Vətəninin adını söz-söz ucaldan yazıçı...

 

 

Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş aparat rəhbəri, tanınmış şair, yazıçı Əjdər Ol bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib.

 

Şair, yazıçı Əjdər Ol öz əsərləri ilə təkcə ölkəmizdə yox, dünyanın bir çox ölkələrində də yaxşı tanınır. Təsadüfi deyil ki, baş verən bu hadisədən sonra Azərbaycanın tanınmış qələm sahibləri ilə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində yaşayan və fəaliyyət göstərən bir çox nüfuzlu ədəbiyyat adamları da müxtəlif səviyyələrdə, o cümlədən, sosial şəbəkələrdə çıxış edərək bu hadisədən təəssüfləndiklərini, məsələnin tez bir zamanda müsbət həllinə inandıqlarını bildirdilər, tanınmış yazıçı haqqında öz fikirlərini bölüşdülər. Sosial şəbəkələrdə paylaşılan o fikirlərdən bəzilərini oxuculara təqdim edirik.

 

Yaqub Öməroğlu, şair, yazıçı (Türkiyə):

 

- Azərbaycan ədəbiyyatının sevilən qələm sabiblərindən, Türkiyədə bir çox kitab, ədəbiyyat həvəskarları tərəfindən zövqlə oxunan, Türk dünyasının dörd bir tərəfindən insanların qatıldığı Mahmud Kaşğari hekayə yarışmasında 2012-ci ildə birinci yerə layiq görülən dəyərli yazıçı və gözəl insan Əjdər Olun bir vaxtlar çalışdığı qurumda aparılan istintaq zamanı saxlanıldığını üzülərək öyrəndim. Anlaşılmazlıq olduğunu düşünür, məni, Əjdərin müəllif dostlarını və oxucularını dərindən kədərləndirən bu durumun ən qısa zamanda müsbət həllini tapacağına inanır və ədalətə güvənirik.

 

Orxan Aras, şair, yazıçı (Almaniya):

 

- Sizin aranızdan bəlkə də qaçdım,

Şərik yox dərdini bölən adama.

Bəlkə də dözməyib sirrimi açdım,

Özgə planetdən gələn adama.

 

Bu gün şair və yazıçı Əjdər Ol ilə bağlı oxuduğum bir xəbərdən çox üzüldüm. Onunla həm Azərbaycanda, həm də Almaniyada bir neçə dəfə görüşmüşük, müxtəlif mövzularda uzun-uzun söhbətlərimiz olub. Vətəninə bağlı, bir çox gözəl şeirlər müəllifi olan Əjdər bəy eyni zamanda, öz yazılarında yaşadağı dövrü və dövrünün insanlarını da ustalıqla, kameraman dəqiqliyi ilə təsvir etməyi bacaran bir qələm adamıdır. Mən onun qəzet və jurnallarda dərc olunan yazılarını, hekayə və şeirlərini həmişə maraqla oxumuşam. Ötən il kitab kimi çapdan çıxan "Lo" romanını da mənə göndərmişdi. Əjdər bəyin Azərbaycanın yaxın tarixinə işıq tutan bu romanı da mənim böyük marağıma səbəb olmuşdu.

 

Əjdər bəy mədəni, ədəbiyyata, incəsənətə bələd olan çoxyönümlü insandır. 2017-ci ildə o, Almaniyaya gəlmişdi. Biz onunla birlikdə Bonn şəhərində Bethovenin uşaqlıq illərini keçirdiyi evə getmiş, alman musiqi sənəti ilə bağlı söhbət etmişdik.

 

Türkiyə və Almaniyada bir çox əsərləri çıxan Əjdər bəy ilk baxışdan sərt təsir bağışlayan, amma uşaq kimi gözəl ürək sahibi olan yaradıcı bir insandır. İnanıram ki, o, qısa zamanda çox bağlı olduğu ailəsinə və bizim aramıza qoşulacaq.

 

İmdat Avşar, şair, yazıçı, tərcüməçi (Türkiyə):

 

- Əjdər Ol Vətəninə, onun insanlarına həsr etdiyi şeirləri, roman və hekayələri ilə Vətəninin - Azərbaycanın adını dünyada söz-söz ucaldan gözəl şair, yazıçı və ziyalıdır. Tək bircə "Ölmədim gününü gördüm, Azərbaycanım!" rədifli şeiri onun vətən sevgisiylə dolu, odlu ürəyindəki Azərbaycan sevdasının nə qədər böyük olduğunu göstərməyə yetər. Əjdər Ol ömrü boyu Azərbaycanımızın bayrağını hər zaman ucaltmağa çalışan, Türkiyə başda olmaqla dünyanın bir çox ölkələrində, o cümlədən, Rusiya, Almaniya, Kıbrıs, Ukrayna, Serbiya, Moldovada çap olunan əsərləri, kitabları ilə o bayrağı göylərə dalğalandıran bir Vətən oğludur.

