Şair Mahir də mahir şairdi...

 

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Ana anadı. Şair təbi olan anaların laylaları sözü də səs bilən südəmər körpələrin ruhunu şeiriyyətə kökləyir. Mahir Allahverdi oğlu Cavadov belə böyüyüb...

Oxuyub həkim, mühəndis, alim olmaq mümkündür. Kimsə oxuyub şair ola bilməyib. Sonralar şair olanlar şair doğulur; şair doğulanların ilk nəfəsi şairliyin başlanğıcıdı...

Şair gördüklərini fərqli görür, şair fərqli düşünür, şairin ruhu xalqın ruhuna çataqlı olur...

Şairlər yağan yağışa ovuc açmağı da şeirləşdirə bilir, daşan selin yarğan uçurmasını da, çaxan şimşəyin yüz ilin palıdını paralamasını da, ... Mahir Cavadlı belə duyğuları yaşayanların sırasındadı - şairdi. Duyduğunu yazır - şeirləşdirir, düşündüklərini yazır - şeirləşdirir; Mahir Cavadlı şairdi...

Əli qələm tanıyalı şeirlər yazıb: Vətəndən, el-obadan, təbiətin ecazkarlığından, sevgidən, müharibədən, Zəngilan ağrılarından, işğaldan, dağılan tifaqlardan, söndürülən ocaqlardan yazıb...

Şair Mahir Cavadlının vətəndaş Mahir Allahverdi oğlunun düşündüklərini, duyduqlarını yazması poetik sədaqətdir - vətəndaşın özünə sədaqəti kimi...

"27 fevral - doğum günüm" şeiri ilk baxışda adi təqdimat təsirindədir. Oxuyursan, düşünürsən, görürsən ki, belə deyil, misraların fikir yükü düşündürücüdür - gözəl şeirdir.

Bu gün sevincimi boğur qəhərim

Bu yaşın o yaşa köçü olacaq, -

deyən şair "bu yaşın" bəlkə də unudulacağını, "o yaşın" xalqın qəhər yaşı olduğunu xatırladır; bu xatırlatma haray gücündədir. L.Sobolevin yazdığı, M.Maqomayevin bəstələdiyi "Osvensim harayı" var, bu haray faşizmə, vandalizmə üsyan kimi yazılıb, ifa edilir və sonrakı dövrlərdə yazılanlar da bu harayın cığırdaşıdır. Mahir Cavadlının "Xocalı harayı" bildiyim bu şeiri səssiz-küysüz söz harayıdı - şair harayıdı. "Dünən qan içində ölən şəhərin, Sabah matəminin üçü olacaq" - deyib və bu matəmdə dəfn edilən doğum gününü yasaqlayıb. Bu, həyata, yaşantılara şair münasibətidir.

 

Onun "Bilmirəm" şeiri

... Şair Mahir kimi düşdüm sevdaya,

Mahir şairimi tapa bulmirəm,

- beyti ilə tamamlanır. Mahir Cavadlı mahir şairini tapa bilmir (dərdləşməyə, Vətənin (bu anlamda işğalın, Zəngilanın işğalının) ağrılarından danışmağa həmsöhbət kimi, dərd anlayan rəfiq kimi). Şair dostum Mahir Cavadlıya yardımçı olmaq istərdim: axtardığın mahir şair Mahir Allahverdi oğlunun şair ruhudu, Mahir Cavadlı. Onu şeirlərində axtar, ürəyinin gözüylə bax öz şeirlərinə, onları ürəyinin gözüylə oxu, görəcəksən, salam verib salam alacaqsan. Şair Mahirin mahir şairə salamını da şeirləşdirəcəksən, şübhəsiz...

Mahir Cavadlının şeirləri deyir ki, zamanın bətnindən doğulan şair qəmə, dərdə söykənir, əqidəsi yolunda bəzən Həllac Mənsur taleyi yaşayır, bəzən Nəimi taleyi. Bəlkə də bu səbəbdən gerçək həyatdan ruhi həyata yaranana meyl poetik merac olur.

Mahir Cavadlının ictimai-siyasi şeirləri reallığın poeziyasıdır. Belə şeirlər keçmiş SSRİ dövründə siyasi rejimin gerçəkliklərini poeziyaya gətirməklə tarixi gerçəkliyi əks etdirmək istəyindən yaranıb. Mahir Cavadlının poeziyasında da bu qəbildən olan dəyərli şeirlər var.

"Vətəndən uzaqda seyrəngahı olmayan", yəni könlüm Vətəndən qıraqda gözəllik görməyən ("Yox"), "uğuru baxtda deyil, səbrdə, dözümdə görən" ("İstəmirəm") şair üçün Vətən ucalığı, Vətən müqəddəsliyi əsasdır. Şairə görə, bu ucalığı, bu müqəddəsliyi torpaqlarımızı işğldan azad edəcək Zəfərin bayrağı dalğalandıracaq. Bu dalğalanma ürəklərimizi riqqətə gətirəcək:

 

Ən duyğulu tablo, ən xoş mənzərə

Zəfər bayrağımın seyrini verməz!

("Üçrəngli ay - ulduz")

 

Şeir döyüşə - qələbəyə çağırış qüdrətində oxunur. Vətəndaş şair Zəfər bayrağını ruhunun (ruhumuzun) adaşı bilir və bu ruhun qalibiyyətini görür, ona inanır, yüksək bədii dəyərə malik olan misraları ilə oxucunu da bunlara inandıra bilir. Torpaqlarımız işğal olunmuşdu. Söz (həm də poetik söz) bu işğalın sonlandırılması mücahidləri sırasındaydı. Poetik sözün döyüşü mahiyyəti etibarilə səfərbəredici döyüşlər olur; şair yüksək bədii dəyərə malik olan misraları ilə müharibə şəraitində, müharibədə (həm də Vətən müharibəsində!) səfərbəredici missiyanın icraçısı olur - Vətən naminə!

