Dünya kinosunun Azərbaycan səhifəsi

 

Kino illüziya sənətidir. O dərəcədə illüziya sənətidir ki, bu illüziyanın təsir gücü təkcə kinozalın böyük ekranında film seyr edərkən deyil, teleekran vasitəsilə də (bu, hətta daha kiçik monitora da aid ola bilər) baş verə bilər, əlbəttə, bu zaman yeganə şərt illüziyanı yaradanın, yəni quruluşçu rejissorun öz yaratdığına inamının nə dərəcədə böyük olmasıdır.

 

Çoxlarımızın sevdiyi bir Azərbaycan ekran əsərinin qəhrəmanlarından birinin dediyi kimi, "...əsas odu ki, uydurduğun nağıla inanasan..." Onda tamaşaçı da ekranda gördüyünə inanacaq və zövqlü kinomanların sayı artacaq. "Uydurmaq" və "nağıl" kəlmələrinin görünməyən tərəfini görməyə çalışıb anlamaq çətin deyil ki, "nağıl" "nəql etmək" anlamına gəlirsə, deməli, "uydurmaq" heç də sırf təxəyyüldən, təsəvvürdən qaynaqlanan bir anlam deyil, sadəcə, gerçəkdən baş vermiş, hazırda yaşanan və ya baş verməsi mümkün olan hadisənin, situasiyanın, halın, yaşantının, təəssüratın yaradıcı insan tərəfindən yozumu, interpretasiyası, bir sözlə, qavrama tərzinin ifadəsidir. Teatrdan fərqli olaraq, film izləmək birtərəflidir, bu və ya digər filmin iştirakçıları, kinoobrazların ifaçıları olan aktyorlar bizi, yəni tamaşaçıları, daha doğrusu, tamaşaçıların reaksiyasını, duyma, dərketmə halını izləyə bilmirlər, tet-a-tet effekti yoxdur kinoda. Buna görə də, əlahəzrət kino digər, əlavə effektlərdən istifadə etməyə daha çox meyillidir. Amma ən əsas effekt əlbəttə ki, ssenari müəllifinin iti, analitik beyni, quruluşçu rejissorun sərrast, peşəkar gözləridir. Belə arsenala malik olan filmin quruluşçu operatorunun, quruluşçu rəssamının, bəstəkarının, aktyorlarının müvafiq, layiqli, arzuolunan, məqsədəuyğun səviyyədə olmaması mümkünsüzdür.

 

Bu yaxınlarda Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi olaraq çapdan çıxan "Azərbaycan kino sənəti tarixi" dördcildliyi yazıçı, publisist, ssenari müəllifi, kino tədqiqatçısı Nəriman Əbdülrəhmanlının üç on ilin müşahidələrini, təhlillərini, təəssüratlarını bir külliyyatda birləşdirən tədqiqat nümunəsidir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100, Azərbaycan kinosunun 120 illiyinə ithaf olunub. Əlbəttə, terminoloji leksika ilə yüklənib ağırlaşdırılmamış və ən əsası töhfə səviyyəsində qələmə alınmış hər bir əsər geniş oxucu dairəsini bir araya gətirmək iqtidarındadır.

 

"Azərbaycan kino sənəti tarixi" kino ilə bu və ya digər dərəcədə əlaqəli olan mətləblərin mənbəyi kimi də dəyərlidir. Azərbaycan kinosunun yarandığı ilk illərdən bu günədək keçdiyi və keçməkdə olduğu yolun hər cığırına bələdçilik edən bu tədqiqat işi müvafiq dövrlərə aid siyasi-ictimai, sosial-iqtisadi dəyişiklikləri də dolğun və lakonik tərzdə oxucunun diqqətinə çatdırır. Bu xüsusən SSRİ-nin dağıldığı və bu hadisənin təsəvvür edilməsi çətin olmayan hansı dəyişikliklərlə, çətinliklərlə müşayiət olunmasına, bütün bu kataklizmlərin fonunda müstəqil Azərbaycan Respublikasının ikinci doğuluşuna aiddir.