 

Biz Türkiyədəki dostları olaraq Əjdər Ol ilə bağlı ortaya çıxan anlaşılmazlığın qısa zamanda müsbət həllini tapacağına ürəkdən inanır, onu tezliklə yenidən azadlıqda görmək istədiyimizi bildiririk.

 

İradə Tuncay, Əməkdar jurnalist:

 

- Həvəsim yoxdur uzun-uzadı danışmağa, amma... Amma yazıçını məmur kimi ləkələyəndə toy-bayram edən adamları da anlamıram. Əjdərin süfrəsində yemlənən adamları bəlkə, Ziyanın kabinetinin yaxınlığında görən olub? Adlar şərtidir, hər hansı bir oliqarx da ola bilərdi, məsələn. Nəsə deyəndə bir az insafla danışaq. İndi anlayırsız heç olmasa Stalinin dövründə niyə çox adam tutublar? Çünki kənardan ünvan göstərən çox olub... O vaxt kağıza yazırdılar, indi buralara...

 

Tofiq Hüseyn, şair:

 

- Əjdər Ol hamımızın xeyirxahı, gözəl qələm sahibi, söz ustasıdır. Eşitdiyimiz xəbər hamımızı üzür. Allah eləsin hər şey yalan olsun.

 

Tehran Əlişanoğlu, AMEA-nın müxbir üzvü:

 

- Çox imtahanlardan başı uca çıxmış Əjdər inşallah bu çətinliyi də dəf edəcək.

 

Balayar Sadiq, şair:

 

- Çox dəyərli sənətkar və xeyirxah ziyalıdır Əjdər Ol.

 

Narıngül Nadir, şair:

 

- Əjdər Ola görə çox pis oldum. Bu yaxınlarda xeyli söhbət etdik. Çox maraqlı adam, istedadlı yazıçıdır. Təki sonu yaxşı olsun.

 

Azər Abdulla, yazıçı:

 

- Bir neçə ədəbiyyat ödülü qazanmış görkəmli şairimiz Əjdər Olun tezlikdə azadlığa çıxacağına bərk inanıram.

 

Almaz Ərgünəş Bəyazit, yazıçı:

 

- İllər öncə "Ulduz" jurnalının redaksiyasında gördüm onu. Ələkbər Salahzadə məni ona təqdim etdi. Mənsə onu gözəl şair kimi tanıyırdım, artıq.

 

- Mən Almaz xanımı tanıyıram, hekayələrini oxuyuram, bəyənirəm - dedi.

 

İmzası şair kimi hamımıza doğmadır. Şairlər yadlaşmasın. Bu, çox ağrılıdır. Şairlər axına qoşulsa, dünya dağılar, necə ki, dağılır....

 

Tahir Talıblı, şair:

 

- Əjdər Ol təmənnasız adamdır.

 

Təranə Vahid, yazıçı:

 

- İnşallah bulanıq sular tezliklə durulacaq! Əjdər Ol Vətənini, xalqını çoxlarından qat-qat çox sevən ziyalıdır, gözəl qələm adamıdır. Allah yolunu açsın!

 

Azad Qaradərəli, yazıçı:

 

