Nizami dühası ilə nurlanan möhtəşəm qadın obrazı

 

 

 

Dahi Nizami Gəncəvinin çoxşaxəli yaradıcılığında diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri qadına münasibətdir. Əlbəttə, Nizamiyə qədər Yaxın Şərq ədəbiyyatında qadın mövzusu işlənib. Lakin Nizamidən əvvəl bu mövzuya öz münasibətlərini bildirənlər qadınları çox vaxt məkrli, fitnə-fəsad törədən, saray ziddiyyətlərinə bais olan kimi göstərməyə çalışıb, onları vəfasızlıq, etibarsızlıq xəyanətkarlıqda günahlandırıblar. Nizami birinci olaraq bu ənənəyə qarşı çıxıb. Qadına münasibət Nizami poemalarının aparıcı mövzusuna çevrilib.

 

Şair "Xosrov Şirin"də bu mövzuya geniş yer verib, Məhin Banu Şirin kimi maraqlı surətlər yaradıb. Nizami Şirini hətta əsərin əsas qəhrəmanlarından biri kimi təqdim edib. Şair bu iki qadının simasında qadın - insan, qadın - ədalətli hökmdar, qadın - təmiz ad əxlaq, qadın - ağıllı məsləhətçi, qadın - həqiqi dost, qadın - vəfalı, fədakar sevgili kimi dəyərləndirmələr ortaya qoyub.

 

 

 

Poemanın əvvəlində Nizami Məhin Banunu ədalətli, səxavətli, cürət cəsarətdə kişidən geri qalmayan hökmdar kimi təsvir edir. Onun şahlıq səltənətində əmin-amanlıq hökm sürür, xalqın güzaranı yaxşıdır, xəzinəsi həmişə dolu, torpağı bərəkətlidir. Bu yerdə mal-qaranın, quşun balığın saysız-hesabsız olmasını şair Məhin Banunun düzgün rəhbərliyinin nəticəsi kimi qiymətləndirir:

 

Dərbənd dənizinin bir sahmanında

Bir gözəl ölkə var dağlar yanında.

 

Şahzadə qadındır orda hökmran,

Yayılmış qoşunu İsfahanacan.

 

Min bir dik qalası göy dağlardadır,

Kim bilir xəznəsi miqdardadır?

Tutub mal-qarası bütün dünyanı,

Quşdan balıqdan artıqdır sanı.

 

Cürətdə kişidən heç geri durmur,

Böyük olduğundan Məhin Banudur.

 

 

 

"Məhin Banunun qardaşı qızı Şirinə öyüd-nəsihət verməsi" parçasında Nizami onu qayğıkeş, həssas bir ana, müdrik, ağıllı bir qadın kimi təsvir edib. Məhin Banu qız adının hər şeydən üstün olduğunu, təmiz ad təmiz əxlaqın şahlığa bərabər tutulduğunu Şirinə başa salır, onu gah "yaqutu əzən", gah da "dürr oğurlayan" dünyanın hiylələrinə uymamağa çağırır. O, eşqbazlığın qızın adını ucuzlaşdırdığını, qadın üçün ən şərəfli müqəddəs şeyin kəbin olduğunu Şirinə söyləyir bununla da onu Xosrovun hiylələrindən qurtarır:

 

Görsə ki, vəfalı, ismətli qızsan,

Elçi göndərəcək adətlə, inan.

 

Adın bu dünyada namuslu qalar,

Olarsan cahanda böyük hökmdar.

 

Əgər o, aydırsa, biz afıtabıq,

O, Keyxosrov, bizsə Əfrasiyabıq.

 

Yaraşmaz kişinin dalına düşmək,

Bu sifət qadında olmasın gərək...

 

Bilirsən, baş uca olduğu zaman,

Xoşdur ərə getmək, eşqbazlıqdan.

 

 

 

Nizami arzuladığı ideal qadın surətini əsərin əsas qəhrəmanı Şirinin simasında yaratmışdı. Şirin elə birinci görüşdə at çapmağı, ox atmağı çövkən oynatmağı ilə Xosrovu mat qoyur. Söhbət zamanı Xosrov Şirinin ismətli, namuslu yüksək əxlaqa malik bir qız olduğuna inanır. Şahlıq qüruruna arxayın olan Xosrov onunla əylənmək istəyəndə Şirin deyir:

 

Şah əhdini qırsa, pis olar, inan.

Baş verməsin gərək pis işlər ondan...

 

Dünyanın yarısı əgər xoş gündür,

Yarısı yaxşı ad qoymaq üçündür...

 

Bir qadını yıxmaq - bu, mərdik deyil,

Mərdik göstərirsən, sən özün əyil.