 

Ensiklopediya. "Azərbaycan kino sənəti tarixi"ni bir kəlmə ilə bu cür də səciyyələndirmək olar. Professor Rəhman Bədəlovun kinonun milli mədəniyyətin ayaqda qalmasından ötrü nə qədər önəm kəsb edən mədəniyyət təzahürlərindən biri olmasına aid epiqrafı ilə başlayan monoqrafiya layihənin rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nəriman Əbdülrəhmanlının bu fundamental işi haqqında yüksək fikirləri, daha sonra Həsən bəy Zərdabinin 1899-cu ilə, yəni Azərbaycana kinonun gəlişinin birinci ildönümünə aid təəssürat-tövsiyəsi və nəhayət, müəllifin oxucularına müraciəti, dördcildliyin ərsəyə gəlmə tarixçəsi ilə başlayır. Daha sonra nəşrdəki qısaldılmış sözlərin izahı və hətta ayrıca olaraq Bakı küçələrinin köhnə və yeni adları verilir. Sonuncu məlumatın müasir oxucu üçün necə maraqlı və dəyərli olduğunu vurğulamağa ehtiyac yoxdur.

 

 

Çoxlu sayda arxiv mənbələrinə, keçmiş illərin qəzet və jurnallarına, müxtəlif kino xadimlərinin qeydlərinə istinadən yazılı və fotofaktlar, tarixçələr silsiləsi olan kitab təhkiyə tərzinə görə də diqqətçəkəndir; belə ki, Kino adlı planetin peykləri, başqa sözlə, kinematoqrafçıların sənət hekayətləri ilə zəngin olan kitab belə səhifələri ilə sanki ssenari müəlliflərinə ipucu vermiş olur. Çünki o hekayətləri tam əminliklə kino tarixinə aid maraqlı bir filmin gələcək ssenarisinin ilkin cizgiləri kimi nəzərdən keçirmək olar. Məsələn, 1939-cu ildə Bakı kinostudiyasındakı vəziyyətlə tanış olmaqdan ötrü Moskvadan gəlmiş SSRİ XKS yanında KİK-nin böyük redaktoru A.Mitriç hazırladığı, AK(b)P MK katibi T.Yaqubova ünvanlanmış sənəddə Bakı kinostudiyasına rəhbərlik edən Əsriyevin (Əsriyanın) yarıtmaz fəaliyyətindən bəhs etməsi, qeyri-azərbaycanlı üç nəfər müəlliflə gərəksiz ssenari səbəbində müqavilə bağlandığını, milli müəlliflərlə ciddi məsləhət işi aparılmadığını, Azərbaycan yazıçılarının milli kinematoqrafiyanın inkişafı işinə cəlb olunması kimi önəmli işlə heç kimin məşğul olmadığını və sairə önəmliyi diqqətdən kənarda qalan problemlərdən bəhs edir. Və bu çox maraqlı kinosüjet kimi nəzərdən keçirilə bilər - heç kimə sirr deyil ki, yaxşı kinonun ilkin və mütləq şərti yaxşı ssenaridir. Teatrda bir az başqa cürdür; səhnə əsəri səviyyəsində qoyulan tamaşanın uğuru birmənalı şəkildə xeyli dərəcədə quruluşçu rejissordan asılıdır - hətta ədəbi material zəif olsa belə səhnəyə mükəmməl tamaşa çıxa bilər, əgər rejissor mükəmməldirsə. Kinoda belə deyil. Hətta ən bitkin ədəbi əsərin motivləri əsasında qələmə alınan ssenari tələblərə cavab vermirsə, quruluşçu rejissorun istənilən səyi nəticəsiz qalacaq, ekrana sadəcə, illüstrasiya çıxacaq, ekran əsəri səviyyəsində çəkilmiş film yox. Buna görə istedadlı, bacarıqlı ssenari müəlliflərimizin azlığının səbəblərini sanki proyeksiya edən N.Əbdülrəhmanlının təqdimatında öncə bəhs etdiyimiz faktları kino dilinə çevirmək bir çox sualların cavabını və həllini tezləşdirə bilər.

 

Araşdırma toplusu müəllifin kino sənətinə səmimi sevgisindən və marağından səhifə-səhifə böyüyüb. Bu, aşkar hiss olunan məziyyətdir. Səmimiyyət özünü büruzə verməyi sevən keyfiyyət olduğu üçün bunu sezməmək olmur. Müəllifin "söz" adlı ilkin məfhuma və kinoya olan səmimi münasibəti monoqrafiyanın hər sətrindən "boylanır".