- Şair Əjdər Ol ilə həbs olunan günədək isti münasibətimiz olub. Heç olmasa iki aydan bir ya o, ya mən zəng edərdim. Hal-əhval tutardıq. Bu, pandemiyaya qədər beləydi. Pandemiyadan əvvəl isə həm zəngləşər, həm də oturub söhbət edər, çay içər, çörək kəsərdik. Baxmayaraq ki, dünya baxışımızda fərqliliklər vardı, onunla müsahib olmaq xoş idi. Əjdərlə ilk tanışlığımız mənim "Azadlıq" radiosunun hekayə müsabiqəsində mükafat almağımdan sonra dostlarla yüngülvari bir məclis qurduğumuz zaman baş tutdu. Məclisin lap sonuna gəlib çıxdı, yalnız çayla kifayətləndik. Sonra mənim kitabım AYB-nin hansı təşkilatlasa birgə keçirdiyi müsabiqədə "onluğ"a düşdüyü vaxt Əjdər Ol gözləmədiyim halda televiziya verilişlərinin birində kitabımı elə təriflədi ki (səhv etmirəmsə, o, münsiflərdən idi), buna özüm də inanmadım. Mən kitabımı məlum səbəblərdən müsabiqədən geri çəkəndə də çox təəssüflənmişdi. Hətta kitabımdan bir dəst alıb gənc oxuculara da paylamış, bir növ məni təbliğ etmişdi. Və bir gün Əjdər bəy zəng edib, baş redaktoru olduğum "Yazı" dərgisi haqqında xoş münasibətini bildirdi. Sonralarsa hər iki nömrədən bir jurnalın nəşrinə dəstək oldu. Təkidimə baxmayaraq, yazılarını dərgiyə vermirdi. Yalnız bircə dəfə şeirlərini, lap sonralarsa bir pyesini çap etmişdik. Əjdər əsl ədəbiyyat adamıdır. Dediyim kimi, baxışlarımızdakı fərqliliklərə baxmayaraq, o, mənimlə söhbətdən, əsərlərim haqqında fikir söyləməkdən çəkinməzdi. Hətta 60 illiyim olanda çapa hazırlanan xüsusi buraxılış üçün ürəkdən gələn bir yazı da yazmışdı. Hansısa kitabımın təqdimatına Sabir Rüstəmxanlı ilə birgə gəlmiş, çıxış da etmişdi. Bir neçə xəstə yazıçının pensiya təminatı, yaxud müalicəsi ilə bağlı ona ağız açmışam. Adamın üstündə Allah var, təmənnasız köməklik göstərib (Başa düşürəm ki, bu, belə olmamalıdır. Normal ölkələrdə belə şeylər olmur. Amma neyləyək ki, bizim həyat tərzimiz hələlik bunlarsız mümkünsüzdür). AYB-yə münasibət və bu kimi bəzi qəliz məsələlərdə mübahisəmiz də olub. Amma bu mübahisə şəxsi müstəviyə çıxmayıb. Mən Əjdər Olun şeirləri ilə tanışam. İstedadlı bir adamdır. Xatirə janrında yazılmış romanını da oxumuşam. Elə bilirəm ki, bu sahədə də onun gördüyü iş maraq kəsb edir. Yazıçılar haqqında portret oçerkləri də bu qəbildəndir. İlk dəfədir ki, Əjdər Ol haqqında yazı yazıram. Açığını deyim, bu yazım onun azad olunmasına çağırış-filan deyil. Ondan ki, adam bu dövlətin müdafiəsi üçün əlindən gələni edib. Əgər günahı yoxdursa, tezliklə azad olunacağına inanıram. Allah qapısını açsın!

 

Helena Karetina, tərcüməçi (Polşa):

 

- Əjdər Olun polyak dilinə çevirdiyim "Qrafoman" hekayəsi bu müəllifin ilk oxuduğum əsəriydi. Məşhur rus yazıçısı Anton Çexov əsərlərində "balaca adam" anlayışı yaradıb. "Balaca adam" - milyonlardan biri, digərlərdən seçilməyən, axınla gedən, həyatını sanki əvvəlcədən hazırlanmış şablonla yaşayan insan deməkdir. Hekayə-portret janrında yazılmış əsərində isə Əjdər Ol böyük ustalıqla və təkrarolunmaz yumor duyğusu ilə "balaca yazarın" surətini yaradıb.

 

Agnieszka Raczka, redaktor (Polşa):

 

- Əjdər Olun hekayələr toplusu polyak oxucularını Azərbaycan nəsri ilə tanışlığı üçün əla fürsətdir. Qorxmadan demək olar ki, müəllif Azərbaycan ruhunu tam anlayır. Başqa mədəniyyətlə maraqlanan oxucular üçün burada bir çox anlar var. Məncə, bu kitabın mütaliəsi müstəsna maraqlı təcrübə olacaq.

 

Nicolae Spetaru, yazıçı (Moldova):

 

- Bu günlərdə Əjdər Olun bir neçə il əvvəl ən böyük məmnuniyyətlə tərcümə etdiyim "Hərbi səhra komandirinin meymunu" kitabına gözüm sataşdı. Azərbaycan yazıçısının nəsri real həyatdan ilham aldığına görə məzəli insanlar və yaşadıqları vəziyyətlərdən bəhs edir. Zərif zarafat, istehza və inandırıcı obrazlar bizə dəyərli bir müəllif haqqında danışır. Bir yazısında Grigore Chiper qeyd edir ki, Əjdər Olun nəsrindəki bütün elementlər ahəngdar bir dəstə içindədir, diqqətlə və ilhamla seçilən detallar mətn parçasındakı çox ehtiyac duyulan qabırğalardır. Yadda qalan mövzunun ustalıqla işlənmiş detalları son əsəri son dərəcə kinematoqrafik edir. Əjdər Ol, mütəxəssisdən iddiasız oxucuya qədər hamının oxumalı olduğu (yaxud buna layiq olan) bir yazardır.

 

Ağalar Bayramov, Əməkdar artist:

 

Əjdər Ol.

 

525-ci qəzet.- 2021.- 12 fevral.- S.12