Səmədin qanadları

 

 

 

 

 

Poeziyanın da, elmin də qanadları var. Uça bilməsələr, onlar hamınınkı ola bilmir. Uçurlar və insana da qanad verirlər, insana da uçmaq öyrədirlər. Hər ikisi insana çox lazımdır. Ona görə hər ikisi bunca qədimdir və həmişə yanaşıdır. Axı uçmaq üçün bir qanad bəs etmir, qanadlar gərək qoşa ola!

 

Elmlə poeziya da biri digərinə dayaq olan, biri digərindən güc alan qoşa qanaddır. Sadəcə, poeziya ilə elmin üzdəncə görünən mühüm bir fərqi var. Poeziya daha çox hisslərə, təxəyyülə, təsəvvürə əsaslanır, elmsə sübutlara, dəlillərə, dəqiq təhlillərə. Lakin kim deyər ki, elmdə hisslər, təxəyyül, təsəvvür, poeziyada sübutlar, dəlillər, dəqiq araşdırmalar yoxdur?!

 

Əslində, bu cəhətdən də eynidirlər. Lakin dilləri fərqlidir, həqiqətlərə yanaşmaları seçiləndir. Poeziyaya elm, elmə poeziya həmişə lazımdır. Şeirə elmlə yanaşmasan, elmdə poetikliyi bütün varlığınla duymasan, heç vaxt nə əsl poeziya, nə də gerçək elm yarada bilərsən.

 

Min illər əvvəl də belə olub, indi də bu cürdür, həmişə də bu təhər qalacaq.

 

Azərbaycan şeirinin ən əlçatmaz zirvələrindən olan Məhəmməd Füzuli "Elmsiz şeir əsassız divar olur, Əsassız divar qayətdə bietibar olur" yazırdı. Yəni möhkəm elmi bünövrəsi olmayan şeir özülü olmayan divar kimidir ki, hər an uçulub-dağılmağa məhkumdur və ona bel bağlamaq olmaz.

 

Amma şeirin bir başqa mühüm gücü var ki, elmin ona ehtiyacını ortaya çıxarır. Poeziya sərt çərçivələri, qəlibləri daha inamla yara bilir, gələcəyə daha tez qanadlanmağa, hələ baş verməmişləri fəhmlə daha erkən görməyə qadir olur. Söz yox ki, elmə də xas olan və onu da irəli aparan vacib qüvvələrdən olan intuisiyanın, öncəgörmənin poeziyada imkanları daha genişdir.

 

Hər alimin içərisində özünəməxsus bir poetik istedad, ilham yaşamasaydı, kəşflərə, ixtiralara, tapıntılara aparan yollar da daha uzun olardı.

 

Əski Elladadan başlayaraq dünyanın dörd bucağında alimlər arasında həmişə şeirə meyl edənlər olub. Lukretsi Karın sırf elmi poeziya örnəyi olan "Əşyanın təbiəti haqqında" poemasından bəri 22 əsrdir ki, filosoflar da, elmin başqa sahələrinin təmsilçiləri də poeziya ilə birgədirlər. Məşhurlar da yazıb, az məşhur olanlar da.

 

Yazdıqları ilə təkcə alim kimi deyil, həm də şair olaraq tanınanlar da yetərincədir, yazdıqlarının yayılmasına çox da can atmayan, elə kükrəyən hisslərini toxtatmaqçün qələm işlədənlər də.

 

Diqqəti çəkən odur ki, bu xüsusiyyət bütün dövrlərdə, bütün xalqlarda olub, bu gün də var, yəqin, elə həmişə də davam edəcək.

 

Dahi Nizami "Leyli və Məcnun" məsnəvisində "Nə qədər oxuyub-öyrəndim, heyhat, Yenə də qəlbimi görmədim rahat" yazarkən bəlkə də bu fenomenin əsl təbiətini göstərir, mahiyyətini açırdı.

 

Alim şeiri şair olmaqçün, şair sayılmaqçün yox, könlünün rahatlıq tapması üçün yazır!

