"50 il səslə oxuya bilmədiyimi sözlə canımdan çıxarmışam" - Seyran Səxavət-75

 

 

SEYRAN SƏXAVƏT: "MƏN ÖZ KƏNDİMİN, TORPAĞIMIN, QARABAĞIMIN QARŞISINDA GÜNAHKARAM..."

 

Şair və yazıçıların iç dünyası ilə tanış olmaq oxucu üçün çox maraqlıdır. Düzdür, onların əsərlərində daxili aləmlərinə qismən səyahət etmək olur. Amma bizim dərk elədiyimiz onun bir neçə faizidir.

 

Qələm adamının ürəyi min bir hadisə ilə, xatirə ilə dolu olur və qeyri şəxsdən yazıçını fərqləndirən amil odur ki, o, bu hadisələrə, xatirələrə xüsusi yanaşmağı bacarır.

 

Çox zaman jurnalistlər müsahibə götürəndə yazıçının ədəbiyyata gəlişi, təxəllüsü barədə suallar verirlər və "necə oldu ki, şeir yazdız və ilk şeiriniz hansı idi" kimi şablonlardan oxucular da bezib, sual ünvanlanan şair-yazıçılar da.

 

Mənim bugünkü müsahibim yazıçı, şair, tərcüməçi Seyran Səxavətdir. Seyran Səxavətdən bu günə qədər silsilə müsahibələr alınıb, haqqında çox yazılıb. Mən isə istədim ki, Seyran Səxavətin musiqi aşiqliyi haqqında onunla həmsöhbət olum.

 

***

 

- Desək ki bütün qarabağlılar muğam aşiqidir, yanılarıq. Düzdür, əksəriyyətinin həm səsi olub, həm də muğam ifaçılarına çox böyük pərəstiş ediblər. Kimisi qədim vallardan dinləyərək riqqətə gəlib, kimisi qonşusunda tar çalan, kamança çalan, oxuyan varsa, onu dinləyərək sevib, kimisi isə keçmiş mağar toylarında səslənən muğamları ruhuna yaxın bilib. Seyran Səxavətin musiqi aşiqliyi hardan qaynaqlanıb?

 

- Mən onu konkret xatırlayıram. Bizim kəndimiz böyük kənddir və 7 obadan ibarətdir. Mən Koxalı kəndinin Muradxanlı tayfasındanam. Bu saat Muradxanlı böyük tayfadı, min nəfərdən yuxarıdı və onların mininin də səsi var. Özü də elə yerdəydilər ki, kəndin çox hissəsi dərə tərəfdə idi, bizimkilər isə dağın döşündə. Bu da bunların bir seçimidir də, bu da bir göstəricidir, zövqdür. Təbii ki, biz hamımız xanəndə ola bilməzdik ki. Bizdə müxtəlif sənət sahibləri var. Dövlət adamları da var idi həmin o Muradxanlı tayfasında. Cəmisi bir xanəndəmiz var idi - Muradov Əvəz, Bahar Muradovanın atası. Möhkəm, güclü səsi vardı. Yəni, gözümü açandan Əvəz əminin səsini eşitmişəm. Anam şəhər qızı idi, yəni Füzulinin mərkəzindən. Bir az böyüyəndən sonra nənəmgilə gəlib-getməyə başladım, ayaq açdım. Nəinki mən, bütün Füzuli camaatı, xüsusən şəhərdəkilər, hətta kənddəkilər də Ağabala Abdullayevin "Zabul Segah"ı üstündə doğulub, boya-başa çatıb, yaşayıb, lap dünyasını dəyişənlər də var. Onlar da böyük ailə idilər, mənim onlarla qohumluğum var idi, mamamın əri idi. Qarabağlılar bibiyə mama deyirlər. Onların hamısı istedadlı idilər. Mamam qızı Aidə Abdullayevanın indi də Qızıl Fondda ifası qalır. Qəmbər Hüseynlinin "Ay işığında" mahnısını oxuyub. Sonra onun böyük oğlu Zöhrab Abdullayev. 60 il bundan qabaq o, "Olmaz-olmaz" mahnısını yazıb, hələ də oxuyurlar. Sonra Əməkdar artist Nizami Abdullayev. Möhtəşəm, hikkəli, bal kimi bir oxuyandır. Sonra Nizaminin oğlanları Zöhrab Abdullayev, Ağabala Abdullayev. Ağabala Müdafiə Nazirliyinin musiqi kollektivində çalışıb. Yəni, mühitimiz belə olub. Sonra anamın dayıları tarçalan olublar - Cəlal və Bilal. Cəlal dayı ancaq tarla məşğul idi, Bilal dayı həm rus dili müəllimi idi, həm də gözəl barmaqları var idi. Cəlal dayımın dediyinə görə, nəhəng Yaqub Məmmədovu ilk dəfə o müşayiət edib. Füzulidə günorta görürdün ki, hər uşağın əlində tar musiqi məktəbindən gəlirdilər, bəziləri çalırdı, bəziləri də oxuya-oxuya küçə ilə gəlirdilər. Yəni Qarabağ beləydi də. Mənim atamın da Muradxanlı olduğuna görə gözəl səsi olub. Mənim özümün də yaxşı səsim olub, "Şahnaz"ı öz yerində oxumuşam. Xan əmi oxuyurdu ha...( bir ağız zümzümə edir). Yəni, mənim mühitim musiqi mühiti olub.

