Dəyərli ənənələrin bərpası

 

 

Azərbaycan Bəstəkrlar İttifaqının yeni işıq üzü görən nəşrləri barədə qeydlər

 

Hər bir sahədə ənənələrin qorunması keçmiş ilə bu günün qırılmaz bağlayıcısı, eyni zamanda, inkişafa aparan zəfərli yoldur. Buna bariz nümunə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, YUNESKO-nun sülh artisti, dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadənin təşəbbüsü əsasında, uzun illər bundan öncə bəstəkarlar haqqında kitabçaların dərc olunmasına yenidən başlanılması aiddir.

 

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı vaxtdan bu günə kimi musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli və zəruri rol oynayır. Bu musiqi ocağında hər il bir sıra tədbirlər: plenumlar, baxışlar, müsabiqələr, bəstəkarlar və musiqişünasların yaradıcılıq gecələri və ya müəllif konsertləri, musiqişünasların yeni kitablarının təqdimatı keçirilir. Onu da qeyd etməliyik ki, bu tədbirlərdə həm yaşlı, həm orta, həm də gənc nəsil nümayəndələri, bəstəkar və musiqişünaslar, ali və orta ixtisas musiqi müəssisələrinin tələbələri, şagirdləri böyük sevinc və fərəhlə iştirak edir, həmin tədbirləri rəğbətlə, alqışlarla qarşılayırlar.

 

2019-cu ildə Bəstəkarlar İttifaqı tərəfindən görülən işlər kifayət qədər çoxdur. Bunlar içərisində musiqişünaslar tərəfindən hazırlanaraq yeni çapdan çıxan kitabçaları xüsusi qeyd etməyə dəyər. Məlumdur ki, artıq neçə ildir, bu ənənə davam etdirilir. Bu günə kimi çoxlu sayda bəstəkarın yaradıcılığını işıqlandıran işlər yazılmış və musiqi ictimaiyyətinə təqdimatı keçirilmişdir. Ənənəyə sadiq qalaraq bu dəfə də Firəngiz xanımın tapşırığı ilə kitabçaların yazılmasına start verildi. Musiqişünaslarımız tərəfindən yazıya alınan kitabçalarda təkcə bəstəkarların yaradıcılığı deyil, həmçinin, musiqişünasların da yaradıcılığı işıqlandırılır. Beləliklə, çap olunan 19 kitabçadan 3-ü bəstəkarlara, 16-sı isə musiqişünaslara həsr olunub. Onu da xüsusilə qeyd etməliyik ki, nəfis şəkildə çap olunan kitabçaların hər biri 1 çap vərəqi həcmində olmasına baxmayaraq, burada qəhrəmanın həyatının və yaradıcılığının əsas istiqamətləri, yazdığı əsərləri öz əksini tapıb.

 

Kitabçalarda haqqında söz açılan bəstəkarlardan biri Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Hacı Xanməmmədovdur. Əsərin müəllifi musiqişünas, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bəstəkarın parlaq yaradıcılıq səhifələrini, onun "Bir dəqiqə", "Bütün ərlər yaxşıdır" operettalarını, vokal süitalarını, vokal-simfonik, xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərini, mahnı və romanslarını təhlilə cəlb edib. Kitabçalardan biri bəstəkar, incəsənət xadimi, professor Azər Dadaşova həsr olunub. Musiqişünas Natalya Dadaşova tərəfindən qələmə alınan bu tədqiqat işi bəstəkarın həyat-yaradıcılığının bütün səhifələrini əhatə edir. İyirmi ildən çox zamanda Türkiyənin İstanbul şəhərində fəal bəstəkarlığı və aranjimançı məharəti ilə şöhrət tapan, Azərbaycan peşəkar musiqi məktəbinin nümayəndəsi İlyas Mirzəyevin (müəllif Seyran Qafarov) də yaradıcılığı tədqiqat işlərindən birində öz əksini tapıb.

