Mənim Qarabağım və ya Qarabağ düyünü

 

Tanınmış alim Hamlet İsaxanlı Qarabağ mövzusunda düşüncələrini ətraflı şəkildə qələmə alaraq bir kitab həcmində ərsəyə gətirib. Müxtəlif dillərdə nəşr olunacaq bu kitabdan günümüzə, gündəmimizə uyğun müəyyən hissələri oxuculara təqdim edirik.

 

Nərmənazik bayatı

 

Musiqi olan yerdə şeir də var, ədəbiyyat da, teatr da. Qarabağ şairə də, yazıçıya da, həm qarabağlı yazıçılara, həm də Qarabağı sevən, Qarabağı vəsf edən digər yaradıcı şəxslərə ilham qaynağı olmuşdur. Qazaxlı məşhur şair Molla Pənah Vaqif (1717-1797) Qarabağda yaşamış, Qarabağ xanı İbrahimxəlil xanın sarayında vəzirliyə qədər yüksəlmiş, gözəlləri vəsf edən qoşma və qəzəllərinin əksəriyyətini Qarabağda yazmışdır. Lakin zənnimcə, Qarabağ haqqında gözəl misralar Vaqifə deyil, onun dostu və yerlisi şair Molla Vəli Vidadiyə (1709-1809) məxsusdur. Molla Vəli Vidadinin Vaqiflə müşairəsindən bu misralar dillər əzbəridir:

 

Külli Qarabağın abi-həyatı

Nərmi-nazık bayatıdır, bayatı

Oxunur məclisdə xoş kəlimatı

Ox kimi bağrını dələr, ağlarsan!

 

Şairlərimiz Qarabağın gözəlliyini, Qarabağla bağlı tarixi hadisə və əfsanələri şeirə düzmüşlər. Qazaxlı böyük şair Səməd Vurğun Qarabağı çox sevirdi. Onun Qız qayası əfsanəsi barədə yazdığı poema ("Qız qayası") 1938-ci ildə nəşr olunmuşdu.

 

Dağların döşündə durur Qarabağ

Xəyalı gəzdirir hər qaya, hər dağ...

Mən Cıdır düzünü gördüyüm zaman

Keçmişəm gecələr Çanaqqaladan,

Orda dinləmişəm bir qız səsini

Bülbülün "Qarabağ şikəstəsi"ni.

Bir yanda tar səsi, bir yanda qaval...

Boynunu bükmüşdür dağlarda maral

Çıxmışam dağların göy yaxasına

Doyunca baxmışam Qız qayasına...

 

Qarabağı görən onu yaddan çıxara bilməz, çoxsaylı xatirələr, şeir və digər bədii əsərlər bunu təsdiq edir. Təbii ki, Qarabağda doğulub boya-başa çatan adam qəriblikdə Qarabağ üçün darıxacaq. Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa Fətəli şaha girov göndərilmişdi. İncə qəlbli ağıllı Ağabəyim ağa Qarabağı yaddan çıxara bilmirdi:

 

Mən aşiqəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

(Qeyd: Bu bayatının bir neçə fərqli deyilişi mövcuddur, məsələn, "Şəki, Şirvan, Qarabağ" misrası əvəzinə "Qara salxım, qara bağ".)

 

Qarabağın ən tanınmış şairi şuşalı Qasım bəy Zakir (1784-1857) olub. Digər iki şuşalı - Xan qızı Natəvan (1832-1897) və Fatma xanım Kəminə (1841-1898) də kifayət qədər istedadlı şair olmuşlar. Qarabağlı yazıçılar Nəcəf bəy Vəzirov (1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) və Süleyman Sani Axundov (1875-1939) Azərbaycan dramaturgiyasının inkişafında misilsiz rol oynamışlar. Haqverdiyev musiqi və teatrın inkişafına da öz töhfələrini vermişdir. S.S.Axundov isə öz "Qorxulu nağıllları" ilə, xüsusilə "Qaraca qız", həmçinin, "Nurəddin" hekayələri ilə həm də Azərbaycan uşaq ədəbiyyatının klassiki sayılır.

 

Şuşalı yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminli (1887-1943) öz həyat hekayəsini Qarabağ haqqında deyilmiş bayatılarla başlayır:

 

Qarabağda talan var,

Zülfü üzə salan var.

Gedirsən tezcə qayıt,

Gözü yolda qalan var.

 

Əslim qarabağlıdır,

Sinəm çarpaz dağlıdır.

