Axmaqlıqdan qaçış

 

Bir atalar misalı var: "Əhməq (axmaq) adamdan qaç".

 

Bu sözə, əslində sözün bu şəkildə deyilişinə böyük rus maarifçi-pedaqoqu Aleksey Osinoviç Çernyayevskinin xalqımızdan eşidib Qori seminariyasında oxuyan azərbaycanlı balaları üçün hazırladığı "Vətən dili" kitabında rast gəlmişəm.

 

Bununla da, o, axmaq adamın (axmaqlığın) ən böyük bəlalardan biri olduğu barədə bəri başdan öz şagirdlərini (gələcək müəllimləri) xəbərdar etmək istəmişdi.

 

***

 

Keçmişlərdə hind müdriklərinin

 

insanlara etdiyi tövsiyələrdən biri beləydi: "Əgər müdriksənsə, dövlətinin, hökmdarın, uşağın, qocanın, arvadın, axmağın müəlliminin əleyhinə getmə!"

 

Göründüyü kimi, axmaqla da ehtiyatlı olmaq vacib bilinmişdi.

 

Niyə bilinməyəydi ki?!

 

"Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əlilə ölür, öldürülürlər" (V.Şekspir).

 

***

 

"Axmaqları təhqir etməyin!" - Puşkin belə deyirdi.

 

Lakin öz dediyinə özü əməl edə bilmədi, bir axmağın əlində öldürüldü.

 

***

 

"Kəs səsini, axmağın biri axmaq! Sənin ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən?!"

 

Bu qəzəbli cümlələr kino həvəskarlarına yaxşı tanışdır. "O olmasın, bu olsun" filmində hasardan Rüstəm bəyin həyətinə boylanan Məşədi İbadın Sərvərə "hərbə-zorba" gəldiyi epizoddandır. Gənc qızla evlənmək istəyən qoca tacir öz axmaqlığının qurbanına çevrilmişdi. Divara dırmaşıb Sərvəri "asıb-kəsəndə" biabırçı halda yıxılıb gülünc olmuşdu.

 

Yəqin ki, Nəcib Fazil Qısakürək axmaqlardan bu gülünc vəziyyətlərinə görə ehtiyat edir, onlardan hər əməl gözləməyin mümkün olduğunu bildiyi üçün deyirdi:

 

Bir şey bəkləməyin, qaçın axmaqdan,

 

Qorxun əziz fikri yerə atmaqdan!

 

Məşhur alim Albert Eynşteynə görə, bəlkə , hər şeyin bir sonu vardı, ikisindən başqa: "İki sonsuz şey var: kainat axmaqlıq!"

 

İmam Qəzalinin oğluna verdiyi məsləhətlərdən biri bu olub ki, "Əgər kiminsə qəlb xəstəliyinin səbəbi axmaqlıqdırsa, bunu sağaltmaq mümkün olmaz".

 

***

 

Oljas Süleymanov axmaqların xislətini belə xarakterizə etmişdir:

 

Onlara xoş gəlir istedadsızlıq,

 

Axmaqlar həmişə şər yanındadır!

 

Xaqani axmaqlardan qaçmağı, onlardan uzaqda durmağı tövsiyə edirdi.

 

"Günəşə xitab" şeirində hətta günəşdən incidiyini söyləyir, yazırdı ki, "Neçin yar olursan axmaqlara sən?!"

 

Günəşin axmaqlara öz işığını salmamasını istəyirdi!

 

***

 

Axmaqla gərək onun özünə xas şəkildə hərəkət edəsən.

 

Höte bir dəfə şəhərkənarı meşədə, şeirinə pis rəy yazdığı cavan şairlə qarşılaşır.

 

O, Hötenin yolunu kəsir "Mən axmaqlara yol vermirəm" dedikdə, müdrik şair şlyapasını çıxarır, yoldan çəkilir baş əyərək deyir:

 

"Mən isə axmaqlara yol verirəm".

 

***

 

Adamları, xüsusilə axmaqları "dişinə vurduqca" deyirsən, ay aman, dünyada qədər axmaq varmış...

 

Axmağın öz axmaqlığını başa düşəcəyini düşünməyin özü , sən demə, bir axmaqlıqmış!