 

- Ağabala Abdullayevə heyranlığınız məlumdur. Onun "Zabul Segah"ında nə var idi ki, hamıdan fərqləndirirdi? Ağabala Abdullayevi necə xatırlayırsız?

 

-Onun "Zabul Segah"ı möhtəşəmdir, təkrarsızdır. Ağabala Abdullayev nəhəng bir kişi idi, boy-buxundan da yaxşı idi. Çox ciddi adam idi. Füzulidə klubun həyətinə yığışardılar, elita, yaşı keçənlər də, orta yaşlılar da. Orada böyük Çinar ağacı var idi. Ağacın budaqlarının üstündə çayxana və yeməkxana var idi. Hacı Mail "Mailin ünvanı Vətəndir" qəzəlini avtobus şoferi ilə Ağabala Abdullayevə göndərmişdi və ilk dəfə onu Ağabala oxuyub. Seyid Şuşinski Füzuliyə gələndə həmişə Ağabalagilə qonaq gələrdi. Hətta bir xatirə danışım sənə, mən bunu "Bəhanə" romanında yazmışam. Günlərin bir günündə uşaqlıq dostum Zeynal qaça-qaça gəldi ki, ayə, gəl gedək, Seyid Ağabala dayımgilə qonaq gəlib. Qaçdıq, gedib gördük ki, iki nəhəng oturub, pencəklərini də atıblar çiyinlərinə. Ağabala dayının evinin yuxarısı da kolxoz həyəti idi. Bunlar da ordan-burdan söhbət edirdilər. Dünyanın ən zəhmətkeş heyvanlarından biri uzunqulaqdır. Kolxozun həyətində eşşək nətər anqırdısa, bunlar söhbətlərini kəsdilər. Seyid yerində yelləndi, yelləndi, dedi ki, "Ağabala, maşallah, heyvanda səsə baxeee..." Seyid Şuşinski Horadiz kəndinə bitişik Dördçinar kəndindəndir. Mənim nənəm oralı idi. Hardasa, bizim qohumluğumuz da var idi.

 

-Seyran müəllim, bir dəfə demisiz ki, bu şair tayfasına qoşulmasaydım, Xalq artisti olardım, əlim də pulla oynayardı. Necə oldu ki, o cür səs ola-ola xanəndəlikdən yayındınız, yazmağı seçdiniz?