Nə gələn var, nə gedən

Məgər yollar bağlıdır?

 

Və şəhərin keşməkeşli tarixini vərəqləyir, bu gününü xatırlayır: "Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir... Şəhərin hər nöqtəsi bir tarix söyləyir: Ibrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleyim bu imiş"...

 

Firidun bəy Köçərli (1863-1920), "həssas bir insan, qərəzsiz ədəbiyyatçı, yorulmaz bir maarifçi" (A.Şaiq) olan bu şəxs, pedaqoq, jurnalist və naşir Haşım bəy Vəzirov (1867-1916), publisist və "Yeni Türk Əlifbası" hərəkatının fəal üzvü Fərhad Ağazadə (1880-1931) də Şuşada doğulan dəyərli ziyalılardandır. Şuşada doğulmuş məşhurlar sırasında böyük siyasətçi, jurnalist və mütəfəkkir bir insan - Əhməd bəy Ağayev (Ağaoğlu, 1969-1939) xüsusi yer tutur. Uzaqlarda keşməkeşlərlə dolu həyat keçirmiş Əhməd bəy vətənini - "Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağ"ı, "yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşa"nı unutmurdu.

 

Hacıbəyov qardaşlarının kiçiyi, yazıçı və jurnalist Ceyhun Hacıbəyli (1891-1962) 1919-ci ildə Paris sülh Konfransına gedən Azərbaycan nümayəndə heyətinin üzvü olmuş və geri dönməmiş, Parisdə yaşamış və yazıb-yaratmışdı. O, Qarabağ və ümumiyyətlə, Azərbaycan folkloru nümunələrini, əsasən kiçik həcmli poetik formaları toplamış, orijinalı, fransızca tərcüməsi və qısa şərhlərlə "Qarabağ dialekt və folkloru (Qafqaz Azərbaycanı)" adı altında Journal Asiatiquedə dərc etdirmişdi.

 

Əlbəttə, görkəmli qarabağlıları sayıb qurtarmaq kimi məqsədim yoxdur. Sadəcə, uşaq və ilk gənclik illərimdə Şuşanı, Qarabağı və Qarabağın həlledici rol oynadığı Azərbaycan mədəniyyətini kimlər və nələr vasitəsilə tanıdığımı qısaca yadıma saldım...

 

Ürəkdə qalan arzu

 

Leninqrad Maliyyə-İqtisad İnstitutu öz Bakı filialında riyaziyyat kafedrasının müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan etmişdi. 1988-ci ilin yaz aylarında Leninqrad riyaziyyatçılarının dəvəti və təkidi üzrə bu müsabiqədə iştirak etməli oldum. O zaman Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitututu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti) rüşvətin geniş yayılması maddəsi ilə Sovet Siyasi Bürosunda (Politburo-da) müzakirəyə çıxarılmış və bağlanmışdı; həmin institutun əsasında yeni ali məktəb yaratmaq və onu Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevirmək qərarı alınmışdı. Müsabiqədə çox adam iştirak edirdi; müəyyən macəralardan sonra Leninqrad Maliyyə-İqtisad İnstitutunun Elmi Şurasında kafedra müdiri seçildim və işə başlamaq üçün Bakıya qayıtdım.

 

İlk işim, təbii ki, riyaziyyat kafedrası üzvləri ilə tanışlıq idi. Kimin riyaziyyatın hansı sahəsi üzrə mütəxəssis olması və hansı fənləri tədris etməsi barədə söhbət edirdik. Hərə qısaca özünü təqdim edirdi. Müəllimlərin dördü, ya beşi Qarabağdan idi. Mənə "Qarabağı yaxşı tanıyırsınızmı" deyə soruşanlara "yox" cavabı verməli oldum; Qarabağı musiqisinə və böyük mədəniyyətinə görə çox sevdiyimi, ancaq bu günə kimi Dağlıq Qarabağa, o cümlədən, Şuşaya gedə bilmədiyimi təəssüflə və utana-utana qeyd etdim. Müəllimlərdən biri tez münasibət göstərdi: indi Qarabağda ermənilər işi qarışdırıblar, yəqin bir-iki aya hər şey qaydaya düşər və sizi Qarabağa, Şuşaya aparıb doyunca gəzdirərik.

 

Təəssüf ki, bu arzu ürəyimizdə qaldı...

