmışdı.

 

1939-cu ildə şairin bədii obrazının yaradılması ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə Xalq rəssamı Qəzənfər Xalıqovla yanaşı, Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev, Əməkdar incəsənət xadimləri Reyhan Topçubaşova, Mürsəl Nəcəfov və başqaları iştirak etmişdirlər. Müsabiqəyə Azərbaycan rəssamları ilə yanaşı, keçmiş SSRİ məkanının mərkəz şəhərləri Moskva, Sankt-Peterburq, Tbilisi və başqa şəhərlərdən 30-a qədər portret təqdim olunmuşdu.

 

Müsabiqənin birinci mərhələsində iştirak etməyən Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir şairin dərin bədii əhəmiyyətə malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq olmuşdu. Məşhur şərqşünas və Nizami irsinin araşdırıcısı Yevgeni Bertels bu portret haqqında qeyd edirdi ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi". Akademiklər - şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı öz elmi məsləhətləri ilə portretin ərsəyə gəlməsində rəssama yaxından kömək etmişdilər. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş və birinciliyə layiq görülmüşdü. Beləliklə, şairin bundan sonra rəssamlar tərəfindən yaradılacaq bütün obrazlarında rəssam Q.Xalıqovun yaratmış olduğu Nizaminin surəti prototip kimi qəbul edildi. Sənətşünaslıq doktoru Nəsir Rzayev haqlı olaraq yazırdı: "Nizami kimi dahi şairin surətini yaratmaq, şairə xas səciyyəni vermək, XII əsrin böyük mütəfəkkirini həqiqi şəkildə təsvir etmək bizim rəssam və heykəltəraşlarımızdan böyük sənətkarlıq tələb edir. Bundan başqa, Nizami surətini realistcəsinə təsvir etmək üçün Nizami dövrünün mədəniyyəti, geyimləri və sairə ilə yaxından tanış olmaq lazım gəlir".

 

Əsərdə şərq qiyafəsində məğrur duruşlu, iri cüssəli və dərin fikirli şair oturmuş halda, qıçını qıçının üzərinə aşıraraq, dizləri üzərində kitab, sağ əlində qələm, sol əli kitaba söykəli vəziyyətdə təsvir edilib. Başı çalmalı, işıqlı çöhrəsi və dərin mənalı nəzərləri ətrafa yönəlmiş şairin düşüncəyə dalmış obrazı sanki tamaşaçıya şairin zəngin yaradıcılıq dünyasını sezdirir. Əsərin arxa fonunda təsvir edilmiş açıq səmanın təsviri ilə şairin çöhrəsi arasında qırılmaz vəhdət, qüvvətli harmoniya var. Şairi düşündürən və yaradıcılığında dönə-dönə tərənnüm etdiyi mənəvi saflıq, bəşəri duyğular və azadlıq ideyaları sanki sonsuz səma şəklində tabloda əks olunaraq, obrazın tamamlanması qismində özünün uğurlu həllini tapmışdır. Əsərin kolorit həlli də öz mükəmməlliyi ilə diqqəti cəlb edir. Rəssam tərəfindən mavi, qəhvəyi, göy rəng çalarları ustalıqla əlaqələndirilib və işıq-kölgə həlli bacarıqla tapılıb. Bu portreti heç şübhəsiz, Nizami humanizmini özündə təcəssüm etdirən şairin parlaq obrazı kimi qəbul etmək olar. Q.Xalıqov "Kommunist" qəzetinin 11 fevral 1940-cı il tarixli nömrəsində dərc olunmuş məqaləsində ilk növbədə Nizaminin əsərlərinə müraciət etdiyini, onu romantik şair və mütəfəkkir kimi fırçaya aldığını qeyd edirdi.

 

XX əsrdə bir çox məşhur Azərbaycan rəssamları öz yaradıcılıqlarında dönə-dönə dahi Nizami şəxsiyyətinə və yaradıcılığına müraciət etmişlər. Təsviri sənətin bütün sahələrində və janrlarında rəssamlar yeni baxışda və ruhda Nizami obrazı və yaradıcılığının süjetləri əsasında diqqəti cəlb edən, dərin bədii, fəlsəfi və estetik məziyyətə malik əsərlər yaratmışlar.

 

No description available.

 