 

Şeirlərinə yazdığı müqəddimədə professor Səməd Seyidov dərhal bəyan edir ki, "Mən şair deyiləm".

 

Və o, bu cür etirafı edən ilk alim də deyil. Hələ XIII əsrdə 6 dildə şeir və nəsr inciləri doğuran, bir sıra elm sahələrində dərin biliklərə malik Zülfüqar Şirvani də "mən şair deyiləm" yazırdı.

 

Riyaziyyatdan, astronomiyadan tutmuş fəlsəfəyə, şeir nəzəriyyəsinə qədər dərin və ciddi elmi risalələr doğuran Nəsirəddin Tusi bir-birindən gözəl şeirlər qələmə alırdı, mineralların xüsusiyyətləri haqqında ayrıca traktatı ilə yanaşı, bu mövzuda poema da yaradırdı, ancaq özünü qətiyyən şair hesab etmirdi.

 

Lap elə bizə yaxın olan dövrün axarında yaşayıb-yaratmış görkəmli alimlərimiz Yusif Məmmədəliyev də, Şəfaət Mehdiyev də, Xudu Məmmədov da ədəbiyyata, poeziyaya bağlı olublar, bəyənilən, geniş yayılan, sevilən şeirlər də yazıblar, neçə alimimizin bədii əsərlərindən ibarət kitabları da çıxıb, ancaq heç vaxt şairlik iddiasını özlərinə yaxın buraxmayıblar.

 

Yəni Səməd Seyidovun bu etirafı sadəcə təvazökarlıq məsələsi deyil, inandığı qənaətdir.

 

Sələflərinə xas olan müəyyən düşüncələrini şeirin dili ilə çatdırmaq ehtiyacı onda da olduğu kimi, şair adlanmaq məsuliyyəti və yükünü boynuna götürmək fikrindən də elə alim sələfləri qədər uzaqdır.

 

Ancaq istər Səməd Seyidov, istərsə də ondan əvvəlki onillərin və yüzillərin şeir yazmış alimləri həmin fikirlərində nə qədər israrlı olsalar da, sübut ortadadır.

 

Misra-misra şeirlərini oxuduqca istər əvvəlkilərə, istərsə də Səmədə şair deməmək olmur.

 

Əgər bu şeirlər günlərin birində artıq silsiləyə çevrilibsə, poetik ruh illərlə bu insanlarla birgədirsə, bu zümrənin poeziyası da başqa şairlərdə rast gəlinə bilinməyəcək bir sıra incəliklərə malikdirsə və həmin məziyyətləri ilə də bədii düşüncəmizdə ayrıca bir istiqaməti nişan verirsə, niyə belə yaradıcıları həm də şair adlandırmayaq?!

 

Adlandıraq, lakin əlavəsiylə: alim-şair!

 

Səməd Seyidov psixoloqdur, yaxşı təhsil görüb, elmlər doktorudur, elə nəsillikcə elmlə-təhsillə bağlı olublar və adından tutmuş əslinə-kökünəcən şairlik dalğası onda daim var olub.

 

Adından başlamış ona görə yazıram ki, Səməd Seyidovun kökü Qazaxdandır və bu ad da o bölgədə, Azərbaycanın digər guşələrindən fərqli olaraq, az qala hər nəsildə məhz şöhrətli həmyerliləri Vurğuna görə geniş yayılıb.

 

Səməd Seyidovun məntiqin, psixologiyanın, yaradıcılıq fəlsəfəsinin qəliz problemlərinə həsr edilmiş mükəmməl monoqrafiyaları, ölkəmizdə və xaricdə çap edilmiş sanballı araşdırmaları var. Di gəl, "Yaradıcılığın fenomenologiyası" kimi dəyərli elmi əsərini yazan, insanı bütün başqa mövcudatdan üstün edən yaradıcılıq qabiliyyətinin sirlərini inandırıcı təhlilləri ilə açan Səməd Seyidov hansı andasa fikrindəkilərin, ürəyindəkilərin artıq nə elm, nə məqalə, nə monoqrafiya hüduduna sığdığını hiss edir və başlayır bu yaşantılarını şeirin aydın dili ilə ifadə etməyə.