 

***

 

Mən Sovet dövründə yaşamış, Sovetlərin dünyaya meydan oxuduğu illərdə orta məktəbdə, sonra ali məktəbdə oxumuşam. Sosializmin müsbət və mənfi tərəflərini görmüş insanlardan biriyəm. Zənnimcə, Sosializmdə xüsusi vurğulanan Xalqlar dostluğu ideyası bir gerçəklik idi. Müxtəlif dildə danışan, SSRİ-nin ateist dövlət olmasına baxmayaraq, ən azı tarixi irs və mədəniyyət baxımından müxtəlif dinlərə mənsub xalqlar dinc-yanaşı yaşayır, bu xalqların nümayəndələri dostluq edir, əməkdaşlıq edir, birgə təhsil alır, ailə qururdular. Səməd Vurğunun üç Cənubu Qafqaz (Zaqafqaziya) xalqlarının birliyini ifadə edən bu misraları (1931) azərbaycanlılara yaxşı tanış idi:

 

Qarışsın Qazağa Dilcan dərəsi,

Daha da birləşib olsunlar bir can

Yoldaş Azərbaycan, Hinger Hayastan,

Bir də Amxanaqo qızıl Gürcüstan!

 

(Qeyd. "Hinger" ermənicə, "Amxanaqo" gürcücə "yoldaş" deməkdir)

 

Gürcüstanda kəndimiz (Kosalı), rayonumuz (Qardabani, əvvəlki adı Qarayazı) aran yerdədir. Bizim xalqın yay vaxtı Ermənistandakı dağlara, əsasən Lori tərəflərə, Lorinin cənubundakı səfalı dağlara, yaylağa getmək ənənəsi olub. Arandan dağa köç, səfər həm qoyun-quzu, mal-qaranı otlağa çıxarmaq, həm də istirahət etmək məqsədi güdmüşdür. Xalqımız yüzillərlə Qaraxaç adlanan dağlarda, dağ döşündə çadırlar (dəyələr) qurub dincələrmişlər; mən və mənim yaşıdlarım və övladlarımız bu ənənəyə sadiq qalmışıq. Mənim babam Qaçaq İsaxanın orada öz yurd yerləri varmış, onu mənə göstərib bura İsaxanın yaylaq yerləridir demişdilər.

 

Lori bölgəsinin əhalisi qarışıq idi - ermənilər, Azərbaycan türkləri, ruslar. Azərbaycanlıların ən böyük kəndi İlməzli idi. Ailəmizdə baş vermiş bir faciə ilə bağlı mən birinci sinif dərslərimi İlməzlidə davam etməli oldum, birinci sinfi bitirib yenidən öz kəndimizə qayıtdım. Mən anadan olandan 1987-ci ilə qədər yay aylarını əsasən Ermənistan dağlarında keçirmişəm - İlməzlidə, Qaraisəli kəndi və onun yaxınlığında, Novoselsovo adlı kənddə, Dolama yolu və Sarı bulaq deyilən səfalı dağ ətəklərində, dağ döşündə.

 

Lorsovxoz adlı erməni kəndində atamın iki azərbaycanlı dostu yaşayırdı - Vələd və Zeynal. 8-9 yaşım olardı, o yay Vələd əminin evində qaldım. Uşaqları Elza, Elba, Eldar erməni dilində oxuyurdular, Azərbaycanca, demək olar ki, danışa bilmirdilər. Zeynalın uşaqları isə yaxşı danışırdılar. Mən orada bir az erməni dili öyrənmişdim. Xeyli sonralar biz Dolama yolu ətəyində dincələrkən Vələd əmi Elbanı götürüb bizə gəldi, Elba tibb fakültəsinə hazırlaşır, onunla bir az məşğul ol, kimyası zəifdir dedi. Elba ilə qeyri-üzvi kimya dərsi keçməyə başladıq. Məsələn, sulfat turşusuna Haş Erqu Es O çors deyirdim, yəni, Haş iki Es O dörd (H2SO4). Beləcə rus, erməni və azərbaycan dillərini qarışdırıb Elba ilə məşğul oldum; Elba yaxşı öyrəndi.