 

"Azərbaycan kinosunun doğuluşu və ilk dövrü" (1898-1920-ci illər)", "Azərbaycan Sovet səssiz kinosu (1920-1935-ci illər)" bölümləri qeyd olunan illərin kino istehsalı və kino yaradıcılığı anlayışlarının bir-birindən ayrı mövcud ola bilməmək məxrəcini axtaranların fəaliyyətindən faktlarla, "hərəkətli fotoqrafiya"nın sinematoqrafla fotoqrafiya arasında təşəkkül tapması, üstəlik, teatr ənənələrinin, tamaşa tərzinin yenicə fəaliyyətə başlayan kinematoqrafçıların işində biixtiyar əks olunması mərhələlərini keçib kino sənətinə çevrilən yeni bir incəsənət növünün hələ kövrək "addımlarının sədaları" ilə zəngindir.

 

"Bütün incəsənət növlərindən bizim üçün ən vacib olanı kinodur" - V.İ.Leninin bu məşhur fikri yəqin ki, dünya və deməli, kino dünyası durduqca aktual olacaq. İqtibasın gerçəkləşdirilməsi dövrünü əhatə edən ötən əsrin 20-30-cu illəri nəinki kinonun, ümumilikdə, incəsənətin ictimai-siyasi, sosial-iqtisadi çağırışları ən çox, ən qabarıq inikas edən dövr kimi tarixə yazılıb.

 

"Azərbaycan kinosunun formalaşması və milli xarakter axtarışları (1936-1960-cı illər) bölümü kinomuzun böhran illərindən XX əsrin İntibah dövrü olan 60-cı illərə keçidinin özəlliklərindən ibarətdir. Haqqında danışdığımız kitabın bu dövrü əhatə edən səhifələri Azərbaycan kinosunun özünəxas simasına varması yolundakı axtarışların əlvan palitrasını sərgiləyir - əgər öncəki illər ya bədii əsərlərin illüstrativ təsvirini və ya plakatların canlanmasını daha çox xatırladan kinolentlərdən ibarət idisə, 1960-90-cı illər həyata, insanlara, ailəyə, peşəyə aid öz fikri, yanaşması formalaşan insanların proobrazlarının böyük ekrandan gerçəklikdəki prototipləri ilə görüşə gəlməsi ilə əlamətdardır.

 

Əksər hallarda bir müəllif olaraq şahidi və ya iştirakçısı olduğu hadisələrdən, içində yaşadığı dövrdən, zamandan, yaxşı tanıdığı, bələd olduğu insanlardan bəhs etmək həm asan olur, həm də çətin. Bu, anlaşılandır. Çünki bu zaman bu və ya digər müəllif artıq sadəcə müəllif deyil, tarixin şahidi və gələcək nəsillərə ötürücüsüdür. Və təbii ki, məsuliyyəti ikiqatdır.

 

Monoqrafiyanın "Azərbaycan kinosu: inkişaf ənənələri və janr müxtəlifliyi (1961-1991)" "Azərbaycan kinosu müstəqillik dövründə (1991-2018)" bölümlərindəki tədqiqatçı əməyi, tarixin şahidi və iştirakçısı məsuliyyəti və müəllif fəhmi (əlbəttə, bu, daha çox son dövrə aiddir) sayəsində dövrün mürəkkəb, birmənalı olmayan kino mənzərəsi realist boyalarla əks olunub.

 

Məqaləni "Azərbaycan kino sənəti tarixi"nin müəllifi Nəriman Əbdülrəhmanlının "...uzun illər ərzində ekran əsərlərinin qorunması, saxlanması, araşdırılması, kino ilə bağlı məlumat bazasının yaradılması və sair məsələlərinə ciddi fikir verilmədiyinə görə, itkilərimizin həcmini müəyyənləşdirmək çətindir. Bu nəşr də əsasən, qalanları yaşatmaq ehtiyacından yaranıb..." sözləri ilə tamamlayıb, kinematoqrafçılarımızın bu araşdırma .

 

Samirə BEHBUDQIZI

 

525-ci qəzet.-2021.- 20 fevral.- S.10.