Ali məktəblərdə fəlsəfənin tədrisi zəruri fənlər qrupuna daxil edilsin

 

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, hörmətli Könül Bünyadzadənin bu günlərdə "525-ci qəzet"də "Fəlsəfənin imtahanı - Məqbulların ümidinə qalmiş hikmət sevgisi" başlıqlı essesini oxuyandan sonra fəlsəfə müəllimi kimi problemə oz münasibətimi bildirmək qərarına gəldim.

 

Fəlsəfə, onun zamanın müasir adlandırdığımız kəsiyində mövqeyi, statusu haqqında fikirlər, yanaşmalar rəngarəng olsa da, 2500 ildən çox yaşı olan bu müdriklik elmi əsrlərin sınaqlarından uğurla çıxıb, öz predmetinə daxil olan dünya, varlıq və təfəkkürün ümumi prinsipləri, insanın dünyada yeri, həyatının mənası kimi məsələləri nəinki qoruyub saxlayıb, həm də xeyli dərəcədə genişləndirib.

 

Bu genişlənmə qloballaşan bəşəriyyətin elmi-texniki tərəqqidən doğan nailiyyətləri və yaranan problemlərlə üzvi surətdə bağlıdır. Sülhə nail olma, aclıq, yoxsulluq, ekoloji problemlər, narkomaniya, terrorizm, milli-etnik münaqişələr, intiharların artması, pandemiya problemi və s. dövrümüzün reallıqlarıdır.

 

İnsan təfəkkürü bu problemlərin ciddi təzyiqinə məruz qalıb, onun emosional-psixoloji durumu gərginləşib ki, bu da maddi nemətlər istehsalının əsasını təşkil edən praktiki fəaliyyətə öz təsirini göstərməyə bilməz. İstər təbiətdə, istərsə də cəmiyyətdə mövcud olan problemlərin optimal həlli fəlsəfi təfəkkürə, müdriklik nuruna möhtacdır. Müdriklik isə, Sokratın təbirincə desək, mühakimə yürütməyin, seçmə qabiliyyətinin və fəaliyyət göstərməyin düzgün prinsiplərinə, son nəticədə xeyirxah olmağa nail olmaqdır. Xeyirxah insan isə adətən səbrli, qeyrətli və ədalətli olur. Beləliklə sağlam məntiq fəlsəfənin rolunun azaldığını deyil, artdığını irəli sürür.

 

Hələ 1946-cı ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) ilk konfransının yaratdığı komissiya tərəfindən hazırlanmış təkliflərdə göstərilirdi ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət, dar, məhdud millətçiliyə və zoraklığa əsaslanan idarəetməyə nifrət, mədəniyyət ideallarına sədaqət və həmrəylik formalaşması üçün ictimai şüurda bir sıra fəlsəfi və etik kateqoriyaların qərarlaşması zəruridir. Bu konteksdə fəlsəfəyə insanların birlik və həmrəylik məktəbi kimi baxmaq olar.

 

Hadisə və proseslərə fəlsəfi yanaşma, onların fəlsəfi təfəkkür süzgəcindən keçirilməsi dünyada sülhün bərqərar olmasında və qorunmasında mühüm rol oynayır. Fəlsəfə "ədalət", "azadlıq", "xeyirxahlıq", "yaxşılıq və pislik", "həqiqət" və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti formalaşdırır. Fəlsəfə dünyada baş verənlərə tənqidi yanaşmaq, ümumbəşəri dəyər və prinsipləri qiymətləndirə bilmək bacarığı aşılamaqla özünü həm də azadlıq məktəbi kimi təqdim edir.

 

İnsanların maddidən mənəviyə doğru yüksəlməsində, mənəvi cəhətdən zəngin, düşüncə cəhətdən azad formalaşmasında da fəlsəfənin rolu danılmazdır. O, insanların yalnız hazır nəticələrdən istifadəsinə deyil, özlərinin düşünüb nəticə çıxarmasına, hər hansı qeyri-insani, bəşəriyyət üçün zərərli arqumentlərə qarşı dayana bilməsinə, opponentlərin fikrinə hörmət və dözümlülüklə yanaşmasına, yalnız zəkanın gücünə tabe olmasına, cəmiyyətdəki vəziyyətləri barədə mühakimə yürüdə bilmək qabiliyyətlərinin inkişafına kömək edir.