 

Yerli sakinlər, azərbaycanlı və ermənilər babam İsaxan haqqında, onun həyatı, igidliyi, qəhrəmancasına ölümü barədə xatirələr söyləyirdilər. Bir qoca ermənin söhbəti yadımdadır: "Oğluma toy tədarükü görürdüm, bir dostumla bərabər dolu arabamızla dolama yolunu enirdik. Qarşıda bizə doğru hərəkət edən bir dəstə atlı göründü, yaxınlaşanda dostum həyəcanla: "Qaçaq İsaxandır" - dedi. Çox qorxdum, adını çox eşitmişdim. Bizə çatanda dayandılar, salam verdilər. İsaxan gülə-gülə "Ay erməni, nədir, arabanı yaman doldurubsan, xeyir ola?" - dedi. Mən özümü itirdim, "İsaxan, başına dönüm, oğluma toy edəcəm, onun tədarükünü görürəm, bizə dəymə" - deyə yalvardım. İsaxan yenə güldü, "A kişi, səninlə nə işim var, toyunuz mübarək olsun, al, bu da mənim nəmərim" - deyə mənə yaxşı pul uzatdı. Heyif, o qəhrəmanı, o alicənab gənci pusquya salıb öldürdülər..."

 

Məskən saldığımız, dincəldiyimiz dağlarda Borçalı - Qarayazı aşıqları ilə yanaşı, bəzən erməni sənət adamları ilə görüşlər də olurdu. Bizim cəm olduğumuz yerlərdə, o cümlədən, Dolama yolu deyilən yerdə erməni müğənnilərin qarşımızda konsert proqramı ilə çıxış etdikləri yadımdadır. Bu, əlbəttə, Sovet zamanı idi. Erməni müğənnilər Azərbaycan, hətta Türkiyə türklərinin də mahnılarını, şərqilərini həvəslə ifa edirdilər. Bir türk şərqisini mən ilk dəfə uşaq vaxtı məhz Ermənistanda erməni müğənninin sevə-sevə, şövqlə ifa etdiyi zaman dinlədim və sevdim:

 

Yar saçların lüle - lüle

Yar benziyor gonca güle

O gül benim hayatımdır

Ölürüm de, vermem ele.

 

Yar, yar aman, yar yar aman

Yar yüreğim oldu keman

Kavuşmamız yar ne zaman

Yar, ne zaman, yar, ne zaman?..

 

Bu şərqinin Türkiyədə çox sevildiyini sonralar bildim, onu Zeki Müren, Nesrin Sipahi və digər türk müğənnilərin ifasında eşitdim.

 

O dağları çox sevirdim. Qaymaqçiçəyi, yarpız, əvəlik, kəkotu, çiyələk, göbələk yığardıq, çayda çimər, balıq tutardıq. Aşıqlar oxuyardı, motalın necə basıldığına və ətin alışma yolu ilə paylanmasına baxmaq necə də maraqlı idi. Qayaların üstündə oturub və ya ot üstündə uzanıb sevimli bədii kitabları və ya dərs kitablarını oxumaq ləzzət verirdi. Yaşıl otun üzərində futbol oynamaqdan yorulmurduq. Bir dəfə qonşu erməni kəndinin uşaqları bizi öz meydançalarında futbol oynamağa dəvət etdilər. Getdik və udduq. Bəziləri dava salmaq, bizi döymək fikrinə düşsələr də, daha ağıllıları buna imkan vermədilər.

 

Üzü cənuba doğru baxanda irəlidə sağ tərəfdə Dəli dağ, sol tərəfdə isə Ağlağan dağı (sıra dağlar) görünürdü. Kiçik bir dəstə düzəldib Dəli dağın zirvəsinə qalxdım. Dağın zirvəsində duman bizi bürüdü, göz-gözü görmürdü. Duman açılana qədər gözləməli olduq; aşağı enmək də asan olmadı, yorulmuşduq. Yayın ortasında Ağlağan dağının təpəsində və üst döşündə görünən ağ-sarımtıl qar bizə təəccüblü gəlirdi. Ora çatmaq üçün uzun yol getdik, əlimizlə qara toxunduq. Geri qayıdanda erməni mal fermasının yanından keçdik, çörək bişirən erməni qadınları bizi təzə, xoş qoxulu çörəyə və pendirə qonaq etdilər...

 

Mən ailə qurduqdan sonra da yay aylarında ailəm, uşaqlarım, qardaşlarımla birlikdə həmin dağlarda dincələrdik - ta Qarabağ münaqişəsi başlanana qədər. Sonra Gürcüstanda, Başkeçid (Dmanisi) dağlarına getdik, amma həmin həzzi duya bilmirdim; Ermənistanda gün keçirdiyim dağların hər qarışı, hər qayası, hər daşı, hər bulağı bir xatirə idi...Yay zamanı arandan və ya şəhər həyatından dağlara üz tutmağım "vəhşi, köçəri türk" olmağımdan deyil, dağlara sevgimdən irəli gəlirdi...