 

Ağıllı Şirin Xosrova məsləhət görür ki, vaxtını əylənməklə keçirməkdənsə, atasından ona qalan taxt-tacı düşmən əlindən qurtarsın.

 

Ondan küsüb gedən Xosrovun Məryəmlə evlənmək xəbərini eşidən Şirin əzab içində qovrulsa da, özünü təmkinli aparır, həyəcan iztirablarını büruzə verməməyə çalışır, qızlıq qürurunu sındırmır. Vəfat etmiş bibisi Məhin Banunun yerinə şahlığa keçəndən sonra Şirinin təbiətindəki yeni keyfiyyətlər üzə çıxır. O, qayğısız bir gənc qızdan xalqın qeydinə qalan ədalətli bir şaha çevrilir. Tez bir zamanda ölkəni abadlaşdırır. Dustaqları azad edir, vergiləri azaldır.

 

Şirini fərağına dözməyən Xosrov Şapuru onun yanına göndərir Məryəmdən gizli görüşməyi təklif edir. Sonra Şirin Şapurla, Xosrova belə xəbər göndərir:

 

Alıb aparınca xəzan küləyi,

Qoy torpaqda qalsın bahar çiçəyi.

 

Ovda itlər tutsa, yaxşıdır yenə,

Bir yem olmaqdansa pay uman şirə.

 

Mən sənə lazımam, mərd ol, özün gəl,

Özgənin başına sən açma əngəl.

 

Ovda mahir olan igid bir aslan,

Özü gedib tutar ovu ovlaqdan.

 

Fərhada münasibətində Şirinin əxlaqında yeni məziyyətlər meydana çıxır. Bu, əməyi əməkçi insanı qiymətləndirmək, sevən bir qəlbin təmiz ülvi hisslərinə hörmət etmək bacarığıdır. Şirin onu qəlbən sevən Fərhadı sənət inciləri yaratmağa həvəsləndirir, bir dost kimi görüşünə gedir, onun ölümünə acı-acı təəssüflənir, göz yaşı tökür.

 

No description available.

 

Ümumiyyətlə, Nizami sevə-sevə yaratdığı bu obrazı əsər boyu inkişaf etdirərək ideal səviyyəsinə qaldırmışdır. Şirinin görüşünə sərxoş gələn Xosrov qapılarının üzünə bağlandığını görüb, onu qonağa hörmətsizlik etməkdə təqsirləndirəndə Şirin ona belə cavab verir:

 

Sən qonaq deyilsən, ovçu şahinsən,

Dağ kəkliyi keçir indi könlündən.

 

Əgər bir qonaqsan, bu yer, bu hörmət,

Sənə kəniz kimi edərik xidmət.

 

Ya qəbul etsələr, ya rədd etsələr,

Gərək dinməyəsən, qonaqsan əgər.

 

Haqlıyam, qapını bağlamışam mən,

Çünki görüşümə sərxoş gəlmisən.

 

Böyük ideallar şairi Nizami "Şirinin Xosrova bilik kəsb etmək üçün öyüd verməsi" parçasında Şirinin həm bir ağıllı məsləhətçi olduğunu göstərir.

 

Xosrovla toylarından sonra Şirin Xosrovu köhnə həyatından əl çəkməyə, eyş-işrətə son qoymağa, xalqın, ölkənin qeydinə qalmağa, alimlərlə müdriklərlə məsləhətləşməyə sövq edir buna nail olur.

Məhz Şirinin təsiri ilə Xosrov tamam dəyişir. Ağıllı ədalətli bir şaha çevrilir.

 

Nizami poema boyu sevə-sevə yaratdığı Şirinin məhəbbəti yolunda özünü fəda etməsini əsl qəhrəmanlıq hesab edir:

 

Alqış bu ölümə, əhsən Şirinə,

Öldürən Şirinə, ölən Şirinə.

 

Məhəbbət yolunda ölüm budur, bax,

Canana belədir canı tapşırmaq.

 

Bil ki, namərd olmaz hər qadın olan,

Dərd çəkməyən kişi pisdir qadından.

 

Çox gözəl arvad var - mərdlikdə bir şir,

Çox ipək içində şirlər gizlənir...

 

Bu Şirindən başqa kimsə dünyada

Özünü özgəyə etməmiş fəda...

 

Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq qadına müsbət münasibət bəsləmiş Nizami Şirin obrazını elə məharətlə yaratmışdır ki, bu obraz dünya ədəbiyyatının qadın obrazları içərisində ən şərəfli yerlərindən birini tutur.

 

Elşad NƏSİROV

Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin Azərbaycan dili ədəbiyyat müəllimi

 

Elşad Nəsirov

 

525-ci qəzet.- 2021.- 10 fevral.-S.17.