 

- Mən orta məktəbdə oxuyanda tədbirlər keçirilirdi, həmin tədbirlərdə oxuyurdum. Hətta yadımdadır, bir dəfə "Olmaz-olmaz" mahnısını oxumuşdum. Ortada da "Segah" üstündə sevgidən bir-iki beyt qəzəl də oxumuşdum. Müəllimin də acığı tutmuşdu ki, sovet pioneri sevgidən oxuya bilməz, bu, tərbiyəsizlik sayılırdı. Mən o sözü zarafatca demişəm əslində. Demişdim ki, gəldim qoşuldum Səyavuş Sərxanlıya, Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə, yoxsa indi Xalq artisti idim. O mənlik deyil. Həm də bizim tayfadan biri çıxmışdı da. Əvəz əmi oxuyurdu, həm də möhtəşəm oxuyurdu.

 

- O vaxtın mağar toylarını necə xatırlayırsız?

 

-Qarabağda toy 2 gün gedirdi. Məsələn, bu gün günortadan sonra gəlirdilər, toy başlayırdı, bir də sabah gecənin yarısınacan. Deməli, bizim Yağlıvənd kəndində nə təhər idi: zurnaçalan Həsənqulu var idi bizim kənddə, çıxırdı Qara Quzeyin təpəsinə, orada qara zurnanı çalırdı, bütün kənd eşidirdi. Hamı bilirdi ki, toy var, amma kimin toyudu? Biri deyirdi ki, Əsgərin oğlunun toyudur. Vəssalam, day dəvət yoxdur, hamı gəlirdi toya. Birinci gün zurna-qavalla, nağarayla zadla yola verirdilər. İkinci gün hardasa günortadan sonra tar-kaman, xanəndə gəlirdi. Mağar qurulurdu, o vaxtı bizim kənddə gender bərabərliyi zadı hərləyən yox idi. Qadınlar yerdən sərilmiş xalçaların üstündə otururdular, kişilər də kubik daşı qoyurdular, üstünə taxta qoyurdular, onun da üstünəxalça-döşəkçə salıb otururdular. Axşam vaxtı aktivlər - kolxoz sədri, baş mühasib, ferma müdiri, briqadirlər gəlirdilər. Həmin vaxtı tar, kaman, xanəndə də gəlib yerin tuturdu. Toyun qaymaq yeri başlayırdı. Sonra gəlini gətirəndə atla gətirirdilər, atəşfəşanlıq olurdu, indiki kimi yoxe, qoşalülələrlə göyə atəş açılırdı. Bizim rayonda toya pul atmaq zad yox idi, elə yeyib içib kef eləyirdilər. Bizim kənddə toyları Əvəz əmi, Ağabala Abdullayev, Qacar kəndində Qəjər Əhməd, Veysəlli kəndindən Cəmil aparırdı. Cəmil həm tar çalırdı, həm də oxuyurdu.

 

- Seyran müəllim, xanəndə Süleyman Abdullayevə həsr olunan "Bəhanə" romanı hansı zərurətdən yarandı?

 

- Dədə Süleyman çox nəhəng oxuyandı və Dədə Süleyman çox nəhəng oxuyan olduğu qədər də öz səsinə, istedadına çox cılızcasına, məsuliyyətsiz yanaşan bir xanəndəmizdir. Özü də onu bilir və onun o xasiyyətindən çox acığım gəlir. Mən bir dəfə onun bir lent yazısına qulaq asdım, İlahi! Xarrat Quludan üzü bəri, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Segah İslam, Məşədi Məhəmməd Fərzəliyev, Xan Şuşinski, Seyid Şuşinski və kimlər, kimlər. Bunlar hamısı nəhənglərdir, böyük istedadlardı. "Xaric Segah" yerində "Sarənc" oxumaq qeyri-mümkündü. Dədə Süleyman məhz "Xaric Segah" yerində "Sarənc" oxuyub. Onu kim ondan başqa oxuya bilərdi? Amma o cür adam özünə qarşı son dərəcə etinasız yanaşdı. Dədə Süleyman əslində bəhanədir. Bu, İslama da, Ağabala Abdullayevə də həsr oluna bilərdi. Görükür, bəlkə də mən oxuya bilərdim, oxuyan olardım, 40-50 il səslə oxuya bilmədiyimi sözlə canımdan çıxarmışam. Özü də romanın ilk cümləsi belə başlayır: "Bakıda nə Seyid Şuşinskinin, nə də Xan Şuşinskinin xəbəri yox idi ki, Qoçəhmədli Cümşüdün arvadı doğub". Yəni, Süleyman doğulub. Süleyman haqqında roman yazılan ilk xanəndədir. Mənim bundan əlavə, Yaqub Məmmədova həsr etdiyim "Mənsuriyyə zirvəsi", "Qədir Rüstəmovla Ağdamda atüstü söhbət", Ağabala Abdullayev haqqında neçə-neçə məqaləm çap olunub.