 

Üzeyir Hacıbəyovun opera və operettaları Çar dövrü erməni qəzetlərində

 

Tiflisdə ermənicə nəşr olunan "Surhandağ" ("Qasid") qəzetində (1909, 6 dekabr, 39) "Azərbaycanca opera" adlı yazıda 1909-cu il noyabrın 30-da Bakıda Üzeyir Hacıbəyovun Şeyx Sənan operasının tamaşaya qoyulması, teatrın müxtəlif təbəqədən olan insanlarla, o cümlədən, "alovlu Azərbaycan gəncləri ilə" dolu olması xəbəri verilirdi, "Bakının azərbaycanlı ziyalıları yorulmaq bilmədən işə başlamışlar. Onların bu işləri ictimaiyyətə qibtə ediləcək bir gələcək vəd edir" (kursiv mənimdir - H.İ.). Atrpet adlı bu müəllif əsərin opera tələblərinə cavab vermədiyini, "şərq havalarını qərb havaları ilə qatıb qarışdırdığını" iddia etməklə yanaşı, onun cəlbedici, xoşagələn olduğunu deyir. O, qibtə qarışıq Azərbaycanın çox inkişaf etdiyini, bəlkə intibah dövrünə qədəm qoyduğunu yazır: "Gündəlik qəzetlər, yumoristik, elmi məcmuələr, dramatik, musiqi, incəsənət, ədəbi klublar... bütün bunlar oyun deyil, bəlkə intibahın başlanğıcıdır, Muxtarov kimi bir neft istehsalçısı gündəlik qəzet saxlamaq üçün 75 min manat xərcləyir və neçə-neçə Muxtarovlar xalqın intibahının sürətlənməsi üçün öz pul kisələrinin ağzını açıblar". Ümumilikdə müəllif azərbaycanlıların bu sahədəki fəaliyyətini ermənilərin fəaliyyətindən üstün qiymətləndirirdi.

 

(Qeyd. Üzeyir bəyin xüsusi Avropa musiqi məktəbində təhsil almadığını deyən opponentləri və bəzi həmkarları ona guya Avropa musiqi texnikasını tam bilmədiyini irad tuturdular. Onlar, zənnimcə, bir şeyi unudurdular - Üzeyir bəy misilsiz dahi idi, Avropa texnikasını, necə deyərlər, göydə tuturdu və onu şərq musiqisinə tətbiq edərkən şərq musiqisini korlamır, əksinə, ona yeni kolorit verirdi.)

 

1914-cü ildə Ü.Hacıbəyovun "Arşın mal alan" və "O olmasın, bu olsun" operettaları erməni dilinə tərcümə olunub Tiflis, İrəvan və Bakıda tamaşaya qoyulmuşdu. Bu əsərlər əməlli-başlı müzakirə mövzusuna çevrildilər; onlar barədə mübahisəli və qərəzli rəylər (həmçinin, azərbaycanlılar tərəfindən) yazılsa da, həzz alıb tutarlı tərif yazanlar az deyildi. Tanınmış erməni aktyoru Adam Vruyr (1863-1924) "Horizon" qəzetində dərc olunmuş mənfi rəyə cavab vermişdi (1915, 20 dekabr, 286): "Arşın mal alan", "O olmasın, bu olsun" operalarının xalqımız arasında tapdığı müvəffəqiyyət həqiqətən diqqətəşayan bir hadisə hesab edilməlidir... Xalq təsvirə gəlməyən həvəslə qəlbə zövq verən musiqiyə və qonşu xalqın gülməli adətlərinə doğru meyl göstərir... Haqlı olaraq bu əsərlər erməni operettasının gələcək işinin əsasını qoyur (kursiv mənimdir - H.İ.)... Pyeslərin əyləncəliliyinin ən böyük sirri də musiqisindədir".

 

(Qeyd. Üzeyir bəy öz içimizdə "Arşın mal alan"ı heçə sayanlara qısa və məntiqli cavab verir (1924): "Burasını dəxi qeyd etməyə məcburam ki, türk opera və operettalarından "Arşın mal alan" hər yerdə rəğbət qazanıb, dildən dilə tərcümə edilib, Gürcüstanda, Ermənistanda, yüzlərcə dəfə oynandıqdan sonra Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerikanı, İspaniya, İtaliya və Misiri dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirdiyi bir zamanda vətəndaş Samitin (maarif nazirinin müavini Tağı Şahbazinin təxəllüslərindən biri - H.İ.) bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik.)