 

Dağıstan şairi Rəsul Həmzətova görə isə hər aulda mütləq bir axmaq olur. "Yaxşı ki, biri olur. Vay o günə ki, axmaq çox ola. Axmaqsız aul da bir aul deyil, elə bil ki, nəsə çatışmır. Axmaqlar bir-birini gözəl tanıyır, hətta bir-birinə tez-tez qonaq da gedirlər. Bu adət üzrə, günlərin birində Xunzax aulundan olan axmağın yanına Qortagöl aulundan bir axmaq gəlmişdi.

 

- Salam əleykum, axmaq!

 

- Əleykum salam, axmaq!

 

Sonra özlərini iki qonaq kimi apardılar. Sobanın yanında oturub yeyib, içdilər. Qortagöldən gələn axmaq üçüncü günü getməyə hazırlaşırdı. Ev yiyəsi olan axmaq onu ədəb-ərkanla hədiyyə ilə yola salırdı. Aulun kənarında vidalaşırdılar.

 

Bütün qonaqpərvərlik adətləri gözlənilmişdi. Elə ki, qonaq artıq qonaqlıqdan çıxdı, onunla istədiyin kimi danışa bilərsən. Çünki daha sənin qonağın deyil. Buna görə , Xunzaxlı axmaq atılıb yapışdı qortagöllü axmağın yaxasından başladı əzişdirməyə.

 

Qonaq axmaq soruşdu:

 

- Məni niyə döyürsən?

 

Yerli axmaq dedi:

 

- Mənə qonaq gəlmə! Bilmirsənmi ki, bu aula bircə axmaq bəsdir?!" ("Mənim Dağıstanım" kitabından, səh.135-136.)

 

Çox güman ki, bir axmağın verdiyi bu cavabdan sonra belə demək olar: "Bir aulda yüz aqil azdır, bir axmaqsa çoxdur".

 

***

 

Vasili Şukşinin maraqlı bir hekayəsi var: "Dan üzü yağan yağış". Həmin hekayədə axmağın xarakteri belə açılır. Qolçomaq olmuş Kiril adlı birisi, axır ki, bir gün sürgündən geri qayıdır. Eşidir ki, onu sürgünə göndərən Yefim adlı köhnə çekist xəstəxanada ağır, ölümcül vəziyyətdə yatır. Guya onu yoluxmaq üçün yanına gedir. Onların arasındakı dialoq çox qəribə bir sonluqla yekunlaşır.

 

Yefim soruşur:

 

"- Səni maraqlandıran nədir?

 

- İstəyirəm biləm, həyatda sən nəyə nail olmusan? Məsələn, mən istədim ki, varlı olum, bəs sən?

 

- Axmaqların sayı az olsun! Bax, buna nail olmuşam...

 

- Tfu! - Kirka tənbəki kisəsini çıxartdı, - mən soruşuram, bu cavab verir".

 

Kirkanın bu sözlərindən belə məlum olur ki, faciə ölümcül xəstə olmaq deyilmiş.

 

Faciə axmaqlıqmış, axmaq olaraq qalmaqmış...

 

Bir ki, Yefimə doğrudanmı elə gəlirdi, axmaqların sayını azaltmaq mümkündür?!

 

***

 

Axmaq adamlardan qaçmayıb da neynəyəsən?

 

İlandan, çayandan, itdən, qurddan qaçmaq bəlkə o qədər çətin deyilmiş.

 

Çətini axmaqdan (axmaqlıqdan) qaçmaqmış.

 

***

 

İsa peyğəmbər öz qəti qənaətini insanlarla belə bölüşürdü: "Mən həqiqətən ölüləri dirildirəm, səfehləri (axmaqları) isə müalicə edə bilmirəm".

 

... Bir gün İsa peyğəmbər qaçırdı.

 

Soruşdular ki, ya peyğəmbər, hamı sənin yanına qaçır, bəs sən hara qaçırsan belə?!

 

Dedi: - Siz qaçın! Arxadan axmaq gəlir. Ona görə qaçıram!

 

Aman Allah!

 

Min illərdi ki, İnsan (İsa) qaçır. Çünki arxasından axmaqdı gələn!

 

Görəsən, İnsan vaxt dönüb arxasına baxanda, axır ki, arxasından axmaq yox, İnsan gəldiyini görəcək?!

 

Barat Vüsaldan

525-ci qazet.- 2021.- 13 fevral.- S.23.