 

Səməd Seyidov:

 

Və tale elə gətirib ki, həmin şeirlərin bir çoxunun ilk dinləyicilərindən, ilk oxucularından biri mən olmuşam, yaranma tarixçələrinin şahidiyəm.

 

"İlk dinləyicilərindən" yazmağım kimdəsə belə ehtimal yaradar ki, guya Səməd həmin şeirləri hansısa poeziya axşamında, oxuculara görüşdə oxuyub, mən də eşidənlərin sırasında olmuşam.

 

İndiyəcən belə tədbir olmayıb, ilkini mən təşkil etmək istəyirəm və 3-4 ildir ki, "bir az sonra" deyə-deyə onu da Səməd özü təxirə salır.

 

İş ondadır ki, həmin şeirlərin neçəsi son 20 ildə Avropa Şurasında birgə fəaliyyət göstərdiyimiz illərdə, mütəmadi çıxdığımız səfərlər əsnasında, bəzən yerdən min kilometrlərlə hündürlükdə, təyyarədə yaranıb və Səməd bir parça kağızamı köçürdüyü, ya bilgisayarındamı yığdığı poetik improvizələrini mənimlə bölüşmək istəyib.

 

Bir çox hallarda mən həmin şeirlərdə əksini tapan, insan, cəmiyyət, ictimai-siyasi gedişatın narahat məqamları haqqında misraları kürəyimdə nəfəsini hiss etdiyim hadisələrə görə elə öz ürəyimin əks-sədası kimi qavramışam.

 

2000-ci illərin əvvəllərində Avropa göylərindəki poeziyalı uçuşlarımızı son dərəcə maraqlı edən bir də o çağlar AŞPA-dakı nümayəndə heyətimizin üzvü olan böyük şairimiz Vaqif Səmədoğlu idi.

 

O da orada, səmada belə yazmağından qalmırdı.

 

Hələ heç kəşə eşidilməmiş şeirlərini oxuyurdu, məftun kəsilirdim, rica edirdim ki, onları dəftərimə də yazsın və səliqəli xəttiylə, adətən işlətdiyi qara yazan qələmiylə şeirlərini dəftərimə köçürürdü.

 

Bəzən təzə şeirlərini dəftərimə yaza-yaza elə bədahətən daha başqa yeni şeirləri doğulurdu.

 

Bir dəfə bunu da etiraf etdi ki, heç onların bəziləri özündə yoxdur.

 

Vaxtında qeyd dəftərlərinə yazmağa da macalı olmayıb, beləcə, yadından çıxıb gedib.

 

Mənim ki dəftərimdə qalır! Demək, itən deyil, bir gün Vaqif haqdakı hansısa yazımda üzə çıxacaqlar...

 

Yerdən min-min kilometrlərlə ucalarda şeir yazan Vaqifə, Səmədə baxdıqca hər dəfə düşünürdüm ki, bu məşğuliyyət onlarçün yalnız ürəyini boşaltmaq girəvəsi də deyil.

 

Poeziya bir adadır ki, hərdən ora çəkilmək, sözlərə qısılmaq, içərisində olduğun qaçaqaçlardan, gərginliklərdən, sıxıntılardan qurtulmaq, ruhən dincəlmək fürsətidir.

 

Axırıncı 20 il boyunca Milli Məclisdə, Avropa Şurasında qoşa addımladığımız dövrdə, Azərbaycanın milli və dövlət maraqları uğrunda mübarizələr apardığımız təlatümlü vaxt kəsiyində mən Səmədin ildən-ilə necə yetkinləşdiyini, bişkinləşdiyini, bütün başqa intellektual bacarıq və keyfiyyətləri ilə yanaşı, bir ictimai xadim, bir siyasətçi kimi necə kamilləşdiyini müşahidə etmişəm.

 

 

Və həmin püxtələşmə və mükəmməlləşmənin ən əhəmiyyətli körpülərindən biri elə Səmədin daim çarpan qoşa qanadı olub.