 

Fəlsəfə dünyagörüşü olmaqla insanlarda dəyərlər kompleksi formalaşdırır ki, bu dəyərlər də bu və ya digər hadisə və ya prosesi qiymətləndirməkdə, müxtəlif vəziyyətlərdə fəaliyyət və ya fəaliyyətsizlik mövqeyi seçməkdə həlledici amil olur. Ona görə də ictimai şüurda fəlsəfənin rolu məqsədyönlü şəkildə artırılmalıdır ki, insanlar destruktiv qüvvələrin çaşdırıcı ideya və çağırışlarına qarşı müqavimətli olsunlar.

 

Təsadüfi deyil ki, BMT kimi nüfuzlu bir təşkilat hər il noyabr ayının 18-də ümumdünya fəlsəfə gününün keçirilməsi barədə qərar verib. BMT-nin ixtisaslaşdırılmış qurumu olan, sıralarında 183 dövləti birləşdirən  YUNESKO fəlsəfə üzrə strategiya qəbul edib.

 

Fəlsəfənin tədrisi sahəsində qarşıda duran vəzifələrə strategiyada aşağıdakılar daxildir:

 

a) hökumətlərlə siyasi səviyyədə iş aparmaq lazımdır ki, onlar fəlsəfənin tədrisinə və fəlsəfi tədqiqatlara yardımçı olsunlar;

 

b) dünyada fəlsəfənin öyrənilməsi zərurəti müdafiə olunsun;

 

c) YUNESKO-nun üzvü olan ölkələrin fəlsəfənin öyrənilməsi üzrə proqramlarının həyata keçməsi üçün müvafiq sənədlər hazırlansın;

 

d) fəlsəfənin tədrisi və dünyada öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.

 

Ulu öndərimiz böyüməkdə olan gənc nəslin milli-mənəvi dəyərlər ruhunda mükəmməl fəlsəfi dünyagörüşə malik olmasını daim diqqətdə saxlamış, təkrar-təkrar bu mühüm məsələnin üzərində dayanmışdı: "Bu gün biz gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq".

 

Möhtərəm Prezidentimiz İlham Əliyev də həmişə dünyagörüşü məsələsinə, milli- mənəvi dəyərlər mövzusuna böyük önəm verib. O, 2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə keçirilən mərasimdə  qeyd edirdi:  "Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən, erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər...... Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər".

 

AMEA-nın prezidenti, fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyev bir sıra əsərlərində fəlsəfənin tədrisinin daha da gücləndirilməsi və fəlsəfə ictimaiyyəti qarşısında duran vəzifələrlə bağlı məsələləri  hərtərəfli təhlil edib: "Azərbaycan fəlsəfi fikri qarşısında duran vəzifələr o qədər çoxdur və elmi-fəlsəfi ictimaiyyətin üzərinə o qədər böyük məsuliyyət düşür ki, fəlsəfə tək bir gün ərzində deyil, il boyu həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bütün digər ictimai-siyasi elmlərin, hətta tarix və ədəbiyyatın inkişafı da istər-istəməz fəlsəfi fikrin real vəziyyəti, ictimai şüurda fəlsəfənin yeri və bütün cəmiyyətin fəlsəfəyə münasibəti ilə bağlıdır".

 

Milli birlik, ümumbəşəri həmrəylik də hər şeydən əvvəli fəlsəfi təfəkkürə səviyyəsində, dayanıqlı ideya əsasında əldə oluna bilər.

 

Filosof, professor Səlahəddin Xəlilov çağdaş Azərbaycanda fəlsəfənin öyrənilməsinə, fəlsəfi təfəkkür tərzinin formalaşdırılmasına həmişə yüksək önəm verib: "...fəlsəfi düşüncə tərzinin, ideya - mənəvi yaşantı vərdişlərinin bütün insanlara aşılanması çox önəmlidir".

