Bayraqdar öndə gedir...

 

İllər öncə Sabir Şahtaxtının ilk əsərinin əlyazmasını oxumağa başlayanda bu tip əsərlərin yayılma arealının, uzağı, dostlar, beş-on nəfər də tanış arasında ola biləcəyini düşünürdüm. Ancaq sonralar elə gətirdi ki, Sabir bəyin son bir neçə ildə bir-birindən ağır və sanballı olan "Azadlıq nəğməsi", "Nisgil", hazırda tərcümə prosesində olan daha iki romanını mütaliə etməli, üstəlik, "Azadlıq nəğməsi"nin Azərbaycan versiyasına "ön söz" də yazmalı oldum.

Fəxr duydum ki, roman "Vətənə sevgi ilə" başlıqlı xeyir-duam ilə işıq üzü gördü və dərhal da Türkiyədə Avrasiya Yazıçılar Birliyi və TÜRKSOY tərəfindən yazıçının anadan olmasının əlli illiyi münasibətilə türkcə nəşr olundu. Nə gizlədim, Sabirin ilk əsəri ilə tanışlıqdakı xəcalətin əvəzinə, bundan xeyli təskinlik tapan kimi oldum. Xoşbəxtlikdən hazırda Sabir Şahtaxtı ismi mənim üçün məhsuldar və istedadlı bir nasir imzası ilə assosiasiya olunur.

Gerçək budur!

"Azadlıq nəğməsi"ndəki epik vüsət, mövzu oxşarlığı, bənzər talelər, hadisələrə yanaşma tərzi və müəllif diksiyası məndə hələ o vaxt bu romanla "Əli və Nino" arasında paralellər aparmaq təəssüratı doğurmuşdu və "ön söz"dəki bir qeydim də məhz bununla bağlı idi. "Nisgil" romanı o qənaətlərimi bir qədər də gücləndirdi və mən onda hiss etdim ki, bu qənaətin formalaşmasında təkcə epik vüsət, bənzər talelər, hadisələrə yanaşma tərzi, müəllif diksiyası ilə bərabər, yazıçının arsenalında olan dərin müşahidə qabiliyyəti, oxunaqlı dil, süjetqurma məharəti, bədii təfəkkür, obrazyaratma ustalığı kimi digər "silahların" da olduqca böyük rolu var. Məsələ ondadı ki, başqa əsərlərində olduğu kimi, "Nisgil"də də hadisələrin mərkəzində təhkiyəçinin özü dayanır və bu, istər-istəməz qəhrəmanların birbaşa naturadan əsərə gəlməsi qənaətini yaradır. Sanki müəllif bu qəhrəmanların (konkret olaraq Qabilin) timsalında öz taleyini qələmə alıb. "Azadlıq nəğməsi"ndəki Şahvə və Şölə də eynilə onun kimi... Müəlliflə qəhrəmanlarının tale oxşarlığı az qala ekvivalent halına gələndə çox uğurlu bir əsər alındığı qənaətinin doğruluğunu mən də bölüşürəm. Bunu müəllif özü də təsdiq edər ki, mütaliə dövründə ondan Türkiyədə, İranda, Sinqapurda, Əfqanıstanda və hadisələrin cərəyan etdiyi digər coğrafi məkanlarda olub-olmadığını neçə dəfə zəng vurub soruşmuşam. Bu, müəllifin peşəkarlığı və ustalığıdı ki, oxucusunu öz həqiqətinə inandıra bilir.

Oxu prosesində "Nisgil"də baş verənlər mənə o qədər maraqlı gəlmişdi ki, müəllifin fikrinin sevginin əbədiliyini məhz bu romanla şifrələmək olduğunu da düşünmüşdüm. Hələ o zaman, Ermənistan üzərindəki 44 günlük parlaq Qələbədən xeyli əvvəl Sabirin bir yazar olaraq Vətənin ən sevdalı tərənnümçülərini belə bu əsərin işığına yığa biləcəyi qənaətində idimo fikrimdə indi də qalıram.

Yeri gəlmişkən, Sovet dönəmindəki kimi, əgər ədəbiyyatın mövcud rejimin ideoloji silahı olmasına ehtiyac qalsaydı, Sabirin romanlarının bu işdə əvəzsiz bir rol oynaya biləcəyinə əsla şübhə etməzdim. Hələ o vaxt düşünmüşdüm ki, bu əsərin əcnəbi, xüsusilə də Şərq dillərinə tərcüməsi problem deyilsə, onun istər türkcəyə, istərsə də farscaya tərcümə olunub, ən azı, Türkiyə və İranda yayımlanması və təbliği iki əsrə yaxın tarixə malik Azərbaycan-erməni münaqişəsində haqq səsimizin beynəlxalq aləmə çatdırılması işinə dəyərli töhfə ola bilər. İndiyədək onun İranda farsca 3, Türkiyədə isə 8 əsərinin nəşri məndə böyük ümidlər yaradır. Sabir bəy onsuz da hazırda rəsmi dövlət işi ilə bağlı olaraq (o, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə nümayəndəsidir) bu yöndə çox böyük bir missiya yerinə yetirir. Onun "Azərbaycan: təqvimdə dörd qara gün", "Böyük Ermənistan" xülyası: faktlarsübutlar", "Soyqırımından Xocalıya..." kimi siyasi-publisistik kitabları böyük bir institutun görəcəyi işdən heçaz əhəmiyyət daşımır.