 

Elmi, əhatəli bilikləri, ilhamı, emosional dünyasının zənginliyi!

 

Bunlar elə misilsiz vasitələrdir ki, siyasətçiyə, dövlət adamına, ictimai xadimə həmişə ən mötəbər yardımçı, arxa ola bilirlər.

 

Səmədin şeirlər qatarı bir xəritə kimidir. Müasir dünyamızın xəritəsi!

 

Fəqət bu, artıq yetərincə gözüaçıqlaşmış, planetimizin hər səmtində baş verənlərdən anındaca xəbər tutan indiki insanlara yaxşı tanış olan, ən müxtəlif guşələrindən dağıntıların, savaşların tüstüsü qalxan siyasi xəritə deyil.

 

Hərçənd, az qala Səməd Seyidovun hər şeirində siyasətin (neyləməli, siyasət artıq məişətimizə daxil olub) izi var.

 

Bu, Səmədin içərisindən keçirdiyi, bir çox düyünlü məqamlarını lap yaxından müşahidə etmək imkanının olduğu, zəkasının və duyğularının əli ilə çəkdiyi çağdaş dünyamızın mürəkkəb münasibətlər xəritəsidir.

 

İstəyir ki, həmin qarışıq, bəzən olayları heç də asanlıqla qavranılmayan aləmin gizlinclərini dərk etmək üçün çıraq tutsun, oxuyanların çətin suallara doğru gedən cavablar tapmaq yollarını bu şeirlər bir az da aydınlatsın.

 

Səmədin şeirlərində yaralı Qarabağ da var, göynərtisi heç vaxt səngiməyəcək Xocalı da, düşmən tapdağından azad edilmiş yurdlarımız da, bu poetik parçalarda ədəbiyyatına, sənətinə, memarlığına heyran olduğumuz, ürəyimizə yaxın tutduğumuz Fransa və fransız xalqı da var, məkrli müzakirələri, riyakar bəyanatları və təhrikçi qərarları hiddət və xəyal qırıqlığı oyadan Fransa Senatı da, yaxşısı və yamanı ilə, dostlarımız və muzdlu bədxahlarımızla Avropa Şurası da, ortaq yuvamızı - Yer kürəmizi sarmış bəlalar və sıxıntılar da, öz ölməzlərimiz də, qədim yunan filosofları da, bütün daxili mürəkkəbliyi ilə insan dünyası da, hər gün bizimlə yanaşı addımlayan müasirlərimiz də...

 

Səməd şeirlərini rusca yazır. Çünki təhsilini vaxtında rusca alıb, Sankt-Peterburq Dövlət Universitetini bitirib və nəzərə alsaq ki, onun poeziya yaradıcılığının mühüm bir hissəsini siyasi şeirlər təşkil edir, Vətənimizin çox haqlarının müdafiə edildiyi həmin ədəbi fraqmentlərin rus dilində olması indi onların sərhədlərimizdən uzaqlarda daha geniş yayılmaq, daha geniş auditoriyaya çatmaq və nişan aldığı hədəfləri daha sərrast vurmaq imkanını artırır.

 

Qismətimizə elə qatmaqarışıq dünyada və elə sürətli, əsəbləri tarıma çəkən həyatda yaşamaq düşüb ki, uşaqdan böyüyə hamının ara-sıra dava-dərmana ehtiyacı yaranır.

 

Bugünkü dünyada həblərsiz, peyvəndlərsiz yaşamaq müşküldür və Səməd Seyidov poeziyanı da qəlbə təskinlik, ömrə məmnunluq və nizam gətirən dərmanlardan biri kimi qəbul edir.

 

"Qəbul etmək" deyiminin hər iki mənasında!

 

Lakin Səməd çalxantılı dünyamızı və bəşəriyyəti çox bəlalardan xilas etməyə qadir bir resept, universal dərman da təklif edir.

 

Böyük Fyodor Dostoyevski "Dünyanı gözəllik xilas edəcək" deyirdi.