 

"Təhsil haqqında" qanunun "təhsilin əsas məqsədi" adlanan 4-cü maddəsi 3 bənddən ibarətdir ki, onun da iki bəndi aşağıdakı kimi ifadə olunub:

 

"4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, vətəndaş və şəxsiyyət yetişdirmək;

 

4.0.2 Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis kadrlar hazırlamaq".

 

Göründüyü kimi, qanunda əks olunan məqsədlər ictimai- humanitar, xüsusən də fəlsəfə fənninin bilavasitə və ya dolayışı ilə predmetinə daxil olan məsələlərdir.

 

Yuxarıda qeyd etdiyim və edə bilmədiyim fikirlərimi  aşağıdakı kimi ümumiləşdirmək istərdim:

 

- Fəlsəfəyə bu cür münasibətin səbəbi  öncə ona ayrılan dərs yükünün  ilbəil məqsədli şəkildə azaldılmasındadır. Tez-tez yenilənən "təhsil standartları"nın sanki əsas məqsədi fəlsəfəyə ayrılan saatlara son qoymaqdır. Yaxşı, bu "Təhsil standartları"nın qəbul edilməsində tanınmış fəlsəfə alimlərindən kimsə iştirak edibmi? Bəs onda elmlər elmi olan, hadisə və prosesləri müstəqil şəkildə dərk etmək,  təhlil etmək və qənaətlər əldə etmək qabiliyyəti formalaşdıran, müstəqillik yolunda inamla irəliləyən Azərbaycanımızda gənclərimizin  vətənpərvərlik, milli mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyamıza sədaqətlilik ruhunda tərbiyə edilməsi missiyasının əsas daşıyıcısı olan bu müdriklik elminin taleyini kimlər həll edir?

 

-Tez-tez Boloniya prosesi, Avropaya inteqrasiya kimi ifadələr və o ölkələrin ali məktəblərində Fəlsəfənin tədris olunmaması kimi fikirləri ifadə edən təhsil "bilicilərimiz" də var.

 

Əvvəla, Avropa ölkələri artıq Boloniya prinsiplərinə "köhnə" kimi baxırlar. İndi ABŞ təhsil sisteminə meyllik artmış, İngiltərə isə Sovet təhsil sisteminə keçməyi hədəfləyib.

 

İkincisi Avropa ölkələrində  həm də orta məktəbin yuxarı sinflərində Fəlsəfə əsaslı şəkildə (əsasən də milli fəlsəfə) öyrədilir. İnkişafına görə dünyanın bütün ölkələrini üstələyən Çində isə fəlsəfə bütün ali məktəblərdə nüfuz sahibidir. Postsovet məkanı ölkələrində də Fəlsəfənin nüfuzuna elə bir xələl gətirilməyib.

 

- Fikrimcə, dünyanın güclü dövlətləri, onların birlikləri inkişaf etməkdə olan ölkələrdə vətənpərvərliyin, milli-mənəvi dəyərlərin, milli özünüdərkin, milli mentalitetin qorunub saxlanılması və inkişaf etdirilməsini qloballaşma üçün,  özlərinin həmin ölkələrdə maddi və digər maraqları üçün təhlükə görürlər.  Bu mərkəzlərə mükəmməl dünyagörüşə malik  vətənpərvər insanlar yox, müəyyən qədər "çox" məvacib müqabilində istənilən əmri yerinə yetirməyə hazır olan  "kosmopolit"lər lazımdır. Təhsilə ayrılan xarici qrantların əsas hədəflərindən biri də məhz budur.

 

- Fəlsəfənin saatlarını azaldıb, seçmə fənn qrupuna daxil edilməsi bugünkü fəlsəfə ictimaiyyatının gözü qarşısında baş verir.  Ayrı-ayrı istsnaları çıxsaq demək olar ki, elə bir ciddi reaksiya da yoxdur. Praqmatizmə meylli olan indiki gənclər bu vəziyyəti (hamının gözü qarşısında fəlsəfənin qürub etdirilməsini)  görür və istedlarını başqa sahəyə yönəldirlər.