 

XX əsr müxtəlif sahələrdə öz inkişafı ilə yadda qaldığı kimi musiqişünaslıq elmi də bir sıra alimlər, onların yaratdığı tədqiqatlar ilə inkişaf edib. Əlbəttə, bu yolda əvəzsiz xidmət göstərən çoxlu sayda musiqişünaslarımız yetişib və sanballı yaradıcılıq töhfələri ilə silinməz səhifələr yazıblar. Onların tədqiqatları, elmin inkişafına sirayət edən yeni inkişaf aspektləri bu gün də musiqişünaslığın çiçəklənməsinə əsas təkan verən qüvvədir. Məhz bu araşdırmalar və tədqiqatlar nəticəsində dahi Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan professional musiqişünaslıq elmimiz yeni inkişaf səviyyəsinə qədər ucalıb.

 

Bu işdə əvəzsiz xidmət göstərən alimlərimiz içərisində Məmmədsaleh İsmayılovun adını xüsusilə qeyd etməliyik. Bu görkəmli sənətkar sözün əsl mənasında Ü.Hacıbəyli ənənələrini inkişaf etdirərək həmin ənənələrin layiqli davamçısıdır. Onun milli musiqi mədəniyyətinə bəxş etdiyi "Azərbaycan xalq musiqisinin janrları", "Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi metodiki oçerklər" monoqrafiyaları bu günə kimi demək olar ki, bütün musiqişünasların stolüstü kitabıdır. Məmmədsaleh İsmayılov haqqında kitabçanı çox hörmətli musiqişünas-alim Səadət Seyidova yazıb. Yeri gəlmişkən onu da qeyd edək ki, əsərlərdən biri də məhz Səadət xanım haqqında (müəllif Dilbər Məmmədova) yazılıb. Çox təəssüflər olsun ki, qəfil ölüm Səadət xanımın da yaradıcılıq işlərini yarımçıq qoydu.

 

Kitabçalar içərisində biz görkəmli musiqişünas, pedaqoq, alim İzabella Vladimirovna Abezqauzun da adını xüsusi qeyd etməliyik. Bu musiqişünasın yaradıcılığı öz ictimai-mədəni fəaliyyəti, novatorluğu ilə musiqi mədəniyyətində özünəməxsus yer tutaraq bir sıra töhfələri ilə musiqi xəzinəsini zənginləşdirib. Onun Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Cövdət Hacıyevin yaradıcılığına həsr olunmuş kitabları eləcə də çoxlu sayda məqalələri buna parlaq nümunədir. İzabella Abezqauz haqqında tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Aida Tağızadə yazıb. Kitabçalar içərisində biz Aida xanım haqqında yazılan işi də göstərə bilərik (müəllif Zümrüd Dadaşzadə). Aida xanım çağdaş dövrün musiqi mədəniyyətini işıqlandıran əsərlər ilə yanaşı, "XX əsr Azərbaycan musiqisi"ni, Cövdət Hacıyevin, Rauf Hacıyevin, Soltan Hacıbəyovun və başqalarının yaradıcılığını əks etdirən monoqrafiyaların, musiqi nəzəriyyəsi aspektində çoxlu sayda məqalələrin müəllifidir.

 

Tədqiqat işindən biri də Azərbaycanın musiqi mədəniyyətini, Cövdət Hacıyevin, Qara Qarayevin, Tofiq Quliyevin yaradıcılığını, eləcə də Qliyerin əsərlərində orientalizmin və sair mövzuların araşdırılmasına həsr olunmuş monoqrafiyaların müəllifi XX əsr musiqişünaslığında xüsusi yeri olan alim Nailə Mehdiyevaya (müəllif Cəmilə Həsənova) həsr olunub.

 

Müəllimlik ilə elmi tədqiqat sahələrini bir-biri ilə üzvi surətdə həmahəngləşdirən Solmaz Qasımovanın (müəllif Zemfira Abdullayeva) da yaradıcılığı tədqiqat obyektinə çevrilib. Yaradıcılığının əsas hissəsini Üzeyir Hacıbəylinin əsərlərinin tədqiqinə həsr edən musiqişünaslardan biri də Elmira Abbasovadır (müəllif Nigar Əliyeva). Onun "Üzeyir Hacıbəyov", "Üzeyir Hacıbəyovun operası "Leyli və Məcnun", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası" monoqrafiyaları ilə yanaşı, "Səid Rüstəmov", "Qurban Primov" və digər əsərləri musiqi mədəniyyətimizin parlaq səhifələrini təşkil edir.