Azərbaycan rəssamlarının Nizami yaradıcılığına və şəxsiyyətinə həsr olunmuş rəngkarlıq əsərlərinə Mikayıl Abdullayevin "Vəsiyyət", "Məcnun atası ilə", "Nizami Gəncəvi", "Yeddi gözəl" əsəri üzrə "Şərq gözəli", "Məqrib gözəli", "Rus gözəli", "Hind gözəli", "Rum gözəli", "Çin gözəli", "Fars gözəli", Toğrul Nərimanbəyovun "Nizami dünyası", Böyükağa Mirzəzadənin "Xaqani və Nizami Göygölün sahilində", "Fərhad Şirinin görüşünə gəlir" ("Xosrov və Şirin" əsəri üzrə), Oqtay Sadıqzadənin "Nizami və dünya mədəniyyəti" seriyasına aid "Nizami və Azərbaycan ədəbiyyatı", "Nizaminin sələfləri", "Qədim yunan filosofları", "Nizaminin xələfləri", "Nizami və Qərb ədəbiyyatı", Asəf Cəfərovun "Nizami", Davud Kazımovun "Məcnun Kəbədə" ("Leyli və Məcnun əsəri üzrə"), Baba Əliyevin "Nizami sənətkarlar arasında", "Nizami və xalq", Lətif Feyzullayevn "Nizami Qızıl Arslanın yanında", Güllü Mustafayevanın "Nizami qoca aşığı dinləyir", "Leyli və Məcnun mədrəsədə" ("Leyli və Məcnun əsəri üzrə"), Reyhan Topçubaşovanın "Qoca, zalım şahın hüzurunda" ("Sirlər Xəzinəsi" üzrə) əsərləri gözəl nümunələrdir. Bu sırada Sadıq Şərifzadənin "Nizami iş başında", "Şirvanşahlar elçisi Nizaminin yanında", "Şirin Xosrovun şəklinə baxarkən" ("Xosrov və Şirin" əsəri üzrə), "İskəndər yaralanmış Daranın yanında" ("İskəndərnamə" əsəri üzrə), Rüstəm Mustafayevin "Nizami Gəncəvi", Yusif Hüeynovun "Nizami Gəncəvi" ("Sirlər Xəzinəsi" üzrə), Toğrul Sadıqzadənin "Nizami", Əyyub Məmmədovun "Nizami qədim Gəncə şəhərinin fonunda", Elçin Aslanovun "Nizami Gəncəvi Şərq poeziya ulduzları arasında", İsmayıl Məmmədovun "Nizami Gəncəvi" (1981-84, "Nizami və yeddi filosof" (1991), "Nuşirəvan və bayquşların sohbəti" ("Sirlər Xəzinəsi" üzrə, 2014-15), "Şirin Xosrovun şəkili ilə" ("Xosrov və Şirin" üzrə, 2014-15), "Zəncirlənmiş Məcnunun Leylinin sarayına gətirilməsi" ("Leyli və Məcnun" üzrə, 2014-15), "Fitnə və öküz", ("Yeddi gözəl" üzrə, 2014-15), "İskəndərin yeddi alimlə söhbəti", ("İskəndərnamə" üzrə, 2014-15), S.Şərifzadə və B.Mirzəzadənin birgə müəllifliyi ilə "Nizami Qızıl Arslanın yanında" və başqa əsərlərin də xüsusi yeri var.

 

Yuxarıda adları sadalanan hər bir əsər uğurla işlənilib, yüksək bədii estetik məziyyət kəsb edir, Nizami dühası və Nizami ideallarını özündə dolğunluğu ilə ehtiva edir, Nizami dövrü, Nizami mühiti, Nizami dünyagörüşü sezilir və s. bu kimi əsərin həqiqi bədii mahiyyətini təşkil edən qənaətlər irəli sürmək doğru olmazdı.

 

No description available.

 

Nizami yaradıcılığına müraciət etmiş rəssamdan ilk növbədə özünün professional rəssamlıq təxəyyülünü və xüsusiyyətlərini Nizami dühası ilə çuğlaşdırmaq tələb edilrdi ki, sonda ideya tamlığı ilə seçilən və Nizami fəlsəfəsini və Nizami estetikasını açan və özündə tərənnüm edən tablonun ərsəyə gəlişi zəminini yaratsın. Fikrimizcə, Nizami irsinə dərindən bələd olmadan, yubiley ərəfəsində, qısa zaman kəsiyində və tələskənliklə dahi Nizaminin bədii təxəyyülünə müncər kamil təsviri sənət tablosunun yaradılması rəssamdan gərgin yaradıcılıq əzmi tələb edirdi. Və bu mövzuya müraciət etmiş bütün rəssamları və yaradılmış bütün rəngkarlıq əsərlərini birmənalı şəkildə dəyərləndirmək və eyni sırada tutmaq ədalətsiz yanaşma olardı. Lakin Nizaminin ölməz süjetlərinin əsrlərlə davam edən ənənəvi miniatür üslubu kontekstindən çıxardaraq, yeni baxışda və yeni yaradıcılıq təqdimatında tərənnüm etmək təşəbbüsü təqdirəlayiq addım idi. Eyni zamanda, bu işin məsuliyyəti yaradıcı şəxslər - rəssam, heykəltəraş və başqaları qarşısıda ikiqat çətin iş olub.

 

Q.Xalıqovun yaradıcılıq işi olan "Nizami Gəncəvinin portreti" əsəri, əgər nizamişünas alimlərin elmi məsləhətləri nəzərə alınmasa, bu dərəcədə tarixiliyi və bədii dolğunluğu ilə diqqəti cəlb edən əsər yaranmazdı. Rəngkarlıq əsərində Nizami mövzusunu, süjetlərini təsvir edərkən şairin dövrünə xas mədəniyyəti dərindən mənimsəməklə, əsərlərin kolorit həllinin dolğunluğunu, kompozisiya mükəmməlliyini diqqətdə saxlamaqla, məkan həllində və obrazların geyimində tarixiliyi inandırıcı şəkildə əks etdirməklə daha da uğurlu əsərlər yaratmaq mümkündür.

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Azərbaycan Rəssamlar İttifaqının üzvü

 

525-ci qazet.- 2021.- 6 fevral.-S.13.