 

Təhlillərdən irəli gələn təkliflərim:

 

- Ölkəmizdə Boloniya prosesinin, tez- tez dəyişdirilən təhsl standartlarının, kosmopolit təhsil bilicilərinin Fəlsəfəyə qarşı səlib yürüşünün qarşısının alınması üçün  dövlət səviyyəsində  bu mənəviyyat, insansevərlik elminə hərtərəfli diqqət və qayğı olmalıdır.

 

- Xalqımız  müstəqilliyimizin 30-cu illərini yaşayır. Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Müzəffər Ordumuz 44 günlük Zəfər yürüşündə düşmən üzərində tam qələbə çalıb torpaqlarımızı işğaldan azad etsə də, "revanşist" qüvvələrin hədə-qorxuları qalmaqdadır. Ətrafımızda və dünyada  bizi sevməyən qüvvələrin mövcudluğunu və onların  məkrli planlarını da nəzərə alsaq, milli-mənəvi dəyərlərimizə sadiq, vətənsevər vətəndaşların yettişdirilməsi təhsil qanunundan da göründüyü kimi təhsil strategiyamızın prioritet sahəsidir. Qeyd edilən vəzifələrin yerinə yetirilməsi işində isə fəlsəfə baş rola malikdir. Ona görə də Fəlsəfə ali məktəblərdə zəruri fənlər blokuna daxil edilməli, saatları artırılmalıdır.

 

- Fikrimcə, "koronovirus"ların və ümumiyyətlə insanların kütləvi şəkildə məhv edilməsinə səbəb ola biləcək digər vasitələrin yaranma səbəblərini hər şeydən əvvəl bəşəriyyətin son dövrlərdə humanizmi,  kamilləşməni, mənəvi dəyərləri "kənara" qoyaraq gücə, texnoloji uğurlara "mənəm-mənəmliyə" aludə omasında axtarmaq lazımdır. Güc, elmi nailiyyətlər, süni intellektlər humanizmə, insanlığa, şəfqətə söykənmirsə, təhlükə mənbəyidir. Son əsrlərə qədər "kamil insan"ın nəzarətdə saxlamağı bacardığı   nəfs artıq ağılı "küncə sıxmış" meydanı ələ alıb. Vəziyyətdən çıxış yolu yenə də Fəlsəfədədir, Elmin xeyrə, işığa, insanlığa xidmət etməsi üçün onun daşıyıcılarının təfəkkürünə humanizm, müdriklik  nuru hopdurulmalıdır.

 

- Fənnin nüfuzunun qaldırılmsı üçün  Fəlsəfə ictimaiyyatının əsas nümayəndələri bir araya gəlməli, təşkilatlanmalıdır. O ki qaldı fəlsəfənin dədris proqramının məzmunu problemlərinə, AMEA-nın Fəlsəfə institutu ali məktəblərin müvafiq kafedraları ilə birlikdə təhsil pillələri üzrə nümunəvi proqrammlar hazırlayıb təqdim edə bilərlər. Dərsliklər də həmin proqramlara uyğun tərtib edilər.

 

- Fəlsəfənin seçmə fənlər qrupuna daxil edilməsi o deməkdir ki, dünyanın fəlsəfəyə qayıtdığı, Respublikamızda  fəlsəfi dünyagörüşə, fəlsəfi bilgilərə çox böyük bir zərurət yarandığı bir zamanda gələcəkdə fəlsəfə doktoru ("Təhsil haqqında" qanuna əsasən, istənilən elm sahəsi üzrə dissertasiya müdafiə etmiş şəxsə "fəlsəfə doktoru" elmi dərəcəsi verilir) almaq imkanı olan bugünkü tələbələr fəlsəfəni keçməyə də bilər.

 

Hesab edirəm ki, fəlsəfəyə münasibətin dəyişilməsi, onun saatlarını artırmaqla  seçmə fənlər blokundan  çıxarılaraq zəruri fənlər qrupuna daxil edilməsi  həm zamanın, həm də milli inkişaf strategiyamızın zəruri tələbidir.

 

Əyyub KƏRİMOV

Fəlsəfə elmləri doktoru, professor

525-ci qəzet.- 2021.- 2 iyul. S. 10;14.