Sabir təsvir ustasıdı. Ona görə də onun əsərlərində dil fantaziyaları və sintaktik möcüzələr axtarmaqdan tam uzağam. O, klassik-ənənəvi üslubda yazır. Hiss olunur ki, dünya ədəbiyyatının əsrlərlə üzərində bərqərar olduğu bu üslubun özəlliklərini olduqca gözəl mənimsəyib. İnsan psixologiyasının ən dərin qatlarına enmək bacarığına malikdir. Həyatın qurbanına çevrilmiş insanların acı həyat hekayəsini şirin dastan dili və estetikası ilə çatdıra bilir. Bu, fraqmental hadisə olsaydı, bəlkə də, haqqında bəhs etməyə dəyməzdi. Amma bu ruh onun təkcə parlaq bədii dil və yüksək həssaslıqla təsvir etdiyi hadisələr toplumu olan "Nisgil" romanına deyil, bütün yaradıcılığına hakimdi və şəxsi müşahidələrimə görə, daim artan dinamika ilə müşayiət olunub. Söhbətimizin bu məqamında böyük məmnuniyyət hissi ilə deməyi özümə borc bilirəm ki, dünya çapında xüsusi çəkisi olan Xalid Hüseyni ilə Sabir Şahtaxtının əsərləri arasında heçciddi fərq görmədim və bu fikri onun oxuduğum bütün əsərlərindən yola çıxaraq deyirəm. Sadəcə, biz bu işin reklamını qura bilmədiyimizi boynumuza almalıyıq. Heç təsadüfi deyil ki, görkəmli pedaqoq, araşdırmaçı yazar, professor Aygün Attar onun yaradıcılığını böyük türkiyəli ədib Halidə Edip Adıvarın zəngin yaradıcılıq metodları ilə müqayisə etmişdir...

yaxud Ankara Hacı Bayram Vəli Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar yazır ki, Sabir Şahtaxtının qələmə aldığı "Nisgil" adlı əsərdə hadisələr yüksək əxlaqi dəyərlərə, tərbiyə və biliyə sahib iki gəncin əzab dolu həyat yolunu anladır. Müəllif peşəkar ədəbi ustalıqla dünyada meydana gələn siyasi proseslərin Azərbaycana təsirini, Naxçıvanın tarixi sıxıntılarını, böyük dövlətlərin Yaxın Şərq ilə bağlı amansız siyasətinin ağır nəticələrini ən güclü xəfiyyə təşkilatlarının öz maraqları üçün tətbiq etdikləri metodları, XX əsrdə yaşadığımız sıxıntıların səbəblərini məharətlə qələmə almışdır.

Dəyərli yazıçı-tərcüməçimiz Vaqif Əjdəroglu da "Nisgil"in müəllifi haqda danışarkən onu "ədəbi dalğada istedadlı səs" kimi səciyyələndirmişdir. Maraqlıdır ki, müxtəlif mövzulara həsr olunsa da, Sabirin yüksək vətənpərvərlik ideyası təbliğ olunan, adını çəkdiyim romanlarının biri digərinin davamı və tamamı kimi oxunur. Taleyin hökmü ilə 1948-ci ildə Naxçıvanda əslən vedibasarlı Məşədi Cavadın eyni adı daşımalı olanitkin düşən qızları (onlardan biri Nisgil Şuşalı, digəri isə Nisgil Təbrizlidir) qırx il sonra Arazboyu sərhədlərin sökülməsi dönəmində bir-birini tanıyıb əkiz bacı olduqlarını bilirlər. "Azadlıq nəğməsi"ndə şəhid Babəkin qızı Kanadaya köçüborda həkimlik sənətinin sirlərinə vaqif olur. Bilmirəm, bütün bunlar təsadüfdür, mistik yazıçı uzaqgörənliyi, ya acı qismət!? Hər halda Sabir Şahtaxtı illər öncə Təbriz-Naxçıvan-Şuşa söhbətini gündəmə gətirib, xalqımız üçün taleyüklü bir məsələyə işarə vurmaqla, müşahidələrimə görə, həm də bədii nəsrimizdə bu yöndə ilk söz açanlardan biri hesab olunmalıdır. Söhbətimin sonunda məndən gənc həmkarıma, başarılı qələm adamına, dostları üçün candan keçməyə hazır olan insana tövsiyəm nədir? Sabir Şahtaxtı "Nisgil" və "Azadlıq nəğməsi"ndəki qəhrəmanların birgə taleyini Şuşanın fəthi fonunda qələmə almaqla ədəbiyyatımıza maraqlı bir roman qazandırmış olar. Onun buna həm istedadı, həm potensialı, həm də qüdrəti çatar, gümanındayam. Bu, onun həm də mənəvi borcudur: bayraqdar öndə gedir axı...

 

 

Əlabbas

525-ci qəzet.- 2021.- 25 fevral. S. 13.