Bağanıs Ayrım, Meşəli, Qaradağlı, Xocalı faciələri hər birimizin ürəyini dərdlə sillələdi. Bu dərd, əslində, bəşəri dərd idi və bu bəşəri dərd bəşəriyyətin yaxasından yapışsa da, bu faciələri törədənlər bəşəri qanunlarla qınanmadı. Sonra Şuşa işğal olundu. Bu işğal dərdlə silələnmiş ürəklərin ağrısına döndü. O ağrı-acı çağdaş şeirimizdən boy göstərdi. Mahir Cavadlının Şuşanın işğalına yazdığı şeirə təəssüfün poetik ifadəsi deyərdim; "...Kirs dağı sinəmdə dağım" misrasının poetik yozumu deyir ki, dağın sinə dağına dönməsi ağır dərddir. Bu poetik yozum onu da deyir ki, dərdi dərdə salmadan bu ağrılardan qurtuluş yoxdu. Elə bu səbəbdən də şair sözü haraya (doğmaya da, yada da), xatırlatmaya (doğmalara. doğmalaşanlara), ricaya (doğmalara, bəşəri duyğularla yaşayanlara) dönür; ağrıya-ağrıya yazan, yaza-yaza ağrıyan, bu ağrıların "məlhəmini" Azərbaycan ordusunun qazanacağı qələbədə görən şair Mahir Cavadlı "Dumanı kədər tək başına çəkən" Şuşaya xitabən "Şuşa, can Şuşa" yazır:

 

Yox Cıdır düzündə çadır oylağım,

Daşaltı, Kirs dağı sinəmdə dağım.

Suyu şəfa olan İsa bulağım

Gözündən qaynaya, sinədən daşa,

Şuşa, can Şuşa!

 

Torpaqlarımızın işğal edilməsi hamımızın heysiyyətini silkələyirdi. Bu silkələnmə öz əksini ədəbiyyatımızda da (poeziyamızda da) tapırdı. Ədəbiyyat (poeziya) tam müsəlləh əsgər ola bilməsə də, ayrı-ayrı yazıçıların, şairlərin yaradıcılığı müharibəyə, bu baxımdan qələbə ruhuna köklənmişdi. Şair Mahir Cavadlı da onların sırasında olub.

Müharibə ancaq torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatacaqdı, yəni müharibənin sonlanması üçün hamı döyüşə səfərbər edilməli idi. Hamı Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Yazılan poetik əsərlər (şeirlər, poemalar) bu missiyanı böyük məsuliyyətlə yerinə yetirirdi. Mahir Cavadlının "Dözəcəm" şeiri bu baxımdan xarakterikdir.

Şeirdə "qara geyinmək" ifadəsi rəmzi mənada işlədilib, yəni dərd çəkmək dərdə çarə deyil, mübarizlik lazımdı.

Vətənpərvərlik mübarizliyin ilkin şərtidi, bu şərt Ali Baş Komandanın döyüş əmri ilə gerçəkləşəcək. Onda hamı kimi şeirin bədii "mən"i də

Tufan olub, alov geyib gəzəcəm,

- deyir.

Şeirin poetik ricəti təhkiyənin ümumiləşdirilməsini təmin edir və oxucunu inandırır ki, "yurdsuz, ev-eşiksiz dərd yumaq-yumaq" olduğuna görə "tufan olub, alov geyib gəzmək niyyətlilərin" sayı "Mən azərbaycanlıyam!" deyənlərin sayı qədərdir. 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər Zəfərlə nəticələndi; şeir, şeiriyyət arzuladığı günün işığı ilə daha da nurlandı...

Azərbaycan Yazışılar və Jurnalistlər Birliklərinin üzvü Mahir Cavadlının şeir yaradıcılığı (Mahir peşəkar jurnalistdir, "Azad Azərbaycan", "Yeni fikir", "Fəryad", "Sərhəd" qəzetlərində işləyib) oxucu qəlbinə yol tapan yaradıcılıqdır. O, "Bir ovuc Vətən torpağı", "Ürəyimi misra-misra yazıram", "Riad", "Sərhədə sərhədsiz sevgilərlə" kitablarının müəllifidir...

Torpaqlarımızın işğaldan azad edilməsi, Zəngilana dönüşü ilə yaradıcılığının poetik coşqunluq məqamını yaşayan şair ilk təəssüratlarını, qələbə sorağından qaynaqlanan sevincini:

 

Cənab Ali Baş Komandan,

müjdən mübarək,

Azərbaycan candır, Qarabağ ürək!

 

- xitabı ilə yazdığı "Alqış" şeirində büruzə verir. Təsadüfi deyil ki, Zabitə Zibanın bu şeirə bəstələdiyi mahnı Azərbaycan Televiziyası xorunun ifasında səslənərək qısa müddətdə xeyli dinləyici rəğbəti qazanıb. M.Cavadlının son günlər yazdığı "Şanlı ordum", "Daha köçkün deyiləm", "Bayrağıma təzim eylə" və sair şeirləri, aparıcı respublika mətbu orqanlarında dərc olunan məqalələri onun yaxın gələcəkdəki daha coşqun, həm də sevincli, xoş müjdəli yaradıcılıq fəaliyyətindən xəbər verir. Şair ömrü yaşaya-yaşaya vətəndaş ömrü yaşayan Mahir Cavadlıya bu yolda uğurlar arzulayıram. 1992

 

Bayram MƏMMƏDOV

525-ci qəzet.- 2021.- 26 fevral. S. 13.