 

- Muğamların ab-havası müxtəlifdi. Məsələn, "Bayatı-Şiraz" düşündürür, "Heyratı" insanı heyrətə gətirir. Baxın, sizin ruhunuza yaxın muğam hansıdır?

 

- Həm mənim, həm də yəqin ki, bütün qarabağlıların ən sevdiyi muğam "Segah"dır. O vaxt Xan əmi İrana gedəndə Üzeyir bəyin yanına məsləhətə gəlir. İranda da çox möhtəşəm oxuyanlar olub. Xan əmi də bunu yaxşı bilirdi. Xan əmi deyir ki, biz onların yanında nə oxuyaq axı? Üzeyir bəy deyir ki, Xan, onlar muğamları əla bilir. Amma bizim "Segah" onların 7 qatından keçir. Onlar "Segah"ı bizim kimi oxuya bilməz, orda "Segah" oxuyarsan". Üzeyir bəyin, əjdahanın, nəhəngin məsləhətidi bu! Bir neçə cür "Segah" var. Amma ən çox sevmişəm Ağabala Abdullayevin "Zabul Segah"ını. Bir də Yaqub Məmmədovun ifasında "Mirzə Hüseyn Segahı" çox sevirəm. Orada "Mübərriqə" deyilən yer var. Yaqub Məmmədov orada elə bir şey eləyib ki, onu nə Seyid eləyib, nə Xan eləyib, nə Xarrat Qulu eləyib - heç kəs. O demək deyil ki, onlar Yaqubdan kəmdilər. Xeyr, sadəcə o duyğu Yaquba gəlib də. Tez-tez o "Mirzə Hüseyn Segahı"na qulaq asıram.

 

- Seyran müəllim, ömrünüzün 75-ci baharının astanasındasız. Mənə elə gəlir ki, bu yubileyinizə ən böyük hədiyyə Füzulinin işğaldan qurtuluşu oldu. Seyran Səxavət oralara getməyi necə təsəvvür edir? Yenidən o yerləri gəzməyə ürək edəcəkmi?

 

- Bilirsən, bu, bir az abır-həya əxlaqından doğan bir şeydir. Mən bir dəfə atamın sözündən çıxmışdım. Düz 1 il Füzuliyə gedə bilmədim, atamın qabağında günahım vardı. Sonra dostlarımı yığdım, onlarla getdim. Bildim ki, atam dostlarımın yanında məni pərt eləməz. İndi mən öz kəndimin, öz şəhərimin, öz torpağımın, öz Qarabağımın qarşısında günahkaram. Mən öz kəndimə gərək dostlarımla gedəm ki, mənə deməsin: "Əəə, qırışmal, hardaydın indiyənə qədər?" İnan ki, dəhşətli bir şeydi, mən ürək eləmərəm tək getməyə. Tək getsəm, ağzına gələni mənə deyə bilər, bəlkə də haqqı var. Amma dostlarımla getsəm, 100 faiz necə ki, atam pərt eləmədi, kəndim də pərt eləməz. Özü də bizim kənddən sonra Qacar kəndidi. Qacar kəndində 45 kilometr dik qalxırsan, Molla Nəsrəddin yolu, Şuşadır. Çay, dağ yolu, meşə, cırcıramalar adamı Şuşaya qədər müşayiət eləyir. Şuşaya çatan kimi cırcıramalar orada geri çəkilir. Bilir ki, orada elə oxuyanlar ki, cırcıramalıq deyil, ona görə səsləri kəsilir.

 

Nadir RZALI

525-ci qazet.- 2021.- 13 fevral.- S.14,15