 

Milli musiqişünaslıq elminin inkişafında əvəzsiz xidmət göstərən Ramiz Zöhrabovun və Elxan Babayevin də yaradıcılığı diqqət mərkəzində olub. Tanınmış musiqişünas-alim, Xalq artisti, sənətşünaslıq doktoru Ramiz Zöhrabovun (müəllif Leyla Zöhrabova) yaradıcılığı əsasən muğamşünaslıq elminin inkişafına onun müxtəlif növlərinin tədqiqinə həsr olunub. Lakin bununla yanaşı, biz onun həm bəstəkarlarımız haqqında, həm də musiqi həyatında baş verən hadisələri işıqlandıran yazıları ilə tanışıq. Sənətşünaslıq doktoru, professor Elxan Babayevin (müəllif Aynur Elxanqızı) Azərbaycan muğamlarının intonasiya və ritmintonasiya problemlərinə həsr olunmuş kitabları bu gün də öz aktuallığını qoruyaraq, Azərbaycan muğamını tədqiq edən bir çox musiqişünasların elmi əsərlərində istifadə olunur.

 

Pedaqoji fəaliyyəti, eləcə də nəzəri musiqişünaslığı inkişaf etdirən zəngin yaradıcılıq səhifələrini işıqlandırmış alimlər içərisində Gövhər Hüseynova (müəllif Elnarə Dadaşova) və Şəhla Mahmudova (müəllif İradə Köçərli) xüsusi yer tutur.

 

Nəşr olunan nümunələr içərisində biz bu gün öz parlaq yaradıcılığı ilə musiqişünaslığımızın zəngin səhifələrini davam etdirən alimlərə həsr olunmuş əsərləri göstərməliyik. Bunlar içərisində musiqişünas Tamilla Hüseynovanın (müəllif Sevda Hüseynova), Tahirə Yaqubovanın (müəllif Fəttah Xalıqzadə), Tariyel Məmmədovun (müəllif İnna Pazıçeva), Həcər Babayevanın (müəllif Səadət Təhmirazqızı), Ülviyyə İmanovanın (müəllif Kəmalə Ələsgərli) adları qeyd olunmalıdır.

 

2020-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının nəşr etdirdiyi işlərdən biri də "Tofiq Bakıxanovun baletləri" adlı kitabıdır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədovanın tərtibatçılığına əsaslanan kitabda görkəmli bəstəkar, Xalq artisti T.Bakıxanovun balet yaradıcılığını əhatə edən məqalələr, baletlər haqqında tədqiqatçıların yazısı, görkəmli şəxsiyyətlərin onun haqqında dedikləri yüksək fikirlər, baletlərinə aid fotoşəkillər öz əksini tapır.

 

Gördüyümüz kimi, haqqında söz açdığımız bəstəkar və musiqişünasların yaradıcılığını əhatə edən kitablar bu musiqi xadimlərinin həm həyat səhifələrinin əsas tarixlərini, həm də yaradıcılığı boyu yazdığı əsərləri, əldə etdiyi nailiyyətləri təqdim etməklə yanaşı, onların yazılı şəkildə uzun illər saxlanılmasına, gələcək nəslə ötürülməsi, eləcə də digər musiqişünaslar tərəfindən tədqiq olunması üçün əsas mənbə, əyani vəsait və stolüstü əsərlərdir. Bu uğurlu işin ərsəyə gəlməsinə görə ilk növbədə müəllifləri təbrik edir, Firəngiz xanım Əlizadə başda olmaqla, Azərbaycan Bəstəkarlar İttifaqının bütün işçi heyətinə, kitabların redaktoru Zemfira Qafarovaya təşəkkürümüzü bildirərək, yeni uğurlar diləyirik.

 

Leyla ZÖHRABOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 10 fevral.- S.18.