 

"Arşın mal alan" 1915-1916-cı illərdə gürcü və rus dillərinə də tərcümə olunmuş və tamaşaya qoyulmuşdu. Tiflisli erməni aktyor Setrak Maqalyan Əsgər rolunu dord dildə - azərbaycanca, erməni, gürcü və rus dillərində oynamışdı. Əsərin ermənicəyə ilk tərcüməsi də S.Maqalyana məxsusdur. Erməni aktyor truppasının ifasında "Arşın mal alan" müxtəlif ölkələrdə - ABŞ-ın əksər böyük şəhərlərində, Hindistanda, Yaxın Şərqdə və Rusiyada dəfələrlə tamaşaya qoyulmuşdu (1915-1921-ci illər arasında 800 dəfə; burda səhv, artıq sıfır yoxdur - səkkiz yüz dəfə!). Erməni "Arev" ("Günəş") qəzeti "Arşın mal alan"ın Bakıda erməni dilində 40-cı dəfə tamaşaya qoyulmasını və Şekspirin tamaşalarından çox bu tamaşaya getmələrini "erməni tamaşaçılarının zövqünün kasıblığı" kimi qiymətləndirmiş, tamaşada oynayan erməni aktyorları təhqir etmişdi. Yenə də A.Vruyr cavab yazmış və tamaşaçıların nə üçün "Arşın mal alan"ı üstün tutma səbəbini göstərmişdi ("Arev", 6 fevral, 27): "Yeni Amerika açmağa ehtiyac yoxdur... O günahsız Arşın mal alanda ictimaiyyət öz qəlbinə yaxın, onun başa düşdüyü, ona çatan, əziz musiqi ahəngli havalar tapır və zövqlə ona qulaq asır. Bəlkə də əsərin çox nöqsanları var. Qoy bizim yazıçılar ondan yaxşısını yarada bilsinlər (kursiv mənimdir - H.İ.). İctimaiyyət məmnuniyyətlə qulaq asacaq. O, sözsüz demək olar ki, mahnı və musiqinin həsrətini çəkir".

 

Tədqiqatçılar S.Maqalyanın və operettanı satmaqla məşğul olan digər şəxslərin müəllif hüquqlarını pozduğunu, "Arşın mal alan"ın tamaşa afişalarının çoxunda (məsələn, ABŞ-da) Üzeyir Hacıbəyovun adının yazılmadığını irəli sürmüşlər

 

Musiqidə plagiat məsələsinə Üzeyir bəy də toxunmuşdu (1924): "Azərbaycanda özlərindən əsər yaradan bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq müsiqişünasları vardır. Bu musiqişünaslardan Avropada təhsil görmüş və Bakıda xormeyster olan Anton Mailyandır ki, bir neçə kiçik nəğmələri vardır. Bununla fəxr etmək kafi deyilmiş kimi başqalarının əsərlərini də xorda oxudaraq öz musiqisi adlandırır. Bu nəğmələrdən biri "Şah İsmayıl" operasından "Haydı, qızlar!" nəğməsidir ki, müsamirə vaxtı proqramda öz musiqisi olduğunu göstərir. Bundan əlavə, "Ay yoldaşlar!" nəğməsini notaya alaraq öz musiqisi hesab edir..."

 

Üzeyir bəy öz opera və operettalarının ermənilər arasında populyarlığından, sözsüz ki, həzz alır və bunu felyetonlaşdırır; bu felyetondan bir parça:

 

"Yazıq ermənilər! Yenə yazıq ermənilər! Axı sizə kim qarğış etmişdi? Kimin ahü nəvası sizi tutdu? Kim sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz?

 

- Nəyə?

 

- Operaya, operettaya!

 

Yazıq ermənilər! Yenə yazıq ermənilər! Aya siz görmədinizmi ki, necə bu opera müsəlman millətinin evini yıxdı? Aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu opera meydana çıxandan bəri necə xarab olublar?"

 

Üzeyir bəy "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Leyli və Məcnun" və "Arşın mal alan" kimi məşhur opera və operettalarının Azərbaycanda necə populyar olduğunu, tacirlərin, bəylərin, qoçuların, arvadların zövqünü, həyatını necə dəyişdirdiyini yazır. Və davam edir:

 

"Yazıq ermənilər!.. Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır!... A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb "Arşın mal alan"ı, "Məşədi İbad"ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?!"

 

Hamlet İSAXANLI

525-ci.- qəzet.- 2021.- 6 fevral.- S.18,19.