 

Səməd də təsdiqləyir ki, fəzadan, kosmik raketlərin illüminatorundan çox mehriban, qəşəng, zərif görünən, gerçəklikdə isə daxilində qarşıdurmalar, siyasi didişmələr, ekoloji fəlakətlər çağlayan dünyamıza nicat bağışlayacaq, hər yaranı sağaldacaq dərman mədəniyyətdir.

 

Bu gün özünün də qorunmağa, xilasa ehtiyacı olan mədəniyyət:

 

Sənəti hifz edək, o qızıl açar,

 

Ağrılardan nicat ondadır ancaq.

 

Bütün mərəzlərə peyvənd tapılar,

 

Mədəniyyətə biz məbəd ucaltsaq.

 

 

A klöç - v spasenii kulğturı!

 

Ot qorə - panaüeə tam!

 

Ot virusa naydm miksturu,

 

Kulğture kolğ postroim xram!

 

Səmədin kitabını vərəqlədikcə bir çox şeirlərin haçan, necə, hansı impulsdan qığılcım alaraq yarandığını xatırlayıram. Hərəsinin öz hekayəti! Lakin onların hər birində həm də ümumiləşdirmələr var və misralarda çırpınan nəbz də elə qayğıların əks-sədasıdır ki, insanlıq mövcud olduqca onlar da qalacaq, sadəcə, zamanına, gününə görə başqa rənglər, çalarlar alacaq.

 

Alim-şairlə taleyini, qələmini, qəlbini sırf poeziyaya bağlamış şairin, əlbəttə ki, fərqi var.

 

Şeirlərin mövzularından tutmuş düşüncələrin, hisslərin çatdırılma tərzinə qədər. Dünyanın alim-şairlərinin ən məşhuru yaşı minə yaxınlaşan Ömər Xəyyamdır ki, o da özünü şair saymayaraq ən əvvəl alim - riyaziyyatçı, ulduzşünas, filosof kimi görsə, dünyaya bu sahələrin hər birinə aid qiymətli əsərlər bəxş etsə də, poeziyası ilə daha çox tanınıb və yayılıb, saysız dillərə tərcümə edilib. Lakin hətta tərcümənin xeyli dəyişə bildiyi rübailərini oxuduqca onun hər halda alim, düşüncə peşəkarı olduğu sezilir.

 

Səməd də belədir və onun şeirlərini başqa şairlərin oxşar mövzularda yazdıqları ilə müqayisədə oxuyarkən bunu aşkarca hiss edəcəksiniz. Amma elə şeirlərlə də ("Yaradıcılığa qəsidə", "Şəxsiyyət" və s. kimi - "Oda tvorçestvu", "Liçnostğ") rastlaşacaqsınız ki, sizi fəlsəfənin, psixologiyanın, məntiq elminin mətbəxinə dəvət edən o misraların heç bir başqa şairin yox, məhz alim-şairin məhsulu ola biləcəyini təsdiqləyəcəksiniz.

 

Son illərdə Səmədin həyatında yeni və sonsuz fərəhlər dolu səhifə açılıb. Gözəl nəvələri dünyaya gəlib. Babanın nəvəyə məhəbbəti də elədir ki, bu istəyi adi, gündəlik sözlərlə söyləməklə ürəyin doymur, həmin sonsuz sevgini bütün dolğunluğu, ənginliyi ilə dilə gətirməkçün şairanə deyişlərə əl atırsan, yaza bilirsənsə, şeirə üz tutmaq zəruriyyəti doğur.

 

Görən, Səməd günlərin birində nəvələrinə də şeirlər həsr etsə, yenə o misralarda da alim olaraq qalacaqmı?

 

Yəqin, hə! Şairin gözü və sözü bir ayrı, alim-şairin sözü və gözü bir başqa!

 

Axı həmin şeir yəqin ki, həm də gələcək haqqında olacaq. Kim arzulamır ki, bizdən sonra gələn doğmalarımız bizdən daha rahat və xoşbəxt gələcək içərisində yaşasınlar?!

 

Hər halda yazar, baxarıq!..

 

Rafael Hüseynov

 

 

525-ci qəzet.- 2021.- 24 fevral.- S.12.